
Super User
Bir direktor, bir şagird layihəsində Rəna Hüseynova və Mehin Rəhimli
“Ədəbiyyat və İncəsənət” portalının media dəstəyi ilə Azərbaycan Ədəbiyyat Fondunun Bakı Şəhəri Üzrə Təhsil İdarəsi ilə birgə keçirdiyi “Bir direktor, bir şagird” adlı layihəsinin məqsədi nümunəvi məktəblərimizi, istedadlı şagirdlərimizi üzə çıxarmaq, onların ədəbiyyata olan marağına diqqət yönəltməkdir.
Hazırda təqdimatda 161 nömrəli tam orta məktəbdir.
Layihəni təqdim edir: Ülviyyə Əbülfəzqızı
DİREKTOR :
Rəna Şəmsəddin qızı Hüseynova 4 iyun 1986-cı ildə Ucar rayonunda anadan olmuşdur. İlk təhsilini Ucar rayonu 2 nömrəli tam orta məktəbdə almışdır. 2004-2008-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix fakültəsində ali təhsilə yiyələnmişdir.
2012-ci ildə Ucar rayonu 2 nömrəli tam orta məktəbdə tarix müəllimi vəzifəsi üzrə pedaqoji fəaliyyətə başlamışdır.
2019-cu ildən Bakı şəhəri 143 nömrəli tam orta məktəbdə tarix müəllimi kimi çalışmış, dərs dediyi siniflər, əsasən, rus bölməsini əhatə etmişdir.
2023-cü ildən Bakı şəhəri 143 nömrəli tam orta məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini kimi fəaliyyət göstərmişdir.
2024-cü ilin yanvar ayında Yasamal rayonu C.Cabbarlı adına 161 nömrəli tam orta məktəbin direktor vəzifəsinə təyin edilmişdir, hal-hazırda da həmin məktəbdə fəaliyyətini davam etdirir.
Rəna Hüseynova pedaqoji fəaliyyəti zamanı bir çox layihələrin iştirakçısı və müəllifi olmuşdur. Həmçinin o, ulu öndərimiz Heydər Əliyevə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinin qaliblərindəndir.
Bundan əlavə, Rəna Hüseynovanın şagirdləri bir sıra yerli və beynəlxalq olimpiadaların qalibi və mükafatçısı olmuşdur.
Rəhbəri olduğu 161 nömrəli tam orta məktəb innovativ məktəblər sırasına daxil olduğundan 2024-cü ilin may ayında “İnnovativ Məktəb” layihəsi çərçivəsində İsraildə keçirilən təlimlərdə uğurla iştirak etmişdir. “ORT İsrail” məktəblər şəbəkəsinin mütəxəssisləri tərəfindən keçirilən təlimdə əsas məqsəd təhsil işçilərini şagirdləri yetkin həyatının çağırışlarına və gələcək əmək bazarının tələblərinə cavab verməyə hazırlaması üçün lazımi bilik, bacarıq və səriştələrin inkişaf etdirilməsi olmuşdur.
Hansı vəzifədə çalışmasından asılı olmayaraq, hər bir insan öz fəaliyyətini düzgün qurmalı, öz üzərində çalışmalı və işinə məsuliyyətlə yanaşmalıdır. Rəna Hüseynova daim öz üzərində çalışır, müxtəlif yerli və beynəlxalq təlim və layihələrdə mütəmadi olaraq iştirak edir.
ŞAGİRD:
Mehin Rəhimli Elmir qızı 10 aprel 2010-cu ildə Lənkəran şəhərində anadan olmuşdur. 2016-cı ildə Xırdalan şəhər 1 saylı tam orta məktəbin 1-ci sinfinə daxil olmuşdur, 2020-ci ildən etibarən təhsilini Yasamal rayonu Cəfər Cabbarlı adına 161 nömrəli tam orta məktəbdə davam etdirir. Hal-hazırda 9-cu sinif şagirdidir.
2015-2023-cü illərdə Niyazi adına 22 nömrəli musiqi məktəbində fortepiano ixtisası üzrə təhsil almışdır.
2018-2019-cu illərdə İncəsənət Gimnaziyasında milli rəqs sənəti ilə məşğul olmuşdur.
Kimya fənni üzrə Respublika Fənn Müsabiqələrində iştirak etmiş, uğur qazanmışdır.
2022-ci ildə Kiçik Akademiyada baş tutan tədbirdə slayd üzərində hazırladığı yeni məhsulu təqdim etmişdir.
2023-2024-cü illərdə “EducationUSA Early Bird” proqramlarına qatılmışdır.
2024-cü ildə ADA Universitetində təşkil olunan “VI English Language Olympiad”da iştirak etmişdir.
2024-2025-ci illərdə davam edən, İsrail və Azərbaycanın birgə layihəsi olan Beynəlxalq Kosmik Olimpiyadada iştirak edir.
2025-ci ildə davam etməkdə olan “Azərbaycan Milli Peyk İnnovasiya” müsabiqəsində iştirak edir.
Məktəbdaxili və məktəbdənkənar müxtəlif intellektual yarışlarda iştirak edərək bilik və bacarıqlarını inkişaf etdirmişdir. Boş vaxtlarında teatr tamaşalarına, muzeylərə və kitab sərgilərinə gedir. Xüsusilə, detektiv janrda olan kitablar oxumağa maraq göstərir.
ESSE
Süni intellekt təhsil həyatımı necə asanlaşdırır?
Müasir dövrümüzdə texnologiyanın sürətli inkişafı ilə həyatımızın müxtəlif sahələrində yeniliklər müşahidə olunur. Bunlardan biri də süni intellektin (Sİ) təhsildə tətbiqidir. Sİ, təhsil həyatımı asanlaşdıraraq öyrənmə prosesini daha effektiv və maraqlı edir.
Birincisi, süni intellekt fərdi öyrənmə imkanları yaradır. Hər bir insanın öyrənmə qabiliyyəti və tempi fərqlidir. Sİ əsaslı tətbiqlər, ehtiyaclarımı nəzərə alaraq şəxsi tədris planı hazırlayır. Məsələn, zəif olduğum mövzularda əlavə izahlar və tapşırıqlar təqdim edən proqramlar mənim üçün faydalıdır. Beləliklə, vaxtımı düzgün idarə edərək öyrənmə prosesində irəliləyiş əldə edirəm.
İkincisi, süni intellekt məlumat əldə etməyi asanlaşdırır. Əvvəllər kitabxanalarda uzun müddət sərf edərək məlumat toplamaq lazım idi. İndi isə Sİ əsaslı axtarış sistemləri və məlumat bazaları vasitəsilə qısa müddət ərzində lazımi biliklərə çatmaq mümkündür. Bu, xüsusilə tədqiqat işlərində və layihələr hazırlayarkən mənim üçün böyük üstünlükdür.
Üçüncüsü, süni intellekt dərsləri maraqlı və interaktiv edir. Virtual reallıq və Sİ proqramları dərsləri daha canlı və yadda qalan bir şəkildə öyrənməyə imkan yaradır. Məsələn, coğrafiya dərslərində virtual xəritələrdən istifadə etməklə müxtəlif ölkələri daha yaxşı başa düşə bilirəm.
