ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

 

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa “Bərgüşad” qəzetinin Baş redaktoru, S.Rəhimov adına Qubadlı rayon Ədəbi İctimai Birliyinin sədri Qafqaz Əvəzoğluna təbrik məktubu ünvanlayıb. Ədibin 70 illik yubileyi ilə bağlı yazılan məktubda, onun həyat və fəaliyyətinin ən önəmli məqamlarına vurğu edilib.

“Ədəbiyyat və incəsənət” portalı məktubun mətnini təqdim edir: 

 

"Hörmətli Qafqaz müəllim,

 

Sizi 70 illik yubileyinizlə bağlı təbrik edir, möhkəm cansağlığı, yeni uğurlar diləyirəm!

Çox şadam ki, bu ilki yubileyinizi doğma Qubadlının işğaldan qurtuluşu və o torpaqlarda quruculuq, abadlıq işlərinin yüksək vüsətlə davam etməsinin sevinci, qüruru içində keçirirsiniz.

Siz Süleyman Rəhimov adına Qubadlı rayon Ədəbi İctimai Birliyinin sədri, Azərbaycan Jurnalistlər Birliyinin Şərqi Zəngəzur Regional Təşkilatının sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Bərgüşad” ictimai-siyasi qəzetinin Baş redaktoru, “Sözün Sehri” qəzetinin təsisçisi, bir neçə kitab müəllifi olaraq, çoxşaxəli ictimai və yaradıcı fəaliyyətinizlə seçilirsiniz. Ayrıca, I Qarabağ müharibəsi dönəmində, necə deyərlər, qələmi silaha dəyişərək, torpaqlarımızın müdafiəsi – ərazi bütövlüyümüz, suverenliyimiz uğrunda savaşa qatılmısınız.

Siz gənc yazarlara davamlı diqqət-qayğınızla da fərqlənirsiniz. Özəlliklə, bölgələrimizdən olan gənc yazarların yaradıcılıq örnəklərini qayğıkeşliklə dərc edirsiniz.

Sizi 70 illik yubileyiniz, ictimai və yaradıcılıq uğurlarınızla bağlı Mədəniyyət Komitəsi adından bir daha təbrik edir, ən xoş diləklərimizi yetirirəm"!

 

“Ədəbiyyat və incəsənət”

(03.04.2024)

 

Heydər Əliyev Sarayında Azərbaycanda Belarus Respublikası Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib. 

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən  xəbər verir ki, tədbirdə hər iki ölkənin mədəniyyət xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Açılışda çıxış edən Azərbaycanın mədəniyyət naziri Adil Kərimli qeyd edib ki, Belarus nümayəndə heyəti Bakı tamaşaçılarına geniş proqram təqdim edəcək.

 

“Bu hadisə ölkələrimiz arasında dostluğun və mədəni mübadilənin gözəl sübutudur. Bu gün buraya toplaşmağımız sadəcə rəmzi məna daşımır. Bu, ölkələrimiz arasında münasibətlərin qurulmasında əsas rol oynamış və böyük əməyi sayəsində güclü ənənəvi əməkdaşlıq və qarşılıqlı dəstək əlaqələri inkişaf etmiş Ulu Öndərə dərin hörmətin təzahürüdür. Son zamanlar iki ölkə arasında mədəni əlaqələrin inkişafı üçün əhəmiyyətli qərarlar qəbul edilib. Buna Azərbaycan və Belarus prezidentlərinin müntəzəm səfərləri zamanı aparılan müzakirələr rəvac verib. Mədəni əməkdaşlığın inkişafı üçün bizim böyük potensialımız var”, - deyə nazir bildirib.

 

Onun sözlərinə görə, mədəniyyət günlərinin və digər birgə layihələrin keçirilməsi böyük əhəmiyyət kəsb edir, çünki onlar iki xalqın Belarusun və Azərbaycanın mədəni irsi ilə daha dərindən tanış olmasına imkan yaradır.

 

Açılış mərasimində Belarus mədəniyyət naziri Anatoli Markeviç də çıxış edib. O qeyd edib ki, Belarus-Azərbaycan mədəni əməkdaşlığı dərin ənənələrə əsaslanır və gələcək hədəflərə istiqamətlənib.

 

“Biz əldə edilmiş uğurları yüksək qiymətləndiririk, lakin yaxşı başa düşürük ki, qarşıda bizi hələ çox böyük yol gözləyir və bu yol çox mühüm və genişmiqyaslı birgə mədəni layihələrin həyata keçirilməsinə gətirib çıxaracaq. Mədəniyyət sahəsinin xalqlarımız arasında dostluğun möhkəmlənməsinə belə ciddi təsir göstərməsi təqdirəlayiq haldır”, - deyən nazir əlavə edib ki, bunun daha bir sübutu məşhur azərbaycanlı müğənni və bəstəkar Polad Bülbüloğlunun “Vitebskdəki Slavyan bazarı” Ulduzlar Xiyabanında ulduzunun həkk olunmasıdır.

