
Super User
“Fəxri adları çox vaxt layiq olmayan adamlara verirlər” - Siyavuş Aslan
Bəzən jurnalist müsahibindən söz ala bilmir. Necə edəsən ki, müsahibin danışsın? “Ədəbiyyat və incəsənət” portalı tanınmış tənqidçi Əsəd Cahangirlə “Ustad dərsləri” rubrikasını təqdim edir. Burada Əsəd Cahangirin müxtəlif illərdə götürdüyü ən maraqlı müsahibələr tarixi ardıcıllıqla təqdim olunur.
Xalq artisti Siyavuş Aslandan 28.05.1998 tarixində götürülmüş müsahibə.
“FƏXRİ ADLARI ÇOX VAXT LAYİQ OLMAYAN ADAMLARA VERİRLƏR”
Xalq artisti Səyavuş Aslanla dəniz kənarında Elçinin “Mənim sevimli dəlim” əsərinə daxili baxışın sabahı günü görüşdük. Axşam isə həmin tamaşanın premyerası idi. Həmişə qəzetlərdən qaçan, müsahibələrdən imtina edən Səyavuş Aslan bu tamaşada qəzetçi, baş redaktor rolunu oynayırdı.
- Səyavuş müəllim, hamı “ov”, “yev” familiyası ilə çıxış etdiyi bir vaxtdan siz Səyavuş Aslan kimi tanınırdınız. Bu orijinallıq nədən irəli gəlirdi?
- O vaxtlar Rəfiq Zəka Xəndan bizim teatra ədəbi hissə müdiri gəlmişdi. Belə təxəllüs götürməyi mənə o məsləhət gördü. “Pasportstolda” işləyən adam yaxın qohumum idi. Ona görə familiyimı dəyişə bildim. Yoxsa o vaxtlar bu o qədər də asan məsələ deyildi.
- Siz uzun müddət Musiqili Komediya Teatrında Nəsibə Zeynalova və Hacıbaba Bağırovla birlikdə işləmisiniz. Onlarla bağlı nə kimi xatirələriniz var?
- Bir dəfə Naxçıvanın Şahbuz rayonuna qastrola getmişdik. Nəsibə xanım da, Hacıbaba da, mən də dükan xəstəsi idik. Adətimiz üzrə getdik bir dükana. Nəsibə xanım bir “platya” götürdü, Hacıbaba bir pencək aldı, mən ha vurnuxdum, gördüm ki, xoşuma gələn heç nə yoxdur, birdən satıcı qıza qayıtdım ki, sizdə şinyon var? Satıcı da kənd yerində böyümüş qız, haradan bilsin ki şinyon nədi? Gördüm gözlərini döyə-döyə üzümə baxır, əl atdım Hacıbabanın şinyonuna, dartıb qopardım, qoydum qızın qabağına, vitrinin üstünə. Hacıbabanın ağappaq başını görən qız elə bildi ki, onun dərisini qoparmışam, bu il ölmüsən, bildir, getdi özündən... İndi həkim dalınca qaçan kim, su gətirən kim, aləm qarışdı bir-birinə.
- Niyə belə elədiniz ki?
- Hacıbabanın adəti idi, qızlara xoş gəlmək istəyirdi. Ona görə şinyon taxırdı. Gördüm ki, mağazada işləyən qızla göz-qaş edir. Şinyonu onun başından qəsdlə qopardım. Bu hadisədən sonra o, şinyon qoymağın daşını birdəfəlik atdı.
- Bəs, siz özünüz qızlara necə münasibət bəsləmisiniz?
- Mən qızlara qarşı çox ciddi olmuşam. Heç kimə “povod” verməmişəm. Namaz qılan, hacı adamam.
- Aktyorun, özü də sovet dövründə tərbiyə və təhsil almış aktyorun dinə qayıdışı çox ciddi məsələdir. Yəqin ki, buna hansısa daxili mənəvi silkələnmə səbəb olub.
- Hacıbabanı sənətə mən gətirmişəm, məni dinə gətirən isə Əlabbas Qədirov olub.
- Gəlin, bu tezisin birinci hissəsini açıqlayaq; Hacıbabanı sənətə gətirməyiniz necə olub?
