ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

 

“Azərxalça” ASC ilk dəfə olaraq ipək xalçalar toxumağa başlayıb: İpək xalçaların boyanması və hazırlanması prosesi bütövlükdə Azərbaycanda təşkil olunub. 

 

Biz İpək sapları AZƏRİPƏK-dən əldə edirik, onların təbii boyalarla boyanması isə “Azərxalça” ASC-nin müəssisələrində baş verir.

AzərTAC xəbər verir ki, bu sözləri “Azərxalça” ASC-nin mətbuat katibi Xatuna Abdullayeva qurumun İsmayıllı filialına təşkil etdiyi mediatur zamanı deyib. 

İpək xalçaların hazırda 5 emalatxanada toxunulduğunu deyən Xatuna Abdullayeva bildirib ki, yaxın zamanlarda bu növ xalçaların digər filiallarda da toxunması təşkil olunacaq. Eyni zamanda yerli və xarici alıcıların istəklərini nəzərə alaraq istehsalatın həcminin artırılması da nəzərdə tutulub.

Qeyd edib ki, Azərbaycan xalçalarını beynəlxalq arenada tanıtmaq məqsədilə satış nöqtələrin sayı artırılır: “Bu yaxınlarda Bruneydə məşhur ticarət mərkəzlərindən birində bir satış nöqtəsi açılıb, Avstraliyada isə onlayn satış fəaliyyətə başlayıb. Azərbaycanda isə İçərişəhərdə “Azərxalça” ASC-nin nümayiş və satış məntəqəsi vardır ki, alıcılar geniş çeşidlə tanış ola bilər.

 

Türkiyənin Baybut şəhərində Beynəlxalq 26-cı Dədə Qorqud Mədəniyyət və Sənət Festivalı (Bayburt Uluslar Arası Dede Korkut Kültür ve Sanat Şölenleri) keçiriləcək. 

 

Bu gün start götürəcək festivalda Azərbaycanla bərabər bütün türk dünyasının təmsil olunması nəzərdə tutulub. 

Beş gün davam edəcək festival rəsmi hissə və zəngin mədəni proqramlardan ibarətdir. Ənənəvi olaraq 26-cı dəfə təşkil edilən festivalın məqsədi türk dünyasının ortaq dəyərlərindən olan Dədə Qorqudla bağlı görülən işlərə nəzər salmaq, bu sahədə yaradılan əsərlərlə bağlı fikir mübadiləsi aparmaq, qarşıda duran vəzifələri müəyyənləşdirməkdir. 

Qeyd edək ki, Azərbaycan Prezidenti Heydər Əliyev 1997-ci il aprelin 20-də "Kitabi-Dədə Qorqud"un 1300 illik yubileyinin keçirilməsi ilə əlaqədar Fərman imzalayıb.

Bazar ertəsi, 18 İyul 2022 12:00

6 yaşlı rəssam Şuşadaydı

 

6 yaşlı Safiya İsgəndərli də Şuşada keçirilən  Vaqif poeziya günlərinin qonağı idi. 

Cldır düzündə  Dağ çiçəklərinin, güllərinin, igidlərimizin azad etdiyi qayaların rəsmini çəkirdi.

 

Aida Eyvazlı

 

Bu gün - iyulun 18-də Beynəlxalq Muğam Mərkəzində Yaponiyanın məşhur piano ifaçısı və bəstəkarı Nakamura Tempeyin konserti keçiriləcək.

 

Konsert Yaponiyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə gerçəkləşəcək.

Tədbir Yaponiya və Azərbaycan arasında diplomatik münasibətlərin 30-cu ildönümünə həsr olunur.

Nakamura Tempei konsertdə Yaponiya və dünyanın aktual məsələlərini əks etdirən unikal musiqi parçaları ilə çıxış edəcək.

Qeyd edək ki, Nakamura Tempei indiyədək dəfələrlə Yaponiya, Amerika və Avropa ölkələrində konsertlə çıxış edib.

 

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı növbəti teatr mövsümünün sentyabr ayı üçün nəzərdə tutulan repertuarını açıqlayıb.