 

Anatoli Markeviç bildirib ki, Belarusda istedadlı və parlaq Azərbaycan sənətkarlarını ölkənin bütün səhnələrində görmək həmişə xoşdur. Nazirin sözlərinə görə, Azərbaycanda Belarus Mədəniyyəti Günləri mədəni dialoqda əlamətdar mərhələyə çevriləcək.

 

Daha sonra tədbir qala-konsertlə davam edib.

 

Konsert proqramında Belarusun əməkdar kollektivi - Dövlət Akademik Rəqs Ansamblı, “Vitebsk-2023” Estrada Mahnı ifaçılarının beynəlxalq müsabiqəsinin laureatı, Belarus Respublikası Prezidentinin İstedadlı Gənclərə Dəstək üzrə Xüsusi Fondunun laureatı Samir Yolçuyev, beynəlxalq müsabiqələr laureatı, Belarus Bolşoy Teatrının solisti Darya Qorojanko, Belarus Bolşoy Teatrının solisti Denis Yantseviç və digər mədəniyyət ustaları iştirak ediblər.

 

“Ədəbiyyat və incəsənət”

(03.04.2024)

 

“Ədəbiyyat və incəsənət” portalının media dəstəyi ilə Azərbaycan Ədəbiyyat Fondunun  Bakı Şəhəri Üzrə Təhsil İdarəsi ilə birgə “Bir direktor, bir şagird” adlı layihəsinin məqsədi nümunəvi məktəblərimizi, istedadlı şagirdlərimizi üzə çıxarmaq, onların ədəbiyyata olan marağına diqqət yönəltməkdir. Hazırda təqdimatda 83 nömrəli məktəb-liseydir.

 

Layihəni təqdim edir: Ülviyyə Əbülfəzqızı

 

DİREKTOR

 

Bayramova Almaz Fəttah qızı 05.12.1975 – ci ildə Bakı şəhərində anadan olmuşdur. Tam orta təhsilini Bakı şəhəri A.Şaiq adına 54 nömrəli tam orta məktəbdə almışdır.

ADPU ibtidai təhsilin metodikası və pedaqogikası fakultəsini 1998-ci ildə bakalavr pilləsində bitirmişdir.

2000-ci ildə ADPU-nun pedaqogika  nəzəriyyəsi və tarixi ixtisası üzrə magistratura pilləsini fərqlənmə diplomu ilə biritmişdir.

1997-2014-cü illərdə Nəsimi rayonu 5 N – li tam orta məktəbdə ibtidai sinif müəllimi vəzifəsində çalışmışdır.  

2014-cü ildə “Bu günün və sabahın direktorları “ kursunu müvəffəqiyyətlə bitirmişdir.

2014-2019-cu illərdə Binəqədi rayonu 246 N – li məktəb-liseydə direktor vəzufəsində çalışmışdır.

2019-cü ildən Binəqədi rayonu 83 N – li məktəb-liseydə direktor vəzifəsində çalışır.

İşlədiyi müddətdə səmərəli fəaliyyətinə görə müxtəlif fəxri adlara layiq görülmüşdür:

2018-ci ildə “Qabaqcıl Təhsil işçisi döş nişanı“;

2016 – 2017-ci tədris ilində Fəxri fərman;

2020-ci ildə BŞTİ tərəfindən Fəxri fərman;

2020-ci ildə YAP Binəqədi rayon təşkilatı tərəfindən  Fəxri fərman;

2020-ci ildə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı BŞTİ Həmkarlar İttifaqı komitəsi tərəfindən Fəxri fərman;

2021 – ci ildə BŞTİ tərəfindən Fəxri fərman;

2023-cü ildə BŞTİ tərəfindən Fəxri fərman;

2022– ci ildə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı BŞTİ Həmkarlar İttifaqı komitəsi tərəfindən Fəxri fərman;

Eyni zamanda işlədiyi müddətdə müxtəlif kurs və treyninqlərdə iştirak etmişdir:

2015-ci ildə Paris – Sorbonne Universiteti “School Based Management“ kursu I və II hissə - sertifikat;

“İnteraktiv texnolologiyalardan və elektron məzmundan istifadə“ sertifikatı;

“İnklyuziv təhsil “ – sertifikatı;

2016-cı ildə İnternational Learning Conference – sertifikat;

