ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

 

“Ədəbiyyat və incəsənət” RİA Novosti-yə istinadən bildirir ki, bu barədə müğənninin art-direktoru məlumat verib. 

 

Cinsi orientasiyası ilə və qeyri-etik davranışları ilə daim gündəmdə olan Boris Moiseyev Belarusun Mogilyov şəhərində andan olmuşdu. O, Rusiyanın "Əməkdar artisti" fəxri adını daşıyırdı. Ölümün səbəbi kimi insult göstərilir. 

Azərbaycana da çörək yeri kimi baxan Moiseyev müxtəlif layihələrdə bizim səxavətli sponsorlardan babat pul qoparmaqda pərgar idi.

Çərşənbə, 28 Sentyabr 2022 13:00

Şəhidin sevgilisinə yazdığı məktubu Röya oxudu

 

Xalq artisti Röya Ayxanın şəhid Pərviz Əliyevin sevgilisinə yazdığı məktubun sözlərinə ifa etdiyi mahnı təqdim olunub.

 

“Ədəbiyyat və incəsənət” olay-a istinadən yazır ki, sözügedən bəstə Anım Günündə sənətçinin rəsmi musiqi platformalarında təqdim edilib.

"Yada düşürsən" adlı mahnıda Xalq artisti Nurəddin Mehdixanlı şəhidə ithafən yazılan sözləri də qiraət edib.

Bildirək ki, şəhidin qardaşı Hikmət Əliyev həmin məktubu bəstəkar Fərid Kərimliyə göstərib. F. Kərimli isə məktubdakı sözlərə musiqi bəstələyib.

Qeyd edək ki, Pərviz Həsən oğlu Əliyev Birinci Qarabağ müharibəsində iştirak edib. O, Füzuli rayonundan Aşağı Veysəlli, Dilağarda, Govşadlı kəndlərindən keçib. 5 aprel 1993-cü ildə Məngələnata yüksəkliyi uğrunda gedən döyüşlərdə şəhid olub.

Layihə şəhid Pərviz Əliyevin simasında Vətən uğrunda şəhadətə ucalan oğullarımıza həsr olunur.

Çərşənbə, 28 Sentyabr 2022 10:30

Poeziyanı bu cür gözdən salmaqmı olar?

 

Şeirlər kimi qələmə verdiyi cızmaqaraları ilə gündəmə gəlmiş Əməkdar artist Elza Seyidcahan bir müddət əvvəl onun şeirlərini tənqid edən Xalq artisti Rasim Balayevlə "Ötən günlər" proqramında bir araya gəlib.

Və qəribədir ki, bu haqlı tənqidi zarafata salaraq ona istədiyi kimi don geydirib.

Xatırladaq ki, Rasim Balayev bəstəkar-müğənninin şeirləri haqda danışarkən "Ona deyən yoxdur ki, get işinlə məşğul ol? Sən şair deyilsən. Bu şeirlər efirlik deyil" sözlərini söyləmişdi. E.Seyidcahan isə cavab olaraq proqramda “Rasim Balayevə təşəkkür edirəm, oxucumdur, məni müzakirə edir. Mənim kimi böyük şairi şəxsiyyətli aktyor, xalqımızın gözəl sənətkarı müzakirə edirsə, mənim üçün fəxrdir. Rasim bəy, oxumağa davam edin. Sizi çox istəyirəm, məni tənqid edin" söyləmişdir. Diqqət çəkən məqam isə E.Seyidcahanın aktyorun alnından öpməsi olmuşdur. O, bununla sənətçidən incimədiyini nümayiş etdirmişdir.

Bizi isə incidən Elza Seyidcahanın özünə “böyük şair” deməsidir. Şairlər susanda elzaların meydan sulaması əlbəttə ki, gözləniləndir. 

Bu gün sanki ədəbiyyatı urvatdan salmaq üçün hamı bəhsə giribdir. 

İndi isə böyük şair Elza Seyidcahandan bir bənd:

Tikin məni divarlara

Hörük olum.

Dəlik olum qaranlıqdan

Baxanlara

İşıq olum

Uçanlara səmalarda

Qanad olum

Selik olum ağızlardan

Axanlara…

 

“Ədəbiyyat və incəsənət”

 

Bu gün Meksikada UNESCO-nun “MONDİACULT-2022” Mədəniyyət Siyasətləri və Davamlı İnkişaf üzrə Ümumdünya Konfransı öz işinə başlayacaq. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, 40 il əvvəl 1982-ci ildə Meksikada keçirilmiş “MONDİACULT” konfransına yenidən bu ölkə ev sahibliyi edəcək. Builki “MONDİACULT 2022” konfransına 100-dən artıq mədəniyyət naziri, 150-dən çox hökumətlərarası təşkilatın, BMT institutlarının, vətəndaş cəmiyyəti təşkilatlarının qatılacağı gözlənilir. 

