Oğuz oykonimləri barədə qeydlər Featured

İmran Verdiyev,

Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

 

 Oykonim toponimlərin bir növüdür. Yunanca “oikos” (ev) və “onoma” (ad) sözlərinin birləşməsindən əmələ gəlmişdir. Yaşayış məntəqələrinin, yəni şəhərlərin, kəndlərin, qəsəbələrin adlarını bildirən sözlər, xüsusi isimlərdirŞəhər adları bildirən oykonimlər astionimlər, kənd adlarını bildirənlər isə komonimlər adlanır.

 

Hər hansı bir etnomədəni arealda oykonimlər qatının formalaşması uzun sürən prosesdir. Yer-yurd adlarını orada yaşayan xalqlar formalaşdırır və zaman keçdikcə tarixi mənbələrdə və xəritələrdə öz yerini alır.  

Oykonimlər dunən ilə bu gün, bu gün ilə sabah arasındakı körpüyə bənzəyirlər. Onlar tarixin açarıdır, tariximizə işıq salır, ərazidə yaşayan xalqların tarixini, coğrafiyasını, mədəniyyətini və etnoqrafiyasını özündə əks etdirir. Digər tərəfdən, oykonimlər tarixi hadisələrin şahidləri kimi, yaddaşları təzələyərək, həmin ərazidə cərəyan etmiş prosesləri təkrar xatırladırlar. Onların tədqiqi və öyrənilməsi tariximizi, xalqımızın etnogenizini, coğrafiyamızı, dil və ədəbiyyatımızı, etnoqrafiyamızı, mədəniyyətimizi öyrənmək, xüsusən  öz kimliyimizi dərindən dərk etmək, itirilmiş dəyərləri bərpa etmək üçün çox faydalıdır. Oykonimlərsistemi xeyli dərəcədə coğrafi məzmuna malik olduğu üçün onların əsasında ərazinin relyef quruluşu, mənzərə xüsusiyyətləri, təbii sərvətləri, bitki örtüyü, təbii xüsusiyyətləri haqqında da müəyyən qənaətə gəlmək mümkündür.

Azərbaycanın İsveçrəsi sayılan qədim Oğuz rayonunda da çoxsaylı və zəngin oykonimlər olub. Onların bir qismi (Balaşum, Axpiləkənd, Covlan, Cucamış, Otmanlı, Qoruxlar, Güllüdağ, Maza, Xoşkaşen, Ağlıq, Qiyaslar və s.) artıq  müəyyən səbəblərdən qeyri-yaşayış yerinə çevrilmişdir.    

Bizim söhbətimiz isə hazırda mövcud olan oykonimlər barədədir. Hazırda Oğuzda 35 oykonim mövcuddur. Onlardan biri astionim (Oğuz şəhəri), qalan 34-ü isə  komonimlərdir – kənd adlarıdır.  

Oğuz oykonimlərinin mütləq  əksəriyyəti türk mənşəli olub, Azərbaycan dilinin formalaşmasında və xalqımızın etnogenizində bilavasitə iştirak etmiş etnosların adları ilə bağlıdır. Tarixən mövcud olan həmin oykonimlər Oğuzun ərazisində yaşayan türk xalqlarının tarixi ilə bilavasitə əlaqəlidir. Oğuz, Abdallı, Bayan, Bucaq, Ərmənət, Xaçmaz, Xacmaz-qıçlaq, Xalxal, Xalxal-qışlaq, Qarabulaq, Qarabaldır, Calut, Muxas, Padar, Tərkeş, Yaqublu, Böyük Söyüdlü, Sincan belə oykonimlərdəndir. Araşdırmalar göstərir ki, onların adları oğuz, abdal, bayandur, bucaq, ərmən (qıpçaq), qarqar, xeçmatak, qarabulaq, qarabaldır, ud, mux və as, padar, tərkiş, yaqub, söyüt və sincanlar adlı qədim türk tayfa, etnos və əşırətlərin adı ilə birbaşa bağlıdır.

Bu etnotoponimlərin çoxu həm də areal xarakterə malikdir. Onlara nəinki Azərbaycanda və digər türk ölkələrində, hətta başqa xarici ölkələrdə də (İran, Rusiya, Gürcüstan, Ermənistan, Çin, Monqolstan, İraq və s.) rast gəlmək olur. 

