ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

“Dədə Qorqud da dünyada yaşayan bütün türklərin mifik atası kimi, ağsaqqalı kimi abidələşdi...”

 

Aida Eyvazlı yazır

 

... 7 yurd qurub, 7 ocaq yandırdı. Eli başına yığdı Qorqud Ata-- Dədə Qorqud.  Ulu türk ellərinin ulu qəhrəmanı haqqında  yazılanlar, bu günümüzə qədər gəlib çıxan hər cümlə  əslində türk ulusunun, türk elinin, türklərin tarixi, mədəniyyəti, coğrafiyası kimi mühüm mənbədir. Nə yaxşı ki, ən əvvəl  Dədəmiz Qorqud haqqında özümüz daş kitabələrə yazdıq. Törənimizi pozanların içərisində  yaşayıb yaradan dəyərli alimlər də oldu ki,  türk yazısını, türk tarixinı, mədəniyyətlərinə öz kitablarına  köçürdülər. Elxanilərin saray həkimi və vəziri olmuş Fəzlullah Rəşidəddin XIV əsrin əvvəllərində “Öğuznamə” əsərində yazırdı ki, Qorqud çox uzun ömür sürüb. Digər  bir bir Şərq tarixçi alimi Şeybanilər nəslindən olan Əbilqazi Bahadır xan da “Türklərin səcərəsi” adlı  əsərində yazırdı ki, Qorqud 5 xanın  vəziri olub. F.Rəşidəddinin və Əbül-Qazi Bahadır xanın “Oğuznamə”lərində əks olunan el ağsaqqalı, müdrik şəxs olan Dədə Qorqud dastanda, demək olar ki, bütün boylarda iştirak edir, öz ağıllı məsləhətləri ilə Oğuza yol göstərərək ən çətin anlarda belə ona mənəvi dayaq olur. Oğuz elinin başçıları həm toyda, həm yasda, həm də düşmən tərəfindən basqıya məruz qaldıqda onun müdrikliyinə ehtiyac duymuşlar. Dastanda Dədə Qorqud simasında Oğuz elinin düşünən beyni, müdrik el ağsaqqalının obrazı  ümumiləşdirilmişdir. Qazan xan başda olmaqla tərəfdarları simasında isə xalqın qəhrəmanlıq tarixi öz əksini tapmışdır. Qorqudun Sırdərya ərazisində yaşadığı zamanlarda  ərazilərə  Dəşti Kıpçaq da deyiblər. O zaman bu tayfalar və Qorqud tayfası  hələ müsəlmançılığı qəbul etməmişdilər.

Uzaq-uzaq əsrlərdən, qərinələrdən, illərdən bəri daş kitabələri sındırılıb pozulsa da, ruhları sınmayan türklər qədim əcdadlarını hər zaman  nəsilbənəsil yaddaşlardan- yaddaşlara ötürdülər. Dədə Qorqud da dünyada yaşayan bütün türklərin mifik atası kimi, ağsaqqalı kimi abidələşdi.  Bu günümüzə qədər gəlib çıxan yazılı ədəbiyyatlarda, mənbələrdə Qorqudu belə xarakterizə edirdilər. O Qazaxıstanın Qızıl Orda şəhərindən keçən Sırdərya çayının sahillərində  VIII-IX əsrlərdə doğulub və  yaşayıb  ,  qobuzun da ilk yaradıcısı Qorqud ata olub. O həm musiqi qoşub, həm də aşıq kimi nəğmələr söyləyib. Türk soylarının   Izın   tayfasından olan Qorqudun anası qıpçaq qızı idi. Atasını adı  Karakoja (Qaraxoca) olub. 