Repertuarı təqdim edirik:

 

16 sentyabr – “Qar kraliçası”, “Durna balığı” (rus dilində)

 

17 sentyabr – “Düyməcik”, “Çippollino” (rus dilində)

 

18 sentyabr – “Ağca və yeddi cırtdan”, “Qoğal” (rus dilində)

 

23 sentyabr - “Maşa və ayı” (İki dəfə - Azərbaycan və rus dillərində)

 

24 sentyabr - “Cırtdan”, “Üç cəsur” (rus dilində)

 

25 sentyabr – “Yeddi nar çubuğu”, “Çippollino” (rus dilində)

 

30 sentyabr – “Pişiyin evi”, “Qoğal” (rus dilində)

 

Elman Eldaroğlu yazır

 

Anadan aktyor olmaq üçün doğulub, son nəfəsinədək də aktyor qalacaq. Xasiyyəti çox tünddür, xarakteri sərt olduğundan hər kəs onunla dostluq edə bilmir. Oynayır, boynuna götürdüyü rolu elə oynayır ki, nəinki rejissor, əsərin müəllifi də həsəd aparır.

Demirəm ki, dünyaşöhrətlidir, amma dünyanın bu guşəsində izi qalacaq...

Mükəmməl insandır. Bunu onun özünə desəniz, o qədər xoşuna gələcəkdir ki, hətta kövrək vaxtına düşsə sizi bağrına basıb, öpə də bilər. Allahdan aşağı hər hansı bir zirvədə onu görsəniz heç də məətəl qalmayın, o, öz yerindədir...

Tez hirslənir, amma tez də imana qayıdır. Bir məzlumu görəndə ürəyi dağlanır, içi göynəyir. Əl tutmağa tələsir...

Gözəl təşkilatçılıq qabliyyəti var. Ürəkləri fəth edəcək xüsusiyyətlərə malikdir. Bu xüsusiyyətlərə onunla ünsiyyətdə olan insanlar daha çox şahid olurlar...

Bəli, şanslı və uğurlu adamdır. Həyatda bacarmadığı nəsə yoxdur. Heç nə onun qarşısında əngəl ola bilməz. Hətta hər kəsi idarə edə biləcək qədər güclüdür. Dövlət onu dəfələrlə mükafatlandırıb. 2000-ci ildən Azərbaycanın xalq artistidir. 2006-cı ildən Prezidentin fərdi təqaüdünü alır. Yəni beş adamdan pis yaşasa da, on beş adamdan irəlidədir. Amma nədənsə özündə güc tapıb, bir ziyalı kimi xalqın çətin günlərində görünməyə can atmır...

Bəzən adamda tənbəl insan təəssüratı yaratsa da aldadıcıdır, necə deyərlər, o, civə kimi qaynayır. Məğrur yerişi var, amma sakit təbiətli, mənən çox sadədir. Zəngin dünyagörüşünə, dərin zəkaya sahibdir. Doğrudur, göstəriş verməyi xoşlasa da, özü icra edəndə daha məmnun olur. Açıq danışmağı bacarır, nəsə xoşuna gəldikdə, bəyəndikdə, eyni zamanda nəyisə istəmədikdə və bəyənmədikdə bunu olduğu kimi qeyd etməkdən çəkinmir. Bəzən kimisə tərifləyəndə, onu utandıra biləcək səviyyədə şişirdə bilir...

Son dərəcə çalışqandır. Nə baş verirsə versin, hədəflədiyi nöqtəyə mütləq gedib çatacaq. Novator deyil, fəqət yenilikləri asanlıqla ram edə bilir.

Deyir ki, - “90-cı illərin əvvəllərində mən Slovakiyaya getmişdim və orada düz 10 ay yaşadım. Bəzən mən hüznlə nə qədər çox vaxt itirdiyimi düşünürəm, ən azından əlavə 10 filmdə rol ala, 10 tamaşada iştirak edə bilərdim. Ancaq bununla bahəm çox şey dərk etmişəm. Həqiqi nümunələr gətirim. Mənim hər şeyim vardı – ən prestijli rayonda gözəl evim, ən bahalı maşınlarım. Bir dəfə zülmət qış gecəsində yad bir səs məni yuxudan oyatdı. Eyvana çıxdım və gördüm ki, mənim dəbdəbəli villalarda yaşayan qonşularım aramsız yağıb yığılan qarı təmizləmək üçün əllərində bellələrlə işə girişiblər! "Bunlar nədir, anormaldırlar, səhəri gözləyə bilməzdilər bəyəm?” - deyə düşündüm və yatmağa getdim.

Səhər 8-də mən ofisə getməliydim, evdən çıxanda isə maşını qarajdan çıxara bilmədim, çünki qapının qarşısında qar anbarı vardı. Ətrafda hər yan isə tər-təmiz idi. Vacib görüşə çatmaq üçün ofisin avtomobilini çağırmalı oldum. Axşam qonşularda təmizlik hökm sürürdü, mənim qarım isə daha da yuxarı qalxmışdı. Gecə üçdə mən yerimdən qalxdım, əlimə bel götürdüm və bütün qarı təmizlədim, səhər qarajdan maşınımla çıxanda, bütün qonşular məni gülüşlə yola saldılar. Mən anlaşılmaz əcnəbi deyil, onların ənənəsini qəbul edən bir insana çevrilmişdim.

