ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

Çərşənbə axşamı, 16 İyul 2024 11:03

Con Dyuinin praqmatizmi - DƏRSLƏR

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

İndi kim özünü ağıllı göstərmək istəyirsə kreativ, nonsens, subyektiv, konseptual qəlibli sözləri yanaşı düzür. Eynən bu sayaq sözlərdən biri də praqmatizmdir. 

Bir neçə gündür ki, DƏRSLƏR rubrikasında praqmatizm barədə danışırıq. 

 

Con Dyuinin də praqmatizmində təcrübə anlayışı çıxış nöqtəsini təşkil edir. Dyui onu bir tərəfdən insanın təbiətə rəngarəng münasibətlərini əhatə edən naturalist perspektivdə, digər tərəfdən isə sosial təcrübə kimi mənəvi-siyasi aspektdə nəzərdən keçirir. Dyuiyə görə, fəlsəfə qədim filosofların düşündükləri kimi aləmin gözəlliyindən heyrətə gəlmədən yox, gərgin ictimai həyatın stresslərindən meydana gəlir. Buna görə də onun fikirlərinə görə, fəlsəfənin əsas məqsədi sosial təcrübəni məhz təhlil edib təlmilləşdirməkdir. Con Dyui təcrübəni çox geniş şəkildə anlayaraq onu insanın təbiətə münasibətlərini, bəzən hətta təbiətin özünü də daxil etməklə insan həyatının fəallığı ilə eyniləşdirir. Onun fikirlərinə görə, təcrübə hadisələr və simalar aləmi, təcrübədə qavranılan aləm, habelə insanın fəaliyyəti və taleyi, magiya və mistika, bir sözlə, yaşanılan hər şeydir. Təcrübənin bu cür anlanması onun hansı metafizik əsaslarını axtarmaq zərurətini istisna edir. Müasir filosoflar da Dyuinin xidmətlərini elə məhz fundamentalizmin əsaslarını sarsıtmasında görürlər. Başqa sözlə, əvvəlki fəlsəfə bütün, o cümlədən mənəvi hadisələrin hansısa davamlı əsaslarının olmasını düşünürdü. Əksər müasir filosofların fikirlərinə görə, belə əsaslar, və ya "ilkin başlanğıclar" mövcud deyildirlər. Dyuinin özü materializmlə idealizmin bir-birinə əksini Qədim Yunanıstanda əməyin fiziki əməklə əqli əməyə bölgüsündən çıxarır. Dyui hesab edir ki, bu gün materializmlə idealizmi qarşı-qarşıya qoymağa əsas yoxdur. Təcrübəyə uyğun və qeyri-uyğun "mahiyyətlərə" bölgü tanış deyil, yəni təcrübədə fasiləsiz prinsipi təsir göstərməkdədir. Hər bir bölgü nisbi əhəmiyyətə malikdir, buna görə bu və ya digər ideyaların "materializm" və ya "idealizm" halında dondurulmasını doğru hesab etmək olmaz.

 

“Ədəbiyyat və incəsənət”

(16.07.2024)

Çərşənbə axşamı, 16 İyul 2024 10:34

QƏRBİ AZƏRBAYCAN ƏFSANƏLƏRİ - “Dəvəboynu dağı“

Zahirə Cabir, “Ədəbiyyat və incəsənət” üçün

 

 

Çox-çox illər bundan qabaq gözəl, sıx meşəsi olankənddə kasıb bir odunçu yaşayırdı. O, hər gün ağackəsib, odun eləmək üçün meşəyə gedərdi. Bir gün yenəsəhər baltasını, ipini götürüb meşəyə getməyəhazırlaşdı. Arvadı torbasına bir parça çörək, pendir vəbir bardaq da su qoydu. 

Odunçu bütün günü meşəni gəzdi. Meşənin dərin, sıx bir yerində palıd ağacı ilə rastlaşdı. O, qüdrətli, qocapalıd ağacına baxıb: 

“Bu palıddan yaxşı odunlar çıxar”- deyə düşündü.