Türk ellərinin bu ağsaqqalı haqqında çox rəvayətlər gəzir.Onu da deyirlər ki,  bir dəfə mələklər yuxusuna gələrək, ona belə deyirlər: “ Bir ağac parçasını götürüb,  inək dərisinə bürü, sonra, öz atının  quyruğunun tüklərindən o  ağac parçasına bərkit”. Çox gənc yaşlarında bu yuxunun təsirindən ayılan Qorqud yuxuda gördüklərini edir, ilk qopuzu yaradır.  Barmaqlarını  əlindəki təzə alətin üzərinə çəkəndə ətrafa  heyrətamiz bir səs yayılır. O gündən Dədə Qorqud o qobuzundan ayrılmır.

Belə rəvayət edirlər ki, Qorqud dünyaya gələndə də təbiət öz möcüzəsini göstərir. O doğulan gün Günəş tutulması baş verir, birdən birə dünya qaranlığa bürünür, tufanla birlikdə yağış yağır, şimşəklər əsir, ildırımlar çaxır. İnsanlar yaman qorxuya düşürlər.  Qorqud  ana bətnindən azad olan  kimi bütün bu  tufanlar dayanır. Hər yer işığa bürünür.  Türk elində xüsusi hörmət malik olan Dədə, Ata Qorqudun  dünyaya gəlişini  el içində belə rəvayət edirlər. “O dünyaya gəlməmişdən əvvəl hər  yer qaranlığa, tufana büründü, o bizi qorxutdu. Biz  “QORXDUQ” və ya  “KORKTIQ”. Beləcə  , bir “QORQUD” adı yaranır, yeni dünyaya gələn oğlanı  Qorqud çağırırlar.

Qorqud dədəmiz deyirdi ki, nə olursa olsun, adamlar insani keyfiyyətlərini itirməməlidirlər. İnsan üçün ən böyük faciə mənəviyyatın itirilməsidir. “ Qapısıni qonaq açmayan evin başına uçsun, atının yemədiyi yerdə otun bitməsin;  suyundan içirmirsən, axar suların qurusun; atasına şərəf gətirməyən oğlun doğulmasın”, “İnsan nə qədər istəsə də, bacardığından artıq yeyə bilməyəcək” – deyən Qorqud əslində bu  öyüdləri ilə türkləri birliyə çağırırdı.  Dünyanı addım-addım dolaşıb , türk ellərində gəzən Qorqud dədmiz belə bir vəsiyyət də etmişdi ki,  insan üçün ən gözəl yer Vətənidir, yurdudur.

Bəzən Qorquda mif, nağıl qəhrəmanı da deyənlər tapılır. Lakin o, mifoloji bir qəhrəman olsaydı, yəqin ki, qobuzunda bəstələdiyi 20-yə yaxın  mahnı və musiqi çələngindən bu günümüzə qədər  11-i lentə alınmazdı. Qazaxıstan Dövləti onun  bu musiqilərini əbədiləşdirə bilib. Hətta 2015-ci ildə UNESKOnun  “Mədəni İrs” layihəsi çərçivəsində  dünyanın bir çox ölkələrində  “Qorqud Ata” adlı elmi simpoziumlar keçirərək, onun musiqilərini, irsini  dünyaya yaydılar.  Dədəmiz Qorqud əlinfdə qobız türk elllərini gəzirdi. Hər zaman təbiətlə harmoniyada idi.  Yəqin ki,  təbiət qoynunda  kaman, tar, saz havasını dinləmisiniz. Təbiətlə harmoniyada olanda həmin musiqi alətlərindən gələn səsin də ahəngi tamam başqa olur. İnsan eşqlənir, havalanır, Tanrıya yetişmək istəyir, haqqa tapınır. Belə anlarda hiss edirsən ki, könül dünyan oxuyur, gəncləşirsən.  Qədim kirtablarda da Korkut Atanın qobuza bağlılığını təbiətlə bağlılıqdan ayırmırlar. Çünki insan təbiətə inananda, sığınanda daha güclü, daha yenilməz olur. Hətta uzunömürlülüyün sirrini də təbiətlə harmoniyaya bağlayanlar var. Deyilənlərə görə Dədə Qorqudun  95 il, bəzi mənbələrdə isə  193 və ya 400 il yaşadığı iddia olunur.

