Qəlbi Vətən sevgili gənc Featured

İlhamə Məhəmmədqızı,

“Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi

 

1995-ci ilin soyuq payız günlərindən birində -17 noyabrda Sumqayıt şəhərinin işıqlı sakinləri arasında yeni bir uşaq dünyaya gəldi. O uşaq elə doğulduğu gündən həyatın ona hazırladığı sınaqlara meydan oxuyacaq qədər güclü və iradəli idi. Bu uşaq Cahangir İsmixan oğlu Dadaşov idi.

39 saylı tam orta məktəbinin şagirdi olan Cahangir, hələ yeniyetməlik illərindən çevikliyi, sakit xarakteri və vətənpərvərliyi ilə seçilirdi. Məktəb illəri onun üçün yalnız dərs və kitablarla deyil, həm də xarakterinin formalaşdığı, gələcək həyat yolunun aydınlaşdığı illər oldu.

 

Hərbi yolun başlanğıcı

 

2016-cı ilin iyulunda Cahangirin həyatında tamam başqa bir səhifə açıldı. O, Vətənə xidmət yoluna qədəm qoydu. Bu yol asan deyildi, amma o heç vaxt çətinlikdən qaçmadı. Motoatıcı, snayper, kəşfiyyatçı… Bu ixtisasların hər biri ciddi məsuliyyət, dəqiq qərar, dəmir iradə tələb edirdi. Cahangir bu yollardan keçərək gizir rütbəsinə qədər yüksəldi.

Beş il davam edən bu xidmət dövrü onun üçün təkcə hərbi təcrübə deyildi, həyat məktəbi idi.

 

Vətənə yazılan qəhrəmanlıq imzası

 

2020-ci ilin payızında isə tarix yenidən yazılırdı. Xalqın taleyini dəyişdirən, millətin birliyini möhkəmləndirən 44 günlük Vətən müharibəsi başladı. Cahangir də minlərlə igid kimi Vətənin çağırışına ilk cavab verənlərdən idi.

O, Füzuli istiqamətində ən çətin, ən amansız bölgələrdən birində döyüşürdü. Daha ilk günlərdən, 27 sentyabrda ayağından aldığı güllə yarası onun iradəsini qıra bilmədi. O, geri çəkilmədi, davam etdi. Çünkü onun üçün bircə yol vardı: İrəli!

30 oktyabrda düşmən minamyotu partlayanda hər iki qulağında pərdələr zədələnsə də, o yenə döyüş meydanını tərk etmədi. Sol ayağındakı qəlpə yarası isə bu mübarizənin onun bədənində əbədi iz qoyan xatirələrindən biri oldu. Bu izlər ağrı deyil, şərəf idi.

 

Qələbənin mükafatları - şərəfin nişanələri

 

Cahangirin fədakarlığı və igidliyi dövlət tərəfindən yüksək qiymətləndirildi. O, bir neçə nüfuzlu medalla təltif olundu: “Vətən Müharibəsinin iştirakçısı”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin alınmasına görə”, “Döyüşdə fərqlənməyə görə”, “Hərbi xidmətdə fərqlənməyə görə”, “Azərbaycan Ordusunun 100 illiyi” medalları sadəcə metal parçası deyil. Hər biri Cahangirin göstərdiyi şücaətin, əzmin və vətən sevgisinin nişanəsidir.

 

Bu gün…

 

Bu gün Cahangir Dadaşovun adı onun yaşadığı həyətdə, xidmət etdiyi bölmədə, döyüş yoldaşlarının yaddaşında qürurla çəkilir. O, bir ömür boyu daşıyacağı yaralarına baxmayaraq, bu gün də güclüdür, səbrli və məğrurdur. Onun hekayəsi bir gəncin həyat yolundan daha ibrətamizdir.  Bu, bir Vətənin taleyini dəyişdirən igidlərin tarixidir. Cahangir kimi oğullar sayəsində Azərbaycan torpaqlarını azad etdi, haqq savaşında qalib gəldi və millət öz gücünü bir daha bütün dünyaya göstərdi.

 

“Ədəbiyyat və incəsənət”

(17.11.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.