Super User
Qərbi Azərbaycanda kənd məskənlərinin arxeoloji inkişaf dinamikası
Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”
Qərbi Azərbaycanın arxeoloji mənzərəsi qədimdən orta əsrlərə qədər uzanan uzunmüddətli məskunlaşma proseslərini izləməyə imkan verir və bu prosesin əsas dinamikası kurqan ənənəsindən kənd tipli yaşayış məskənlərinə keçidlə xarakterizə olunur. Regionda aparılmış arxeoloji qazıntılar göstərir ki, eramızdan əvvəl III–II minilliklərdə geniş yayılmış kurqanlar yalnız dəfn abidəsi kimi deyil, həm də sosial strukturların, ictimai təbəqələşmənin və əraziyə nəzarətin rituallaşdırılmış göstəriciləri kimi fəaliyyət göstərib.
Keshikçidağ, Ceyrançöl və Zəngəzur dağətəyi düzənliklərində aşkar edilən iri kurqan kompleksləri özünün monumental quruluşu, daş və torpaq yığınları, bəzi hallarda üç bölmədən ibarət dəfn kamerası, obsidian və tuncdan hazırlanmış alətlər, bəzək əşyaları və müxtəlif keramik nümunələri ilə yerli Bronz dövrü cəmiyyətinin sosial-ritual dünyagörüşünü əks etdirir. Kurqanların geniş coğrafiyaya yayılması onların yalnız ailə və ya icma səviyyəli deyil, daha çox tayfa və hökmdar təbəqəsinə aid kompleks strukturlar olduğunu göstərir.
Tədqiqatlar göstərir ki, eramızdan əvvəl II minilliyin sonu – I minilliyin əvvəllərindən başlayaraq məskunlaşma modelində nəzərəçarpan dəyişikliklər meydana çıxır. Kurqan ənənəsi tamamilə aradan qalxmır, lakin artıq tək başına dominant dəfn forması olmur; paralel şəkildə qalalı və açıq yaşayış yerlərinin formalaşması müşahidə edilir. Urartu dövlətinin bölgədə möhkəmlənməsi ilə əlaqədar olaraq İrəvan ətrafı və Göyçə hövzəsinə yaxın ərazilərdə strateji istehkamlar, qala tipli strukturlar və onlara bağlı kiçik yaşayış məntəqələri meydana gəlmişdir. Urartu təsirinin material mədəniyyət izləri, xüsusilə, tikinti texnikasında bazalt daşlarından istifadə, kərpic qalıqları və müəyyən tip keramika kənd həyatının daha sistemli formaya keçdiyini göstərir. Bu dövrdən başlayaraq məskənlərin yerləşməsi su mənbələrinə və ticarət yollarına yaxınlaşır, bununla da kurqanların yeri və funksiyası dəyişir: onlar daha çox rituallıq xarakterini saxlayır, lakin yaşayışın əsas qurucu elementi rolunu itirirlər.
Erkən orta əsr dövrünə keçidlə yanaşı, kənd məskənlərinin davamlılığı daha da güclənir. Göyçə gölü sahili, Aşağı və Yuxarı Zəngəzur vadiləri və Arpaçay boyunca aparılan səth arxeologiyası və qismən qazıntılar göstərir ki, bu ərazilərdə VII–XIII əsrlər arasında fasiləsiz yaşayış olmuşdur. Göl sahili məskənlərdə aşkar edilən orta əsr keramika nümunələri – qırmızı kütləli mətbəx qabları, qara cilalı saxlama qabları, həmçinin dəmir dövrünün davamı kimi bəzi ibtidai əmək alətləri bölgədə kənd təsərrüfatının intensiv olduğunu, balıqçılıq, heyvandarlıq və lokal ticarətin formalaşdığını təsdiqləyir. Bu yaşayış məntəqələrinin qalıqları, təməl daşları, ev strukturları və yaxınlıqda yerləşən kiçik nekropollar kənd icmalarının artıq sabit, köklü sosial təşkilatlanmaya malik olduğunu göstərir. Bu mənada orta əsr kənd yaşayışı kurqan ənənəsindən tamamilə fərqlənir: monumental, simvolik qəbirlərdən gündəlik həyatın mərkəzləşdiyi, təsərrüfatyönlü, dini və sosial funksiyalara görə daha kompleks məskənlərə keçid baş verir.
