
Super User
Gitanjali Şri Beynəlxalq Buker Mükafatına layiq görülüb
Londonda Beynəlxalq Buker Mükafatının qalibi elan edilib. “Ədəbiyyat və incəsənət” portalının proqnozu özünü doğruldub. Hindistanlı yazıçı Gitanjali Şri "Qum məzarı" (Tomb of Sand) romanına görə mükafata layiq görülüb.
Bu, “Booker International” mükafatını qazanan hind dilindən ingilis dilinə tərcümə edilmiş ilk kitabdır. İngilis dilinə tərcüməni ABŞ-dan olan rəssam, yazıçı və tərcüməçi Daisy Rokvil edib.
Ümumilikdə, 2022-ci il mükafatının qısa siyahısına altı fərqli dildə (ispan, Koreya, Norveç, polyak, hindi, yapon) altı əsər daxil edilib. Həmin əsərlərdən beşi qadın yazıçılar tərəfindən yazılıb.
Məlumat üçün bildirək ki, Gitanjali Şri 1957-ci ildə Hindistanın şimalındakı Mainpuri şəhərində anadan olub. O, 5 romanın və bir neçə hekayələr toplusunun müəllifidir. G.Şrinin əsərləri ingilis, fransız, alman, serb və Koreya dillərinə tərcümə olunub.
Qeyd edək ki, Beynəlxalq Buker Mükafatı 2005-ci ildə təsis edilib. Nüfuzuna görə Nobel mükafatından sonra ikinci yerdə dayanır.
Mədəniyyət naziri Anar Kərimov Ağdamda və Ağcabədidə mədəniyyət müəssisələri ilə və mədəniyyət kollektivləri ilə tanış olub
Ağdam rayonunun Quzanlı qəsəbəsində Ağdam, Ağcabədi və Laçın rayonlarından olan vətəndaşların qəbulunu keçirdikdən sonra mədəniyyət naziri Anar Kərimov Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovun müşayiəti ilə Ağdam rayonunda bir sıra mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olub.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir ki, Anar Kərimov əvvəlcə Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrının fəaliyyəti ilə tanış olub, sonra Ağdam rayon Mədəniyyət Mərkəzinə baxış keçirib. Nazirə məlumat verilib ki, Mədəniyyət Mərkəzi 1952-ci ildə Ağdam şəhərində yaradılıb. 1993-cü ildə rayon Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduqdan sonra Dövlət Dram Teatrının binasında fəaliyyətini davam etdirir.
Quzanlı qəsəbəsində Ağdam Dövlət Rəsm Qalereyasına baxış keçirən Anar Kərimov sonra rayon Mərkəzi Kitabxanasına baş çəkib. Burada kitabxananın fəaliyyəti, kitab fondu barədə nazirə ətraflı məlumat verilib.
Səfər çərçivəsində Ağdam rayon Şəmsi Bayramov adına Xındırıstan kənd Uşaq musiqi məktəbinə baxış keçirilib. Nazirə bildirilib ki, 1969-cu ildən Ağdam rayon 1 nömrəli Uşaq musiqi məktəbinin filialı, 1982-ci ildən isə müstəqil fəaliyyət göstərən təhsil ocağı üçün 2016-cı ildə ikimərtəbəli yeni bina tikilib. 31 sinif otağı, 110 nəfərlik zal, 6 texniki otağı olan məktəbdə 160 şagird təhsil alır, 57 müəllim çalışır.
Ağdam Tarix-Diyarşünaslıq Muzeyinə gələn nazirə məlumat verilib ki, 1962-ci ildə yaradılan və 2500-dən artıq eksponatın sərgiləndiyi muzey Ağdam şəhəri işğal olunan zaman məhv edilib. 2001-ci ildən muzey öz fəaliyyətini Qaradağlı kənd Mədəniyyət evinin binasında davam etdirir. Hazırda muzeydə 1300-dən çox eksponat qorunur.
Nazir Anar Kərimov Ağdam rayonu Mahrızlı kəndindəki cəsur əsgər Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyinin fəaliyyəti ilə də yaxından maraqlanıb. Muzeydə R.Məmmədovun şəxsi əşyaları, onun haqqında materiallar dərc olunan qəzet və jurnallar, eləcə də kitablar sərgilənir. Muzeydə həmçinin Qarabağ döyüşlərində canlarını qurban verən igid oğulların şəxsi əşyaları, məktublar, hərbi geyimlər nümayiş etdirilir. Qeyd olunub ki, döyüş bölgəsində yerləşən Mahrızlı kəndi Vətən müharibəsi zamanı erməni silahlı qüvvələrinin atdığı raket zərbələrinə məruz qalıb. Kəndə atılmış raketlərin parçalanmış hissələri də muzeydə sərgilənir.
