ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

Cümə, 11 Oktyabr 2024 16:36

BİR SUAL, BİR CAVAB Rəsmiyyə Sabir ilə

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

SUAL

Bəzən həyat

üzərimə yeriyir.

O zaman

özümü sözlə ovuduram.

Taleyimin əzablarını

beləcə unuduram. (Rəsmiyyə Sabir)

 

Əziz Rəsmiyyə xanım, həyata tərif verilsəydi, Sizin tərifiniz necə olardı?

 

 CAVAB

Həyat - insanın müəyyən zaman ərzində yaşantılarıdır, iki nöqtə – olumla ölüm arasındakı ömür xəttidir. Bu yaşantıların arasında xoş gün də var, pis gün də, kədər də var, sevinc də, xoşbəxtlik də var, bədbəxtlik də... Fikrimcə, biz doğularkən taleyimiz alnımıza yazılır. Biz qədərdən istəsək də qaça bilmirik. Bir şeirimdə yazmışdım ki:

Bu tale baş alıb gedir,

Məni də sürüyür, anam.

 

“Ədəbiyyat və incəsənət”

(11.10.2024)

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi yazar Urmiyadan Əli Rəştbərdir.

 

 

Əli Rəştbər

Urmiya

 

 

URMİYA-GÖYÇƏ

 

Ömürlük mənimdir, ata bilmərəm,

Onsuz məzarda da yata bilmərəm,

Cənnətdə də qərar tuta bilmərəm,

Bu hayat baxçamda açandan qönçə,

Bir gözüm Urmiya bir gözüm Göyçə.

 

Vətənsiz yaşamaq haramdır haram,

Xoş günü xoş günüm yarası yaram,

Heç zaman özümdən ayıranmaram,

Ortadan ürəyim süngüyə keçə,

Bir gözüm Urmiya bir gözüm Göyçə.

 

Göy üzündən baxan ey ulu Rəhman!

Parça-parça olmuş can Azərbaycan!

Olarmı bir ata övladlarından_

Bəzisin ayıra bəzisin seçə?!

Bir gözüm Urmiya bir gözüm Göyçə.

 

Bu yerlər vətənim Qayıbdır adım,

Zikrimdir adları hər addım-addım,

Bunların eşqiylə yazıb yaratdım,

Vermədim ömrümü bir anlıq heçə,

Bir gözüm Urmiya bir gözüm Göyçə.

 

“Ədəbiyyat və incəsənət”

(11.10.2024)

 

Sərtyel, “Ədəbiyyat və incəsənət” 

 

1.

Əgər sizin hipertoniyanız, şəkəriniz, osteoxondrozunuz, maşınınız, mənziliniz, bağınız və veriləsi alimentiniz yoxdursa, demək, siz hələ gəncsiniz və hər şey hələ qabaqdadır. 

 

2

Dayısı və regionu hesabına yükəsk karyera əldə etmiş nazir Mazanov barədə  “Mazanovun nailiyyətləri” adlı kitab çapdan çıxıb. Kitab ağ vərəqlərdən ibarətdir.

 

3.

Güclü külək evlərin damlarını qoparır, ağacları aşırırdı. Sovet kəşfiyyatçısı Ştirlis düşündü ki, deyəsən külək başlayacaq. 

 

4.

“Neftçi” rəhbərliyi yerli məşqçiləri bəyənmir, əcnəbilər də gəlib klubu lap bərbad vəziyyətə salır. Roman Qriqorçuk da belə getdi. 

Bəlkə rəhbərlik “Neftçi” yə məşqçilik etməyə yadplanetli gətirsin?

 

5.

İcra başçısı müavininə:

-Bu camaat hardan bilir ki, bizim şəhərdə korrupsiya var? 

-Necə hardan, cənab başçı? Mətbuatdan.

-Dərhal məsələyə son qoyulsun!

-Oldu, cənab başçı. Demək, sabahdan korrupsiaya ilə mübarizəyə başlayırıq, eləmi?

-Korrusiyaya qarşı niyə? Mətbuata qarşı! 

 

“Ədəbiyyat və incəsənət”

(11.10.2024)

 Rubrikanı Könül aparır. 

 

“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır. 

 

Bu gün sizlərə Mal quyruğundan bozartmanın hazırlanma qaydasını təqdim edəcəyik. 

Nuş olsun!

