ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

Cümə, 15 Dekabr 2023 16:00

Bu gün müəllimlərin qurultayıdır!

 

Habil Yaşar, “Ədəbiyyat və incəsənət”

 

Bəli, bu günün gündəmi müəllimlərdir, bu gün ölkə müəllimləri öz qurultaylarını keçirirlər. Mən də mövzuya uyğun olaraq öz ilk müəllimim olmuş Hənifə Əzizəliyevadan müsahibə götürmüşəm. İstəyirəm əziz müəllimimi sizlərə də tanıdım. 

-Salam əziz və dəyərli ilk müəllimim olan Hənifə müəllimə. Mən çox xoşbəxt insanam ki, sizin kimi dəyərli müəllimlərin şagirdi olmuşam. İlk dəfə qələm tutmağı, oxumağı məhz siz mənə öyrətmisiniz. Qazandığım hər uğurda məhz sizin gərgin əməyiniz vardır. Bizlər bir ömür boyu sizlərə borcluyuq! İlk öncə bu peşəyə gəlişiniz haqda məlumat verməyinizi xahiş edirəm.

-Mən müəllimlik peşəsinə çox gənc yaşlarımdan başlamışam. Universiteti qiyabi oxumuşam. Qəbul olan kimi də fəaliyyətə başlamışam. Hal- hazırda Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən 271 nömrəli tam orta məktəbdə çalışıram.

 

-Bir pedaqoq olaraq gənclik, hal-hazırdakı mütaliə sizi qane edirmi?

 

-Soruşursunuz ki, hal- hazırki mütaliə  sizi qane edirmi? İndiki gənclər az mütaliə edirlər. Baxmayaraq ki, 50 ildir ki təhsil işçisiyəm, mən yenə də mütaliə edirəm. Vaxt tapan kimi qəzetlər, bədii kitablar oxumaga can atıram. Hətta sizin " Yeddinci ayın yeddisi" romanınızı da oxudum. İndiki gənclərə tövsiyəm odur ki, çalışsınlar imkan düşdükcə mütaliə ilə məşgul olsunlar.

 

-Hansı janrda kitablar oxuyursunuz və niyə bu janra  üstünlük verirsiniz?  

 

-Mən bütün janrlara üstünlük verirəm

 

-Madam ki, mütaliənin vacibliyini vurğuladınız, onda deyərdiniz, kitab oxumaq vərdişini qazanmaq üçün nə etmək lazımdır? 

 

-Kitab oxumaq vərdişinə elə məktəb vaxtlarından yiyələnmək lazımdır. Elə götürək, gündəlik məktəbdə keçirilən dərsləri. Gənclər oxusalar, mütaliə etsələr onların dünyagörüşləri genişlənər,  nitqləri daha gözəl olar. Eyni zamanda sizin romanınızda nə qədər tərbiyəverici məqamlar var. O romanı gənclər oxusa səhvlərə yol verməzlər. Eləcə də, digər bədii ədəbiyyat nümunələrini.

 

-Bir pedaqoq kimi, predaqoq olmaq istəyən gənclərə hansı məsləhətlərinizi verərdiniz?

 

-Pedaqoq olmaq istəyən gənclərə məsləhətim budur ki, həvəsləri, arzuları varsa məqsəd də olmalıdır. Qarşıda məqsəd varsa səbr lazımdır. Səbr varsa əzmkarlıq lazımdır. Pedaqoq olmaq çox şərəfli peşədir. Bu peşəni şərəflə qorumaq lazımdır. Mənim üç övladım müəllimdir. Çalışırıq ki, bu peşəni  layiqincə yerinə yetirək. Bizim ailənin bir şüarı var. Axı biz müəllimik.

Sonda ümummillii liderimiz Heydər Əliyevin  müəllim haqqında bir kəlamını qeyd etmək istərdim: “Həyatını müəllimliyə həsr edən insanlar, həqiqətən, fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır”.

 

-Dəyərli vaxtınızdan bizlər üçün ayırdığınız üçün minnətdaram hörmətli Hənifə müəllim! 

 

-Xoşdur Habil müəllim! Mən də sizə, bütün əməkdaşlara təşəkkür edirəm!

 

“Ədəbiyyat və incəsənət”

(15.12.2023)

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Rubrikamızda Azərbaycan poeziyasının ən çox səs salmış, ən çox oxunan və əzbərlənən şeirlərini təqdim etməkdəyik. Unudulmaz sevgi şairimiz Nüsrət Kəsəmənlinin “Qaytar özümə” şeirinin növbəsidir. 

Siz heç eşqinizi sevdiyinizdən geri istədinizmi?

 

 

QAYTAR ÖZÜMƏ

 

Arzun, duyğuların kövrək deyilmiş,

Sinəndə döyünən ürək deyilmiş.

Eşqim, sevgim sənə gərək deyilmiş,

Qaytar, öz eşqimi qaytar özümə.

 

Bu sevdanın tüstüsünə kor oldum,

Dönük çıxdın el içində xar oldum.

Zülmünü çəkməkdən bezdim,yoruldum,

Qaytar, öz eşqimi qaytar özümə.

 

Ümüdsüz sevgiyə güman ayrıdı,

Eşqə, məhəbbətə inam ayrıdı.

Bizim yollarımız tamam ayrıdı,

Qaytar, öz eşqimi qaytar özümə.

 

Vuruldum gözünə gözüm günahkar,

İnandım sözünə sözün günahkar.

Özüm günahkaram, özüm günahkar,

Qaytar, öz eşqimi qaytar özümə.

 

Atdığın kəməndə ayıq düşmədim,

Neçə tələ qurdun duyub, düşmədim.

Satılan eşqimdən duyuq düşmədim,

Qaytar, öz eşqimi qaytar özümə.

 

Qayıt bu yollardan, çox dedim sənə,

Çatmadı verdiyim öyüdüm sənə.

Eşqimi alverçün vermədim sənə,

Qaytar, öz eşqimi qaytar özümə.

 

Yalvarma, yalançı dilinlə daha,

Qafqaza dağ çəkdin gəl, dinmə daha.

Ürəyim düzəlməz səninlə daha,

Elə yazıq-yazıq baxma üzümə,

Qaytar, öz eşqimi qaytar özümə.

 

“Ədəbiyyat və incəsənət”

(15.12.2023)

 

Türk dünyasının tanınmış aydınlarından biri olan, Kərkük ellərinin böyük şairi, mədıniyyət xadimi Şəmsəttin Küzəçi “Kərkükümü geri verin” adlı bir şeirini bütün türk dünyasına ərməğan edib.

“Ədəbiyyat və incəsənət” portalı şeiri sizlərə təqdim edir. 

 

 

KERKÜK’ÜMÜ GERİ VERİN

 

Doğup, büyüdüğümüz yeri,

Bizden alıp koparmayın

Zaten Lozan aldı gitti,

Bu iş burada bitti sanmayın

Gelin dostlar,

Bize bir akıl verin

Kerkük’ümü geri verin…

*

Dağıttınız Kaleyi,

Petrol için çektiniz halayı

Alın başımızdan bu belayı

Yeter artık bitsin bu bal ayı

Gelin dostlar,

Bize bir akıl verin

Kerkük’ümü geri verin…

*

Ezseniz de güllerimizi

Dağıtsanız da bağlarımızı,

Kerkük’ümüzü, dağlarımızı

Yine gözümüz oradadır.

Gelin dostlar,

Bize bir akıl verin

Kerkük’ümü geri verin…

*

Söndürürseniz ocakları

Yıkarsanız cadde, sokakları

Köşeleri bucakları

Yine taşını bize verin

Gelin dostlar,

Bize bir akıl verin

Kerkük’ümü geri verin…

*

Türkü’mü yakamıyorum

Hoyratım’a bakamıyorum

Geceleri yatamıyorum

Gerçekleri bilemiyorum

Gelin dostlar,

Bize bir akıl verin

Kerkük’ümü geri verin…

*

Alın “Karaaltını”,

Hem üstünü hem altını

İstemeyiz düşman yat’ını

Verin atamın Bozkur'dun, Kıratını

Gelin dostlar,

Bize bir akıl verin

Kerkük’ümü geri verin…

*

İsterseniz de

Yakın Kerkük’ümü,

Göklere savrulsun

Feryatlı dumanlarımız

Yâd eline kalmasın,

Bir avuç toprağımız

Yine de külünü bize verin

Gelin dostlar,

Bize bir akıl verin

Kerkük’ümü geri verin…

 

“Ədəbiyyat və incəsənət”

(15.12.2023)

Rəsm qalereyası.