Bundan əlavə, süni intellekt mənim dil öyrənmə prosesimi də asanlaşdırır. Xarici dil öyrənmək üçün xüsusi proqramlar istifadə edirəm. Bu proqramlar təkcə qrammatika və lüğət biliklərimi inkişaf etdirmir, həm də düzgün tələffüz etməyimə kömək edir.
Nəhayət, süni intellekt vaxt idarəetməsində və təşkilatçılıqda mənim əsas köməkçimdir. Cədvəlləri tərtib edən və tapşırıqlarımı xatırladan proqramlar dərslərimi və digər fəaliyyətlərimi daha yaxşı planlamağa imkan verir.
Beləliklə, süni intellekt təhsil həyatımda əvəzolunmaz bir alətə çevrilib. O təkcə mənim öyrənməmi asanlaşdırmır, həm də gələcək üçün daha hazırlıqlı olmama kömək edir. Düşünürəm ki, süni intellektdən düzgün istifadə etməklə, hər bir şagird öz potensial inkişafını tam şəkildə həyata keçirə bilər.
“Ədəbiyyat və incəsənət”
(16.01.2025)
“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
“YAŞAT” Fondu tərəfindən müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti üzrə işlər davam etdirilir.
“Ədəbiyyat və incəsənət” portalına Fonddan verilən məlumata görə, 2-ci qrup Vətən müharibəsi əlili Cəfərli Vətən Zakir oğluna İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin icbari tibbi sığorta üzrə xidmətlər zərfində yer almayan Revizyon artroplastika əməliyyatı keçirilib. Əməliyyat xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb.
“Ədəbiyyat və incəsənət”
(16.01.2025)
Vətən elin evidir - MİLLİ QƏHRƏMANIN DOĞUM GÜNÜNƏ
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənə”
Vətəninə bağlı olan gənc zabitimiz, polis leytenantı, Azərbaycanın Milli Qəhrəmanı Rövşən Abdullayev 1969-cu ilin 16 yanvarına Lerik rayonunda doğulub. Orta təhsilini doğma rayonunda alıb.
O, 1987-ci ildə Sankt-Peterburq Ali Hərbi-Siyasi məktəbinə daxil olub. 1991-ci ildə ali məktəbi əla qiymətlərlə bitirən gənc leytenantın təyinatını Rostov şəhər Daxili İşlər Şöbəsinə veriblər. O, Azərbaycana qayıdan kimi DİN-in əməkdaşı olaraq daxili qoşunların tərkibinə qatılıb…
Və Qarabağ müharibəsi başladı.
Gənc zabit bir müddət sonra Zəngilana göndərildi. Rövşən 70 nəfərdən ibarət taqımın komandiri təyin edildi. Onun başçılıq etdiyi taqım göstərdiyi şücaətə görə cəbhədə ad çıxarmışdı. Onun köməkliyi ilə düşmənin Qafan rayonunda yerləşən obyektləri məhv edildi. 13 sentyabr 1993-cü il son döyüşü oldu. Erməni faşistləri Zəngilan rayonunun Qazançı kəndinə hücum etmişdi. O, döyüş yoldaşları ilə "QAZ-66" markalı avtomobilə əyləşib Qazançıya yollandı, onlar kəndin yaxınlığında düşmənin PDM-i və piyadaları ilə üzbəüz çıxdılar, güclü atəşə maruz qalan vətənimizin igid oğulları ölüm-dirim savaşına girdilər. Rövşən yoldaşlarına meşəyə çəkilməyə əmr edir, özü isə ağır yaralansa da silahı yerə qoymadı. Yoldaşları onu xəstəxanaya çatdırdılar, amma artıq gec idi.
Qəhrəmanımız Lənkəran şəhər qəbiristanlığında dəfn edilmişdir. Lənkəran şəhərində abidəsi və parkı mövcuddur. Adına Lerik şəhərində mədəniyyət evi və küçə var.
Allah rəhmət eləsin!
Amin!
“Ədəbiyyat və incəsənət”
(16.01.2025)
Zəlimxan Yaqub haqqında yeni kitab nəşr olunub
Xalq şairi Zəlimxan Yaqubun yeni işıq üzü görmüş “Məqalələr. müsahibələr” adlı kitabından sonra şair haqqında daha bir kitab çap olunub.
AzərTAC xəbər verir ki, “Bakı Mətbəəsi ASC”də çap olunan və Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlunun “Bu dünya əbədi dirilərindir” adlı “Ön söz”ü ilə başlayan “Zəlimxan özü var xatirələrdə (II kitab)” adlı topluda ölməz söz ustadı haqqında Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev, professorlar Bədirxan Əhmədov, Akif Abbasov, Rüstəm Kamal, Mərziyyə Nəcəfova, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan, şair Əbülfət Mədədoğlu və digər elm adamlarının elmi-publisistik məqalələri ilə yanaşı, şairə ithaf olunmuş şeirlər yer alıb.
Birinci cildi 2017-ci ildə işıq üzü görən bu kitabı da nəşrə hazırlayan və redaktoru Zəlimxan Yaqub ədəbi irsinin tədqiqatçısı, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğludur.
Xatırladaq ki, bu il Xalq şairi Zəlimxan Yaqubun anadan olmasının 75 illik yubileyidir. Artıq yubileylə bağlı tədbirlərə start verilib.
“Ədəbiyyat və incəsənət”
(16.01.2025)
“Səma xanımı” filmi təqdim olunub
Yanvarın 14-də Qafqazın və Yaxın Şərqin ilk təyyarəçi qadını Leyla Məmmədbəyovaya həsr olunan “Səma xanımı” qısametrajlı filminin təqdimatı keçirilib.
Elvin Əhmədoğlunun rejissoru və ssenaristi olduğu film Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Televiziyası və “Azərbaycan Hava Yolları” QSC-nin dəstəyi ilə ekranlaşdırılıb.
Komitədən AzərTAC-a bildirilib ki, təqdimat zamanı filmin ötən ay faciəvi təyyarə qəzasında həlak olan Milli qəhrəmanlar İqor Kşnyakin, Aleksandr Kalyaninov, Hökumə Əliyevaya ithaf edildiyi qeyd edilib və onların əziz xatirəsi anılıb.
Qeyd edək ki, peşəsinə sevgisi və qəhrəmanlığı ilə tariximizdə iz qoymuş Leyla Məmmədbəyova ilk təyyarəçi qadın olmaqla yanaşı, tarixdə ilk qadın paraşütçülərindən biri kimi də tanınıb.
“Ədəbiyyat və incəsənət”
(16.01.2025)
ƏDƏBİ DEBÜT - Müqəddəs Salahlı, “Köhnə radio”
“Ədəbiyyat və incəsənət” portalı BDU tələbəsi Müqəddəs Salahlının ilk qələm təcrübəsi olan hekayəsini Ədəbi debüt rubrikasında təqdim edir.
