Super User
Krossvord, Türkmənbaşı və Parkinson xəstəliyi
Bu günə təsadüf edən əsasə tarixi hadisələri diqqətinizə çatdırırıq:
21 dekabr
İlin ən qısa günü
Təqvim üzrə gecənin ən uzun, gündüzünsə ən qısa olduğu bu 21 dekabr günü insan özünü nə qədər kədərli hesab etsə də bir təsəllisi də var, sabahdan etibarən gündüzlər uzanacaq, gecələr qısalacaq. Üzü bahara doğru gedəcəyik.
Krossvordun yaranışı günü
1913-cü ilin 21 dekabr günündə Nyu-Yorka Liverpuldan mühacirət etmiş jurnalist Artur Uinn tarixdə ilk dəfə sözləri damalara salaraq onları horizontal və vertikal yerləşdirməklə uzlaşmalarını təmin etmiş, kəşf etdiyi nəsnəyə “cross word puzzle” adını qoymuşdur, 32 sözlük ilk krossvord “Nyu-York uorld” qəzetində dərc edilmişdir. Sirr deyil ki, indi krossvord ən maraqlı məşğuliyyətlərdən hesab olunur, onun skanvord növünün Azərbaycanda necə populyar olmasını təsəvvür etmək üçün bir yolunuzu Binə və Sədərək yarmarkalarına salın, mallarını satanların əksəriyyətini qəzetə sarı əyilib baş sındıran görəcəksiniz. Onları təbrik etməyəkmi?
Fənər günü
Qaranlıqda irəliləmək üçün olduqca lazımlı bir vasitə olan fənərin də ayrıca günü varmış. Amma ağıllı telefonlar həm kompüteri, telefonu, televizoru, radionu, həm kinoteatrı, yaddaş kitabçasını, kalkulyatoru, həm kitabı, fotoaparatı, videokameranı əvəzlədikləri kimi fənərin də funksiyalarının götürüblər, indi bircə dənə ayfon görün bir nələrə qadirdir. Güman ki, tədricən adlarını çəkdiyimiz cihaz və əşyalar büsbütün arxaikləşəcəklər. Bax onda insanlar Fənər günündə qaranlığa işıq saçmaq üşün ulu babalarının gəzdirdikləri əl fənərlərinin xatirəsini bir dəqiqəlik sükutla yad edəcəklər.
Və digər əlamətdar hadisələr
Bu gün Şərqi Asiyada Dunçji festivalına start veriləcək, ilin ən uzun gecəsi münasibəti ilə düzənlənir bu festival. Farsdilli ölkələrdə - İran, Tacikistan və Əfqanıstanda isə Şəb-e Yalda festivalı başlayacaq, bu festival da “ən uzun və ən zülmət gecənin” şəninə həsr edilir. Türkmənlər öz mərhum ataları Saparmurat Atayeviç Niyazovun xatirə gününü qeyd edəcəklər. Məmurlara əlini öpdürən, özünü türkmənlərin atası adlandıran bu şəxs tarixin ən avtokrat rəhbərləri sırasında layiqli yer tutmaqdadır. O ki qaldı amerikalılara, onlar Milli qızardılmış krevetka gününü bayram edəcəklər.
2012-ci ilin bu günündə YouTube-da ilk dəfə hansısa videoklipə baxış sayı 1 milyard dəfəyə çatmışdı, bu, cənubi koreyalı ifaçı PSY-nin “Gangnam Style” klipi idi. 2007-ci ildə postsovet ölkələrindən xoşbəxt üçlük – Latviya, Litva və Estoniya Şengen zonasına daxil olmuşlar. 1991-ci ilin bu günündə Azərbaycan Ukraynanın müstəqilliyini tanımışdır. Demokratiya sevənlər, xəbəriniz olsun ki, 1967-ci ilin bu günündə gürcülərin 3-cü prezidenti olmuş və hazırda həbsdə yatan Mixail Saakaşvili dünyaya gəlib. 1937-ci ildə Hollivudda ilk tammetrajlı cizgi filminin premyerası baş tutub, “Ağbəniz və yeddi qnom” filmini düz 750 rəssam ərsəyə gətirmişdi. 1846-cı ildə şotland cərrah Robert Liston tarixdə ilk dəfə əməliyyat zamanı narkozdan istifadə edib. 1824-cü ildə isə Parkinson xəstəliyini kəşf etmiş ingilis həkim Ceyms Parkinson dünyadan köçüb.