 O da məlumdur ki,  “Kitabi-Dədə Qorqud” dastanının  “Təpəgöz” boyu  1815-ci ildə alman şərqşünas alimi, Prussiyanın İstanbuldakı  səlahiyyətli nümayəndəsi, səfiri, görkəmli tərcüməçi Henrix Fridrix fon Dits  (1784-1791) tərəfindən Drezden Kral Kitabxanasında tapılmış və elm aləminə təqdim olunmuşdu. Oğuz tayfalarının epik janrda bu günümüzə qədər gələn  yazılı abidəsində Qorqud həm müəllif, həm də əsərin baş qəhrəmanı, rəvayətçisi kimi təqdim olunur: “Bayat tayfasında Qorqud adlı  uzaqgörən, müdrik bir el ağsaqqalı var idi, onun bütün dedikləri həyata keçirdi.  Oğuz elinin bütün mübahisələrini Qorqud Ata həll edirdi. İnsanlar  hər hansı bir işi  onun xeyir duası olmadan başlamazdılar. İnsanlar onun dediklərini şəksiz yerinə yetirirdilər”.

Dastanda bəhs olunan bütün hadisələrdəki yer adları  Sırdərya sahillərindəki, Orta Asiya və Qafqazdakı yer adları ilə uyğun gəlir.

Bütün türk ellərində, xüsusən Azərbaycanda olduğu kimi, Qazaxıstanda da  Qorqud Ataya məhəbbət bu günə qədər saxlanmaqdadır.  Yuxarıda qeyd etdiyimniz kimi, bir neçə əsr bundan əvvəl  Qızılorda vilayətinin Toretam stansiyasından 5-6 km kənarda  Sırdərya çayının sahillərində  qədim bir kurqan var idi. Deyilənlərə görə, burada Qorqudun uşaqlıq illəri keçmiş, bu yerlərdə böyüyb- boya-başa çatmışdı.  Onun  məzarının da Sırdərya sahillərində olmasını zaman-zaman yazılı abidələrdə rast gəlinib.  1929-cu ildə türk kökənli  Abubəkir Axmetcanoviç Divayev  Sırdərya kənarından keçərkən, burada bir  muzey kurqan görərək, fotosunu tarixləşdirir. Yerli camaat ona bu kurqanın Qorqud Ataya məxsus olduğunu söyləyirlər. Sonralar çayın suyu çoxaldığından, sovet illərinin  bu muzey kurqana etinasız münasibətindən abidə təbii daşınmalara və aşınmalara məruz qalır, sel suları  kurqanı yuyub aparır.  Və nə yaxşı ki, fotoqraf həmin o kurqanı əbədiləşdirə bilib.

1980-ci ildən etibarən Qazaxıstanın  Qızılorda Vilayətində, Sırdərya çayının sahillərində Qorqud Atanın adını əbədiləşdirmək üçün Mərkəzdən, yəni rəsmi Moskvadan icazə alınır.  Türk ellərinin atası, dədəsi Qorqudun adına layiq, Dədə Qorqud Qobuzuna hörmət əlaməti olaraq  böyük bir ərazidə  Qorqud Ata Memorial Kompleksi ucaldılır.   4 hissədən ibarət olan abidənin hündürlüyü 8 metrdir. Yuxarı hissəsində  40 ədəd  boru yerləşdirilib.  Burada hava küləkli olanda ətrafa  Dədə Qorqud qobuzundan süzülən, gözəl müsiqilər yayılır. Küləyin əsmə səmti, havanın dəyişkənliyi ilə açıq təbitətdə oxuyan abidədən  gələn  müxtəlif musiqi sədaları ətrafa yayılır.

Maraqlı cəhətlərdən biri də odur ki, bu yerlərdə təbiətin bütün fəsillərində küləklər əsir.