Tut ağacı boyunca
Tut yemədim doyunca
Yarı xəlvətdə gördüm,ay gülüm
Danışmadım doyunca
Seymur kişinin Sovetdən qalmış bu böyük radiosunda İslam Rzayev məlahətli səsi ilə oxuyurdu. Seymur kişi bu səsi eşitcək əlindəki pomidor yeşiyini yerə qoydu. Məchul bir nöqtəyə baxıb müğənniylə birlikdə oxumağa başladı.
“Mənim balam kimə neylər"...
Gözləri doldu, bu mahnı ona həmişə rəhmətlik həyat yoldaşı Qəməri xatırladırdı. Elə bu köhnə radionun özü də.
Övladları dəfələrlə ona yeni radio almağı təklif etmişdilər, amma o razılaşmamışdı. Hətta nəvələri onun bu nəhəng radiosuna gülürdü. Qəmər ilə evlənəndə Seymur kişinin heç nəyi yox idi, istixanada pomidor yetişdirib bazarda satan kasıb cavan idi. Atasının var-dövlətli olmağına baxmayaraq Qəmər Seymurla evləndi. Elə Qəmərin atası Seyfullah Seymurun mərd, sözübütöv oğlan olduğunu bildiyinə görə bu izdivaca razı oldu. Seymurun evlərinə aldığı ilk əşya bu radio idi, yanında da bir dəstə kala çiçəyi. Radionu ilk dəfə qoşanda da bu mahnı səslənmişdi. Seymur Qəmərin gözlərinin içinə baxa-baxa bu mahnını oxumuşdu. Hətta Qəmər ona gülərək “lap xanəndə imişsən ki” demişdi.
Qəmərin şaqraq gülüşü Seymur kişinin qulağında səsləndi. Damarları görünən qırışmış titrəyən əlləri ilə göz yaşını sildi. Və işinə davam etdi.
Qəmərin ölümündən 7 il ötürdü Qəmər dünyadan köçəndən sonra Seymur kişi istixanaya heç girməmiş,heç pomidor yetişdirib bazara aparmamışdı. Çünki hər zaman ona dəstək olub kömək edən Qəmər yanında yox idi.
…Bu il 82 yaşı olmasına baxmayaraq qərara gəldi ki, yenə istixanada pomidor əksin. Oğlanları ona bu işin çətin olacağını dəfələrlə dedi, amma o, öz inadından dönmədi. İndi də pomidorları yetişmişdi. Sabah aparıb bazarda satacaqdı. Pomidorları yeşiklərə yığıb bir kənara düzəndən sonra evə çıxdı, çimdi, gəlinin bişirdiyi yeməkdən yeyib yatdı.
*
Səhər hamı oyanmışdı Seymur kişidən isə səs çıxmırdı, kişi həmişə hamıdan əvvəl oyanıb həyətə düşərdi, amma bu sabah nədənsə Seymur kişi həyətdə deyildi.
Oğlu Bədir narahatlıqla atasının otağının qapısını açdı. Seymur baba güzgünün qarşısında saçlarını darayırdı. Əynində qara boğazlı göynəyi, qara şalvarı və qara pencəyi. Saçlarını darayıb bitirəndən sonra havanın isti olmağına baxmayaraq qara buxara papağını başına qoydu.
Oğlu atasının bazara tək gedəcəyini bilirdi, amma niyə bu qədər geyinib keçindiyini anlamırdı. Amma gəlini anlamışdı, Seymur kişi Qəmər sağlığında onu bəyəndiyi kimi geyinmişdi.
*
Artıq 5 saat idiki Seymur kişi evdən çıxmışdı, bu qədər gecikə bilməzdi axı. İşi 3 saatdan artıq çəkə bilməzdi.
Bədir elə qapıdan çıxırdı ki, gedib atasından xəbər bilsin, telefonu zəng çaldı, zəng edən kəndin cavanlarından Camal idi. O söylədi:
-Salam Bədir əmi, heç bilmirəm necə deyim, Seymur əmi rəhmətə gedib...
Bədir heç Camalın sonra dediklərini eşitmədi...
Seymur kişi bazardan birbaşa Qəmərin məzarına gəlmişdi, elə məzarın yanındaca vəfat etmişdi, əlində də bir dəstə kala çiçəyi…
*
Balaca Seymur yuxudan oyanıb ağlamışdı, amma anasının başı gələn qonaqlara qarışdığı üçün onu eşitməmişdi...
Böyük babasının adını daşıyan körpə Seymur iməkləyərək nəhəng radionun qarşına gəldi. Bunun nə olduğu balacaya maraqlı idi.
Balaca, ağ, yumru əlləri ilə radionun düyməsini basdı.
Radioda İslam Rzayev oxuyurdu:
Tut ağacı boyunca
Tut yemədim doyunca...
“Ədəbiyyat və incəsənət”
(16.01.2025)
20 Yanvar Azərbaycan xalqının qan yaddaşı, həm də Əbədi İstiqlal uğrunda tarixi savaşıdır
Cəlil Xəlilov, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik – “Ədəbiyyat və incəsənət” üçün
Hürriyyət, Azadlıq və İstiqlaliyyət pay verilmir, uğrunda qan tökülür, Şəhid verilir! Şəhidlərin al qanı ilə tarix yazılır! Azərbaycan xalqının azadlığa, Əbədi İstiqlala gedən yolda ən böyük sınağı, ən parlaq nümunəsi hesab olunan 20 Yanvar faciəsindən 35 il ötür.
Bu qanlı cinayəti törətməkdə əsas məqsəd Azərbaycan xalqının iradəsini qırmaq, onun azadlıq istəyini boğmaq idi. Lakin sovet imperiyasının amansız davranışı xalqımızın azadlıq istəyini daha da alovlandırdı, milli azadlıq hərəkatı daha da geniş vüsət aldı. 20 Yanvar faciəsi xalqımızın yaddaşında, həm ümumxalq faciəsi, həm də müstəqillik, istiqlal və hürriyyət uğrunda apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olundu.
20 Yanvar dəhşətlərinin baş verməsində Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə qarşı çıxan Azərbaycan xalqının Kreml tərəfindən cəzalandırılması da əsas rol oynamışdır. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilərək, dinc əhalini ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutaraq kütləvi qətllər həyata keçirildi. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların Bakını zəbt etməsi, mühasirəyə alması xüsusi qəddarlıqla müşayiət olundu. 1990-cı il yanvarın ortalarında SSRİ müdafiə və daxili işlər nazirliklərinin, habelə başqa xüsusi təyinatlı hərbi birləşmələrin 66 min nəfərdən çox əsgər və zabiti Bakı şəhərinə gətirilərək, Qala və “Nasoslu” aerodromlarında, Respublika stadionunda, Salyan kazarmasında yerləşdirilmişdi. Fövqəladə vəziyyət elan olunanadək və ondan sonra beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsipləri pozulmuş, fövqəladə vəziyyətin tətbiqi və müddətləri barədə əhaliyə rəsmi xəbərdarlıq edilməyərək qanunsuz olaraq xalqı təzyiq altında saxlamağa çalışmışlar. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçuların qətlə yetirilməsi və yaralanması, 82 nəfərin amansızcasına qətlə yetirməsi, 20 nəfərin ölümcül yaralaması ilə müşayət olunan hadisələr sübut etdi ki, bu faciə düşünülmüş şəkildə həyata keçirilmiş, dünyanın gözü qarşısında insan haqlarına təcavüz edilmişdir.