Maral Rəhmanzadə, “Şah İsmayıl Xətai”

 

Əkbər Qoşalı

“Ədəbiyyat və incəsənət” təqdim edir

 

Azərbaycanın ilk qadın rəssamı kimdir - 

Qeysər Kaşıyeva, Reyhan Topçubaşova, 

Vəcihə Səmədova, yoxsa Maral Rəhmanzadə?

Rəhmətliklərin hər birinin özünəxas İLKi var, amma fərqli qaynaqlara baxdıqda görürük, ortaq bir qənaət yoxdur, hər biri haqqında AZƏRBAYCANIN İLK QADIN RƏSSAMI yazılır.

Qeysər Kaşıyeva - rəssamlıq təhsili almış ilk qadın rəssam;

Reyhan Topçubaşova - qadın rəssamlar arasında ilk Əməkdar incəsənət xadimi, Azərbaycan qadın rəssamlarının əsərlərindən ibarət ilk sərginin təşkilatçısı;

Vəcihə Səmədova - ilk peşəkar qadın rəssam, boyakar;

Maral Rəhmanzadə - peşəkar rəssamlıq təhsili görmüş ilk qadın rəssam, qrafika ustası…

İndi bu rəhmətliklər arasından hansını ilk qadın rəssamımız olaraq qəbul etsək, daha doğru olar? 

Məncə, daha ədalətli olmaqçün Vəcihə xanım Səmədova və Maral xanım Rəhmanzadə arasında seçim etmək doğru olar. 

Yoxsa, boyakar, qrafika ustası, ali təhsil və s. üzrə bölgü apararaq, hər birini İLK saymalıyıq?

Ruhları şad olsun!

 

Şəkildə: Vəcihə Səmədova və Maral Rəhmanzadə.

 

“Ədəbiyyat və incəsənət”

(15.12.2023)

 

Bu gün “QGallery” Bakı Rəssamlıq Qalereyasında konseptual heykəltaraş və rəssam Bütünay Haqverdiyevin “Yarımadanın gündəliyi” adlı fərdi sərgisi açılacaq. 

“Ədəbiyyat və incəsənət” portalı qalereyanın xəbərinə istinad edərək bildirir ki, Bütünay Haqverdiyevin “Yarımadanın gündəliyi” sərgisi Abşeronun sənədli xronologiyası, Abşeron kəndlərinin mənzərəsinin “fotoyaddaş”ıdır.
Gənc, istedadlı, irsi rəssam Bütünay Haqverdiyevin əl işlərini qeyri-adi enerji və emosional zənginlik fərqləndirir. Onun rəsmlərində hərə özünə məxsus olan nəyisə tapır. Azərbaycanın tanınmış təsviri sənət ustası Ucal Haqverdiyev (1960-2004) və rəssam Yelena Haqverdiyevanın oğlu sanki öz tamaşaçısını uşaqlığın anabiozuna aparır. Orada isti və sakitlikdir, irəlidə yalnız cəsarətli arzular var və adama elə gəlir ki, bu arzulara çatmaq üçün heç bir maneə yoxdur.
Bütünay Haqverdiyev Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində və Moskvada Britaniya Ali Dizayn Məktəbində oxuyub. O, bir neçə kollektiv sərgilərdə, o cümlədən 55-ci Venesiya biennalesində, eləcə də fərdi ekspozisiyalarda iştirak edib.
Sərgi dekabrın 30-dək davam edəcək.

“Ədəbiyyat və incəsənət”
(15.12.2023)

Könül, “Ədəbiyyat və incəsənət”

 

 

Dəyərli bir kitabla ölkə boyu, addım-addım. Bu dəfə “Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi Göygölə rayonuna səfər etmişdi, Gəncə -Daşkəsən Regionol Mədəniyyət Baş İdarəsi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Vətən oğulsuz olmasın” kitabının təqdimat mərasimi keçirilirdi. Tədbirdə yenə də mədəniyyət, ədəbiyyat, ictimaiyyət, media və şəhid ailələrinin nümayəndələri, tələbə-gənclər iştirak edirdi. “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin sədri, Kəlağayı muzeyinin direktoru, şair-publisist Güllü  Eldar Tomarlıdan tədbir barədə fikrini aldıq. Güllü xanım söylədi:

 

-Öncə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Qarabağ müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə açdım,  təqdimatı keçirilən “Vətən oğulsuz olmasın” kitabının Ulu Öndər Heydər  Əliyevin 100 illik yubileyi çərçivəsində nəşr edildiyini və ilk təqdimatının 20 iyul, 2023-cü ildə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında, sonra 5 dekabr, 2023-cü ildə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında, 8 dekabrda Sabirabadda Bayraq Muzeyində, eləcə də Bərdədə Bələdiyyə Binasında keçirildiyini  qeyd etdim.  Bildirdim ki, kitabda Ulu Öndərin Xalq şairi Mirvarid Dilbazi ilə görüşündə söylənilən nitqləri, səsləndirilən fikirləri, Mirvarid xanımın xalqın müdrik oğluna həsr etdiyi şeirləri toplanıb. Və qeyd etdim ki, kitabın növbəti təqdimatları  Ağsu rayonunda, Sumqayıt şəhərində  və digər bölgələrdə keçiriləcək. 

Mirvarid Dilbazi Poeziya Məclisinin üzvü, şair Mələk İsmayıl tədbir iştirakçılarını salamlayaraq  Ulu Öndər Heydər Əliyevin ədəbiyyat, mədəniyyət, poeziya sahəsinə olan qayğısından, şair və yazıçılara olan dərin hörmət və ehtiramından söhbət açdı, “Vətən oğulsuz olmasın” kitabında toplanan faktların tarixi əhəmiyyət daşıdığını, Ulu Öndərin Xalq şairinə olan xoş münasibətinin bariz nümunəsi olduğunu bildirdi və Ulu Öndərə həsr etdiyi şeirlərini söylədi.

Sonra Göygöl rayon Mədəniyyət Mərkəzinin direktoru Əminə Rəhimova, Göygöl rayon Təhsil sektorunun metodisti, sair, publisist Afət Qara qızı, Mərkəzləşmiş kitabxana sisteminin direktoru İntizar Əliyeva və başqaları çıxış edib kitabın Ulu Öndər haqqında yazılan çox dəyərli mənbə və nəşrlərdən biri olduğunu vurğuladılar. Qeyd edildi ki, Milli Lider Heydər Əliyev özü mədəniyyətə bağlı insan olduğu qədər də mədəniyyət işçilərinə, şair və yazıçılara, sənət adamlarına həmişə diqqət və qayğı göstərib.

Sonda təqtimat mərasimində kitabda toplanan və Milli liderə həsr olunan şeirlər  səsləndirildj, tədbir iştirakçılarına kitablar hədiyyə olundu. 

 

“Ədəbiyyat və incəsənət”

(15.12.2023)

“Cümə günü Əbülfəzqızının 10 sualı ilə"  rubrikasının budəfəki sevimli qonağı  səmimiyyəti ilə qəlbləri isidən, çağdaş Ədəbiyyatımızda öz üslubu ilə seçilən Azərbaycan Respublikasının Milli Məclisinin Mədəniyyət Komitəsinin eksperti, Dünya Gənc Türk Yazarlar Birliyinin Məsləhət Şurası başqanı, Beynəlxalq "Alaş" mükafatı laureatı, şair-publisist Əkbər Qoşalıdır.

 

-Xoş gördük, dəyərli Şairimiz. Əl-ələ tutub cavab alması üçün Sizi səbirsizliklə gözləyən suallarımızı artıq gözlətmək istəmirəm və dərhal “qamətli" bir nömrəli sualımızı görüşünüzə çağırıram.