 

“Ədəbiyyat və incəsənət” (30.11.2022)

 

“Şuşa İli” çərçivəsində Azərbaycan İstiqlal Muzeyi tərəfindən həyata keçirilən “Şuşa-Qarabağın dünəni, bu günü, sabahı” adlı layihə çərçivəsində müxtəlif mövzular üzrə təqdimatlar davam edir. Yeni təqdimat da maraqlı oldu. 

 

“Ədəbiyyat və incəsənət” portalı muzeyin yaydığı xəbərə istinadən bildirir ki, növbəti təqdimat mədəniyyət paytaxtımız Şuşanın şəbəkə sənətinə həsr olunub.

Şuşaya gələn səyyahların qeydlərində göstərilirdi ki, bu şəhərin böyük evləri özünün abadlığı və vitrajlı pəncərələri-şəbəkələri ilə digər Qafqaz şəhərlərinin evlərindən fərqlənir. Rus rəssamı V.V.Vereşaginin rəsmləri buna çox gözəl sübutdur. Onun əsərlərində göründüyü kimi, şəhərin oyma pəncərələri binanın planlaşdırılmasından asılı olaraq tavandan döşəməyə qədər otağın bütün divarını yaxud onun bir hissəsini əvəz edirdi. Hər cür pəncərələr döşəmədə parlaq xalçalarla uyğunluq və çoxrəngli ornamentlərlə hazırlanmış divar naxışları ilə şən saray əhval-ruhiyyəsi yaradırdı.

Şuşada sənətkarlıq yaxşı inkişaf etmişdi və ənənəvi şəbəkə istehsalı üçün usta və ağac axtarışı problemi yox idi. Pəncərə çərçivələri və şəbəkələr mismarsız və standart taxtadan yığılırdı. Pəncərə şəbəkəsinin bir kvadrat metri bir-birinə yapışdırılmış 3-5 min belə taxtadan ibarət olurdu. Rəngli şüşələr şəbəkələrdə radial şüalı 10-12 şüa ulduz yaradırdı. Seçilmiş rəsm simmetrik şəkildə təkrar olunurdu. Pəncərə qalxıb enirdi. Şuşa şəbəkələrinin rəsmlərinin ümumi görünüşü isə Şəki şəbəkələrindən zərif və mürəkkəbdir.

 

“Ədəbiyyat və incəsənət” (30.11.2022)

 

Azərbaycanlı gənc musiqiçilər Albaniyada keçirilən “Kënga Magjike” musiqi festivalında uğurla çıxış edib.

 

Festivalda iştirak edən “Mamagama” qrupunun xəbərinə istinadən “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, qrupun üzvləri Asəf Mişiyev və Roman Zilyanyev “Ən yaxşı xarici artist” mükafatına layiq görülüblər.

Qeyd edək ki, “Kenga Magjike” 1999-cu ildə yaradılmış musiqi müsabiqəsidir. Bu mərasimdə dünyanın müxtəlif ölkələrini təmsil edən sənətkarlar öz musiqi bacarıqlarını nümayiş edirlər.

 

“Ədəbiyyat və incəsənət” (30.11.2022)

“Ədəbiyyat  və incəsənət” portalı yazıçı-dramaturq Əyyub Qiyasın tanınmış teatr və kino xadimlərinin həyatlarından qələmə aldığı maraqlı anları təqdim edir.

 

HÜSEYNQULU SARABSKİ

(1879-1945)

Ustalıq edir, su satır, dəmirçi, daşyonan işləyirdim, arabir kefim yaxşı olanda səsimi başıma alıb özüm üçün oxuyurdum. Sən demə, Üzeyir bəy Hacıbəyli mənə göz qoyurmuş. Bir gün “Nicat” cəmiyyətinə getdiyim yerdə yolda rastlaşdıq. Məni görəndə üzü güldü.

Dedi:

– O gün teatrda idim, nə gözəl “Hicaz” oxuyurdun. Çox bəyəndim. Mən bir “Leyli və Məcnun” operası yazıram.