Məşhur opera müğənnisi Əlövsət Sadıqovun 115 illiyidir
Gərək bu cür sənətkarlar əsla unudulmasın. Əliövsət Şirəli oğlu Sadıqov 1906-cı il dekabr ayının 21-də Şəkidə anadan olub, mədrəsədə təhsil aldıqdan sonra atası ilə birgə Şəki İpək fabrikində çalışıb. 1926-cı ildə məşhur xanəndə Hüseynqulu Sarabski Şəki ipək fabrikində zəhmətkeşlərin qonağı olarkən fabrikin rəhbərliyi 20 yaşlı usta Əliövsəti ona təqdim edib, Əlövsər “Bəh-bəh” xalq mahnısını necə oxuyubsa Sarabski onu Bakıya dəvət edib. Bu hadisə Əliövsətin həyatında önəmli dönüş yaradıb, Bakıya gələn Əliövsət ustad sənətkarlar M.Maqomayev və C.Qaryağdıoğlunun rəyi ilə Opera və Balet Teatrına qəbul olunub, Azərbaycan Dövlət Konservatoriyasında da vokal dərsi alıb. 1930-cu ildən muğam operalarında baş rolların mahir ifaçısına çevrilmiş Əlövsətə şöhrəti M.Maqomayevin “Şah İsmayıl” operasında oynadığı Şah İsmayıl obrazı gətirib. Tamaşadan sonra böyük Maqomayev “Mən əsl Şah İsmayılı tapdım” deyərək Əlövsəti ürəkdən təbrik edib. 1963-cü ilə qədər Əliövsət Sadıqov Azərbaycan operasının səhnəsində görkəmli sənətkarlarımız Həqiqət Rzayeva, Rübabə Muradova, Gülxar Həsənova və başqaları ilə çiyin-çiyinə çalışaraq opera sənətimizi inkişaf etdirib, gənc nəslə örnək olub. Ə.Sadıqovun oxuduğu parçaların lent yazıları Azərbaycan radiosunun Qızıl Fondunda, Azərbaycan Dövlət Səs Yazıları Arxivində mühafizə edilir. Onun xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilib, 1940-cı ildə “Əməkdar artist”, 1956-cı ildə isə “Xalq artisti” fəxri adlarına layiq görülüb, 2 dəfə “Şərəf nişanı”ordeni və medallarla təltif edilib. 1971-ci il noyabr ayının 17-də vəfat etmiş müğənni II Fəxri Xiyabanda dəfn edilib. Ruhu şad olsun.
Bu gün yazıçı Süleyman Vəliyevin 105 illiyidir
Sovet dövrünün məşhur yazıçısı Süleyman Vəliyev 24 yaşında xalq şairi S.Vurğunun köməyi ilə Azərbaycan Yazıçılar İttifaqının Hərbi vətənpərvərlik şöbəsinin müdiri vəzifəsini qazanıb, ikinci Dünya müharibəsi illərində Almaniya, Yuqoslaviya və İtaliyada müqavimət hərəkatında iştirak etdikdən sonra 1946-1949-cu illərdə M.F.Axundov adına Pedaqoji İnstitutda təhsil alıb, 1958-1963-cü illərdə C.Cabbarlı adına “Azərbaycanfilm” studiyasında redaktor vəzifəsində çalışıb, 1963-1987-ci illərdə Azərbaycan Yazıçılar Birliyində məsləhətçi işləyib. Onun yaradıcılığında Stalin repressiyaları, müharibə mövzusu, azərbaycanlı döyüşçülərin Avropa müqavimət hərəkatında iştirakı mövzuları əsas yer tutur. “Mübahisəli şəhər”, “Şor cüllütü”, “Əncir ağacı”, “Mənə “sən” de”, “Çörək” kimi məşhur əsərlərin müəllifidir. Müasir nəsrimizdə müharibə mövzusunun görkəmli nümayəndəsi olan yazıçının əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə də tərcümə olunub. Yazıçının 1966-cı ildə çap olunmuş “Düyünlər” romanı Azərbaycan ədəbiyyatında repressiya olunmuşların taleyindən bəhs edən ilk irihəcmli əsərlərdəndir. 1976-cı ildə əmək veteranı, 1981-ci ildə müharibə veteranı olan yazıçı 1967 və 1986-cı illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Fəxri fərmanına, 1977-ci ildə Azərbaycanın “Əməkdar mədəniyyət işçisi”, 1987-ci ildə “Əməkdar incəsənət xadimi” fəxri adlarına layiq görülüb, 1984-cü ildə “Xalqlar dostluğu” ordeni və bir sıra medallarla təltif olunub.
