ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

 

“Ədəbiyyat və incəsənət” portalının Tələbə Yaradıcılığı rubrikasında sizlərə Ağdam Dövlət Sosial İqtisad Kollecinin tələbəsi Gültəkin Məmmədovanın yaradıcılığını təqdim edəcəyik. 

 

Bir gün məndən soruşdular:

— Əgər hekayə yazsan, adı nə olardı? — deyə.

-Bilmirəm, — dedim, susdum, üzümdə balaca gülümsəmə ilə.

Niyəmi? Çünki zatən hər kəsin həyatı, dünyaya gəlib dünyadan köçənə qədər bir hekayədi... Zatən. Bir də hekayə içində hekayəmi yazaq?

Gəlin sizə bir oğlanın hekayəsini danışım. Mənə necə danışıbsa, eləcə də, bəzək-düzək vurmadan sizə danışım. 

Siz qərar verin: hekayəmi yazmaq, ya yaşadığın hekayəni danışmaq daha çox maraq kəsb edir?

 

Mənim uşaqlığım ölkəmizin gözəl rayonlarından birinin balaca kəndlərindən birində keçib. 3 nəfərlik — anam, mən, bir də balaca bacımdan ibarət kasıb, ancaq xoşbəxt bir ailəmiz olub.

Anam zəhmətkeş bir qadın idi. Gündəlik işlərdə işləyir, kənddə maksimum gündəlik iş — onun-bunun sahəsində alaq çəkmək, meyvə-tərəvəz toplayıb fəhləlik etmək idi.

Bəzən biz də onunla gedər, sərinlikdə ağac altında oturub, onun isə — günəşin altında, o istidə necə əziyyət çəkdiyini izləməklə qalardıq.

Allaha sitəm edərək içdən-içə deyirdim: "Böyüyüm, anama, bacıma mən baxacağam."

Beləcə vaxt keçirdi.

 

Bir gün anamın burnu bərk qanadı. Ara-sıra olurdu, ancaq bu dəfə çox davam etdi.

— Qorxmayın, gün çox istidi, bu gün başım ağrıdı, ondandır, — dedi.

Kaş elə də olaydı... Gündən-günə anam ağırlaşır, artıq işə belə gedə bilməz hala gəlmişdi.

Bir gün özündən getdi və məcbur həkimə getməli olduq. Anama xərçəng diaqnozu qoydular.

Dünyam başıma yıxıldı. Mən 12, bacım isə 9 yaşında idi. Anamı evə apardıq, imkansızlıqda müalicə etdirə bilmədik.

Və kaş bir möcüzə olaydı, — deyə hər gün dua etdim. Ancaq kasıbın duası belə kasıb olurmuş, eşidilmirmiş...

Anam son günlərində məni yanına çağırdı. Bir az söhbət etdik. Xəstə yatağında belə bizi düşünür və təsəlli verirdi.

Mənə bir məktub uzatdı və bu məktubu saxlamamağımı, əgər bir çıxılmazda qalsam, nə edəcəyimi bilmədiyim təqdirdə açıb oxumağımı istədi. Bu, onun son vəsiyyəti idi.

Və elə də etdim. Anamın məktubunu evlilik ildönümündə rəhmətlik atamın onun üçün qoz ağacından düzəltdiyi mucruya qoydum və sandığı qoyaraq o günü gözlədim.

Aradan illər keçdi. Həm işləyir, həm məktəb oxuyur, həm də bacıma baxır, onun təhsil alması üçün çalışırdım. Çünki necə deyirlər: Təhsil insanın gələcəyidir. Təhsil — qaranlıq yola tutulan ən gözəl işıqdır.

Birtəhər məktəbi bitirdim. Ən böyük arzum həkim olmaq idi. Çünki anama o an edə bilmədiyim köməkliyi bəlkə başqa analara edərəm, heç bir övlad Allahın buyurduğu xəstəlikdən deyil, imkansızlıqdan anasını itirməsin deyə...

Və elə də oldu. Azərbaycan Tibb Universitetinə qəbul oldum.

1 il zarı-zorla oxuduqdan sonra həm iş, həm oxumaq, həm dərslərə hazırlaşmaq artıq məni çox yormuşdu. Birini etməli idim.

Amma il ildən çətin gəlirdi. Vəziyyət ağırlaşırdı, qazanc da xərci ödəmirdı və ən önəmlisi — baxmalı olduğum bir bacım var idi.

Universitet xəyallarından əl çəkib, iki işdə işləməyə və bacımı oxutmağa başladım.