Kurqanlardan orta əsr kəndlərinə keçidin əsas mexanizmi tədrici şəkildə formalaşmışdır və bir neçə faktorla izah olunur. Birincisi, siyasi sistemlərin dəyişməsi və iri dövlət qurumlarının yaranması nəticəsində insanların daha təhlükəsiz, iqtisadi cəhətdən əlverişli zonalarda məskunlaşmağa üstünlük verməsi məcburiyyət yaratmışdır. İkincisi, ticarət yollarının genişlənməsi, suvarma sistemlərinin inkişafı və torpaq əmək alətlərində baş verən dəyişikliklər kənd təsərrüfatının strukturunu dəyişdirir və bununla da yaşayış məntəqələri su kənarlarında və məhsuldar torpaqlarda sıxlaşmağa başlayır. Üçüncüsü, dini və rituallıq sistemlərində transformasiya baş verir: qədim kurqan ritualı sosial elitanın dəfn mərkəzli səciyyəsi olduğu halda, orta əsrlərdə icma məzarlıqları — başdaşları, qoç heykəlləri və epigrafik yazılarla müşayiət olunan daha sadə, lakin kütləvi qəbiristanlıqlar dərin mədəni dəyişiklikləri göstərir.
Əldə olan arxeoloji sübutlar həmin keçidin təkamül yolu ilə baş verdiyini göstərir: kurqanların geniş yayıldığı dövrdən etibarən bölgədə daimi yaşayışla bağlı strukturlar da mövcud olmuş, lakin orta əsrlərə doğru bu xətt güclənərək kənd mədəniyyətini tam formalaşdırmışdır. Qərbi Azərbaycan ərazisi bu baxımdan Cənubi Qafqazın ən zəngin landşaft-arxeoloji zonalarından biri sayılır və burada həm sosial, həm iqtisadi, həm də mədəni inkişaf mərhələləri aydın şəkildə izlənir. Kurqanlar bölgənin ən qədim ictimai təbəqələşmə göstəricisi kimi çıxış etdiyi halda, orta əsr kəndləri cəmiyyətin sabitləşmiş, istehsal-əmək mərkəzli həyat tərzini təmsil edir və bu iki mərhələ arasındakı keçid regionun arxeoloji tarixinin əsas inkişaf oxunu təşkil edir.
“Ədəbiyyat və incəsənət”
(26.11.2025)
16-cı Bakı Beynəlxalq Film Festivalı yaxınlaşır
Murad Vəlixanov, "Ədəbiyyat və İncəsənət"
5–9 dekabr tarixlərində paytaxtda 16-cı Bakı Beynəlxalq Film Festivalı keçiriləcək.
Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festival bu il Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyi tərəfindən təşkil olunan “Baku Cinema Breeze 25” film platforması çərçivəsində həyata keçiriləcək.
Bakı Beynəlxalq Film Festivalının dəstəkçiləri sırasında Azərbaycan Kinematoqrafçılar İttifaqı, Nizami Kino Mərkəzi, NAYORA və “British Council” yer alır.
Azərbaycan kinosunda yeni istedadların üzə çıxarılması və onların diqqət mərkəzində saxlanılması məqsədilə Gənc Kinematoqrafçılar Mərkəzi tərəfindən təsis olunan layihə, öz üslubunu formalaşdırmağa çalışan və fərqli yaradıcılıq yanaşmaları axtaran müəlliflər üçün platforma rolunu oynayır.
Layihə çərçivəsində iştirakçılar bir-birindən maraqlı filmləri izləmək imkanı əldə etməklə yanaşı, ekran əsərlərinin istehsalçıları və müxtəlif ölkələri təmsil edən kino mütəxəssisləri ilə ortaq layihələr barədə müzakirələr aparmaq şansı da qazanacaqlar.
Təbii ki, festival ərəfəsində sizə daha ətraflı məlumat verəcək, filmlərin siyahısını təqdim edəcəyik. Festival bəzi sürprizlər də vəd edir. Amma nə sürprizlərdirsə, onları hələ açqılamırıq. İntriqanı saxlayırıq.