 

 DÜSTUR:

§ Mal quyruğunun ətli hissəsi, fəqərələrarası kəsilmiş hissələr – 234 qr

§ Kərə yağı – 20 qr

§ Soğan – 30 qr

§ Kök – 40 qr

§ Dəfnə yarpağı – 3 qr

§ Duz – 6 qr

§ İstiot (dənəvər) – 0,05 qr

Xörək əlavəsi:

§ tərəvəz, meyvə turşuları –

40 qr, sirkə – 10 qr, sarımsaq – 2 qr, nar dənəsi – 15 qr, göyərti – 8 qr

 

HAZIRLANMASI:

Dərisi təmizlənmiş mal quyruğunun ətli hissəsi, fəqərələrarası kəsilmiş hissələr götürülür. Hazırlanma qaydası mal kəlləsinin, alt çənəsinin xaşlaması kimidir. Fərq yalnız odur ki, sonda kərə yağı vurulur, suyu çəkilib, yağa düşür, yüngülvarı tovlanır. Xörək 2-2,5 saata hazır olur. Bu xörək süfrəyə bütöv tikələr şəklində verilir (Bax: 170. Mal kəlləsindən xaşlama).

QEYD: Fəqərələrarası kəsi

tikələrin qalınlığı 5-6 sm olmalıdır.

Bu yeməkdə tikələrin əti sümükdən təmizlənmir. Üzərinə göyərti səpilir və süfrəyə verilir. Yanında tərəvəz, meyvə turşuları, sirkə, sarımsaq, nar dənəsi, göyərti veril

 

“Ədəbiyyat və incəsənət”

(11.10.2024)

Xəbər verdiyimiz kimi, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) bu il “İslam dünyasında mədəniyyət paytaxtları” proqramının bir hissəsi olan üç şəhəri - Azərbaycan Respublikasında Şuşa, habelə Mərakeş Krallığında Marrakeş və Liviya Dövlətində Benqazini əhatə edən “İslam Dünyasında Mədəniyyət Paytaxtları” proqramının bir hissəsi olaraq, “Poeziya şəhərləri” illik mükafatı üçün müsabiqənin başlandığını elan edib.

 

“Ədəbiyyat və incəsənət” xəbər verir ki, müsabiqə təşkilatçıları öz xoşməramlı niyyətlərini poeziyanın inkişafına və islam mədəniyyətinin təşəkkülünə yönəldiblər, ona görə də daha geniş arealda iştirakçıların müsabiqəyə qoşulması onların prioritetidir. 

Beləliklə, hər bir kəs müsabiqədə iştitrak edə bilər. Müsabiqədə iştirak edən şeirlər İslam dünyasında mədəniyyət paytaxtı kimi qeyd olunan hər bir şəhərdən üç qalibi seçmək üçün ICESCO-nun ixtisaslaşmış komitəsi və görkəmli şairlər tərəfindən qiymətləndiriləcək. 

Təkrar edirik ki, birinci yerin qalibi 2000 ABŞ dolları, ikinci yerin qalibi 1500 ABŞ dolları, üçüncü yerin qalibi isə təşəkkür sertifikatları ilə yanaşı, 1000 ABŞ dolları alacaq. 

Bundan başqa, ICESCO müsabiqədə iştirak edən qaliblərin şeirlər toplusunu nəşr etdirəcək.

Mükafat üçün namizədlərin şeirləri klassik ərəb və ya Azərbaycan dilində olmalıdır. Ərəbcə şeir sərbəst və ya qafiyəli poetik ölçüyə, Azərbaycan dilində yazılmış şeir isə tələffüz və ya prosodik ölçüyə uyğun olmalıdır. Şair şeirin mövzusunu təşkil edən dəyərlərdən, estetikadan, tarixdən, coğrafiyadan, şəhərin tarixindən ilham almalıdır. 

ICESCO bütün yaş qruplarından olan şairləri 2024-cü il dekabrın 31-dən gec olmayaraq https://icesco.org/9k90 linki vasitəsilə öz təkliflərini göndərməklə müsabiqədə iştirak etməyə dəvət edir.