Bitirdi və o da BDU Hüquq fakultəsinə qəbul oldu. Onun adına çox xoşbəxt idim. “Heç kəsin baxmadığı, saymadığı, ‘bunlardan heç nə olmaz” dediyi kasıb bir ailədən çıxıb, ali savadla oxumuş, dövlətinə yararlı bir hüquqşünas olacağını bilmək böyük qürur vericidir!”

Və dönüb geri baxanda, öz gələcəyimdən keçmişdim. Ancaq bacım üçün gələcək qurmuşdum. Və qurmağada davam edəcəkdim. 

Beləcə, illər su kimi keçdi. O məzun oldu. Hətta işə belə girdi.

Bir gün o mənə yaxınlaşaraq:

— Qardaşım, artıq sıra sənindir, indi sən oxuyacaqsan, mən sənə baxacağam, — dedi.

Gözlərim istəmədən doldu. Qürur duyurdum onunla. Artıq ayağının üstündə duran bir bacım var idi. Mən bunu bacarmışdım — anamın, atamın əmanətinə sahib çıxmağı.

Heç nə demədim.

Axşama doğru idi. Balaca evimizin özü kimi balaca, şirin bir həyəti... Hətta içində ərik ağacı vardı. Altında yayda oturmaq üçün kötükdən düzəltdiyim oturacaqlar vardı. Orada oturmuşdum, çay içirdim. Bacımın dediyini düşünürdüm və artiq çox gec olacağını düşünürdüm. O an....

Anamın məktubu yadıma düşdü. İllərdir qaçaqaçdan, tələsgənlikdən unutmuşdum. Və oxumaq qərarı aldım. Bacımdan qutunu gətirməsini istədim. Gətirdi. Açdım.

Məktub hələ də qoyduğum kimi idi. Gözlərim yaşla doldu, qəhər məni boğdu. Anamın qoxusunu hiss etdim sanki. Məktubu, əllərim əsirdi, aça bilmədim. Bacım əlimdən aldı, açdı və oxumağa başladı:

 

Ananın Məktubu

 

Gözəl övladlarım,

Siz bu məktubu oxuyursunuzsa, demək ki, mən artıq aranızda yoxam.

Sizləri çox sevirəm. Bir ana üçün bu həyatda ən dəyərli xəzinə — övladlarıdır.

Biriniz sol qanadım, biriniz sağ qanadımsınız. Çalışın, hər zaman bir-birinizi sevin, qayğısına qalın. Biri-birinizin dərdi dərdiniz, sevinci sevinciniz olsun.

Oğlum, yaraşıqlım,

Bəlkə də artıq böyük bir oğlan olmusan. Bacın üçün özünü fəda etmisən, buna əminəm. Çünki sənin qəlbini bilirəm.

Ancaq bu həyatı özünü fəda edərək yaşaya bilməzsən. Hər zaman dik dur və hər zaman xəyalını qurduğun arzularını reallaşdır. Və unutma: sən hər şeyi bacararsan!

Qızım, Qardaşın sənə həm ana, həm ata olacaq. Sən də ona övlad ol. Onun qayğısına qal.

Sizləri çox sevirəm, gözəl övladlarım...

 

Və ikimiz də ağlayaraq bir-birimizə sarıldıq.

O gündən başladım təhsilimi davam etdirməyə. Çünki təhsilin yaşı olmur, insan hər yaşında oxuya bilər. Məktəbi yüksək nəticə ilə bitirdim. Həkim oldum.

Arzularımı reallaşdırdım.

Və anladım ki, bacarma dərəcəsi 99% olan insanlar, bacarma dərəcəsi 1% olanların yanında kölədir, bundansa qurtulmaq zəruridir.

Siz də dayanmayın. Davam edin. Xəyallarınızın ardınca gedin.

Çünki xəyal qurmaq üçündür, onu reallaşdırmaq üçün isə çalışmaq lazımdır.

 

“Ədəbiyyat və incəsənət”

(08.07.2025)

 

 

Çərşənbə axşamı, 08 İyul 2025 09:23

Xalq artisti Şirzad Abutalıbovun doğum günüdür

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

  

Mədəniyyət sahəsində iz qoymuş, adı geniş kütləyə naməlum qalan sənətkarlarımızı doğum günlərində və vəfatlarının ildönümündə xatırlatmaq ənənəsinə sadiq qalaraq bu gün sizə aktyor, Xalq artisti Şirzad Abutalıbov barədə danışmaq istəyirəm.

 

Aktyor Şirzad Abutalıbov 1959-cu ilin 8 iyul günü Naxçıvan şəhərində anadan olub. 1985-1990-cı illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb.

