
Super User
Kann kinofestivalının fəxri "Qızıl palma budağı" ilə təltif ediləcək şəxsin adı açıqlandı
Festivalın baş direktoru Tierri Fremo bildirib ki, bu şəxs Forest Uitakerdir, “Onun parlaq filmoqrafiyası gənc nəslə verdiyi inam və diqqətlə uzlaşır"
Amerikalı aktyor, rejissor və prodüser Forest Uitaker 17-28 may tarixlərində Fransanın Kəhraba sahilində keçiriləcək Kann kinofestivalının "Qızıl palma budağı"nı alacaq. Bu barədə cümə günü kinofestivalın mətbuat xidməti məlumat yayıb. "Forest Uitaker 75-ci Kann kinofestivalının fəxri "Qızıl palma budağı"nın sahibi olacaq. Bu mükafat onun parlaq yaradıcılıq yoluna və aktual məsələlərə sadiqliyinə töhfə olacaq",- deyə mətbuat xidmətindən qeyd ediblər.
“Ədəbiyyat və incəsənət” portalı TASS agentliyinə istinadən xəbər verir ki, müxtəlif illərdə “Qızıl palma budağı"na Janna Moro, Bernardo Bertoluççi, Ceyn Fondu, Jan-Pol Belmondo, Alen Delon layiq görülmüşlər. Mükafat 2021-ci ildə amerikalı aktrisa Codi Fosterə təqdim edilib.
"Mənim üçün yalnız Kanna qayıtmaq, öz əsərlərimi göstərmək və digər rejissorların yaradıcılığından ilham almaq tək şərəf deyil, həm də bu mükafatı almaq böyük şərəfdir", - deyə Uitaker qeyd edib.
Öz növbəsində, festivalın baş direktoru Tierri Fremo vurğulayıb ki, "Forest Uitakerin parlaq filmoqrafiyası onun gənc nəslə verdiyi inam və diqqət ilə uzlaşır".
Qeyd edək ki, Uitakerin hesabında 70-dən çox filmdə rol alması var. Onun iştirakı ilə ən məşhur filmlər arasında Kevin McDonaldın "Şotlandiyanın son kralı" filmi (The Last King of Scotland, 2006) xüsusi rol oynayır. Bu filmdə oynadığı rola görə Uitaker 2007-ci ildə "İlin ən yaxşı aktyoru" nominasiyasında "Oskar" mükafatına layiq görülüb. Kino tənqidçilərinin yüksək qiymətləndirmələrinə onun Li Denielsin "Butler" (The Butler, 2013) filmində oynadığı, Coel Şumaxerin "Telefon köşkü" (phone Booth, 2002) trillerində oynadığı, Deni Vilnyevin "Varış" (Arrival, 2016) filmində oynadığı rollar da layiq görülüb.
1989-cu ildə Uitaker caz saksofonçusu Çarli Parkerə həsr edilmiş "Quş" (Bird, 1988) filminə görə "Qızıl Qlobus" mükafatına layiq görülüb.
Bir sözlə, Forest Uitaker 75-ci Kann kinofestivalının fəxri "Qızıl palma budağı"na layiqdir. 10 gündən sonra fəxri mükafat onun mükafatlar dolabını bəzəyəcək.
Qara daşlar göyərdimi? - Xalq şairi Musa Yaqubun vəfatından bir il ötür
Xalq şairi Musa Yaqubun dillər əzbəri olan şeirlərini gənclər də çox sevir, orta və yaşlı nəsil də. Onun 1977-ci ildə qələmə aldığı “Bu dünyanın qara daşı göyərməz” adlı şeiri isə dillər əzbəridir.
Musa Yaqubun poeziyası sanki ritmi və ahəngdarlığı ilə xalq ruhunun tərənnümüdür.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu gün Xalq şairi Musa Yaqubun vəfatından bir il ötür. Xalq şairi 2021-ci il mayın 7-də İsmayıllı rayonunda 84 yaşında dünyasını dəyişib. Yaşadığı İsmayıllı rayonunun Buynuz kənd qəbiristanlığında, həyat yoldaşının məzarının yanında torpağa tapşırılıb.
Musa Yaqub 1937-ci il mayın 10-da İsmayıllı rayonunun Buynuz kəndində anadan olub. Göyçay pedaqoji məktəbini bitirdikdən sonra Tircan kənd orta məktəbində müəllim (1957-1958), Buynuz kənd ibtidai məktəbində müəllim və müdir (1958-1967) işləyib. ADU-nun Filologiya fakültəsində qiyabi təhsil alıb (1967-1973). Həmin illərdə Buynuz kənd 8 illik məktəbin direktoru olub. Bakıya köçəndən sonra Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatı təbliğ bürosunda direktor müavini, "Azərbaycan" jurnalında poeziya şöbəsinin müdiri vəzifəsində çalışıb (1974-1978). İsmayıllı rayonunda çıxan "Zəhmətkeş" qəzetinin redaktoru olub.