2016-cı ildə AMİM tərəfindən təşkil edilmiş “Direktorlar üçün strateji planlaşma“ modulunu müvəffəqiyyətlə bitirdiyinə görə“ – sertifikat;

2018-ci ildə “Yaradıcı gənclərə dəstək olaq” layihəsi çərçivəsində təşkil edilən təlimlərdə göstərdiyi dəstəyə görə - təşəkkürnamə;

2021-ci ildə “ STEAM Azərbaycan“ layihəsi çərçivəsində “Layihə Əsaslı Öyrənmə“ , “Birpalatalı platforma üzərində kodlaşdırma”, “ Modelləşdirmə və Dizayn“ modulları üzrə təlimləri müvəffəqiyyətlə bitirdiyinə görə settifikat;

2021-ci ildə “Vətəndaş məmnunluğunun idarə olunması“ – sertifikat;

2 metodik vəsaitin müəllifidir. Təhsildə inkişaf və İnnovasiyalar üzrə IV və V müsabiqələrin qalibi olmuşdur.

 

ŞAGİRD

 

Mən, Ağazadə Mədinə Qurban qızı 20 mart 2010-cu ildə Bakı şəhərində müəllim ailəsində anadan olmuşam. 2016-cı ildə 83 nömrəli məktəb-liseyin 1-ci sinfinə daxil olmuşam. Etwinning layihəsinin iştirakçısı olaraq sertifikatlalarla təltif olunmuşam. 2023-cü ildə TeenEagle Beynəlxalq İngilis dili Olimpiadasına qoşulmuşam və bürünc medala layiq görülmüşəm və avqust ayında İngiltərədə finalda iştirak etmək üçün vəsiqə qazanmışam.

 

ESSE

“UŞAQ HÜQUQLARI”

“Uşaqlar bizim gələcəyimizdir”,- deyib bizim ata-babalarımız. Bu, doğrudan da, belədir. Çünki hər bir uşaq ailə üçün, millət üçün, xalq üçün böyük bir gələcəkdir, dəyərli bir sərvətdir. Sağlam cəmiyyət üçün faydalı bir vətəndaşın olması ailədən başlayır, belə ki hər bir ailə kiçik bir dövlətdir və bu dövlətdə uşaqların hüquqları qorunmalıdır.                                                                                                                          

Uşaq hüquqları - Onların sağlamlıq, təhsil, fiziki və s. hüquqları Cenevrə UŞAQ HÜQUQLARI BƏYƏNNAMƏSİ ilə təsbit edilmişdir. 20 noyabr 1989-cu ildə 193 ölkə tərəfindən Birləşmiş Millətlər Təşkilatının Uşaq Haqları Konvensiyası qəbul edilmişdir.                                               

Bəs, görəsən, uşaqların hüquqları qorunurmu? Bu sual, doğrudan da, çox düşündürücüdür.                                                                              

Son dövrlərdə ailə-məişət zəmnində baş verən problemlər uşaqlardan da yan keçmir. Valideynlər arasında münaqişələr onlarda psixoloji travmanın yaranmasına səbəb olur. Bu cür ailələrdə tərbiyə alan şagirdlərdə aqressiya, qorxu üstünlük təşkil edir. Həmin uşaqlar təhsildən, məktəbdən uzaqlaşır və nəticədə ailəyə, ailə üzvlərinə qarşı çıxan övladlar formalaşır.   

Mən düşünürəm ki, ailədə zorakılığın aradan qaldırılması üçün hüquq tədbirlər görülməli, ictimai qınaq olmalı, cəmiyyət ilə maarifləndirici işlər aparılmalıdır.

Sonda fikrimi Ulu Öndər Heydər Əliyevin “Uşaqlar bizim sevincimiz, xoşbəxtliyimiz, cəmiyyətin gələcəyidir. Ona görə də hər bir insanpərvər cəmiyyətdə uşaqlara daimi xüsusi qayğı, xüsusi diqqət göstərilməlidir”,-sözləri ilə bitirmək istəyirəm.

 

“Ədəbiyyat və incəsənət”

(03.04.2024)

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində portalımızın Güney təmsilçisi Əli Çağla bu dəfə sizlərə  Rza Nurinin  şeirlərindən ən yaxşı nümunələri təqdim edir.

 

Rza Nuri 1991-ci ildə Tehran şəhərində anadan olmuşdur. 10 ilə yaxındır ki, ədəbiyyatla məşğuldur. Şeirləri portallarda yayımlanıb. İngiliscədən Azərbaycancaya çevirdiyi bir neçə psixoanaliz məqalələr sanal dünyada yayımlanmış və Margurite Durasın “Ölüm xəstəliyi” adlı romanını çevirmişdir.