1976-ci ildən Naxçivan Dövlət Musiqili Dram Teatrında isləyir, eyni zamanda Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının bədii rəhbəri və direktorudur.

Teatrda işlədiyi müddətdə müxtəlif rolları ifa edib.

Siyahıya baxsaq, onun necə geniş amplualı, istedadlı aktyor olması göz önünə gələr. Razılaşın ki, hər aktyor belə geniş spektrli obrazlar qalereyası yarada bilməz.

 

- H.Cavid “Şeyx Sənan”da Şeyx Nəim, “Topal Teymur”da Təlxək, “Şeyda”da Yusif

- Ü.Hacıbəyov “O olmasın,bu olsun”da Hambal, “Arşın mal alan”da Vəli

- C.Cabbarlı “Aydın”da Ləzgi Qurban

- N.Nərimanov “Nadir şah”da Rza xan

- N.B.Vəzirov “Hacı Qənbər”də Mahmud

- N.Hikmət “Qəribə adam”da Hüseyn əfəndi

- Anar “Sizi deyib gəlmişəm”də Mozalan

- N.Həsənzadə “Atabəylər”də Əbuşər

- İ.Əfəndiyev “Hökmdar və qızın”da Kəlbəli xan

- C.Məmmədquluzadə “Dəli yığıncağı”nda Cinni Mustafa

- Mir Cəlal “Dirilən adam ”da Bekar Ağabala

- A.Məmmədov “Həmyerlilər”də Gümüşov

- Y.Əzimzadə "Anacan"da Qulu

- Mirzəğa Atəş "Cırtdan"da Arıq

- Əliağa Kürçaylı "Boşanaq evlənərik"də İkram

- Sota Rokova "Yaşıl papaq"da Vaso Axaladze

- İsmayıl Şıxlı "Kosaoğlunun səhvin"de İmran

- C.Məmmədquluzadə "Anamın kitabın"da Hüseyn Şahid

- M.F.Axundov "Hacı Qara"da Kərəməli

- M.S Ordubadi "Beş manatlıq gəlin"də Nadir

- S.Qurbanov "Özümüz bilərik"də İbişov

- Ü.Hacıbəyov "Ər və arvad"da Qulu

- G.Xuqayev "Arvadın əri özüməm"də Kazbek

- N.Xəzri "Atıllaın atlıları" Kral

- A.Babayev "Koroğlunun Çənlibelə qayıdışı" Nankoryan

 

Şirzad Abutalıbov 1999-cu ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb.

2008-ci ildə o, Azərbaycan Respublikasının Xalq artisti zirvəsinə ucalmağa müvəffəq olub.

10 may 2022-ci ildə Prezident Mükafatına layiq görülüb.

 

“Ədəbiyyat və incəsənət”

(08.07.2025)

 

Nail Zeyniyev, “Ədəbiyyat və incəsənət”

 

Bu dəfə oxucularıma 4 lövhə təqdim edəcəyəm. Lövhələrin hər birindən bir çağdaş insan görünür. Öz qayğıları ilə, ağrı və əzabları ilə.

Dünyanı anlamaq, insani münasibətləri, həyatın rəzil qayda-qanunlarını dərk etmək baxımından o digərlərindən seçilir. Son nəticəni də o öz qayğılarına, ağrı və əzablarına rəğmən çıxarır.

Bəsit bir taftalogiya.

Amma öldürücü reallıq.

 

BİRİNCİ LÖVHƏ

Dərdim elə böyüdü

Mən özümü itirdim.

Cilovlaya bilmədim,

Bütün duyğularımı

Bir həyat nağılını

Yaşamamış, bitirdim.

 

İKİNCİ LÖVHƏ

Ovucumda saxladım,

Sıxdım ümidlərimi.

Xısın-xısın ağladım,

Yıxdım ümidlərimi.

 

ÜÇÜNCÜ LÖVHƏ

Anlamaq, ah, onu duymaq,

Yaşamaq, ah, ona uymaq…

Diri-diri özünü,

Qəbirstanlığa qoymaq.

 

DÖRDÜNCÜ LÖVHƏ

Dünya insanla dolu,

İnsanlıq olmayan yer.

İlahi, mənə güc ver.

Çətindir çox çətindir,

Bu nahamar kürənin,

İçində durub qalmaq…

İçində insan olmaq...

 

“Ədəbiyyat və incəsənət”

(08.07.2025)

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Bu gün nasir, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Svetlana Nəcəfovanın da doğum günüdür. Portalımız Qərbi Azərbaycan doğumlu tanınmış mədəniyyət xadimləri barədə müntəzəm məlumatlar verməkdədir. Svetlana Nəcəfova da bu qəbildən olan insanlardandır.