Ədəbi fəaliyyətə 1957-ci ildə "Azərbaycan" qəzetində çap olunan "İki qəlb, iki dünya" poeması ilə başlayıb.
Prezident İlham Əliyevin 25 may 2019-cu il tarixli Sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə görkəmli şair, Yazıçılar Birliyinin üzvü Musa Yaqub “Xalq şairi” fəxri adına layiq görülüb.
Bu dünyanın qara daşları niyə göyərmir görən? Sanki hamımız bir möcüzə gözləyirik, amma möcüzələr yalnız nağıllarda vaş verir.
Bu dünyanın qara daşı göyərməz
Leyləklərin çöp yuvası boş qalıb,
Bahar gedib,payız gəlib,qış qalıb,
Göy çəməndə ocaq yanıb,daş qalıb,
Bu dünyanın qara daşı göyərməz.
Nə bu ocaq közərəsi,sönəsi,
Nə o günlər bir də geri dönəsi...
Qəm eləmə könlümün bir dənəsi,
Bu dünyanın qara daşı göyərməz.
O gülyanaq bənddir xoş bir baxışa,
Körpə budaq əl açıbdır yağışa,
Min baharın hərarəti yığışa,
Bu dünyanın qara daşı göyərməz.
Ot göyərdib o cığırım,o izim,
Tufanlanıb çalxalanmaz dənizim,
Daha məndən sevgi umma əzizim,
Bu dünyanın qara daşı göyərməz.
Araz boyu çox mənalar sezmişəm,
Elə bilmə əllərimi üzmüşəm,
Ürəyimə daş bağlayıb dözmüşəm,
Bu dünyanın qara daşı göyərməz...
Masallıda “Art Zone” simpoziumu iştirakçılarının sərgisi açılıb
Regionlarımızın mədəni həyatı yeknəsəklikdən xeyli uzaqdır. Bu gün Masallı Regional Mədəniyyət İdarəsinin Masallı Dövlət Rəsm Qalereyasında 5-ci “Art Zone” simpoziumu iştirakçılarının sərgisi açılıb.
“Art Zone” simpoziumu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın təşəbbüsü və dəstəyi ilə keçirilir.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, simpozium “Nəfəs – insanlığa dəstək”, “Avrasiya beynəlxalq araşdırmalar institutu” və “Regional hüquqi və iqtisadi maarifləndirmə” ictimai birliklərinin təşkilatçılığı ilə baş tutub.
Layihənin məqsədi ölkəmizin mədəni həyatına fərqli baxış və yeniliklər gətirmək, fırça ustalarını tanıtmaq, rəssamlıq ənənələrinin gənc nəsillərə ötürülməsinə töhfə verməkdir.
Simpoziumun sərgisi mayın 20-dək davam edəcək.
Xatırladaq ki, əvvəlki illərdə simpozium Qəbələ, Quba və Qusar bölgələrində keçirilibdir.
Bu gün Tbilisidə “Cənnətim Qarabağ” adlı musiqili gecə keçiriləcək
Bu gün - mayın 7-də Tbilisidə “Şuşa İli”nə həsr olunmuş “Cənnətim Qarabağ” adlı musiqili gecə keçiriləcək.
Konsert Azərbaycanın Gürcüstandakı səfirliyinin Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə, eləcə də Tbilisidəki Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyi və Azərbaycan Milli Konservatoriyasının tərkibində İncəsənət Gimnaziyası ilə birgə təşkilatçılığı ilə reallaşacaq.
Tədbir saat 18:00-da Vaxtanq Salaridze adına konsert zalında keçiriləcək.
Konsertdə iştirak etmək istəyən şəxslər Azərbaycanın Gürcüstandakı səfirliyi və ya Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinə müraciət edə bilərlər.
