ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

“Ədəbiyyat və incəsənət” portalı tanınmış ədəbiyyatşünas və pedaqoq Məti Osmanoğlunun gənc yazarlar üçün ünvanladığı “Naturalizm cərəyanı” məqaləsini təqdim edir.

 

Naturalizm ədəbi cərəyan kimi XIX əsrin ikinci yarısında Fransada yaranıb və proqramlı şəkildə formalaşıb. “Naturalizm” termini latın dilindən gəlir, mənası  “təbii” deməkdir.  Bu cərəyanın qarşısına qoyulan başlıca məqsəd psixoloji və sosial gerçəkliyi bədii əsərlərdə təbiət elmlərində istifadə olunan metodlar vasitəsilə təsvir etmək idi. Naturalizm cərəyanının təmsilçiləri gerçəkliyin və insan xarakterinin obyektiv, dəqiq və qərəzsiz təsvirinə can atdıqlarını iddia edirdilər.

 

Bu cərəyanın nəzəriyyəsinə əsasən, roman gerçəkliyi necə var, o cür təsvir etməli, həyatı ideallaşdırmaqdan, ona bəzək-düzək vurmaqdan çəkinməlidir. Təbiəti tədqiq edən romanın qarşısına sədlər çəkərək onu məhdudlaşdırmaq olmaz: roman tarix, fiziologiya, psixologiya, siyasət, sosial iqtisadiyyat, din məsələlərinə müdaxilə etməlidir.

Naturalizm anlayışının ədəbiyyatşünaslığa gətirilməsi isə  fransız yazıçısı Emil Zolyanın adı ilə bağlıdır. Onun “Eksperimental roman” məqaləsi həkim Klod Bernardın “Eksperimental təbabətin öyrənilməsinə giriş” əsərinə əsaslanır. E.Zolya K.Bernardın  müşahidə və eksperiment haqqında fikir və mülahizələrini ədəbiyyata tətbiq edərək  bədii yaradıcılığı təbiət elmlərinin XIX əsrin ikinci yarısında əldə etdiyi nailiyyətlərlə bir araya gətirməyə çalışmışdı. E.Zolyanın fikrincə, naturalizm təbiətə münasibətdə dəqiq elmlərin son nailiyyətləri ilə eyni səviyyəyə yüksəlməli, Viktor Hüqonun idealist-romantik “fantasmaqoriyasını” aradan qaldırmalı idi.

K.Bernardın “müşahidə göstərir, eksperiment isə öyrədir” mülahizəsinə istinad edən E.Zolya romançının həm müşahidəçi, həm də eksperimentator olduğu fikrində idi. O vurğulayırdı ki,  roman yazan yazıçı “müşahidəçi olaraq faktları müşahidə etdiyi kimi təsvir edir, başlanğıc nöqtəsini müəyyənləşdirir, personajlarının fəaliyyət göstərəcəyi və hadisələrin cərəyan edəcəyi möhkəm zəmini hazırlayır. Sonra o, eksperimentatora çevrilir və eksperiment aparır – yəni konkret əsər çərçivəsində personajları hərəkətə gətirir, əsərdə baş verən hadisələrin ardıcıllığının tədqiq olunan hadisələrin məntiqinin tələb etdiyi kimi tam eyni olacağını göstərir”.

Fransız ədəbiyyatında E.Zolyadan sonra yazıb-yaradan yazıçılar bu cərəyana yeni rənglər əlavə elədilər. Gi de Mopassan romanlarında öz tərcümeyi-hal faktlarından daha çox istifadə etdi, Alfons Dode naturalizmə satira və yumoru gətirdi.

Keçən əsrin əvvəllərində dünya ədəbiyyatında naturalizm yenidən canlandı. Almaniyada Q.Hauptmanın, İsveçdə C.Strindberqin, Rusiyada M.Qorkinin, A.Kuprinin, İ.Buninin, ABŞ-da T.Drayzerin, C.Londonun və C.Steynbekin yaradıcılığına naturalizmin təsirlərini görmək mümkündür.

Ədəbiyyatşünaslıqda belə bir yanaşma da mövcuddur ki, naturalizm realist metodun zirvəsi idi və ədəbiyyat bu zirvəni fəth edəndən sonra realist metod tərəddüd keçirməyə düçar oldu.  Xüsusilə Birinci Dünya müharibəsi kimi qlobal fəlakət gerçəkliyin realist və romantik ölçülərə sığmayan qatma-qarışıq mahiyyətini üzə çıxartdı, hər hansı bir nəzəriyyə ilə izah etməyin mümkün olmadığını ortaya gətirdi. Beləliklə, ədəbiyyatda digər cərəyanların, gerçəkliyə fərqli pəncərələrdən baxmağın yolu açılmış oldu.

