Rüstəm MƏLİKOV,
“Ana Kürüm” qəzetinin təsisçisi və redaktoru, Salyan.
“Ədəbiyyat və incəsənət”
Vaxtı ilə çənub bölgəsinin həyatında mühüm rol oynamış, adına nəğmələr, şerlər qoşulmuş, ötən əsrin bənzərsiz hadisələrinə şahidlik etmiş, Salyanın keçmişinin simvolu kimi tarixə qovuşan körpümüzün bu may ayında 80 yaşı tamam olur.
Bu tarixin Azərbaycan Respublikasının Prezidenti İlham Əlyevin sərəncamı ilə icra olunan “Şəhərsalma və Memarlıq “ ilinə təsadüf etməsinin də öz simvolik mənası vardır. Belə ki, 1946-ci ildə istifadəyə verilmiş bu körpü ölkəmizin mühəndislik tarixində xüsusi yer tutur. Körpü bu gün nəqliyyat üçün istifadə olunmasa da vaxtı ilə Salyanın simvollarından olmaqla yaddaşlarda yaşayan bir tarix, Kür çayı üzərində ucalan ilk mühəndislik abidəsi kimi dəyərini qoruyub saxlamaqdadır.
Tarixi arayış
Azərbaycanın ən böyük su arteriyası olan Kür çayı tarix boyu ölkənin iqtisadi, sosial və coğrafi həyatında mühüm rol oynamışdır. Bu çay yalnız həyat mənbəyi deyil, eyni zamanda uzun illər ərzində bölgələr arasında təbii maneə funksiyasını da yerinə yetirmişdir. Kürün sahilində yerləşən Salyan şəhəri isə qədimdən mühüm ticarət yollarının üzərində qərarlaşıb regionun iqtisadi həyatında xüsusi yer tutmuşdur.
XX əsrin ortalarına qədər Salyan ərazisində Kür çayı üzərindən keçmək üçün sallar, panton-bərələrdən istifadə edildiyi barədə məlumatlar var idi. Lakin çay üzərində taxa körpüdən də istifadə edilməsi barədə müsahiblərimiz heç biri xatırlamadı. Salyanlı Nağı dayının xatirələrində qələmə aldığı bir cümlə mənə axtarışlara ipucu verdi. Körpünün acılışına bir gün qalmış tədbirin ziyafətində istifadə ediləcək ərzaq və digər mal-materiallarının Bakı şəhərindən gətirilməsi üçün ezam olunmuş Nağı Axundov qeyd edir ki, ərzaqları Kür çayı sahilində təşkil edilmiş iki çadıra təhvil verib taxta körpüilə rayon mərkəzinə qayıtdım. Bəli, Taxta Körpü. Sonuncu dəfə 1946-ci ilin may günlərində üzərindən keçilmiş taxta körpü. O insanlardan yəqin ki, həyatda qalan indi yoxdur. Ruhları şad olsun. Xatırlandılar.
Sonralar fərdi axtarışlar nəticəsində əldə etdiyim, AzTV-nin qızıl fondundan yeni körpü baradə yayımlanmış sujetdə taxta körpü görüntülənir. Şəkili təqdim edirik.
Yaddaş məlumatları
Salyan körpüsü qəribə tale yaşamışdır. Tarixi mənbələrə istinad olunmadan, bəlkə də dəqiq məlumatlara əlçatanlıq olmadığına görə yerli yaddaş materiallarına istinadən söylənilən fikirlər, rəylər illər uzunu formalaşmış və informasiya vasitələrində oturuşmuşdur.
İnşasında alman əsirlərindən işçi qüvvəsi kimi istifadə olunduğunu əsas götürərək körpünün mühəndis ixtisaslı alman Alfred Riskopun layihəsi əsasında tikildiyi barədə fikirlər uzun müddətdir ki, internet resurslarında vurğulanmaqdadır.
Deyilənlərdən o da məlum olur ki, körpünün 1946-cı ilin əvvəlində tikintisinə başlanmış və bu iş həmin ilin 9 mayına kimi başa çatdırılmışdır. Yəni cəmi 120-140 günə!