 

Duzlu balıq resepti

balığı duzlu suda yatırdırsınız

Barmağınızla yaxşıca yoğurursunuz

Əliniz boğazınızda, əliniz lövbər atmış köksünüzə

Barmaq sındırmaq işləyi göyərti doğramaq yerinə  

Sümük salxımlarını hiss edirsiniz

Suyu günəş qarşısında qurutmaq şərtdir  

Həmən əlin-qolun, ayağın üzülüb qalansın

Sonra duzu ağciyərdən boşaltmaq gərəkir

Ağciyərin duzqabıya çevrilməsi

Burundan keçən iki ip kimi idi nəfəsini qarqara etdiyndə

Xoy günəbaxanı yağına qızardılmış Urmu balığı

Qovrulan gözümüzü limon sıxaraq acılaşdıran qəhvəyi duman

Başımızı harasa tullayacaq gövdə reaksiyası

Börkümüzün dəliyi havada bloklanmamış

Sadəcə gor maskasıdır

Leş yeyən ağzımız...

 

“Ədəbiyyat və incəsənət”

(03.04.2024)

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə “Mİlli ədəbiyyatımızı sevdirək” layihəsində bu gün sizlərə gənc şair İlkin Özün şeirləri təqdim ediləcək. 

 

Təsəlli

 

Ona

 

Doğrusu, yalqızlıq heç çətin deyil...

Elə bil ki, zəlzələdir, sol tərəfin titrəyir,

Şəkillər üsyan edir, siqaretlər səngimir...

 

Yapışır xatirələr adamın yaxasından,

Uzaq durmur ondan qalan əşyalar da yanından.

 

Hər gün gözün yol çəkir miskin-miskin,

sərməstcə.

Yoxsa yanımdan ötən

sarışın, boz paltolu,

ya sarı gödəkçəli kürən qız səndin, bəlkə?..

 

Yox, artıq "bəlkə"lərə

qalmayıb etimadım.

Bilirəm, çox unutqansan,

yəqin, yadından çıxdım.

 

Bürcləri çox sevirdin,

mən "balıq"dım, sən "oğlaq".

İndi ulduzlar qədər kənardayıq,

kənarda...

 

Nəsimitək səndən iraq yanmışam,

yanaram da.

Sənsizlik nədir guya?

Qalmışam, qalaram da...

 

Doğrusu, yalqızlıq heç çətin deyil...

Yaşamaqçün şəklin mənə təsəlli.

 

Bax sənə son sözüm var:

Ya gəl, şəklini apar,

ya məni də şəklə çevir...

 

 

Cinayətsiz cəza

 

Mikayıl Müşfiqə

 

Məhkəmə...

Danışır hakim:

"Həyatın yazılmamış

qanunlarına əsasən,

çərçivəyə uymayanlar,

"çəkic" və "orağ"a tabe olmayanlar

bir də haqqı danmayanlar

həbs və sürgün olunsunlar!.."

- Etirazı olan var?

Salon susdu...

Yalnız Müşfiq susmadı,

dodaqaltı pıçıldadı:

"Yenə o bağ olaydı"...

Amiranə, istehzayla

hakim dilləndi:

"O bağlar da,

o çağlar da

yoxdur, dayan!

Qərar: Edam!"

 

 

Səndən sonrakı mən

 

Təlimçilər deyirlər ki,

ən böyük rahatlıq meditasiyadır.

Ruhanilər deyirlər ki,

ən böyük xoşbəxtlik

namaz qılmaqdır.

Absurdistlər deyirlər ki,

həyat çox mənasızdır...

Mənsə deyirəm ki,

ən böyük rahatlıq

yanında olmağım.

Ən böyük xoşbəxtlik

gözlərinə baxmağım.

Ən böyük ibadət isə

qəlbimi sənə açmağımdır.

Sən olmayan təqdirdə,

məncə, absurdistlər haqlıdır...

 

 

Riyaziyyatı bilməməyin

fəsadları

 

Dostum Mirmahmuda

 

Əvvəllər biz Troya atı kimi "bomboş" idik,

Dürüstlüyü atamıza örnəklə,

Fədakarlığı özgə günahı çiynimizə yükləməklə,

Sədaqəti isə sevdiyimizdən uzaqda

ulduzları izləməklə öyrəndik...

 

Böyüdük, guya nə dəyişdi?

Yenə xaraba evlərtək uçuq-sökük,

kimsəsizik.

 

Həyat bizi yamanlara və yaxşılara

bölməklə sınadı,

Qismətimizə "0" düşdü.

 

Vurulduq mənasız insanlara,

hasilimiz məlum deyildi.

