Prezident İlham Əliyev Budapeştdə Türk Dövlətləri Təşkilatı (TDT) Zirvəsində iştirak edib Featured

 

2025-ci il mayın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Macarıstanın paytaxtı Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının qeyri-rəsmi Zirvə Görüşündə iştirak edib.

Görüşdə Azərbaycanla yanaşı Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və müşahidəçi ölkə kimi Macarıstanın rəhbərləri də iştirak ediblər. Zirvə görüşündə türk dövlətləri arasında əməkdaşlığın gücləndirilməsi, qlobal enerji təhlükəsizliyi, strateji nəqliyyat dəhlizləri və regional sabitliyin qorunması əsas müzakirə mövzuları olub.

 Prezident İlham Əliyev çıxışında Azərbaycan-Macarıstan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsində olduğunu qeyd edərək Macarıstanın müstəqil və prinsipial xarici siyasət yürütməsinin Türk dünyası üçün əhəmiyyətini vurğulayıb. O bildirib ki, Budapeşt platforması türk dövlətləri arasında həmrəyliyin və ortaq siyasi iradənin göstəricisidir.

 Dövlət başçısı çıxışı zamanı nəqliyyat və enerji təhlükəsizliyinə də xüsusi diqqət ayırıb. Prezident bildirib ki, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən Zəngəzur dəhlizi layihəsi təkcə regionun deyil, həm də türk dünyasının geoiqtisadi xəritəsini dəyişəcək. 

 Bununla yanaşı, Prezident İlham Əliyev Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında COP29 çərçivəsində imzalanmış yaşıl enerji üzrə strateji tərəfdaşlıq sazişinə toxunaraq bu layihənin Xəzər-Qara dəniz marşrutu ilə enerji ixracında yeni səhifə açacağını bildirib.

 Zirvə görüşü çərçivəsində türk dövlətləri arasında əməkdaşlıq sənədləri və birgə mövqelərin formalaşdırılması üçün intensiv müzakirələr aparılıb. Prezident İlham Əliyevin çıxışı, xüsusilə enerji və nəqliyyat sahələrindəki çağırışları və təşəbbüsləri, təşkilatın gələcək fəaliyyət istiqamətləri üçün strateji əsas kimi qiymətləndirilib.

 Azərbaycan Prezidentinin Budapeştdəki çıxışı Türk Dövlətləri Təşkilatının qlobal miqyasda güc mərkəzinə çevrilməsi yolunda siyasi iradə və regional liderlik nümunəsi olaraq tarixə düşəcək.

 

AzərTAC-ın materiallarından istifadə edərək hazırladı Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”

 

“Ədəbiyyat və incəsənət”

(21.05.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.