ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün yeni nəsil ədəbi tənqidi çərçivəsində Filologiya üzrə fəlsəfə doktoru, dosentNərgiz İsmayılovanın “Bir qış gecəsi əgər bir yolçu...”  və postmodernizm” məqaləsi təqdim edilir. Məqalə italyalı yazar İtalio Kalvinonun yaradıcılığına həsr edilib.

 

 

Postmodern ədəbiyyat sahəsində qələmini ustalıqla işlədən italyan ədəbiyyatının görkəmli simalarından olan İtalio Kalvino yaradıcılığı Avropa postmodernizminin dərk və tədqiqi istiqamətində əhəmiyyətli meyarlar və istiqamətlərlə zəngindir. Postmodernizm sahəsində özünəməxsus şəkildə fərqli nəzəriyyə və struktur bazalı nəsr nümunələri ortaya qoyan Kalvino yaradıcılığı postmodernizmlə yanaşı, psixioloji, semioloji və ədəbi yeniliklər ilə zəngindir. Həyatı postmodern oyun estetikasına çevirən Kalvino yaradıcılığndaposmodernist xüsusiyyətlər həddən ziyadə çoxdur. Fərqli bir fantastikada yazılmışəsər postmodern romanın bütün ünsürlərini içində saxlayır.

Yazıçı ilə oxucunun dialoqu təsirini bağışlayan romanda oxucu mərkəzçilik prinsipi əsas tutulub. Əsərin başlanğıcından sonunadək oxucu romana daxil edilir. Postmodern romanın ən qəribə və ekstraavanqardünsürlərinin və sistematikasının təqdim olunduğu “Bir qış gecəsi əgər bir yolçu” əsəri üstqurğu dinamikası ilə diqqət çəkir. Əsərdə üstqurğu (metafiction), mətnlərarasılıq (intertekstuallıq), oxucu mərkəzçilik, izah və nəqletmə çoxluğu, hardasa izdihamı, pastiş kimi postmodernizmin əsas elementləri özünəməxsus çalarla işlənib.

Kalvino XX əsrin ən qəribə yazarlarındandır. Yazdığı nəsr nümunələri və ədəbiyyata dair yazıları ilə də mühitində diqqətləri üzərində toplamağı bacaran yazar modern dövrdə də ən maraqlı əsərlər müəllifi kimi diqqət çəkir.

O, “İkiyə bölünən Vikont”, “Döyüşə giriş”, “Ağaca qonan baron”, “Var olmayan cəngavər”, “Sandıq müşahidi”, “Marcovaldo, ya da şəhərdə mövsümlər”, “Əmlak vurğunu”, “Kozmokomik əhvalatlar”, “Çirkli hava buludu”, “Argentina qarışqası”,“Sıfır zaman”, “Kəsişən yazğılar qalası”, “Görünməz şəhərlər”, “Bir qış gecəsi əgər bir yolçu”, “Parisdə münzəvi”, “Yaquar günəş altında”, “Amerika dərs qeydləri” kimi əsərlərlə ədəbiyyat tarixinə öz möhürünü vurmağı bacarıb.

Tezisini Cozef Conraddan yazan Kalvino, təhsilini tamamladıqdan sonra Einaudi nəşriyyatında işə başlayır. Kalvinonun bütün əsərləri, illər sonra redaktor olaraq çalışdığı  Einaudi nəşriyyatı tərəfindən nəşr olunur. Yayımlanan ilk əsərlərindən etibarən, xüsusilə də II Dünya müharibəsindənsonra İtaliyanın əhəmiyyətli yazarları arasında adı çəkilməyə başlamışdır. 1947–ci ildə çap olunan, Riccione mükafatlı“Hörümçəklərin yuva qurduğu cığır” əsəri ilə öz yazıçılıq karyerasına başlayır.

         “İkiyə bölünən Vikont”, “Ağaca qonan baron” və “Var olmayan cəngavər” adlarını daşıyan trilogiyasıKalvinoya böyük şöhrət gətirir.Kalvino“İkiyə bölünən Vikont” povestini 1951-ci ildə yazıb. Povest avstriyalılarla osmanlılar arasında müharibəyə qatılan terralbalı vikont Medardonun Osmanlı mərmisiylə ikiyə bölünməsinin nəqliylə başlayır. Vikont ölkəsinə yarıminsan olaraq qayıdır. Bu maraqlı əhvalat sonradan oyun kimi böyüyən gözəl nağıla dönür. Nağıl boyunca yarımvikontun ətrafında onun özündən pis parçalanmış olan insanlar hərəkət edirlər”.

Sonralar yazıçı (1950-ci illərdə) fantaziya və alleqoriyaya yönəlir. 1960-cı ildə nəşr olunan “I Nostri Antenati” (Atalarımız) adlı kitabında yer alan  fantastik əhvalatlarıyla beynəlxalq bir şöhrətə qovuşur. “Jorge Luis Borges, Ferdinand da Saussure və Vladimir Propp kimi imzalardan təsirlənən Kalvino, “Kosmokomik əhvalatlar” və “Sıfır zamanı” kimi magik realizmin nümunələrini özündə əks etdirən əsərlərini qələmə alır. 1964-cü ildə Parisə köçən Kalvino, burada Raymond Queneau və François Lelionanaisin liderliyindəki Oulipo, Potensial Ədəbiyyat Atelyesinə qatılır. 1980-ci ildə İtaliyaya geri dönən Kalvino, 19 Sentyabr 1985-ci ildə beyin qanaması nəticəsində həyatını itirir”.

Azərbaycanda Kalvinoyaradıcılığı əsasən gənclər arasında populyardır. Qismətin, Ülvü Babasoyun məqalələrində Kalvino yaradıcılığına toxunulub. Ülvü Babasoy yazır: “Kalvino ədəbiyyatın birinci dərəcəli əsası olan zövq vermək və almaq həqiqətini postmodern oyun estetikasına çevirir. Bir kitabın, bədii əsərin konkret nəsnələri mücərrəd dünyalara çevirə biləcək iqtidarda olduğunu mənalandırır. Kitabın mücərrəd dünyasında dominant rolu oxucu oynayır. Çünki bütün hiss və duyğuları yaşayan, konkreti mücərrədə çevirən oxucudur”.

Azərbaycan ədəbiyyatında Kalvino irsi ilə tanışlıq məqamları son dərəcə mücərrədlik daşıyır. Çünki bu barədə tədqiqatlar çox zəifdir. Ancaq Kalvino irsinin öyrənilməsi və yazıçının əsərləri ilə tanışlıq məsələsi arzular şəklində ortaya çıxır. Kalvinonun “İkiyə bölünən Vikont” və bir neçə yazısı xaricində dilimizdə əsərləri yoxdur. Postmodern romanlar işığında Azərbaycan postmodern romanına diqqət çəkən Salidə Şərifova hipertekstin xüsusiyyətindən bəhs edərkən Kalvino yaradıcılığından danışır.

Göründüyü kimi, oxucunu əsərlə bütünləşməyə sövq edən və postmodern priyomlarla bu vəhdəti çox gözəl yarada bilən Kalvino bəzən nümunəvi oxucuya belə üstqurğu, yaxud eləcə qurğu bir əsər oxuduğunu unutdurur.Bəzənsə əksinə, oxucunun fikirlərini əvvəlcədən təyin etməyə cəhd edib oxucu ilə zarafatlaşır:

“Bir oxucu olaraq indi bütün diqqətin bu qadına çevrildi, onsuzda  bir neçə səhifədən bəridir  ətrafında  dövrə vurursan,  mən, xeyir,  yazar, bu dişi varlığın ətrafında dolaşır və sən bir neçə səhifədən bəri bu dişi ruhun  bütün dişi ruhların  yazılı kağızlar üstündə şəkilləndiyi kimi bir forma qazanmasını istəyirsən, sənin bir oxucu olaraq gözlərin yazarı qadına tərəf itələyir və mən zehnimdən keçən o qədər şeyə baxmayaraq,  qadınla danışmağa üz tuturam, ən qısa zamanda uzaqlaşmalı olduğum bir dialoqa girirəm”.