Beynəlxalq ictimaiyyət tərəfindən arzu olunan yol xəritəsi kimi razılaşdırılmış BMT Davamlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində sonuncu onilliyə qədəm qoyulduğu vaxtda qlobal çağırışların öhdəsindən gəlmək və yaxın gələcək prioritetləri müəyyən etmək üçün UNESCO üzv dövlətlərini və beynəlxalq ictimaiyyəti davamlı mədəniyyət siyasəti haqqında düşünməyə dəvət edir. Məqsəd davamlı inkişaf perspektivlərinə, eləcə də həmrəylik, sülh və təhlükəsizliyin təşviqinə tam uyğunlaşdırılmış daha dayanıqlı və davamlı mədəniyyət sektorunu formalaşdırmaqdır.

Konfransa sentyabrın 30-da yekun vurulacaq.

 

Qazaxıstanın Aktau şəhərində keçirilən “II Abiş Alemi Teatr Festivalı” Azərbaycanın milli musiqi incisi sayılan “Sarı gəlin” mahnısı ilə bağlanıb. Mahnı Azərbaycanın Əməkdar incəsənət xadimi, aktrisa-rejissor Məlahət Abbasova tərəfindən ifa edilib. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə AzərTAC-ın müxbiri Günel Məlikovaya müsahibə verən Məlahət Abbasova ölkəmizi təmsil etməkdən qürur duyduğunu bildirib. 

Məlahət Abbasova deyib: “Orada səhnəyə çıxıb sadəcə mahnını monoloq şəklində söyləyəcəkdim. Lakin son anda olduğu kimi ifa etmək istədim. Mən müğənni deyiləm, amma buna baxmayaraq, tamaşaçılar tərəfindən çox gözəl qarşılandım. Bu, mənim üçün böyük və çox yaddaqalan bir hadisə oldu. Təbii ki, bir azərbaycanlı olaraq bu mənə çox böyük fəxr hissi yaşatdı”.

Qeyd edək ki, türkdilli ölkələrlə yanaşı, Rusiya, Gürcüstan kimi dövlətlərin də iştirak etdikləri festivala Məlahət Abbasova Türkiyə tərəfindən fəxri qonaq qismində dəvət edilib. 

Festivalın bağlanış mərasimində iştirakçı ölkələrin rəsmi şəxsləri və Qazaxıstanda fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri də iştirak ediblər.

 

Bir elanı diqqətinizə çatdıraq. Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov tərəfindən 2022-ci il 20 oktyabr tarixində saat 10:00-da Masallı rayon Heydər Əliyev Mərkəzində (Masallı rayonu, Qarabağ küçəsi 17) Masallı,Yardımlı və Cəlilabad rayonlarından olan vətəndaşların qəbulu keçiriləcəkdir.

Vətəndaşlar 16 oktyabr 2022-ci il tarixinə qədər nazirliyin Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçt ünvanı, (012) 493-74-24 telefon nömrəsi vasitəsi ilə və  “Whatsapp” xidmətinə  (0 777 147 147) müraciət etməklə qəbula yazıla bilərlər.

Müasir tariximizə qızıl hərflərlə yazılan və tarixi Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsinin ikinci ildönümü tamam oldu. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına cavab olaraq əks-hücumla əzəli torpaqlarımızı azadlığı üçün haqq mübarizəsinə başlayıb.

Cəmi 44 gün ərzində Vətən oğullarının misli görünməmiş fədakarlığı və şücaəti ilə otuzillik işğal başa çatdırılıb, Qarabağ və Şərqi Zəngəzur, o cümlədən mədəniyyət paytaxtımız Şuşa şəhəri düşməndən azad olunub. Ordumuz düşmən üzərində parlaq Qələbə çalıb, xalqımıza əbədi Zəfər ruhu bəxş olunub. Millərlə igidimiz şəhidlik zirvəsinə ucalıb.

Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli sərəncamına əsasən, bu müharibədə qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə ehtiram əlaməti olaraq sentyabrın 27-si Azərbaycanda Anım Günü elan edilib.

