Mədəniyyət naziri BMT-nin 11-ci Qlobal Forumunda iştirak edir Featured

 

Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində Birləşmiş Millətlər Təşkilatının (BMT) Sivilizasiyalar Alyansının (UNAOC) 11-ci Qlobal Forumu işə başlayıb.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, “UNAOC: Bəşəriyyət üçün dialoqun 20 ili - Çoxqütblü dünyada qarşılıqlı hörmət və anlaşmanın yeni dövrünə doğru” şüarı ilə keçirilən forumda dövlət və hökumət başçıları, beynəlxalq və regional təşkilatların rəhbərləri, dini liderləri, eləcə də özəl sektor, gənclər, incəsənət, idman, akademik dairələrin təmsilçiləri və media nümayəndələri iştirak edirlər. 

Tədbirdə Azərbaycanın mədəniyyət naziri Adil Kərimlinin rəhbərlik etdiyi nümayəndə heyəti, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov iştirak edir.

İki gün davam edəcək forum çərçivəsində təşkil olunacaq sessiyalarda “Çoxqütblü dünyada məsuliyyətli liderlik: inklüziv dialoq vasitəsilə çoxtərəfliliyin təşviqi”, “Bəşəriyyətə inam: dinlərarası dialoq sülhə və vahid bəşəriyyətə körpü kimi”, “Rəqəmsal reallıqlardan real dünyaya: dipfeyklərə, süni intellektlə idarəolunan dezinformasiyaya və yeni alqoritmlərlə gücləndirilmiş nifrətə qarşı mübarizə”, “İnsan ləyaqətinin qorunması və mənsubiyyətin təşviqi: miqrasiya hekayələrinin yenidən qurulması və şəhərlərin hamı üçün inklüziv məkanlar kimi yenidən düşünülməsi” və digər mövzular müzakirə ediləcək.

Eyni zamanda, forum çərçivəsində UNAOC Dostlar Qrupunun Yüksək Səviyyəli Görüşü və UNAOC Gənclər Forumu təşkil olunacaq.

 

“Ədəbiyyat və incəsənət”

(15.12.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.