
Super User
“Öz yasımda qoyun özüm ağlayım” - Güneyli Rəhim Təkinin şeirləri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbyacan nümayəndəsi, Əli Çağla “Güneydən səslər” rubrikasında növbəti şairi təqdim edir.
Şair, yazar, ingilis dilinin mütərcimi Rəhim Təkin adı ilə tanınan Rəhim Əsgərzadə 1986-cı ilin may ayının 2-də Marağa şəhərində anadan olubdur. 12 yaşından ədəbiyyata olduğu marağı üzə çıxmışdır, ali məktəb təhsili alıb, indi isə sevgi ilə, artıq diqqət ilə ədəbi əsərləri izləyib, içindən coşan duyğuları qələmə alır.
GÖYDƏN
Sənin gözündü günüzlər mənə baxır göydən
Sənin saçındı gecə ağnayıb axır göydən.
Yağışlı axşamı sənlə gəzib dolanmağımız,
Yadında varmı yağırdı şirin çaxır göydən?
Nə nərdəsi?! Məni yalqız buraxdığın gecədən,
Bu pəncərə dalısında dəmir yağır göydən.
Dolanda beynimə sənsizliyin ağır havası,
Başım bükür belimi, lap olur ağır göydən.
Sən ilə saydığımız hansı ulduza soralar,
Baxanda gözlərimə doldururdu xır göydən.
Sevənləri gecələr hər görəndə pötlənirəm,
Ki, üstümə tökülür sanki odlu qır göydən.
Cəhənnəmin özünü görmüşəm bu dünyada mən,
Canıxmışam daha tanrı, məni çağır göydən.
ÖLÜMƏ DOĞRU
Deyirsən bu qədər qəmin yiyəsi,
Bəs niyə saçları bu cür qaradı?
Sən ki, məni məndən yaxşı tanırsan,
Sözlərin qəlbimə dəyən yaradı.
Soyuq baxışlarla, gözündə yaşlar,
Buza dönür, buza! Çörəyə buz səp.
Mənim işim daha yaradan keçib,
Yaradan ayrılan sümüyə duz səp.
Qəmin çoxluğundan ağarar saçlar,
Mənim içərimə sanki qar yağıb.
Sanki sümüklərim kəfən gözləyir,
Saçımın yerinə onlar ağarıb.
Gözü yaşlı ölsəm, silməyin onu,
Öz yasımda qoyun özüm ağlayım.
Mənim kəfənimi qara götürün,
Öz yasımı qoyun özüm saxlayım.
ÖZÜNƏ DÖNƏN QAYIQ
Kəndiri qıyıya bağlanan qayıq,
Qəlbini dənizə o cür bağlama.
Dalğalar üstündə yuxuya batıb,
Sonsuzlara dalıb səssiz ağlama.
Yalqızlığa qatlaş, belə darıxma,
Hər nə darıxmaq var, ondan qabaqsan.
Özünə dənizin aynasında bax,
Sən gözəl dənizə çirkin yamaqsan!
Allahın altında, bu gen dünyada,
Acı bir sözsən ki, qəlbə dəyibsən.
Özünü çırp, dağıl qayalar üstə,
Dənizin yerini dar eyləyibsən.
Bənzəyirsən acı gülümsəməməyə,
Gecə-gündüz qara baxta gülərsən.
Umma nəhənglərin intiharına,
Özünə dönərsən, sən də ölərsən.
Dənizin ortası gecə, qaranlıq,
Üzməkdən yorulub, boğuluram mən.
Birazdan uçacaq ruhum yanına,
Nənni olub ona layla deyəsən.
CƏHƏNNƏM
Behişti bilmirəm,
Amma düz deyirmişlər,
Cəhənnəm elə bu dünyadadı,
Mən cəhənnəmin bacasından baxmışam.
Bir qış gecəsi idi,
Körpünün altında bir qızcığaz
Yatağı cəhənnəmə açılan qapı.
Bir təlisi üstünə çəkib
Cəhənnəmin qapısını örtdü…
Sonra
Bacaqları
Dənizdən qırağa düşən
Bir cüt qızılala,
Səhərə dək baxdım,
Can verə bilmədilər.
USTA
Nə bir nə on, nə yüzü?! min gəmim batıb usta!