Uzunluğu 360 metr, eni isə 7.1 metr qeyd edilən və 6 beton özüldən ibarət olan və möhkəm və mürəkkəB dəmir konistruksiyalarla üzlənmiş körpünü müharibəni yeni bitirmiş ölkə “əsirlərin “ köməyi ilə 4 aydan bir qədər çox müddətə, qışın soyuqlu- yağışlı havasında necə inşa etmişdir. Real görünürmü? Əsla yox!.
Tikintinin açılışında körpünün altında alman əsirlərinin saxlanılması və üzərlərindən ağır texnikanın keçirilməsi faktını da təsdiq edən mənbə yoxdur.
Salyan körpüsünün 80 illik tarixinin ilk səhifələrini kim yazıb? Alman əsirlərimi, yoxsa, keçmiş SSRİ xalqlarının o, cümlədən azərbaycanlılıların da iştirak etdiyi Uzaq Şərq Körpü Tikinti İdarəsi? Tikintiyə rəhbərlik edən moyor Frolov kimdir?
Körpü tikintisinə kömək edən Salyanın hansı müəssisələri olub? Nəhayət , körpünün açılışında çıxış edən salyanlılarmız kimdir?
Körpünün açılış lentini kim kəsmişdir? Xalq şairi Səməd Vurğunun körpünün açılışında çıxış etməsi fikri haradan qaynaqlanır?
Görünür həqiqətin həmişə zamana ehtiyacı olur...
50 ilə yaxın insanlara xidmət etmiş, ötən əsrin 90-cı illərindən istismarı dayandırılmış Salyan körpüsü barədə yaddaşlarda yaşayan rəvayətlər və tarixi həqiqətlər çırağında jurnalist araşdırması apardıq. İlk olaraq yaşlı nəsli dinlədik.
Salyanın tanınmış ziyalı həkimi, 96 yaşlı Əlisəftər Axundov Salyanda Kür çayı üzərindəki körpünün açılışını böyük bayram təntənəsi kimi xatırlayır. Deyir ki, həmin vaxta qədər insanlar çay üzərindən pantonlarla quraşdırılmış bərələr vasitəsi ilə keçirmişlər.
Uşaqdan böyüyə qədər, kimliyindən aşlı olmayaraq hamı körpünün açılışı hadisəsini gözləyirdi. Xatırlayıram ki, may ayı idi. Şəhər 2 saylı məktəbdə oxuyurdum. 9-cu sinfi başa vurmağa hazırlaşırdıq. Xəbər gəldi ki, körpü açılır. Müəllimlərimizlə birlikdə çayın sahilinə, bu möhtəşəm hadisənin təntənəsini yaşamağa tələsdik. Həmin gün Kür çayını yeni körpü vasitəsi ilə keçmək taleyimizdə əbədi xatirə kimi qaldı və 80 il əvvəl baş vermiş hadisənin xatırlayanda qəlbimiz yenidən fərəhlə döyünür.
Şəhərimizin tanınmış sakini, Azərbaycan polisinin sıralarında qüsursuz xidmət keçmiş Avtandil Məlikovun da xatirələri canlıdır. 88 yaşlı veteran deyir ki, təzə körpünün açılışında minlərlə adam iştirak edirdi. Yaşım az olduğuna görə acılışı ancaq uzaqdan izləyə bildim. Muziqi səsi, alqışları aydın eşidirdim. Gözümüzün qabağında görpüdən keçən maşınlar yanımızdan rayon mərkəzinə, cənub rayonlarına keçib gedirdi. Hamı sevinirdi. Ən çox yadımda qalan isə yolun körpüyə yaxın hissəsində Kür çayı sahilində Tut bağı deyilən ərazidə qonaqlar və iştirakçılar üçün hazırlanmış isti yeməklərin qoxusu idi...
Yerli gəlmişkən rayonun dövlət orqanları bu möhtəşəm tədbirin təşkilinə yüksək səviyyədə hazırlaşmışdılar. Azərbaycanın dövlət nümayəndələri, SSRİ məkanından gəlmiş generallar, respublikanın tanınmış əmək qəhrəmanları, şair və yazıçılar, musiqi xadimləri, körpü tikintisində fərqlənənlər və rayon zəhmətkeşləri üçün xüsusi ziyafər təşkil edilmişdi.