 

1) “Bəlkə də, bir gələn var,

   Gözlərim yol çəkir, yol;

   Ölü dillər kimiyəm,

   Sözlərim yol çəkir, yol...

 

   Göy ulu, yer yağızdı,

   Hər dua bir ağızdı;

  Bu - qələm, bu - kağızdı,

  Özləri qol çəkir, qol”... 

(Ə.Qoşalı)

Dəyərli Əkbər bəy, şeir yazarkən, "Kağız və qələmin sehri böyükdür" deyib ruhunuzun pıçıltılarını qələmə söyləyirsiniz, yoxsa, deyəcəksiniz ki, "Əbülfəzqızı, indi zaman dəyişib, düymələri sıxmaqla, müasir texnika ilə yazıram"?

 

-Əbülfəzqızı, söyləşimizin “Bismillah”ını şeirlə başladığınız üçün də, bu sualınız və qarşıdakı suallarınız üçün də öncədən sizə əsənliklər diləyir, gün ağlığı arzulayıram! Bilirsiniz, şeirin hansı texnika, texniki dəstək və ya avadanlıqla yazılması, bəlkə, bir o qədər də önəm daşımır. Axı, biz qələmlə yazmağa alışıq olsaq da, qələmdən öncə lələk olub, lələkdən öncə bir başqa nəsnə olub... üstəlik, hələ “qələm” şərti adı ilə tanıdığımız əşyanın özü çox fərqli formalarda olub, necə deyərlər, inkişaf yolu keçib. Yaradıcı insanlar yazıdan öncə də olub, əlbət; əlbəttə, onlar öz hiss-həyəcanlarını şifahi olaraq bölüşüb və ağız ədəbiyyatı da belə başlayıb hər halda. Hər halda sözdən də, yazıdan da öncə səs olub – sonra sözlər səslərin, başqa sözlə, müəyyən ahəngə, ritmə malik musiqinin müşayiəti ilə dinləyicilərə çatdırılıb. “Oxu!” əmrindən öncə, “Dinlə!” olub, “Düşün!” olub, “Özün özünü dərk et!” mənəvi buyruğu olub, elə deyilmi? Uzun sözün qısası, yazı icad olub, yazanlar, oxuyanlar təsirli dərəcədə çoxalıb, yazmaq-oxumaq yayğınlaşıb ki, artıq İlahi buyruq da, “Oxu!” şəklində təcalla edib. Ancaq bu, digər mənəvi, ilahi buyruqları sıradan çıxarmayıb.

Beləliklə, bilgisayarların icadı, yazı şəklinin yeni forma və texniki məzmun qazanması da digər yazı şəkillərini tam sıradan çıxarmayacaq. Bax, Səmərqəndi, Buaxaranı ziyarətə gedərkən, əski əlifba ilə yazan, başı qaragül papaqlı xətattalara ödəniş edib, adımızı, yaxud istədiklərimizin adını yazdırmırıqmı? Yəqin, 20-30 il öncəki yazı şəkilləri də bir qədər sonra, sanki ekzotikaya çevriləcək, muzey predtmetinə dönüşəcək; ancaq insanlar ona can atacaq, onu unutmayacaq, ona yeni anlamlar yükləyərək yaşadacaq...

Sualınızdan çox uzağa düşmədən, deyim: doğrudur, son illər, əsasən bilgisayr klaviaturasına barmaq vurur, ağ ekrana qara hərflər düzür, o hərflərin ifadə etdiyi sözləri, o sözlərin şəkilləndirdiyi cümlələri, misraları bəndlərə, ağ şeirlərə, aydın hekayələrə daşıyıram; lakin hər dəfə mənə elə gəlir, tam ürəyim istəyən alınmır, enerji itkisi olur... Sanki qara qələm ağ kağıza enincə enerji itkisi çox daha az olurdu...

Nə bilim... Aşıq Veysəl demiş,

“Uzun, incə bir yoldayız,

Gediyoruz gündüz-gecə”...

 

2) “Ər odur həq yoluna baş oynaya,

    Döşəkdə ölən yigit murdar bolur”. 

(Qazi Bürhanəddin)

 Bəs Əkbər bəy qəhrəmanlığı sözlə necə təsvir edir? Qəhrəmanlığı ilə seçilənlərin hansı keyfiyyətləri onları qorxaqlardan "qırmızı xət”lə ayırır?

 

-Siz Qazi Bürhanəddindən misal gətirdiniz, mən də ATSIZdan misal çəkim. Nə təvafüqlükdür, ruhu şad ATSIZın adını onun haqqın rəhmətinə qovuşmasının 48 ildönümü günündə anmış oluruq... –

“Qəhrəmanlıq nə yalnız bir yüksəliş deməkdir,

Nə də yıldızlar kimi parlayıb, sönməməkdir.

Ölməzliyi düşünmək boşuna bir əməkdir;

Qəhrəmanlıq: saldırıb, bir daha dönməməkdir”. –

 Bax, bu mükəmməl təsvir-təsbit qəhrəmanlığı çox yaxşı açır, mahiyyətini parlaq ifadə edir. Qəhrəmanlıq və qorxaqlığı qarşı-qarşıya qoymaq nə dərəcədə doğrudur, dəqiq bilmirəm; gəlin etiraf edək, qəhrəmanların da özünəxas qorxularının olması çox təbiidir – insanlıq halıdır – örnəyi, anasını, sevgilisini, körpə övladını, nə bilim, borclarını və s. düşünməyi anlayışla qarşılamalıyıq. Həyatdan nakam gedib, gerisində dərdli insanlar buraxacağını düşünmək insana ayıb gətirməz. Ancaq elə bir məqam, elə bir an gəlir, borclardan ən yüksəyi bütün digər borcları üstələyir, dəyərlərdən biri ən önə çıxır və sən özün-özünü ötürsən, qorxularını yenirsən. Bu məqam bizim Dövlət himnimizdə gözəl əks olunub:

“Hüququndan keçən əsgər, hərə bir qəhrəman oldu”!

İnsan bu dünyaya Tanrının verdiyi çox geniş hüquqlarla gəlir: yemək, yatmaq, gülmək, baxmaq, görmək, gül dərmək, qoxlamaq, danışmaq, yerimək, oxumaq, dost-qardaş olmaq, sevmək, sevilmək... və s. kimi... Dövlət Himnimizdə də, o vurğulanır ki, görün Vətən eşqi, torpaqlarını qorumaq hüququ necə böyük hadisədir ki, əsgər Tanrının verdiyi doğal hüquqlardan, bütün o gözəlliklərdən könüllü keçir... Əsgərlikdə, özəlliklə də, öncəbhədə istədiyin hüquqları dövriyyəyə daxil edə bilmirsən, əlbəttə. Elə hüquqlar var, onlar düşmənlə üz-üzə duran əsgərə xeyir yox, ziyan gətirər. Orada bir hüququ düşünürsən – Vətən hüququnu! Bu hüquq Vətənə xidmət görəvini hüquqlaşdırır, qutlayır və yalnız hüququndan keçən əsgər qəhrəman ola bilir!

 

3) “Gəl quş qonan budağıq,

   İlk iz düşən yolağıq;

  Sabahlardan sorağıq,

  Sən mənsən, mən sənəm, gəl”...

(Ə.Qoşalı)

Əkbər bəy, gəlin bir anlıq rəssam olun. Sevgini mücərrəd isim olsa da, konkret ismə çevirib hansı rənglə və nəyə bənzədərək çəkərdiniz?

 

- Bilmirəm, bir anlıq rəssam olmaq mümkündürmü...

Rəhmətlik Mikayıl Müşfiq:

“Rəssam, sevgilimin rəsmini gəl çək,

Sevgilim gözəldir, sən də gözəl çək.

Nazına çatanda fırçadan əl çək,

Qoy, onun nazını mən özüm çəkim”

deyərkən, rəssamlığı anlıq imkan kimi, yoxsa, insan taleyi olaraqmı götürüb, bilmirəm. Əgər fərz eləsək ki, istedadın, yaradıcılıq yetənəyinin mayası eynidir, bir qaynaqdan gəlir, o zaman, bir anlıq rəssamlıq damarımız tutarsa, onu bəlkə ağ-qara çəkərdim... Çün “Ayrılıq da sevdaya daxil... Çünki ayrılmağın da vəhşi bir dadı var” – Atilla İlhan belə yazırdı...

