ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

 

Azərbaycana böyük kino bayramı təşrif buyurur. Uşaqlar və böyüklər üçün nəzərdə tutulmuş ənənəvi 5-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı 2022-ci il, 7-11 sentyabr tarixində Nizami Kino Mərkəzində keçiriləcək. Festival geniş proqramını açıqlayaraq, artıq bilet satışını elan edib. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tədbir “İqlim dəyişikliyi”nə həsr olunduğuna görə, bilet satışından əldə olunacaq bütün vəsait işğaldan azad olunmuş ərazilərdə ekoloji tarazlığın bərpası üçün Qarabağ Dirçəliş Fonduna ianə ediləcək.

Bu il festival tamaşaçılara üç əsas proqram təqdim edəcək: müsabiqə proqramı, müsabiqədənkənar proqram və peşəkarlar üçün proqram. Animasiya filmlərinin nümayişi ilə yanaşı, yerli və xarici peşəkarların iştirakı ilə vörkşoplar və ustad dərsləri də təşkil olunacaq.

Festivala 50 müxtəlif ölkədən 230 film təqdim olunub. Seçim komissiyası müsabiqə proqramına 29 ölkədən 76 film qəbul edib. Müsabiqə iştirakçıları 1 yerli və 6 beynəlxalq kateqoriyalar üzrə mükafatlar uğrunda yarışacaqlar. Bütün seçilmiş filmləri beynəlxalq və uşaq münsiflər heyəti izləyəcək, qaliblər 5-ci ANİMAFİLM festivalının açılış və bağlanış mərasimlərində elan olunacaq. Uşaq münsiflər heyətinə 22 yerli uşaq, beynəlxalq münsiflər heyətinə isə 6 xarici peşəkar daxil edilib: Jonathan Laskar (İsveçrə), Tilly Wallace (Böyük Britaniya), Markus Øvre (Böyük Britaniya), Nodar Beqiaşvili (Gürcüstan), Jorn Leeuwerink (Niderland) və Daniel Bird (Böyük Britaniya). Bundan əlavə, bu il “Tamaşaçı seçimi” müsabiqəsinin qalibi film nümayişləri zamanı tamaşaçı səsverməsinin nəticələri əsasında müəyyənləşdiriləcək, qalibə isə Lenovonun mükafatı təqdim olunacaq. Festivalın digər nominasiyalarında mükafatlar TVPaint Développement (“Ən yaxşı tələbə animasiya filmi”), Fransanın Azərbaycandakı səfirliyi və Fransız İnstitutu (“Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi”) və Shahmaran Metaceramica tərəfindən təqdim olunacaq.

Müsabiqədənkənar proqramda iqlim dəyişikliyi ilə bağlı filmlər, uşaqlar üçün “Ana təbiət” proqramı, Çexiyanın “Hətta siçanlar da cənnətə aiddir” tammetrajlı filmi, Ukrayna animasiyası, virtual sərgi və Bakı Beynəlxalq Qısa Filmlər Festivalının qalib filmləri təqdim olunacaq. Azərbaycanla Yaponiya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə “Hava övladı” adlı tammetrajlı animasiya filmi nümayiş etdiriləcək.

Peşəkarlar üçün proqramda hazırda üzərində iş gedən Azərbaycan animasiya filmləri təqdim olunacaq, beynəlxalq münsiflər heyəti ilə görüşlər, rejissor Jonathan Laskarın (İsveçrə) ustad dərsi təşkil olunacaq. Bunlardan başqa, proqramda Nitya Ramlogan (ABŞ), Tilly Wallace (İngiltərə) və Nəzrin Ağamalıyevanın (Azərbaycan) iştirakı ilə “Stop motion” və “Şüşə üzərində animasiya” vörkşopları da nəzərdə tutulub.

Festival çərçivəsində animasiya restavrasiyasına dair “Animasiyanın refreyminqi: Rəqəmsal texnologiyalar əsrində hərəkətli təsvirin qorunması və bərpası” adlı konfrans da keçiriləcək.