Bu barədə məlumatlar həmin dövrdə Rayon İcraiyyə komitəsində məsul vəzifədə çalışmış, sonralar respublikamızın bir sıra rayonlarında Raykom katibi və digər yüksək vəzifələrdə işləmiş həmyerlimiz, indi haqq dünyasında uyuyan Nağı Salman oğlu Axundovun xatirələrində də yer almışdır. Bu xatirələr yazıcı publisist, elm adamı, Salyan rayonunun Kərimbəylı kəndində dünyaya gəlmiş Zaman Əsgərlinin “Nağı dayı” publisistik povestində çap olunmuşdur.
Burada deyilir ki, körpünün açılışını təntənəli keçirmək üçün rayon partiya komitəsi xüsusi komissiya təşkil etmişdi. Sədr rayon partiya komitəsinin ikinci katibi Hümmət Müstafayev idi. Bu münasibətlə veriləcək banket üçün 60 baş qoyun, 8 kisə un... 50 min manat pul yığılıb toplanmışdı. Komissiyanın təşkil etdiyiyi ərzaqdan başqa Xalq Komissarları Şurasının Sərəncamı ilə körpünün acılışına 200 litr rus arağı , 400 litr “Mədrəsə” çaxırı, iki cəllək Zığ pivəsi, 400 qutu “Bəxtiyar” papirosu, 100 kiloqram Xan düyüsü, bir o qədər təzə ağ balıq, 25 kiloqram əla növ kolbasa. 5 kilo kişmiş, 2 kilo seylon çayı ayrılmışdı.
Mənbədə deyilir ki, 1946-cı ilin pulu ilə ümumi dəyəri 29.500 manat (rubl) olan bu qədər ərzaq məhsulu Nağı Axundovun rəhbərliyi, raykomun təlimatçısı İbrahim Rəhimov və bir zabitin iştirakı ilə “Sudabeker” maşını vasitəsi ilə Bakı şəhərindən gətirilərək may ayının 11-də təyinatı üzrə təhvil verilmişdir.
Jurnalist araşdırması
Salyan körpüsünün 80 illik tarixi ilə bağlı məni narahat edən məsələlərin oxucularımız üçün də maraqlı ola biləcəyini nəzərə alaraq jurnalist araşdırması aparmağı qərara aldım. İlk növbədə internet resurslarında olan məlumatları öyrəndim. Sonra rayonun ən yaşlı, o günləri gözləri ilə görmüş adamlarıyla görüşdüm, söhbət etdim. Ümumiləşdirmələr apardım. İlk diqqətimi çəkən də deyilənlərin icərisində ən çox hallanan körpünün açılışında digər qonaqlarla yanaşı xalq şairi Səməd Vurğunun iştirakı və çıxışı barədə olan məlumatlar idi.
İlk gümanım S. Vurğunun fəaliyyətdə olan ev muzeyi oldu. Telefon əlaqəsi saxladım. Açılşdan bir şəkil və çıxış mətni istədim. Əməkdəşlar bir neçə gün araşdırdıqdan sonra məlumat verdilər ki, şair körpü açılışında iştirak etsə də çıxışı barə bir sənəd yoxdur. Cavab bizi qane etmədi...
Yazılı mənbə olan Zaman Əskərlinin “Nağı dayı” povestində isə Nağı dayı xatirələrində qeyd edib ki, ziyafətdə ordenli şair Səməd Vurğun şairanə ( o dövrün ab-havasına uyğun) tost deyib, şer söyləyib...
Təəssüf ki, həmin dövrdə Salyan Rayon Partiya komitəsinin orqanı olmuş “Sosializm yolu” (sonradan, 1965-ci ildən “Qələbə” adı ilə nəşr olunub) qəzetinin həmin dövr üçün nömrələri də saxlanılmadığına görə tariximizin 80 illik səhifəsi olan körpü barədə dəqiq məlumat əldə edə bilmədik. Lakin ümüdimizi də itirmədik.