Həyat və yaradıcılığına dair qeydlərdən aydın olur ki, 1959-cu ildə semiologiya ilə maraqlanan Kalvino “Bir qış gecəsi əgər bir yolçu” əsərinə bu maraqdan qazandığı bütün təcrübələri səpələyir.Onun yaradıcılığında semiologiya məsələləri daim yüksələn xətt üzrə inkişaf edib.“Bir qış gecəsi əgər bir yolçu” romanı postmodernizmi ən gözəl və şuurlu şəkildə əks etdirməyi bacarır. Romanda qurulan oyun nümunəvi oxucunu son dərəcə əyləndirir, ampirik oxucu isə 10 fərqli mətn, hekayə konseptini özündə lağlağılıq və laqeydliklə əks etdirən əsərə qəzəblənir. 1979-cu ildə ilk dəfə Einaudi yayın evi tərəfindən nəşr olunan romanın girişində qeyd etdiyi “Təqdimat” başlıqlı yazıdan aydın olur ki, əsər bir çox ampirik oxucuların qızğın tənqidi ilə üzləşib. Hətta Kalvinonu şüursuz adlandıranlar da olub. “Təqdimat”da yer alan fikirlərdən aydın olur ki, Eko kimi Klvino da oxucunun onun yaratdığı bədii əsərə münasibətini ciddiyə alır və özünü çox güclü şəkildə müdafiə edir. Yazar qeyd edir ki, mənə nə deyirsən, de, amma şüursuz demə. Postmodernizmin real həyatın gerçəklərini nümayiş prizması Kalvinonun verdiyi cavablar və ustalıqla sadaladığı özünümüdafiə texnikasına da sirayət edir.

Kalvinonun və ümumiyyətlə, postmodern ədəbiyyatın uğurlarından sayılabiləcək romanbelə başlayır: “İtalo Kalvinonun “Bir qış gecəsi əgər bir yolçu” adlı yeni romanını oxumaq üzrəsən”.

Görüldüyü kimi, burada Kalvino həqiqi oxucuya səslənir. Sənə, mənə, ona, hamıya!..

“Postmodernistlər yazarı tərk edəndə bir boşluq meydana gəlmiş və onu da mətn ilə oxucu doldurmuşdur”.

Bu sətirləri oxuyan hər bir oxucu romana daha maraqla davam edir. “Rahat ol, özünə gəl və zehnindəki bütün düşüncələri qov getsin”. Bir meditasiya texnikası kimi səslənən sətirlər oxucunun ovqatını dəyişir və onu romanın mərkəzinə dartır. Həmin ərəfədə oxucunun kitab oxumaq üçün üzləşə biləcəyi bütün ehtimalların sadalanıb izah və nəqletmə çoxluğu, hətta nəqletmə izdihamı, yaradılan giriş insanın zehnini bulandırır. Kitab 22 hissədən ibarətdir. Birinci, üçüncü, beşinci, yeddinci, doqquzuncu, onuncu və on birinci hissələri oxucudan bəhs edir. Oxucuya, “sən” deyə xitab edir, bu "sən" romanın sonunadək baş xarakter kimi varlığını davam etdirər. Kitabın baş rollarını Kişi Oxucu və Qadın Oxucu paylaşır. Qadın xarakterin adı Ludmilladır, Kişi Oxucunun bir adı yoxdur. "Min bir Gecə" nağıllarındakı kimi əhvalat içində yeni bir əhvalata keçilir və beləliklə, bir-biri ilə qəribə tərzdə əlaqəli 10 ayrı əhvalat nağıl olunur.

Kalvinonun “Yeddi gözəl” essesini Qismətin tərcüməsində oxduqda aydın olur ki, Kalvino, həqiqətən də, Şərqə bələddir. O, Nizami Gəncəvini tanıyır, “Minbir gecə” nağıllarını oxuyub. Kalvino yazır: “Bu yeddi hekayə “Min bir gecə”nağıllarındakı kimi fövqəladə şeylərlə dolu nağıllardır, amma hər birinin etik məqsədi var; (məqsədlər simvollar pərdəsinin arxasından həmişə aydın şəkildə görünməsə də). Beləliklə, şah-ərin həftəlik ziyarətləri, kainatın özəlliklərinin insandakı proyeksiyası olaraq əxlaqi fəzilətlərin də kəşfidir. (Bir şah-ərin birdən çox qadınla cinsi və ruhi poliqamiyası; ənənədə cinsiyyətlərin rolu tərsinə çevrilməz və bu məqamla əlaqədar heç bir sürprizdən söhbət gedə bilməz). Yeddi hekayə də Qərbdəki modellərdən fərqli olaraq, çoxaldılmış şəkliylə ortaya çıxan eşq macəralarıdır”.

         “Bir qış gecəsi əgər bir yolçu” başlığından sonra isə ard-arda oxucu postmodernizmin elementləri ilə gülləboran edilir.

Kalvino fabula, əhvalat, mövzu, roman və nəql etmək bacarığı kimi ədəbi strukturları yaradıcı bir şəkildə istifadə edir. Ümumiyyətlə, əsərdə üstqurğu (metafiction), mətnlərarasılıq (intertekstuallıq), oxucu mərkəzçilik, izah və nəqletmə çoxluğu, hardasa izdihamı, pastiş kimi postmodernizmin əsas elementləri özünəməxsus çalarla işlənib.

“Postmodernist yazar romanını özünün qurduğunu və gerçək bir dünyanı əks etdirmədiyini açıqca göstərər. Bəzən roman mövzusu roman qaydasını araşdırmağa belə çevriləcək, mətn parçalarını (qəzet məqaləsi, ensiklopediya maddəsi, şeir, reklam yazısı kimi) sərgiləməkdən çəkinməyəcək.  Həqiqiliyi rədd edən bu yenilikçi ədəbiyyatçı kompleks, mənasız müasir həyat qarşısında rəftarını artistik qətiyyətlə və bir bütün meydana gətirməkdə tapmaz. Müxtəlif ünsürlərdən bir araya gətirdiyi müxtəlif obrazları romanına toxuyaraq romanına bir karnaval görünüşü verməkdə də bir problem görməz” (Berna Moran).

“Sən bütün bu incəliklərə qarşı həssas bir oxucusan, yazıçının niyyətini havada tutursan, gözündən heç nə qaçmır. Amma bəlli bir xəyal qırıqlığı da yaşayırsan, indi sən tam mövzuyla maraqlanmaq istəyəndə yazıçı özünü çağdaş ədəbiyyat hünərlərindən birini sərgiləmək məcburiyyətində hiss edir və bir bölümü olduğu kimi təkrarlayır” (Kalvino İtalo).

Görüldüyü kimi, Kalvino romanın bu hissəsində, əslində, postmodern bir roman yazdığına dair bir işarə edir. Və şüurlu olaraq postmodernizmin elementlərindən növbətisinə oxucunu hazırlaşdırır. Necə ki Eko öz qeydlərində bu məsələyə toxunur.

Postmodernist əsərdə əsərə, sadəcə, yazıçının ədəbi gücünü və əsərin bədiiliyini dərk prizmasından baxmaq doğru deyil. Yazılan hər bir əsər dövrü, sosial vəziyyəti, psixoloji gərginliyi, yaxud rahatlığı, zamanın tələbini, yazarın baxışbucağını və intelektual səviyyəsini özündə əks etdirir. Kalvino əsərdə öz fikirlərini şərh etsə də, oxucunun baxış nöqteyi-nəzərindən priyomlarla yadda qalır.Kalvino tez-tez əsərinə oxucunun prizmasından diqqət edir. Onun hiss-həyəcanını, düşüncəsini qavramağa cəhd edir  və bunu qavradığını nümayiş etdirir.

         Eco “Açıq Mətn”də (“Açıq əsər”) “obyektiv məlumat olan əsər ilə onu qəbul edən mübtəda arasında bir qarşılıqlı təsiri tələb edən estetik həzzdə qeyri-müəyyən ünsürün əhəmiyyəti, şübhəsiz köhnələrin də gözündən qaçmamışdı” deyir və bu qeyri-müəyyənliyin Platonun “Sofist” adlı əsərində belə qavranmış olduğunu ifadə edir (Enrique Vila Matas).

Qeyri-müəyyən ünsürə diqqət postmodern əsərlərdə özünü nümayiş etdirir və nümunəvi oxucuya həzz verir.

Bilirik ki, XX əsr boyu André Gide, Samuel Beckett, Arno Schmidt, Giorgio Manganelli, Donald Barthelme, Philippe Sollers, Julían Ríos, John Fowles, John Barth, Oswald Wiener, Walter Abish, Thomas Pynchon, Giuseppe Pontiggia, Claude Simon ve Julio Cortázar kimi müəlliflər tərəfindən sistematik olaraq araşdırılan Metafiction (üst qurğu) Kalvino yaradıcılığının da əsas postmodern dayaqlarındandır. Onun yaratdığı üstqurğu dinamikdir və Kalvino yaradıcılığında hakim rol oynayır. Kalvinoya görə, üstqurğu olaraq qurğu yazmaq, əvvəldən var olan ədəbi, ya da danışıqdakı qəlibləri yeni bir mənaya çatmaq və yeni bir mesaj çatdırmaq məqsədiylə yenidən istifadə etmək mənasını verməkdədir.