“Ədəbiyyat və incəsənət”
(26.11.2025)
Onu hamınız tanıyırsınız
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
O qısa ömür yaşadı, hədəflərinə çatmaq, çox zirvələr qət etmək amacındaydı, amma amansız ölüm buna imkan vermədi. Bununla belə, o yaşadı, xatirələrdə, çəkildiyi filmlərdə günümüzə gəlidi. Siz şəklini görən kimi, bəlkə adını eşitməsəniz belə onu tanıdınız əlbəttə. Çünki köhnə filmlərimiz deyərək sevə-sevə izlədiyimiz həmin filmlərdə onu çox görmüşük. Ən məşhur filmlərdə o vardır.
Müxlis Cənizadə 26 noyabr 1928-cu ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Teatr Texnikumunu və Dövlət Teatr İnstitutunu bitirib (Kazım Ziyanın kursu). 1953-1963-cü illərdə Azərbaycan Dövlət Akademik Dram Teatrında çalışıb. Müxlis Cənizadə dövrünün teatr və kino aktyoru, təkrarsız bədii qiraət ustası, səhnə danışığı müəllimi, rejissor kimi tanınıb. 1961-ci ildən ömrünün sonunadək Dövlət Teatr İnstitutunda dərs deyib.
Teatr İnstitutunun Tədris Teatrında “Təbilçi qız”, “Aydın”, “Qaraçılar”, “Üləmalar” və s. tamaşalara quruluş verib. Azərbaycan Radiosunun “Qızıl fond”unda və Dövlət Səsyazma Fondunda Müxlis Cənizadənin ifasında bədii qiraət nümunələri saxlanılıb. SSRİ kinematoqrafçılarının istehsalı olan “Sonuncu qum təpəsi” (Последний дюйм, Lenfilm / Rusiya, 1958, rejissor: Teodor Vulfoviç, Nikita Kurixin), “Namus uğrunda” (Из-за чести, rejissor: Artaşes Ayrtyan, Ermənistanfilm, 1956) filmlərində çəkilib.
1960-cı ildə Əməkdar artist adına layiq görülüb.
Filmoqrafiya
1. Xatirələr sahili
2. Əsl dost
3. Fətəli xan
4. Görüş
5. Ən vacib müsahibə
6. Dəli Kür
7. Bəxtiyar
8. Bakının işıqları
9. Bir məhəllədən iki nəfər
10. Səhər
11. Ulduz
12. Ulduzlar sönmür
13. Yenilməz batalyon
Müxlis Cənizadə 10 dekabr 1972-ci ildə ağır xəstəlikdən vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(26.11.2025)
Tək elə “Qaçaq Kərəm” bəs edər
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Bəzən bir yazıçının ədəbiyyat tarixində qalmasına cəmi bir roman bəs edir. Necə ki, Fərman Eyvazlını ədəbiyyat tarixində “Qaçaq Kərəm” romanı saxlayıbdır.
Qazax mahalı çox sayda yazıçı və şair yetiribdir. O qədər məşhur ədiblər bu diyardan çıxıb ədəbiyyat tariximizdə möhkəmləniblər ki, istənilən başqa regionda adından ad edə biləcək Fərman Eyvazlı kimi bir yazar elə də parlaya bilməyibdir, kölgədə qalıbdır. Amma, yenə də təkrarlayıram, onun ədəbiyyat tarixində qalmasına cəmi bir roman - “Qaçaq Kərəm” romanı bəs edibdir.
Fərman Eyvazlı 6 Mart 1931-ci ildə Qazax rayonunda anadan olub. 1956-cı ildə Moskva Maksim Qorki İnstitutunun Ədəbiyyat ixtisasından məzun olub. Ədəbi fəaliyyətə 1950-ci illərdə başlayan yazıçının ilk şeiri ,,İlk Səsim’’ “Azərbaycan Gəncləri” qəzetində yayımlanıb. 1986-cı ildə ,,Drujba Narodov’’ jurnalında baş müxbir, 1961-cı ildə Radio və Televiziya Komitəsində aparıcı kimi çalışıb.