Gəmim batıb da şərab küplərim atıb usta!
O körpəkən də durub öz ayaqları üstə,
Bu bəxt elə ayaq üstündə də yatıb usta!
Yana-yana soyumaq birdən olsa çatladacaq,
Bu çatlaq indi gəlib çiynimə çatıb usta!
Dedim məni o gözəl qız dolandırar başına,
Dolandırıb daşımı, daş ürək atıb usta!
Onu unutmağa xatir çoxum gedibdi mənim,
Azalmağa gedirəm, day əlim batıb usta.
Bu qədər dava nədir mömin ilə dinsizdə?
O bir baxışda behişti alıb-satıb, usta.
Şuşadan bəhs edən “Cığır” romanı çapdan çıxıb
Yazıçı-publisist, çox əhəmiyyətli tarixi romanlar müəllifi Yunus Oğuzun "Cığır" romanı çapdan çıxıb.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Şuşa şəhərinin inşa edilməsinin 270 illiyinə və 44 günlük Vətən müharibəsinə ithaf olunmuş tarixi romanda 44 günlük Vətən müharibəsinin keçdiyi yol, Vətən müharibəsindən sonrakı nailiyyətlər və mədəniyyət paytaxtımız Şuşa şəhərinin tarixindən bəhs edilir.
Qeyd edək ki, kitabın ilk səhifələrində Milli Məclisin üzvü, akademik Nizami Cəfərov, filologiya elmləri üzrə fəlsəfə doktoru, AMEA Nizami Gəncəyi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi Elnarə Qaragözova və filologiya üzrə fəlsəfə doktoru, "Ədəbiyyat" qəzetinin baş redaktoru Azər Turan əsər haqqında öz fikirlərini bildiriblər.
“Mədəni yenilənmə” davam edir
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Yarat Müasir İncəsənət Məkanın birgə layihəsi olan "Mədəni yenilənmə" davam edir.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir ki, 16 və 17 iyun tarixlərində “Mədəni yenilənmə” layihəsi çərçivəsində izləyiciləri yeni maraqlı tədbirlər gözləyir. Bu dəfəki qonaq teatr və kino aktyoru, rejissor, Rusiya Federasiyasının və Azərbaycan Respublikasının Əməkdar artisti Timur Bədəlbəyli olacaq.
Timur Bədəlbəyli B. Şukin adına Moskva Ali Teatr Məktəbinin (Y. Lyubimovun kursu) məzunudur. Təhsilini bitirdikdən sonra Taqanka Teatrının truppasına dəvət olunur və tez bir zamanda bu teatrın aparıcı aktyoruna çevrilir. O, “Əlvida, cənub şəhəri” filmindəki roluna görə “Şərq-Qərb” Beynəlxalq Film Festivalının (2006) və Batumi Beynəlxalq Arthaus Filmləri Festivalının (2007) mükafatlarına layiq görülüb.
16 iyun, saat 19:00.
Açıq yaradıcılıq görüşü.
Yaradıcılıq görüşü çərçivəsində həmçinin “Böyük mistifikasiyalar” sənədli filmlər silsiləsinin bir buraxılışı da nümayiş olunacaq və sonra müzakirə aparılacaq.
17 iyun, saat 19:00.
Aktyorlar və rejissorlar üçün ustad dərsi.
Dünya teatr islahatçısı Yuri Lyubimovun yaradıcılıq üsulu.
Şərti total teatr və "sintetik" aktyorun tərbiyəsi.
“Müəllif teatrı” mövzusu və postmodern teatrın perspektivləri ətrafında müzakirə.
Tədbirlər Yarat Müasir İncəsənət Məkanında keçiriləcəkdir.
Şuşa mədəniyyətinin inciləri” layihəsi - “Məclisi-Üns”
Mədəniyyət Nazirliyi tərəfindən “Şuşa İli” münasibətilə həyata keçirilən “Şuşa mədəniyyətinin inciləri” layihəsi yeni təqdimatlarla davam edir.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə ustinadən məlumat verir ki, layihənin “Şuşanın ədəbi həyatı” bölməsi üzrə növbəti təqdimat “Məclisi-Üns” ədəbi məclisə həsr olunub.