- Günlərin bir günü “Vətən” kinoteatrının qabağından keçirdim. Gördüm Hacıbaba keçmiş arvadı Leyla xanım, oğlu və qızı ilə gedir. Soruşdum ki, indi harada işləyirsən? Dedi, heç yerdə işləmirəm. Mən Əjdər Sultanovun dram dərnəyində hazırlanmış “Durna” tamaşasında Hacıbabanı Dursun rolunda görmüşdüm və istedadlı bir aktyor kimi yadımda qalmışdı. Məsləhət gördüm ki, gəl Musiqili komediya teatrına. Dedi ki, mənim səsim yoxdur, axı, orada necə işləyə bilərəm? Səs o qədər də vacib deyil, dedim. Gətirdim onu teatrımızın o vaxtkı direktoru Şəmsi Bədəlbəylinin yanına. Onun ilk rolu Hacı Kərimin “Aya səyahətin”də Ay adamı oldu. “Özümüz bilərik” də onu mənə dublyor verdilər. Hər ikimiz İbişovu oynayırdıq. İndi qəzetlərə verdiyi müsahibələrdə deyir ki, məni teatra Şəmsi Bədəlbəyli gətirib. Bir dəfə dedim ki, səni teatra mən gətirmişəm, axı. Dedi, yadımdan çıxmışdı.
- Bəs, Əlabbas Qədirovun sizi dinə gətirməyi necə olub?
- Mənə özümü daxilən rahat hiss etmək, mənən təmizlənmək üçün namaz qılmağı o məsləhət görüb. Əvvəllər çətin idi, sözləri yadda saxlaya bilmir, zəng vurub, Əlabbasdan soruşurdum. Sonra o məni özü ilə birlikdə Məşhədə apardı, sonra Kərbəlaya, sonra isə Həcc ziyarətinə getdim. Bu yolu tutmaqda mənə ürək-dirək verən Əlabbas oldu.
- Siz aktyorsunuz, səhnədə istər-istəməz şəriət ehkamlarına zidd olan hərəkətlər etməli olursunuz. Namaz qılmaqla bunlar bir araya necə sığır?
- Səhnə mənim sənət həyatımla bağlıdır. Bunların bir-birinə dəxli yoxdur. Başqa hacılar kimi mən nə araq içirəm, nə də çəkirəm.
- İçki məclislərində Məşədi İbad vəziyyətində qalmırsınızmı?
- Ən yaxşı vəziyyət elə Məşədi İbad vəziyyətidir. Məşədi İbaddan yaxşı kişi var idi o məclisdə? Mən də dostların qəlbini qırmamaq üçün məclislərə gedirəm. Ancaq içməyənlər üçün ayrıca stol qoyurlar, orada otururam.
- Gənclik, şöhrət, dövlət - bunlardan hansını seçərdiniz?
- Gəncliyimi pis keçirməmişəm, şöhrət də qazanmışam. Bu yaşda dövlət istəyərdim.
- Varlı deyilsinizsə, bəs, Sahibkarlar
Partiyasına üzv olmağınız nə ilə bağlıdır?
- Sahibkarlıq fəaliyyətinə təzə başlamışam. Yeri gəlmişkən, bizim partiyanı istəməyənlər arada cəhd göstərdilər ki, partiya haqqında ölkə Prezidentində yanlış təsəvvür yaratsınlar. Ancaq buna nail ola bilmədilər. Hazırda Sahibkarlar Partiyası Prezidentin ən çox hörmət göstərdiyi partiyalardan biridir. Heydər Əliyevin bu günlərdə partiyamızın sədri Mahmud Məmmədovu qəbul etməsi də bunu sübut edir.
- 70-ci illər Azərbaycan teatrının iki ən məşhur komediya ustası Hacıbaba Bağırov və siz idiniz. Siz onu teatra gətirsəniz də etiraf edərsiniz ki, Hacıbaba Bağırov sizdən daha populyar idi. Amma bu gün hamı bu fikirdədir ki, guya o, yerində sayır, öz-özünü təqlid edir, siz isə inkişaf edib, irəli gedirsiniz. Ümumiyyətlə, 50 yaşdan sonra aktyorun yerində sayması fikrinə münasibətiniz necədir?
- Əgər kim 50 yaşdan sonra yerində sayırsa, demək, o, sənətə təsadüfən gəlib. Həqiqi aktyor mənim aləmimdə heç vaxt yerində saymamalıdır. Aktyorluq Allah vergisidir. Allah vergisi isə hüdud tanımır.
- Əgər elədirsə, niyə komik rollar hüdudundan kənara çıxmırsınız?