1965-ci ildə ,,Azərnəşr’’də tərcüməçi, 1967-ci ildə Azərbaycan Jurnalistlər Birliyində şöbə müdiri olub. 1962-ci ildə Azərbaycan Yazıçılar Birliyinə, 1970-ci ildə Azərbaycan Jurnalistlər Birliyinə üzv olub.
Əsərləri
1. Mən niyə qayıtmadım
2. Qaçaq Kərəm
Tərcümələri
1. Y.Fuçik, B.Silovo. Radistin qutusundan üç Hərf
2. Fateh Niyazi. Üçüncü qız
3. J.Amadu. Su Kinkasın Qeyri-adi alümü
4. Yapon xalq nağılları
5. B.Rjevski. Heyvanat parkları şahının səhvi
6. Yuqoslaviya hekayələri
7. Ostan Vişnya. Məhşər Günü
8. Vasil Bolşak. Köhnə Azar
9. N.Nosov. Yamaq
Fərman Eyvazlı 26 noyabr 1996-cı ildə Bakı şəhərində vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(26.11.2025)
Çoxmu violonçel ifaçısı tanıyırsınız?
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Yenə skripka deyilsə, dərd yarıdır. Rəhmətlik Kazbek, Natiq, Maestro Ceyhun... Tanınmış skripkaçılar vardır, amma violonçel...
Bu, simli alətlərdən məxsusi biridir, onun ifaçısına da məxsusi yanaşaq. Bu anım günündə onu xatırlayaq.
Rasi Abdullayev 6 iyul 1944-cü ildə Bakı şəhərində anadan olub. 1951–1962-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində, 1962–1967-ci illərdə isə Azərbaycan Dövlət Konservatoriyasında violonçel ixtisası üzrə professor Sabir Əliyevin sinfində təhsil alıb. Həmin il o, violonçel ixtisası üzrə konservatoriyada assistent kimi fəaliyyətə başlayıb.
1968–1969-cu illərdə Moskva Dövlət Konservatoriyasının aspiranturasında Mstislav Rostropoviçin sinfində violonçel ixtisası üzrə təhsilini davam etdirib.
1973-cü ildə Azərbaycan Dövlət Konservatoriyasının aspirantura-assistentliyini bitirib. 1964–1972-ci illərdə Azərbaycan Dövlət Kamera Orkestrinin, 1970–2010-cu illərdə isə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestrində solisti olub. Rasi Abdullayev Bakı Musiqi Akademiyasında dərs deyib. 1976–1979-cu illərdə Qahirə, 1987–1994-cü illərdə isə Dəməşq konservatoriyalarında pedaqoji fəaliyyət göstərib.
Təltifləri
- "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı
- "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı
Rasi Abdullayev düz bir il öncə - 26 noyabr 2024-cü ildə vəfat edib.
Allah rəhmət eləsin!
Şəkildə: Rasi Abdullayev violonçeldən başqa kontrabasda da ifa edirdi.
“Ədəbiyyat və incəsənət”
(26.11.2025)
Qadın poeziyamızın poema ustadı
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
"Əbədiyyət", "Arazım, Xan Arazım", "Himn", "İlahi Vaxt", "Ulduz səsləri", "Göy, Dəniz, Göyqurşağı", "İlğım", "Suqovşan", "Toy", "Söz haqqında söz", "Böyük Adam", "Ürək simfoniyası" - müxtəlif mövzularda 12 poeması vardır şairənin.
“Arazım, Xan Arazım", "İlahi vaxt", "Əbədiyyət", "Himn", "Ürək simfoniyası" poemaları Azərbaycan dövlət radiosunda radio-tamaşa kimi hazırlanaraq efirdə səsləndirilib.
Rəhimova Nisəbəyim - ədəbi təxəllüsü Nisə Bəyim olan şairə 6 mart 1955-ci il tarixində Sabirabad şəhərində ziyalı ailəsində anadan olub. 1961-ci ildə Sabirabad şəhərində M. Müşfiq adına 4 saylı orta məktəbə daxil olub, 1971-ci ildə həmin məktəbi bitirib. 1976-cı ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu fərqlənmə ilə bitirərək, Sabirabad şəhər M. Müşfiq adına 4 saylı orta məktəbində əmək fəaliyyəti göstərib.