 

Fədakarlıqsa, bizdən

nələrisə çıxdı.

Əksildiyimizi görmədik.

 

İndi düzünü de,

vaxtilə riyaziyyatı yaxşı bilsəydik,

bu günə düşərmiydik?..

 

 

*

Dəniz kənarında ləpələrin qucaqlaşmasına

tamaşa edir,

sanki teatr tamaşasında "biz"i izləyirəm.

Dalğaların sahilə çırpılıb

dənizə qovuşduğu kimi,

geri dönməyini... gözləyirəm...

 

 

*

Səndən qabaq

qupquru ağac kimi,

cansız və nəfəssizdim.

Sonra sən gəldin,

ruhundan üfürdün,

"Can" dedin,

dirildim...

 

 

*

Tanrı olmaq, yəqin,

çox çətin olar...

Düşün ki, hər şeyin var,

Fəqət...

tək-tənhasan

və darıxırsan....

 

 

*

Bilmirəm, necəyəm indi...

Bir onu bilirəm ki,

                        vaxt var idi

qəlbimdə vulkan çaxnaşır,

xatirələr lava kimi süxurlaşırdı.

İndi süxurlar aşınıb,

Vulkan da susub.

 

 

*

Bu gün doğum günündür.

Deyəsən, tortun üzərindəki

şamları üfürəndə

səhvən "həyat eşqim"i də

söndürmüsən.

 

 

*

Əbəs yerə göz yaşarmır...

Sadəcə, ümid, arzu,

gümanların tüstüsü acıdır.

 

 

*

Yaşamaq yanmaqdırsa,

dənizləri kim öldürdü?

 

 

*

Darıxmağa kimsə yoxdu deyə,

köhnə ev telefonundakı

cırıltılı səsi dinləyirdi.

O səsin adı "Təsəlli"ydi...

 

 

*

Təqvimlər təzələnir,

fəsillər dəyişir.

Günlər,

aylar,

illər keçir.

Biz isə eyniyik.

gah gələcək üçün darıxır,

gah keçmiş üçün heyifsilənirik.

 

“Ədəbiyyat və incəsənət”

(03.04.2024)

Çərşənbə, 03 Aprel 2024 11:15

Bir sual bir cavab - Şamil Ənvəroğlu ilə

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

SUAL:

Aristotel poeziyanın ümumidən, tarixin isə xüsusidən bəhs etdiyini bildirərək, poeziyanı daha üstün qəbul edib. Bəs Şamil Ənvəroğlu poeziyaya hansı tərifi verərdi?

 

CAVAB:

 Poeziya ruhun çırpınışı, 

ürəyin döyüntüsü,

duyğuların var olma şəklidir...

Ədəbiyyatı böyük bir limana bənzətsək, poeziya bizi o limana aparan,

dalğaların qoynunda bizi atıb-tutan bir gəmidir. 

Bu gəminin kapitanı isə ÜMİDDİR. 

 

Ədəbiyyat və incəsənət”

(03.04.2024)

Çərşənbə, 03 Aprel 2024 15:00

Xəyanəti bağışlamaq olarmı?

Leyla Səfərova, “Ədəbiyyat və incəsənət”

 

A: Sən niyə susub durmusan?

Ş: Nə cavab verəcəyimi bilmirəm.

A: Çünki səhvini bilirsən.

Ş: Əzizim, bağışla, bir də olmayacaq, söz verirəm. Aytən nə olar, dinlə məni. Bax, bir səhv idi, etdim, amma bir də olmayacaq.

A: Xəyanət səhv deyil Şahin. Xəyanət seçimdir. Nəyin çatmırdı? Bəlkə sənə yetərincə qayğı göstərmirdim? Ya dəstək olmurdum? Heçnəyin yox idi mən səni sevəndə. Əlin pul gördü deyə məni də satmalıydın?

Ş: Ağır danışırsan. Mən səni satmadım, atmadım. Şeytana aldandım.

A: Yox, şeytan özü elə sənin kimilərə aldanır. Hər işi görüb şeytanın boynuna yıxır sənin kimiləri. Biri gedir yoldaşını öldürür, deyir şeytana uydum, biri gəlir oğurluq edir, deyir şeytan aldatdı. Niyə bu şeytanı bir siz görürsünüz? Niyə ağac əkən, heyvanlara yemək verənlər görmür? Şahin, mən sənin hər səhvinə göz yumdum indiyədək. Ailəmə qarşı, çevrəmə qarşı, az qala səni sənin ailənə qarşı müdafiə etdim. Sanki münasibətdə kişi mənmişəmtək sənin arxanda durdum. Amma bu etdiyin, bağışlanmazdır. İndi mən səni söymürəm, döymürəm. "Namus" deyib öldürən, baş kəsib bununla da fəxr edən sizin cinsdir, bizim yox. Mən onu da etmirəm. Uşağıma, onun gələcəyinə travma buraxmaq istəmirəm. Səssiz sədasız uşağımı da götürüb çıxıb gedirəm. Nə arxamca gəl, nə axtar, soraqla. Mən "görəsən nə vaxt məni atıb ona gedəcək” sualı ilə yaşamaq istəmirəm. 