 

Bu müsabiqə bir çox şairləri ölməz poeziya toplusu yaratmağa ruhlandıran qədim şeir ənənələri ilə müasir poeziya arasında əlaqəni canlandırmaq və gücləndirmək məqsədi daşıyır. O, həmçinin şəhərlərin tarixini və coğrafiyasını poetik və estetik cəhətdən sənədləşdirmək, şeir vasitəsilə İslam dünyasının mədəniyyət paytaxtlarını tərənnüm edən simvolları və sivilizasiyaları daha geniş məkanda tanıtdırmaq, İslam dünyasındakı poetik korpusu zənginləşdirmək və ədəbiyyata töhfə vermək məqsədi daşıyır. 

Əziz şeir xiridarlarımız, buyurun, qoşulun, qalib gəlin! 

 

“Ədəbiyyat və incəsənət”

(11.10. 2024)

Leyla Səfərova, “Ədəbiyyat və incəsənət”

 

Möhtəşəm bir xəbərlə yenə qarşınızdayam, əziz oxucular. Yəqin ki, bilirsiniz nə oldu. Əhmədov Əhməd sərbəst buraxıldı. Hətta bildiyim qədəri ilə buna vasitəçi də öldürdüyü anasının doğma bacısı-yəni xalası oldu. Niyə? Var-dövlətə qəyyum olsun deyə. 

Bəlkə də bu səhv məlumatdır, dövlətin qərarıdır. Və beləsi daha pis, daha acınacaqlı vəziyyətdir. Yəni nədir məqsəd? Əhalinin 90%-ini məzarlıqda basdırmaq? Əgər məqsəd odursa, əla addımdır! Belə də davam. Az qalıb.

Hər gün bir bölgədən ölüm xəbəri, cinayət xəbəri alırıq. Qadını-kişisi bir yana, uşaqlar ölür. Əhməd Əhmədov ailəsində 2 uşağın qatili oldu. İndi isə klinikaya yerləşdirildi, nə vaxtsa çıxacaq oradan da. Bu qədər? Danışacaq çox sözüm yoxdur. Canınızı qoruyun, taksilərə minməyin daha. Növbəti 5 qurbandan biri siz də ola bilərsiniz. 

Bir də, məni düşündürən bilirsiniz nədir? Bu qərar neçə-neçə "anlaqsız vəziyyətli" şizofrenə motivasiya olacaq...

 

“Ədəbiyyat və incəsənət”

(11.10.2024)

Cümə, 11 Oktyabr 2024 11:29

Ağdam Çay Evinin tarixi

Nemət Tahir, “Ədəbiyyat və incəsənət”, Qarabağ bölməsi

 

Ağdam şəhəri tarixi və mədəniyyəti ilə hər zaman Azərbaycanın dəyərli şəhərlərindən biri olmuşdur. Şəhərdə müxtəlif memarlıq abidələri və ictimai obyektlər qurulmuş və onlar şəhərin simvoluna çevrilmişdir. Bu cür simvolik məkanlardan biri də Çay evi idi.

 

1986-cı ilin iyulun 26-da Ağdamda rəsmi olaraq Çay evinin açılışı baş tutmuşdur. Bu məkan, şəhər sakinlərinin və qonaqların rahat bir şəraitdə toplanıb çay içməsi və söhbət etməsi üçün yaradılmışdı. Çay evi həmçinin sosial və mədəni görüşlərin təşkil edildiyi mərkəzlərdən biri idi. Layihənin müəllifi 1984-1988-ci illərdə Ağdamda baş memar kimi fəaliyyət göstərən Naiq Səmədov olmuşdur. Onun memarlıq baxımından unikal yanaşması, şəhərin vizual landşaftına uyğun olaraq “Çay evi”ni xüsusi bir dizaynla inşa etməyə imkan yaratmışdı.

Təəssüf ki, Ağdam şəhərinin işğalı nəticəsində şəhərdəki bir çox tarixi və mədəni abidə kimi Çay evi də tamamilə dağıdılmışdır. Bu, Ağdamın və ümumilikdə, Azərbaycanın mədəni irsinə vurulmuş ağır bir zərbə idi. Çay evi Ağdamın simvollarından biri olmaqla yanaşı, həm də şəhərin ictimai həyatında mühüm yer tutan bir məkan idi. Onun dağıdılması yalnız bir binanın məhvi deyil, həm də Ağdam şəhərinin itirilmiş bir dövrünün simvolik göstəricisi kimi qəbul edilə bilər.