Daha sonra nazir Ağdam Muğam Mərkəzində konsert proqramında iştirak edib. Konsertdə “Şur” ansamblının ifasında bir-birindən maraqlı musiqi nömrələri səsləndirilib.
Anar Kərimov növbəti gündə isə Ağcabədi rayonuna səfər edib. Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovla birgə o, Heydər Əliyev Mərkəzinə baş çəkib, müəssisənin fəaliyyəti ilə tanış olub.
Ağcabədi rayonunun Kəhrizli kəndinə gələn nazir burada görkəmli yazıçı-dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin həyat və amal yoldaşı Həmidə xanım Cavanşir-Məmmədquluzadənin (1873-1955) ev-muzeyində olub. Nazirə bildirilib ki, ev-muzey onun mənsub olduğu ocağa – Cavanşirlər nəslinə məxsus tarixi binada yerləşir. Bu bina Həmidə xanımın vəfatından sonra əvvəlcə orta məktəb, sonra musiqi məktəbi kimi fəaliyyət göstərib. 2005-ci ildən Ağcabədi Rayon Tarix-Diyarşünaslıq Muzeyinin filialı statusunda Həmidə Məmmədquluzadənin Ev-Muzeyinə çevrilib.
Muzeydə Həmidə xanımın atası, Qarabağ xanlığının və Şuşa şəhərinin əsasını qoyan Pənahəli xanın nəticəsi tarixçi, şair Əhməd bəy Cavanşirin (1828-1903) tərcümeyi-hal sənədləri, nadir fotoları və əlyazmaları qorunub saxlanılır. Muzeydə, eyni zamanda, Həmidə xanımla əlaqəli çoxsaylı şəkillər, məktublar, xatirə əşyaları və nadir əl işləri nümayiş etdirilir.
Mədəniyyət naziri səfər çərçivəsində Ağcabədi Rayon Tarix-Diyarşünaslıq Muzeyinə baxış keçirib. Nazirə məlumat verilib ki, 5000-dən çox eksponatın mühafizə olunduğu muzeyin binası iki mərtəbədən, 6 ekspozisiya otağından ibarətdir. Muzeyin ən qədim eksponatları arasında arxeoloqların rayon ərazisində qazıntı işləri zamanı aşkarladıqları eramızdan əvvəl VI-V minilliklərə (Neolit dövrü) aid sümükdən iynə, biz və daşdan məişət əşyaları və s. mövcuddur. Muzeydə eksponatlar “Təbiət”, “Arxeologiya”, “Etnoqrafiya”, “Görkəmli şəxsiyyətlər”, “Sovet dövrü” və “Müasir dövr” bölmələri üzrə qruplaşdırılıb.
Anar Kərimov Üzeyir Hacıbəyli adına Ağcabədi şəhər Uşaq incəsənət məktəbinin fəaliyyəti ilə də yaxından maraqlanıb.
Qeyd edilib ki, 1965-ci ildə Uşaq musiqi məktəbi kimi fəaliyyətə başlayan təhsil ocağı 1986-cı ildən Üzeyir Hacıbəyli adına Uşaq incəsənət məktəbi kimi işini davam etdirir. Hazırda məktəbdə 8 ixtisas üzrə (fortepiano, tar, qarmon, kamança, nağara, xanəndəlik, rəssamlıq, xoreoqrafiya) 121 müəllim 354 şagirdin təhsili ilə məşğul olur.
Mədəniyyət nazirinin Ağdam və Ağcabədi rayonlarına səfəri təbii ki, bir sıra problematik məsələlərin həllini sürətləndirəcək, rayonların mədəni həyatlarına bir canlanma gətirəcək.
Fotolarda: Qapaq fotosu və 1-ci iç fotoda nazirin Ağdama, 2-4-cü fotolarda Ağcabədiyə səfərinin müxtəlif məqamları.