 

O, 1938-ci il iyulun 8-də Qərbi Azərbaycanın İrəvan şəhərində anadan olub. Burada orta məktəbi bitirdikdən sonra 1955–1960-cı illər Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil alıb. Əmək fəaliyyətinə 1961–1964-cü illərdə "Pioner" jurnalı redaksiyasında texniki redaktor kimi başlayan Nəcəfova 1964–1973-cü illərdə orada şöbə müdiri vəzifəsində, "Azərbaycan qadını" jurnalı redaksiyasında şöbə redaktoru,  daha sonra isə baş redaktorun müavini vəzifələrində çalışıb.

 

 "Respublika" qəzeti redaksiyasında humanitar problemlər şöbəsinin müdiri, 2003–2008-ci illər isə Teleradio şirkətinin əməkdaşı olub. Sonradan təqaüdə çıxan S. Nəcəfova eyni zamanda Azərbaycanda qadın hərəkatında fəal iştirak edib. Ramiz Əliyarov ilə ailə quran Nəcəfovanın qızı Nərgiz Əliyarova Azərbaycanın əməkdar artistidir.  Svetlana xanım Universal Sülh Federasiyası və Ümumdünya sülh naminə Beynəlxalq Federasiyanın sülhməramlı səfiri olan yazıçı, həm də Azərbaycan Qadınlar assosiasiyası rəyasət Heyətinin üzvü seçilib. 

 

İstanbulda keçirilən türk qadınlarının I qurultayının iştirakçısı olmuş Svetlana xanım eyni zamanda Azərbaycan Jurnalistlər Birliyinin katibi olub. 

Ədəbi yaradıcılığa 60-cı illərdən başyalan yazıçının publisistik məqalələri, oçerk və hekayələri dövri mətbuatda dərc olunub.

 

Kitabları  

 

- Qırmızı qalstuklar klubu

- Ömrə sevinc gətirənlər

- Hər ömür nəğmədir

- Biz beynəlmiləlçilərik

- Onun taleyi

- Azərbaycanın qeyri-hökumət qadın təşkilatları

 

Mükafatları 

 

Ədəbi publisistik fəaliyyəti yüksək qiymətləndirilən  Svetlana xanım 1971-ci ildə "Əməkdə fərqlənməyə görə" medalına, 1974-cü ildə Azərbaycan SSR Ali Soveti rəyasət heyətinin Fəxri Fərmanına, "Məhsəti Gəncəvi", "Sara Xatun", "Vətən", "Humay", "Dan ulduzu", "Araz" ali media və s. mükafatlarına layiq görülüb.

 O, 16.05.2021-ci ildə Bakı şəhərində vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(08.07.2025)

 

İçərişəhərdə yeni “ağıllı qoruq” konsepsiyasının hazırlanması üzərində iş aparılır. Bu konsepsiya ərazidə təhlükəsizlik, nəzarət, məlumatlandırma və ziyarətçiyönümlü xidmətlərin rəqəmsal həllər vasitəsilə təkmilləşdirilməsini nəzərdə tutur. Hazırda qarşımıza üç əsas hədəf qoymuşuq: müasir muzeyçilik yanaşmasının tətbiqi, universal əlçatanlığın təmin olunması və abidələrin təhlükəsizliyinin texnoloji əsaslarla gücləndirilməsi. Yeni texnologiyaların tətbiqi ilə həm tarixi irsi qoruya, həm də ziyarətçilərin təcrübəsini zənginləşdirə bilərik.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, bu fikirləri “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən ictimai dinləməsində bildirib.

R.Mahmud çıxışında tarixi qoruq ərazilərində abidələrin mühafizəsinin böyük maliyyə, texniki və inzibati resurslar tələb etdiyini vurğulayıb. Onun sözlərinə görə, İçərişəhər kimi memarlıq baxımından unikal və UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmiş bir ərazidə tarixi irsin qorunması həm peşəkarlıq, həm də texnoloji yeniliklərə əsaslanan kompleks yanaşma tələb edir: “Tarixi abidələrin bərpası və qorunması yalnız fiziki işlərdən ibarət deyil. Əlilliyi olan şəxslər üçün keçidlərin təşkili, turizm axınının balanslaşdırılması və muzey infrastrukturunun yenilənməsi kimi məsələlər də bu prosesin tərkib hissəsidir. Muzeylərimiz müasir texnologiyalara uyğunlaşdırılmalı və ziyarətçilərin gözləntilərinə cavab verən təcrübə təqdim etməlidir”.