- Məncə, aktyorda amplua olmamalıdır. Mən Salamov rolunda Mirzəğa Əliyevi görmüşəm. O öləndən sonra rolu verdilər Ələsgər Ələkbərova. Otello, Vaqif, Fərhad, Cavanşir və birdən-birə Salamov. Amma Ələsgər Ələkbərov Salamovu elə oynadı ki, tamaşaçılar lərzəyə gəldi. Mənim komik rollar oynamağım uzun müddət Musiqili Komediya Teatrında işləməyimlə bağlıdır. Elə Milli Teatra gəlməkdə məqsədim də başqa profilə keçmək istəyimlə bağlı olub. İstəyirdim ki, Şekspirin, Ostrovskinin, Qoqolun əsərlərində oynayım.
- Nə əcəb, öz teatrınızı yaratmaq fikrinə düşməmisiniz?
- Yeni yaranan teatrlar müvəqqəti şeylərdir. Mən bu teatrların əleyhinəyəm. Belə teatrları yaradanlar beş-on cavanı başlarına yığıb özlərini göstərirlər. Çünki cavanların içində nəzərə çarpmaq daha asandır. Mən güclü partnyorlarla işləməyə daha üstünlük verirəm. Bir də heç dövlət teatrlarını maaşla təmin etmək olmur. Təzə teatr yaratmağa nə ehtiyac var?
- Bu günlərdə bir çox aktyorlara fəxri adlar verildi. Bu adlara münasibətiniz necədir?
- Çox da yaxşı deyil. Bəzən elə adamlara ad verirlər ki, mən öz adımdan imtina etmək istəyirəm. Bir də görürsən ki, cavan bir aktyora ad verilir. Özünü səninlə bərabər tutmağa başlayır. Adları çox zaman layiq olmayan adamlara verirlər.
- Aktyorlarda bəzi qəribəliklər olur...
- Aktyorluq sənət xəstəliyidir. Maaş vaxtında verilmir, ac-yalavac rol oynamalısan. Bundan böyük qəribəlik...
- Bu, hamıya aid, ümumi söz oldu.
- Mənim tez-tez özümdən küsməyim var. Elə məclislər olur ki, ürəklə oturduğum yerdə, birdən başqalarına əhəmiyyətsiz görünən bir şey qəlbimə dəyir, dinməzcə durub gedirəm. Başqalarının götürdüyü çox şeyi mən götürə bilmirəm.
- Ürəyinizdə qalan rol varmı?
- Var, amma demirəm, oynasam, nə vaxtsa qismət olar, siz də bilərsiniz. Qismət olmasa, bu istəyim özümlə gedəcək.
- Təsəvvür edin ki, sehrli xalçaya minib gələcəyə gedirsiniz. Geri dönməyəcəksiniz. Özünlə bir şey götürməyə icazə verirlər. Nəyi götürərdiniz?
- Qrimimi götürərdim. Yəqin orada da teatr olacaq, qrimə ehtiyac duyulacaq.
“Ədəbiyyat və incəsənət”
(13.01.2023)
Məşhur aktrisa İranda edam edilən gənclərdən yazdı
Fransalı məşhur aktrisa Marion Kotillard yanvarın 7-də İranda edam edilən Mehdi Kərəmi və Məhəmməd Hüseynlə bağlı paylaşım edib.
“Ədəbiyyat və incəsənət” axşam.az-a istinadən xəbər verir ki, sənətçi "İranda edamı dayandır" həştəqindən istifadə edərək onların fotolarını izləyiciləriylə bölüşüb və bu sözləri yazıb:
"Onların çəkdiyi əzabları dünyaya çatdırmalıyıq. İranda fövqəladə vəziyyət yaranıb. İran rejimi tərəfindən ölümə məhkum edilmiş günahsız insanları xilas etmək üçün mübarizəmizi davam etdirməliyik".
Aktrisa Məhəmməd Mehdi Kərəminin atasına dediyi "Ata, bizə hökm verdilər, mənim hökmüm edamdır, amma anama demə" sözləri də sosial şəbəkədə paylaşıb.
Qeyd edək ki, Mehdi Kərəmi və Məhəmməd Hüseyn Kərəc şəhərində hakimiyyət əleyhinə nümayişlər zamanı Bəsic qüvvələrinin (Bəsic İranda birbaşa dini liderdən əmr alan yarım hərbi könüllü təhlükəsizlik qüvvələridir) bir üzvünü öldürməkdə təqsirli bilinərək edam ediliblər.