5-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının təşkilatçıları “Azərbaycan Animasiya Assosiasiyası” ictimai birliyi və “PERİ FİLM” şirkətidir.

Festivalın builki tərəfdaşları bunlardır: Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Kinematoqrafçılar İttifaqı, Qarabağ Dirçəliş Fondu, Culture Network House Association, Azərbaycan Yaradıcı Sənayelər Federasiyası, Shahmaran Metaceramica, Dynamic Box Studio, Nizami Kino Mərkəzi, İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyi, Fransanın Azərbaycandakı səfirliyi və Fransız İnstitutu, Çexiya Respublikasının Azərbaycandakı səfirliyi, Yaponiyanın Azərbaycandakı səfirliyi və Yaponiya Fondu, Lenovo, Tripsome, Ritual Mobil Teatr Laboratoriyası, Cafino Coffee&Wine, Nemi Hotel Baku, Unibroad, Choche.az, Annecy Beynəlxalq Animasiya Film Festivalı və TVPaint Développement.

Festivalın media tərəfdaşları bunlardır: “BAKU” və “Nargis” jurnalları.

Kinosevərlər, gəlin, maraqlı olacaq!

Çərşənbə axşamı, 23 Avqust 2022 09:19

Mədıniyyət Nazirliyinin layihəsində bu dəfə Xan Şuşinski

 

Mədəniyyət Nazirliyinin “Şuşa mədəniyyətinin inciləri” layihəsi müxtəlif bölmələr üzrə təqdimatlarla davam edir. “Şuşa İli” münasibətilə həyata keçirilən layihənin “Şuşanın simaları” bölməsinin növbəti təqdimatı Xan Şuşinski həsr olunub.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, İsfəndiyar Aslan oğlu Cavanşir 1901-ci il avqust ayının 20-də Şuşa şəhərində dünyaya göz açıb.

İsfəndiyarda geniş diapazonlu, məlahətli səsin və xanəndəliyə həvəsin olması çox erkən nəzərə çarpdığından, Aslan ağa oğlunu yeniyetmə çağlarından dövrünün tanınmış xanəndələrindən olan İslam Abdullayevin sinfinə verib.

1920-ci illərdə Xan Şuşinski Bakıya gələrək öz ifaçılıq fəaliyyətini genişləndirir. Xanəndənin repertuarında “Mahur-Hindi”, “Bayatı-Qacar”, “Qatar” muğamları, “Qarabağ şikəstəsi”, “Arazbarı”, “Heyratı” zərbi muğamları ilə yanaşı, xalq mahnıları və təsniflər də yer alır. Xan xalq mahnılarını xüsusi bir şövqlə oxuyur, onlara yeni çalarlar əlavə edir.

 

Simfonik orkestrin müşayiəti ilə ilk dəfə simfonik muğamlarda solo hissəni Xan oxuyub. Musiqi tariximizdə ilk duet də böyük sənətkarın adı ilə bağlıdır. Şövkət Ələkbərova ilə Xan Şuşinskinin ifasında lentə alınan “Yaylıq” adlı bu duet indi də maraqla dinlənilir.

Görkəmli xanəndə 1960-cı ildə Azərbaycan Dövlət Filarmoniyasının nəzdində “Muğam studiyası” yaradaraq gənc xanəndələrə muğamın sirlərini öyrədib. O, həmçinin Azərbaycan Dövlət Musiqi Məktəbində dərs deyib, muğam ifaçılarının yeni nəslinin yetişməsində əvəzsiz xidmətlər göstərib.

İsfəndiyar Cavanşirov gənclikdə ona verilən “Xan” adının məsuliyyətini ömrünün sonunadək daşıyıb. Görkəmli sənətkar, adını milli musiqi tariximizə böyük hərflərlə yazdırmağı bacarıb.

Xan Şuşinski 1979-cu ildə vəfat edib.

 

“CinemaPlus” kinoteatrlar şəbəkəsində bu gün - avqustun 22-dən 31-dək “Yayın son filmləri” festivalı keçiriləcək.

Filmlər xüsusi endirimli qiymətə təqdim olunacaq.