 

Emil Zolyanın naturalizm cərəyanının nəzəri əsasını təşkil edən “Eksperimental roman” məqaləsi söylənənlərə əyani sübutdur ki, Məti Osmanoğlunun dilimizə çevirdiyi həmin məqaləni irəliləyən saatlarda diqqətinzə çatdıracağıq.

 

“Ədəbiyyat və incəsənət”

(17.03.2023)

 

Martın 16-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində “Heydər Əliyev İli” çərçivəsində “Bahar gəlir” adlı tədbir keçirilib.

 

Tədbir Musiqi Mədəniyyəti Dövlət Muzeyi ilə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının birgə təşkilatçılığı ilə reallaşıb.

Muzeyin direktoru, Əməkdar mədəniyyət xadimi Alla Bayramova çıxış edərək tədbirin əhəmiyyətindən danışıb. Qeyd edib ki, Novruz xalqımızın birlik, bərabərlik və həmrəylik bayramıdır. 

Vurğulanıb ki, Novruz bayramının təşəkkül tapmasında, inkişaf etməsində xalqımızın mühüm töhfəsi var. Sovet dövründə Novruz bayramının keçirilməsinə sərt qadağalar qoyulsa da, xalqımız onu həmişə qeyd etməyə can atıb. Milli adət-ənənələrimizə, o cümlədən Novruz bayramına yüksək qiymət verən Ulu Öndər deyib: “Novruz xalqımızın əsrlərdən bəri qoruyub saxladığı və bütün dövrlərdə həmişə əziz tutduğu bayramlardan biridir. Onun tarixi də Azərbaycan xalqının tarixi kimi keşməkeşli, enişli-yoxuşlu olmuşdur. Bu qədim bayramın müstəqil respublikamızda dövlət səviyyəsində qeyd edilməsi öz milli köklərimizə, adət-ənənələrimizə, tarixi keçmişimizə dərin ehtiram bəslədiyimizi və sarsılmaz tellərlə bağlı olduğumuzu nümayiş etdirir”. 

Muzeyin şöbə müdiri Ülviyyə Şəmmədova xalqımızın qədim tarixini əks etdirən, milli adət-ənənələrimizi özündə birləşdirən Novruz bayramı haqqında ətraflı danışıb.

Tədbir konsert proqramı ilə davam edib.

Konsertdə Bakı Musiqi Akademiyasının professor-müəllim və tələbələrinin ifalarında Azərbaycan və Qərbi Avropa bəstəkarlarının əsərlərindən ibarət “Bahar gəlir” adlı konsert proqramı təqdim olunub.

 

“Ədəbiyyat və incəsənət”

(17.03.2023)

Cümə, 17 Mart 2023 10:00

Şandor Petefi və Ramil Əhməd

Şandor Petefinin əsərlərinin türk dillərinə ən yaxşı tərcüməsi üzrə müsabiqədə həmyerlilərimiz fərqləniblər

 

Macarıstanda görkəmli şair Şandor Petefinin 200 illik yubileyi münasibətilə onun əsərlərinin TÜRKSOY təşkilatının üzvü olan xalqların dillərinə ən yaxşı tərcüməsi üzrə müsabiqə keçirilib. Mükafatların Macarıstanın milli bayramı olan 15 Mart tarixində təqdim edilməsi ona verilən önəmdən xəbər verib. 

Müsabiqədə Türk Dövlətləri Təşkilatının üzv dövlətləri – Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan şairləri iştirak ediblər. Bu ölkələrdən olan yüzdən çox şair Şandor Petefinin əsərlərinin 500 tərcüməsini təqdim ediblər. 

 

“Ədəbiyyat və incəsənət” portalı fəxrlə bildirir ki, bu qədər şair arasından yeddi şair seçilərək qalib elan edilib. Onlardan ikisi - Ramil Əhməd və Cavid Mövsümlü Azərbaycandandır. Dauren Berikkajyulı (Qazaxıstan), Tolukbek Mendebayev (Qırğızıstan), Dursun Ayan (Türkiyə), Akmırat Rəcəbov (Türkmənistan) və Rustam Musurmon (Özbəkistan) bu müsabiqənin digər qalibləridir. 