– Oynaram, – dedim, – sən piş şey yazmazsan.

O vaxtlar Üzeyir bəy “İslamiyyə” mehmanxanasında qalırdı, ünvanını verib: –  İki gündən sonra gələrsən, bir görüşərik, – söylədi. Dediyi vaxt getdim, görüşdük, məşqə başladıq. 1908-ci ildə “Leyli və Məcnun” operasını səhnəyə qoyanda məni Məcnun oynamağa dəvət etdi. Bu hadisə bütün həyatımı dəyişdi. Amma tamaşanın baş tutmaması üçün çalışanlar da çox idi. Orkestrə dirijorluq edəcək adam son anda gəlməkdən imtina etdi. Orkestrin özü pərən-pərən idi. Biletlər satılmışdı, tamaşaya az qalmışdı. Üzeyir bəy çaş-baş qalmışdı. Tamaşaya 2-3 saat qalmış Üzeyir bəy tamaşanı tar üçün nota yazdı. Dirijor məsələsinə gələndə:

– Əbdürrəhim bəy, hazırlaş, tamaşaya dirijorluğu sən edəcəksən, – deyib, üzünü Əbdürrəhim bəy Haqverdiyevə tutdu.

Əbdürrəhim bəy çaşıb qaldı.

– Üzeyir bəy, mən necə dirijorluq edə bilərəm? – yazıçı etiraz etmək istəyirdi, amma Üzeyir bəy onu inandıra bildi.

– Şuşada hər kəs musiqidən baş çıxarır, sən də şuşalısan, üstəlik, musiqi savadın da var, notu bilirsən, sadəcə, orkestrə kömək elə, qalanın mən edərəm, – Üzeyir bəy qətiyyətlə fikrini tamamladı.

Möhtəşəm tamaşa oldu.

 

 “Ədəbiyyat və incəsənət” (30.11.2022)

 

 

 

Kitabxana işi üzrə aparılan islahatlar çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sistemində olan kitabxanalarda peşəkar insan resurslarının formalaşdırılması və əmək bazarında şəffaf rəqabətin yaradılması məqsədilə həmin müəssisələr üzrə vakant vəzifələrin tutulmasının müsabiqə əsasında həyata keçirilməsi qərara alınmışdır.

 

Mədəniyyət Nazirliyinə istinadən “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, test və müsahibə mərhələlərindən ibarət olan müsabiqə əsasında Nazirliyin sistemində olan kitabxanalara işə qəbul zamanı “Mədəni-maarif müəssisələrində olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”na uyğun olaraq hər bir vəzifənin əmək funksiyalarına dair müəyyən edilmiş normativlər üzrə həmin vəzifəyə iddia edən şəxslərin bilik səviyyəsinin və peşə hazırlığının, o cümlədən məntiqi təfəkkürünün və dünyagörüşünün yoxlanılması həyata keçiriləcəkdir.

Mədəniyyət Nazirlikdən AZƏRTAC-a bildirilib ki, nazirliyin sistemində olan kitabxanalar üzrə vakant vəzifələrin tutulması məqsədilə noyabrın 28-də Azərbaycan Milli Kitabxanasında təşkil olunan imtahanda qeydiyyatdan keçmiş 357 namizəddən 319 nəfəri iştirak edib. 

Test imtahanın nəticələri dekabrın 2-də namizədlərin iş nömrəsi və topladığı bal qeyd olunmaqla nazirliyin rəsmi saytında elan olunacaq, eyni zamanda, nəticələr və müsahibə barədə məlumatlar namizədlərin əlaqə vasitələrinə göndəriləcək.

Məlumat üçün bildiririk ki, keçirilən test imtahanı üçün tərtib olunmuş sual kitabçası kitabxana işinə dair normativ hüquqi aktlar əsasında hazırlanmış 50 sualı özündə ehtiva edib.