O, həmçinin bildirib ki, İçərişəhərdə bir sıra bərpa layihələri artıq başa çatdırılıb. Hazırda XIX əsrə aid Qala "Bayraməli hamamı”nın bərpasına başlanılıb və yaxın müddətdə onun ilkin görünüşünün bərpası istiqamətində işlər intensivləşdiriləcək.

Sonra o qeyd edib ki, İçərişəhər yalnız tarix və mədəniyyətin deyil, həm də müasir şəhər idarəetmə modellərinin tətbiq olunduğu canlı irs məkanı olmalıdır.

 

“Ədəbiyyat və incəsənət”

(07.07.2025)

 

 

Hazırda Azərbaycanda 4300 tarixi-mədəni abidə Mədəniyyət Nazirliyinin nəzarətindədir və bu abidələrin hər biri milli-mədəni sərvət kimi qiymətləndirilir. 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, bu fikirləri mədəniyyət naziri Adil Kərimli parlamentin Mədəniyyət komitəsinin bu gün keçirilən ictimai dinləməsi zamanı söyləyib.

 

O bildirib ki, dövlət səviyyəsində tarixi abidələrin mühafizəsi üçün yeni hüquqi və inzibati mexanizmlər formalaşdırılıb: “Bu istiqamətdə qanunun qəbulu da mühüm əhəmiyyət kəsb edir. Bu gün ölkəmizdə vahid sistem əsasında tarixi abidələrin pasportlaşdırılması prosesi həyata keçirilir. Bu, abidələrin hüquqi statusunun müəyyənləşdirilməsi, qorunma vəziyyətinin monitorinqi və gələcəkdə bərpa işlərinin planlaşdırılması üçün əsaslı baza yaradır”, – deyə nazir vurğulayıb.

O, eyni zamanda, qeyd edib ki, tarixi-mədəni irsin qorunması təkcə dövlətin və ya nazirliyin deyil, bütün cəmiyyətin üzərinə düşən bir məsuliyyətdir. Bu mənada, ictimaiyyətin, xüsusilə də gənc nəslin bu sahədə maarifləndirilməsi olduqca vacibdir.

“Təəssüf ki, bu gün əhalinin bir hissəsi tarixi abidələrin əhəmiyyəti və onların qorunması ilə bağlı kifayət qədər məlumata malik deyil. Halbuki hər bir vətəndaşın bu abidələrə münasibətdə hüquqi və mənəvi öhdəliyi var. Cəmiyyətin bu prosesə cəlb olunması bizim üçün prioritet məsələlərdən biridir”, – deyə Adil Kərimli əlavə edib.

Nazir, həmçinin qeyd edib ki, bu məqsədlə müxtəlif maarifləndirmə proqramları, ictimai kampaniyalar və mədəni irsin təbliğinə yönəlmiş tədbirlər hazırlanır. Məktəblərdə və ali təhsil müəssisələrində bu mövzular üzrə tədrisin gücləndirilməsi və abidələrin qorunmasına ictimai nəzarətin təşviq olunması da gələcək planlar sırasındadır.

 

“Ədəbiyyat və incəsənət”

(07.07.2025)

 

 

 

 

Bazar ertəsi, 07 İyul 2025 11:55

Təcrübəli neftçiyə böyük etimad

On illərdir neft sənayesində işləyən, “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” adına Neft-Qaz Çıxarma İdarəsinin elektrik təchizatı və elektrik avadanlıqları sahəsinin briqadiri olan Aqşin Dadaşoğlu həm də ölkənin istedadlı qələm adamıdır. Məhz buna görə ona bu sahədə də yüksək etimad göstərilib.

Xaçmazda fəaliyyət göstərən Murad Qudyalçaylı adına “Ulduzlar” Ədəbi Məclisinin növbəti toplantısında şair, Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Aqşin Dadaşoğlu (Buliyev Aqşin Dadaş oğlu) qurumun baş katibi seçilib.

 

“Ədəbiyyat və incəsənət” portalına Məclisdən bildirilib ki, əsası 1960-cı ildə o dövrün gənc şairi və jurnalisti Murad Qudyalçaylı tərəfindən qoyulmuş və bu ilin mayında 65 illik yubileyini təntənəli şəkildə qeyd etmiş “Ulduzlar”ın işinin daha da təkmilləşdirilməsi üçün struktur dəyişikliyinə gedilib. Qeyd edilir ki, hazırda sədr Fərzalı Ziyanurun başçılıq etdiyi qurum həm rayonda, həm də Respublikada yetərincə tanınan, gözləntilərə səbəb olan bir Məclisə çevrilib. O baxımdan işlər artıb, daha çevik davranmaq zərurəti yaranıb. Buna görə də struktur islahatlarına ilkin olaraq baş katib vəzifəsinin təsis edilməsi ilə başlanılıb. Məclis üzvləri yekdil səslə Aqşin Dadaşoğlunu bu vəzifəyə layiq görüblər.