Bu gün böyük Məmməd Əmin Rəsulzadə başda olmaqla bütün Cümhuriyyət qurucularını şərəflə anırıq
28 May – Respublika Günü şanlı tariximizə qızıl hərflərlə həkk olunmuş, hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi olan bir gündür. 1918-ci il mayın 28-də mürəkkəb siyasi hərbi-şəraitdə əsarət altında yaşayan, tarixi, mədəniyyəti, dili, dini sıxışdırılan Azərbaycan xalqı özünün və Şərqin ilk demokratik, hüquqi, dünyəvi və parlamentli respublikasını yaratdı. 1918-ci il mayın 27-də Zaqafqaziya Müsəlman Şurası özünü Azərbaycan Milli Şurası elan etdi. Bununla da, əslində Azərbaycanın tarixində parlamentli respublikanın bünövrəsi qoyulmuş oldu. Həmin iclasda Azərbaycan Milli Şurasının rəyasət heyəti və sədri seçildi. Mayın 28-də Azərbaycan Milli Şurasının iclasında İstiqlal Bəyannaməsi qəbul edildi.
28 May 1918-ci il tarixində müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 104 il ötür. 1990-cı ildən Cümhuriyyət Günü ölkədə dövlət bayramı kimi qeyd edilir. Azərbaycanın milli bayramlarından olan Respublika Günü 30 ildən sonra ilk dəfədir ki, işğaldan azad olunan torpaqlarda da qeyd olunur.
O günlərə - ötən əsrin əvvəllərinə qısaca olaraq rakurs etsək nə görərik?
1917-ci ildə Rusiyada baş vermiş Fevral inqilabı nəticəsində Çar İmperiyası devrildi. Ölkədə çarizmin məzlum vəziyyətə saldığı xalqların milli hərəkatı başlandı. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) – müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət yaradıldı. Bu respublika azərbaycanlıları tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoydu. Məhəmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti türk və İslam dünyasında ilk parlamentli cümhuriyyət və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.
Azərbaycan müvəqqəti hökumətinin ilk başçısı isə Fətəli Xan Xoyski idi. 10 gün Milli Şura Tiflisdə işlədikdən sonra Gəncəyə köçürüldü. O vaxt Bakı erməni daşnak və bolşevik quldurlarının əlində idi. Yalnız 1918-ci ilin sentyabrında Türkiyə ordusunun rəhbərliyi ilə – Bakı daşnak-rus qüvvələrdən təmizləndikdən sonra milli hökumət Gəncədən Bakıya köçdü.
Müstəqil Azərbaycan Cümhuriyyəti qısa ömründə böyük nailiyyətlər və qalibiyyətlər əldə edib. İlk dəfə qadınlara seçim hüququ tanıyan və qadın–kişi bərabərliyini təmin edən cümhuriyyət o cümlədən milli ordu, milli pul, demokratlaşma, milli bank, azad seçkilər, beynəlxalq əlaqələr və beynəlxalq ictimayyət tərəfindən Azərbaycan istiqlalının rəsmiyyətə tanınması, Azərbaycanın bütövlüyünü təmin etmək, iqtisadi islahat və s. müstəqil Azərbaycan Cümhuriyyəti təmin edib.
Azərbaycan Demokratik Cümhuriyyətini rəsmi surətdə tanıyan ilk dövlət Osmanlı dövləti olub (4 iyun 1918-ci ildə).
1918-ci il 9 noyabr tarixində M.Ə.Rəsulzadənin təklifi əsasında Azərbaycan Demokratik Cümhuriyyətinin üç rəngli bayrağı qəbul edilib. O zamana qədər Azərbaycan Demokratik Cümhuriyyətinin bayrağı qırmızı rəngdəydi.
Azərbaycan Xalq Cümhuriyyətinin qurulması xalqımızın həyatında yeni bir mərhələnin başlanğıcı oldu. Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini özündə birləşdirən, yarandığı dövr üçün inqilabi sayılan bir-çox ünsürləri özündə ehtiva edən dövlət nümunəsi olan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın milli və siyasi şüurunun, yüksək mədəniyyətinin nəticəsi idi.
Cümhuriyyətin ömrü uzun olmasa da, qısa bir müddət - 23 ay ərzində çox böyük işlər görə bilib. Bu qısa dövrdə dövlət bayrağı, dövlət himni və gerbi, Azərbaycan vətəndaşlığı təsis edilib, milli ordu yaradılıb. Həmin dövr üçün olduqca mütərəqqi sayılan müddəaları özündə əks etdirən çoxsaylı qanunlar qəbul edilib. Demokratik hüquq və azadlıqların, etnik və dini mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi və həyata keçirilmiş digər işlər həmin dövr üçün atılmış böyük addımlar idi.