Namizədlər Bakı şəhərində fəaliyyət göstərən kitabxanalar üzrə vakant vəzifələrin tutulması üçün 70 faiz (35 düzgün cavab), Sumqayıt, Gəncə şəhərləri və Abşeron rayonu üzrə fəaliyyət göstərən kitabxanalar üzrə vakant vəzifələrin tutulması üçün 60 faizi (30 düzgün cavab) və digər inzibati ərazi vahidlərində olan kitabxanalar üzrə vakant vəzifələrin tutulması üçün 50 faizi (25 düzgün cavab) müsbət nəticə əldə etməlidirlər.

 

“Ədəbiyyat və incəsənət” (30.11.2022)

 

Xalq artisti, bəstəkar Rauf Hacıyevin 100 illiyinin qeyd okunacağı məkan və zaman bəlli olub. Dekabrın 27-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında bu münasibətlə konsert  proqramı keçiriləcək.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, konsertdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri (dirijor Fuad İbrahimov, solist violin ifaçısı Ceyla Seyidova) çıxış edəcək. 

Rauf Hacıyev rəngarəng yaradıcılıq palitrasına malik sənətkar kimi Azərbaycanın musiqi mədəniyyəti tarixində özünəməxsus yer tutur. Müxtəlif janrlarda çox sayda qiymətli əsərlər, o cümlədən simfoniya, oratoriya və kantatalar meydana gətirən bəstəkara uğurlu səhnə təcəssümü tapmış operettaları xüsusilə geniş şöhrət qazandırıb. R.Hacıyevin milli motivlərlə müasir üslubun vəhdətində yaratdığı vətənpərvər ruhlu lirik mahnılar məşhur ifaçıların repertuarına daxil olaraq, Azərbaycan mahnı janrının inkişafında əhəmiyyətli rol oynayıb. Onun sənətinin yüksək bədii keyfiyyətləri həmçinin kinofilmlər və teatr tamaşaları üçün bəstələdiyi musiqi lövhələrində aydın təzahürünü tapıb. R.Hacıyev həmçinin respublikanın mədəni həyatında yaxından iştirak edərək, səmərəli ictimai fəaliyyəti ilə də nüfuz qazanıb.

Qeyd edək ki, bəstəkarın 100 illiyi ölkə başçısının müvafiq Sərəncam ilə silsilə tədbirlərlə qeyd olunur.

 

“Ədəbiyyat və incəsənət” (30.11.2022)

 

Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən hər ay bölgələrdə vətəndaşların qəbulu keçirilir. Qəbulların məqsədi sakinlərin müraciət və problemlərinin yerində dinlənilməsi, onların həlli ilə əlaqədar müvafiq addımların atılmasıdır.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu ilin noyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov ayın 29-da Yevlax Şəhər Heydər Əliyev Mərkəzində görüş keçirib. Görüşdə Yevlax və Mingəçevir şəhər, Bərdə və Tərtər rayon sakinləri, eləcə də digər rayonlardan qəbula yazılmış vətəndaşlar iştirak edib.

Qəbuldan öncə mədəniyyət naziri Anar Kərimov və Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar. 

Sonra Yevlax Şəhər Heydər Əliyev Mərkəzinə gələn Anar Kərimov mərkəzin fəaliyyəti ilə tanış olub. Məlumat verilib ki, 2005-ci ildən fəaliyyət göstərən mərkəzdə xalqımızın ümummilli lideri, müasir Azərbaycanın qurucusu Heydər Əliyevin ömür yolu və dövlətçilik fəaliyyəti təbliğ olunur. Burada, həmçinin müxtəlif dərnəklər fəaliyyət göstərir, tədbirlər təşkil edilir.