Odur ki, qoca palıd ağacına yaxınlaşıb baltasını çıxarıbyellədi. Sanki, ağacı bir zərbə ilə aşıracaqdı. Baltanıağacın gövdəsinə vurmaq istəyəndə çox kədərli bir səseşitdi. Ağac mələyə döndü və qarşısında əlində baltatutmuş odunçuya dedi: 

- Məni kəsmə. Mənim kölgəmdə nə qədər insanlardincəlir, mənimlə dərdləşir, bölüşürlər. 

Odunçu heyrətləndi və ağzını açıb bir söz deyəbilmədi. Nəhayət özünə gəlib dedi: 

- Narahat olma. Səni kəsmərəm.

“Çox sağ ol, əziz insan. Sənə təşəkkür edirəm. Yaxşılığıvın əvəzində sənin üç arzunu yerinəyetirəcəyəm.”- mələk üzlü palıd razılıqla başınıtərpətdi.

Odunçu çox üzgün, yorğun halda evə qayıtdı. Yol boyubaşına gələnləri xatırladı, heyrətləndi, gördüklərindənhələ də özünə gələ bilməmişdi. Nəhayət evə çatdı. Fikrində yalnız bir şey var idi: oturub dincəlmək. Gördüklərinin bir yuxu olduğuna özünü inandırmaq. Kətilin üstündə oturdu. Az sonra başına gələnləriarvadına söylədi. Arvadı heç bir söz demədən kişininhavalandığını zənn etdi. Heç bir söz demədən oradanuzaqlaşdı. Odunçu çox acımışdı, şam yeməyinə isəxeyli vaxt var idi. 

- Şam yeməyinə nə bişirmisən? – deyə arvadındansoruşdu.

“Heç nə bişirməmişəm. gözləyirdim ki, sən odun satıbbazardan ayın-oyun alıb gətirəsən, mən də bişirim. Səndə ki…” arvadı səsini qaldırdı.

- Eh! – odunçu ah çəkdi: “Kaş ki, indi bir qazan ətlişorba, bir də təndir çörəyi olardı. Doyunca yeyərdim.”

Elə bunu demişdi ki, birdən qarşısında süfrə açıldı, üstündə bir qazan ətli şorba ilə çörək hazır oldu. Odunçunun sevincdən gözləri bərəldi. Arvadı isətəəccübündən yerə yıxıldı. Sonra özünə gəlib:

- Bu nədir? - deyindi. - Sən necə də axmaqsan! Deyəbilmirdin ki, bizə bir ulağ lazımdır ki, odunu belinəşəlləyib bazara aparasan!

Odunçu avradına deməyə bir söz, gözlərini qırpmağavaxt tapmamışdı ki, doqqazdan ulağın anqırtı səsigəldi. Əyri boyun ulağ qapını təpiklə açıb evə daxiloldu. Gəlib odunçunun düz qarşısında durdu. 

Arvadı ulağa baxıb:

- Bu necə eşşəkdir. Boynu lap dəvəyə oxşayır. Beləeşşək olmaqdansa daşa gönsün.

Bunu eşidən ulağ ildırım sürətilə evdən çıxdı. Odunçuonun dalınca qacdı. Dəvə boyunlu eşşək palıd ağacınatərəf gəlib ona nəsə deyib uzaqlaşdı, sonra gözdən itdi. Gözdən itdiyi yerdəcə daşlaşdı, böyük bir dağ əmələgəldi. Dağ dəvənin boynunu xatırladırdı. İnsanlarsonralar bu dağı dəvəboynu dağı adlandırdılar. 

 

Dəvəboynu dağı Zəngəzur mahalının Qarakilsərayonu ərazisində yerləşir. Ən hündür zirvəsi 3594 m-dir. 