Süleyman Vəliyev 1996-cı il mart ayının 7-də Bakıda vəfat edib, İkinci Fəxri Xiyabanda dəfn olunub. Allah rəhmət eləsin!
Xalq artisti Nəsibə Zeynalovanın 105 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Mərdəkan Mədəniyyət Sarayında Azərbaycan teatrının unudulmaz korifeyi Xalq artisti Nəsibə Zeynalovanın 105 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib.
Baş İdarədən AzərTAC-a bildirilib ki, tədbir Mərdəkan Mədəniyyət Sarayında fəaliyyət göstərən "Rəsm” kursunun tələbəsi Rəna Cəfərovanın görkəmli sənətkarımıza həsr etdiyi rəsm əsərlərindən ibarət sərginin nümayişi ilə başlayıb. Gənc rəssamın şəkilləri tədbir iştirakçılarında, xüsusilə də Nəsibə xanımın nəvəsi Nəsibə Əsgərovada xoş təəssürat yaradıb.
Tədbiri giriş sözü ilə açan Sarayın direktoru Cavid Şahbazbəyov bildirib ki, Milli Musiqili Komediya Teatrının inkişafında müstəsna rol oynayan, qırx ildən çox işlədiyi sənət ocağının repertuar ağırlığını ləyaqətlə çiyinlərində daşıyan, Azərbaycan teatrsevənləri arasında “Qayınana” kimi sevilən Nəsibə Cahangir qızı Zeynalova hamının xatirəsində əbədi yaşayacaq.
Gecə sənətkarın həyat və yaradıcılığına həsr olunmuş videoçarxın nümayişi ilə davam edib.
Azərbaycan Respublikasının Əməkdar artistləri Çingiz Əhmədov və Mirzə Ağabəyli Nəsibə xanımla bağlı xatirələrini bölüşüblər.
Gecənin musiqili hissəsində “Yeni Ulduz - 7” yarışmasında ikinci yerin sahibi, 2010-cu ildə keçirilmiş “Avroviziya” mahnı müsabiqəsində milli seçimin yarımfinalçısı Azad Şabanov, Prezident təqaüdçüsü, vokalçı Amil Həsənoğlu, Cəmalə Qambayeva, Aylin İlqar rəngarəng mahnı çələngi ilə çıxış ediblər.
Tədbir boyu Nəsibə xanımın oynadığı “Qayınana”, “Ulduz”, “Hicran” tamaşalarından səhnəciklər həvəskar aktyorlar Elgün Əliyev, Afaq Bayramova, Elxan Rəhimov, Mir-Zahid Məmmədovun iştirakı ilə nümayiş olunub. "Lalələr" rəqs kollektivinin çıxışları tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.
Sonda Nəsibə xanımın nəvəsi Nəsibə Əsgərova çıxış edərək görkəmli sənətkarımız haqqında tamaşaçılara geniş məlumat verib və belə gözəl tədbirin təşkili üçün hamıya öz dərin təşəkkürünü bildirib.
Sonda fəal tədbir iştirakçıları təşəkkürnamələrlə təltif olunublar.