Yaradıcılığa tələbəlik illərindən başlasa da, Azərbaycan mətbuatında 1988-ci ildən çap olunub. İlk dəfə "Vətən mənəm" adlı şeiri 1988-ci ildə "Azərbaycan müəllimi" qəzetində çap olunub. Bu vaxtdan etibarən onun yazıları "Azərbaycan", "Ulduz", "Gənclik", "Azərbaycan qadını", "Pəncərə" və digər dərgilərində, müxtəlif qəzetlərdə, Tehranda nəşr olunan "Yol" jurnalında, "Yaşıl budaqlar", "Vətən sevgisi", "Min beş yüz ilin oğuz şeiri", "Poeziya günü", "Aran" toplu və almanaxlarında dərc olunub.
Ədəbi mühitdə poeziya nümunələri ilə bərabər, "Dəniz yuxusu", "Günəş ovu", "Doğmalıq" hekayələri, "İtirilmişlərdən biri", "Bütün həqiqətlər sözlərdədir", "Poeziya haqqında", "Sorun ki, bu nə sevdadır", "Ey Yazıq, sənə zülm eləmişlər", "Bütün həqiqətlər məndədir…", "Klassik notlar", "Aran uşağı haqqında hekayət", "Bağlı vaxt" esse və publisist məqalələri də maraqla qarşılanıb. 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
6 mart 2020-ci ildə 65 illik yubileyini qeyd etdi. Həmin o pandemiya iliydi, elə o yubiley ili də onu sıralarımızdan apardı, noyabr ayının 26-da vəfat etdi.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(26.11.2025)
Kəlağayı Gününə həsr olunmuş tədbir bu dəfə Şəkidə
İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Qafqazlarda tarixən ilk ipək fabriki 1827-28-ci illərdə Şəkidə fəaliyyətə başlayıbdır. Odur ki, ipək parçadan və kəlağayıdan damışanda, öncə gözümüz önünə Şəki gəlir.
26 noyabr Kəlağayı Günü münasibətilə Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin dəstəyi, Şəki şəhər Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə "İpək tellərdə milli kimlik" adlı tədbir keçirilib.
Tədbirdən əvvəl Şəki Azəripək və “Süsən” Kəlağayı Evinin nümayəndələrinin iştirakı ilə kəlağayıya naxışın salınma prosesi peşəkarlar tərəfindən əyani şəkildə təqdim olunub, həmçinin “Kəlağayının sehri” adlı sərgi keçirilib.
Sərgidə kəlağayı və kəlağayıdan hazırlanmış milli geyim nümunələri, kəlağayının tarixi qaynaqlarını özündə əks etdirən kitablar sərgilənib. İştirakçılara ipəyin əldə olunma prosesi, kəlağayının rənglənməsi, naxışlanması və bu sənətin incəlikləri barədə məlumat verilib.
Tədbir çərçivəsində xüsusilə qeyd olunub ki, kəlağayı Azərbaycanın milli irsinin ən incə və dəyərli nümunələrindən biridir. O təkcə baş örtüyü deyil, xalqın zövqünün, ruhunun və mənəvi yaddaşının daşıyıcısıdır. Kəlağayının yaranma tarixi ölkəmizin çoxəsrlik ipəkçilik ənənələri ilə birbaşa bağlıdır. Azərbaycanın müxtəlif bölgələrində kəlağayı nümunələri naxışı və texnikası ilə fərqlənsə də, onun əsas fəlsəfəsi qadının zərifliyini, ismətini və saflığını simvolizə etməsi dəyişməz olaraq qalır.
Bu baş örtüyü həm sülhü və əmin-amanlığı xarakterizə edir, həm də xüsusi mərasimlərdə, toy və nişanlarda, habelə gündəlik həyatda istifadə olunub.
Tədbirində, həmçinin Güləndam Alxasovanın kəlağayıdan hazırlanmış libaslarının nümayişi olub. Onun yaratdığı libaslar kəlağayı sənətinin müasir dəbdə də estetik və zərif şəkildə yaşadığını göstərib. Hər bir model kəlağayının rəng harmoniyası, milli naxışların dərin mənası və ipəyin xüsusi parlaqlığı ilə seçilib.