 

4) “Zərrəcə tamahım yoxdur bu dünyanın varına,

Ruzimi verən Xudadır, qula minnət eyləməm”. 

(Nəsimi)

Əkbər bəy, heç olub ki, "tamahına əsir düşənlərə" şair qələminizlə təsir göstərib əsirlikdən azad etmisiniz?

 

-Ah, Əbülfəzqızı, ah! A günü ağ olmuş, tamah əsiri əsirliklərin ən yaramazı, ən buraxmasıdır; siz ordan qələmlə qurtuluş mümkünmü, sanırsız? Doğrusu, mən şeirlərimdə bu mövzunu işləməmişəm.

 

5) “Bu - əl, bu - göz, daha nə?

   Qalan hər şey bəhanə...

   Günəş özü göylərdə,

   Nuru, nuru yerdədi.

  Eşqdi göyə qaldırır,

 Qanada inandır...

 Sevgisizlər inanmır,

 Odu, budu... yerdədi”...

(Ə.Qoşalı)

 Əkbər bəy, ola bilməzmi ki, sevgisizlər dünənin ən güclü aşiqləri olmuş olsun?.. Bəlkə onların sevgisiz yaşayan “ölü” olmalarına səbəbkarlar, sevgi dolu qəlbləri "acımadan donduran buz adamlar"dır...

 

-Bu da ilginc bir təsbitdir – bir gənc yazarımızın qənaəti kimi diqqtəlayiqdir. Məncə, sevda, sevgi, eşq buzlaşa bilməz – o yandırar-yaxar – ya qarşısındakını ya da sahibini... Atəşdən köynək geyinmişlərin könlü buza dönə bilməz deyə düşünürəm. Elə bilirəm, sevgi və ağıl ayrı-ayrı kateqoriyalardır. Sevgisizlik isə həyatdan  nəsibini almamışlara aiddir – həm sevgi, həm ağıl baxımından. Bəlkə də, bu, necə deyərlər, üçüncü haldır. Belə olunca, daha çox, utancaqlıq gəlir ağla – bax, o da, münasibətlər sistemində özünü doğrultmamış, nə qarşıdakına, nə utananın özünə xeyir gətirməmiş bir haldır, davranışdır.

Sevgi konkret bir insana – sevgiliyə qarşı deyilsə belə, yenə sevgi vardır, əlbəttə; əlbəttə, kimsə onu büruzə verər, kimsə büruzə verə bilməz; yaxud hal əhli gərəkdir, onu duysun, onun könlündən keçənləri oxuya bilsin...

 

6) “Sözünü yaxşı bişirgil,

   Yaxşı us ilə düşürgil,

   Yaramazını şaşırgil,

  Canına оlur dağ bir söz”. 

(Xətai)

Əkbər bəy, sözün gücü nə ilə ölçülə bilər?

 

-Şah şair babamız elə həmin o “Bir söz” şeirində gərəyalısında bu suala cavab verib:

“Söz vardır, kəsdirər başı,

Söz vardır, kəsər savaşı, 

Söz vardır ağulu aşı, 

Bal ilən edər yağ bir söz”. – Bax, buradan belə bir sonuca vara bilərik: Sözün gücü onun kəsərində, adamına, zamanına görə və uhulət-suhulətlə deyilməsindədir. – Yəni, necə deyərlər – hər adamın öz sözü, hər sözün öz adamı var; yaxud hər sözün öz zamanı, hər zamanın öz sözü var...  

 

7) Əkbər bəy, olubmu, öz şeirinizi bir müddətdən sonra oxuyarkən "Əhsən sənə, Əkbər Qoşalı" söyləmisiniz?

 

- Əgər bir suala cavab verməmə haqqım varsa, qoy o sual bu sual olsun.

 

8) "Uca dağ", “Xəfif meh", "Yaşıl", "Xəyal", "Əbədi"... – Əkbər bəy, bu sözlərdən istifadə edərək bizlərə poetik tüllü, zərif bir cümlə bəxş etmənizi istəsək, xahişimizi yerinə yetirərsinizmi? Böyük həvəslə o cümləni  gözləyirik.

 

-Olmağına olar, o sözlərdən toxunmuş cümlə olar, hətta bir bənd şeir də olar)... ancaq bu bir qədər texniki həll olacaq yəqin.)

Buyurun:

Uca dağ başına teyləndi xəyal,

Xəfif meh sanaraq ötürdü dağlar...

Yaşıl vadilərdə saralan yarpaq,

“Əbədi can” yoxdur deyibən ağlar...

 

9) “Deyir, söz ölməyir, deyir səs ölmür.

    Bəs öləndən sonra nə üçün gəlmir?

    Gəlməyinə gəlir e,

                                  eşidilməyir,

    yoxsa keçəmməyir kəfəni səslər”?! (Ə.Qoşalı)

Əkbər bəy, qəlbinizdə hansı söz ustadları iz salıb?

 

-Qəlbin, könlün sevgisi var, yaddaşı və ağlı yoxdur. Yaddaş hər halda qəlb hadisəsi, yaxud qəlbin funksiyası deyil. Hərçənd dilimiz belə öyrəşib – “könlümdə qaldı”, “qəlbimdən silə bilmirəm” deyirik.

Yaddaşımda ustadlardan çox söz qalıb.

Zövqümü oxşayan söz yiyələri,

haq söz deyənlər,

millilikdə bəşərilik, bəşərilikdə millik təcalla etdirməyi bacaranlar,

yaxud biləvasitə tanış olduğum, yol yoldaşı olduğum ustadların

sözü – hər biri öz qatında, öz doğmalığında yaddaşıma yazılıb.

 Yəni, söhbət sözdən yox, sözlərdən gedir. O sözlər məqamında, yerində və göyündə özünü haraya yetirir və görürsən, o söz öz dəmində alternativlərin ən yaxşısı kimi çıxış edir... Elə bayaqdan bir neçəsini yad etmişik – Nəsimidən, Qazi Bürhanəddindən, Xətaidən, Aşıq Veysəldən, Müşfiqdən, Əhməd Cavaddan, Atilla İlhandan... Ruhlarına alqış!

 

10) Əkbər bəy, "Qılınc və qələm" eyni gücdədirmi, yoxsa qələm daha güclü?

Bəlkə, qılınc və qələmin gücü vəhdətdə daha güclü?

 

-Sufi təlimindən çıxış etsək, “Vəhdəti-vücud” deyəlim. Asif Atanın belə bir sözü var, “Türk ata minəndə Koroğlulaşırdı, atdan düşəndə Füzuliləşirdi”... Yaxud Asif Atanın başqa sözünü xatırlayaq: “Azərbaycan Türkün beyni və ürəyi, Türkiyə qolu və kürəyi”dir deyirdi. Yenə “vəhdəti-vücud” ifadəsi ilə qarşılaşrıq. Ona görə, sualınızın cavabı özündədir, sizin qənaətiniz doğrudur - qılınc və qələmin gücü vəhdətdədir. Yəqin bu vəhdətin təcallasıydı, Qazi Bürhanəddinin, Xətainin, Sultan Süleymanın qılınc tutan əlləri qələm də tutur, şeir də yazırdı... Yəqin o təcallanın günümüz üçün də keçərli olmasının ifadəsidir, şair Nizami Aydını şəhid şairimiz olaraq anırıq... Neçə şəhidimizin əlyazmasını tutiyə bilirik... Torpağımızı bütövləşdirən, bizləri “vəhdəti-vücud”a qovuşduranların ruhu şad olsun!

 

-Dəyərli şairimiz, qəlbinin sadəliyi ilə hər kəs tərəfindən sevilən Əkbər bəy,  gərgin iş rejiminiz, vaxt məhdudiyyətiniz olsa da, bizlərə ömrünüzdən  pay ayırdığınız üçün Sizə təşəkkür edirik və ənənəvi sualımız- ən çox hansı sualımızı bəyəndiniz?