Ən böyük mükafatı tamaşaçı sevinci, tamaşaçı alqışı olan dəyərli sənətkara həsr olunan tədbir qonaqlar tərəfindən alqışlarla qarşılanıb.
“Avey” qoruğundakı Göyəzən qalasında qiymətli arxeoloji tapıntılar müəyyənləşib
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən “Avey” Dövlət tarix-mədəniyyət Qoruğunun Göyəzən filialı ərazisində aparılan kəşfiyyat xarakterli arxeoloji tədqiqatlar yekunlaşıb.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat veriri ki, qazıntılar AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun əməkdaşı, arxeoloq Pərviz Qasımovun rəhbərliyi ilə “Avey” Dövlət tarix-mədəniyyət qoruğunun Göyəzən filialında elmi-arxeoloji qazıntılar və payız məktəbi” layihəsi çərçivəsində həyata keçirilib.
Göyəzən dağında yer səthindən təqribən 400 metr hündürlükdə yerləşmiş, düzbucaqlı olmayan qaya parçalarından inşa edilən 7 bürclü Göyəzən qalası tədqiq edilib. Həmçinin Göyəzən dağının şimal-qərb ətəyində aşkar edilmiş gətirilmə sal və qaya parçalarının olduğu ərazidə arxeoloji qazıntılar aparılıb.
Tədqiqat işləri nəticəsində məlum olub ki, qalanın bürclərinin diametri 6, mövcud hissələri isə 4 metr hündürlüyə malikdir. Cənub-şərqdən, yəni giriş tərəfdən şimal-qərbə tərəf uzanan divarın uzunluğu, beş bürc də daxil olmaqla 111, qalanın dağa dayaqlandığı arxa hissəsinin uzunluğu isə 99 metrdir.
Qalanın inşasının tarixini müəyyən etmək üçün giriş hissəsinin şimal bürcünün ətəyində şurf qoyulub. Qazıntılar zamanı müəyyən edilib ki, qalanın bürclərinin ətrafları da qalanın tikintisində istifadə olunmuş səthi cilalanmamış qaya parçaları ilə doldurulub. Bu çeşidli üsul orta əsrlərdə bürc və divarların bərkidilməsi üçün istifadə olunurdu. Şurfdan çıxarılan qaya parçaları arasında Orta əsrlər dövrünə xas olan 200 ədəddən çox yerli şirli və şirsiz keramika fraqmentləri aşkar edilib.
Arxeoloji tədqiqatlar nəticəsində məlum olub ki, qala bölgənin islam dövrünə xas memarlıq üslubunda inşa edilib. Qalanın inşasının daha dəqiq tarixini müəyyən etmək üçün qazıntılar zamanı aşkar olunmuş nümunələrdən radio karbon analiz üçün götürülüb.
Qaladan 200 metr yüksəklikdə tam fərqli memarlıq üsulu ilə tikililər görünməkdədir. İlkin rəyə görə, kub formalı cilalı daşlardan hörülmüş bu divarlar çox ehtimal ki, antik və ya erkən xristian dövrü sakral xarakterli ibadətgahlar və sığınacaqlar olub. Bu tikililərə gedən cığırların təbii aşınması onlarda tədqiqatların aparılmasını çətinləşdirir.
Arxeoloji qazıntılar zamanı 12 torpaq qəbir aşkar edilib. Doqquz skeletdə əllərin sinə üzərində çiyinlərə doğru, çarpaz qoyulması, tabutun əlamətlərinin olmaması, şimal-qərbdən cənub-qərbə beli üzərində istiqamətlənmə birbaşa Qafqaz Albaniyasının orta əsrlər dəfn ənənəsini təkrar etməkdədir. Daha bir skelet biri sol çiyini üzərində lakin xristian adəti üzrə dəfn edilib. Digər skeletin sağ əli çiyinə doğru, sol əl isə, ona paralel lakin sağ çanağa doğru istiqamətlənib.