Oykonimlərin bir neçəsi də şəxs (antropooykonimlər) və bitki (fitonimlər) adları, biri isə hidronim əsasında formalaşmışdır. Kərimli və Tayıflı; Filfilli və Yemişənli, Zərrab kəndlərinin adları buna nümunə ola bilər. Kərimli kəndi şair M.K.Vardaninin, Tayıflı kəndi Tayıb adlı şəxsin adı ilə bağlıdır. Filfilli kəndinin adı ərəbcə “filfil” (bibər) bitkisinin, Yemişənli kəndinin adı “yemişan” kolunun adı ilə əlaqəlidir. Zərrab kəndinin adının isə yaxınlıqdan keçən Sarısu (farsça zərd və ab)  çayının adından alındığı güman olunur.

Oğuz oykonimlərinin bəzilərinin adları isə ərazinin xarakter xüsusiyyətləri, zahiri əlamət və keyfiyyətini bildirən, məkanın relyefi əsasında müəyyən olunmuşdur. Qumlaq, Top, Çaldaş, Çayqovuşan, Dəymədağlı, Dəymədərə, Baş Daşağıl bu cür oronimlərdən sayıla bilər. Belə məlum olur ki, ərazinin relyefi onun oykonimlərində də relyef formalarını (dağ, dərə, təpə, qaya, daş və s.) əks etdirən zəngin və rəngarəng makro və mikrooykonimlərin əmələ gəlməsinə səbəb olmuşdur. Başqa sözlə, Oğuz oykonimləri yer səthinin müxtəlif xüsusiyyətlərini də izah edir.

Quruluşuna görə, bu oykonimlər əsasən leksik, morfoloji və sintaktik yollarla yaranmış vahidlərdir.

Leksik yolla yaranan oykonimlər əsasən sadə sözlərin yer adlarına çevrilməsi yolu ilə əmələ gəlir və bu zaman xüsusi morfoloji şəkilçilər işlənmir. Padar, Top, Bucaq, Xalxal, Sincan kəndlərinin adları leksik yolla yaranmış oykonimlərə nümunə ola bilər.   

Morfoloji yolla yaranan Oğuz oykonimləri isə əsasən –lı, bir neçə halda -laq və -ıx  şəkilçiləri ilə meydana çıxmışdır. Abdallı, Böyük Söyüdlü, Dəymədağlı, Filfilli, Kərimli, Mollalı, Şirvanlı, Tayıflı, Yaqublu, Yemişənli, Qumlaq və Malıx oykonimləri belə formalaşmışdır.

Sintaktik yolla yaranmış oykonimlərin çoxu isə kök+kök (Oğuz, Çaldaş, Yenikənd, Dəymədərə, Hallavar (alavar), Qarabaldır, Qarabulaq) və kök+kök+şəkilçi (Dəymədağlı, Çayqovuşan) modelləri əsasında yaranmışdır. Mürəkkəb oykonimlərin bir qismi həm də fərqləndirici əlamətlər (baş, böyük, Xalxal, Xaçmaz, dağ, dərə) əlavə etmək hesabına formalaşmışdır. (Baş Daşağıl, Böyük Söyüdlü, Xalxal-qışlaq, Xaçmaz-qışlaq, Dəymədağlı, Dəymədərə).

 Yuxarıda qeyd etdiyimiz kimi, Oğuz oykonimlərin əksəriyyəti türk mənşəlidir. Ərəb-fars mənşəli toponimlərə (ekzonimlərə) çox hadir halda təsadüf olunur. Bunlara Mollalı (ərəb), Filfilli (ərəb) və Zərrab (fars) toponimlərini misal göstərmək olar.

Tarixi faktlar göstərir ki, bir vaxtlar rayon ərazisində iki rus mənşəli (Astraxanovka və Vladirmirovka) oykonim də olmuşdur. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli  qərarı ilə Astraxanovka kəndinin adı dəyişdirilərək Çaldaş, Vladimirovka kəndinin adı isə Çayqovuşan adlandırılmışdır.

Sonda bir daha xatırladırıq ki, oykonimlər informasiya daşıyan etnomədəni mətnlərdir. Tarixin möhürü, silinməz izləri və yaddaşı sayılan oykonimlər bütövlükdə xalqın keçmişini, mədəniyyət və etnoqrafiyasını, eləcə də dil tarixini öyrənmək baxımından mühüm əhəmiyyət daşıyır. Onlar rayon haqqında biliklər xəzinəsidir, mədəni-tarixi informasiyanın qoruyucusudur.  

 

“Ədəbiyyat və incəsənət”

(22.01.2026)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.