Qanlı yanvar hadisələri təkcə paytaxt Bakını deyil fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda da həyata keçirildi. Ümumilikdə Respublikada 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. 20 Yanvar gecəsi baş vermiş tarixi cinayət Beynəlxalq hüquqi məsuliyyətdən yayınmış hərbi cinayət idi. SSRİ rəhbərliyi tərəfindən həyata keçirilən bu bəşəri cinayəti həmin dövrlərdə obyektiv siyasi hüquqi qiymət alması qeyri-mümkün idi. Təsadüfi deyil ki, SSRİ Baş Prokurorluğunun ədliyyə polkovniki V.Medvedevin istintaq qrupu hərbçilərin hərəkətlərində cinayət tərkibinin olmaması nəticəsinə gəlmiş və 20 iyul 1990-cı il tarixində cinayət işinin xitam olunması barədə qərarı vermiş 100 cildlik istintaq materiallarının 68 cildi Bakıdan Moskvaya, keçmiş SSRİ Prokurorluğuna aparılaraq geri qaytarılmamışdır. Ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıdana qədər bu qanlı faciəyə siyasi hüquqi qiymət verilməmişdir. Bu qanlı cinayətə ilk etiraz edən şəxs məhz Ulu öndər Heydər Əliyev olmuşdur. Sovet rejiminin qadağalarına baxmayaraq, faciədən bir gün sonra yanvarın 21-də Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə mənəvi və siyasi varisi, ən yeni Azərbaycanın prezidenti İlham Əliyevlə birlikdə gələn Heydər Əliyev cəsarətli bəyanat verərək əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş siyasi səhv kimi qiymətləndirmişdir.
Qeyd etdiyimiz kimi 20 Yanvar dəhşətlərinin tarixi kökləri var idi. Qarbaçov rejimi Azərbaycan xalqının iradəsini qırmaq, onun Qərbi Azərbaycan və Qarabağ uğrunda savaşlarına son qoymaq niyyətində idi. Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətinin Moskva dövründən sonra lidersizlik problemi yaşayan Azərbaycanın üzərinə hücumlar səngimək bilmirdi. 1980-ci illərin sonlarında Azərbaycanda ictimai-siyasi durumun kəskinləşməsi, Kreml rəhbərliyinin uğursuz "yenidənqurma" siyasəti, iqtisadi islahatların düzgün aparılmaması, milli siyasət sahəsində buraxılan kobud səhvlər Azərbaycanda azadlıq hərəkatının güclənməsinə zəmin yaratmışdı. Bunun əsas səbəblərindən biri də Ermənistanın Azərbaycana qarşı ərazi-torpaq iddiaları ilə çıxış etməsi, uydurma "Qarabağ problemi"nin ortaya atılması idi. SSRİ rəhbərliyindəki havadarlarına arxalanan ermənilərin əsassız iddiaları və dinc əhaliyə qarşı törətdikləri cinayətlər xalqımızın hiddətinə səbəb olmuşdu. 1988-ci ildə Qarabağ münaqişəsi ilə əlaqədar başlayan milli-azadlıq hərəkatı prinsipiallığı ilə SSRİ rəhbərliyində ciddi narahatlıq yaratmışdı. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağ bölgəsində baş qaldıran erməni separatizmi qədim türk torpaqları olan Qərbi Azərbaycandan 300 mindən çox soydaşımızın zorla öz ata-baba yurdlarından qovulması ilə nəticələnmişdi. Bu haqsızlığa və cinayətə görə nümayiş və mitinqlərə çıxan əhali keçmiş sovet rəhbərliyindən və onun respublikamızdakı təmsilçilərindən ermənilərin qanunsuz hərəkətlərinə son qoyulmasını, münaqişənin ideoloqlarının və icraçılarının cəzalandırılmasını tələb edirdi. Ancaq ittifaq rəhbərliyi ermənipərəst mövqedə dayanaraq, müxtəlif vasitələrlə onların müdafiəsinə qalxırdı. Azərbaycanlılar zor gücünə öz doğma yurdlarından qovulur, onların ev-eşikləri vəhşicəsinə dağıdılır və ya zorla əllərindən alınır, özləri isə ən ağır təhqirlərə, işgəncə və qətllərə məruz qalırdılar. Həmin dövrdə respublikamızda ictimai-siyasi vəziyyəti ağırlaşdıran amillərdən biri də ölkə rəhbərliyində təmsil olunan şəxslərin səriştəsizliyi idi. Respublikada yaranmış özbaşınalıq və hərc-mərclikdən məharətlə istifadə edən SSRİ-nin xüsusi xidmət orqanları 1990-cı il yanvarın əvvəllərində yerlərdəki emissarlarının yaxından köməyi ilə Bakıda müxtəlif ixtişaşlar törətdi.
Yanvarın 20-də sovet qoşunları dinc əhalinin üstünə yeridildi, dəhşətli faciə baş verdi. Azərbaycan informasiya blokadasına alındı. Qanlı faciədən az öncə Azərbaycan Televiziyasının enerji bloku partladıldı. Radionun fəaliyyəti, qəzetlərin nəşri dayandırıldı. Dünya ictimaiyyəti Azərbaycanda baş vermiş bu qanlı hadisədən xəbərsiz idi. Belə ağır və faciəli bir vaxtda xalqımızın vətənpərvər oğlu, Ulu öndər Heydər Əliyev yuxarıda da vurğuladığımız kimi, Moskvada xüsusi nəzarət altında saxlanılmasına, təzyiq və təqiblərə baxmayaraq, sovet ordusunun Bakıda törətdiyi bu qanlı cinayəti kəskin şəkildə tənqid edən bəyanat verdi. Ulu Öndər bununla da Azərbaycan xalqına qarşı törədilmiş haqsızlığı dünyaya çatdırdı, faciənin bütün günahkarlarının cəzalandırılmasını tələb etdi. Həmin gün Ümummilli Lider Azərbaycan KP MK-ya, respublikanın Ali Soveti və Nazirlər Sovetinə teleqram göndərdi. Bununla da 1990-cı il 20 Yanvar faciəsinə verilən ilk siyasi qiymətin əsasını qoydu. Heydər Əliyev faciə baş verəndən dərhal sonra Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gəlmişdi, öz etiraz səsini ucaltmışdı. Heydər Əliyev həmişə olduğu kimi, o ağır günlərdə də xalqla bərabər, birlikdə idi. Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra 20 Yanvar hadisələrinə siyasi və hüquqi qiymət verilməsi üçün ciddi addımlar atıldı. 1990-cı il noyabrın 21-də Ulu Öndərin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsi ilə bağlı tarixi qərar qəbul etdi. Ulu Öndər 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışının ilk günlərində Şəhidlər xiyabanını ziyarət etdi. Elə yerindəcə tapşırıq verdi ki, qısa müddətdə bütün şəhid məzarlarının üstü yenidən götürülsün və burada Şəhidlər Memorial Kompleksi ucaldılsın. Bunun üçün dövlət səviyyəsində lazımi vəsait ayrıldı və həmin iş qısa zamanda başa çatdırıldı. Məhz Ulu Öndərin sərəncamı ilə 20 Yanvar Ümumxalq Hüzn Günü elan olundu. O vaxtdan şəhidlərimizin xatirəsinin böyük ehtiramla yad edilməsi dövlətimizin diqqətində oldu. Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev 20 Yanvar faciəsində, eləcə də Vətən müharibəsində ölkəmizin azadlığı, ərazi bütövlüyü uğrunda şəhid olanların ailə üzvlərinin problemlərinin dövlət səviyyəsində həllini əsas vəzifələrdən biri kimi qarşıya qoydu. Ölkəmizdə bu istiqamətdə mühüm tədbirlər həyata keçirildi. Şəhid ailələrinin, müharibə veteranlarının, əlillərin sosial təminatı ildən-ilə gücləndirildi.