 

“Ədəbiyyat və incəsənət”

(16.07.2024)

Çərşənbə axşamı, 16 İyul 2024 10:01

İntizar ədəbiyyatı - Əli Tudə, "Mən nə gətirdim"

Təqdim edir: Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

Mən öz qardaşıma mehman gələndə

Bir qələm, bir dəftər, bir can gətirdim

Dağların döşünü toplar dələndə

Bir ləkə düşməyən vicdan gətirdim.

 

Mən onu günəşdən təmiz saxladım,

Canımdan, gözümdən əziz saxladım,

Bu kiçik qəlbimdə dəniz saxladım

Bir xilqət görmədi, pünhan gətirdim.

 

Ucuz tutmasınlar bu sovqatımı

Hissimi, duyğumu, ehsasatımı,

Mən öz varlığımı, öz həyatımı

Doğma qardaşıma qurban gətirdim.

 

Ürək daş deyildir, bir parça ətdir

Bəs onu yaşadan hansı qüdrətdir?

Bir arzu, bir ümid, bir məhəbbətdir,

Mən o məhəbbətdən nişan gətirdim.

 

Qardaşım, illərlə istədin ki sən

Öz ana yurdumda azad olum mən…

Lakin cəlalımı dağıtdı düşmən,

Tək sənə, tək sənə güman gətirdim.

 

Yenə Azərbaycan qan ağlayır, qan

O azad olmasa, yaşamam, inan!

Gərək mən Təbrizə qayıdan zaman

Deyəm ki, təzə bir dövran gətirdim.

 

“Ədəbiyyat və incəsənət”

(16.07.2024)

Çərşənbə axşamı, 16 İyul 2024 09:33

Nərimanovun, Sabirin heykəlləri - CƏLAL QARYAĞDINI ANAQ

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Ötən gün tanınmış heykəltaraş, Xalq rəssamı Cəlal Qaryağdının anadan olmasından 109 il ötdü. Mən onun Nəriman Nərimanova ucaltdığı möhtəşəm abidəni xüsusən qeyd etmək istəyirəm. Eləcə də Sabirin abidəsini. 

 

Cəlal Qaryağdı 1915-ci ildə iyulun 15-də Şuşa şəhərində anadan olmuşdur. Şuşanın məşhur Qaryağdılar nəslinin nümayəndəsi, böyük xanəndə Cabbar Qaryağdıoğlunun qardaşı oğludur. Erkən yaşlarında ata-anasını itirib, onu xalası ilə nənəsi böyüdüb. 1927-ci ildə Cəlal Bakıya gəlib. Burada Rəssamlıq Məktəbinə qəbul olunur. Sonra təhsilini Tbilisi Rəssamlıq Akademiyasında (1932-1935) davam etdirir, lakin maddi imkansızlıq ucbatından təhsilini yarımçıq qoyaraq Bakıya qayıdır. Ötən əsrin 30-cu illərində qəzetlərdə rəssam, həm də Rəssamlıq Məktəbində müəllim olaraq çalışır. 40-cı illərdə heykəltaraşlıq əsərlərini yaratmağa başlayır.

Cəlalın gəncliyi müharibə illərinə təsadüf etdiyindən, bu, yaradıcılığında da öz izlərini qoyub. Təyyarəçi Adil Quliyevin büstü, tank qoşunları general - mayoru Həzi Aslanovun, snayper Ziba Qəniyevanın portretləri müharibə mövzuludur. Cəlal Qaryağdının müəllifi olduğu digər portretlər – Bülbül, Rəşid Behbudov, Qara Qarayev, Fikrət Əmirov, Cahangir Cahangirov, Niyazi kimi məşhur insanların silsilə portretləri zamanında böyük maraqla qarşılanmışdı.

Qaryağdı yaradıcılığında Mirzə Ələkbər Sabirin abidəsi xüsusi yer tutur. 