E: Aytən, bəsdi. Camaat nə deyər? Kişididə, gəzib yenə evinə gəlib. Boşanmaq nədir?

A: Elmira xala, mən sizin xətrinizə də dəymək istəmirəm, siz də anasınız. Amma əmin olun ki, mənim oğlum belə bir hərəkət etmiş olsaydı, mən onun arxasında durub "kişidir" deməzdim. Mənə kişiliyi görüşdüyü qadın sayıyla ölçən ər lazım deyil. Camaat da özü bilər nə deyir. Lazım olanda bir qab suyumu, çörəyimi verməyən o "camaat" mən öz həyatıma baxanda da vəzifəsi olmayan işə qarışmasın. Di sağolun, ev də sizin olsun, hər şey də. Mənə övladımla sakit həyat bəs edər.

 

“Ədəbiyyat və incəsənət”

(03.04.2024)

Çərşənbə, 03 Aprel 2024 14:30

Popkornun hikməti

Sərtyel, “Ədəbiyyat və incəsənət”

 

1.

Olduqca gözəl qız idi Seva, bu gözəlliyini gözə çarpdırmaq üçün həmişə eybəcər qızlarla rəfiqəlik edirdi. 

Oğlanlar da ona yaxınlaşmağa cürət etməz, eybəcər rəfiqələrlə isə dərhal tanış olar, dostluq edər, sevişər, ailə qurardılar. 

Seva eləcə də tək qaldı, qarıdı.

2.

Əgər tamaşa zamanı birinci pərdədə səhnədə tüfəng görünürsə, mütləq üçüncü səhnədə o tüfəng… sahə müvəkkili tərəfindən müsadirə olunacaqdır.

3.

Həsrət öz adı həkk olunmuş individual maşın nömrəsi almaq istəyirdi, ala bilmədi, əvəzində öz adını dəyişib 10KJ234 qoydu.

4.

Valideynin birinci problemi uşağa normal cəmiyyətdə özünü necə aparmağı öyrətməkdir. İkinci problemi isə həmin o normal cəmiyyəti tapmaqdır.

5.

Qorxulu nağıl:

Biri vardı, biri yox idi, dovşanın quru otdan, tülkününsə buzdan komaları var idi. Yay gəldi, bərk istilərdən quru ot yandı, buz da əridi. Hər iki binava evsiz qaldı.

Amma hər ikisi hələ 15 il ipoteka pulu ödəyəcəkdi. 

6.

İki milçək daz başa qonurlar. 

Biri köks ötürüb o birinə deyir:

-Eh, həyat, həyat. Yadında, biz burda necə gozlənqaç oynayardıq?

7.

Belarusda prezident seçkilərində yeni mexanizm tətbiq edilib. Kim ki, Lukaşenkoya səs vermək istəyir, prezident.za saytına girir, kim ki, əleyhinə səs vermək istəyir, zabludilsya.fu saytına girir. Orada ona başa salırlar ki, prezident.za-ya necə getmək olar.

8.

Tamaşaçı Sinema-plyus-da kinoya girir, popkorn və kola almağı unudur. Nəticədə film ona çatmır.

 

“Ədəbiyyat və incəsənət”

(03.04.2024)

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Nə vaxtsa dünyasını dəyişən yaxşı insanları unutmaq olmaz. Onların hər biri haqqında tez-tez söhbət açıb gənclərə nümunə göstərmək lazımdır. Axı yaxşı insanlar haqqında söhbətlər yeni nəsilə örnək olduğu kimi, yaxşılığın da yaşaması deməkdir...

 

Bu gün sizə yaxın keçmişdə yaşamış bir yaxşı insan barəsində söhbət açmaq istəyirəm. Yazıçı, publisist, tərcüməçi Əlfi Səhlik oğlu Qasımovdan...

1927-ci ildə Ağdam rayonunun Poladlı kəndində anadan olmuşdu. Şelli-Qaradağlı kəndinin yeddiillik məktəbini bitirdikdən sonra Ağdam Pedaqoji Texnikumunda təhsilini davam etdirmişdi. Daha sonra 1943-1944-cü illərdə Ağcabədi rayonunun Xocavənd və Boyad kənd məktəblərində müəllim işləmişdi. 1944-1946-cı illərdə Ağdamda İkiillik Müəllimlər İnstitutunda oxumuş, oranı bitirdikdən sonra 1946-1951-ci illərdə isə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsində ali təhsilə yiyələnmişdi... 