20 Yanvar hadisələrinin qurbanlarına, İstiqlal Fədailərinə daimi dövlətin diqqət və qayğısı bununla bitmir. Bu məqsədlə 1998-ci ildə “20 Yanvar Şəhidi” fəxri adı təsis edilmişdir. 1990-cı ilin yanvarında şəhid olmuş şəxslərin ailələrinin və övladlarının sosial müdafiəsinin gücləndirilməsi üçün də mühüm addımlar atılmışdır. Prezident İlham Əliyevin 19 yanvar 2006-cı il tarixli “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Fərmanına əsasən, şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə təqaüd verilir. Onların uyuduğu Şəhidlər Xiyabanında təmir və yenidənqurma işləri, Şəhidlər Memorial Kompleksi ilə yanaşı, Bakının Yasamal rayonundakı “20 Yanvar” dairəsində, Həsən bəy Zərdabi və Müzəffər Həsənov küçələrinin kəsişməsində Qanlı Yanvar şəhidlərinin xatirəsinə memorial abidə kompleksi ucaldılmışdır.
Onu da vurğulamaq yerinə düşər ki, hazırda 20 Yanvar faciəsi zamanı şəhid olmuş Azərbaycan övladlarının ruhu şaddır! 44 günlük Vətən müharibəsi nəticəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qüdrətli Azərbaycan Ordusunun, Qazilərimizin iradəsi, Şəhidlərin al qanı ilə Vətən torpaqları işğaldan azad olunmuş, ölkəmizin ərazi bütövlüyü bərpa edilmişdir. Azərbaycan xalqı, ümumiyyətlə dünya Azərbaycanlıları 35 il bundan öncə - 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə xalqımızın milli müstəqillik və azadlıq uğrunda mübarizə meydanında şəhid olanları daima anır, yad edir, ruhları qarşısında baş əyir. Ulu öndər Heydər Əliyevin Azərbaycançılıq məfkurəsi, xeyirxahlıq missiyası ilə dünyanın diqqət mərkəzində olan Heydər Əliyev Fondu 20 Yanvar şəhidlərinin ailələrinə və əlillərin problemlərinin həllinə daim böyük qayğı ilə yanaşır. Fondun dəstəyi ilə 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, faciə qurbanlarının ailələrinin problemlərinin həlli, sağlamlığının bərpası istiqamətində mühüm işlər görülür. Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla xanım Əliyevanın da bu istiqamətdə həyata keçirdiyi layihələr təqdirəlayiqdir. Məhz onun təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən xalqımızın qanlı 20 Yanvarı, habelə Vətən müharibəsi ilə bağlı kitablar, bukletlər, albomlar nəşr olunmuş, filmlər çəkilmişdir. Milli vətənpərvərlik hissi ilə müşaiyət olunan bu xeyirxah missiyanın işğaldan azad olunan tarixi torpaqlarımızda, Qarabağ və Şərqi Zəngəzurdakı quruculuq işlərini də əhatə etməsi milli müstəqilliyin əbədi və dönməz olması üçün bu gün də mücadilə edən hər bir Azərbaycan vətəndaşında qürur hissi oyadır!
“Ədəbiyyat və incəsənət”
(16.01.2025)
PA - Uğur üçün 15 keyfiyyət - Öz xarakterini idarə etmək
“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız. Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.
Əslində, uğur formulası ümumi olduğu qədər də spesifikdir, yəni bir xalq üçün lazım olan uğur qazanmaq keyfiyyətləri başqa bir xalq üçün aparıcı olmaya da bilər. Məsələn, Azərbaycanda (ümumən Şərqdə) uğur formulasında mental qayda-qanunlara, davranış tərzinə istinadı, möhkəm ailə faktorunun, nümunəvi tərbiyənin rolunun hegemonluğunu, milli kökə və dini mənsubiyyətə bağlılıq faktorunu spesifikliyə aid edə bilərik.
Mən öz şəxsi təcrübəm, eləcə də illərdir ki, davam edən müşahidələrim nəticəsində uğurun qazanılmasında aşağıdakı 15 parametrləri xüsusi olaraq qabardardım:
10. Öz xarakterini idarə etmək.
Uğur qazanmaq istəyən şəxs öz eqosunun fövqündə dayana bilən, onu istədiyi səmtə yönəldə bilən şəxs olmalıdır. Sən uğur marafonuna çıxmısan, amma tənbəlsən. Zəhmət çək, tənbəlliyin daşını at. Qətiyyətsizsən? Özünü dəyiş. Utancaqsan? Xilas ol bu xüsusiyyətdən. Qorxaqsan? Özündə güc aşıla.
İnsan xarakteri bir qatardır ki, bu qatar da ayrı-ayrı xüsusiyyət vaqonlarından ibarətdir. Son məntəqəyə getdiyin yolda hansı vaqon sənin sürətini azaldır, sənə hərəkətində maneçilik törədirsə ondan qurtulmalısan. Əks halda, mənzil başına yetişməyin mümkünsüz olacaq.
“Ədəbiyyat və incəsənət”
(16.01.2025)
Naxçıvan Dövlət Universitetinin imtahan mənzərəsi -REPORTAJ
Fariz Əhmədov, “Ədəbiyyat və incəsənət” portalının Naxçıvan təmsilçisi
Naxçıvan Dövlət Universiteti muxtar respublikada fəaliyyət göstərən yeganə universitetdir. Naxçıvanda bura “doğma universitet” kimi tanınır. Demək olar ki, Naxçıvan Muxtar Respublikasının kadr potensialını təmin edən yeganə universitetdir.
Burada düşünə bilməyəcəyiniz qədər innovativ yeniliklər var. Bu halı müşahidə etmək üçün universitet kampusuna daxil olmaq, dərs prosesini, əsasən də, imtahan prosesini müşahidə etmək kifayət edir. Yeniliklər bununla da bitmir. Dünyanın bir çox qabaqcıl universitetləri ilə əməkdaşlıq edən Naxçıvan Dövlət Universiteti beynəlxalq standartlara uyğun təhsil təqdim edərək elm, təhsil və texnologiya sahəsindəki nailiyyətləri ilə ölkənin aparıcı ali təhsil ocaqlarından birinə çevrilib.