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, sentyabrın 27-də bu münasibətlə mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli və nazirliyin əməkdaşları Şəhidlər xiyabanına gələrək Azərbaycanın azadlığı uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının ölməz ruhları qarışında ehtiramlarını bildiriblər.

Daha sonra İkinci Fəxri xiyaban ziyarət olunub. Şəhidlərimizin əziz xatirəsi yad edilib, məzarları önünə tər qərənfillər düzülüb.

 

*

Şəhidlər xiyabanında jurnalistlərə açıqlama verən Elnur Əliyev qeyd edib ki, millət olaraq həmişə şəhidlərimizin xatirəsini uca tutmalıyıq. Onların bu yolu seçib şəhid olmaq kimi ali məramlarını dərk etməliyik: “Bu gün xalqı olaraq hamımız eyni hissləri keçiririk. Öz mədəniyyətimizə, tariximizə sahib çıxırıq. Mən bütün şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına səbir diləyirəm. Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir”.

Çərşənbə, 28 Sentyabr 2022 09:32

Günün fotosu: Qazaxıstandan kişilik jesti

Günün fotosu: Qazaxıstandan kişilik jesti

 

Putin rejiminin Ukraynaya elan etdiyi təcavüzkar müharibə fonunda səfərbərlik elan etməsi milyonlarla ölkə vətəndaşının ölkədən qaçmasına səbəb olub. Tək Qazaxıstana 100 min rus qaçıb. 

Rusiya hökumətinin onları geri istəməsi və haqlarında cinayət işi açmaq istəməsi tələbinə isə rəsmi Qazaxıstan rədd cavabı verib.

Ölkənin daxili işlər naziri Marat Axmedjanov bildirib ki, biz ancaq İnterpolun xətti ilə axtarışda olan cinayətkarları təhvil verə bilərik. Müharibədən yayınmaq istəyi isə cinayət deyil. 

Axı müharibə də vətənin müdafiəsi deyil, işğalçı müharibədir!

 

“Ədəviyyat və incəsənət”

 

Fotoda ruslar Alma-ata aeroportunda. 

Foto: Euronews

 

Sabah saat 15:00-da Dünya Gənc Türk Yazarlar Birliyinin, Gənclər Təşkilatları Milli Şurasının və Əli Kərim adına Sumqayıt şəhər Poeziya evinin birgə təşkilatçılığı ilə Vətən müharibəsi iştirakçısı olan qələm sahiblərinin yaradıcılıq nümunələriindən ibarət "Əbədi sevgi - Vətən" kitabının təqdimat mərasimi keçiriləcək.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, təqdimat Əli Kərim adına Sumqayıt şəhər Poeziya evində keçiriləcək.

Qeyd edək ki, kitab Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, NAYORA-nın “Gənclər Təşkilatlarının Fəaliyyətlərinin Dəstəklənməsi” proqramı çərçivəsində Dünya Gənc Türk Yazarlar  Birliyi tərəfindən çap olunub.

Çərşənbə axşamı, 27 Sentyabr 2022 17:40

“Sazın Ədaləti” adli disk işiq üzü görüb

 

Azərbaycan Aşıqlar Birliyi aşıq sənətinin inkişafında özünəməxsus yeri olan ustad sənətkarlara daim diqqətlə yanaşır. Ustad sənətkarlar haqqında kitablar hazırlanır, onların poetik yaradıcılıq nümunələri nəşr olunur, audio və video disklər buraxılır. 

Birliyin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu mediaya bildirib ki, Azərbaycan Aşıqlar Birliyi tərəfindən ərsəyə gətirilmiş növbəti disk ustad aşıq, Əməkdar incəsənət xadimi Ədalət Nəsibova həsr olunub. İki diskdən ibarət olan albomun birinci hissəsində ustad sənətkarın repertuarındakı bənzərsiz ifaları – “Yanıq Kərəmi”, “Fəxri”, “Aran gözəlləməsi”, Hüseyni”, “Məmmədbağırı”, “Gəraylı”, “Baş dübeyti”, “Dilqəmi”, “Naxçıvanı”, “Baş sarıtel”, “Misri”, “Şahsevəni”, “Ruhani”, “Kərəm dübeyti” və “Müxəmməs” aşıq havaları, ikinci hissədə isə ustadın anadan olmasının 50 illik yubiley tədbirinin videolenti və aşıq Kərəm İncəliylə deyişməsi yer alıb. 

Diski aşıq Altay Məmmədli hazırlayıb.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.