Daş qutu qəbirin aşkar edilməsi ərazidə ardıcıl olaraq yüzilliklər boyu Qafqaz albanlarının böyük bir xristian nekropolunun olmasını göstərir. Yaxşı cilalanmış daş qutu qəbirdə ilk orta əsrlərdə erkən alban xristianlığı üçün xas olan tərzdə dəfn qeydə alınıb. Dəfnlərdən tunc, mis və dəmirdən az sayda sırğalar, üzüklər, düymələr aşkar edilib.
Aparılmış qazıntılar Qafqaz Albaniyasına aid daha bir mühüm abidənin aşkar edilməsi ilə nəticələnib. 75 kvadratmetr olan qazıntı sahəsinin GPS koordinatları götürülüb, geodezik cihazlarla ölçmələr aparılıb.
“Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun Göyəzən filialında elmi-arxeoloji qazıntılar və payız məktəbi” layihəsi çərçivəsində qoruq ərazisinə turlar, məktəbli və tələbələr üçün ustad dərslər də təşkil edilib.
Rusiya
Navalnının atasına 3 il icbari iş verdilər. Kiməsə görə kimisə cəzalandırmaq ənənəsi yalnız postsovet ölkələrində mümkündür.
Foto: BBC
Faiq Əhməd
Adel, Ed Şiran və reper Deyv BRİT Awards mükafatları uğrunda ən çox nominasiya qazanıblar
LONDON. Müğənni Adel, Ed Şiran, reper Deyv (tam adı Devid Orobosa Omoreqadır) və Little Simz (əsl adı - Simbiata Abiola Acikavo) Britaniyanın ən nüfuzlu musiqi mükafatına - BRİT Awards-a dörd nominasiyada namizəd göstəriliblər. Nominantların elan edilməsi mərasimi Londonun ITV telekanalı ilə canlı yayınlanıb. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı TASS agentliyinə istinadən məlumat verir.
Sözügedən artistlər ifaçı Sem Fenderlə "İlin musiqiçisi" kateqoriyasında mübarizə aparacaqlar. Bu nominasiyada mükafat ilk dəfə veriləcək. Noyabr ayında mükafatın təsisçiləri bildiriblər ki, bu "genderə uyğun neytral "nominasiya "Ən yaxşı kişi ifaçı" və "Ən yaxşı qadın ifaçı" kateqoriyalarını əvəz edəcək. Xatırladaq ki, son dəfə bu mükafatlar xanımlardan Dua Lipə və cənablardan J Hus-a qismət olmuşdu.
"İlin Qrupu" nominasiyasında "Coldplay" rok-kollektivi, "D-Block Europe" rep dueti, "Little Mix" pop triosu, "London Grammar" qrupu və "Wolf Alice" rokerləri mübarizə aparacaqlar. "Ən yaxşı yeni artist" nominasiyasında reper Central Cee (Okli Sizar-Su), eləcə də ifaçılar Griff (Sara Feyt Qriffits), Coy Kruks, Self Esteem (Rebekka Lyusi Teylor) və Little Simz qalib gəlmək iddiasındadırlar.
"İlin xarici musiqiçisi" kateqoriyasında mükafata amerikalı artistlər - peper Lil Nas X (Montero Lamar Hill) və müğənnilər Billi Ayliş, Doja Cat (Amala Damini), Oliviya Rodrigo və Teylor Svift namizəddirlər. Öz növbəsində "İlin xarici qrupu" nominasiyasında son 40 il ərzində ilk dəfə "Voyage" adlı yeni albom buraxmış əfsanəvi ABBA İsveç qrupunun adı var. May ayında "Avroviziya" müsabiqəsində qələbədən sonra şöhrət qazanmış İtaliya qrupu Maneskin, Cənubi Koreyanın BTS pop kollektivi, Amerika rok qrupu "The War on Drugs" və "R&B" janrında çıxış edən amerikalı Silk Sonic dueti də bu nominasiyada mükafata iddialıdır.
13 nominasiyada mükafatların təqdim edilməsi mərasimi 8 fevral 2022-ci ildə Londonun O2 Arena stadionunda keçiriləcək.