 

-Günün ağ olsun, Əbülfəzqızı! Hər biri gözəldi. İlla ən gözəli deyibən birini seçiriksə, qoy elə əlyetərdəki 10-cu sual olsun...

 

“Ədəbiyyat və incəsənət”

(15.12.2023)

Heyran Zöhrabova, "Ədəbiyyat və incəsənət" 

 

Yavaş-yavaş sevdim səni,

Hər gün bir az da sevdim.

Ən çox bu qış sevdim səni,

Qarda, ayazda sevdim. 

 

Gör bir nə tez isinişdik

Havalar soyuyanda,

Adamlar qalın geyinib,

Ağaclar soyunanda 

 

Qar altından baş qaldıran

Çiçəktək sevdim səni,

İstisinə qızındığım

Ocaqtək sevdim səni. 

 

Hələ bu cür sevməmişdim

Ömrüm boyu heç kimi.

Səni sevdim qar üstündə

Yem axtaran quş kimi. 

 

Qorxa-qorxa bu sübh çağı

Nə baxırsan göyə sən?

Deyirsən ki, günəş çıxıb,

Qar əriyir deyəsən... 

 

Bu gün uşaqdan-böyüyə hamının sevimlisi olan, şeirləriylə poeziya sevərlərin könlündə taxt qurmuş, çağdaş Azərbaycan poeziyasının, Azərbaycan şeirinin canlı əfsanəsi, xalq şairi Ramiz Rövşənin doğum günüdür. “Ədəbiyyat və incəsənət” portalı olaraq şairi doğum günü münasibəti ilə təbrik edir, ona can sağlığı və yaradıcılığında yeni-yeni uğurlar arzu edirik. Və yeni yaşında sevimli şairdən bol-bol şeir payı, ədəbiyyatımıza yeni-yeni töhfələr gözləyirik. 

 

Ramiz Məmmədəli oğlu Rövşən 1946-cı il dekabrın 15-də Bakının Əmircan kəndində anadan olub. Əslən isə Qubadlı rayonunun Teymur Müskanlı kəndindəndir. 

Şair ilk təhsilini Suraxanı rayonundakı 208 N-li şəhər orta məktəbində alıb. 

Daha sonra təhsilini 1964–1969-cu illərdə Azərbaycan Dövlət Universitetinin  Filologiya fakültəsində, 1976–1978-cu illərdə Moskva Ali Ssenari Kurslarında davam etdirib.

1971-ci ildə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında,  "Mozalan" satirik kinojurnal studiyasında redaktor, 1974–1975-ci illərdə kinostudiyanın ssenari emalatxanasında ssenarist, 1979–1987-ci illərdə ssenari redaksiya heyətinin üzvü,  1987–1992-ci illərəd kinostudiyanın baş redaktoru,  1992–2020-ci illərdə Azərbaycan Tərcümə Mərkəzinin baş redaktoru vəzifələrində  çalışıb. 

"Bir yağışlı nəğmə", "Göy üzü daş saxlamaz", "Kəpənək qanadları", "Hamı oğul böyütmüşdü", "Sevgi açarı", "Nəfəs - kitablar kitabı", “Sevgi məktubu" kimi şeir kitablarının müəllifidir.

Ramiz Rövşənin ssenariləri əsasında çoxlu sayda bədii və sənədli film çəkilib. Şeir və hekayələri tərcümə edilərək bir sıra keçmiş  SSRİ  respublikalarında, eləcə də ABŞ-da, Almaniyada, Böyük Britaniyada,  Fransada, Polşada, Bolqarıstanda, Türkiyədə və İranda çap olunub.

Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin və Dünya Poeziya Hərəkatı (WPM) Koordinasiya Şurasının üzvüdür.

2013-cü ildə "Türk Dünyası Bilim, Kültür ve Sanat Ödülü"nə layiq görülüb. 

Gəlin birlikdə şairin ən unudulmaz, ən ölməz misralarına kiçik bir səyahət edək. 

 

Kölgə 

 

Sənin kölgən düşür burda hər şeyə;

Bu evə-eşiyə,

          yorğan-döşəyə,

Körpəm mışıl-mışıl yatan beşiyə

          Sənin kölgən düşür gecəbəgündüz.

Kölgən düşür

          qadınımın üzünə,

Gizlədir üzünün eyiblərini... 

 

...Ağac kölgəsinə,

          daş kölgəsinə,

Maşın kölgəsinə, quş kölgəsinə

          ilişir, dolaşır, qarışır kölgən.

Bütün kölgələri çəkib canına 

         Təzədən canıma daraşır kölgən. 

 

Görəsən, bir azca səni unudub

          birtəhər başımı qatarammı heç?

Görəsən, kölgənin ucundan tutub

         gəlsəm, gəlsəm sənə çatarammı heç? 

 

Bəlkə ən dözümlü kölgədi kölgən,

         qırılan, cırılan, sökülən deyil.

Tanrı kölgəsidi, bəlkə də, kölgən,

         ölüncə üstümdən çəkilən deyil.

Gecələr kölgənlə üstümü örtüb

         yuxlaya biləydim bu dünyada kaş.

Kölgənə üzümü-gözümü sürtüb

         ağlaya biləydim bu dünyada kaş. 

 

Ağlaya bilmirəm...

         yağır yağış-qar,

Çöldə kölgən qalır yağış-qar altda.

Keçir kölgən üstən 

        ağır maşınlar,

Kölgən tapdalanır

        ayaqlar altda. 

 

Kölgən dirsəklənib daşa-torpağa

       dikəlmək istəyir,qalxmaq istəyir.

Dayanıb mənimlə qabaq-qabağa

       gözümün içinə baxmaq istəyir. 

 

Tez-tez bu şəhərdə aldanır gözüm,

        sən donda görükür gözümə qızlar.

Bəlkə parça-parça doğrayıb-kəsib

        kölgəndən don tikib özünə qızlar. 

 

Kölgənə nə qədər əllər uzanır,

      o küncə-bu küncə qısılır kölgən.

Aylar ötüb keçir, illər uzanır,

      günbəgün gödəlir, qısalır kölgən.

Kölgən qısaldıqca

     uzaqlaşırsan,

Bəlkə də hardasa çılpaqlaşırsan... 

 

Beləcə sən məndən, mən səndən uzaq

    ölüncə yaşarıq tək-tək 

          dünyada.

Hələ bircə qarış kölgən qalıbsa,

          mən qərib deyiləm, demək, dünyada. 

 

Bir gün sən hardasa dil-dil ötəndə

        son sözüm kölgənə yazılar sənin

Kaş ki, vaxt bitəndə əcəl yetəndə

       qəbrimi kölgəndə qazalar sənin

 

 

Tək adam 

 

Gəzər küçələri gəzər tinləri,

Səhərdən axşama təkdi bu adam.

Fil çəkə bilməzdi o çəkənləri, 

İlahi, gör nələr çəkdi bu adam!... 

 

Ürəyi sızladı dost yarasından,

Xəbəri olmadı öz yarasından,

Uçulan evinin xarabasında

Özgəyə təzə ev tikdi bu adam! 

 

Bu gün o adamı gördüm güzgüdə,

Yox-yox, mən deyiləm, yox-yox, özgədi!...

İlahi, gör məni necə gizlədib,

Elə güzgüdə də təkdi bu adam!...

 

 

Ayrılıq 

 

Yenə bu şəhərdə üz-üzə gəldik, 

Neyləyək, ayrıca şəhərimiz yox.

Bəlkə də, biz xoşbəxt ola bilərdik,

Bəlkə də, xoşbəxtik, 

          xəbərimiz yox. 

 

Aradan nə qədər il keçib görən, -

Tanıya bilmədim, 

          məni bağışla.

Mən elə bilirdim, sənsiz ölərəm,

Mən sənsiz ölmədim, 

          məni bağışla! 

 

“Ölmədim” deyirəm, 

          nə bilim axı, -

Bəlkə də, mən sənsiz ölmüşəm elə,

Qəbirsiz-kəfənsiz 

          ölmüşəm elə.