Nəriman Nərimanovun tunc abidəsinə gəlinə isə onun maraqlı bir tarixçəsi var. Bu barədə mən AzərTAC-dan oxumuşam. 1970-ci illər idi. Heykəltaraş Nərimanovun heykəlini yüksək səviyyədə, içindən gələn milli təəssübkeşliklə hazırlayıb tamama yetirdi. Abidə yerinə qoyulduqdan bir qədər sonra ətrafı yenidən hasarlandı, heykəlin üstü kətan parça ilə örtüldü. Bunun şahidi olanlar xatırlayırlar ki, o vaxt Bakıda heykəlin götürüləcəyi barədə söz-söhbət gəzirdi. Bu söz-söhbət əsassız deyildi. Nərimanovun heykəli erməni şovinistlərinin qısqanclığına səbəb olmuşdu. Moskvaya bu məzmunda donos verilmişdi: Azərbaycanlı Nərimanovun heykəli rus Kirovun Dağüstü parkdakı heykəlindən uca alınıb və buradan millətçilik qoxusu gəlir.

Kreml işə qarışdı. İstədilər heykəli kiçiltsinlər. Amma abidə tuncdan töküldüyündən bu mümkün olmadı. Çıxış yolunu kürsünün qısaldılmasında gördülər. Bununla da heykəl-kürsü nisbəti pozuldu və kompozisiya əvvəlcədən düşünülmüş monumentallığını itirdi.

Cəlal Qaryağdı yaradıcılığının nişanələrinə təkcə Bakıda deyil, respublikanın müxtəlif şəhər və rayonlarında da rast gəlmək olar. Şair Səməd Vurğunun Qazaxda, kimyaçı alim Yusif Məmmədəliyevin Ordubadda ucaldılmış abidələri bu qəbildəndir. Səməd Vurğunun Fəxri xiyabandakı məzarüstü abidəsinin müəllifi də Cəlal Qaryağdıdır.

C.Qaryağdı heykəltaraşlığın müxtəlif janrlarında – monumental heykəl, portret, büst, qorelyef, barelyef və s. bir-birindən maraqlı əsərlər yaradıb. Görkəmli tişə ustasının yaradıcılığının səciyyəvi xüsusiyyətləri kimi, obrazların mahiranə plastik həllini, kompozisiya bitkinliyini, yaradıcılıq manerasının genişliyini, surətlərin fərdi xarakterlərinin ustalıqla açılmasını, heykəltaraşın özünə qarşı yaradıcılıq tələbkarlığını və s. xüsusiyyətləri qeyd etmək olar.

Heykəltaraş 1954-cü ildə Azərbaycanın Əməkdar incəsənət xadimi, 1960-cı ildə isə Xalq rəssamı fəxri adlarına layiq görülüb.

Görkəmli sənətkar 2001-ci ildə vəfat edib. 

Ruhu şad olsun!

Sonda bir istəyimi də dilə gətirim. İndi ki müstəqil dövlətik. Bəlkə Nərimanovun abidəsinin postamentini dəyişək?

 

“Ədəbiyyat və incəsənət”

(16.07.2024)

XX əsr milli ədəbi-bədii fikir tarixinin görkəmli nümayəndəsi, yazıçı, alim və pedaqoq Mir Cəlalın 1920-1940-cı illərdə İçərişəhərdə yaşadığı məkanda yaradılmış “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondu üç illiyini qeyd edib. 

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, bununla bağlı keçirilən tədbirə ədəbiyyat, mədəniyyət və elm xadimləri iştirak edib. 

Tədbirdə çıxış edən fondun icraçı direktoru Şəfəq Mehrəliyeva Fondun bu günə qədər həyata keçirdiyi işlərdən söhbət açıb, o cümlədən cari ilin altı ayında layihələrin uğuruna görə tərəfdaşlara “Ədibin Evi”nin Himayəçilik Şurası adından minnətdarlığını bildirib.

O, Fondun gənc nəsli diqqətdə saxlayaraq “oxu” mədəniyyətini gücləndirmək, xalqa və Vətənə sevginin aşılanmasında ədəbiyyatımızın rolunu vurğulamaq missiyasını xatırladaraq builki layihələrin bu hədəfə çatdığını məmnunluqla qeyd edib. 