Göstərilən etimada görə təşəkkürünü bildirən Aqşin Dadaşoğlu deyib ki, mütləq ona olan inamı doğrultmaq və “Ulduzlar”ın daha da irəliləməsinə töhfə vermək üçün əlindən gələni edəcək.

 

“Ədəbiyyat və incəsənət”

(07.07.2025)

“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız.

Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.

 

Bir neçə gündür ki, sizlərə lider stillərinin xarakteristikasını təqdim edirdim. İndi də gəlin qısaca 4 lider stilinin xarakteristikasına nəzər yetirək:

1.     Direktiv stil.

Məğzində işçinin stimullaşdırılması dayanan bu stil işçilərin müstəqilliyə və muxtariyyata can atmamaları zamanı təşəkkül tapır. Stimullaşacaqlarını bilən işçilər əmr və tapşırıqları alıb görüləcək işləri mümkün qədər tez görmək istəyirlər. Lider isə dəqiq tapşırıqlar verməklə işin müsbət sonluğunu şərtləndirir.

2.     Dəstəkləyici stil.

Bu stildə stimullaşacaqlarını bilən, bununla belə yenə də özlərinə hörmət tələb edən işçilərlə onlardan qayğısını əsirgəməyən liderin münasibətləri öz əksini tapır.

3.     Nailiyyətə köklənmiş stil.

Bu stildə işçilər nailiyyətlərə tam köklənmiş olur, hədəfi vuracaqlarına tam əminlik duyurlar. Lider isə onların hər biri qarşısında dəqiq məqsəd qoyaraq onlara yüksək nəticə qazanmağın vacibliyini aşılayır.

4.     İdarəetmədə iştirak stili.

İşçilərin özlərini idarəetmədə görmələri bu stilin əsasını təşkil edir. Lider onlarla informasiya bölüşür, onların fikirləri ilə heçablaşmalı olur.

 

Beləliklə, uğur qazanmanın növbəti mərhələsi olan liderlik əldə etmək, liderlik qazanmaq yollarının ən qabaqcıl metodikası ilə qısaca tanış olduq. Və bu tanışlıq, bizə ən əsası, onu öyrətdi ki, liderlik xüsusiyyətləri qazanmaq yolunda öz üzərində çalışıb bir fərd kimi liderə xas bütün üstünlükləri (bilik, savad, müsbət davranış, müsbət xüsusiyyətlər, qabaqcıl praktik təcrübə) əxz etməyinlə yanaşı, öz potensial elektoratınla, ardıcılların və işçilərinlə münasibəti düzgün təməl üzərində qurmağın da əhəmiyyətli rol oynayır.

Bizim oteldə bir işçi vardı, tez-tez ondan şikayətlər gəlirdi ki, nizam-intizamı pozur, digər işçilərlə yola getmir. Hətta əlinin əyri olması, əyintilərə yol verib gizli pullar qazanması da bildirilirdi. Otel rəhbərliyi ondan canlarını qurtarmaq istəyir, məndən onu işdən azad etməyi xahiş edirdilər. Əlbəttə, bilavasitə bu işçi mənim rəhbərliyim altında olmadığından, mən Bakıda, onun iş yeri isə Qubada olduğundan elə bir tanışlığımız da yox idi, mən ona birbaşa təsir də göstərə bilməzdim.

Bir gün eşitdim ki, illərdir ailə qurub övlad sevinci yaşamadığı halda indi dünyaya övladı gəlib. Qubaya gedəndə pay-pürüşlə onun qapısını döydüm, təbrik etdim. İnsan bu gözlənilməzlikdən o qədər sevinmişdi ki, dili söz belə tutmurdu.

Ertəsi gündən o tamamilə dəyişildi. Artıq otel rəhbərliyi barəsində yalnız müsbət şeylər söyləyir, onu hey tərifləyir, möcüzə baş verdiyini deyirdilər.

 

“Ədəbiyyat və incəsənət”

(07.07.2025)

 

Cavidan Hacıyev ixtisasca hüquqşünasdır. Şeirə marağı isə sonsuzdur. Və bu maraq da onu ara-sıra şeir yazmağa kökləyir. Yazır, özü də pis yazmır, get-gedə də püxtələşir.