Bəlkə də, biz onda ayrılmasaydıq,

Nə mən indikiydim, 

          nə sən indiki, -

Ayrıldıq, şeytanı güldürdük onda;

Bu ilin, 

     bu ayın, 

          bu günündəki,

Elə bu küçənin bu tinindəki

     məni də, səni də öldürdük onda. 

 

...Sağımız-solumuz adamla dolu, 

Qol-qola kişilər, qadınlar keçir,

Özündən xəbərsiz 

           ömründə min yol

Özünü öldürən adamlar keçir. 

 

Keçir öz qanına batan adamlar,

Bir də ki, qan hanı?

           Qan axı yoxdu...

Hamı günahkardı dünyada, 

          amma

Dünyada heç kəsin günahı yoxdu. 

 

Bizsiz yazılmışdı bu tale, bu baxt,

Sapanddan atılan bir cüt daşıq biz, 

Bəlkə bu dünyada 

         on-on beş il yox,

Min il bundan qabaq ayrılmışıq biz. 

 

Halal yolumuzu dəyişib,

          nəsə

Çaşmışıq, bir özgə yoldan getmişik.

Bəlkə min il qabaq səhv düşüb nəsə,

Minillik bir səhvə 

          qurban getmişik. 

 

Dəyişib yerini bəlkə qış-bahar,

Qarışıb dünyanın şəhəri, kəndi.

Bəlkə öz bətnində

          ögey analar

Ögey balaları gəzdirir indi. 

 

Ömrüm başdan-başa yalandı bəlkə,

Taleyim başqaymış doğrudan elə.

O yoldan ötən qız

          anamdı bəlkə 

Bəlkə də oğlumdu bu oğlan elə. 

 

Bu yalan ömrümdə 

          görən sən nəsən?

Bəlkə heç sevgilim deyilsən mənim.

Anamsan

     bacımsan 

          nənəmsən 

                 nəsən?!..

Bircə Allah bilir, nəyimsən mənim. 

 

Bizi kim addadar bu ayrılıqdan,

Çatmaz dadımıza

           nə yol, nə körpü.

Ölüsən,

     dirisən,

          hər nəsən,

               dayan!

Dayan, heç olmasa əlindən öpüm... 

 

Deyirsən: "Ölüyəm, ölünü öpmə..."

Əlimin içində

           soyuyur əlin.

Deyirsən: "Sən Allah, əlimi öpmə,

           əlimdən, deyəsən, qan iyi gəlir.. 

 

Köhnə məktublar 

 

Xəbər gələr daha ömrün qışından, 

Soyuyarsan - 

          saçlarına qar düşər. 

Ancaq köhnə kitabların içindən 

Hərdən-hərdən 

          köhnə məktublar düşər. 

 

Əyilərsən, götürərsən gizlicə, 

          boylanarsan - 

               arvad-uşaq görməsin. 

Çəkilərsən otağın bir küncünə, 

          gizli-gizli oxuyarsan hər sözü. 

 

Bu nə sevgi məktubudu, ilahi, 

          indiyəcən ağrıyır hər sözü də. 

Yazan qızın nəydi adı, ilahi, 

          Yaddan çıxıb sifəti də, üzü də. 

 

Oxuduqca lal sətirlər səslənər, 

Yavaş-yavaş səsi düşər yadına. 

Bir hərfdən - qaşı düşər yadına, 

Bir hərfdən - gözü düşər yadına. 

 

O gözlərdən yadigartək varaqda 

Göz yaşının ləkəsini görərsən. 

Birdən donu xışıldayar otaqda, 

Pəncərədə kölgəsini görərsən. 

 

Diksinərsən, boylanarsan qapıya; 

          "O kölgəni arvad-uşaq gördümü?!"

Tez məktubu atarsan külqabıya, 

          yandırarsan hər sözünü, sətrini. 

 

Sözlər yanar - kağızı da yandırar, 

Sözlər yanar - o qızı da yandırar. 

Sözlər qaçar o alovun içindən, 

Sən baxdıqca - 

          basar səni soyuq tər. 

Sıra-sıra qara qarışqalartək 

Qaçıb gedər qara-qara hərflər. 

 

Təkcə o qız qaça bilməz bu oddan. 

Bir quş olub uça bilməz bu oddan. 

O qız yanar o alovun içində, 

Göyə qalxar o alovun dilləri. 

O alovun dillərinə sarmaşıb 

Yanar, yanar uzun-uzun telləri. 

Yanar bir vaxt saçlarını oxşayan 

Uzun-uzun barmaqları, əlləri. 

 

O qız yanar - 

         ərşə çıxar tüstüsü, 

Kağız yanar - 

         külqabıda küllənər. 

Qəfil birdən 

         külqabının içindən 

Yerə düşüb bir üzük diyirlənər. 

 

Lap özünü itirərsən - baxarsan, 

O üzüyü götürərsən - baxarsan; 

Bu üzüyü axı harda görmüsən? 

Bu üzüyü görməmisən bəlkə heç. 

Sən o qıza haçan üzük vermisən? 

Ona üzük verməmisən bəlkə heç. 

 

Arvadın da qəfil girər qapıdan: 

- Əlindəki nədi? - deyər. 

         - Üzükdü. 

- O üzüyü nə yaxşı ki, tapmısan, 

         neçə vaxtdı, itirmişdim, gəzirdim. 

 

Sonra gələr, səndən alar üzüyü: 

         - Bunun rəngi niyə belə qaralıb? 

Barmağına güclə salar üzüyü: 

         - Elə bil ki, bir balaca daralıb. 

 

Külqabıdan tüstü qalxar hələ də, 

         o məktubun külü hələ işarar. 

Maddım-maddım durub baxar arvadın, 

        o tüstüdən bir cüt gözü yaşarar. 

 

- Heç olmasa pəncərəni aç, - deyər, - 

        burda necə oturmusan sən, necə?! 

Bu nə yanıq qoxusudu, ilahi, 

        elə bil ki, adam yanıb indicə... 

 

Kino

 

Mənə də yer verin... ən son sırada...

Mən də bu kinonu görüm, nə olar.

Görüm, nəyə gülür bu qədər adam?

Mən də hamı kimi gülüm, nə olar.

Hava da soyuqdu... kefim də yoxdu...

Canım qoy bu zalda qızınsın bir az.

Kino da köhnədi... lent də qırıqdı...

Qırıla-qırıla uzansın bir az.

Bir küncdə səssizcə oturub baxım,

Baxdıqca açılsın qoy qaşqabağım.

İlahi, bu kino necə tanışdı,

Bu filmi deyəsən görmüşəm axı.

Ekranda görünən sifətlər tanış,

Öpüşlər, gülüşlər, söhbətlər tanış.

O kimdi? Ekiztək mənə oxşayan?

Mən onun özüyəm? Ya qardaşıyam?

Bu kinoya necə çəkiblər məni?

Deyəsən, gizlicə çəkiblər məni.

Yox, tək mən deyiləm... demə bu zalda

Hamı mən gündəymiş, hamı mən halda.

Hamı otursa da burda yan-yana,

Hər kəs öz filminə baxırmış demə.

Hər kəs bu ekranda öz həyatına,

Hər kəs öz ömrünə baxırmış demə.

Mənsə, baxa-baxa yatdım, yuxladım,

Heyif, öz filmimi görmədim... heyif!

Filmin ortasından xəbər tutmadım,

Axırı nə oldu? Bilmədim... heyif!..

 

“Ədəbiyyat və incəsənət”

(15.12.2023)

Cümə, 15 Dekabr 2023 10:45

Sonuncu dərviş

Heyran Zöhrabova, "Ədəbiyyat və incəsənət" 

 

"Məni pal-paltar maraqlandırmır. Məndən sonra deməyəcəklər ki, nə yeyib, nə geyib. Deyəcəklər ki, nə yaradıb..." 