“Üstqurğu postmodern ədəbiyyatın ana xüsusiyyətlərindən biridir. Öz içində başqa bir romanı, əhvalatı, ya da mətnin içində başqa bir mətni oxuyan, yazan bir xarakteri izah edən; izahat davam edərkən yazarın araya girib fikirlərini ifadə etdiyi, oxucuyla zarafatlaşdığı və ona uydurma bir oyunun içində olduqlarını davamlı xatırlatdığı; yazarın mətnin şəxs heyətinin içində olduğu; mətnin yazılış müddətinin izah edildiyi mətnlər üsqurğudur. Bundan başqa, yazarın mətnin içində fərqli mətnlərə, yazarlara göndərmələr etməsi yəni mətnlərarasılıq üsulundan faydalanması da üstqurğunun göstəricilərindəndir”. (Yıldız Ecevit).

“Cildləmə zamanı  adı keçən əsərin səhifələri arasına bir başqa yeni kitabımız polşalı yazar  Tazio Bazakbalın “Malbork kasabasının dışında” kitabının səhifələri qarışıb” (Kalvino İtalo).

Kalvino da romanında da Ekonun “Açıq mətn” dediyi üsullardan istifadə edir. Oxucunu romanın yazılış müddətinə qatır və beyinlərdəki həqiqət və fantastika (qurğu) reallığını dekonstruksiya edir.

"Bir qış gecəsi əgər bir yolçu" 10 fərqli roman girişi üzərindən hazırlanmış bir kitabdır.

Semantik şüurluluq müəllifi olan Kalvino, semiosis mənasında, yəni göndərmə edilən obyektlər olan göstəricilər ilə sabit bir dildə hərəkət içindəki interpretanslarının qarşılıqlı təsiri yolu ilə məna yardır.Kalvinoya görə, ədəbiyyat, daha çox, ünsiyyət prosesidir. Kalvinonun yazısında göstərici, bir referent və qarşılıqlı ictimai münasibətlərdəki güc həlledici kimi başa düşüləcək şəkildə, bir ana xarakterdir. Bir mənada, o, Borges hisslərini tətbiq (işə salır) edir”.

Mətnlərarasılıq, postmodern ədəbiyyatın əsas yaradıcılarından biridir. Özünəməxsusluğu rədd edən postmodern ədəbiyyat, başqa mənbələrlə təmas halında olmaq əsasına söykənir.Kalvino da bu əsərində müxtəlif mövzu, fikir, müəlliflərə  işarə edərək bu məsələni praktikaya çevirir.

“Bir-birimizə dolandıqda, bu döyüş əsnasında bir çevrilmə  olacağı,  ayağa qalxdığımızda onun mən, mənim o halına gələcəyimiz şəklində bir hissə qapıldım; bu, bəlkə də, sadəcə, bu anda düşündüyüm bir şeydi, ya da sadəcə sən sevgili oxucu belə düşünürsən” (Kalvino İtalo).

Bir cümləyə sığan bir çox postmodern element…

Bu sətirləri oxuyarkən bir anda adama elə gəlir ki, Kafkanın “Metamorfoz”a (“Çevrilmə”) əsərini oxuyursan.

Bundan başqa, cümlədən göründüyü kimi, oxucumərkəzçilik, qurğu içində qurğu, oxucunu mətnə ortaq etmək, oxucunu düşünməyə məcbur etmək, başqa mətnlərə mətnə əsas, yaxud dayaq etmək, mətnlərarasılıq kimi faktorlar önplandadır.

Oulipo axınının önəmli nümunəsi kimi qiymətləndirilən “Bir qış gecəsi əgər bir yolçu” bu aspektdən də çox əhəmiyyətlidir.

Fransız ədəbiyyatının əhəmiyyətli ədəbi axınlarından olan Ouliponun yazı atelyeləriylə birlikdə 60-cı illərdə François Le Lionnais və Raymond Queneau tərəfindən adlandırıldığı bilinir. "İç-içə keçmiş hekayələr, ilk baxışda tamamilə mənasız görünən  qəribə şəkildə qurulmuş cümlələr, terminoloji ifadələr, qarışıq cümlə nizamları və bilməcəvari təsvirləri ilə Oulipo mətnləri oxucularını olduqca ayıq və aktiv saxlayaraq, oxucusunu mətni əlindən atmağa aparacaq məcburedici bir quruluşa sahibdir. “Oulipo, Ouvroir de Littérature Potentiellein  (Potensial Ədəbiyyat Atelyesi) sözlərinin ilk iki hərfini istifadə edərək adını meydana gətirir. Fransız ədəbiyyatında ənənəçiliyə və sıravi yazmağa qarşı çıxmaq olaraq ortaya çıxan Ouliponun məqsədi məntiq, riyaziyyat və ədəbiyyat üçbucağında yazarların qabiliyyətlərini məhdud imkanlar, söz oyunları, həll edilməsi çətin bilməcələrlə inkişaf etdirməkdir” (Enrique Vila Matas).

Nəticə olaraq qeyd edək ki, sensasial yeniliklər ustası kimi tanınan Kalvino yaradıcılığı və onun ən əsas əsərlərindən olan “Bir qış gecəsi əgər bir yolçu” postmodernizmi bütün elementləri, sərhədləri, sərhədsizliyi, özünəməxsusluğu və ziddiyyətləri özündə əks etdirən ən zəngin əsərlərdən biri kimi son dərəcə əhəmiyyətlidir.

 

“Ədəbiyyat və incəsənət”

(08.04.2024)

Bazar ertəsi, 08 Aprel 2024 10:15

Şəhidlər barədə şeirlər – Tacir Əhmədov

“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Yazıçılar Birliyinin üzvü Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün – Tacir Əhmədova həsr edilmiş şeirlə tanış olacaqsınız.

 

 

TACİR MEHDİ OĞLU ƏHMƏDOV

(20.04.2001.-20.10.2020.)

 

Əslən Kürdəmir rayonunun Qarabucaq qəsəbəsindən olan, Azərbaycan Silahlı qüvvələrinin əsgəri, Qarabağ uğrunda Vətən müharibəsinin şəhidi

 

 

T A C İ R

 

Doğuldun Kürdəmirin, sən  Qarabucağında,

İyirmi aprel günü, baharın xoş çağında.

Gəlişinlə elə bil  evə bərəkət gəldi,

Ailəyə min sevinc, fərəh, məhəbbət gəldi.

 

Atan-anan mehriban, qeyrətli insandırlar,

Halallıqla yaşayan, hörmətli insandırlar.

Tale elə gətirdi siz Bakıya köçdünüz,

Burda Binəqədini yeni məskən seçdiniz.

 

Məktəbdə oxuyanda hamıya əziz idin,

Dostların bilirdilər, ürəyi təmiz idin.

Çalışıb dərslərindən yaxşı qiymət alırdın,

Sinif yoldaşlarının qayğısına qalırdın.

 

Qarabağı bəxtiyar,  azad görmək istərdin,

Düşmənlərin cavabın, payın vermək istərdin.

Vaxt gəldi, əsgərliyə, xidmətə çatdı yaşın,

Səni yola saldılar -atan, anan, qardaşın.

 

 

Anan dedi: - Tacirim, get, sevindir elini,

Məqamdır, qırmalısan düşmənlərin belini.

Düşməni torpağımdan, balam, sən qovmalısan,

Yağıları məhv edib,  burnunu ovmalısan.

 

Əsgərlikdə edirdin  xidməti Naxçıvanda,

Mətin hərbçi oldun, orda, qısa zamanda.

Bəxtinə düşdü  olmaq- xüsusi təyinatlı,

Heç bir şeydən qorxmayan, cürətli, yel qanadlı.

 

Başladı müharibə  namus, torpaq uğrunda,

Əzəli  yurd yerimiz, xan Qarabağ uğrunda.

Döyüşdün düşmənlərlə, məhv etdin yağıları,

Puç etdin erməninin yalançı nağılların.

 

Elə vuruşdun ki, sən, düşmənlər peşman oldu,

Elə döyüşdün ki,  sən, hünərin dastan oldu.

Necə də bağlı idin  bu diyara, torpağa,

Binəqədiyə döndün, bükülərək bayrağa.

 

Uyuduğun yer ki  var, olub müqəddəs məkan,

Hamı deyir, bu- odur, bizim Tacir-qəhrəman.

On doqquz il yaşadın, unutmarıq biz səni,

Sənin kimi oğullar azad etdi Vətəni.