“Ədəbiyyat və incəsənət”
(13.01.2023)
Bir proqramdan doğan min sual - ölülərlə niyə işimiz olsun ki?
Bu dəfə sizə YouTube-da yayımlanan "AStar" proqramından danışacağıq. 1 saat 19 dəqiqə çəkən sonuncu buraxılışda aparıcı Ülvira Qarayevanın qonağı Xalq artisti Flora Kərimova oldu. Və Flora xanım bütün proqramı mərhum Xalq artisti İlamə Quliyevadan gileylənməyə yönəltdi. 81 yaşlı sənətkar bildirdi ki, heç zaman İlhamə Quliyevanı bağışlamayacaq.
Flora xanım bir yerdə belə dedi:
“İlhaməyə rəhmətlik də deməyə dilim gəlmir. Ona Allah rəhmət eləsin deyə bilmirəm. Allah ona elə bir xasiyyət vermişdi ki, Allah özü onu o xasiyyəti ilə qarğışlayıb. Ona 50 dəfə "Allah rəhmət eləsin" deməklə Allah onu bağışlamayacaq. Yaradan bir insana xasiyyət verəndə, onun qarğışını da verir. O, sözüməmi baxacaq?".
Başqa yerdə belə dedi: "Ölüm heç bir hesabı bağlamır. Heç vaxt! Heç bir incikliyin üstündən getmir. Ölüm heç kimə bəraət qazandırmır. Ona görə ruslar deyirlər - "Həqiqətdən başqa...". Ömür boyu səhv etmək olar? İlhamənin səhvi elə mənə qalmışdı? Bir insan ki, baş sağlığına gəlib, deyə ki, sən məndən yaxşı oxumursan. Bu insana nə deyəsən? İlhamə içəri girib, yasıma gələnləri qışqıraraq qovmuşdu. İndiyə kimi də onun etdiklərini başa düşə bilmirəm. Evimdən cingiltili səs eşitdim.
Qızım Zümrüd qaça-qaça üstümə gəlib "Anacan, İlhaməni dayandır!" deyə-deyə qalmışdı. Qızım gördüklərini belə danışa bilmirdi. Sənə ayıb deyil? Qızımın onda səkkiz yaşı vardı. Onun niyə ürəyini paralayırdın? Gəlib görürəm ki, İlhamənin səsi bürüyüb evi".
Bir başqa yerdə isə belə deyib:
"İlhamə deyirdi ki, sən Faiqi (Flora Kərimovanın həyat yoldaşı - red.) mənə qısqanırdın. Elə şey de ki, insanın ağlına batsın. Bağışlamıram! Bağışlayarlar əhəmiyyətli, sayan insanı. Niyə mən onu bağışlamalıyam? Nəyə görə? Mənə sataşanlara başdan deyirəm "Mənə dəyməyin. Bağışlamıram!". Çünki bu millətin çiynində alnı açıq getməliyəm. Vəssalam!"
Söhbəti çox uzatmayacağıq. Bizcə, bütün mübahisələr, tənqid və təhdidlar insanlar qarşılıqlı şəkildə, üzbəüz olarkən ortaya çıxmalıdır. Belədə haqq və nahaq da dərhal bilinir. Amma ölənin dalınca gileylənmək, irad bildirmək sanki futbolda bir qapıya oynamaq kimidir.
Və ümumiyyətlə, musiqimizin iki korifeyi niyə bu qədər düşmənçilik həddində olsunlar ki?
“Ədəbiyyat və incəsənət”
(13.01.2023)
“1 milyon söhbətini eşidəndə dəhşətə gəldim”
“Ədəbiyyat və incəsənət”in daimi oxucusu Mirvarid Səmədli bu mövzuda giley-güzarını redaksiyamızla bölüşüb. O yazıb:
Sosial mediadan xəbər tutdum ki, Türkiyənin meqastarı Tarkan Bakıda keçiriləcək toylardan birinə dəvət alıb. Ona 1 saatlıq konsertinə görə 1 milyon AZN ödəniləcək. Toyun cari ilin mart ayında baş tutacağı qeyd olunub.
Bir milyon manatı müğənniyə hansı korrupsioner, hansı harın verəcəksə qoy versin. Amma mən yüz faiz əminəm ki, o insan hansısa şəhid və qazi ailəsinə 1 manatını belə qıymaz.
Həyat niyə belə ədalətsizdir? Yüz minlərlə insan bir tikə çörəklə sınağa çəkilir. Onların hamısının haqqını yeyən birisi isə bax bu cür harınlıq edir.