XIX əsr Şuşa ədəbi məclisləri özünün çoxyönlü funksiyası, ədəbiyyata, mədəniyyətə, maarifə verdiyi töhfələri ilə fərqlənir. Mənbələrdə ən çox adı çəkilən Şuşa məclisləri "Məclisi-üns" və "Məclisi-fəramuşan"dır.
“Məclisi-üns” ədəbi məclisi 1864-cü ildə Şuşada şairlər Mirzə Rəhim Fəna və Hacı Abbas Agahın təşəbbüsü ilə dövrün görkəmli ziyalısı Mirzə Əli Qazinin mədrəsəsində təşkil olunub. Lakin 1872-ci ildə Xurşidbanu Natəvanın məclisi öz himayəsinə götürməsi onun məşğələlərini daha da canlandırıb, şöhrəti Qarabağın hüdudlarını aşıb Azərbaycanın başqa yerlərinə də yayılıb.
Otuzdan çox üzvü olan məclisin rəhbəri Xurşidbanu bəyim idi. Mirzə Rəhim Fəna, Hacı Abbas Agah, Mirzə Ələsgər Növrəs, Mirzə Həsən Yüzbaşov, İsgəndər bəy Rüstəmbəyov, Mirzə Sadiq Piran, Baxış bəy Səbur, İsmayıl bəy Daruğə, Məşədi Nəsir Lövhi və başqaları məclisin daimi və nüfuzlu üzvləri idilər. Qarabağın görkəmli xanəndə və sazəndələri də məclisin yığıncaqlarında fəal iştirak edirdilər.
Ədəbi məclislər ilk növbədə şeir-sənət məktəbi idi. Burada şeirlər, məsnəvilər yazılır, ədəbi müzakirələr aparılır, şeir normaları öyrədilir, nəzirələrlə ənənələr möhkəmlədilir və gələcək nəsillərə ötürülürdü.
Qeyd edək ki, qadınların kişilərlə bir məclisdə fəaliyyət göstərməsi Qarabağ ədəbi məclislərinin əsas özünəməxsusluqlarından biri idi.
Bütün iştirakçıların bu sahədə səriştə və bacarıqların artırılması zəruridir
UNESCO-nun Dünya Mədəni və Təbii İrsinin Qorunmasına dair 1972-ci il Konvensiyası çərçivəsində “İrsin idarəedilməsi bacarıqlarının inkişafı” mövzusunda dörd gün davam edəcək Təlim proqramının açılışı olub.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tədbirin açılışında çıxış edən Təlim proqramının rəhbəri, Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının idarə heyətinin sədri Vasif Eyvazzadə bildirib ki, Mədəniyyət Nazirliyi, Dövlət Turizm Agentliyi, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Memarlıq və İnşaat Universitetinin nümayəndələri irsin idarəedilməsi mövzusunda ilk dəfədir birgə təlim proqramında iştirak edir və bu amil irsin qurumsal bağlılıq çərçivəsindən ümumi və birgə fəaliyyəti üçün yaxşı zəmin yaradacaq. V.Eyvazzadə daha sonra UNESCO müvafiq konvensiyası, sahə üzrə idarəetmə orqanları, Dünya İrsi siyahısı, məşvərətçi təşkilatlar, Azərbaycanın bu proseslərdə rolu baradə təqdimatla çıxış edib.
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli çıxışı zamanı təlim təşəbbüsünü yüksək qiymətləndirdiyini və ölkəmizdə bu sahə üzrə ekspertlərə böyük ehtiyac olduğunu, post-münaqişə dövründə işğaldan azad olunan ərazilərdə mədəni irsin inventarlaşması və bərpası ilə bağlı Nazirliyin qarşısında böyük vəzifələrin durduğunu qeyd edib. A.Cəfərli gələcəkdə bu təlimlərin digər konvensiyalara da şamil edilməsinin vacibliyini diqqətə çatdırıb.