Qısa müddət ərzində dövlətin siyasi, iqtisadi, hüquqi, mədəni və digər sahələrində həyata keçirilmiş mütərəqqi siyasət Azərbaycanda müstəqil, demokratik dövlətçilik ənənələrinin, milli ruhun formalaşmasında və gələcək inkişafında mühüm rol oynamış oldu. Azərbaycan xalqının milli-vətənpərvərlik ruhunun, azadlıq, müstəqillik arzusunun alovlanmasına təkan verdi. Həmin dövrdə mürəkkəb siyasi şəraitdə yaranmış dövləti qoruyub saxlamaq təəssüf ki, mümkün olmadı.
Müstəqil Azərbaycan Cümhuriyyəti iki yaşına çatmadan bolşeviklərin hücumuna məruz qalıb müvəqqəti olaraq devrildi. Sovetlər Birliyi, Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil etdi. Bolşeviklər tərəfindən devrilməsinə baxmayaraq, istiqlal ideyası yenilmədi və 1991-ci ildə Sovet İmperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan etdi.
Allah bizi yatmış ayının oyanaraq yenidən Azərbaycanı öz caynaqları arasına salmasından hifz eləsin. Amin!
Praqada "Sarı Gəlin - Azərbaycan hekayələrinin antologiyası"nın təqdimatı olub
Praqada Azərbaycan yazıçılarının əsərlərindən ibarət "Sarı Gəlin - Azərbaycan hekayələrinin antologiyası " kitabının təqdimatı keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Çex Respublikasındakı Səfirliyi və Çexiyanın Karlov Universitetinin birgə təşkilatçılığı ilə keçirilən təqdimat mərasimində Karlov Universitetinin rəhbərliyi və professor heyəti, habelə Çexiyanın görkəmli elm və mədəniyyət xadimləri, səfirliyin kollektivi və soydaşlarımız iştirak ediblər.
Kitabda XX əsrdə yaşayıb yaratmış tanınmış Azərbaycan yazıçılarının, o cümlədən Mircəlal, Anar, Elçin və başqalarının əsərlərindən ibarət 22 nümunə öz əksini tapıb.
Tədbiri giriş sözü ilə açan Karlov Universitetinin professoru İvana Bozdexova antologiyanın tərtibindən və bədii məziyyətlərindən danışıb, kitabın çex dilində hazırlanması prosesi ilə bağlı xatirələrini bölüşüb.
Sonra Karlov Universitetinin prorektoru Yan Kuklik çıxış edərək, hər iki ölkənin ədəbiyyatlarının tanıdılması və təbliği istiqamətində görülən işləri yüksək qiymətləndirib, bu fəaliyyətin davamlı şəkildə həyata keçirilməsinə böyük ehtiyac duyulduğunu qeyd edib. O, Azərbaycan və çex yazıçılarının əsərlərinin hər iki dilə tərcümə olunması və təbliğinin ədəbi əlaqələrimizin inkişafında mühüm rol oynayacağını vurğulayıb.
Tədbirdə Səfir A.Məmmədov çıxışı edərək nəşrin hər iki ölkənin ədəbiyyatı üçün mühüm əhəmiyyətindən, Azərbaycan xalqının mədəniyyətinin Çex oxucularına tanıtmaq baxımından oynadığı mühüm rolundan danışıb. Səfir bu vaxta qədər ayrı-ayrı yazıçı və şairlərimizin əsərlərindən bəzi nümunələrin müxtəlif vaxtlarda çex dilində çap olunmasına baxmayaraq milli ədəbiyyat nümunələrimizin belə böyük həcimdə Çexiyada təqdim olunmadığını vurğulayıb və belə bir önəmli nəşrin təqdimatının keçirilməsini və Çex oxucularına tanıdılmasını məmnunluq doğuran hal kimi qiymətləndirib. O, Çex ədəbiyyatsevərlərin bu kitabdakı əsərləri oxumaqla çex xalqı ilə fərqli mədəniyyətə, fərqli həyat tərzinə malik olan, lakin eyni ümumbəşəri və humanist dəyərləri paylaşan Azərbaycan xalqını daha yaxından tanıyacaqlarına əmin olduğunu ifadə edib.