“Ədəbiyyat və incəsənət”
(13.01.2023)
Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə yanvar ayının pensiyalarının ödənişinə başlanıb
Ötən il pensiyaçılara verilən maddi yardımlar bu ilin əvvəlindən onların pensiyalarına daxil edilərək artımla verilir
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə yanvar ayının pensiyalarının ödənilməsinə başlanılıb və proses sabah tam yekunlaşacaq.
“Ədəbiyyat və incəsənət” AzərTAC-a istinadən xəbər verir ki, yaxın günlərdə respublikamızın digər bölgələri üzrə də pensiyalar, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da ödəniləcək.
Ümumi əsaslarla pensiya təyin olunmuş pensiyaçılara ötən il üzrə verilən maddi yardımın (200 manat) hər aya düşən məbləği (16,66 manat) də bu ilin əvvəlindən onların pensiyalarına daxil edilib və yanvar ayının pensiyaları həmin artımlarla birgə ödənilir.
Eyni zamanda, xüsusi şərtlərlə pensiya təyin olunmuş, qulluq stajına görə əlavələr alan pensiyaçılara (pensiyada olan hərbi və xüsusi rütbəli şəxslər, dövlət qulluqçuları və s.) ötən il hər ay pensiyalarının 10 faizi qədər ödənilmiş maddi yardım da artıq bu ayın əvvəlindən onların pensiyası tərkibinə daxil edilib.
Prezident İlham Əliyevin 5 yanvar 2023-cü il tarixli Sərəncamına əsasən, minimum aylıq pensiyanın da 280 manata çatdırılması nəzərdə tutulur və Sərəncamla Nazirlər Kabinetinə bu barədə təkliflərini 10 gün müddətində dövlət başçısına təqdim etmək tapşırılıb.
Həmçinin bütün növ pensiyalar orta aylıq nominal əməkhaqqının ötən il üzrə artımına dair rəsmi statistik göstərici əsasında bu ilin əvvəlindən indeksləşdirilərək artırılacaq. Həmin artım tətbiq edildikdə bu barədə ətraflı məlumat veriləcək.
“Ədəbiyyat və incəsənət”
(13.01.2023)
“Artım”da açılan SAFEZONE sərgisi davam edir
YARAT Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə “Artım” layihə məkanında açılmış gənc rəssamlar Lali Binyatova, Nadir Eminov, İslam Həsənəlizadə, Katya İqoşina, Pərviz Kazımlı, Leylaxanım Qənbərli, İlkin Quliyev, Maksim Tatarintsevin “SAFEZONE” (Təhlükəsiz zona) adlı qrup sərgisi davam edir.
Fevral ayınadək davam edəcək sərgi öz ilhamını fransız filosofu Mişel Fuko tərəfindən mühazirə üçün işlənib hazırlanmış “Digər məkanlar haqqında: Utopiya və heterotopiya” (1967) adlı konsepsiyadan götürüb. “Heterotopiya” (“hetero” - digər, “topos” - yerlər) bir məkan daxilində xüsusilə ziddiyyətli və dəyişən, fərqli sayılan bir məkan kimi təsvir edilir. Mişel Fukonun fikrincə, utopiyalar, prinsip etibarilə, gerçək yeri olmayan və cəmiyyəti ideal formada təmsil edən yerlərdir. Bununla yanaşı, bəzi yerlər utopiyalara ziddir: böyük ehtimalla, hər bir mədəniyyətdə, hər sivilizasiyada həqiqi yerlər — həqiqətən mövcud olan və cəmiyyətin təməl daşını formalaşdıran yerlər var; onları bir növ “əks-ərazilər”, haradasa, effektiv şəkildə həyata keçirilmiş utopiya adlandırmaq olar.
Konsepsiyanın prinsiplərindən biri, “böhran heterotopiyası” adlanır və böhran vəziyyətində ola bilən cəmiyyət üzvləri üçün ayrılmış yerlərdən bəhs edir. Bu kontekstdə, qalereya məkanı rəssamlar üçün “heterotopiya” kimi təqdim olunur. Mövcud böhranda dayaq nöqtəsini tapmaq üçün, rəssamlar öz hekayələrini araşdıraraq, bu günü bərpa etmək üçün xəyali görüntülər yaradırlar. Özlərini ifadə etmək, əks etdirmək və katarsis üçün bir vasitə kimi onlar bədii mühitdən istifadə edirlər.