Buyurun, “Ədəbiyyat və incəsənət”in Həvəskarlar rubrikasında bu gün Cavidan Hacıyevin şeirləridir.

 

Eyni yolla

 

Eyni yolla gedirik biz fərqli-fərqli mənzillərə
Eyni yolu gedirik biz, heç bilmirik mənzil nərə.
Heç bilmədən səbəbini lal sularda axanlarıq,
Diriləri basdırırıq, meyitlər ilə yaşarıq.


Sevgimizlə isidirik qəlbimizdə nifrətləri,
Sonra isə üşüyürük, qucaqlayıb cəsədləri.
Dönüb biz də buz oluruq, qucaqlayıb buz meyiti -
Məzardakı nəfəslərdən qalxıb yerin hərarəti.


Peyğəmbəri çarmıqlayib, peyğəmbəri daşlarıq biz.
Tanrıları öldürmüşük, indi adi daşlarıq biz. 
Atmayın siz daşı suya, min bir dərdi, min ahı var.
Daş nə qədər daş olsa da, onun da bir Allahı var.

 

Təzə top


Qəlbimdə incidim güzgüdən o gün,
Baxanda, gözümə sataşdı ağ saç.
Yadıma düşmür ki, nə vaxt böyüdüm?
Dünən oynayırdıq axı gizlənpaç.

Axı o günlərdə dəlilər kimi
Həyətdə səs-küylə biz top qovardıq.
Bəzən də qırardım evdə şüşəni,
Anam əsəbləşib, küncə qoyardı.

O gün də təzə bir oyuna baxdım,
Almaqçün atamdan pul da istədim. 
Evə çatandasa… qapını açdım,
Qızım «ata» deyib, üstümə gəldi.

O anda ad günüm yadıma düşdü:
Üç, iki yazmışdı tordakı şamlar.
Saç hara tələsir? — bu nə vərdişdi?
Otuzu saymasaq, iki yaşım var.

Otuzu saymasaq dünya dağılmaz.
İsanı satıblar otuz qəpiyə.
Zaman ki hissizdir, zaman acımaz:
Ürəksə top istər oyna
sın hələ.

Dünya başdan-başa ucsuzdur bəlkə,
Ancaq o dünyada doğma küncüm var.
Anam, topdan göz ol, qurbanam sənə.
O topla hələ də oynayasım var. 

Yox, qəti küsmürəm mən o aynadan.
Bu otuz eyləyib məni ərköyün...
...Ana, az qalsın ki, çıxmışdı yaddan,
Qızıma təzə top almışam o gün.


 

Aşıqsayağ


Bir cənnətdir Vətənimin torpağı.
Ulu
onun hər dərəsi, hər dağı.
Həsəd etdi qara libaslı yağı:
Qarlı qışdı — eldən düşdük didərgin.

Nə biləydik dostlar Yalıncıq oldu?
Ədən saydığımız bağçalar soldu.
Biz Əyyubduq — səbr kasamız doldu.
Həmin gecə sonu gəldi zülmətin.

Divə dönüb -  düşmənləri yıxdılar,
Yalın əllə qayalara çıxdılar,
Şimşək olub Qıratlardan çaxdılar
Nağılları gerçək edən şəhidim.

Şəhid çıxdı hər dərədən, hər düzdən.
Ölüm özü o an qorxurdu bizdən.
«Cənnət» ya «El»? — seçsək bu iki sözdən:
Vətən yoxsa, nə dəyəri Cənnətin?

Vətən bağı — yenə xarı bülbül var.
Xan əmilər yenə muğam oxuyar.
«Adaxlı qız bəy corabın toxuyar».
Yenə şair dağa salam söyləsin.

“Ədəbiyyat və incəsənət”

(07.07.2025)

 

Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”

 

Türk Mədəniyyəti və İrsi Fondunun “Ədəbiyyat və incəsənət” portal ilə birgə layihəsində bu gün fərqli mövzuda danışacağıq: türk dğyüşçülərinin dəbilqə, zireh və qalxanlarının üzərindəki rəmzlər və onların mənası barədə.

 

Türk döyüşçüsü üçün dəbilqə, zireh və qalxan təkcə müdafiə vasitəsi deyildi. Bu döyüş geyimləri həm də ruhi güc, mənəvi status, tayfa kimliyi və Tanrıya bağlılığın rəmzi kimi qəbul edilirdi. Türk hərb mədəniyyətində bədənə geyilən hər detal – başdan ayağa qədər bir mənanı daşıyır, bir inancı təcəssüm etdirirdi. Bu yazıda həmin rəmzlərin izlərini sürəcəyik.