Daha sonra Heydər Əliyev Mərkəzində nazirliyin məsul əməkdaşlarının da iştirakı ilə vətəndaşların qəbulu keçirilib. Sakinlərin müraciətləri, əsasən, işlə təmin olunma, əmək müqaviləsinin uzadılması, şəhidin adının təhsil ocağında əbədiləşdirilməsi, şəhidlər haqqında sənədli filmlərin yerlərdə nümayişinə dəstək göstərilməsi, fəxri adın verilməsi, mədəniyyət ocaqlarının fəaliyyəti və digər məsələləri əhatə edib.

Anar Kərimov vətəndaşların müraciət və təkliflərini dinləyib, ərizə və şikayətlərinə baxıb. Qaldırılan məsələlərin operativ, hərtərəfli araşdırılması və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

 

“Ədəbiyyat və incəsənət” (30.11.2022)

 

Söhbət Özbəkistandan gedir. Dekabrın 9-da Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetində ölkənin elm, təhsil nümayəndələri, alim və tədqiqatçıların iştirakı ilə “Türkistan və Qafqazların unikal tarixi xəritələri” adlı Azərbaycan-Özbəkistan-Türkiyə sərgisinın açılışı nəzərdə tutulur.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi və təşkilatçılığı ilə keçiriləcək sərgiyə Özbəkistan Mədəniyyət Nazirliyi, Ankaradakı Türk Tarixi və Mədəniyyəti Fondu dəstək göstərir.

Daşkənd Dövlət Pedaqoji Universitetin mərkəzi foyesində nümayiş etdiriləcək sərgidə Mərkəzi Asiya, habelə Qafqazların ən qədim dövr, orta əsrlər, habelə sovet dövrünə aid tarixi xəritələrinin surətləri nümayiş etdiriləcək.

Qeyd edək ki, Türk Dövlətləri Təşkilatının Səmərqənd Zirvə Toplantısı çərçivəsində Ankaradakı Türk Tarixi və Mədəniyyəti Fondu və Özbəkistanın Turizm və Mədəni İrs Nazirliyinin təşkilatçılığı ilə nümayiş etdirilən Türkistanın unikal xəritələri və tarixi fotoşəkillərinin də Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetində nümayişi nəzərdə tutulub. Bu xəritələr məşhur coğrafiyaşünaslar tərəfindən tərtib edilmiş və türk xalqlarının tarixini və yayılmasını əks etdirir.

Türkistan və Qafqazlara dair tarixi xəritələrin sərgisinin keçirilməsi barədə təklif Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Türk Tarixi və Mədəniyyəti Fondunun rəhbəri Nizamettin Aykurtla keçirilən görüş zamanı irəli sürüb. Görüşdə Nizamettin Aykurt 1872-ci ildə hazırlanmış, Avropa, Kiçik Asiya yarımadası, habelə Qafqaz ərazilərini özündə əks etdirən “Yustinian hakimiyyətinin sonlarına doğru Avropa” (eramızın 560-cı ilini əhatə edən) tarixi xəritənin surətini Samir Abbasova hədiyyə edib. Xəritədə Qafqaz Albaniyası və Atropatena kimi Azərbaycan dövlətləri yer alıb.

Samir Abbasov görüş zamanı xəritələr sahəsində xüsusi həssaslıq nümayiş etdirilməsinin vacib olduğunu qeyd edərək, dünyanın bir sıra muzeylərində yanlış xəritələrin sərgiləndiyini bildirib. O, regiona dair saxtalaşdırılmamış və həqiqəti əks etdirən tarixi xəritələrin Azərbaycan və Özbəkistan muzeylərinə təqdim olunmasının xüsusi əhəmiyyət daşıdığını qeyd edib və tərəflər bu mövzuda birgə əməkdaşlığı razılaşdırıblar.

 

“Ədəbiyyat və incəsənət” (30.11.2022)

 

Əhməd Cavadın 130 illiyi musiqi axşamı ilə anılıb. Günün ilk xəbəri bu barədədir. 

 

Dünən axşam saatlarında Beynəlxalq Muğam Mərkəzində (BMM) Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın 130 illiyi münasibətilə musiqi axşamı keçirilib. 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, yubiley tədbirində AMEA-nın Folklor İnstitutunun nəzdində fəaliyyət göstərən “Qorqud” ansamblı çıxış edib.