Ümumi qeyri-müəyyənlik və get-gedə azalan təhlükəsizlik şəraitində “sığınacaq” və “ev” anlayışları efemerik xüsusiyyətlər əldə edib: insanlar bir göz qırpımında öz başlarının üzərində damı itirirlər. “SAFEZONE” — rəssamların yaddaş, yerdəyişmə, paklanma, virtual aləm və zaman kimi müxtəlif kontekstlərdə təfsir etdiyi reallıq və paralel utopiya arasındakı məkana istinad etməklə, “sığınacaq” və “ev” kimi ambivalent anlayışlarını araşdırır.
Rəssamlar istər fiziki məkanda, istərsə də onun hüdudlarından xeyli kənarda, onlar “təhlükəsiz zonalarda” vasitəçi qismində çıxış etməklə, müxtəlif sığınacaq formalarını təklif edirlər.
“Ədəbiyyat və incəsənət”
(13.01.2023)
Stiven Kovi. “Yüksək effektli insanların yeddi vərdişi” - Uğur yolunu göstərən ən yaxşı kitablar
Professor Əlibala Məhərrəmzadə “Ev tapşırığı: Uğur düsturunu tapacağıq” layihəsini sizlərə təqdim edir
Uğur üçün lazım olan keyfiyyətlər arasında biz bol informasiya almağın, mütaliənin necə vacib olmasını da sadalamışdıq. Statistik hesablamalara görə hər bir uğurlu insanın il ərzində orta hesabla 19 kitab oxuduğunu da sizin diqqətinizə çatdırmışdım.
Əksər reytinq sıralamalarında yer alan «bizneçdə və peşəkar fəaliyyətdə uğur qazanmaq» mövzusunda ən populyar motivasiya bestsellerləri arasından sizinçün seçdiyim 10-luqdakı kitablara bir-bir şərh verməyi davam edirəm.
Stiven Kovi. Yüksək effektli insanların yeddi vərdişi
19 il öncə çıxan bu kitabın dünya üzrə 15 milyondan artıq nüsxəsi satılmışdır. On illərdir ki, bu superbestseller dəbdən düşmək bilmir.
Motivasiya ədəbiyyatı yazan bir çox digər müəlliflərdən fərqli olaraq Stiven Kevi uğura gedən yolun qısa olduğunu iddia etmir, o, özünüinkişafın, həyatı dəyişmənin hətta bütöv bir ömür qədər çəkə biləcəyini söyləyir.
Stiven Kovi uğur qazanmağı arzulayan insanlara nəyi tövsiyə edir?
- Bilib eləməmək bilməməyə bərabərdir. Bacarıb eləməmək isə bacarmamağa.
- Hadisələrin bizə necə təsir etdiyini biz özümüz müəyyənləşdiririk.
- Effektiv adam problemləri ilə deyil, imkanları ilə düşünür.
- İnsana başqasının öz əzablarına son qoyub şəraitə qalib gəlməsini dərk etmək qədər güclü heç nə təsir edə bilməz.
- Yalnız yerinə yetirilməyən istək motivasiya edə bilər.
- Öz gücünü özünə investisiya qoymağa sərf elə.
- Problem – mahiyyətcə biz onu gördüyümüz kimidir.
- İnsanlar dünyanı olduğu kimi görürlər.
- Qızıl qaydalara görə, başqalarına qarşı elə hərəkət edin ki, onların da sizə qarşı o cür hərəkət etmələrini arzulayasınız.
Bu kitabı «Fortune 500» reytinqində yer alan əksər kompaniya rəhbərləri oxumaq üçün öz işçilərinə tövsiyə edirlər, bəzi kompaniyalarda isə işçilər üçün bu kitabı oxumaq məcburidir.
Stiven Kovinin kitabında olduqca faydalanacağınız aforizmlərə, ayrı-ayrı pritça və əhvalatlara da rast gəlmək mümkündür. Məsələn, onun Abraxam Masloudan gətirdiyi bu aforizmi çox bəyənirəm: «Əlində çəkic tutan ətrafın yalnız mismarlardan ibarət olmasını düşünməyə meyillidir».
Bu isə gözübağlı, uğursuz insanlara xitab edilən xırda bir ibrətamiz dialoqdur:
- Siz nə iş görürsünüz?
- Beş saatdır ki, bu ağacı mişarlayıram.
- Bəs niyə əl saxlayıb mişarınızı itiləmirsiniz?
- Vaxtım nə gəzir! Tez mişarlayıb qurtarmalıyam.