 

Ömür-gün yoldaşı Rəhilə xanımın xatirələrindən: “Onunla ilk tanışlığım tələbəlik illərində oldu. O zaman mən də universitetdə- filologiya fakültəsində oxuyurdum. Taleyimiz bizi qovuşdurdu. Ondan eşitdiyim xoş, şirin, səmimi sözləri hələ də unutmamışam. Əlfi yaxşılıq etmək üçün dünyaya gəlmişdi. Dostunu, tanışını, qonşusunu canından artıq istəyərdi. Yaratdığı obrazların ovqatı, amalları ilə yaşayardı. Onun “Adilənin taleyi” povesti ötən əsrin 60-70-ci illərində populyarlıq qazanmışdı. Görkəmli yazıçı, unudulmaz pedaqoq Mir Cəlal Paşayev həmin əsəri dövrün “Leyli və Məcnun”u adlandırırdı..."

 

O, müxtəlif illərdə “Azərbaycan müəllimi” qəzetində şöbə müdiri və redaktor müavini, “Ədəbiyyat və incəsənət” qəzetində məsul katib vəzifələrində çalışıb. 1966-cı ildən isə Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət mətbuat komitəsində nəşriyyat idarəsinin rəisi idi. 

Ədəbi yaradıcılığa ilk dəfə 1945-ci ildə Ağdamda müəllimlər institutunda oxuyarkən başlayan Əlfi Qasımovun roman və povestləri 60-80-ci illərin ən çox oxunan, müzakirə edilən və bəyənilən əsərlərindən olub. Onun “Xalq arzusu” adlı ilk şeiri Ağdamda çıxan “Lenin yolu” qəzetində çap olunub, sonradan universitetdə oxuduğu illərdə isə şeirləri respublikanın müxtəlif qəzet və jurnallarında dərc edilib. İlk kitabı 1954-cü ildə çıxan “Ərimizin ətəklərində” adlı oçerklər kitabı olan Əlfi Qasımovun müxtəlif mövzularda maraqlı hekayələri- “Məni qınamayın”, “Qızburunda tək məzar”, “Adilənin taleyi”, “Könül sevən”, “Toy gecəsi” kimi roman və povestləri çap olunub və o, zəmanəsinin tanınmış yazıçılarından, jurnalistlərindən biri kimi tanınıb.

Ötən əsrin 6-cı, 7-ci onilliklərində Azərbaycan ədəbiyyatında sənədli bədii janrın inkişafında onun xüsusi xidmətləri vardı. Yazıçı təsvir etdiyi obrazları gündəlik həyatdan və onu əhatə edən insanların arasından seçərək öz istedadı ilə daha da zənginləşdirirdi. Eyni zamanda sənədli nəsrin uğurlu yaradıcılarından biri kimi də tanınırdı. Onun əsərlərində yazıçılıqla jurnalistlika bir arada öz təbii ifadəsini tapırdı. Görkəmli yazıçı Hüseyn Abbaszadə Əlfi Qasımov yaradıcılığının bu istiqamətini təqdir edərək yazırdı: “Əlfi sənədli nəsr sahəsində ədəbiyyatımızda dərin izlər qoyub gedib və ondan sonra bizdə sənədli nəsr, demək olar ki, yox dərəcəsindədir.”

Akademik Bəkir Nəbiyev isə onu belə xarakterizə edirdi: “Əlfi Qasımov ünsiyyət sevən, qayğıkeş insan idi. Bizdən yuxarı kursda oxusa da heç vaxt bizə yuxarıdan aşağı baxmazdı. Bir müddət professor Cəfər Xəndanın, az sonra isə o vaxt hələ aspirant olan Bəxtiyar Vahabzadənin apardıqları universitet ədəbiyyat dərnəyində, daha sonra Yazıçılar İttifaqında keçirilən gənclər günlərində öz əsərlərini oxuyar, bu zaman bizim kimi təzələrin də çıxışlarını dinləyər, az-çox tənqidi qeydlərimizə də hörmətlə yanaşardı. Ümumiyyətlə, “Əlfi” sözünü araşdıranda bir mənası da ülfətə aparıb çıxarır. Görünür, ad qoyan valideynləri yanılmayıblarmış. Əlfi Qasımov başqaları ilə ülfət-ünsiyyət yaratmaq cəhətdən ancaq nadir simalarla müqayisə oluna bilərdi. Qısa bir müddətdə bir-birimizə yaxınlaşıb məhrəm olmuşduq…”