 Dəbilqə (başlıq, miğfər) türk döyüşçüsünün ən müqəddəs zirehi sayılırdı. Baş Tanrıya ən yaxın orqan olduğuna görə bu başlıq:

  • Göy rəmzləri, aypara, quş qanadı, ox ucu ilə bəzədilirdi.
  • Bəzi dəbilqələrin üstündə tülkü və ya at saqqalı (tüklü nişan) taxılırdı – bu, igidliyin, çevikliyin və Tanrı tərəfindən qorunmağın simvolu idi.
  • Göytürklər dövründə dəbilqə üstündə qurd başı təsviri sıx işlənirdi – qurd türklər üçün soy, güc və yol göstərən ruh idi.

  Məsələn:

  • Qızıl dəbilqə (Qazaxıstan – Esik kurqanı): Üstündə 540-dan çox simvol var – günəş, ox, dağ keçisi, at, quş… Bu, döyüşçünün yalnız igid deyil, mifik varlıq olduğunu göstərirdi.

Zireh (gövdəlik və ya sinəlik) təkcə fiziki müdafiə deyil, həm də daxili gücün simvolu idi. Zirehlərin üzərində işlənən rəmzlər adətən aşağıdakı anlamları daşıyırdı:

·         Ay və günəş – Tanrının nurunu və bəşəri gücü göstərir.

·         Maralat – dözümlülük, azadlıq və nəslin təmizliyi.

·         Göy qurd – soyun himayəçisi, Tanrıdan gələn güc.

·         Üçbucaq, ox başı, X işarəsi – müqəddəs yönlər, tayfa vəliyyələri, dünya ilə ruhani əlaqə.

Zirehlərin arxa və ya daxili hissəsində isə bəzən dua və ya oğuznamələrdən alınan rəmzlər yerləşdirilərdi. Döyüşçü onu bədənində daşımaqla özünü görünməyən qoruyucu qüvvəyə təhvil verərdi.

Qalxanlar həm müdafiə, həm də tanınma və tanıtma vasitəsi idi. Qədim türk qalxanları taxtadan və ya metal lövhədən hazırlanır, üstünə isə simvolik nişanlar, damğalar və ornamentlər işlənirdi.

Ən çox yayılmış rəmzlər:

·         Ox başı – tayfanın döyüşçü ruhunu təmsil edirdi.

·         Quş rəmzi – himayəçi ruh, tezlik və səma ilə bağ.

·         Aypara– Tanrıya yönəlmiş dua və qoruma simvolu.

·         Tayfa damğası – döyüşçünün hansı soy-tayfadan olduğunu bildirirdi.

Qalxanlar eyni zamanda psixoloji savaş vasitəsi idi – üzərindəki rəmzlər düşməni qorxutmaq, öz əsgərinə isə ruh vermək üçün istifadə olunurdu.

Türk döyüş geyimlərində təkcə rəmzlər deyil, rənglər də xüsusi anlam daşıyırdı:

·         Qırmızı– qan, igidlik, döyüşkənlik

·         Qara – sirr, qorxu və güc

·         – saf niyyət, Tanrının işığı

·         Mavi – Göy Tanrı, səma, əbədilik

·         Sarı – hökmdarlıq, zəfər

Rənglərin və rəmzlərin uyğunluğu təsadüfi deyildi, döyüş geyimi bir növ “zirehli dua” idi.

  Alp Er Tonqa dastanında döyüşçülərin aypara və qurd rəmzli qalxan daşıdığı qeyd olunur.

  Koroğlu dastanında qalxanın əlvan naxışları və aslan təsviri onun güc simvolu olduğunu göstərir.

  Göytürk yazılı abidələrində bəylərin və xaqanların baş geyimində və döyüş libasında qurd, günəş və ox rəmzləri qeyd edilir.

Türk döyüş geyimi yalnız bir qorunma vasitəsi deyildi. O, həm ruhani qalxan, həm şəxsi kimlik, həm də kollektiv yaddaşın daşınan forması idi. Dəbilqə, zireh və qalxanın üzərindəki hər bir nişan düşmənə qorxu, dosta inam, özünə isə güvən verən bir dua idi. Bu simvollar türk savaşçısının təkcə cəsarətli deyil, mənəvi olaraq da güclü olmasına xidmət edirdi. Bu gün biz həmin geyimlərə muzeydə baxsaq da, içindəki rəmzlər hələ də danışır.

 

“Ədəbiyyat və incəsənət”

(07.07.2025)

 

 

 

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.