Sonda tədbirin milli-mədəni irsin qorunması, kəlağayı sənətinin gələcək nəsillərə ötürülməsi baxımından böyük əhəmiyyət daşıdığı bildirilib.
“Ədəbiyyat və incəsənət”
(26.11.2025)
Astanada İncəsənət Muzeyinin təntənəli açılışı olub
25 noyabr 2025-ci il tarixində Astanada “Dünya Musiqisi” (“Әлем Әуені”) Beynəlxalq İncəsənət Festivalı çərçivəsində İncəsənət Muzeyinin təntənəli açılış mərasimi keçirilib. Tədbir Astana şəhər Akimliyi və Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Astana şəhərində təşkil olunub.
“Ədəbiyyat və incəsənət” portalına Fonddan verilən məlumata görə, mərasimdə türk dünyasının zəngin musiqi və sənət irsini əks etdirən eksponatlar, interaktiv guşələr və nadir kolleksiyalar ilk dəfə olaraq ictimaiyyətə təqdim olunub.
Açılış çərçivəsində dünya şöhrətli ustad sənətkarlar tərəfindən hazırlanmış musiqi alətlərinin Rəsmi Təhvil-təslim Mərasimi baş tutub. Əsrlərin ənənəsini müasir ustalıqla birləşdirən bu alətlər türk musiqi mədəniyyətinin müxtəliflik və zənginliyini nümayiş etdirən unikal sənət nümunələri kimi dəyərləndirilib.
Tədbirin davamında “Türk Musiqi Alətləri Sərgisi”nin açılışı keçirilib. Nümayiş etdirilən eksponatlar türk xalqlarının musiqi aləti hazırlığına dair tarixi, etnoqrafik və estetik məlumatlarla müşayiət olunaraq ziyarətçilərə həm elmi, həm də vizual baxımdan geniş təsəvvür yaradıb.
Günün proqramında həmçinin türk dünyasının tanınmış ustaları tərəfindən təşkil olunan ustad dərsləri də yer alıb. Master-klaslar zamanı iştirakçılara alətlərin hazırlanma prosesinin incəlikləri, ifa xüsusiyyətləri və ənənəvi texnikaların qorunması ilə bağlı praktiki biliklər təqdim edilib.
Tədbir türk dünyasının musiqi irsinin qorunması və təbliği istiqamətində Türk Mədəniyyəti və İrsi Fondunun ardıcıl səylərinin və tərəfdaş qurumlarla birgə əməkdaşlığının növbəti mühüm nəticəsi kimi dəyərləndirilib.
“Ədəbiyyat və incəsənət”
(26.11.2025)
Ağdam və Başlıbel: Mənim köküm, mənim tarixim, mənim qürurum
“Ədəbiyyat və incəsənət” portalı Vətənpərvərlik dərsləri rubrikasında bu gün sizlərə Vüsal Tağızadənin “Ağdam və Başlıbel: Mənim köküm, mənim tarixim, mənim qürurum” adlı məqaləsini təqdim edir.
Ağdamın böyük hissəsi işğalda olduğu illərdə mən onun qalan kiçik, amma qürurlu və dözümlü parçasında doğulub böyüdüm. Uşaqlığımın fonunu laylalar yox, mermilərin vıyıltısı, topların gurultusu, səngərdən gələn səslər təşkil edirdi. Amma bütün bu səs-küldə qorxu bizə yaxın durmadı — çünki evimizdə qorxudan güclü bir şey vardı: Vətən sevgisi, atamızdan miras qalan iradə. Atam birinci Qarabağ müharibəsinin döyüşçüsü, veteranı idi; sonra polis kimi illərlə bu dövlətin keşiyində dayanıb. Onun qətiyyəti, mərdliyi və qüruru indi rəhmətə getmiş olsa belə, bizim hər nəfəsimizdə yaşayır. Qardaşım isə illərlə hərbi xidmət keçərək 44 günlük Vətən müharibəsində döyüşən igidlərdən olub. Biz mərmi səsi içində böyümüş, amma mərdliklə nəfəs alan bir ailənin övladlarıyıq.