 

“Ədəbiyyat və incəsənət”

(08.04.2024)

 

Telman Aslanov, “Ədəbiyyat və incəsənət”

 

Bölgələr paytaxtdan gələn bayramlara daha həssasdırlar. Onda ki, bu bayram intellektual bayram olur, kitab bayramı olur, bayramın kəsəri ikiqat artır. Həftəsonu Cənub bölgəmiz məhz belə bir bayrama qucaq açdı. 5 – 7 aprel tarixlərində 2024-cü il Gənclər Paytaxtı Lənkəranda II Kitab Sərgisi keçirildi.

 

Azərbaycan Nəşriyyatları Assosiasiyası, Gənclər və İdman Nazirliyi və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı, Lənkəran-Astara Regional Təhsil İdarəsi və Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə reallaşan tədbir Heydər Əliyev Mərkəzində hər gün saat 10:00-dan 19:00-dək baş tutdu.

Sərginin açılış mərasimində ANAİB sədri Şəmil Sadiq, Gənclər və İdman Nazirliyi Gənclərlə iş şöbəsinin müdiri Ramil Cabbarov, Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini Rəhim Rəhimov çıxış etdilər.

Sərgi günlərində həm lənkəranlılar, həm ətraf rayonlardan təşrif buyuranlar həm güzəştli qiymətlərlə kitablar aldılar, həm sevdikləri yazarlarla görüşdülər, həm sözlü-musiqili tədbirlərə qatıldılar.

Qeyd edim ki, sərgi çərçivəsində yazıçılar – Varis, Əziz Yaqubzadə, Elgüsel, Ceyhun Hidayətli, İlqar Kamil, İradə Qədirova, Rövşən Abdullaoğlu, Dünya Veysəlova, Vüqar Bayramlı, Həmid Piriyev, Aynur Cavid və Ülviyyə Tahir oxucularla görüşdülər, öz kitablarını imzaladılar.

Bundan başqa, dilçi alim Rafiq İsmayılovun “Oxuyub anlama təhsildə metabacarıq kimi”, təhsil texnoloqu Şəmil Sadiqin “Təhsildə STEAM yanaşması”, təlimçi Orxan Şahbazın “ZİDDiyyətləri idarə etmək” seminarları, Azərbaycan Ədəbiyyat Fondu və AYB-nin Lənkəran bölməsinin birgə təşkilatçılığı ilə “Bölgə ədəbiyyatı, problemlər, perspektivlər” adlı müzakirə, Şamil Mahmudbəyovun 100 illiyi münasibətilə kinorejissor Tahir Tahiroviçin təqdimatında “Od içində” bədii filminin nümayişi, Elgüselin uşaqlar üçün nağıl saatı, 5 nömrəli məktəbin şagirdlərinin təqdimatı da təşkil olundu.

Bütün tədbirlər bir-birindən maraqlı idi.

Sözün həqiqi mənasında Lənkəranda kitab bayramı baş tutdu.

Sonda bir arzumu da dilə gətirim. Bu qədər nəşriyyatların gəlişi, paytaxtdan bura tonlarla kitabın daşınması tək kitabın təbliğatı deyil, həm də onun satılması, ağır əməyə qatlaşan naşirlərin fədakarlıqlarının azacıq qiymətləndirilməsi naminədir. Çox təəssüf ki, sərgiyə qatılanlar kitab alınmasında elə də fəallıq göstərmədilər. Amma ümid edək. Ümid edək ki, insanlar növbəti dəfələrdə ailə büdcəsindən maariflənmə, mənəvi qidalanma üçün də pul ayırarlar.

 

“Ədəbiyyat və incəsənət”

(08.04.2024)

Leyla Səfərova, “Ədəbiyyat və incəsənət”

 

Hər birinizi salamlayırıq, əziz oxucular. Bugünkü qonağımı sizlərə təqdim etməkdən olduqca şadam. Çünki bugünkü müsahibim həm də mənim öz müəllimimdir. 

 

-Xoş gördük Səbuhi müəllim, gəlin sizi tanımayanlara da tanıdaq ki, Səbuhi Kamal kimdir. 

 

-Salam, xoş gördük. Tanıdaq deyirsiniz, tanıdaq. Səbuhi Kamal 30 yaşında gənc bir tarix müəllimidir. 12 ildir ki, abituriyent hazırlığı və 8 ildir  ki, miq üzrə hazırlıq dərsləri keçirəm. Təhsil üzrə az da olsa söz sahibiyəm deyə bilərəm. İxtisas sećimi, tələbə transferi kimi işlərlə də məşğulam. Qısaca, təhsilə dair hər hansı sahədə mənimlə rastlaşa bilərsiniz. 

Eyni zamanda hal-hazırda Evrika liseyində tarix fənnini tədris etməyə çalışıram. 

 

-Çox gözəl. Gəlin bizə başdan danışın ki, müəllim olmağa necə qərar verdiniz? 

 

-Ümumiyyətlə tarix fənnini əvvəldən sevmişəm. İnsan qərar verəndə düşünməlidir. Ya özün həyatda hər şeyi edəcəksən, ya da kimsə edəcək və sən də ondan asılı olacaqsan. Mən özüm etmək istədiyimə qərar verdim. Bu ixtisasın mənə tam uyğun olduğunu düşündüm, ixtisasımı sevirəm, çünki insanlarla işləyirəm, onlara, xüsusən gənclərə yol göstərirəm. Onlara faydalı ola bilirəm. Xüsusən də, elə yaşdakı gənclərlə əlaqədə oluram ki: daha çox abituriyentlərlə, onlarla işləmək, onların hansısa nöqsanını düzəltməyə çalışmaq, doğru yola yönəltmək həm keyifli, həm məsuliyyətli bir işdir. 

Eyni zamanda mən kimdənsə asılı işləri sevmirdim. Sərbəstliyi sevən biriyəm. Səhər 9dan axşam 6ya kimin üçünsə işləmək mənə uyğun olmayacaqdı. Düşündüm ki, müəllim olsam öz işim olacaq, öz işimdən zövq alacağam. 

Eyni zamanda bunun maddi tərəfi də var ki, bildiyimiz kimi, abituriyent hazırlığı ən önəmli məsələlərdən biridir və mən bu sahə ilə həyatımı qurub idarə edə bilirəm. 

 

-Ümumiyyətlə sizin dərslərinizdə olmuş bir abituriyent, bir tələbə kimi sizin dərs prosesinizə kifayət qədər bələdəm. Amma bir məsələ də var ki, müəllimlərin işi dərs deməklə bitmir.

Tələbələrə görə müəllimlər 2qrupa ayrılır. Pis və yaxşı müəllimlər. Bu da həm dərs deməsi, həm ünsiyyəti ilə bağlı olur. Bildiyim qədəri ilə bütün tələbələri tərəfindən sevilən o "yaxşı" müəllimlərdənsiniz. Bunun haqda nə düşünürsünüz?

 

-Birincisi, xarakter önəmlidir. Müəllim olan şəxs səbrli olmağı bacarmalıdır. İnsan nə qədər uşaqları sevsə də, onun xarakterində sevgi olmasa heç bir uşağı özünə bağlaya bilməz. Müəllim özü bir pedaqoqdur, o ayrı. Həmçinin müəllim bir aktyor olmalıdır. Lazım gələndə ağladacaq, lazım gələndə güldürəcək. Hətta uşağın valideyninə şikayəti elə etmək lazımdır ki, bu tələbəni səndən soyutmasın, səndən inciməsin. Tələbəylə səmimi bir bağ yaratmaq lazımdır ki, sən onu şikayət etsən də, tənqid etsən də, bu ona xoş gəlsin ki, məni düşünən biri var. 

Əsas məsələyə gələk, bizim vaxtımızda müəllimlər sərt idi, güldürmürdü, ağladırdı. Amma indiki gənclər bununla barışa bilmir. Onlar ağladanı yox, güldürəni sevir, istəyir. Əvvəllər bir söz var idi, deyirdilər "sənə güldürən yox, ağladan yanır", indi isə belə deyil. 

Uşaq müəllimi sevmədikdən sonra fənni sevə bilməz. Müəllimi sevdikdə isə fənni sevməsə belə sevməyə başlayır, oxumağa başlayır. Ən vacib məsələ səmimiyyətdir buna görə də.

 

-Siz eyni zamanda universitetlərə kodlaşdırma mütəxəssisisiniz. Bu sahədə də kifayət qədər uğurunuz var, hətta təltif olunmusunuz. Çox klassik bir sual verim. Bu uğurun qaynağı nədir? Ümumiyyətlə uğur sizə görə nədir?

