“Bizi yaşadan, motivasiya verən, çətinliklərdən çıxmağa kömək edən də məhz işimizdir” – MÜSAHİBƏ Featured

Habil Yaşar, “Ədəbiyyat və incəsənət”

 

Son illər Azərbaycanda turizm sektoru sürətli inkişaf mərhələsinə qədəm qoyub və bu sahədə fərqlənən yerli şirkətlər beynəlxalq bazarlarda da uğurla təmsil olunmağa başlayıb. Bu inkişafın arxasında isə işini sevərək görən, riskdən çəkinməyən və keyfiyyəti əsas prinsip kimi qəbul edən gənc sahibkarlar dayanır.

 

Bu müsahibədə turizm sahəsində uzun illərdir fəaliyyət göstərən Gulf Tourism şirkətinin təsisçisi Cavid Nəbiyev ilə həmsöhbət olduq. O, peşəkar yolundan, turizmin incəliklərindən, rəqabət anlayışına baxışından, beynəlxalq təcrübəsindən və gənclərə verdiyi tövsiyələrdən bəhs edir.

 

-Salam Cavid bəy. Zəhmət olmasa, özünüz və fəaliyyət sahəniz barədə qısa məlumat verərdiniz.

 

-Mən, Nəbiyev Cavid Mahir oğlu, 24 sentyabr 1989-cu ildə Bakı şəhərində anadan olmuşam. İbtidai və orta təhsilimi Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən 53 saylı tam orta məktəbdə almışam. 2007-ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə, Regionşünaslıq (ərəb ölkələri üzrə) ixtisasına qəbul olmuşam. 2011-ci ildə universiteti bitirdikdən sonra bir il müddətində həqiqi hərbi xidmət keçmişəm. 2013-cü ildə ilk əmək fəaliyyətimə “Azərbaycan Hava Yolları” QSC-nin nəzdində fəaliyyət göstərən Silk Way şirkətinin hüquq şöbəsində başlamışam və 2016-cı ilə qədər burada mütəxəssis kimi çalışmışam.

 

-Turizm sahəsində fəaliyyət göstərməyə marağınız necə yarandı?

 

-Sualınıza cavab olaraq bildirmək istəyirəm ki, turizm sahəsi Azərbaycanda əsasən 2015-ci ilin sonları, 2016-cı illərdən etibarən yeni mərhələyə qədəm qoymağa başladı. Xüsusilə ərəb ölkələrindən – Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Küveyt, Səudiyyə Ərəbistanı və Oman kimi ölkələrdən ölkəmizə turist axını formalaşmağa başladı. Əlbəttə ki, bu proses dövlətin turizm sahəsində apardığı məqsədyönlü siyasətin nəticəsi idi. Ondan əvvəlki illərdə genişmiqyaslı təbliğat və təşviqat kampaniyaları həyata keçirilmişdi və Azərbaycan yeni, perspektivli turizm destinasiyası kimi beynəlxalq arenada tanınmağa başlamışdı.

Azərbaycan həm coğrafi baxımdan yaxınlığı, həm də iqlim xüsusiyyətləri ilə turistlər üçün cəlbedici idi. Yay aylarında Qəbələ, Qusar, Şahdağ kimi bölgələrdə havanın 30 dərəcədən yüksək olmaması xüsusilə ərəb ölkələrindən gələn turistlərdə böyük maraq yaradırdı.

2016-cı ildən etibarən bu sahə mənim üçün də maraqlı oldu. Xüsusilə ərəb dili üzrə təhsil almış olmağım turizm sektoruna qoşulmağımda mühüm rol oynadı. Qısa müddət – təxminən üç ay ərzində bu sahədə ilkin fəaliyyət göstərdikdən sonra artıq ciddi bir qərar verdim. Bu, müəyyən risklər daşıyan bir addım idi: daimi iş yerim olan “Silk Way” şirkətindən ayrılaraq, ortağımla birlikdə öz biznesimizi qurmağa qərar verdik. Nəticədə 2016-cı ildə Azərbaycanda “Gulf Tourism” şirkətini təsis etdik və həm klassik turizm, həm də ov turizmi sahəsində fəaliyyətə başladıq.

 

-Turizm sahəsində sizi ən çox nə motivasiya edir?

 

-Ümumilikdə hesab edirəm ki, insan hansı sahədə çalışmasından asılı olmayaraq, işi məcburiyyətdən deyil, sevərək görməlidir. Əsl motivasiya insanın sevdiyi işlə məşğul olmasıdır. İllər ərzində müxtəlif beynəlxalq sərgilərdə iştirak etdik, ölkə daxilində kifayət qədər təcrübə topladıqdan sonra şirkətimizi xarici bazarlarda da təmsil etmək qərarına gəldik.