Sonra Səfir A.Məmmədov nəşrin hazırlanmasında əməyi olan hər kəsə - Karlov Universitetinin rəhbərliyinə, Karlov Universitetinin Karolinium Nəşriyyatına, Azərbaycan Respublikasının(Dövlət) Tərcümə Mərkəzinə, xüsusilə də kitabın tərcüməsini çox böyük zəhmət və peşəkarlıqla həyata keçirən Tərcümə Mərkəzinin əməkdaşı Şəbnəm Əsədovaya dərin təşəkkürünü bildirib. Səfir Azərbaycan yazıçılarının əsərlərinin Çex dilində nəşri ilə bağlı bundan sonrakı layihələrdə də Azərbaycan Səfirliyinin Karlov Universiteti ilə yaxından əməkdaşlıq etməyə hazır olduğunu qeyd edib.
Tədbirin bədii hissəsində antologiyada yer almış Azərbaycan yazıçılarının əsərlərindən parçalar oxunub, “Sarı Gəlin” Azərbaycan xalq mahnısı səsləndirilib.
İlqar Fəhmi qalib gəlib
44 günlük Zəfər savaşımızdan və tarixi qələbəmizdən sonra Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Qarabağ – Vətən müharibəsi mövzusunda “2783…” adlı pyes müsabiqəsi elan etmişdi. “Ədəbiyyat və incəsənət” portalı 525-ci qəzetə istinadən xəbər verir ki, müsabiqə yekunlaşıb.
Müsabiqə şərtlərinə görə təqdim olunan əsərlər tarixi zəfərin, Qarabağ qələbəsinin ab-havasını, bu önəmli hadisənin bütövlükdə ölkənin və ayrı-ayrı insanların həyatına, düşüncələrinə təsirini əks etdirməli idi.
Müsabiqəyə təqdim edilən əsərlərdən yazıçı-dramaturq İlqar Fəhminin "Balaca kişilər" pyesi münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilərək qalib elan olunu . Pyesə teatrda quruluş veriləcək və bu il Zəfər günündə tamaşa sənətsevərlərə təqdim olunacaq. Həmçinin müsabiqənin şərtlərinə görə əsər "Azərbaycan" dərgisində işıq üzü görəcək.
Bu gün məşhur isveçli pianoçu Martin Sturfelt Bakıda çıxış edəcək
Məşhur isveçli pianoçu Martin Sturfelt bu gün - mayın 27-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında çıxış edəcək.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, M.Sturfelti Əməkdar incəsənət xadimi, dirijor Elşad Bağırovun rəhbərliyi altında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edəcək.
Qeyd edək ki, konsertdə görkəmli Azərbaycan bəstəkarları Fikrət Əmirov, Qara Qarayev, İsveç bəstəkarları Vilhelm Stenhammar və Kurt Atterberqin əsərləri səsləndiriləcək.
Klassik musiqi həvəskarları üçün əsl töhfədir.
Bu gün Qarabağ müharibəsi döyüşçüləri musiqi ərməğan edəcəklər
Nərmin İsgəndərovanın layihəsi əsasında Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə bu gün - 27 may 2022-ci il saat 19:30 da Heydər Əliyev Sarayında İkinci Qarabağ Müharibəsinin Döyüşçülərinin ifasında musiqili bədii gecə keçiriləcək.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tədbirdə iştirak edən veteran və qazilər Azərbaycan Respublikasının Ali təhsil ocaqları AMK, ADMİU, BMA -nin tələbə və məzunlarıdırlar. Onlar ixtisasca musiqiçi, aktyor, rejissor, teatrşünas, rəssamdılar. Məzunlardan hal-hazırda müxtəlif təhsil və mədəniyyət ocaqlarında işləyənlər də var.
Gecədə həmçinin Azərbaycan Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Orkestri, Dövlət Mahnı və Rəqs Ansamblı, Müdafiə Nazirliyinin tabeliyində olan Hərbi Hava Qüvvələri Orkestri və bir neçə tanınmış incəsənət xadimləri, eləcə də ADMİU-nun tələbə heyəti də çıxış edəcəklər.
Xeyriyyə tədbiridir, əldə olunacaq vəsait Yaşat Fonduna ianə olunacaq.
“Azərbaycanfilm” Kinostudiyası “Qarabağ” mövzusunda ssenari müsabiqəsi elan edib
C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası “Azərbaycanfilm - 100” adlı ssenari müsabiqəsi elan edib.
Tammetrajlı bədii film ssenarisi kateqoriyasında keçirilən müsabiqənin məqsədi kinematoqrafiya sahəsində çalışan yaradıcı şəxslərə dəstək olaraq onların fəaliyyətini stimullaşdırmaq, yeni yaradıcı qüvvələri prosesə cəlb etmək və kinostudiyanın ssenari portfelini formalaşdırmaqdır.