Gəncə şəhərində Şuşa musiqiçilərinin rənglənmiş fotolarının sərgisi keçirilib
Gəncə şəhəri maraqlı bir tədbirə evsahibliyi edib. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı, Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə "Uşaq və yeniyetmələrə dəstək" İctimai Birliyi (UYD) tərəfindən Gəncə Filarmoniyasında Şuşa musiqiçilərinə məxsus sənədli abidələrin qorunması və təbliği layihəsi çərçivəsində "Rənglənmiş tarix" adlı foto-sərgi keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, sərgidə Şuşa musiqiçilərinə məxsus ağ-qara fotoların rəqəmsal üsullar ilə rənglənmiş versiyaları nümayiş olunub. Fotolar arasında Üzeyir Hacıbəyli, Bülbül, Cabbar Qaryağdıoğlu, maestro Niyazi, Ceyhun Hacıbəyli, Fikrət Əmirov, Xan Şuşinski, Rəşid Behbudov, Seyid Şuşinski, Soltan Hacıbəyli, Süleyman Ələsgərov kimi musiqiçilərin fotoları yer alıb.
Yayda Londonda gənc azərbaycanlı rəssamların sərgisi açılacaq
Azərbaycanla Böyük Britaniya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə iyulun 4-də Londonda gənc azərbaycanlı rəssamların sərgisi açılacaq.
22 gənc rəssamın iştirak etdiyi sərgidə 56 rəsm əsəri nümayiş olunacaq. Sərgi Londondakı Yunis Əmrə İnstitutunun Mədəniyyət Mərkəzində keçiriləcək.
Qeyd edək ki, sərgi iyulun 8-dək ziyarətçilər üçün açıq olacaq.
Azərbaycanlı solistlər Özbəkistanda geniş konsert proqramı ilə çıxış ediblər
Beynəlxalq Muğam Mərkəzinin (BMM) solistləri Özbəkistan Mədəniyyət Nazirliyinin dəvəti ilə “Lazgi” Beynəlxalq Musiqi Festivalında geniş konsert proqramı ilə çıxış ediblər.
AzərTAC xəbər verir ki, bunu Beynəlxalq Muğam Mərkəzinin direktoru, Xalq artisti Murad Hüseynov BMM-də keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, aprelin 27-dən mayın 2-dək davam edən festivalda Azərbaycanı solistlər, Əməkdar artistlər Sahib Paşazadə, Toğrul Əsədullayev, Kamran Kərimov və xanəndələr, Xalq artisti Mənsum İbrahimov, Kamilə Nəbiyeva, Mirələm Mirələmov təmsil ediblər. Solistlərin festival çərçivəsində çıxışları böyük maraqla qarşılanıb. BMM-nin solistləri festivalın açılışından əvvəl 40 dəqiqəlik xüsusi proqramla çıxış ediblər. 30 ölkənin nümayəndəsinin iştirak etdiyi və çoxsaylı xarici qonaqların tamaşaçı qismində izlədiyi konsert böyük alqışlarla qarşılanıb. Festivalın ikinci günü təşkilatçıların təklifi və tamaşaçıların istəyi ilə solistlər əlavə olaraq ikinci konsert proqramı ilə çıxış ediblər. Konsert çox yüksək səviyyədə keçirilib və böyük alqışlarla qarşılanıb.
Murad Hüseynov vurğulayıb ki, Özbəkistanın mədəniyyət naziri azərbaycanlı nümayəndə heyəti ilə görüşərək Muğam Mərkəzinin rəhbərliyinə təşəkkür edib: “Qarabağ” muğam qrupu – Xalq artistləri Mənsum İbrahimov və Elçin Həşimov, Əməkdar artist Elnur Əhmədov və nağara ifaçısı Vüsal Bayramov Özbəkistan Mədəniyyət Nazirliyi və Muğam Mərkəzinin təşkilatçılığı ilə Daşkənddəki “Türküstan” Sənət Sarayında “Dostluq körpüsü” adlı konsert proqramı ilə çıxış ediblər.
Xalq artisti Mənsum İbrahimov səfər təəssüratlarını bölüşərək deyib: “Çıxışlarımız çox böyük rəğbətlə qarşılandı. Konsertlər zamanı bizə Özbəkistanın milli geyimləri təqdim edildi. Özümüzü heç yad hiss etmədik. Konsertin təşkilatçılarına təşəkkür edirəm”.
Digər solistlər də səfər təəssüratlarını bölüşüb və jurnalistləri maraqlandıran sualları cavablandırıblar.
Əntiq əşya toplayanlar, agah olun: Qoqolun və Puşkinin nadir kitabları “Litfond”da hərraca çıxarılır
Böyük rus yazıçısı Nikolay Qoqolun əsərlərinin ilk və yeganə sağlığında dərc edilmiş külliyyatı onun şəxsi möhürü ilə mayın 12-də "Litfond" hərrac evində 2,8 milyon rubl başlanğıc qiyməti ilə ticarətə məruz qalacaq. “Ədəbiyyat və incəsənət” portalı TASS agentliyinə istinadən bildirir ki, bu barədə cümə axşamı hərrac evinin mətbuat xidmətindən məlumat verilib.