Yadımdadır bir dəfə avropalı ustaların drellərinin arxasında tozsoran olduğunu görəndə necə təəccüblənmişdim! Bu bizim ağlımıza niyə gəlməyib deyə düşünmüşdüm?! Bu ki çox asandır!..”

Bəli, hər bir insan Allahın əsəridir, hər kəsin həyat ssenarisi də Allaha məxsusdur. Bilmirəm, kim necə dəyərləndirir, amma mən haqqında söhbət açdığım Fəxrəddin Manafovu öz dəsti xətti olan bir aktyor kimi tanıyıram. Necə deyərlər, biz gəldi gedərik, Azərbaycan daim yaşayacaq və onun çəkildiyi filmlər Azərbaycanın ömrü qədər əbədi olacaq...

 

Yay tətilində olan Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı növbəti teatr mövsümünün sentyabr ayı üçün nəzərdə tutulan repertuarını açıqlayıb.

 

Böyüklər üçün:

16 sentyabr - “Və qadın gəlirdi...”; 

17 sentyabr – “Evlilik”; 

18 sentyabr – “Maskarad”; 

23 sentyabr – “Sevgiyə görə bağışla” (Aydın)” 

24 sentyabr – “Kişi, qadın, pəncərə… məşuq”;

25 sentyabr – “Sürprizlər günü”; 

30 sentyabr - “Qürur və qərəz”.

 

Uşaqlar üçün:

17 sentyabr – “Ələddin, şahzadə Jasmin və sehrli çıraq cininin sərgüzəştləri”; 

18 sentyabr – “Düyməcik”;

24 sentyabr – “Çar Saltan, knyaz Qvidon və Qu quşu şahzadəsi haqqında nağıl”;

25 sentyabr – “Nağılı tap–5”.

Qeyd edək ki, teatrda böyüklər üçün tamaşalar saat 19:00-da, uşaqlar üçün tamaşalar isə saat 12:00-da başlanacaq.

 

Kanadada fəaliyyət göstərən EL TV ingilis dilində “Azərbaycanda qədim dinlər və multikulturalizm” adlı sənədli film yayımlayıb. 

 

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Kanadadakı “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə ərsəyə gələn film “History of Azerbaijan” layihəsi çərçivəsində gerçəkləşdirilib. 

Dövlət Komitəsindən bildirilib ki, filmdə zərdüştlük, İslam, xristianlıq, yəhudilik və digər dinlərin Azərbaycanda təşəkkül tapması tarixi, məscidlərin, kilsələrin, sinaqoqların fəaliyyət göstərdiyi, qədim məbədlərin qorunub saxlanıldığı, ölkəmizin zəngin multikultural dəyərlərə malik olduğu barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, Azərbaycan xalqı həmişə başqa millətlərin adət-ənənələrinə, inanclarına hörmətlə yanaşıb, ölkəmiz isə dini baxışlarına görə təqib edilən insanlar üçün sığınacaq məkanına çevrilib.

 

UNESCO-nun “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında” 2005-ci il Konvensiyası mövzusuna həsr olunan təlimlərə yekun vurulub. Təlimlər Mədəniyyət Nazirliyinin sifarişi və dəstəyi, Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyi, Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının tərəfdaşlığı ilə “Qlobal Kommunikasiyalar və İnnovasiyalar” şirkəti tərəfindən “İrsin idarəedilməsi bacarıqlarının inkişafı” təlim proqramı çərçivəsində təşkil edilib. 

 

AzərTAC xəbər verir ki, Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının İdarə Heyətinin sədri, təlim proqramının rəhbəri Vasif Eyvazzadə dörd moduldan ibarət təlim kursunun sonuncu gününün mövzuları və mövzu ətrafında məruzə edəcək qonaqlar barədə ətraflı məlumat verib. 