Bildirilib ki, ilin əvvəlindən həyata keçirilən layihələr arasında Elm və Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə birgə başladığı “Məktəblilər “Ədibin Evi”ndə”, MEDİA İnkişaf Agentliyi ilə birgə hazırladığı “Ədibin Evi”ndə COP29 silsilə mühazirələri Azərbaycan kimliyinin möhkəmlənməsi baxımından ölkəmiz üçün vacib məsələləri ictimaiyyətin müxtəlif təbəqələrinin diqqətinə çatdırıb. 

Media layihələrinin Azərbaycan ədəbiyyatının təbliğində səmərəliliyini nəzərə alaraq 2021-ci ildən “ASAN Radio” ilə başlanılan rəqəmsal mühitdə gənc nəsli mütaliəyə həvəsləndirmək, klassiklərimizin qısa hekayə janrına aid ölməz əsərlərini tanıdan “Ədibin Evindən Hekayələr” layihəsi bu ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Aktyorluq fakültəsinin tələbələri ilə Mədəniyyət TV-də davam etdirilib. Bununla yanaşı “Ədibin Evi”nin dəstəyi ilə həyata keçirilən “Tarixin güzgüsü” adlı media layihəsi İctimai TV-də XX əsrin əvvəlində Azərbaycan Xalq Cümhuriyyətinin mətbu orqanı olan “Azərbaycan” qəzetinin arxivi əsasında yüz il əvvəlki Azərbaycana nəzər salıb tarixin güzgüsünü bu günümüzə tutub.

Zamanında xalq yaradıcılığı ilə klassik bədii üslubun qabaqcıl təcrübələrini ədəbiyyatımızın hekayəçilik ənənələrinə gətirən Mir Cəlalın irsini gənc yazıçılara nümunə göstərən ənənəvi Mir Cəlal adına Hekayə müsabiqəsi bu il də davam edib. 3-cü Hekayə müsabiqəsindən seçmələr toplu şəklində Azərbaycan Dəmir Yollarının dəstəyi ilə kitab şəklində çıxarılıb və qatarlarda qiraət üçün oxuculara təqdim edilib 4-cü Hekayə müsabiqəsi yekunlaşaraq qaliblər elan edilib və onların hekayələri “Azərbaycan” jurnalının son buraxılışında işıq üzü görüb.

“Ədibin Evi”nin bu il müraciət etdiyi yeni istiqamət isə əski Azərbaycan əlifbasında yazılan ədəbiyyatımızın tədris və tədqiqi olub. Belə ki, ilin əvvəlindən ilk dəfə olaraq Azərbaycanın müxtəlif ali təhsil ocaqlarının filologiya fakültəsinin tələbələri “Ədibin Evi”ndən qazandıqları təqaüdlə “Əski Azərbaycan Əlifbası” kursuna başlayıb və Azərbaycan ədəbiyyatı xəzinəsinin misilsiz bir hissəsinə açar axtarıblar. 

Qeyd edilib ki, kursun ilk sinfi tədbir zamanı keçirilən məzun günündə təmsil etdikləri universitetlərin rektorları tərəfindən sertifikatla təltif olunublar. 

“Əski Azərbaycan Əlifbası” kursunun gələcəkdə də davam edəcəyini elan edən Fondun direktoru Şəfəq Mehrəliyeva nəzəri bilikləri möhkəmləndirmək məqsədilə ilk məzun sinfinin növbəti akademik semestr ərzində Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İctimai-Siyasi Sənədlər Arxivinin bölmə müdiri, filologiya üzrə fəlsəfə doktoru Şəhla Abdullayevanın rəhbərliyi ilə birgə transliterasiya layihəsi üzərinə çalışacağını elan edib.