Demək “Sosializm yolu” qəzeti əlimizdə yoxdursa onda ölkənin bir nömrəli qəzeti olan “Kommünist “qəzeti respublika əhəmiyyətli bu tədbirin gedişini çox yəqin ki, geniş işıqlandırmışdır.
... Bəli ! M.F. Axundov adına Azərbaycan Milli Kitabxanası. “Kommunist “ qəzeti 14 may 1946-ci il tarixli 96 –cı sayı qarşımızdadır. Rəsmi mənbələrə istinad edilmiş bir səhifəlik açılış reportajı və nəhayət bütün suallara doğru cavab.
“Salyan körpüsünün təntənəli açılışı” adlı repotajın başlığının üzərində diqqət çəkən 3 şəkil yerləşdirib. Soldakı şəkilin altında yazılıb: ”Azərbaycan SSR Nazirlər Sovetinin sədr müavini, daxili işlər naziri T. Yaqubov yoldaş körpünün açılışında lenti kəsir, (sağda) körpünün açılışı münasibəti ilə zəhmətkeşlərin çoxadamlı mitinqində adlı-sanlı pambıq ustası, ordenli Qüdrət Səmədov yoldaş çıxış edir.” Heç bir izaha, şərhə ehtiyac yoxdur. Körpünü açan da məlumdur və orda çıxış edən salyanlı məşhur əmək adamı da. Maraqlıdır AzTV-nin qızıl fondundan olan repottajda salyanlı müəllimə Səfurə Quluyevanın da çıxış etdiyi fraqment göstərilir.
Bir səhifəlik materialda diqqət çəkən faktları şərhsiz, dövrün bənzətmələrini isə kiçik redəktə ilə olduğu kimi təqdim edirik:
“Kür qırağında başqa aləm var idi. May ayının 12-də yaxın kəndlərdən, rayon mərkəzi Salyan şəhərindən adamlar axın-axın bura yığışırdı. Qırlı yolla şütüyən avtomobillər Bakının adlı-sanlı adamlarını, partiya hökümət nümayəndələrini, qabaqcıl neftçiləri, şairləri, yazıçıları artistləri, xanəndələri, rəqqasələri, məzhəkəçiləri, mətbuat nümayəndələrini bura daşıyırdı”.
Salyanın adlı sanlı əmək adamları, neftçilər, MTS işçiləri, ordenli pambıqçılar Qüdrət Səmədov, Güllü Əliyeva və digərləri də burada olublar.
Qəzet məlumat verir açılışın rəsmi qonaqları Azərbaycan SSR Nazirlər Sovetinin sədr müavini, daxili işlər naziri T. Yaqubov, Salyan Rayon Partiya Komitəsinin birinci katibi Bağırov, RİK-in sədri Qədirov, şairlər Səməd Vurğun, Süleyman Rüstəm, yazıçı Süleyman Rəhimov, SSRİ Ali Sovetinin deputatı Mütəllimov, podpolkovnik Bryukov, SSRİ Daxili İşlər Nazirinin müavini Lukşt və digər yoldaşlar açılış üçün hazırlanmış kürsüyə yaxınlaşırlar. Dövlət himni səslənir. T. Yaqubov Azərbaycan Kommünist (bolşeviklər) partiyası Mərkəzi Komitəsi və Nazirlər Soverti adından təbrik söyləyir.
“Azərbaycanın adlı-sanlı pambıqçısı Qüdrət Səmədov xitabət kürsüsünə qalxaraq bu möhtəşəm körpünün tikintisində iştirak edənlərə minnətdarlığını bildirdi, biz salyanlılar bu böyük hədiyyə əvəzində bütün dövlət tapşırıqlarını qat-qat artıq yerinə yetirəcəyik”-dedi..