 

-Açığı mən özümü tam olaraq uğurlu hesab etmirəm. Mənə görə bu uğur deyil. Çünki uğur bir məktəb səviyyəsi ya da dövlət səviyyəsi yox, beynəlxalq olmalıdır. Mən uğuru Avropayla ölçürəm. Bizim psixologiyamızda belə bir şey var ki, biri bir mükafat alıbsa Azərbaycanda onu alan uğurludur, xeyr. Mən dünyayla müqayisə edirəm. Məndən 5-10yaş böyük olan biri, Mark Facebook, Whatsap, İnstagram kimi şəbəkələri yaradıb. Mənim nisbətim bunlardır deyə özümü kifayət qədər uğurlu hesab etmirəm. Amma bu o demək deyil ki, uğursuzam, ya da bacarmıram, xeyr. Özümü daim inkiśaf etdirirəm.

Gələk ixtisas seçimi məsələsinə. İlkin vaxtlarda öyrənmək üçün mütəxəssislərdən öyrənməyə ćalışırdım. Qazancımın yarıdan çoxunu buna sərf edirdim. Daha sonra analiz etməyə başladım, DİM-dən araşdırmalar etdim, meyarların yoxlanılması üzrə kurslara yazıldım və s. Dayanmadım. Bu işdə məndən öncəki mütəxəssislərin paylaşımlarını izlədim. Öyrənməyə čalışdım və bacardım.

 

-Uğurla bağlı fikrinizi dediniz, bəs sizcə uğurun əsas şərti nədir? 

 

-Mənə görə uğurun əsas şərti disiplindir. Bunu śagirdlərimə də deyirəm. Düzdür, ilk öncə hər şey Allahın yazdığı qismətdən asılıdır. Allah yazmadığı nəyisə əldə etmək mümkün deyil. 5 yazıbsa 6-cı olmayacaq. Bu bir məsələ. Amma o 5-i qazanmaq da disiplin istəyir. Mənim üçün ən önəmli prinsip disiplindir. Öz üzərində čalışmaq, məsuliyyət və disiplin. Bunlar paralel olarsa və eyni zamanda insan inkişafa, öyrənməyə meyilli olarsa, axdarışda olarsa uğur qaçılmazdır. Mən işimi tarixə yönəltməmişəm təkcə. Günü bugün də hər mövzuda kitablar oxuyuram, dini, psixoloji, bədii əsərlər, elmi və s. Çünki gələcəkdə şansın haradan qarşıma çıxacağı bəlli olmaz. Şanslardan faydalanmağı bacarmaq lazımdır. Kiçik-böyük demədən fürsəti dəyərləndirmək lazımdır. Mən universitetə qəbul olduqda 2012-ci ildə bir kursa cv verdim və qəbul oldum. Aylıq qazancım cəmi 150manat idi və həftənin 3-4günü işləyirdim. Dözdüm. Bu gəlirin qalxacağını bilirdim. 4-cü kursda oxuyanda həm evdə abituriyentim var idi, həm kursdan qazancım var idi. Toplam 1200-1300manat qazanc qazanırdım aylıq. İndiki gənclər 300-400manatlıq satıcı işlərini belə bəyənmir, işləmir, halbuki heç o da havayıdan gəlmir, evdə valideyn əlinə baxırlar. Başlanğıcları yoxdur ki, ardı gəlsin. Bu doğru yol deyil. Amma məsələn, başlasalar o iş yerində baş kassirə, menecerə yüksələ də bilərlər. Əsas odur başlasınlar. Mən bilirəm ki, müəllimliyi bir gün buraxsam belə qurduğum hər hansı işdə 3-4ilə bugünkü səviyyəyə çata bilərəm, çünki öyrənməkdən qorxmuram, qaçmıram. 

 

-Deyim ki, ümumiyyətlə bizim müsahibəmizin məqsədi "karyerasında öz dişi-dırnaqlarıyla uğur qazananları tanımaq" idi. Mənim sizi seçməyimin səbəbi də həm daimi izləyiciniz, həm də şagirdiniz kimi sizin uğurlarınıza şahid olmam idi. Növbəti sualım həyatınızla bağlıdır. Hər kəsin həyatında çətin dönəmlər olur. Elə insanlar var ki, bu dönəm depresiyaya düşür, güc itirir, elələri də var, tam əksi, bundan güc alır. Siz hansı qrupdansınız?

 

-Deyirlər ki, yüz fikir bir dərdə çarə deyil. Amma mən bununla razı deyiləm. 2017-ci ildə universitetdə oxuyarkən şəxsi biznesim var idi mənim.  Həm dönər restoranım var idi,  oyun salonum var idi. Eyni zamanda abituriyent hazırlığıyla məşğul idim. Qardaşım həmin dönəmdə xərçəng xəstəliyi ilə mübarizə aparırdı. Lakin mübarizəni qalib çıxa bilmədi və onu itirdik. Onu itirəndən sonra mən 1il toparlana bilmədim. Bizneslərim batdı, şagirdlərim hazırlıqdan çıxdı. 17-18şagirdimdən cəmi 1-i qaldı və mən 1il boyu sadəcə 1cə nəfərə hazırlıq kećirdim. 4-cü kursda azı 1300-1500 qazanan mənim növbəti il sadəcə 50manat qazancım olurdu aylıq. Həmin vaxt kursda işləmirdim, amma gördüm ki, başqa çıxış yolu yoxdur, toparlanmalıyam, kursa müraciət etdim. 2018-2019-da qazandığım məbləğ cəmi 500-600manat idi. Sonrasında instagramda hesab açdım. Tarixlə bağlı postlar paylaşdım, addım-addım, damla-damla nələrisə yerinə qoymağa çalışdım. Bacardım. 2020-də yenə ailəvi məsələlərə görə eniş yaşadım, borca batdım, yenə qalxdım, topladım. Bunlar hamının başına gələ bilər. Qismətdə varsa ən yaxşısı da olur, ən pisi də olur. Hal hazırda Azərbaycanın ən böyük tarix səhifəsi mənimdir. Məsələ hər zaman çıxış yolu axtarmaqdır. 

 

-Qürur duyulası bir həyatınız var. Ümumilikdə keçmişə baxdıqda ən böyük uğurunuz nəyi hesab edirsiniz?

 

-Müəllim olmağımı. Çünki ətrafımda da, qohumda da hər kəsin mənə müəllim deməsi mənim üçün ən böyük uğurdur. Mən "bəy" deyə xitab olunmasını sevmirəm. Hər hansı bir qurumda mənə "bəy" deyildikdə də irad bildirirəm. Çünki mən müəlliməm. İşimi, adımı da layiqincə daşıya bilirəm. Və mən müəllim olmayanlara bu adın verilməsi ilə də razılaşa bilmirəm. İmkanlı olan hər kəs müəllim ola bilməz. Müəllim statusu alidir. Müəllim öyrədəndir. Düzdür, yorucudur, amma qürur verici bir hissdir. 

 

-Bir də, şagirdlərinizin uğurlarını görmək var ki, düşünürəm ki, bu da olduqca gözəl hissdir. 

 

-Əlbəttə, elədir. Şagirdlərimin hər hansı televiziyada, digər mediada çalışması, gəlib sənin kimi məndən müsahibə alması, yüksək vəzifədə çalışması. Bunlar möhtəşəm hislərdir. Bir şey də deyim ki, məsələn "niyə müəllimlik?" deyə soruşanlara deyirəm ki, bir müəllimin hər yerdə əli olur. Dərs dediyim şagirdlər, valideynləri hərəsi bir vəzifədədirlər. Sabah həkimə gedəsi olsam həkimin də yaxşısını bilirəm, mühəndisin də. Müraciət edə biləcəyim seçimlərim çoxdur. "Uşağımın müəllimidir" ; "mənim müəllimimdir" sözləri elə insan üçün yetir də artır.

 

-Mənim sizə suallarım bitdi əslinə qalsa, sizin hansısa bir məsləhətiniz varmı gənclərə?

 

-Gənclərə yox, özümə tövsiyə verirəm. Gənclərə də özümə rəva bildiyim nə varsa, özümə məsləhət bildiyim nə varsa onu məsləhət bilirəm. Mənim üçün həmişə əsas olan başlamaqdır. Körpə addım atmalıdır ki, qaça bilsin. Risk edin. Pulsuz işləyin, könüllü olun. Yetər ki, nə isə edin. Dayanmayın. Dayanmasanız, qazanacaqsınız. Məqsəd ali olduqdan sonra Allahın izni ilə hər şey əldə oluna bilər. Yetər ki, məqsəd, disiplin, həvəs olsun.

Hə bir də, işlə şəxsi həyatı hər zaman ayırın. Nə işə ev gətirin, nə evə iş. O zaman rahat və hüzurlu olacaqsınız. 