Sonda bir vacib detalı da deyim. Bu kitab, hətta Stiven Forbs, Larri Kinq, Bill Klinton kimi dünyaşöhrətlilərinin də həyatlarını dəyişib.
“Ədəbiyyat və incəsənət”
(13.01.2023)
Milli Kitabxanada yeni kitabların təqdimatı olacaq
Bu gün Milli Kitabxanada Mədəniyyət Nazirliyi ilə birgə Xalq yazıçısı, akademik Kamal Abdullanın və AMEA-nın müxbir üzvü, professor Rafiq Əliyevin müəllifləri olduğu “Kitabi-Dədə Qorqud və qeyri-səlis məntiq” kitabının təqdimatı keçiriləcək.
Bu gün eyni zamanda Milli Kitabxananın “Azərbaycanın görkəmli şəxsiyyətləri” layihəsi çərçivəsində nəşr etdiyi “Lütfi Zadə - Biblioqrafiya” kitabı da təqdim olunacaq.
“Ədəbiyyat və incəsənət”
(13.01.2023)
Altımetrlik pilləkənlərlə şou göstərdi və ABŞ vətəndaşı oldu
Daycest rubrikasında oxucularımıza bir müsahibəni təqdim edirik. Müsahibə ABŞ-də yaşayan azərbaycanlı sirk ustası, şoumen, Ginnes rekordçusu Üzeyir Novruzovladır. Akrobat sayta 2015-ci ildə “America’s Got Talent” şousuna qatılma yolundan, bu yarış hesabına Azərbaycanda tanınmağından, qonorarlarından, gələcəkdə ölkəsində sirk məktəbi açıb-açmayacağından və digər bir sıra məsələlərdən danışıb.
- Üzeyir bəy, oxucularımız üçün özünüz haqda ümumi bir məlumat verməyinizi istəyərdik.
- 1976-cı ildə doğulmuşam, 1988-ci ildə ailəmlə birlikdə Rusiyaya köçmüşəm, uşaqlıqdan atam bizdə incəsənətə maraq oyadıb. Orta təhsil olaraq Moskva Sirk Məktəbini bitirmişəm. Hazırda ABŞ-nin Las-Veqas şəhərində yaşayıram və işləyirəm. Sirk ustasıyam, evliyəm və üç övladım var.
-Azərbaycan dilinə münasibətiniz necədir?
-Rusiyada böyümüşəm, təhsilimi orada tamamlamışam, amma buna baxmayaraq, ailədə həmişə azərbaycanca danışmışıq. İndi də uzaqda yaşasaq da, bir çox qohumlarımla telefonda ancaq Azərbaycan dilində danışırıq. Uşaqlarıma da ana dilimizi öyrətməyə səy göstərirəm, onlar danışmaqda bəzən çətinlik çəksələr də, yaxşı başa düşürlər. Amma çalışıram ki, onlar da Azərbaycan dilində danışsınlar.
- İyirmi ildən çoxdur ABŞ-də yaşayırsınız, oraya köçməkdə məqsədiniz nə idi və uzun illər sizi ABŞ-də saxlayan nə oldu? Əməyinizin orada layiqincə qiymətləndirildiyini düşünürsünüzmü?
- Kolleci bitirdikdən sonra sırf iş üçün uzun illər xaricdə qastrol səfərlərində olmuşam. Yaponiya, Çin, Kanada, eləcə də bir çox Avropa ölkələrinə getmişəm. Sonra isə ABŞ-a gəlmək istədim və mənim buradakı işim çox yaxşı qarşılandı. Hazırda da dəyər verilir, işimin qarşılığı ödənilir, yoxsa burada yaşamazdım.
- 2015-ci ildə “America’s Got Talent”ə qatıldınız. Altımetrlik pilləkənlə şou göstərdiniz, rekord qırdınız və təbii olaraq proqram sizin tanınmağınızda müəyyən dərəcədə rol oynadı. Yarışa qatılmağa necə qərar verdiniz?
- Bəli, bu şouda iştirak etməzdən əvvəl 10 ildən çox müxtəlif ölkələrdə sirklərdə işləməyimə baxmayaraq, məni tanımırdınız. “AGT Show”da iştirak edəndən sonra geniş ictimaiyyət tərəfindən və təbii ki, həm də xalqım, azərbaycanlılar tərəfindən tanındım. Şükür. Dünya rekorduna imza atmaq istəyirdim, ona görə də qatılıb elə bir şou göstərdim.