"Litfond"da dəqiqləşdiriblər ki, komplekt yarıdəri cildlərdə dörd kitabdan ibarətdir: “Dikanka yaxınlığında xutor axşamları", "Mirqorod", “Povestlər” və “Komediyalar". Nadir hallarda cildlərdə sahiblik imzaları var və kitablar yazıçının iki litoqrafik portreti ilə tamamlanır. Birinci cildin titul vərəqində Qoqolun Şəxsi möhürü də vardır. Ehtimal edilir ki, bu, hədiyyə yazısını əvəz edirdi. Yazar kitablarını öz möhürünü vurmaqla hədiyyə edirmiş.
Hərrac evinin məlumatında o da bildirilir ki, nəşrin nadir olması həm də onun nazik kağıza malik olması ilə şərtlənir.
Həmçinin, mayın 12-də hərracda Aleksandr Puşkinin "A. Puşkinin quldur qardaşları" (1822 -ci ildə yazılmışdır) və “Aleksandr Puşkinin şeirləri" adlı sağlığında dərc edilmiş nəşrləri təqdim olunacaq. Lotun başlanğıc qiyməti 1,9 milyon rubl təşkil edəcək. Bundan başqa, hərrac iştirakçıları Vladimir Dalın "Kazak Vladimir Luqanskinin uydurmaları da var idi" adlı erkən nəşri uğrunda mübarizə apara biləcəklər. Onun başlanğıc qiyməti 100 min rubl olacaq.
Bir sözlə, pul olsa, xərcləmək üçün əla yer var.
Şuşa Birinci Beynəlxalq Kulinariya Festivalına evsahibliyi edir
Azərbaycanın mədəniyyət paytaxtı Şuşada daha bir möhtəşəm tədbir keçirilir. On bir ölkənin nümayəndələrinin və ölkəmizin on bir iqtisadi regionunun mətbəx nümunələrinin nümayiş olunduğu Şuşa Birinci Beynəlxalq Kulinariya Festivalı uğurla davam edir. Ən yaxşı mətbəx nümunələri bir araya gəlib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Heydər Əliyev Fondu və Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşada müxtəlif ölkələrin kulinarları bir araya gəlib.
Ləziz təamlar bayramına çevrilən Şuşa Birinci Beynəlxalq Kulinariya Festivalında bu şəhərin qədimliyi, gözəlliyi, Azərbaycan xalqının qonaqpərvərliyi bir daha nümayiş etdirilir.
Sabah yekunlaşacaq Beynəlxalq Kulinariya Festivalında Azərbaycanla yanaşı, Almaniya, Avstriya, Çin, Fransa, Gürcüstan, İran, İsrail, İtaliya, Malayziya, Türkiyə və Yaponiyadan kulinarlar qonaqları ölkələrinin təamları ilə tanış edir. Tədbirdə Belçika, Çexiya, Fransa, İtaliya, İsrail, Kanada, Koreya Respublikası, Qazaxıstan, Özbəkistan, Rusiya, Türkiyə və digər ölkələrdən qida sahəsi üzrə beynəlxalq ekspertlər, qida üzrə blogerlər də təmsil olunur.
Qonaqlar peşəkar aşpazların ustad dərslərində də iştirak edib yemək hazırlamağın incəliklərini öyrənə biləcəklər.
Kulinariya festivalına Azərbaycanın müxtəlif iqtisadi rayonları – Abşeron-Xızı, Bakı, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Lənkəran-Astara, Mərkəzi Aran, Naxçıvan, Qarabağ, Quba-Xaçmaz, Şəki-Zaqatala və digərləri qatılıb. Festivalda dequstasiya üçün şərablar, pendirlər və digər məhsulların təklif olunduğu zonalar da fəaliyyət göstərir.
Festival zamanı Şuşada təkcə dünya xalqlarının təamları deyil, həmçinin müxtəlif ölkələrin maddi və mənəvi dəyərləri təqdim edilir. Bu konsepsiyaya əsasən, festivalda quraşdırılan pavilyonlar da fərqli formatdadır. Hər pavilyon qonaqları ayrı-ayrı ölkələrə xas memarlıq quruluşu, milli musiqi ilə salamlayacaq, tanınmış əsərlərdən parçalar səhnələşdiriləcək. Festival günlərində qonaqlara ümumilikdə 100-dən çox incəsənət ustasının iştirakı ilə bədii proqram təqdim ediləcək. İstirahət və əyləncə zonasındakı pavilyonlarda tamaşalar, konsert və sərgilər təşkil olunacaq.