İlk olaraq Gürcüstan və Rusiya bazarlarına daxil olduq. Hazırda isə – 2026-cı il etibarilə – artıq 15-dən çox ölkədə fəaliyyət göstəririk. Bu ölkələr arasında Finlandiya, İsveç, Norveç, Çexiya, Polşa, Avstriya, Almaniya və İtaliya da var. Cari il üçün yeni hədəflərimiz Qazaxıstan, Qırğızıstan və Özbəkistan bazarlarıdır.

Biz golf turizmi daxil olmaqla bir neçə istiqamətdə rəsmi fəaliyyət göstərir, həm ölkəmizə gələn turistlərə, həm də digər ölkələr üzrə xidmətlər təqdim edirik. Əsas məqsədimiz müştərilərə getdikləri ölkəni tam şəkildə tanıtmaq, onların yüksək səviyyəli xidmətlərlə məmnun qalmasını təmin etməkdir. Keyfiyyətli otellər, nəqliyyat vasitələri, peşəkar bələdçilər və səmərəli vaxt planlaması bizim üçün prioritetdir.

 

-Xarici turistlərlə işləyərkən ən çox rast gəlinən çətinliklər hansılardır?

 

-Ümumiyyətlə, turizm xidməti xidmət sektoruna aiddir və bu sahədə fəaliyyət göstərmək asan deyil. Xidmət sektorunun əsas şərtlərindən biri səbirli olmaqdır. Tez-tez bizdən soruşurlar ki, əməkdaşları işə qəbul edərkən hansı xüsusiyyətlərə daha çox önəm verirsiniz? Bu sualın cavabı çox sadədir: səbir.

İş prosesində şəxsi problemlər kənarda qalmalıdır və müştəriyə heç bir şəkildə yansımamalıdır. Çünki müştərinin buna heç bir aidiyyəti yoxdur. Gülərüz olmaq, anlayışlı davranmaq və gözlənilməz hallarda belə problemi müştəriyə hiss etdirmədən, operativ şəkildə həll yolunu tapmaq çox vacibdir.

Əlbəttə ki, bəzən kaprizli və çətin müştərilərlə də qarşılaşırıq. Beş barmağın beşi bir olmadığı kimi, bütün müştərilər də eyni deyil. Biz bunu qınamırıq. Əksinə, belə hallarda daha səbirli, daha təmkinli davranmağa çalışırıq. Çünki hər bir çətin müştərinin açarı səbir, təmkin və gülərüz xidmətdir.

 

-Hansı ölkələrdə səfərlər etmisiniz və səfərləriniz arasında ən çox bəyəndiyiniz şəhər hansıdır?

 

-Səyahət etdiyim ölkələr arasında Avropa, Asiya və Afrika ölkələri var. Lakin mənim üçün xüsusi cazibəsi olan ölkə Norveçdir. İnsanların yanaşması, təbiətə olan münasibət və ümumi mühit məni cəlb edir. İlk dəfə ötən il kəşf etdiyim bu ölkəyə, təbii ki, özüm üçün, bundan sonra da hər il müəyyən müddətlik səfər etməyi planlaşdırıram.

 

-Şirkətiniz rəqiblərdən fərqlənmək üçün hansı strategiyaları tətbiq edir?

 

-Rəqabət mövzusuna gəldikdə isə düşünürəm ki, rəqiblərdən fərqlənmək üçün qiyməti aşağı salmaq düzgün yanaşma deyil. Əsl rəqabət keyfiyyət üzərində qurulmalıdır. Eyni qiymətə daha üstün xidmət təqdim etmək əsas hədəf olmalıdır. Bu, əslində rəqabət anlayışı deyil ki, filan şirkət bir xidməti 10 manata təklif edirsə, mən onu mütləq 9 manata satmalıyam. Xeyr. Mən çalışmalıyam ki, eyni xidməti yenə 10 manata təqdim edim, amma daha üstün fəaliyyət və daha yüksək xidmətlə fərqlənim.

Buna sadə bir misal gətirə bilərəm. Tutaq ki, Bakı–Qəbələ marşrutu üzrə avtobus xətti fəaliyyət göstərir və bilet qiyməti 15 manatdır. Əgər mənim belə bir avtobus xəttim olsaydı, eyni qiymətə əlavə dəyərlər təqdim edərdim: avtobusda pulsuz Wi-Fi, çay, kiçik desertlər, oxumaq üçün kitab və ya jurnal, uşaqlar üçün isə balaca hədiyyələr. Mən bu yolla qiyməti endirməklə yox, xidmətin keyfiyyətini artırmaqla rəqabət aparardım.