V. Eyvazzadə digər konvensiyalarla bağlı təklifi dəstəklədiklərini və əslində UNESCO-nun Dünya irsi konvensiyası ilə yanaşı, Qeyri-maddi mədəni irsin qorunmasına dair 2003-cü il, Silahlı münaqişə zamanı mədəni mülkiyyətin qorunmasına dair 1954-cü il, Mədəniözünüifadə müxtəlifliyinin qorunması və inkişafına dair 2005-ci il və Mədəni mülkiyyətin qanunsuz dövriyyəsi ilə bağlı 1970-ci il konvensiyaları çərçivəsində də təlim modullarının artıq hazırlandığı və yaxın zamanda təşkil ediləcəyini diqqətə çatdırıb.
Tədbir “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Mədəni irs üzrə ekspert Elsevər Məmmədovun "İrs İdarəetməsinə giriş və İdarəetmənin effektivliyi və qiymətləndirilməsi" mövzusunda təlimi ilə davam edib. E. Məmmədov təlim prosesində mədəni irsin idarə olunmasının əhəmiyyəti, təmsil etdiyi qurumun və eləcə də dünya irsi siyahısında olan bəzi obyektlərin misalında idarəetmə ilə bağlı yanaşmalar/ssenarilər, idarəetmənin planlanması, icrası və monitorinqinə dair vacib bilgiləri iştirakçılarla bölüşüb.
Təlimin yekununda interaktiv metodlar istifadə edilməklə konkret nümunələr üzərindən sual-cavab sessiyası keçirilib.
Tədbir Mədəniyyət Nazirliyinin sifarişi, Dövlət Turizm Agentliyi, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin tərəfdaşlığı və Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının dəstəyi ilə 4 əsas mövzuya: “Milli/yerli kimliyi əks etdirən və cəmiyyətin iqtisadi inkişafına töhfə verən yerlər kimi mədəni irsdə ən yaxşı təcrübələr”, “Mədəni irs siyasəti və institutları. Konvensiyadan mövzular və qeydlər”, “Maddi və Qeyri-maddi İrs və Dayanıqlı İnkişaf”, “Mədəni irsin cəmiyyətin sosial-mədəni inkişafında rolu (ən yaxşı təcrübələr, çağırışlar və imkanlar)” həsr olunur və iştirakçıların bu sahədə səriştə və bacarıqların artırılması, həmçinin ölkəmizin beynəlxalq mədəniyyət və yaradıcılıq fəaliyyətlərinin səmərəli təşkilinə töhfə verəcəkdir.
Hacıbaba Bağırov anılıb
Böyük gülüş ustası, Azərbaycanın görkəmli teatr və kino aktyoru, Xalq artisti, "Şöhrət” ordenli Hacıbaba Bağırovun anadan olmasının 90-cı ildönümü ilə əlaqədar Azərbaycan Dövlət Akademik Musiqili Teatrı silsilə tədbirlər həyata keçirir.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, teatrın kollektivi öncə mərhum aktyorun Fəxri Xiyabandakı məzarını ziyarət edərək əklillər və gül-çiçək dəstələri qoyub.
Ziyarətdə iştirak edən Akademik Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev, Mədəniyyət Nazirliyinin Teatr sektorunun müdiri Könül Cəfərova, Xalq artistləri Afaq Bəşirqızı, Fatma Mahmudova, rejissor, Əməkdar incəsənət xadimi Cəmil Quliyev, Əməkdar artistlər Ələkbər Əliyev, Çingiz Əhmədov, gənc aktyor, Prezident Mükafatçısı Hüseyn Əlili, tanınmış mədəniyyət və incəsənət nümayəndələri mərhum sənətkarın həyat və yaradıcılığından söz açaraq, onunla bağlı xatirələrini bölüşüb.
Bununla əlaqədar Akademik Musiqili Teatrda Hacıbaba Bağırovun 90 illik yubileyinə həsr olunmuş "Mən dəyərəm min cavana" (F.Sücəddinov, T.Vəliyeva) tamaşası nümayiş olunub.
Xatırladaq ki, bu tamaşa illər öncə H.Bağırovun sağlığında onun 75 illik yubileyi münasibətilə hazırlanmışdı. Tamaşanın premyerasına az qalmış, 2006-cı ilin oktyabrında aktyor vəfat etdiyinə görə 2007-ci ildə “Mən dəyərəm min cavana” tamaşası mərhum sənətkarın xatirəsinə ithaf olaraq onu sevənlərə bir hədiyyə kimi təqdim edilir.