 

“Ədəbiyyat və incəsənət” portalı Bizim.media-da dərc edilmiş görkəmli muğam və əcnəbi mahnıların əvəzsiz ifaçısı Sara Qədimova haqqında yazını diqqətinizə çatdırır.

 

Sara Qədimova əslən Qarabağdan olsa da, Bakıda doğulub. Cəmi 15 yaşında bu gözəl sənətkar özündən söz etdirib. Belə ki, 1938-ci ildə özfəaliyyət kollektivlərinin baxış müsabiqəsi keçirilirdi. Sara Qədimova da bu müsabiqədə iştirak edirdi.

İlk dəfə nəhəng sənətkarların qarşısında çıxış edirdi. O, "Qatar"ı oxumağa başlayıb. Ardınca "Gəlmə-gəlmə" xalq mahnısını ifa edəndən sonra Üzeyir Hacıbəyov heyrətdən donub qalıb.

Sara xanımın sənətkar kimi yetişməsində Hüseynqulu Sarabski, Xan Şuşinski, Seyid Şuşinski kimi nəhəng ustadların təsiri olub. O, öz sələflərinin layiqli davamçısı olaraq ömrünün sonuna kimi klassik ifaçılıq ənənələrinə sadiq qalıb.

22 yaşında o, növbəti konsertlərinin birində həyatının axarını dəyişən bir təklif alır. Sonralar Sara Qədimova xatırlayırdı:

"Qədir müəllim Tibb Texnikumunun direktoru idi. Mən mamalıq şöbəsində oxuyurdum. 1944-cü ildə bir gün konsertdən sonra Qədir müəllim mənə yaxınlaşıb ciddi şəkildə "Səninlə ailə qurmaq istəyirəm", - dedi.

Sara xanım ilk öncələr tərəddüd edir, buna səbəb Qədir İslamzadənin Saradan 24 yaş böyük olması idi. Ancaq Sara xanım onunla evlənir. Lakin 8 il sonra cütlük evliliklərini bitirirlər. 

Sara Qədimova Sovetlər dövründə xarici ölkələrə ən çox qastrola gedən müğənnilərimizdən biridir. Xüsusilə, Yaxın Şərqdə Sara xanımın daha çox sevənləri vardı. 1944-cü ildə Xan Şuşinski ilə Sara xanım Rza şahın dəvəti ilə İrana dəvət alır. Şahın qarşısında çıxış edən 20 yaşlı Sara xanımın ifası şahı necə valeh edirsə, ona orden bağışlayır. Və hətta Tehranda qalmasını istəyir. Lakin gənc Sara şahın sözünü yerə salır və Bakıya 

1963-cü ildə Sara Qədimova İndoneziyaya qastrol səfərinə gedir. Onun ifası ölkə prezidentini necə məftun edirsə, Sara xanımı evinə dəvət edir. Müğənniyə bahalı hədiyyələr bəxş edən prezident onu 3 ay öz ölkəsində qonaq saxlayır. 

Türkiyənin sabiq prezidenti Süleyman Dəmirəl prezident seçilməmişdən əvvəl Bakıda səfərdə olarkən Sara Qədimovanın ifasını dinləyib.

Sara xanım o zaman Abbas Səhhətin məşhur "Könlümün sevgili məhbubu mənim, vətənimdir, vətənimdir, vətənim" qəzəlini muğam üstündə ifa edərkən Dəmirəlin çox xoşuna gəlib. Dəmirəl prezident seçiləndən sonra Sara xanımla görüşüb. Onu Türk dünyasının ulduzu adlandırır.

Bazar ertəsi, 22 Avqust 2022 11:30

Bu evdi, yoxsa zirzəmi? - Əlizadə Nuridən şeir

 

 

Yağdı sevgi yağışları-

Canımda bir qız göyərdi.

O qıza ocaq qaladım,

O gəlmədi, köz göyərdi.

 

Bu evdi, yoxsa zirzəmi?

Sahildə darıxır gəmi.