Mehriban, istiqanlı, ünsiyyətcil adam idi. Heç kimin qəlbinə dəyməz, özündən yaşca kiçikləri həvəsləndirməkdən zövq alırdı. Akademik Bəkir Nəbiyev daha sonra yazırdı: “Əlfi Qasımovun on beş nəfər igid, qeyrətli Azərbaycan qızının Şimali Qafqazdan Berlinə qədər davam etmiş müzəffər döyüş yolunu əks etdirən “Vətən çağıranda” adlı bir kitabı var. Bu kitab həmin qəhrəman qızların sayı qədər müstəqil miniatür sənədli hekayələrdən ibarətdir. Hesab edirəm ki, real qəhrəmanlar haqqında konkret tarixi, həyati faktlar əsasında, gələcəyə çağırış ruhunda yazılıb. Təcavüzkarlara nifrət və qəzəb püskürən bu kitab yaşadığımız günlərdə də öz aktuallığını qoruyub saxlayır. Onu tam halda və yaxud hər bir hekayəsini ayrıca nazik kitabça kimi nəşr edib əsgərlərimizə paylamaq lazımdır.”

Yenə də Rəhilə xanımın xatirələrindən: “Bir dəfə də olsun ondan incimədim, küsmədim. İşə gedəndə, evə qayıdanda üzümdən öpər, saçımı sığallardı. Təkcə mənimlə, balaları ilə yox, həmkarları ilə də son dərəcə səmimi, mehriban idi. Onun necə ailəcanlı olması indi də dillər əzbəridi. Mənə “Qara qız” deyə müraciət edərdi. Adımı çəkəndə bilirdim ki, nədənsə inciyib, kimdənsə küsüb. Qayğısını heç kimdən əsirgəməzdi. İdeal insanın bütün yaxşı cəhətləri, müsbət keyfiyyətləri Əlfidə var idi. Xainlik, paxıllıq, mərdiməzarlıq, düşkünlük onun xarakterində, təbiətində heç zaman olmayıb. Necə deyərlər, aydan arı, sudan duru kimi tanınmışdı. Heyif, zalım əcəl bizi tez ayırdı..."

Yaz gəlib, ağaclar tumurcuqlamağa başlayıb. Haqqında söhbət açdığım dünyanın ən yaxşı adamlarından biri- Əlfi Qasımov 1985-ci ildə, yazın əvvəllərində dünyadan köçüb...

...Dünya pislərlə doludur, amma nə gözəl ki, yaxşı insanlar da az deyil. Onlar olmasaydı, görəsən bu dünyada yaşamağın mənası olardımı?

 

“Ədəbiyyat və incəsənət”

(03.04.2024)

Rubrikanı aparır: Könül, “Ədəbiyyat və incəsənət”

 

Adətən rubrikamda klassikaya, ən azından Xalq şairlərinə müraciət edirəm, bu günsə lap yeni, hətta dünən yazılmış bir sevgi şeirini paylaşacam. 

Unudulmaz sevgi şeirləri statusunu bu şeir hökmən qazanacaq və unudulmayacaq, buna əminəm. 

 

Gəlirsən gedirsən xəbər tutmuram, 

Bu necə sevgidi bilmirəm düzü. 

Elə bil kirayə verib getmisən, 

Mənə yaşadığın gecə-gündüzü. 

 

Bilmirəm yerdəsən, yoxsa ki göydə,

İş yerin ulduzlar, yoxsa dənizdi, 

Ruhun illər ilə qaçaq-sərgərdan, 

Sevgin taleyimə muzdlu kənizdi. 

 

Vallah mən bilmirəm bu növ sevgini, 

Kökü kəsilməkdə olan sevgidi. 

Mənim ürəyimdə bir vaxt cücərib, 

Sənin ürəyində solan sevgidi. 

 

İndi nə gedişin kövrəldər məni, 

İndi gəlişinə sevinmərəm mən. 

Ta cavan olmaram qıvırcıq saçlı, 

Daha bir də elə sevilmərəm mən.

 

Gəlirsən gedrsən xəbər tutmuram, 

dənizin içiylə, göyün üzüylə. 

Yəqin dənizçisən ya da kosmonavt, 

Sənin nə işin var çölün düzüylə.

 

Ruhum pərişandır, ruhum sönükdür.

Soruşma hardayam, yüküm nə yükdür,  

Üzüm məhəbbətdən çoxdan dönükdür, 

Gəlirsən gedirsən xəbər tutmuram.

 

“Ədəbiyyat və incəsənət”

(03.04.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.