Tələbələrin sakit ortamda, elektron və çap mediasından istifadə etməsi üçün universitetin Elmi Kitabxanası səhər saat 09:00-dan gecə saat 10:00-a kimi növbəli şəkildə iş və xidmət rejimini təşkil edir. Müəllimlərin imtahan nəticəsini yoxlaması, tələbələrin imtahan nəticəsinin elan olunması həm elektron kabinetlər, həm də SMS bildirişi vasitəsilə çatdırılır.
Tələbələrin imtahanlardan məmnunluğu şəffaflıq, obyektivlik və müasir metodların tətbiq olunması ilə bağlıdır
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev bildirir ki, mövcud normativ-hüquqi aktlara və tədris proqramına uyğun olaraq yanvar ayının 6-dan Naxçıvan Dövlət Universitetində həm bakalavr, həm də magistratura səviyyəsində imtahan sessiyası başlayıb. Universitet ölkədə genişprofilli ali təhsil müəssisəsi kimi tanındığından qabiliyyət və praktik yönümlü ixtisaslar tədris proqramında daha çox üstünlük təşkil etdiyindən imtahan sessiyası həm test, həm yazılı, həm şifahi, həm də açıq tipli imtahan metodlarından təşkil olunur. İmtahan prosesinə əyani tələbələrlə yanaşı, qiyabi tələbələrdə cəlb olunur. İmtahana hazırlıq prosesi, sualların emal olunması, onların tələbələrə vaxtında çatdırılması, test banklarının yenilənməsi və onların müasir testologiyanın prinsiplərinə uyğunlaşdırılması işinə sentyabr ayından başlanılır. Sillabuslar tələbələrin elektron kabinetlərinə yerləşdirildikdən sonra imtahana qədər olan mərhələdə, məsləhət saatlarında və hibrid görüşlər zamanı tələbələri maraqlandıran və onların çətinlik çəkdiyi suallar ətrafında müzakirələr aparılır. İmtahanların hər sessiyada təkmilləşdirilməsi tələbələrin biliklərinin keyfiyyətyönümlü inkişafına xidmət edir. Eyni zamanda imtahan sessiyasındakı yeniliklər tələbəyönümlü təhsilin qurulmasına daha çox zəmin yaradır. İmtahan prosesindəki şəffaflıq və obyektivlik, mövcud qaydalara uyğun olaraq yaradılmış apellyasiyakomissiyasının tərkibində valideyn və media nümayəndələrini iştirakından açıq-aydın görünür. Müxtəlif vaxtlarda keçirdiyimiz sorğular zamanı tələbələrdən aldığımız rəylər onu deməyə əsas verir ki, son illərdə universitetdə imtahan sualları hazırlanarkən tələbələrin arzu və istəkləri nəzərə alınıb.
Universitet artıq iki ildir ki, imtahan cədvəllərinin hazırlanmasını da tələbələrin təkliflərini nəzərə alır. Ötən ildən fərqli olaraq bu il daha operativ imtahan cavablarının onlayn çatdırılması işi də təkmilləşdirilib. İmtahanlar QR kodları vasitəsilə oxunur və tələbələrə çatdırılır.
Apellyasiyaların obyektiv aparılması üçün komissiya kifayət qədər səylər göstərir. Və düşünürük ki, tələbələrin imtahanlardan məmnunluğu imtahanların sadələşdirilməsi ilə əlaqədar yox, şəffaflıq, obyektivlik və müasir metodların tədbiq olunması ilə bağlıdır. Və bu son deyil. Universitet daima imtahan prosesinin yenilənməsi istiqamətində axtarışdadır. Həmçinin tələbələrində verdikləri təklif və qaydalar təlimatlara uyğun gəldiyi halda imtahan prosesi bu təkliflərə uyğun dizayn ediləcək.
İmtahan prosesində bütün tələbələrə uğurlar arzu edirik. İnanırıq ki, bu imtahan sessiyasında əldə olunmuş keyfiyyət və müvəffəqiyyət göstəriciləri keçən ilin ümumi mənzərəsini ifadə edə biləcək və biz də bununla strateji hədəflərimizə çatmış olacayıq.
Apellyasiyaların əsas məqsədi imtahan dövründə obyektivlik və şəffaflığı təmin etməkdir
Tədris və tərbiyə işləri üzrə prorektor Rafiq Rəhimov: –İmtahan sessiyası ilə əlaqədar olaraqapellyasiya komissiyasının yaradıldığını qeyd etdi. Təqribən, gün ərzində apellyasiya komissiyasına 15-20-yə yaxın ərizə daxil olur. Bu komissiya, əsasən, imtahana nəzarət, ortaya çıxan narazılıqların həllinə xidmət edir. Tələbələr imtahandan sonra hər hansı bir narazılığı sistem vasitəsilə monitorinq və qiymətləndirmə bölməsinə bildirir və həmin bölmə imtahandan çıxan cavabları apellyasiya komissiyasına təqdim edir. Komissiya isə aidiyyəti kafedraya məlumat verərək və imtahan nəticəsinin digər müəllimlər tərəfindən yoxlanılmasını təmin edir. Doğrudan da, tələbə haqlırdısa, daxil olan ərizəyə yerində baxılır və rəy yazılır. Biz də həmin rəyə əsaslanaraq imtahanın nəticəsinin dəyişilib- dəyişilməməsi ilə bağlı qərar qəbul edilir. Və bu qərar həmin gün sistem vasitəsilə tələbəyə çatdırılır. Bəzən isə tələbənin istəyinə uyğun olaraq müvafiq qaydada apellyasiyada tələbənin iştirakı təmin edilir. Apellyasiyaların əsas məqsədi imtahan dövründə obyektivlik və şəffaflığı təmin etməkdir.
3424 imtahandan 2652-si yazılı, 322-si şifahi, 450-si isə elektrondur
Tədris şöbəsinin müdiri Şahin Əliyev: – Nəzərə çatdırım ki, imtahanların təşkili və keçirilməsi universitetin rektoru Elbrus İsayevin müvafiq əmri əsasında həyata keçirilir. Sessiya çərçivəsində bakalavr səviyyəsində 80, magistratura səviyyəsində isə 79 ixtisaslaşma üzrə, ümumilikdə, 10.000-dək tələbə imtahan verəcək. İmtahanlar 3424 fənni əhatə edir. Onlardan 2652-si yazılı, 322-si şifahi, 450-si isə elektron-test üsulu ilə həyata keçirilir. Şifahi imtahanlar üçün hər bir ixtisas fənlərinin xüsusiyyətlərinə uyğun olaraq qiymətləndirmə meyarları hazırlanıb təsdiq edilmişdir ki, bu da imtahanlarının qiymətləndirilməsi zamanı həmin meyarlar əsas götürülür.