 

Bu gün mavi rəngi gözlərində, buğdayı rəngi simasında, geriyə qalan bütün rəngləri fırçasında, özünəməxsusluğun rəngini saçlarında, inadkarlığın, səxavətin, sadəliyin, şöhrətpərəstlikdən uzaqlığın rənglərini isə ruhunda daşıyan, ömrünü torpağının, el-obasının təbiətinin təsvir və tərənnümünə həsr etmiş, hələ sağlığında dövrünün yaşayan əfsanəsi, aramızda gəzən dahi, sonuncu dərviş adlandırılan, Azərbaycan təsviri sənətində öz üslubunu, öz dəsti-xəttini yaratmış xalq rəssamı, mənzərə janrına fəlsəfi mənzərəni gətirən, Azərbaycan ekspressionizminin banisi  Səttar Bəhlulzadənin doğum günüdür. 

 

Səttar Bəhlulzadə 1909-cu il 15 dekabrda Əmircanda əkinçi Bəhlul kişi ilə həyat yoldaşı Hökumə xanımın ailəsində dünyaya gəlmişdir.

Uşaqlıqda riyaziyyat fənnini çox yaxşı bilir və hətta qonşuluqda yoldaşları arasında bu fəndən çətinlik çəkənlərə kömək edirmiş. Bu səbəbdən hamı onun gələcəkdə riyaziyyatçı olacağını düşünürmüş. Amma Səttar isə rənglərin riyaziyyatçısı oldu.

O, qara rəngi sevməz, nə əsərlərində, nə də öz dünyasında qaraya yer verməzdi. Hətta qara rəngli geyimlərdən də imtina etmişdi. 

Lakin təbiətcə sadə olduğu qədər həm də mürəkkəb və inadkar biri olmuşdur.

Səttar Bəhlulzadə Füzuliyə vurğunluğu ilə də çox seçilirdi. Onun yaradıcılığında Məhəmməd Füzuli böyük yer tuturdu.

O, rəngkarlıq, əsasən də qrafik işlərində çoxlu sayda Leylinin, Məcnunun və Füzulinin obrazlarını yaratmışdır. 

O, bəzən həmin əsərlərinin altında  Füzulinin qəzəllərini də qeyd edirmiş.

"Mən portretçi olsaydım Füzulinin nəinki hər qəzəlinin, hər beytinin portretini çəkərdim" -, söyləyirmiş.

Səttar Bəhlulzadə 1927-ci ildə Azərbaycan dövlət rəssamlıq texnikumuna daxil olur və hələ tələbə ikən həmin dövrlərdə əsas mətbu orqanı olmuş “Kommunist” qəzetinin baş rəssamı Əzim Əzimzadənin dəvəti ilə 1931-1933-cü illərdə qəzetdə karikaturaçı rəssam kimi çalışır.

Səttar Bəhlulzadənin qrafika sənətindəki bacarığını görən Əzim Əzimzadə onun bu sahədə ali təhsil almasını istəyir. 

Və beləliklə Səttar Bəhlulzadə 1933-cü ildə ali təhsil almaq məqsədi ilə Moskvaya yollanır.

V.İ.Surikov adına rəssamlıq institunun qrafika fakultəsinə daxil olur.

Krımda keçirilən yay təcrübəsi zamanı Səttarın uğurlu rəngkarlıq etüdlərini görən məşhur rəssam Q.M.Şeqal ona rəngkarlıq fakultasınə keçməyi təklif edir. Səttar da tərəddüd etmədən bu təklifə razılıq verir. Beləliklə Səttar Bəhlulzadə 3-cü kursdan başlıyaraq Şeqalın rəhbərlik etdiyi emalatxanada təhsilini davam etdirir.  Realist sənət ənənələrini dərindən öyrənir.

Moskvada diplom işi üçün Babək mövzusunu seçmiş və başqalarından fərqlənərək diplom işi olaraq bir yox, iki əsər - "Babək üsyanı" və "Bəzz qalasının müdafiəsi" tablolarını işləmişdir. Lakin İkinci dünya müharibəsinin başlaması ona diplomunu müdafiə etməyə imkan verməmişdir.  Müharibədən sonra hələ də diplomsuz qalan rəssama dəfələrlə Moskvaya gəlib diplom işini müdafiə etmək təklif olunsa da, o, buna etiraz edib və "Məgər diplomsuz rəssam olmaz?"-, söyləyir.

Yaradıcılığının ilk illərində tarixi mövzulara müraciət etsə də Səttar Bəhlulzadə sonralar özünü mənzərə janrında tapır.

"Mən ilham və natura ardınca Qogen kimi baş götürüb Taiti adasına getmirəm və bunu başqalarına da məsləhət görməzdim. Çünki doğma xalqın həyatı, Vətən torpağı əsl ilham mənbəyidir" söyləyən rəssam Azərbaycanı qarış-qarış gəzərək gördüyü gözəl mənzərələri rəsm etməklə yanaşı, həm də maraqlı yarpaqlar, çiçəklər, daşlar toplayıb onları öz emalatxanasının ən gözəl guşələrinə qoyurdu. 

"Mən Azərbaycan təbiətini tanınmaq üçün deyil, tanıtmaq üçün çəkirəm" söyləyirdi. 

Rəsm çəkərkən Bax və Bethovein musiqilərini dinləyməyi, həmçinin Asəf Zeynallının “Ölkəm” əsərinə qulaq asmağı və zümzümə etməyi çox sevirdi. 

Heç vaxt maddiyyat düşünməyən, daim şan-şöhrətdən, tərifdən qaçan rəssam ona verilən evi Tahir Salahova, əsərlərinə görə ona verilən qonorarı isə uşaq evinə bağışlamışdı.

O, sadəcə əsərlərinə görə ona ödənilən qonorarı deyil, öz əsərlərini də ürəyinə yatan ən sadə, ən kasıb insanlara təmənnasız bağışlayır və "Mənim əsərlərim əllərdə gəzdikcə, evləri bəzədikcə sənət ömrü yaşayacaq, onu qoruyacaqlar” söyləyərdi.

Bəlkə də bu gün Azərbaycanın neçə ucqar kəndində neçə evin solğun daş divarlarıını Səttar Bəhlulzadənin ölməz rəngarəng  əsərləri bəzəyir.

Əfsanəvi neft daşlarına gedən ilk rəssamlardan biri də məhz Səttar Bəhlulzadə olmuş və bu səfərləri zamanı "Xəzər gözəli", "Xəzərdə axşam", "Neft daşları", "Dəniz mədənləri", "Dənizdə buruqlar" adlı əsərlərini yaratmışdır. 

Səttar Bəhlulzadə 1960-cı ildə əməkdar, 1963-cü ildə  xalq rəssamı fəxri adına layiq görülüb. 

1972-ci ildə isə o, dövlət mükafatına laiq görülüb.

Səttar Bəhlulzadə tələbəlik illərindən başlayaraq fasilələrlə ta ömrünün sonuna qədər gündəlik yazıb. Gündəliklərinin bir hissəsi Moskvada qaldığı yataqxanada baş verən yanğında məhv olduğu üçün o, yadında qalanları "Yadımda qalanlar" başlığı ilə yenidən qələmə alıb.

Gündəliklərində rəssam həm də öz əsərləri haqqında fikirlərini, bəzi əsərlərinin rəng, mövzu, kompozisiya baxımından təhlillərini verib. Onun gündəliklərinin səhifələrində bir çox əsərlərinin istər rəngkarlıq, istərsə də qrafik əsərlərinin rəngli qələm və flamastrlərlə çəkilmiş eskizlərinə də rast gəlinir. 

O, həmçinin gündəliklərinin bəzən ilk, bəzən də son səhifələrində həmişə qırmızı qələmlə  Qız qalasının rəsmini çəkirdi.

Bu səbəbdən Səttar Bəhlulzadənin gündəlikləri də onun yaradıcılığının bir hissəsi hesab olunur. O, gündəliklərinin əksəriyyətini Azərbaycan dilində ərəb əlifbası ilə, bir qismini isə kiril əlifbası ilə yazıb.

Rəssam 1955-1957-ci illərdə Qarabağ mövzusunda bir çox əsərlər yaradıb ki, bu əsərlər arasında "Yuxarı Daşaltı", "Çıldır düzü" və "Şuşa ətrafında" əsərləri xüsusi ilə seçilir. 

