Könül, “Ədəbiyyat və incəsənət”
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun və ADPU-nun Quba filialının birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” çərçivəsində ustad şair Ramiz Qusarçayının “Vətən” poemasında dil məsələləri” adlı elmi-təqdimat keçirildi.
Təqdimatdan əvvəl filialın Kitabxana və elektron resurslar şöbəsinin təşkilatçılığı ilə Azərbaycan mütəfəkkirlərinin və Ramiz Qusarçaylının əsərlərindən hazırlanmış kitab sərgisinə baxış oldu.
Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra Azərbaycan bayrağını qürurla dalğalandıran “Vətən” adlı video-çarx nümayiş etdirildi, “Azərbaycan Bayrağı” şeiri səsləndirildi.
Açılış nitqi ilə çıxış edən ADPU-nun Quba filialının direktoru, Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi, fizika elmləri doktoru,
professor Yusif Alıyev qonaqları salamladı, filial üçün belə tədbirlərin əhəmiyyətini vurğuladı, AMEA-nın prezidenti akademik İsa Həbibbəyliyə görüşün təşkilində göstərdiyi köməkliyə görə təşəkkür etdi.
Professor Yusif Alıyev AMEA-nın Dilçilik İnstitutun Baş direktoru, professor Nadir Məmmədlinin hər sözünü gənclər üçün ustad dərsi səviyyəsində qiymətləndirərək bildirdi ki, professor Nadir Məmmədli uzun illərdir ki, Azərbaycan dilinin tarixi, strukturu, funksional üslubları və müasir çağırışları istiqamətində sanballı elmi araşdırmalar apararaq milli dil siyasətinin formalaşmasında mühüm rol oynamışdır.
Filialın Azərbaycan-Özbəkistan Türk Dünyası Tanıtım və Kültür Mərkəzində təşkil edilən tədbirdə professor Yusif Alıyev bildirdi ki, Azərbaycan poeziyasının tanınmış siması, vətənpərvər şair, xalq ruhunun tərənnümçüsü Ramiz Qusarçaylının “Vətən” poemasında dil məsələlərinə həsr olunmuş bu dəyərli tədbir “Vətən” poemasının həm bədii-estetik yükünə, həm də dilin zəngin ifadə imkanlarına görə diqqətəlayiqdir. Ramiz Qusarçaylı ana dilimizi təkcə poeziyanın daşıyıcısı deyil, eyni zamanda bir milli dəyər kimi yaşadır. Onun poetik dili xalq danışığından, folklordan, milli təfəkkürdən qidalanır və bu da əsərin oxucu ilə təbii ünsiyyətini təmin edir. Bu poemada dil sadəcə vasitə deyil, bir ruhdur, bir kimlikdir.
Daha sonra professor Yusif Alıyev “Vətən” poemasının yazılması ilə bağlı xoş xatirələrini bölüşdü.
Tədbirdə çıxış edən Quba Rayon İcra Hakimiyyəti Başçısının müavini Səidə Abasova qonaqları Quba RİH başçısı İlqar Mahmudovun adından salamladı və “Vətən” poemasının milli-mənəvi dəyərimizə çevrilməsindən bəhs etdi.
AMEA-nın Dilçilik İnstitutunun Baş direktoru, filologiya elmləri doktoru, professor Nadir Məmmədli çıxışında bu dəyərli tədbirdə iştirak etməkdən böyük məmnunluq duyduğunu bildirdi, dəvətə və yüksək qonaqpərvərliyə görə ADPU-nun Quba filialının rəhbərliyinə, xüsusilə dəyərli elm adamı, professor Yusif Alıyevə dərin təşəkkür etdi.
Professor Nadir Məmmədli çıxışında xüsusi olaraq qeyd etdi ki, “Azərbaycan ədəbiyyatının tanınmış siması, müasir poeziyamızın səsi və nəfəsi olan Ramiz Qusarçaylının “Vətən” poemasının dil və üslub xüsusiyyətləri üzərində dayanmaq, bu əsərin bədii dəyərini dilçilik prizmasından qiymətləndirmək olduqca yerində və vacib təşəbbüsdür.
Professor Nadir Məmmədli həm də AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin salamlarını çatdırıb, dəyərli akademikin Azərbaycan dilinin qorunmasındakı və dilçiliyimizin inkişafındakı hər məsələdə xüsusi diqqət ayırmasını, dəstəyini qeyd etdi.
“Vətən naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri, Vətən Müharibəsi Şəhidi Miqdad Abduləlimovun anası Tünzalə Abduləlimova “Vətən” poemasının şəhidlərimizin ruhuna olan ən gözəl ithaf kimi dəyərləndirdi və poemanın müəllifini “Vətən Naminə” İctimai Birliyi tərəfindən Fəxri Fərmanla təltif etdi, Şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ADPU-nun Quba filialının direktoru professor Yusif Alıyevə də öz təşəkkürlərini ifadə etdi.
Sonra Quba Rayon Statistika İdarəsinin rəisi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Sahib Məmmədov, filialın Keyfiyyətin təminatı şöbəsinin müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Pərvanə Rzayeva, baş müəllim, filologiya üzrə fəlsəfə doktoru Aytən Qurbanova, filologiya kafedrasının baş müəllimi Rahib Alpanlının çıxışları dinlənildi, filologiya kafedrasının baş müəllimi Kəmalə Bayramova və filialın II tədris ili tələbəsi Günəş İskəndərovun təqdimatında “Vətən” poemasından parçalar səsləndirildi, filialın əməkdaşları dosent Gülşən Ağabəyin, pedaqogika üzrə fəlsəfə doktoru Aysel Şeydayevanın və Elza Orucovanın sualları cavablandırıldı.
Sonda kürsüyə Ramiz Qusarçaylı dəvət olundu, tədbirin yüksək səviyyədə ərsəyə gəlməsində müstəsna rolu olan ADPU-nun Quba filialının direktoru professor Yusif Alıyevə, eləcə də əməyi keçən hər kəsə, tədbirdə iştirak edən qazilərə və şəhid ailələrinə, Quba Rayon İcra Hakimiyyəti Başçısının müavini Səidə Abasovaya, AMEA-nın Dilçilik İnstitutunun Baş direktoru, filologiya elmləri doktoru, professor Nadir Məmmədliyə, “Vətən” poemasın dil və fəlsəfəsindən bəhs edən dəyərli çıxışçılara və hörmətli qonaqlara öz təşəkkürlərini ifadə etdi.
Azərbaycan Dövlət Pedaqoji Universitetin Quba filialının Elmi Şurasının qərarı ilə Azərbaycanda dilçilik elminin inkişafındakı müstəsna xidmətlərinə və ADPU-nun Quba filialı ilə səmərəli əməkdaşlığına görə AMEA-nın Dilçilik İnstitutunun Baş direktoru, professor Nadir Məmmədli və Azərbaycan tarixinin nəzmə çəkilməsi və tanıdılması istiqamətindəki xidmətlərinə və ADPU-nun Quba filialı ilə yaxından əlaqəsinə görə “Vətən” poemasının müəllifi Ramiz Qusarçaylı Fəxri Diplomla təltif edildilər.
Tədbir Azərbaycan Dövlət Pedaqoji Universitetin Quba filialının Heydər Əliyev lektoriyasının müdiri Nəhayət Şirinovanın aparıcılığı ilə keçirilirdi.
Tədbir xatirə fotolarının çəkilməsi ilə sona çatdı.
“Ədəbiyyat və incəsənət”
(19.06.2025)