Qiyməti aşağı salıb, xidmət səviyyəsini azaltmaq mənim üçün rəqabət sayılmır. Təəssüf ki, Azərbaycanda xüsusilə turizm sahəsində bu yanaşma geniş yayılıb: maksimum şəkildə qiyməti aşağı salmaq. Halbuki bu düzgün strategiya deyil. Digər ölkələrdə rəqabət daha çox keyfiyyət üzərində qurulur. Müştəriyə eyni qiymətə daha keyfiyyətli məhsul və xidmət təqdim etmək əsas prinsipdir.

Mənim üçün rəqabət anlayışı məhz budur. Biz ümumiyyətlə digər şirkətlərlə qiymət üzərindən rəqabət aparmırıq, çünki öz xidmətimizin keyfiyyətinə tam əminik. Müştəri məmnuniyyəti uzunmüddətli uğurun açarıdır.

 

-Sizcə, sosial media və digər onlayn platformaların turizm sektorundakı rolu nədir?

 

-Hazırda satış və xidmət sahəsində sosial şəbəkələrin rolu danılmazdır. Reklamın böyük hissəsi artıq sosial platformaların üzərinə düşür. İstər sosial platformalarda, istər Google reklamlarında, istərsə də reklamın digər formalarında tanıtım bu gün çox böyük əhəmiyyət daşıyır. Hazırda reklam bazarının demək olar ki, əsas hissəsi sosial platformaların payına düşür və bu sahədə onların çəkisi təxminən 75–80 faiz təşkil edir. Biz də şirkət olaraq hər il bu istiqamətə xüsusi büdcə ayırır, bloqerlərlə əməkdaşlıq edir, ödənişli reklam kampaniyaları həyata keçiririk.

 

-Gələcəkdə turizm sahəsində hansı planlarınız və hədəfləriniz var?

 

-Ümumiyyətlə, bildirmək istəyirəm ki, biz fəaliyyətimizə 2016-cı ildən başlamışıq. Bu müddət ərzində turizmin müxtəlif sahələrində aktiv şəkildə çalışırıq. Yalnız klassik turizm və ya outbound turizm sahəsi ilə kifayətlənmirik; paralel olaraq bir neçə startap layihəmiz mövcuddur. Eyni zamanda, müəyyən məntəqələrdə turizm sektoruna əlavə dəyər qatan kiçik müəssisələrimiz fəaliyyət göstərir.

Təbii ki, insan elə bir varlıqdır ki, yaşından asılı olmayaraq, arzuları onu daim irəli aparır. Bizim də hər zaman planlarımız, hədəflərimiz olub. Allah ömür qismət edərsə, bu planları mərhələ-mərhələ reallaşdırmağa çalışacağıq. Çünki inkişaf heç vaxt dayanmalı deyil.

Bir vaxtlar hörmətli dostlar arasında söhbət edərkən demişdim ki, 40 yaşımdan sonra artıq işləmək istəmirəm. O zaman mənə bildirdilər ki, bu mümkün deyil. Həqiqətən də zaman keçdikcə anlayırsan ki, iş insanı elə bir mərhələyə çatır ki, 60 yaşında, hətta daha yuxarı yaşlarda belə içində yeni nəsə yaratmaq, yeni ideyalar həyata keçirmək enerjisi qalır.

Əslində bizi yaşadan, motivasiya verən, çətinliklərdən çıxmağa kömək edən də məhz işimizdir. İnsan öz işini sevməlidir, ona ailəsi və ya övladı kimi yanaşmalıdır. Vaxtında qayğı göstərməlidir ki, qarşılığında onun bəhrəsini görə bilsin. Biz də hər zaman çalışmışıq ki, arzularımızın və xəyallarımızın arxasınca gedək.

Sonda onu demək istəyirəm ki, heç bir yaşda, heç bir sahəyə başlamaq gec deyil. Ən vacib olan istəkdir. İnsan öz daxilindəki ruhun, enerjinin nə istədiyini anlamalıdır. Onu hansı işlə qidalandıra biləcəyini bilməlidir. Məhz buna görə də heç vaxt, heç bir sahəyə başlamaq üçün gec deyil. Əsas olan insanın daxilindəki istək və enerjidir.

 

-Şirkət rəhbəri olaraq, turizm sahəsində fəaliyyət göstərmək istəyənlərə hansı tövsiyələri verərdiniz?