Qeyd edək ki, BRİT Awards mükafatları 1977-ci ildə Böyük Britaniyanın Səsyazma Sənayesi Assosiasiyası tərəfindən təsis edilib. Bu mükafat Amerikanın məşhur Grammy mükafatının ingilis analoqu sayılır. Keçmişdə BRİT Awards mükafatları laureatları The Beatles və Oasis qrupları, Robby Uilyams, Elton Con və bir çox digər məşhur ifaçılar olmuşlar.
İspaniyanın ədəbiyyat portalında Rüstəm Behrudinin və Həmid Herisçinin yaradıcılığından bəhs olunub
İspaniyanın “El coloquio de los perros” ədəbiyyat portalı “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan şairləri Rüstəm Behrudinin və Həmid Herisçinin şeirlərinin yayımına başlayıb.
Dövlət Tərcümə Mərkəzindən bildirilib ki, geniş oxucu kütləsi tərəfindən izlənən portal Rüstəm Behrudinin ispan dilinə tərcümə olunmuş “Azadlıq, torino kəfəni və zəvvarlar”, Həmid Herisçinin “Cəlladla üz-üzə” şeirlərini hər iki şairin yaradıcılıqları haqqında geniş məlumatla təqdim edib.
Şeirlərin ispan dilinə tərcümə müəllifi – ispan dili üzrə mütəxəssis Tutuxanım Yunusovadır.
Nizami Gəncəvinin “Yeddi gözəl” poemasının audiokitabı Bişkekdə təqdim olunub
Qırğızıstan Milli Elmlər Akademiyasının Çingiz Aytmatov adına Dil və Ədəbiyyat İnstitutunda böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibətilə “Yeddi gözəl” poemasının qırğız dilində audiokitabının təqdimat mərasimi keçirilib.
“Ədəbiyyat və incəsənət” portalına
Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun prezidenti Nüsrət Məmmədovun verdiyi məlumata görə, fondun təşkilatçılığı ilə baş tutan təqdimat mərasimində diplomatik korpusun nümayəndələri, elm, mədəniyyət və incəsənət xadimləri, KİV nümayəndələri iştirak ediblər.
Təqdimatı giriş sözü ilə açan Nüsrət Məmmədov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2021-ci il “Nizami Gəncəvi İli” elan edilib və bu münasibətlə də fond Nizaminin “Yeddi gözəl” poemasının qırğız dilində audiokitabını hazırlayıb.
Nüsrət Məmmədov qeyd edib ki, sözügedən layihənin reallaşdırılmasına Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, Türkdilli Dövlətlərin Parlament Assambleyası dəstək göstərib.
Sonra Macarıstanın Qırğızıstandakı səfiri Şandor Doroqi, Yaponiyanın Qırğızıstandakı səfirinin müavini Soiçiro Okava, Çingiz Aytmatov adına Dil və Ədəbiyyat İnstitutunun professoru Gülcamal Camankulova, Çingiz Aytmatov adına Beynəlxalq İssık-Kul forumunun sədr müavini Dinarə Jumabayeva və başqaları çıxış ediblər.
Natiqlər dünya poeziyasının şah əsəri sayılan “Xəmsə”dən nümunələr gətiriblər, Azərbaycanda tolerantlığın və multikulturalizmin dərin tarixi kökləri, zəngin ənənələri olduğunu Nizami ədəbi irsinin nümunələri ilə sübuta yetiriblər. Nizami Gəncəvinin ölməz bəşəri ideyalarının insanlığın çiçəklənməsində mühüm rol oynadığını vurğulayıblar.
Audiokitabın təqdimatından sonra Heydər Əliyevə və Çingiz Aytmatova həsr olunmuş “İki dahi şəxsiyyət...” sənədli filmi nümayiş edilib.
Qeyd edək ki, poemanı qırğız dilinə Xalq şairi Egemberdi Ermatov tərcümə edib. Audiokitabın rejissoru Bektursun Kaldarovdur. Mətni tanınmış diktor Jıparqul Şabdanaliyeva oxuyub.