 

-Təşəkkür edirəm, Səbuhi müəllim. Sizi yenidən görmək, sizinlə söhbət etmək çox xoş oldu. Sizə gələcəyinizdə bugünkündən də çox uğur arzu edirəm. Bir tələbəniz olaraq sizin uğurlarınızı görmək olduqca sevindiricidir.

 

-Mənə də həmçinin bir müəllim kimi tələbəmin, sənin uğurunu görmək olduqca xoşdur. Mən də sənə uğurlar arzu edirəm.

 

“Ədəbiyyat və incəsənət”

(08.04.2024)

Şənbə, 06 Aprel 2024 18:00

BİR SUAL, BİR CAVAB Rüstəm Behrudi ilə

 

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

SUAL

Əvvəlin sonu yox, sonun əvvəli,

Bu canım ruhuma qənimdir, nədən?

Bu əllər, bu saçlar, bu göz mənimmi?

Yoxsa özgə ruhu gəzdirir bədən?

 

Günah içindəyəm ruhum didərgin,

Günahın həmişə - son ucu tövbə

Sözümdən boylanan bu tənhalığım

Ruhumun önündə sonuncu tövbə.

 

İlahi, sən mənə bir az səbr ver,

Hisslərin əlindən qopar, çək məni.

Yoxsa ki, tezliklə dəlisov ürək

Bir qəfil ölümə çəkəcək məni. 

(Rüstəm Behrudi)

 

 Dəyərli Şairimiz Rüstəm bəy,  qüsursuz, səhvsiz insan olmur- söyləyirlər. Bəs

"Qüsursuz insan modeli"-  dedikdə o insanda hansı xüsusiyyətlər cəm olmalıdır?

 

CAVAB

-Mükəmməl üst insan anlayışı Sokratdan, Diogendən, Konfutsidən başlamış (sonradan şərqdə daha çox Nəsimidə, Rumidə, Tusidə rast gəlinir), qərbin ən böyük filosoflarından Nitşeyə qədər fəlsəfi düşüncənin əsas predmeti olmuş və olmaqda da davam eləyir!                     

“Heç kim heç kimdən üstün deyil" prinsipinə söykənən bu düşüncə (üst insan) bütün bəşəri dəyərləri özündə etiva eləyən, bəzən də o dəyərlərə əlavələr eləyən insan anlayışıdır!

Mənə görə, içində mərhəmət hissi olan, paylaşmaq duyğusunu tərcümeyi-halına çevirən adam mükəmməl insandı. Mərhəmət və paylaşmaq duyğusu olan, insana sevgisi olan insan bütün böyük dəyərlərin fövqündədir!

 

“Ədəbiyyat və incəsənət”

(06.04.2024)

Şənbə, 06 Aprel 2024 17:17

Dünya rekordu vuran sirk ustası...

 

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Adı "Ginnesin Rekordlar Kitabı"na düşən cəmi yeddi nəfər azərbaycanlı var. Onların əksəriyyəti, el diliylə desək, səfeh-səfeh şeylərə görə düşüblər, yəni cinsi alətinin uzunluğu ilə dünya rekordu vurublar...

Onun da həmin kitabda adı var, amma 6 metrlik nərdivanda 7 dəqiqə 50 saniyə qaldığı üçün... 

Bəli, bu gün sizə dünya rekordu vuran məşhur sirk ustası Üzeyir Novruzovdan danışmaq istəyirəm.

Üzeyir 1976-cı ildə Qərbi Azərbaycanın Böyük Qaraqoyunlu kəndində dünyaya gəlib. Doqquz yaşında olarkən Rusiyanın Krasnodar vilayətinin Yeysk şəhərinin Yasenskaya kəndinə köçüblər. 1992-ci ildə 8-ci sinfi orada bitirdikdən sonra üç il peşə məktəblərindən birində aşbazlığı öyrənib. 1996-1999-cu illərdə Moskva Dövlət Sirk və Estrada Ali Sənət Məktəbində təhsil alaraq sirk ustası ixtisasına yiyələnib. 1999-2002-ci illərdə Moskvanın Vernadski prospektindəki "Yeni Sirk"də çalışıb. 2002-ci ildə ABŞ-ın Nyu York şəhərində fəaliyyət göstərən "Big Apple" sirkindən dəvət alıb və bir il burada işləyib. Sonra o, "Du Soleil" səyyar sirkində çalışmağa başlayıb. 2004-cü ildən 2014-cü ilədək Avropa ölkələrində, Yaponiyada, Braziliyada, Kanadada, ABŞ-ın bir çox ştatlarında qastrol səfərlərində olub. 2014-cü ildən Las Veqas ştatında yaşayır. Burada məskunlaşdığı ilk vaxtlarda bir müddət sirkdən ayrılaraq müxtəlif işlərlə məşğul olub. 2015-ci ildə ABŞ-ın "America's Got Talent" teleşousunda iştirakı ilə dünyada tanınmağa başlayıb. Bu şoudan sonra o, müxtəlif ölkələrin sirklərindən dəvətlər alsa da müstəqil fəaliyyətə üstünlük verir. Elə o vaxtdan da xüsusi şoularda iştirak edir…

 

2016-cı ildə Əbu-Dabidə keçirilən "Formula-1" yarışmasında Üzeyiri görən ölkəmizin rəsmi nümayəndəsi onu 2017-ci ildə Bakıda keçirilən "Formula-1"-in açılış mərasiminə dəvət edir. O da məmnuniyyətlə bu tədbirə qoşulur…

 

Deyir ki,- "Bütün dünyanı gəzmişəm, amma Azərbaycanın ürəyimdə öz yeri var. Sevinirəm ki, Azərbaycan son zamanlar çox gözəlləşib. Mən orada olanda elə bilirdim ki, inkişaf etmiş Avropa ölkələrindən birindəyəm. Səmimi sözümdür, Bakı mənim üçün Nyu Yorkdan da gözəldir"…

 

Ömür-gün yoldaşı Olqa Novruzova milliyətcə rus olsa da azərbaycan dilində danışmağı bacarır. Bir cüt əkiz qızları və bir oğlu var…

 

Addım-addım uğurlara nail olan, həyatını nərdivana bənzədən bu soydaşımız sadə, gülərüz və çox mehriban insandır. Elə ilk andan söhbətimiz alındı. Bu onun səmimiyyətindən irəli gəlirdi. Retro filimlərə baxmağı xoşlayır. Azərbaycan xalq mahnılarını, aşıq havalarını, xüsusən də muğamı dinləməkdən zövq alır...

 

Ən böyük arzusu isə Çarli Çaplin kimi filimlərə çəkilməkdir. İnanırıq ki, o, bu istəyinə də çatacaq. Axı bütün nailiyyətlər istəkdən başlayır...

 

Aprelin 6-sı Üzeyirin 48 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı, yeni-yeni rekordlar arzulayıram...

 

Elman EldaroğluDünya rekordu vuran sirk ustası...

 

Adı "Ginnesin Rekordlar Kitabı"na düşən cəmi yeddi nəfər azərbaycanlı var. Onların əksəriyyəti, el diliylə desək, səfeh-səfeh şeylərə görə düşüblər, yəni cinsi alətinin uzunluğu ilə dünya rekordu vurublar...

 

Onun da həmin kitabda adı var, amma 6 metrlik nərdivanda 7 dəqiqə 50 saniyə qaldığı üçün... 

Bəli, bu gün sizə dünya rekordu vuran məşhur sirk ustası Üzeyir Novruzovdan danışmaq istəyirəm.