Çağırdı ” Yanıq Kərəmi”

Divarda bir saz göyərdi…

 

Sevib gəldim yalqızları,

O dualı ağızları.

Şumladım ağ kağızları

Dedim bəlkə söz göyərdi.

 

Ay orda- asdığın yerdə…

Ulduzlar azdığın yerdə.

Sən ayaq basdığın yerdə

Daş ağardı, toz göyərdi.

 

Ümid doyurmaz ki, acı.

Yüz dərdim var, bir əlacım.

…İlahi, bu dar ağacı

Neynədin ki, tez göyərdi?!..

Bazar ertəsi, 22 Avqust 2022 14:00

Günün fotosu: Çin quraqlıqdan əziyyət çəkir

Günün fotosu: Çin quraqlıqdan əziyyət çəkir

 

Çinin ərazisinin böyük hissəsi fasiləsiz istilərdən və quraqlıqdan əziyyət çəkir. Xubay, Xunan, Anxoy, Syansi əyalətlərində vəziyyət lap dözülməzdir. Kənd təsərrüfatı məhv olmaqdadır, içməli su tapılmır.

 

Foto: Euronews

Bazar ertəsi, 22 Avqust 2022 13:00

Aktyor Rəhman Rəhmanovun atası qanuni oğru imiş

 

Azərbaycan aktyoru, A.Şaiq adına Azərbaycan Dövlət Kukla teatrının aparıcı səhnə ustası, əməkdar artist Rəhman Rəhmanov atasının qanuni oğru olduğunu etiraf edib.

 

“Ədəbiyyat və incəsənət” portalı Redaktor.az-a istinadən xəbər verir ki, aktyor bu etirafı "Düz üzünə" verilişində edib:

-Mən "Qara Volqa" kitabında adı çəkilən qanuni oğru "qızılbarmaq Tofiqin" yeganə oğluyam. Atam başkəsən, cəllad kimi adam idi. Amma ömrünün son illərində atamın başına hava gəldi. Ona oğru aləmində ləkə gətirmək üçün toy gecəsi anamın qızıllarını aparmışdılar. Bu atamı təhqir etmək demək idi. Atam o qədər pis olmuşdu ki, toy gecəsi başına hava gəldi. Ömrünün sonlarına yaxın mən onu Opera və Balet Teatrında qapıçı kimi işə düzəltdim. Amma əmək qabiliyyəti yox idi deyə çalışa bilmədi. Sonra Akademik Dram Teatrında çalışdı. Yenə də yarımçıq.

 

“Şuşa İli” ilə əlaqədar Azərbaycan İstiqlal Muzeyi tərəfindən həyata keçirilən "Şuşa - Qarabağın dünəni, bu günü, sabahı" adlı layihə çərçivəsində təqdimatlardan biri Azərbaycan ədəbiyyatı tarixində dramaturq və teatr xadimi kimi daxil olan Əbdürrəhim bəy Haqverdiyevə həsr olunur.

 

AzərTAC xəbər verir ki, təqdimatda görkəmli ədibin həyat və yaradıcılığı haqında məlumat verilir.

Əbdürrəhim bəy Haqverdiyev 1870-ci il may ayının 17-də Qarabağ mahalının Şuşa şəhəri yaxınlığındakı Ağbulaq kəndində doğulub. Əbdürrəhim bəy üç yaşında olanda atası vəfat edəndən sonra əmisi Əbdülkərim bəyin himayəsinə götürülüb.

Şuşa şəhərindəki altıillik “Realnı” məktəbi 1890-cı ildə başa vuran Əbdürrəhim bəy bir il də Tiflis “Realnı” məktəbində oxuyub. 1891-ci ildə ali təhsil almaq məqsədilə Peterburqa gəlib və uğurla imtahan verərək Yol Mühəndisləri İnstitutuna daxil olub. 

1908-ci ildən "Nicat" mədəni-maarif cəmiyyətində çalışıb, milyonçu Hacı Zeynalabdin Tağıyevin Kür-Xəzər gəmiçiliyi idarəsində işləyib. Xidməti vəzifəsi ilə bağlı Qafqazı, İranı, Volqaboyu diyarları, Orta Asiyanı dolanıb. 