 

-Turizm sahəsində fəaliyyət göstərmək istəyən insanlara məsləhət görərdim ki, əvvəlcə müəyyən bir dövr bələdçi kimi çalışsınlar və sahəni praktik şəkildə öyrənsinlər. Əgər fəaliyyətə Azərbaycandan başlamaq niyyətindədirlərsə, ilk növbədə ölkəni dərindən tanımaq çox vacibdir. Bundan sonra isə istədikləri zaman öz şirkətlərini quraraq fəaliyyət göstərə bilərlər.

Əlbəttə ki, bu yol asan deyil. Ancaq heç bir halda insanları həvəsdən salmaq olmaz. Əksinə, düzgün yönləndirmə və dəstək gənclərin bu sahədə inkişaf etməsinə böyük töhfə verir. Biz də şirkət olaraq hər il turizm institutlarında təhsil alan tələbələrə praktiki dəstək göstəririk.

Əlimizdən gələn hər cür köməkliyi təmənnasız şəkildə etməyə hazırıq. Hər hansı sual yarandıqda və ya dəstəyə ehtiyac olduqda, istər şirkət olaraq, istərsə də əməkdaşlarımız səviyyəsində hər zaman yardım göstərməyə hazırıq.

 

-Ədəbiyyata və incəsənətə münasibətinizi necə ifadə edərdiniz?

 

-Habil müəllim, ədəbiyyat sahəsinə olan ehtiramım hədsiz dərəcədə yüksəkdir. Uşaqlıq dövründən oxumağı çox sevmişəm. Hətta bununla bağlı bir xatirəmi bölüşmək istərdim. İbtidai sinifdə oxuyarkən daim kitab oxuyurdum. Bir gün müəllimimiz evimizə gəlib anama dedi ki, uşaq həddindən artıq oxuyur, bir az kitabdan uzaq tutmaq lazımdır.

O vaxtdan bu günə qədər oxuduqlarım hələ də yadımdadır. “Dədə Qorqud” dastanını, “Koroğlu”nu, Nizami Gəncəvinin “Xəmsə”sini, xüsusilə də “Yeddi gözəl”i oxumuşam. Oxumağa olan bu sevgi məni hətta kiril əlifbasını özüm öyrənməyə qədər aparıb çıxarmışdı. İlk dəfə kiril əlifbasında “Türkü Həccə gedir” hekayəsini jurnal formatında oxumuşdum.

Kitab sevgisi ümumiyyətlə itməməlidir. Təəssüf ki, mənə elə gəlir ki, bu gün gənclərimizdə oxumağa olan maraq əvvəlki qədər güclü deyil. Amma əminəm ki, dünya durduqca ədəbiyyat da olacaq və olmalıdır. Ədəbiyyatın faydaları ölçüyəgəlməzdir və hər kəsi oxumağa dəvət edirəm.

Mən də bu məqsədlə öz Instagram profilimdə ayda bir dəfə və ya iki aydan bir kitab müsabiqəsi elan edirəm. İzləyicilərdən beş və ya on nəfərə istədikləri kitab şirkətimiz tərəfindən alınaraq hədiyyə olunur. Məqsəd sadədir: oxusunlar. Əgər oxuyurlarsa, bu bizim üçün ən böyük qazancdır.

Hər zaman bildirmişəm ki, insanın etdiyi ən böyük yatırım özünə olan yatırımdır. Heç bir bilik, heç bir məlumat insana ziyan vermir. Hətta ən lazımsız hesab edilən bilik belə, bir gün mütləq fayda verə bilər. Yəni əslində lazımsız məlumat yoxdur.

Musiqi və ədəbiyyat bizim üçün çox dəyərlidir. Azərbaycan musiqisi dünya mədəniyyətinin incilərindən biridir. Bunu tam səmimiyyətlə deyirəm. Universitet illərində beynəlxalq mədəniyyət festivallarında iştirak etmişəm, bəzilərində tərcüməçi kimi yer almışam və orada bir daha əmin olmuşam ki, Azərbaycan musiqisinin dünyada bənzəri yoxdur.

İnsanlardan xahişim budur ki, əsl musiqiyə qulaq assınlar. Şablon, səthi musiqilərə yox, böyük bəstəkarlarımızın yaratdığı əsərlərə, xalqımızın bizə miras qoyduğu muğamlara, nəğmələrə üz tutsunlar. Bizim o qədər zəngin musiqi irsimiz var ki, bunlar heç vaxt unudulmamalıdır.

Nə qədər ki, Azərbaycan xalqı yaşayır, mövcuddur, bizim ədəbiyyatımız, musiqimiz və tariximiz də yaşamalı, heç vaxt bitməməlidir.

 

“Ədəbiyyat və incəsənət”

(10.02.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.