Diqqətə çatdırılıb ki, “Ədibin Evi”nin ədəbiyyatsevərlərə bu günə qədər ən böyük töhfəsi üzərində iş də bu il başlayıb. Belə ki, Fond hazırda 1915-1916-cı illərdə Bakıda nəşr olunmuş “Babayi-Əmir” adlı satirik jurnalın tam mətninin (65 nömrəsinin) transliterasiya olunaraq gələn il jurnalın 110 illiyində ictimaiyyətə təqdim olunmasına hazırlaşır. Qeyd edək ki, Əliabbas Müznibin redaktorluğu altında nəşr olunan “Babayi-Əmir” jurnalı “Molla Nəsrəddin” ənənələrini təqib edərək XX əsrin əvvələrində dini avamlıq, cəhaləti açıq tənqid edib, söz azadlığı, qadın azadlığını geniş dəstəkləyən yazılarla çıxış edib. Jurnalda dövrün məşhur şəxsiyyətləri, o cümlədən M.S.Ordubadi, Cəfər Cabbarlı, Əliağa Vahid, Nemət Bəsir və başqalarının məqalələri dərc olunub.

“Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunun üç yaşına həsr edilmiş tədbir Rəşid Behbudov adına 2 nömrəli onbirillik musiqi məktəbinin məzunlarının ifasında bədii proqramla yekunlaşıb.

 

“Ədəbiyyat və incəsənət”

(16.07.2024)

Respublika Uşaq Kitabxanası fondunu yeni nəşrlərlə komplektləşdirmək məqsədilə “Nəşrlərin satınalınması müsabiqəsi” elan edib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, müsabiqənin təşkilində şəffaflığı, səmərəliliyi və obyektivliyi təmin etmək məqsədilə müsabiqəni yeni tərkibdə təsdiq olunan Nəşriyyat Məhsullarının Satınalınması üzrə Komissiya həyata keçirəcək.

 

Müsabiqə çərçivəsində Komissiya tərəfindən seçilən nəşrlərdən minimum 5 nüsxə alınacaq. İştirakçılar tərəfindən nəşrlər iyulun 26-dək Komissiyaya təqdim olunmalıdır. Müsabiqə üçün müəyyən edilmiş müddət başa çatdıqdan sonra təqdim olunan nəşrlər qəbul edilmir.

 

Buraxılış məlumatında qiyməti göstərilməyən nəşrlərin dəyəri onun texniki göstəricilərinə, poliqrafik keyfiyyətinə görə mövcud bazar şərtləri əsasında müəyyənləşdiriləcək.

 

Məzmun və poliqrafik baxışından qüsurlu, ümumi tirajı 50-dən aşağı olan nəşrlərin satınalınmasına yol verilmir.

 

Müsabiqəyə xarici dillərdə (əsasən ingilis, rus, türk, alman, ərəb) olan nəşrlər də təqdim oluna bilər. Müsabiqə müddətində təqdim edilən nəşrlərdə uşaq ədəbiyyatına üstünlük veriləcək.

 

Qeyd edək ki, müsabiqəyə təqdim olunan nəşrlərin nümunə nüsxələri geri qaytarılmır.

 

“Ədəbiyyat və incəsənət”

(16.07.2024)

Amerika Birləşmiş Ştatlarının “Poetry.com” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin ingilis dilinə tərcümə edilmiş “Bənəfşə” şeirinin yayımına başlayıb. Şairlər diyarı

Qazağın Yuxarı Salahlı kəndindən olan dahi şairin poeziya nümunələrinin dünyaya çatdırılması, əlbəttə ki, mütərəqqi hadisədir. 

 

“Ədəbiyyat və incəsənət” portalı Tərcümə Mərkəzinə istinadən xəbər verir ki, şairin yaradıcılığı haqqında məlumatla təqdim olunan şeirin ingilis dilinə tərcümə müəllifi tanınmış ingilis tərcüməçisi və filoloqu Tom Bottinqdir.

 

Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənən portal mütəmadi olaraq səhifələrində Uilyam Şekspir, Edqar Allan Po, Fridrix Şiller, Emili Dikinson, Ceyn Ostin, Pablo Neruda kimi dünyaşöhrətli şair və yazıçıların yaradıcılığına yer ayırır.