Əbdürrəhim bəy Haqverdiyev 1920-ci ilin iyununda Bakıda yenicə yaranan şura teatrı komissarı seçilib. 1921-1931-ci illərdə Azərbaycan Dövlət Universitetində ədəbiyyatdan mühazirələr oxuyub. 1924-cü ildə Rusiya Elmlər Akademiyasının ölkəşünaslıq bürosuna müxbir üzv seçilib. 

Əbdürrəhim bəy Haqverdiyev XIX əsrin sonu XX əsrin əvvəlləri Azərbaycan ictimai-ədəbi və mədəni fikri tarixində özgün yeri olan şəxsiyyətlərdəndir. O, dramaturq, rejissor, dirijor, nasir, publisist, pedaqoq, tədqiqatçı alim kimi səmərəli fəaliyyəti ilə milli-mədəni şüurumuzun inkişaf edib formalaşmasında xüsusi rol oynayıb.

O həm dramaturgiya, həm də satirik publisistikamızı orijinal mövzularla yanaşı, özünəməxsus ideya-estetik, süjet və kompozisiya xüsusiyyətlərinə, üslub və ifadə tərzinə malik olan əsərlərlə zənginləşdirib.

"Şeyx Şəban", "Mirzə Səfər", "Bomba", "Pir", "Çeşmək", "Qiraət" əsərləri Haqverdiyevın yaradıcılığının incilərindən sayılır. 

Yazıçı 1933-cü il dekabrın 11-də Bakıda vəfat edib və Fəxri xiyabanda dəfn olunub.

“Ədəbiyyat və incəsənət” portalı sizə şair və tərcüməçi Səlim Babullaoğlunun təqdimatında XX əsr yəhudi şeiri nümunələrini təqdim edir.

 

 

 

Mixal Qovrin
Mixal Qovrin
(1950) –  şairə, yazıçı, esseist, teatrşünasdır. Tel-Əvivdə və Parisdə ədəbiyyat və teatr təhsili alıb, İsrailin müxtəlif tədris müəssələrində teatr sənətindən dərs deyib.  İki roman, üç şeir, “Dənidzə hərəkət” xronikal şərh, eləcə də Jak Derrida və Devid Şapiro ilə birgə “Üç dua” esse kitabının müəllifidir. Qüdsdə yaşayır.

 

Hannoverdə dəmir yolu platformasındakı
ata və anamın uzaqlaşan obrazı


 Eyni çemodanlar və qatarlar...
Siqaretinvə sobanın tüstüsü eyni qaranlığa dalırlar.

Qaranlıq zülmətə düşür durmadan.

Onlar stanasiyada elə şəffaf, aydındırlar ki.
Fani uçurum onların sahillərini ağuşuna aldı.

Necə edim ki, o çemodanların
qulpundan yapışa bilim.

 

 

***

Uçuş  yuxusu həmişə bizimlədir
quyruq rudimenti kimi.
Sirli bir ehtiras şahin lələlklərindən doğulan,
hələ görkəm almamış qanadların
pərvazını hərəkətə gətirir qaranlıqda.

 

 

Zərif və bərk formalar;
Kim deyir ki, bərkdir bərk
və zərif də zərifdir,
və giriş nədir,
nədir sadaqət,
zərifin əvvəlindəki
cilalanmış bərkliyin nöqtəsi hardadır?

Dekabrın 1-də Heydər Əliyev Sarayında “Əbədiyaşarlar” layihəsi çərçivəsində XX əsr Azərbaycan ifaçılıq sənətinin görkəmli nümayəndəsi, Xalq artisti Şövkət Ələkbərovanın 100 illiyi münasibətilə xatirə gecəsi keçiriləcək.

Sarayın mətbuat xidmətindən bildirilib ki, gecədə unudulmaz sənətkarın repertuarından tanınmış incəsənət xadimlərinin ifasında mahnılar səsləndiriləcək. 

Konsertə biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.