Amma mənim yalnız Ağdam kimi bir yaddaşım yoxdur… Mənim köküm Kəlbəcərin Başlıbel kəndinə gedib çıxır — tariximizin ən ağır, ən qara səhifələrindən birinə şahidlik etmiş yerə. Başlıbel təkcə mənim doğulduğum yer deyil; ailəmin canı ilə yazılmış bir dərs, nəsil yaddaşımızın ən ağrılı ünvanıdır. O illərdə Başlıbelin mühasirədə qaldığı günlərdə qohumlarımızın yaşadığı faciə bizim soyumuzun ruhunu yandıran izlər buraxdı. İnsanlar günlərlə mağaralarda sıxılıb qalmış, don vurmuş torpaq onların sığınacağına çevrilmiş, çörəyin yoxluğu, soyuğun sərtliyi, düşmən təhlükəsi hər nəfəsi bir mübarizəyə döndərmişdi. Bir çoxumuzun yaxınları həmin faciənin qurbanına çevrildi, bəziləri mühasirəni yarmaq üçün çalışarkən canından oldu, bəziləri mağara sükutunda ölümün addımını dinləyə-dinləyə sağ qalmağa çalışdı. Başlıbelin o qara günləri bizim ailənin qanına, ruhuna, yaddaşına həkk olundu. Bu gün də o acını unutmaq olmur — o bizim kökümüz, yaddaşımız, dağ sarsıntımızdır.
Amma bu gün — 20 noyabr — mən Ağdamın azadlığından danışıram. Mənim üçün bu gün xüsusi gündür, çünki illərlə mermi səsi eşitdiyim, hər səhəri müharibənin kölgəsi ilə açdığım Ağdam sükutla və siyasi qətiyyətlə azad edildi. Bu gün Ağdam nəfəsini geri aldı. Bu gün bizim nəsillərin çiyninə çökmüş yükün bir hissəsi qaldırıldı.
Mən həm Başlıbelin faciəsini yad edirəm, həm Ağdamın qurtuluşunu yaşayıram. Mən Kəlbəcərin acı yaddaşında doğulan soyun, Ağdamın dözümlü torpağında böyüyən bir ömürəm. Hər iki torpağın ağrısı da, qüruru da mənim içimdədir.
Bu gün mənim üçün təkcə bir rayonun azadlığı deyil — həyatımın, taleyimin, yaddaşımın düzələn parçalarıdır. Ağdamın qurtuluşu ilə içimdə nəsillərdən qalan bir ağırlıq işığa çevrildi. Başlıbelin faciəsini unutmadığım kimi, Ağdamın azadlığını da qürurla yaşayıram.
“Ədəbiyyat və incəsənət”
(26.11.2025)
“ASAN Könüllüləri” Təşkilatına yeni sədr seçilib
24 noyabr 2025-ci il tarixində “ASAN Könüllüləri” Təşkilatının növbəti hesabat qurultayı keçirilib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına “ASAN”dan məlumat verilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətinin əhəmiyyətini vurğulayıb. Bildirilib ki, “ASAN Könüllüləri” Təşkilatı bu siyasətin uğurlu təzahürlərindən biridir və təşkilat tərəfindən həyata keçirilən çoxsaylı layihələr minlərlə gəncin bilik, bacarıq və intellektual potensialının inkişafına xidmət edib.
Ümumi Yığıncaqda qəbul edilən qərara əsasən Aysiman Quliyeva yekdilliklə Təşkilata yeni sədr seçilib.
19 dekabr 2013-cü il tarixində təsis olunmuş “ASAN Könüllüləri” Təşkilatının əsas missiyası könüllülərin kadr kimi formalaşmasına şərait yaratmaqla dövlətimizin dayanıqlı inkişafı üçün çalışan, cəmiyyətə faydalı gənc vətəndaşlar qazandırmaqdır. Bu prosesə indiyədək 44 000-ə yaxın könüllü qoşulub. Təşkilat tərəfindən 6500-dən çox təlim, 850-dən çox yerli və beynəlxalq layihə icra olunub, 3400-dən çox könüllü “ASAN Kadr” portalı vasitəsilə işlə təmin edilib.
“Ədəbiyyat və incəsənət”
(26.11.2025)