Gözlənilməz və maraqlı situasiyalarla zəngin tamaşa səhnəyə qoyulduğu gündən böyük maraqla qarşılanır və bu gün 81-ci dəfə nümayiş olunacaq.
Tamaşadan əvvəl Musiqili Teatrın Ədəbi hissə müdiri, Əməkdar mədəniyyət işçisi Telli Pənahqızı Hacıbaba Bağırovun həyat və yaradıcılığından danışıb, foyedə aktyorun “O olmasın, bu olsun” musiqili komediyasında oynadığı Məşədi İbad (1998), “Bankir adaxlı”da Atakişi (2002), “Adamın adamı”nda Əli Əyrizadə (2005), “92 dəqiqə gülüş” konsert-kompozisiyasında isə Sonqulu (2004) obrazlarının səhnə geyimləri də sərgilənib.
Bakı Musiqi Akademiyası ilə Ferens List Musiqi Akademiyası arasında anlaşma memorandumu imzalanıb
İyunun 13-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və Macarıstanın Azərbaycandakı səfirliyinin birgə əməkdaşlığı ilə macar musiqisinin klassiki, dünyaşöhrətli bəstəkar, virtouz pianoçu Ferens Listə həsr olunmuş tədbir keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, tədbirdə Bakı Musiqi Akademiyası ilə Ferens List Musiqi Akademiyası arasında anlaşma memorandumu imzalanıb.
Tədbir çərçivəsində həmçinin tanınmış heykəltaraş, Xalq rəssamı Natiq Əliyev tərəfindən hazırlanmış F.Listin büstünün açılışı olub.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli iki ölkə arasında olan münasibətlərin inkişafı fonunda belə mədəni tədbirin keçirilməsini yüksək qiymətləndirib: “İmzalanan anlaşma memorandumu iki ölkə arasında mədəni əlaqələrin inkişafında önəmli bir addım olacaq və bizim əlaqələrimizi daha da gücləndirəcək”.
Belə bir tədbirin Azərbaycanda keçirilməsindən məmnunluğunu bildirib Macarıstanın Azərbaycandakı səfiri Viktor Sederkenyi qeyd edib ki, bu cür mötəbər tədbirlər iki dost ölkənin münasibətlərinin daha da köhkəmlənməsinin qarantıdır.
Xalq rəssamı Natiq Əliyev tədbirin əhəmiyyətindən söhbət açaraq, Bakı Musiqi Akademiyasında bu büstün açılmasını ölkəmizin Avropaya inteqrasiya istiqamətində növbəti önəmli addım kimi dəyərləndirib. Bildirib ki, yaxın zamanlarda digər dünyaşöhrətli bəstəkarların da, həmçinin ölkəmizin tanınmış bəstəkar və musiqiçilərinin də BMA-da büstləri açılacaq.
Tədbir BMA-nın və Bülbül adına orta ixtisas musiqi məktəbinin tələbələrinin ifasında bəstəkarın əsərlərindən ibarət konsert proqramı ilə davam edib.
Mərhum Səmid Paşayevin Los Ancelesdə yaşayan vitse prezident qızı...
Elman Eldaroğlu yazır
İsrail ordusunda tətbiq olunan, idmanın "Krav Maqa" döyüş növündə bir sıra uğurlara nail olan bu xanım, yaşıl kəmər uğrunda məşqlərini davam etdirib. Təkcə özü deyil, demək olar ki, ailəsində hamı boş vaxtlarında idmanın bu növü ilə məşğul olur.