İmtahanlar, əsasən, iki növbədə təşkil olunur və imtahanların ardıcıllığı tələbələrin seçiminə uyğun olaraq təyin edilib. Tələbələrin imtahan cədvəlləri “E-cədvəl” mobil tətbiqi vasitəsilə onlara təqdim olunub. Eyni zamandaimtahan sualları da semestrin əvvəlindən LMS platforması üzərindən tələbələrin şəxsi kabinetinə daxil edilib. Elektron-test üsulu ilə aparılacaq imtahanların testləri 2024-cü il dekabrın sonunadək imtahan sistemində açılaraq tələbələrə tədqim olunub. İmtahan nəticələri həmin günün sonunda tələbələrin “WhatsApp” nömrələrinə göndərilir və şəxsi kabinetlərinə yerləşdirilir.
Bütün müraciətlər və cavablandırmalar tamamilə elektron qaydada həyata keçirilir
Monitorinq və qiymətləndirmə bölməsinin müdiri Elgün Tağıyev: – Sessiya zamanı akademik borcu yaranan tələbələrə 2 fənn üzrə təkrar imtahan vermək hüququ fevral ayının əvvəlində təşkil olunacağını bildirdi.İmtahanlar hər bir fakültə üzrə imtahan zalında minimum 2 nəzarətçi olmaqla universitet əməkdaşlarından ibarət imtahan komissiyası tərəfindən aparılır. Bütün imtahan zalları lazımi avadanlıqlarla və kameralarla təmin edilib.
Sessiyanın şəffaflığını və operativliyini təmin etmək məqsədilə universitetdə 9 nəfərdən ibarət İmtahan Qərargahı və Apellyasiya Komissiyası fəaliyyət göstərir. Apellyasiya Komissiyası daxil olan şikayətləri operativ şəkildə araşdırır. Bütün müraciətlər və cavablandırmalar tamamilə elektron qaydada həyata keçirilir. İmtahan sessiyası yanvar ayının 31-nə dək davam edəcək.
Kitabxananın axşam növbəsinin olması, təbii ki, oxucu sayına da təsir edir
Elmi Kitabxananın direktoru Xumar Məmmədova: – Artıq bir neçə aydır ki, kitabxananın uzadılmış iş rejiminə keçdiyini qeyd edib. Bu rejim tələbələrin kitabxanadan istifadəsini daha da artırıb. İstər ənənəvi, istərsə də kitabxana daxilində müraciətlər daha da çoxalıb. İmtahan ərəfəsində bütün fakültələrdən tələbələrin kitabxanaya axını hiss olunur. Uzadılmış iş rejimində fəaliyyət göstərən kitabxana əməkdaşlarının əsas məqsədi tələbələrə maksimum xidmət göstərmək və imtahanlarla əlaqədar daha çox elektron mənbədən istifadə etmələrinə imkan yaratmaqdır.
Kitabxananın axşam növbəsinin olması, təbii ki, oxucu sayına da təsir edir. Burada əsas məqsəd yerli və xarici tələbələrin kitabxanadan istifadəsini maksimum əlçatan etməkdir.
Azərbaycan dilçiliyi kafedrasının müəllimi Mehriban İmanova: –Naxçıvan Dövlət Universitetinin Elektron imtahan portalından ismarıc daxil olur ki, hörmətli müəllim imtahan vərəqələri yoxlanmaq üçün hazırdır. Və biz imtahanı yoxlayıb qiymətləndirmə etdikdən sonra tələbələr öz imtahanlarının hansı meyarlar əsasında qiymətləndirdiyini görmüş olur.
Bələdiyyə və turizm kafedrasının müəllimi Mehman Şabanov: – İmtahanlar tam obyektiv şəkildə yoxlanılır. Buradakı vərəqlər kodlaşdırılır. Biz də çalışırıq ki bütün imtahan nəticələrini obyektiv qiymətləndirək. Hər sualın qiymətləndirmə meyarı var. Yoxlamaların nəticələrində də hiss olunur ki, son dövrlərdə tələbələr imtahana yaxşı hazırlaşır. Bu da şəffalığın, obyektivliyin göstəricisidir.
Hüquqşünaslıq ixtisasının IV kurs tələbəsi Sumayə Səlimzadə: –İmtahan zalına daxil olarkən nəzarətçilər şbarqalkalardan istifadə etməməyi tövsiyə edirlər. Yazılı imtahan zamanı 5 sual, elektron test üsulu ilə keçrilən imtahalarda isə 50 test təqdim olunur. Hansı ki, bu test sualları imtahan bazasına daxil olan 700 sualın içindən seçilib düşür. İmtahan müddəti 2 saatdır.
7 imtahandan üçünü uğurla başa vurmuşam. Növbəti dörd imtahana isə maksimum çalışıram ki, qiymətlərim yüksək olsun. İmtahanlara, demək olar ki, keçdiyimiz fənlərin mühazirələrindən suallar salınır. İmtahanı verdikdən sonra gün ərzində mobil telefonumuza imtahan nəticəsi haqqında bildiriş gəlir.
Tərcümə ixtisasının (ingilis) II kurs tələbəsi Zəhra Məmmədova: – İmtahan müddəti daha çox kitabxanada hazırlaşmağa üstünlük verirəm. Düşünürəm ki, burada hazırlaşanda daha disiplinli və daha çox çalışıram. İmtahanlardan əvvəl kitabxanaya gəlib burada hazırlaşaraq potensialımı artırıram. Kitabxanadakı sakitçilik və disiplin bizi çox qane edir. Burada mənimlə bərabər hazırlaşan çoxlu sayda tələbə var ki, onlarda mənim “kitabxana dostları”mdır.
Stomatologiya ixtisasının III kurs tələbəsi Yaqut Əliyeva: – İmtahan vaxtı demək olar ki günüm kitabxanada keçir. Bu semestr 6 imtahanım var ki, bunların da hamısı yazılı imtahanlardır. Kitabxanadan istifadə edərək imtahana hazırlaşıram. Kitabxanada axtardığımız dərsliyi tapa və rahatlıqla imtahana hazırlaşa bilirik. Çalışıram ki, kitabxanada daha çox vaxt sərf edərək ixtisasıma mükəmməl yiyələnim.
“Ədəbiyyat və incəsənət “
(16.01.2025)
«Mənim üçün teatr böyük ağac kimidir» – ALBİNA İMAŞOVA
Joldubek Kackynbaev, “Ədəbiyyat və incəsənət” portalının Qırğızıstan təmsilçisi
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun “Ədəbiyyat və İncəsənət” portalı ilə birgə “Türk dünyasının mədəniyyət xadimlərini Azərbaycanda tanıdaq” layihəsi təqdim edilir.
Bu dəfə Teatr və kino ulduzu, bir çox beynəlxalq mükafatlara layiq görülmüş aktrisa, Qırğızıstan Respublikasının Əməkdar artisti Albina İmaşovailə müsahibəmiz olacaq.
- Aktyorluq bacarığınızın olduğunu harada və nə vaxt kəşf etdiniz?