- Tarixə düşmək üçün kifayət qədər təhlükəli nömrələrlə çıxış etdiniz. Tədbirlərinizdə təhlükəsizliyi ikinci plana atırsınız, yoxsa bu sadəcə “Got Talent” üçün keçərliydi? Ümumiyyətlə, sirki təhlükəli sahə hesab edirsinizmi?
- Sadəcə, AGT üçün belə bir şey etmədim, mən həmişə risklə əlaqəli nömrələr yerinə yetirmişəm. Çünki bu mənim xoşuma gəlir və məncə, tamaşaçılar da sevirlər. Bütövlükdə, sirk və bir çox sirk janrları təhlükəlidir.
- Həmin yarışdan sonra həyatınızda hansı dəyişikliklər baş verdi? Başqa ölkələrdən, şirkətlərdən sizə iş təklifləri gəldimi?
- Bəli, təbii ki, geniş ictimaiyyət məni tanıdı. Bundan sonra daha çox qastrol səfərlərinə başladım və təbii olaraq qonorarım da artdı. Amma ən əsası bu şouda iştirak edəndən sonra doğma ölkəm məni tanıdı.
- Kino sektorunda da özünüzü sınamaq istədiyinizi demisiniz. Bununla bağlı yaxın gələcək üçün nəzərdə tutulan layihə varmı?
- Doğrudur, deyirdim və hələ də deyirəm ki, özümü kino sahəsində sınamaq istəyirəm. Amma bu baş verməyibsə, yəqin ki, ulduzlar hələ də “sözləşməyiblər”. Yaxın gələcəkdə necə olacağını isə bilmirəm, amma nə vaxtsa bunun olacağına inanıram.
- Özünüz kimi bacarıqlı sirk ustaları yetişdirmək üçün məktəb açmağı düşünürsünüzmü? ABŞ və ya Azərbaycanda belə bir məktəb açıla bilər?
- Azərbaycanda vəziyyətin necə olduğunu bilmirəm, amma ABŞ-də sirk məktəbləri var. Şəxsən mənim öyrətməyimə gəldikdə isə, düzü, bilmirəm. İndiki gənclərin nə qədər səbirsiz olduğunu bilirsiniz. Bu sənət növü isə çox səbir və zəhmət tələb edir. Yenə də baxaq, görək, robotlar sirkimizi əvəz etməsə, yaxşı olar. Həyat göstərəcək.
(Oxu.az)
“Ədəbiyyat və incəsənət”
(13.01.2023)
Bu gün “NUR Art House”da keçə sərgisi açılacaq
Ta qədimdən keçə adlı parçanın əkiz tayı məişətimizdə yer tutub. Bu gün - yanvarın 14-də “NUR Art House” qalereyasında “Arts Council Azerbaijan” və “World Crafts Council Europe” təşkilatlarının birgə dəstəyi ilə modelyer-rəssam Nailə Kərimovanın "Keçə sənəti: Zamanın və məkanın vəhdəti" adlı ilk fərdi sərgisi açılacaq.
Qalereyanın mətbuat xidmətinin məlumata görə, keçə ustası Nailə Kərimovanın yaratdığı əsərlər müxtəlif mövzuları əhatə edir. Onun xalq tətbiqi sənətinə marağı uşaqlıqdan yaranıb. O, Azərbaycan Milli İncəsənət Muzeyində işlədiyi müddətdə incəsənət sahəsini dərindən öyrənməyə başlayıb və uşaqlıq marağı sənətə çevrilib. Daha sonra modelyer-rəssam kimi təhsil alıb və ciddi şəkildə tətbiqi sənətdə yenilik yaratmaq arzusu onu keçə sənətinə gətirib.
N.Kərimova Azərbaycan mədəniyyəti üçün çox nadir və unikal olan bu sənətin unudulmasını istəmədiyinə görə, ona müraciət edib. Ölkəmizin isti iqlim şəraitini nəzərə alaraq keçəni müxtəlif materiallarla kombinə edərək, yalnız dekor üçün deyil, həmçinin geyimdə və aksesuarlarda da keçə sənətindən istifadə edir.
Qeyd edək ki, modelyer-rəssam Nailə Kərimovanın dizayner kimi axtarışlarında əsas məqsəd keçə sənətinin müasir ifadə vasitələri və imkanlarını tam olaraq sənətsevərlərə təqdim etməkdir.
“Ədəbiyyat və incəsənət”
(13.01.2023)