İşğaldan sonra Çay evinin Ağdamın Quzanlı qəsəbəsində yenidən tikilməsi ağdamlıların bu tarixi abidəyə olan hörmət və ehtiramının nəticəsidir.

 

“Ədəbiyyat və incəsənət”

(11.10.2024)

Bu gün məşhur violin ifaçısı Sergey Doqadin M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında konsert verəcək.

 

İfaçını Azərbaycanın Əməkdar artisti, bədii rəhbər və baş dirijor Fuad İbrahimovun rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Kamera Orkestri müşayiət edəcək. 

Konsertdə Q.Qarayev, F.Əlizadə və D.Şostakoviçin əsərləri səslənəcək.

Qeyd edək ki, S.Doqadin 1988-ci ildə Sankt-Peterburq şəhərində anadan olub. O, Sankt-Peterburq Dövlət Konservatoriyasını bitirib və nüfuzlu violin ustadlarından dərslər alıb. Bir çox beynəlxalq müsabiqələrin qalibi olan və bu uğurları ilə özünü violin dünyasında təsdiqləyən S.Doqadin həm solo ifaçı kimi, həm də məşhur simfonik orkestrlərlə çıxış edir.

 

“Ədəbiyyat və incəsənət”

(11.10.2024)

Bu gün Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında yazıçı-dramaturq Tamara Vəliyevanın eyniadlı əsəri əsasında hazırlanan “Cəza” monotamaşası nümayiş olunacaq.

 

Birhissəli tamaşada əsas rolu Əməkdar artist Kəmalə Hüseynova ifa edəcək.

Psixoloji oyun dramının quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadədir.

 

“Ədəbiyyat və incəsənət”

(11.10.2024)

Oktyabrın 8-10-da Bolqarıstanın Veliko Tırnovo şəhərində keçirilən XIX Beynəlxalq Mədəni Turizm sərgisində “Şuşa – Azərbaycanın tarixi və mədəni incisi” adlı fotosərginin açılışı baş tutub.

 

Bu barədə AzərTAC-a Azərbaycanın Bolqarıstandakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, sərgidə səfirliyin təşəbbüsü və Bakı Media Mərkəzinin dəstəyi ilə Şuşanın füsunkar təbiətini, tarixi abidələrini və özünəməxsus rəngarəng arxitekturasını əks etdirən fotoşəkillər nümayiş etdirilib.

Ölkəmizin Bolqarıstandakı səfiri Hüseyn Hüseynov Şuşanın Azərbaycanın tarixində və mədəniyyətində tutduğu əvəzsiz yeri, zamanında Qafqazın ticari və iqtisadi mərkəzlərindən biri olması, Şərq ədəbiyyatına və incəsənətinə verdiyi töhfələr barədə danışıb.

Şuşanın 30 ilə yaxın işğalından sonra 2020-ci ildə azad edildiyini və 2021-ci ildə Azərbaycanın mədəniyyət paytaxtı elan olunduğunu deyən səfir vurğulayıb ki, şəhər Prezident İlham Əliyevin bilavasitə nəzarəti altında bərpa edilərək yenidən təkcə Azərbaycanın deyil bütün Qafqazın parlaq incisinə çevrilib.

Həmçinin səfirlik tərəfindən sərginin Veliko Tırnovo şəhərində keçirilən turizm bölümündə Azərbaycanın mədəni turizm potensialını təşviq edən milli stend sərgilənib, ölkəmizin gözəl təbiətini, qədim tarixini və parlaq adət-ənənələrini əks etdirən fotoşəkillər, milli suvenirlər və xalılar nümayiş etdirilib, qonaqlara onlar barədə ətraflı məlumat verilib, eyni zamanda, milli mətbəx nümunələri təqdim olunub.

Xatırladaq ki, hər il Bolqarıstan Respublikasının turizm naziri, mərkəzi və yerli hakimiyyət orqanların rəhbərləri, 10-dan çox ölkənin mədəniyyət və turizm sahəsi üzrə rəsmiləri, otuzdan çox yerli və beynəlxalq bələdiyyə nümayəndələrinin iştirakı ilə keçirilən Beynəlxalq Mədəni Turizm sərgisi Balkan regionunda bu sahədə ixtisaslaşmış yeganə sərgi platformasını təşkil edir.

 

“Ədəbiyyat və incəsənət”

(11.10.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.