C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının 100 illiyi münasibəti ilə elan olunan müsabiqə “Qarabağ” mövzusunda keçirilir. Sənədlərin qəbulu iyunun 1–dən 30-dək elektron qaydada Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. poçt ünvanı vasitəsilə aparılır.
Qalibləri Kinostudiya nəzdində yaradılmış Ekspert Şurası müəyyən edəcək.
Müsabiqənin qaliblərinə müvafiq olaraq 10 min, 8 min və 5 min manat məbləğində mükafat veriləcək.
Qaliblərin adları 2022-ci il avqustun 2-də Azərbaycan Kinosu Günündə elan olunacaq.
Qədim Buxara şəhərində beynəlxalq festivalda ölkəmiz də təmsil olunub
Buxara şəhərində keçirilən beynəlxalq “Qızıl tikmə və zərgərlik sənəti” festivalı başa çatıb.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, bir həftə davam edən festivalda dünyanın 58 ölkəsindən gələn 221 xarici nümayəndə, Özbəkistanın bütün vilayətlərindən 288 usta iştirak edib.
Ölkəmizdən festivala Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva, Milli Məclis Aparatının Beynəlxalq münasibətlər şöbəsinin baş məsləhətçisi Aydan Fərəcova və Azərbaycan Mədəniyyət Nazirliyinin Muzey sərvətləri və xatirə əşyalarının elmi-bərpa mərkəzinin direktoru Zərifə Məlikova, həmçinin zərgərlər qatılıb.
Ülviyyə Həmzəyeva səfər çərçivəsində Buxara şəhərində təşkil olunan “Ənənəvi qızıl-tikmə, zərgərlik və toxuculuq sənəti: tarixi, təcrübəsi və inkişaf perspektivləri” mövzusunda beynəlxalq elmi-praktik konfransda iştirak edib. Konfransda onun “Tikmə sənətinin tarixi: dizayn və innovativ yanaşma” mövzusunda məruzəsi dinlənilib.
Deputat çıxışında Azərbaycanla Özbəkistan arasında bütün sahələrdə əməkdaşlığın inkişafından, dost ölkə ilə əlaqələrin daha da dərinləşdirilməsindən danışıb. Azərbaycanda bədii tikmə və zərgərlik sənətinin tarixi haqqında məlumat verib, hazırda bu sənət növlərinin inkişaf dövrü yaşadığını bildirib.
Azərbaycan nümayəndə heyətinin festivalda iştirak edən qonaqlarla, sənətkarlarla müxtəlif görüşləri də olub.
Konfransda Milli Xalça Muzeyinin eksponatları timsalında Azərbaycan zərgərlik sənətinin növləri və texnologiyaları barədə də fikir mübadiləsi aparılıb.
Ağcabədidə maddi-mədəniyyət nümunələri aşkarlanıb
Ağcabədi rayonunun İmamqulubəyli kəndinin yaxınlığında yerləşən ölkə əhəmiyyətli arxeoloji abidələr kimi daşınmaz tarix-mədəniyyət abidələrinin reyestrinə daxil olan “Ədiltəpə yaşayış yeri”ndən bir ədəd küp və rayonun Hindarx qəsəbəsində yerləşən “Qazantəpə” kurqandan bir ədəd həvəng aşkar olunub.
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən AzərTAC-a bildirilib ki, maddi-mədəniyyət nümunələri Gəncə Regional İdarəsinin Ağcabədi rayonu üzrə abidə mühafizəçiləri Kamil Quliyev və Elçin Abdullayev tərəfindən həmin arxeoloji abidələrə baxış keçirərkən aşkar edilib.
Müəyyən edilib ki, yağış sularının təsiri nəticəsində “Ədiltəpə yaşayış yeri”nin kiçik bir hissəsində sürüşmə baş verib. Sürüşmə ilə əlaqədar arxeoloji abidənin yaxınlığında gildən hazırlanmış, qara rəngli, hündürlüyü 22 sm, eni 19 sm olan su qabı yer üzünə çıxıb.
Mütəxəssislərin bildirdiyinə görə, su qabı e.ə VII-VI əsrlərə aiddir. Həvəng isə Tunc dövründən Orta əsrlərə qədər istifadə olunub.
Abidə mühafizəçiləri hər iki maddi-mədəniyyət nümunəsini zədələmədən Gəncə Regional İdarəsinə təhvil veriblər.