 

“Ədəbiyyat və incəsənət”

(16.07.2024)

Oxucular üçün müjdə var. 

Xalq yazıçısı, akademik, “Yarımçıq əlyazması”nın müəllifi Kamal Abdullanın “Seçilmiş əsərləri”nin sonuncu - yeddinci cildi çapdan çıxıb. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, yeddinci cildə müəllifin son dövrlərdə qələmə aldığı və əvvəlki cildlərində yer almayan bir romanı, hekayələri, səhnələşdirilmiş, yaxud səhnə həllini gözləyən pyesləri, “Kitabi-Dədə Qorqud” dastanının semantikasından bəhs edən monoqrafiyası, mif və dilin əlaqələrindən bəhs edən “Mifolinqvstika” adlı elmi əsəri və həmmüəlliflə-AMEA-nın müxbir üzvü, professor Rafiq Əliyevlə yazdığı “Kitabi-Dədə Qorqud” dastanının qeyri-səlis məntiqlə əlaqəsindən bəhs edən elmi əsəri daxil edilib.

Yeddinci cildə daxil edilən və son iki ilin məhsulu olan hekayələr, əslində, müəllifin “Seçilmiş əsərləri”nin ikinci cildindəki hekayələrin ruhunu, hətta bəzən arxetiplərin daşıyıcıları və davamıdırlar. Bu cildə daxil edilmiş “Kitabi-Dədə Qorqud”da semantik sayrışmalar” bölməsinin əhatə etdiyi esselər müəllifin əbədi “Dədə Qorqud” axtarışlarının davamıdır.

Kamal Abdullanın “Yarımçıq əlyazma” ilə başlayan roman yaradıcılığının hələlik finalı kimi özünü göstərən “Laokoon, Laokoon”…(yaxud bir romanın “gerçək” yazılma tarixçəsi)” romanı müəllifin zaman-zaman gəldiyi yolboyu nəzəri və yaradıcılıq emalatxanasında yaşananların xatirəsidir. Müəllifin qeyd etdiyi kimi bu “romanvari” romanın hər bir bölməsi Laokoonun Troya atına nizə atması kimi Kamal Abdullanın romançılıq səyahətində qarşılaşdığı, amma mübhəm səbəblərdən mətnlərə daxil etmədiyi təhlükələrə daha uzaq zaman məsafəsindən oxlar atmaqdır.

Kitabdakı “Mifolinqvistika” bölməsində təqdim edilən mətləblər onu deməyə əsas verir ki, Kamal Abdulla bu addımı ilə, əslində, Azərbaycan dilçilik elmində yeni bir elmi istiqamətin əsasını qoymuş olur.

Yeddinci cildə daxil edilmiş “Kitabi-Dədə Qorqud” və qeyri-səlis məntiq (Rafiq Əliyevlə birlikdə) əsəri Azərbaycan elm tarixində xüsusi yeri olan dahi alim L.Zadənin qeyri-səlis məntiqinin ədəbi-bədii əsərə tətbiqinin ilk təcrübəsidir.

Kamal Abdullanın “Seçilmiş əsərləri” yeddi cildliyinin sonuncu cildini vərəqləyən diqqətli oxucu bilməlidir ki, müəllifin yaradıcılığı yeddi cilddən ibarət deyil, müəllifin yaradıcılığı yeddi cildin hüdudlarından kənarda da davam edir.

Bu mənada Kamal Abdullanın yaradıcılığının əsasən toplandığı bu yeddi cildlik oxucular üçün mayakdır, mütaliə istiqamətini göstərən kompasdır.

Qeyd edək ki, kitabın tərtibçiləri Şəlalə Nəqşani və Cavid Zeynallıdır. Buraxılışa məsul Sərraf Balaxan, texniki redaktor Rita Müslümovadır.