Festival çərçivəsində Azərbaycanın milli sənətkarlıq nümunələri də sərgilənir. Tədbir günlərində “Azərxalça” ASC-nin yaradıcı heyəti xalçaçılıq ənənələrinə dair müxtəlif interaktiv təqdimatlar edəcək. Burada xalçanın ərsəyə gəlməsi prosesi canlandırılır və interaktiv teatr tamaşasında xalçanın yaradılmasının hər mərhələsi səhnələşdirilir. Qonaqlara yunun qırxılması və təmizlənməsi, ipin hazırlanması və təbii boyalarla rənglənməsi, dəzgahın hazırlanması, ərişin çəkilməsi, xovlu və xovsuz xalçaların toxunması, xalçanın kəsilməsi, cehiz yığma səhnəsi nümayiş olunur.
Festivalda Heydər Əliyev Fondunun kulinariyaya dair nəşrləri də təqdim olunur.
Festival çərçivəsində Şuşada 30-dan çox Azərbaycan rəssam və heykəltaraşının iştirakı ilə “Şuşa. Bahar əfsanəsi” adlı plener keçirilir. Təbiət qoynunda yaradılacaq əsərlər vaxtı ilə işğal altında olmuş bir şəhərin hazırkı vəziyyətini, füsunkar təbiətini canlandıracaq.
“İlk dəfədir Şuşaya səfər edirəm. Şuşa Birinci Beynəlxalq Kulinariya Festivalında iştirak etdiyim üçün çox məmnunam. Festival yüksək təşkilatçılığı ilə diqqət çəkir.”
Bu fikirləri AzərTAC-a açıqlamasında fransalı kulinar Cyril Rouquet Prevost (sonuncu fotoda) deyib.
“Azərbaycanda insanların səmimiliyi, qonaqpərvərliyi, gülərüzlülüyü ilk andan adamda bir doğmalıq, yaxınlıq yaradır. Bura gəlməmişdən əvvəl ölkənizlə bağlı geniş məlumatlarla tanış oldum. Azərbaycanın Şərqlə Qərbin qovşağında yerləşməsi bu yurdum qədimliyindən xəbər verir. Festivalın Şuşa kimi tarixi şəhərdə keçirilməsi, milli-mənəvi dəyərlərin nümayiş baxımından olduqca önəmlidir. İnanıram ki, belə festivallar xalqlarımız arasında mövcud əlaqələrin daha da möhkəmləməsinə öz töhfəsini verəcək”,- deyə qonaq bildirib.
262 saylı məktəbdə Xalq şairi Vahid Əzizlə görüş keçirilib
Xalq şairi Vahid Əziz çox sevilən şairimizdir, xüsusən onun vətənpərvərlik və sevgi şeirləri dillər əzbəridir.
Bakıdakı 262 nömrəli tam orta məktəbdə Vahid Əzizlə keçirilən görüş sözlərimizin əyani təsdiqi olub.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, görüş zamanı Xalq şairinin həyat və yaradıcılığı əks etdirən videoçarx nümayiş olunub.
Görüşdə şagirdlər Xalq şairinin şeirlərini səsləndirib, musiqili nömrələrlə çıxış ediblər və şairin həyat və yaradıcılığı ilə bağlı ona müxtəlif suallar ünvanlayıblar. Xalq şairi yeni qələmə aldığı şeirlərini oxuyub.
Vahid Əziz səmimi və gözəl görüşə görə məktəb rəhbərliyinə, şagirdlərə minnətdarlığını bildirib.
Sonda tədbir iştirakçıları xatirə fotosu çəkdiriblər.
Vahid Əzizin “Azərbaycandır Qarabağ” nidasını bu görüşün leytmotivi hesab etmək olar.
Doğmadır torpağı, daşı,
Türk övladı vətəndaşı,
ömrü-günü, can sirdaşı;
biri alov, biri ocaq -
Azərbaycandır Qarabağ!
Tanıyarlar boyumuzdan -
irsimizdən, soyumuzdan,
su içər öz quyumuzdan
biri gövdə, biri budaq -
Azərbaycandır Qarabağ!
Dünya-dünya olan gündən
varlığımız ona Vətən,
biri-ürək, biri-bədən;
hər ikisi Ulu torpaq -
Azərbaycandır Qarabağ!
Baba adı "Odlar Yurdu",
keşikçisi igid Ordu,
biri-alov, biri ocaq -
bizimdir, bizim olacaq -
Azərbaycandır Qarabağ!