60-cı illərin əvvəllərində Moskvada təşkil olunan ümumittifaq sərgisində onun "Xəzər gözəli" əsərini görən Qazaxıstan mədəniyyət nazirliyinin əməkdaşları müəllifin ardınca Bakıya gəlirlər. Onlar rəssamla görüşüb "Xəzər gözəli" əsərini Qazaxıstan dövlət rəsm qalereyası üçün almaq istədiklərini bildirirlər. Səttar Bəhlulzadə isə əsərin artıq Azərbaycan dövlət incəsənət muzeyi üçün alındığını bildirir. Cavabdan məyus olan qonaqlar maraq xatirinə rəssamdan əsərin neçəyə alındığını öyrənməyə çalışırlar, lakin Səttar bunu gizli saxlamağa çalışır. Qonaqlar əsərin geri alınmasının mümkünlüyünü dilə gətirərək ona 25000 rubl verməyə hazır olduqlarını bildiriblər. Buna rəğmən rəssamdan razılıq ala bilməyən qonaqlar heçolmasa əsərin neçəyə alındığını söyləməyi xaiş edirlər. Və Səttar Bəhluızadənin 600 rubl cavabını eşidib çox təəccüblənirlər. 

Qazaxıstanlı qonaqlar ən sonda Səttardan ən azından əsəri təkrar etməyi xahiş ediblər. Səttar Bəhlulzadə isə "Təkrarçılıqla məşğul olmuram” söyləyib. 

Rəssamın xüsusi ilə seçilən ən məşhur əsərlərindən biri də 1965-ci ildə yaratdığı "Kəpəzin göz yaşları" əsəridir.  Bu əsər bu gün Azərbaycan milli incəsənət muzeyində sərgilənir. 

Bir gün Çexoslavakiyadan gəlmiş bir qrup sənətşunası Səttar Bəhlulzadənin emalatxanasına aparmağı qərara alırlar.

Çex sənətşunaslar emalatxanaya gəlib rəsmləri incələyərkən təsadüfən onların gözləri rəssamın qrafik əsərlərinə sataşır. Bu əsərləri çox bəyənən sənətşunaslar Praqada Səttar Bəhlulzadənin sərgisini təşkil edəcəklərini söyləyirlər. 

Və beləliklə 1966-cı ilin oktyabrında Səttar Bəhlulzadənin Praqada qrafik əsərlərindən ibarət sərgisi keçirilir.

O, Avropada fərdi sərgisi keçirilən ilk Azərbaycan rəssamı olur. 

Və bu sərgi elə bir rezonans doğurur ki, onun müddəti iki aya qədər uzadılır. 

1973-cü ilin avqustunda Səttar Bəhlulzadəni Sabunçuda yerləşən xəstəxananın yoluxucu xəstəliklər şöbəsinə yerləşdirib yanlış sarılıq diaqnozu qoyurlar.

Onun xəstəliyindən gec xəbər tutan dostları və qohumları hər gün onun yanına çiçək və meyvə aparırlar. 39 dərəcə qızdırması olmasına baxmayaraq o, həmin çiçəklərin və meyvələrin şəkillərini çəkərək otağın divarlarına yapışdırır.

Onun müalicəsini Moskvada davam etdirmək barədə göstəriş verilmişdi, lakin, onu müalicə edən həkimə onu Bakıda ləngitməyi, Moskvaya getməyə qoymamağı tapşırırlar.

Onun həkimi Mehdi Quliyev isə onu tapşırılan bu işi Səttara və onun yaxın dostlarına açaraq, onu təcili olaraq Moskvaya aparmalarını söyləyir. 

Həmin vaxt Səttar Bəhlulzadənin Moskvada sərgisi açılıbmış. 

Öz sərgisində ürəkdən iştirak etmək istəyən rəssam dostlarına "Oğlum yox, qızım yox evləndirib toylarını edəm. Özümün də toyum olmayıb, evlənməmişəm. Altmış dörd yaşım var. Ömrümdə ilk dəfə Moskvada fərdi sərgim açılıb, lakin rəsmi adamlar, həkimlər icazə vermirlər ki, gedib öz toyumu-sərgimi görüm. Bilmirəm, neyləyim?.. "-, söyləyir

Onun bu sözlərindən təsirlənən dostları ölümlə çarpışan Səttarı Moskvaya göndərməyə müvəffəq olurlar. 

Amma Səttar Bəhlulzadə Moskvada əməliyyat olur və sərgisinin açılışına gedə bilmir. Arif Məlikov sərgidən fotolar çəkib albom formasında rəssama hədiyyə edir.

Səttar Bəhlulzadə əməlliyyatdan sonra 1 il yaşayır. Həkimlər ona vaxtını istirahətə sərf etməsini söyləyirlər, amma o isə demək olar ki, günün yarısını rəsm çəkməklə məşğul olur. 

Novruz bayramının qadağan olunduğu bir dövrdə 1974-cü ildə o xonça əsərini çəkmişdi. Səttar Bəhlulzadənin inadkarlığı bəzən onun Sovet ideologiyasına qarşı etiraz səsi idi.

Gündəliyində: “1974-cü ilin avqust ayında yenidən vəziyyətim pisləşdi. Bacım gözümdə sarılıq gördü. Deyəsən şoğərib xəstəliyim qayıdır. Bu xəstəlik aman versin, görün mən nələr yaradacam. Fikrimdə böyük işlər var” yazan böyük rəssam 1974-cü il oktyabr ayının 13-də 65 yaşında Moskvada dünyasını dəyişmişdir. Fəxri xiyabanda dəfn edilməsinə icazə verilməyən rəssam öz vəsiyyətinə əsasən Əmircanda,  anası Hökumə xanımın yanında dəfn olunur.

Onun əsərlərinin dəqiq sayı bilinmir, bu gün dünyanın müxtəlif ölkələrində, nüfuzlu muzey və şəxsi kolleksiyalarda onun əsərləri saxlanılır. 

Azərbaycanda və keçmiş SSRİ məkanındakı muzeylərdə onun 200-ə yaxın rəngkarlıq, 30-a yaxın qrafik əsəri var. 

Son araşdırmalar nəticəsində rəssamın  600-ə qədər müxtəlif ölçülü tablo, 200-ə qədər qrafika nümunəsi yaratdığı müəyyən edilib. 

Xarakterində sadəliklə, mürəkkəbliyin həm vəhdət, həm də təzad təşkil etdiyi kimi, əsərlərindəki rəngarəngliklə zahiri görünüşü və həyat tərzi də təzad təşkil edirdi. 

Şair Xeyrulla Camal Səttar Bəhlulzadə haqqında  danışarkən "Tanrı Səttar Bəhlulzadənin bütün gözəlliklərini içinə yığmışdı, çölünə heç nə saxlamamışdı"-, söyləmişdir.

Üst-başına, geyim-keçiminə fikir vermədiyinə, nimdaş geyiminə görə çox zaman Səttar Bəhlulzadəni dilənçi sanırmışlar. Hətta dəfələrlə bu səbəbdən ona pul verirlərmiş.

Bir dəfə elektrik qatarı ilə Əmircana gedərkən hava isti olduğundan beretini yanına, oturacağın üstünə atır. Uzun yolda onu yuxu aparır. Sənətkar ayılanda görür ki, beretin içərisinə xeyli xırda pul atıblar. Görkəminə görə Səttar Bəhlulzadəni dilənçiyə oxşadıblarmış.

Heç vaxt ailə həyatı qurmayan rəssan deyilənlərə görə gəncliyində həmkarı, xalq rəssamı Maral Rəhmanzadəni çox sevib, lakin Maral xanım həmişə onu yalnız bir dost kimi görüb. 

Onun haqqında "Bu Səttar Bəhlulzadədir", "3 hekayə", "Sonuncu dərviş" filmləri ekranlaşdırılıb.

2009-cu ildə rəssamın 100 illiyi UNESCO səviyyəsində dünya miqyasında qeyd edilib.

Səttar Bəhlulzadə həmçinin UNESCO səviyyəsində yubleyi qeyd olunan ilk Azərbaycanlı rəssam olub.

 

“Ədəbiyyat və incəsənət”

(15.12.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.