 

“Ədəbiyyat və incəsənət”

(16.07.2024)

 

11-13 iyul 2024-cü il tarixində “ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı və “Qala Sığorta” ASC-nin dəstəyi ilə “InnoCamp - ASAN könüllülərinin innovasiya düşərgəsi” həyata keçirilib.

Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin yaradılmasının 12-ci ildönümünə həsr olunub. 

 

“Ədəbiyyat və incəsənət” portalı “ASAN xidmət”ə istinadən xəbər verir ki, 2024-cü ilin “Gənclər Paytaxtı” olan Lənkəran şəhərində reallaşan tədbir  55 innovasiya yönümlü gənci əhatə edib. 

 

 

Əsas məqsəd yaradıcılığı və innovasiyanı təşviq etmək, rəqəmsal dövrün peşələrinə marağı olan gənclərin müvafiq istiqamətlər üzrə məlumatlılıq səviyyəsini yüksəltməkdir. Həmçinin gənclər arasında bu sahənin düzgün şəkildə təbliği, savadlı mütəxəssislərin yetişməsi əsas hədəflərdir. 

 

 

İlk gün iştirakçılar “İdeya generasiyası” və “Süni intellekt texnologiyaları və alətləri” mövzularında təlimlərdə,  ardınca isə çay plantasiyasına ekskursiyada iştirak ediblər.

 

Növbəti gün eko çanta ustad dərsi, dizayn düşüncə metodologiyası və təqdimat bacarıqları mövzularında təlimlər, həmçinin innovasiya yönümlü intellektual yarış təşkil olunub.

 

Layihənin son günündə iştirakçılar süni intellekt və robototexnika mövzularında hazırladıqları innovativ həlləri münsiflər heyətinə təqdim ediblər. 

 

 

İştirakçılar sertifikat və digər hədiyyələr ilə təltif ediblər.

 

Dəstəkçilər: ASAN İnnovativ İnkişaf Mərkəzi, Khazar Palace Hotel & Restaurant, “FULL” sərinləşdirici içki, ”Özünü Yarat Ebru sənət mərkəzi” MMC, Qanun Nəşriyyatı

 

Media dəstəkçiləri: ASAN Radio, ASAN TV

 

“Ədəbiyyat və incəsənət”

(15.07.2024)

 

“YAŞAT” Fondunun təşkilatçılığı, “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyətinin baş sponsorluğu və Azərbaycanın milli daşıyıcısı “Azərbaycan Hava Yolları”nın tərəfdaşlığı ilə Birləşmiş Krallığın paytaxtı Londonda ikinci "YAŞAT" yay məktəbi başlayıb.

“Ədəbiyyat və incəsənət” portalı “YAŞAT” Fonduna istinadən xəbər verir ki, 13 iyul tarixində Heydər Əliyev Beynəlxalq Aeroportunda düşərgə iştirakçıları yola düşüblər.

14 gün davam edəcək “YAŞAT” yay məktəbinin əsas məqsədi şəhid övladlarının dünyagörüşünü, dil biliklərini və bacarıqlarını, artırmaq, mədəniyyət mübadiləsində aktiv iştiraklarını təmin etmək, vaxtlarını səmərəli keçirmələrinə, yeni tanışlıqlar və dostluqlar əldə etmələrinə dəstək olmaqdır.

13-27 iyul tarixini əhatə edən yay məktəbi London Universitet Kollecində (University College London – UCL)  keçirilir. Proqram müddətində iştirakçılar gündəlik 3 saatlıq ingilis dili dərslərində, şəhər ekskursiyasında, tarixi abidələr və muzey gəzintisində iştirak edəcəklər. 

Yay məktəbinin iştirakçıları ölkəmizdə 9-cu sinif üzrə buraxılış imtahanında ən uğurlu nəticə əldə etmiş 12 nəfəri əhatə edir.

Layihənin media dəstəkçisi :  ASAN Radio, ASAN TV

 

“Ədəbiyyat və incəsənət”

(15.07.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.