 

Üzeyir 1976-cı ildə Qərbi Azərbaycanın Böyük Qaraqoyunlu kəndində dünyaya gəlib. Doqquz yaşında olarkən Rusiyanın Krasnodar vilayətinin Yeysk şəhərinin Yasenskaya kəndinə köçüblər. 1992-ci ildə 8-ci sinfi orada bitirdikdən sonra üç il peşə məktəblərindən birində aşbazlığı öyrənib. 1996-1999-cu illərdə Moskva Dövlət Sirk və Estrada Ali Sənət Məktəbində təhsil alaraq sirk ustası ixtisasına yiyələnib. 1999-2002-ci illərdə Moskvanın Vernadski prospektindəki "Yeni Sirk"də çalışıb. 2002-ci ildə ABŞ-ın Nyu York şəhərində fəaliyyət göstərən "Big Apple" sirkindən dəvət alıb və bir il burada işləyib. Sonra o, "Du Soleil" səyyar sirkində çalışmağa başlayıb. 2004-cü ildən 2014-cü ilədək Avropa ölkələrində, Yaponiyada, Braziliyada, Kanadada, ABŞ-ın bir çox ştatlarında qastrol səfərlərində olub. 2014-cü ildən Las Veqas ştatında yaşayır. Burada məskunlaşdığı ilk vaxtlarda bir müddət sirkdən ayrılaraq müxtəlif işlərlə məşğul olub. 2015-ci ildə ABŞ-ın "America's Got Talent" teleşousunda iştirakı ilə dünyada tanınmağa başlayıb. Bu şoudan sonra o, müxtəlif ölkələrin sirklərindən dəvətlər alsa da müstəqil fəaliyyətə üstünlük verir. Elə o vaxtdan da xüsusi şoularda iştirak edir…

 

2016-cı ildə Əbu-Dabidə keçirilən "Formula-1" yarışmasında Üzeyiri görən ölkəmizin rəsmi nümayəndəsi onu 2017-ci ildə Bakıda keçirilən "Formula-1"-in açılış mərasiminə dəvət edir. O da məmnuniyyətlə bu tədbirə qoşulur…

 

Deyir ki,- "Bütün dünyanı gəzmişəm, amma Azərbaycanın ürəyimdə öz yeri var. Sevinirəm ki, Azərbaycan son zamanlar çox gözəlləşib. Mən orada olanda elə bilirdim ki, inkişaf etmiş Avropa ölkələrindən birindəyəm. Səmimi sözümdür, Bakı mənim üçün Nyu Yorkdan da gözəldir"…

 

Ömür-gün yoldaşı Olqa Novruzova milliyətcə rus olsa da azərbaycan dilində danışmağı bacarır. Bir cüt əkiz qızları və bir oğlu var…

 

Addım-addım uğurlara nail olan, həyatını nərdivana bənzədən bu soydaşımız sadə, gülərüz və çox mehriban insandır. Elə ilk andan söhbətimiz alındı. Bu onun səmimiyyətindən irəli gəlirdi. Retro filimlərə baxmağı xoşlayır. Azərbaycan xalq mahnılarını, aşıq havalarını, xüsusən də muğamı dinləməkdən zövq alır...

 

Ən böyük arzusu isə Çarli Çaplin kimi filimlərə çəkilməkdir. İnanırıq ki, o, bu istəyinə də çatacaq. Axı bütün nailiyyətlər istəkdən başlayır...

 

Aprelin 6-sı Üzeyirin 48 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı, yeni-yeni rekordlar arzulayırıq. 

 

“Ədəbiyyat və incəsənət”

(06.04.2024)

Şənbə, 06 Aprel 2024 16:22

Yeni kino muzeyi yaradılacaq

 

Dövlət Film Fondunda, Dövlət Kino-Foto Sənədləri Arxivində və digər bu tip arxiv və mənbələrdə kinematoqrafiyaya aid audiovizual materialların, foto və sənədlərin vahid reyestrinin yaradılması və qorunması nəzərdə tutulur. Azərbaycan kinosunda əvəzsiz xidmətləri olan kino klassiklərinin Dövlət Film Fondunda və yaxud yeni yaradacağımız kino muzeyində fərdi guşələrinin açılması və onlara aid olan əşya və sənədlərin bu muzeydə toplanaraq qorunmasını planlaşdırırıq.

Bu fikirləri AzərTAC-a müsahibəsində Əməkdar incəsənət xadimi, Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) baş direktoru vəzifəsini icra edən Orxan Fikrətoğlu deyib.

Onun sözlərinə görə, ARKA AMEA ilə birlikdə kino irsini təbliğ edən “Milli kino tarixi” çoxcildliyinin nəşri, kino xadimlərinin yaradıcılığını və avtobioqrafiyasını əks etdirən elektron antologiyanın hazırlanmasını da nəzərdə tutur: “Bir məsələni xüsusilə qeyd etmək istərdim ki, milli kinomuzun təbliğ edilməsi məqsədilə A kateqoriyalı festivallarda Azərbaycan pavilyonlarının açılması haqqında artıq mədəniyyət naziri tərəfindən də qərar verilib. May ayında Kann festivalında Azərbaycan pavilyonlarının qurulmasına başlanılacaq. Ölkəmiz Kann festivalında yeni yanaşmamızın və yeni kino fəlsəfəmizin təqdimatı ilə təmsil olunacaq. Həmçinin ölkə daxilində fəaliyyət göstərən telekanallarda təbliğat mexanizmi olaraq müxtəlif təyinatlı kino verilişlərinin hazırlanması, müstəqil kino və mədəniyyət portallarının dəstəklənməsi nəzərdə tutulur”.

 

“Ədəbiyyat və incəsənət”

(06.04.2024)

 

Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) qardaş Türkiyə, Özbəkistan kimi türk dövlətləri, eyni zamanda, digər ölkələrlə birgə layihələrin həyata keçirilməsinə başlayıb. Konkret olaraq Özbəkistan Respublikası ilə Maqsud Şeyxzadənin həyatından bəhs edən bədii filmin çəkilməsi üçün Bakıda memorandum imzalanıb. Bununla da Azərbaycan kino cameəsi ilk dəfə özbək kino bazarına daxil olub. Bu isə Azərbaycan kinosu üçün bu günə qədər olmayan real maddi gəlir və təbliğat deməkdir. Ümumiyyətlə, bizim hədəfimiz iqtisadi səmərə baxımından daha çox xarici, xüsusilə də TÜRKSOY-a daxil olan ölkələrin bazarına daxil olmaqdır.

 

Bu fikirləri AzərTAC-a müsahibəsində Əməkdar incəsənət xadimi, ARKA-nın baş direktoru vəzifəsini icra edən Orxan Fikrətoğlu deyib.

Onun sözlərinə görə, bu günlərdə Türkiyənin tanınmış “Skala Film Prodüksiyon” və “Tulpar Film” şirkətləri ilə də anlaşma memorandumu imzalanıb. Memoranduma əsasən, yaxın vaxtlarda Azərbaycan və Türkiyə bazarlarına çıxacaq “Qızıl qatar” (“Altın tren”) adlı birgə filmin istehsalı nəzərdə tutulur. Film XX əsrin əvvəllərində Türkiyə və Azərbaycanın əlaqələrindən bəhs edir. 1918-ci ildə Nuru paşanın komandanlığı ilə Osmanlı ordusunun Azərbaycan Xalq Cümhuriyyətinə köməyə gəlməsi, həmçinin Azərbaycandan qardaş Türkiyəyə qızıl yüklü qatarın göndərilməsi filmdə öz əksini tapacaq.

“Türkiyə ilə birgə istehsal olunacaq daha bir film Nargin adasında saxlanılan türk əsirlərinin həyatından bəhs edən “Narginli Sona” filmidir. Rejissor Elməddin Alıyevin ekranlaşdıracağı bu filmin ssenari müəllifi Xəyam Abdullazadə, prodüseri Narin Nur Akdidir. Film Türkiyənin “Yerli Düşünce Basın Yayın Medya” şirkəti tərəfindən ARKA ilə birgə maliyyələşdirilir”, - deyə Orxan Fikrətoğlu bildirib.

 

“Ədəbiyyat və incəsnət”

(06.04.2024)

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Sevimli yazıçımız, dünyaşöhrətli detektiv ustası Çingiz Abdullayevin yubileyi ilə bağlı görəsən Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası nə töhfələr hazırlayıb? 

 

Yolumu kitabxanadan saldım və dərhal da sualıma cavab aldım. Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, hüquq elmləri doktoru Çingiz Abdullayevin 65 illik yubileyi münasibətilə ənənəvi və virtual kitab sərgisi hazırlanıb.

Dərhal deyim ki, virtual sərgidə görkəmli yazıçının həyat və yaradıcılığı, ictimai fəaliyyəti, müəllifi olduğu əsərlər haqqında geniş məlumat verilib.

Sərgidə Prezident İlham Əliyevin Çingiz Abdullayevi “Şərəf” ordeni ilə təltif etməsi, Xalq artisti, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəylinin, Əməkdar incəsənət xadimi, rəssam Çingiz Fərzəliyevin görkəmli yazıçı haqqında söylədikləri dəyərli fikirlər yer alır.

Materialda yazıçının 32 dilinə tərcümə edilən 200-ə yaxın kitabın müəllifi olması, yazdığı əsərlərin Azərbaycanda və bir çox ölkələrdə tanınmış, sevilən qələm ustası olduğu qeyd olunub. Kitab sərgisində müəllifin “Mavi mələklər”, “Qırılmış əlaqə”, “Oliqarxın qayıdışı”, “Oliqarxın varisi”, “Alqış sədaları altında ölüm”, “Bumeranq zərbəsi” kimi 20-dən çox kitabının qısa annotasiyası ilə yanaşı, görkəmli yazıçının əsərlərinin motivləri əsasında çəkilən filmlərdən və Çingiz Abdullayevin müsahibələrindən fraqmentlər də təqdim edilib.