Diqqət:Reportajda körpü inşaatçısı Pyotr İvanovic Tarskinin çıxışı bizim üçün çox maraqlıdır. Çünkü burada körpünün 120-140 günə tikilməsi barədə fikirlər alt-üst edilir:
-Keçən ilin mart ayını yaxşı xatırlayıram. İnsanlar burada işə cəlb olunanda geniş çayın sahillərində kol-kos, ot və palçıqdan keçmək olmurdu. Güclü külək boş çöllərin torpağını göylərə sovururdu. Biz işə başlayan gündən qarşılaşdığımız böyük qayğı nəticəsində bütün çətinlikləri aradan qaldıra bildik. Nə dəli Kürün coşqun dalğaları, nə sahildən qalxıb çöllərə axan sel, nə uğultulu külək və başqa çətinliklər insan oğlunu orxutmadı... Bakıdan “Leytenant Şimidt”,”Oktyabr” zavodları, Dəniz Tkinti Tresti, Metal Kombinat, Azərbaycan Tikinti Təçhizat idarəsi, Azərbaycan Dəmir Yol İdarəsi, Kür çayı gəmiçilərinin işçiləri, Salyan rayonun bütün əmək kollektivləri körpünün çəkilməsinə çox böyük kömək etdilər. Bu gün böyük baş ucalığı ilə üzümü Azərbayca xalqına və onun rəhbərinə tutub deyirəm: Qarşımıza qoyduğunuz vəzifə yerinə yetirilmişdir. Kürün bu sahilindən o sahilinə yol acıqdır.”
Qəzet məlumat verir ki, sonra ordenli şair Süleyman Rüstəm çıxış edir və şeir söyləyir. Qeyd olunur ki, T. Yaqubov tərəfindən körpü çəkilişində fərqlənmiş ən yaxşı inşaatçılara Fəxri Fərmanlar və qiymətli hədiyyələr təqdim olunur. Bu məqsəd üçün 75 min manat pul ayrıldığı elan olunur. Rayon icraiyyə komitəsinin sədri Qədirov 12 nəfərə rayonun hədiyyələrini təqdim edir.
12 may 1946-ci il tarixdə, günorta saatlarında dövlət himninin sədaları altında körpünün açılşını bildirən lent şəkildən göründüyü kimi Yaqubov tərəfindən kəsilir. Ilk maşın karvanı körpünü alqış sədaları altında keçir.
Rəsmi açılışdan sonra çayın sahilində Tut bağı deyilən ərazidə böyük ziyafət verilir. Qəzet ilk badələrin SSRİ-nin birinci şəxsinin, şanlı ordunun, xalq birliyinin sağlığına qaldırıldığını bildir və xalq artistlərindən A. Hacıbəylinin, Sara Qədimovanın çıxış etdiyini qeyd edir.
Məqalədə xalq şairi Səməd Vurğunun çıxışı barədə qeydə rast gəlmədik. Bu barədə məlumat Nağı Axundovun xatirələridə yer alıb. Çox yəqin ziyafət zamanı ilk sağlığın müəllifi ordenli şair olub.
Beləlikl , 80 il əvvəl çap olunmuş “Kommunist” qəzeti tarixi həqiqətləri bizə göstərdi.
1. Salyan körpüsü 3 ay deyil, 15-16 ay müddətində inşa olunub.
2. Körpü Uzaq Şərq Körpü Tikintisi idarəsi tərəfindən Azərbaycanın əlaqədar təşkilatlarının, Salyan rayonunun müəssisələrinin, o cümlədən Kür gəmiçilik idarəsinin yaxından dəstəyi ilə inşa edilmişdir.
3.SSRİ məkanının hər yerində bərpa işlərinin, o cümlədən yeni körpülərin inşasında alman əsirlərindən istifadə olunmuşdur. Həmin dövrdə Salyan rayonundə hərbi düşərgədə saxlanılan alman əsirlərindən Salyan körpüsünün inşasında da istifadə olunmuşdur. Lakin körpünün burada əsir kimi saxlanılan, mühəndis ixtisaslı alman Alfred Riskopun layihəsi əsasında tikildiyi yanlış fikirdir və təsdiqini tapmır.
4.Körpünün açılışında xalq şairi Səməd Vurğun deyil, məşhur salyanlı pambıq ustası Qüdrət Səmədov və müəllimə Səfurə Quliyeva çıxış etmişdir.
“Ədəbiyyat və incəsənət”
(05.05.2026)