- Məktəbdə oxuyanda riyaziyyat və fizika dərslərinə yaxın idim. Aktrisa olmaq fikri heç ağlımdan da keçməyib. Bir dəfə Aktan Arım Kubat Ton rayonunda yaşadığım Karl Marks kəndinə gəldi və 7-8-ci sinif şagirdləri üçün kastinq etdi. “Beş qarıqadın” filmində Aynurə adlı qız rolu üçün namizəd axtarırdılar. Sinifimizdə ən ucaboy mən idim. Oğlanlar və qızlar sıraya düzüləndə başım çıxırdı.Boyumdan utanıb, əyilib dedim ki, mən niyə balaca doğulmamışam? Amma məhz məni seçdilər. Kamera qarşısında çox utancaq idim. O vaxt mərkəzdəki kinoteatrda filmlər nümayiş etdirilirdi və mən filmdə necə təsvir olunduğumu görməmişdim.Bir də Bubusara Beyşenaliyeva adına Qırğızıstan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə daxil olanda müəllimlərim “Beş qarı qadın” filmində rol alan qız deyilmi?” deyə soruşdular, “xalq məni görüb” deyə sevindim.
-Ailəniz işinizə təsir edirmi?
-Bəli, mən İssık-Kul rayonunun Bokonbayev kəndində anadan olmuşam. Anam orada kitabxanaçı, atam müəllim işləyirdi. Yaradıcılıq toxumu uşaqlıqdan səpilir, valideyinlərimin hər ikisi çox kitab oxuyurdu. Valideynlər nümunə göstərirlər, biz də ailədə kitabsevər böyümüşük. Evdə dolanarkən açıq kitabımın səhifəsini bağlamadan, oxuyaraq ev işlərini görürdüm. Atam ağır xasiyyətli, ciddi nizam-intizamlı adam idi, heç nə deməyə cəsarət edə bilmirdik. Əvvəlki nəsillərə xas adam idi, atamla çay içərkən milçək uçduğunu belə eşidirdin. “Pıçıldaşmayın, əllərinizi çox uzatmayın, bir-birinizi itələməyin!!!” Daim xəbərdarlıqlar edərdi. Anamın gözəl səsi var, toylarda, məclislərdə atam hər şeyi saxlayıb anamı oxutdururdu, müğənniyə “dur, indi də Şaygül oxusun” deyirdi.
- Teatrda da, kinoda da varsınız. Hansı daha çox xoşunuza gəlir?
- Teatr mənim əsas işimdir. Və mən kinoda artıq aktrisa kimi karyerama başladım. İkisi arasındakı fərq ikidir. Teatrda tamaşaçı ilə personajlar arasında canlı əlaqə var. Biz alqışlardan enerji alırıq. Filmdə isə iki söz danışacaqsansa, 2 və ya 10 dubl edəcəksən. Həm də bütövlükdə filmin hansı istiqaməti tutacağını bilmirsən.Nəticəni ancaq film hazır olanda və ekranlara çıxanda görürsən. Burada qüsurlarını görməyə başlayırsan. Amma onu dəyişdirmək üçün qətiyyən bir yolun yoxdur. Tarixdə o cür də qalacaq. Teatrda isə bu gün səhv etmişəmsə, sabah onu təkrarlamamağa çalışırsan. Teatr mənim üçün böyük ağacdırsa, filmlər də, kliplər də, toylarda Umayın anası kimi görünməyim də budaqlardır.
-Hansı janrda rol almaq istərdiniz?
- Filmlərdə komediya rolunu oynayıramsa, teatrda tez-tez faciəvi obrazlar yaradıram. Həyatımda çoxlu komediya istəyirəm, evdə həmişə gülürəm. Bizim ailədə kiminsə göz qapaqları sallanırsa, “sənə nə olub?” deyə qışqırmağa başlayırıq. Bunu eşidən gözünü qaldırır.
-Xəyal etdiyiniz filmlər haqqında bizə məlumat verin.
-Arzum tarixi bir əsərdə oynamaqdır. Dramatik və psixoloji janrlı obrazlar da bəyənilir. Bu janrda filmlərim də var. Deyə bilərəm ki, mən müxtəlif janrlarda rollar yarada bilən aktrisayam. Teatrda “Tölgö” tamaşasında Kanıkey anamızın obrazını yaradıram. Dram janrındadır. Əgər siz məni kinoda qışqıran xala kimi görürsünüzsə, teatrda başqa obrazlarda da görə bilərsiniz.
-İctimaiyyətin diqqətində olan insanlara çoxlu tənqidlər verilir. Tənqidi necə qəbul edirsiniz?
-Mən tənqidi qəbul edirəm. Səhvlər olur, baxmayaraq ki, onu mükəmməl şəkildə bağlamaq mümkün deyil. Kino sahəsindəki qüsurlar o sahənin adamlarına məlumdur. Daha sonra təhlil edəcəyik və səhvlərimizi bir daha təkrarlamamağa çalışacağıq. İstər müsbət, istər mənfi, hər bir fikir insanı stimullaşdırır.
-Həyat yoldaşınızın da aktyor olduğunu bilirik. Sizi bir araya gətirən nədir?
-Deyəsən, ikimizin də xoşladığı, bir-birimizi bəyəndiyimiz mövzu tapdıq. Bizim ailə qurmağımız da maraqlı idi. Arnis mənimimlə eyni məktəbdə 2 sinif aşağıda oxuyurdu. Bir dəfə mikroavtobusla Tüp rayonunun Dolon kəndinə gedirdik. Nə qədər erkən getsək də, yanvar olduğu üçün qaranlığa düşdük.Dolon kəndi magistral yoldan 13 kilometr aralıda olduğundan, mikroavtobusdan düşəndən sonra başqa maşın tutmalı idik. Gecə saat 1-2 idi, Arnis sürücüyə dedi ki, dayı, kəndə evlənməyə gedirdik, bizi evimizə apara bilərsən, biz burada yolada qala bilmərik. Sürücü sərnişinlərdən soruşanda ki, kəndı dönməyə icazə verirsinizmi, hamısı razılaşdı. Həmin sərnişinlərə minnətdarıq.
- Heç peşəniz üçün fədakarlıq etmisinizmi?
-İlkimin - qızımın indi 8 yaşı var. Dünən Böyük Britaniyadan olan rejissor Sara Berger Şekspirin “Makbet” əsərini səhnələşdirdi. Baş qəhrəman Makbetin həyat yoldaşı rolunu oynadım. Bundan əvvəl Suyun Otkeev Megatoy filminin ikinci hissəsini çəkmək qərarına gəlmişdi. Bildiyiniz kimi, mən o filmdə xala rolunu oynamışam. Amma ikincisi gecələr çəkilir. Gündüz tamaşada işləyirəmsə, gecələr filmə çəkilirəmsə, demək ki, sağlamlığımı qurban verirəm. İçim yansa da ondan imtina etməli oldum, çünki hər şeyin daha yaxşısını etmək istəyirdim.
-Maraqlı müsahibə üçün çox sağ olun. Var olun!
-Təşəkkür edirəm!
“Ədəbiyyat və incəsənət”
(16.01.2025)