Türkiyənin “Ənənəvi incəsənət dərnəyi“ (“Geleneksel Sanatlar Derneği”) rəhbəri Ahmet Akcan dərnəyin tarixi, fəaliyyət istiqamətləri, həyata keçirilən layihələr, tərəfdaşları, beynəlxalq səviyyədə icra olunan təşəbbüslər barədə iştirakçıları məlumatlandırıb. A.Akcan Türkiyədə mədəniyyət sahəsində idarəetmə və siyasətin həyata keçirilməsində dövlət-özəl, dövlət-vətəndaş cəmiyyəti tərəfdaşlığı nümunələrindən, ənənəvi sənətlərin qorunması və inkişafında aktiv fəaliyyət göstərən fond, dərnək, vətəndaş cəmiyyəti və üst qurum təşkilatlarının fəaliyyətindən bəhs edib. O, bu istiqamətdə Türkiyə-Azərbaycan əməkdaşlığının əhəmiyyətini qeyd edib. 

ADA Universitetinin müəllimi Lalə Kişiyeva yaradıcı sənayenin əsas anlayışları, tarixi inkişaf mərhələləri, qlobal kontekstdə statistik rəqəmləri təqdim edib. O, əsas təməli insan yaradıcı düşüncəsinə dayanan bu sənaye növünün yeni rəqəmsal dövrdə açdığı imkanlardan danışıb. İnteraktiv sual-cavab şəklində aparılan sessiyada iştirakçıların fəaliyyət sahələrində tətbiq edilən rəqəmsal texnologiyalar haqqında fikir mübadiləsi aparılıb və real keyslərin üstünlükləri müzakirə edilib. 

Təqdimatda, həmçinin blokçeyn texnologiyalarından yaradıcı sənaye məhsullarının dayanıqlı marketinqi və monetizasiyası üçün əsas vacib tətbiq istiqamətləri və tələbləri izah edilib. Sessiyada fərqli ölkələrdən mədəni fəaliyyət sahələrində uğurlu layihələrdən bəhs edilib və milli kontekstdə uğur hekayəsi olaraq sessiyaya kreativ sahibkar kimi dəvət edilmiş “Ninka Cards&Gifts” şirkətinin rəhbəri Nərgiz İbrahimova təlim iştirakçıları ilə öz uğur hekayəsini bölüşüb. 

“Arts Council” Azərbaycan təşkilatının rəhbəri Dadaş Məmmədov milli mədəni irsin və sənət ənənələrinin xarici ölkələrdə təbliğinə dair reallaşdırılan təşəbbüslər haqqında ətraflı məlumat verib. Mədəniyyət və incəsənət sahəsi üzrə beynəlxalq ekspert Cahangir Səlimxanov mədəni layihələrin ərsəyə gəlməsində kreativ yanaşmalar, həllər, innovasiyalar mövzusunda təqdimatında müxtəlif layihə və proqramlar üzərindən kreativ metodika, uzlaşdırma qabiliyyətləri, kreativ ekspertimentlərindən danışıb. 

Mədəniyyət Nazirliyinin Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Ramil Abbəkirov nazirliyin ölkəmizdə yaradıcı sənayelərin inkişafı sahəsində strateji fəaliyyət istiqamətləri və Milli Prioritetlər çərçivəsində nəzərdə tutulan fəaliyyətlər barədə təqdimat etdi. 

Təlim kursunda Mədəniyyət Nazirliyi və onun tabeliyində fəaliyyət göstərən müəssisələrin, Dövlət Turizm Agentliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Qarabağ İqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin, "Şuşa" Şəhəri Dövlət Qoruq İdarəsinin, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin, Heydər Əliyev Mərkəzinin, AMEA Rəyasət Heyəti aparatının və Akademiyanın müvafiq institutlarının, Mədəniyyət və İncəsənət Universitetinin, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin, yaradıcı ittifaq və birliklərin, Education HUB və “Zəka İşığında” ictimai birliyinin nümayəndələri iştirak ediblər. 

Kursun sonunda təlim iştirakçılarına sertifikatlar təqdim edilib.

 

Şuşa Dövlət Musiqili Dram Teatrı 148-ci teatr mövsümünü iyulun 16–da 2 tamaşanın nümayişi ilə yekunlaşdıracaq. 

 

Sənət ocağı mövsümə Abdulla Şaiqin “Danışan gəlincik”, Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti–vəziri–xani–Lənkəran” tamaşasının nümayişi ilə yekun vuracaq. 

Qeyd edək ki, bu teatr mövsümü Şuşa teatrı üçün çox uğurlu və unudulmaz bir mövsüm olub.

Belə ki, Şuşa Dövlət Musiqili Dram Teatrı 30 ildən sonra iyun ayının 29–da Şuşa şəhərində Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti–vəziri–xani–Lənkəran” tamaşası ilə çıxış edib.

Hər 2 tamaşanın quruluşçu rejissoru, teatrın baş rejissoru, Əməkdar artist Loğman Kərimovdur.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.