Görkəmli ədibin nəticəsi Cavad Axundzadə Əhməd Cavad və Şükriyyə xanımla bağlı fikirlərini bölüşərək deyib: “Ulu babam Əhməd Cavadın adını daşımaq mənim üçün şərəfdir. O adı mənə Əhməd Cavadın acı taleyi ilə bölüşmüş yoldaşı Şükriyyə xanım verib və mən bu məsuliyyəti hər ikisinin qarşısında hiss edirəm”.

Bildirib ki, Birinci Dünya müharibəsi zamanı Osmanlı ordusu sıralarında, Balkan cəbhəsində hərbi əməliyyatlarda iştirak edən Əhməd Cavad “Çırpınırdın, Qara dəniz” şeirini yazmaqla bütün türk dünyasının birlik simvoluna çevrilib. Qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin himninin sözləri də ulu babası tərəfindən yazılıb.

Cavad Axundzadə tədbirin təşkilinə görə BMM-in rəhbərliyinə təşəkkürünü bildirib.

Tədbirin bədii hissəsi Zivər Ağayevanın sözlərinə bəstələnmiş “Yaşa, mənim xalqım” mahnı ilə başlayıb. Musiqi axşamında Əhməd Cavadın yazdığı şeirlər və şeirlərinə bəstələnən mahnılarla davam edib.

 

“Ədəbiyyat və incəsənət” (30.11.2022)

 

Zalda şəhərimizin qonaqları, müxtəlif səfirliklərin əməkdaşları da var idi, şagird və tələbələr də çox idi. Əlbəttə ki, ingilis dilində tamaşaya baxmaq onlara maraqlı idi.

 

Mədəniyyət Nazirliyinin yeni layihəsi olan “Anamın kitabı” tamaşası Azərbaycan Dövlət Akademik Musiqili Teatrında növbəti dəfə teatrsevərlərin ixtiyarına verilib. 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tamaşa Azərbaycan dramaturgiyasının klassik nümunələrindən olan Cəlil Məmmədquluzadənin “Anamın kitabı” əsəri əsasında hazırlanıb. Yeni və müasir rejissor yozumunda ərsəyə gələn tamaşada ölkəmizin müxtəlif teatrlarının aktyorları eyni səhnəni bölüşüblər. İngilis dilində hazırlanmış tamaşada əsas məqsəd ana dilimizin təbliğatı istiqamətinə yönəlib. 

Böyük dramaturqun “Anamın kitabı” əsərində əsas mövzu üç qardaşın dil, din, düşüncə tərzlərinin fərqliliyi nəticəsində aralarında yaranan sürəkli mübahisələrdir. Günümüzlə səsləşən, bizi narahat edən və düşündürən mövzu əsərin baş qəhrəmanı olan ananın timsalında təqdim olunur. Ana övladlarını öz milli-mənəvi dəyərlərinə sahib olmağa, ana dilinə yiyələnməyə və birliyə çağırır. Oğullar isə daha çox müasir dünyanın tələblərinə cavab verməyə can atır, nəticə etibarı ilə innovativ texnologiyalarla zəngin bir mühitin fonunda öz milli dəyərlərini itirmək təhlükəsi ilə üz-üzə qalırlar. Beləliklə, ana övladları ilə mübarizəyə başlayır. 

Səhnə əsərinin quruluşçu rejissoru İradə Gözəlova, quruluşçu rəssamı Vüsal Rəhimovdur. Döyüş səhnələrinin və rəqslərin quruluşu Xalq artisti Pərviz Məmmədrzayevə və rejissor Zaur Əliyevə aiddir. 

Aktyorların məharətli çıxışı səhnə əsərini daha baxımlı edib, tamaşa maraqla qarşılanıb.

 

“Ədəbiyyat və incəsənət” (30.11.2022)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.