“Çingiz Abdullayev - 65” adlı ənənəvi kitab sərgisində müəlifin kitabxana fondunda olan və geniş oxucu kütləsi tərəfindən sevilərək mütaliə edilən kitabları və kitabxana əməkdaşları tərəfindən hazırlanan eyniadlı ədəbiyyat siyahısı nümayiş olunub.

 

Virtual kitab sərgisi kitabxananın rəsmi saytında https://ryl.az/multimedia/cingiz-abdullayev-65 yerləşdirilib.

Buyurub, tanış ola bilərsiniz.

 

“Ədəbiyyat və incəsənət”

(06.04.2024)

Aysel Fikrət, “Ədəbiyyat və incəsənət” üçün 

 

Azərbaycan Mill Konservatoriyasında Əməkdar incəsənət xadimi Əhsən Dadaşovun 100 illiyinə həsr olunmuş Xalq çalğı alətləri Festivalının “Tar ifaçılığı” üzrə həftəsi uğurla başa çatıb. 

 

Azərbaycanın Milli mədəniyyətini, irsini,  adət-ənənələrini qorumaq hər birimizin müqəddəs borcudur. Damarlarında Azərbaycanlı qanı axan hər bir həmvətənlimin bayağı musiqi dinləməyə, mədəniiyətini, incəsənətini danmağa haqqı yoxdur.

Azərbaycan Milli Konservatoriyasının çox dərin bir missiyası var. O, Milli irsimizi, musiqi ənənəsini, Milli musiqi alətlərini, unudulmaq təhlükəsiylə üz üzə qalan qədim xalq musiqilərini, muğamı yeni nəsillərə ötürməklə, təbliğ etməklə məşğuldur.

Mədəniyyətin və siyasətin inkşafında iyirmi, otuz, hətta əlli il öncə görə bilən dahi şəxsiyyət Heydər Əliyev bu təhsil ocağını yaratmaqda məqsədi, əlbəttə ki, bu idi. Yalnız əsas  budur ki, onun etimad göstərdiyi insan Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi  bu arzunu doğrultmaqla yanaşı, mən deyərdim ki, Azərbaycan musiqisi qarşısında da öz borcunu layiqincə yerinə yetirə bildi . Azərbaycan Milli Konservatoriyasında Milli Musiqi alətlərində dünya musiqisini ifa edəcək orkestrlər yaratdı. Milli alətlərin qorunması üçün laboratoriyalar yaratdı. O, Azərbaycan mədəniyyətinin və musiqi sənətinin inkişafında  öndə olan sənətkarları təhsil ocağına dəvət etdi. Muğama elə zərif yanaşdı ki, indi hal hazırda hər səsin hər musiqi dünyasının bir qığılcımın da qədri bilinən tələbəsindən tutmuş saysız hesabsız Xalq artistlərinə qədər bu ocağa qədəm qoyan hər kəs üçün bir məbəd yarada bildi. O, musiqi məbədində daha bir möhtəşəm layihəyə imza atıb. İstədim mədəniyyət aləminin bundan xəbəri olsun. Bayaq  qeyd etdiyim kimi, bu  məbəddə Milli musiqi alətlərinin qorunması və təhsili üçün hər kəs əlindıə gələni edir.

Söhbət rektor, Xalq artisti Siyavuş Kəriminin Bədii rəhbəri və sədri olduğu, eyni zamanda, təşəbbüskarı olduğu  Xalq Çalğı alətləri Festivalından gedir.

Xalq çalğı alətləri Festivalı artiq ikinci dəfədir ki, AMK-da keçirilir. Bu dəfə Festival gözəl sənətkarımız, unudulmaz incəsənət xadimi olan Əhsən Dadaşovun 100 illiyinə həsr olunub.

Hər həftəsi bir musiqi alətinə həsr olunacaq olan Festıvalın tar ifaçılığı həftəsinə son qoyuldu.

Digər həftələrdə Milli nəfəs alətləri, qanun, kamança ifaçılığı həftələri də olacaq.

Tar Festivalının ilk günü böyük həyacan hiss olunurdu. Həftə içi dörd gün saat 15 00 da başlayan Festivalda bir birindən istedadlı sənətkarlar iştirak etdi. Festivalın təşkilatı ilə məşğul olan İnstrumental muğam kafedrasının müdiri Malik Mansurov  proqrama elə öz çıxışı ilə başladı. Bu gənclərə və ondan sonra iştirak edəcək bütün ifaçılara bir stimul oldu.

Festival Mədəniyyət kanalı tərəfindən canlı olaraq lentə alınır və mütəmadı olaraq Mədəniyyət kanalında  yayımlanır.

Mədəniyyət kanalı bütün mədəniyyət aləmi ilə  sıx bağlı olduğu kimi AMK  ilə iş birliyini daima davam etdirir, Azərbaycan Milli Konservatyoriyasının  yaradıcı və sənətkar mühitinə çox böyük dəyər verir. Bu da çox sevindirici haldir. Festivalın proqramını İnstrumental muğam kafedrasının laborantı  Məleykə  xanım mənə ötürür. Bu proqramda bir birindən gözəl sənətkarların  adları yazılmışdır . Dörd gün ərszində iştirak edən 20  tələbəni nəzərinizə çatdırıram :

Malik Mansurov - Xalq artisti,

Mehman Mikayılov, Əsab Əliyev, 

Səbuhi Cəfərov - Əməkdar artist, Elman Sadıqov, Ələkbər Ələkbərov-  Əməkdar artist,

Ayaz İmranov, Vüsal İsgəndərzadə - Əməkdar artist,

Altay Niftaliyev, Rəşad İbrahimov, İqbal Məmmədzadə, Kamal Nuriyev, Rövşən Qurbanov, Şəhriyar İmanov, Bəhruz Zeynalov, Nurlan Cəbizadə, Mircavid Cəfərov, İbrahim Babayev, Araz Qasimi, Kamal Şükürov.

Bu sənətkarların hər biri ayrı ayrılıqda çox yüksək peşəkarlıq istedad nümayiş etdirdilər. Onlar tar ifaçılığının imkanlarının əslində çox geniş olduğunu bütün müsiqi aləminə numayiş etdilər. Adətən olduğu kimi, tar- müşayiət edən üç alətdən biri deyildi. Bu dəfə tar özü  sənətkar ifalarıyla tamamilə başqa bir abu hava yarada bildi.

Həftə içi dörd gün musiqi sevərlərlə dolan AMK nın Böyük zalı çox gözəl bəzədilib. Səhnədə görkəmli qocaman, ömrünü bu sənətə həsr edən sənəkarlarımızın :Əhməd Bakıxanov, Qurban Pirimov, Bəhram Mansurov, Sadıqcan, Hacı Məmmədov, Əhsən Dadaşov, Sərvər İbrahimovun şəkilləri asılıb.

Xalq çalğı alətləri kafedrasının mudiri Ramiz Əzizov deyir ki, bu dəfə ifaçılar ikiqat həyacanlıdır, çünki bu cür sənətkarların rəsmləri asılmış səhnədə ifa edirlər.

Bu adlarını çəkdiyim ifaçıların bir biri haqqında ayrı ayrılıqda danışmaq olar. Amma həmin günü onların ifasını əks etdirməyə  sözlər gücsüzdür. Mütləq Festivalda iştirak etmək və bu musiqi möcüzəsini, musiqi bayramını öz gözlərinizlə görməlisiz. Aprel ayinin 15 dən Festival öz işini davam etdirəcək. Tar ifaçılığı həftəsi çox böyük uğurla başa çatdı. Bütün ifaçıları bir birinbdən uğurlu çıxışlarına görə təbrik edirik. "Əsil sənətin və sənətkarın olduğu məkan müqəddəsdir" - deyirik. Çünki burda sənətkara dəyər verilir. Bütün ifaçılar sonda səhnədə  başları üzərindən asılmış sənətkarların rəsmləri qarşısında baş əydilər, ruhlarını şad etdilər. Bu gözəl ənənə özü də səhnəni və tamaşaçı coşqusu ilə dolu olan Böyük zalı sanki sehirləmişdi.

Musiqi gözəllikdir. Azərbaycan Mİlli Konservatoriyası onun mehriban kolleltivi və burda görülən işlər də bu gözəlliyin bir parçasıdır.

 

“Ədəbiyyat və incəsənət”

(06.04.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.