Ömür-gün yoldaşı Rza Fazel əslən İran İslam Respublikasındandır. İki övladı var. Oğlu Ziya Süleyman 10, qızı Karli Naima 13 yaşındadırlar…
Haqqında söhbət açdığım Nərminə Paşa Bakıda dünyaya gəlib. 1995-ci ildə 160 nömrəli məktəbi bitirib. 1997-ci ildən Amerikada yaşayır. Bir il əczaçı işləyib. 1998-2002-ci illərdə Los Ancelesdəki Kaliforniya Universitetində ali təhsil alaraq, nevrologiya sahəsində bakalavr dərəcəsinə yiyələnib. Üç il özəl məktəbdə kimya, fizika, riyaziyyat və biologiya fənnlərini tədris edib. 2005-2007-ci illərdə yenidən məzunu olduğu universitetə dönərək, bu dəfə ictimai səhiyyənin təşkili üzrə mağistr dərəcəsinə yüksəlib. 2007-2018- ci illərdə "Kayzer Permanente" şirkətində müxtəlif vəzifələrdə çalışıb. O, burada cərrahiyə xidmətinə rəhbərlik edib, sonradan kapitalın planlaşdırılması şöbəsinin böyük meneceri olub. 2018-ci ildən xərçəng xəstəliyinin erkən aşkarlanması üçün biopsiya mayesi ərsəyə gətirən "Quantgene" şirkətində klinik marketinq və əməliyyatlar üzrə vitse prezident işləyir. Bu şirkət ABŞ-da, eləcə də Avropada böyük səhiyyə təşkilatları ilə əməkdaşlıq edir.
…Azərbaycan mətbəxinin təamlarını sevə-sevə hazırlayan Nərminə xanım, bu bacarığı anasından öyrəndiyini söyləyir. Səyahət etməyi, mütaliəni çox xoşlayır. Dünya, o cümlədən Azərbaycan musiqisini dinləməkdən zövq alır…
Atası elmlər namizədi, dosent Səmid Paşayev uzun illər Azərbaycan Dövlət Neft-Kimya Akademiyasında avtomatlaşdırma kafedrasında müəllim işləyib. Anası Neda Paşayeva da həyat yoldaşı ilə eyni tədris ocağında, informatika kafedrasında çalışıb…
Adətən idmançı xanımlar ötkəm olurlar, amma mən onunla söhbət edərkən o qədər incə məqamların şahidi oldum ki, onlar əsl Azərbaycan xanımına xas olan dəyərlər idi...
Deyir ki,- "Bəlkə də haqqımda yazılmasına razı olmazdım. Axı mən elə də fövqalədə işlər görməmişəm. Atam bir daha xatırlansın və ruhu şad olsun deyə, həvəslə razılıq verdim. Atamı çox sevirdim. O, mənə insanpərvərliyi, həyatda əzmkar olmağı, xeyirxahlığı öyrətdi. Mən fəxr edirəm ki, Səmid Paşayev kimi atam olub"…
Gənc yaşlarından Azərbaycanı tərk etsə də, doğma vətəni hələ də xatırlayır. Ömrünün ən qayğısız illərinin orayla bağlı olduğunu dilə gətirir. Arzulayır ki, xalqımız firəvan yaşasın, gənclərimiz mükəmməl təhsil alsınlar, idmanla məşğul olsunlar. Sağlamlığın həyatın gözəl keçməsində əhəmiyyətli rolu olduğunu vurğulayır…
Bu şən, təvazökar, qayğıkeş, idmançı iradəsi ilə vəzifə pillələrində irəliləyən azərbaycanlı xanıma gələcək həyatında uğurlar arzulayırıq…
Ən çox oxunan: Bu il Boris Nemtsov mükafatının laureatı Volodimir Zelenski olub
Boris Nemtsovun “Azadlıq uğrunda” Fondu məlumat yayıb ki, Nemtsov Fondu mükafatı müharibə şəraitində olan Ukrayna nümayəndələrinə təqdim etmək qərarına gəlib. Bu xəbər bir çox xəbər daşıyanların manşetində yer alıb.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, namizədlər arasında Kiyev meri Vitali Kliçko, “Okean Elzy” qrupunun rəhbəri Svyatoslav Vakarçuk, döyüş həkimləri-könüllülər birliyinin təsisçisi Yuliya Paevskaya, prezidentin müşaviri Aleksey Aretoviç və başqaları olub.
Fondun təsisçiləri və İdarə Heyətinin səsverməsinin nəticələrinə əsasən, Ukrayna prezidenti qalib olub.
Qeyd edək ki, Boris Nemtsovun mükafatı ölümündən sonra 2015-ci ildə Praqada təsis edilib.
Bundan başqa, xatırlayırsınızsa, Amerikanın “Time” nəşrinin oxucularının fikrincə, may ayında Zelenski ilin ən nüfuzlu adamı olmuşdu.