Bədii tərcümələr üzrə müsabiqə Macarıstan Baş nazirinin dəftərxanası, Xarici İşlər və Ticarət Nazirliyi, Kişkunfeleqixaz meriyası, Macarıstan Yazıçılar Assosiasiyası, Macarıstan Elmlər Akademiyası, Milli Mədəniyyət İnstitutu, Petefi Ədəbiyyat Muzeyi və Tolstov Cəmiyyətinin dəstəyi ilə təşkil edilib. 

Mükafatların təntənəli təqdimatı mərasimi Kişkunfeleqixazdakı Mor Ferents adına Mədəniyyət Mərkəzində keçirilib. 

Mükafatlandırma mərasimində Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri Tahir Tağızadə də iştirak edib.

Mərasimdə giriş nitqi ilə çıxış edən şəhər meri Yojef Çanyi xatırladıb ki, 1948-ci il martın 15-də Peşt və Budada inqilab alovlanıb. Əvvəlcə macar xalqının üsyanının yatırılması üçün milli qvardiya və Habsburq imperiyasının ordu hissələri cəlb olunub. Sonra avstriyalıların köməyinə xarici monarxiyalar yetişiblər. 

Müsabiqənin hər bir iştirakçısı Petefinin şeirlərini seçməklə yanaşı, onun “Azadlıq və sevgi” poemasını öz ana dilinə tərcümə etməli idi. Qeyd etdiyimiz kimi, Azərbaycan və Mərkəzi Asiya ölkələrindən olan şairlər müsabiqəyə 500-ə yaxın tərcümə təqdim ediblər. Hər bir ölkədən olan qalib-namizədlər Macarıstana səkkizgünlük səyahət hüququ qazanıblar. 

Macarıstan parlamentinin sədr müavini Şandor Lejak mərasimdəki çıxışında ədəbi fəaliyyətlə yanaşı, türkdilli xalqların mədəniyyətlərin yaxınlaşmasında yaxından iştirak edən TÜRKSOY beynəlxalq təşkilatının baş katibi Sultan Rayevin əməyini yüksək qiymətləndirib. O, bədii tərcümə proqramına dəstəyə görə Türk Dövlətləri Təşkilatının ölkələrinin səfirlərinə də təşəkkürünü bildirib. 

TÜRKSOY beynəlxalq təşkilatının baş katibi Sultan Rayev çıxışında qeyd edib ki, Şandor Petefinin əsərlərinin tərcüməsi üzrə uğurla başa çatan müsabiqə şairin yaradıcılığının təşkilata üzv olan ölkələrdə təbliği baxımından mühüm tədbirdir. O, tərcümə müsabiqəsini təşkil etdiyinə görə rəhbərlik etdiyi təşkilatın adından Şandor Lejaka minnətdarlıq edib. 

Müsabiqə çərçivəsində Kişkunfeleqixaz şəhəri Şandor Petefi adına Şəhər Kitabxanasının ən yaxşı təmsilçiləri və Mor Ferents adına Xalq Mədəniyyət Assosiasiyasının qiraətçilər müsabiqəsinin qalibləri də mükafatlara layiq görülüblər. Parlamentin sədr müavini Şandor Lejak orta məktəb şagirdləri Noemi Şeri, Dora Adam və Jofiya Qalfiyə hədiyyə paketləri təqdim edib.

Elə Petefi günlərində qədirbilən macarlar öz dahi şairlərinə iki şəhərdə abidə ucaldıblar. 

Qaliblərdən olan istedadlı şairimiz Ramil Əhməd söyləyir: 

“Jaszszentlazso şəhərində Şandor Petefinin  heykəlinin açılış mərasimində iştirak etdik. sonra isə Moricgat şəhərində növbəti heykəlinin açılışı mərasimində olduq. Bir həftə ərzində Macarıstanda Petefiyə

iki heykəl açıldı. Hər ikisində iştirak etmək, bu tarixi anların bir parçası olmaq xoş idi.”

 

“Ədəbiyyat və incəsənət”

(17.03.2023)

Nyu-York şəhərindəki məşhur “Carnegie Hall” mədəniyyət mərkəzinin “Weill” konsert salonunda keçirilən VIII “Florida Keys” beynəlxalq musiqi müsabiqəsinin qala-konsertində Çexiyada təhsil alan istedadlı gənc skripkaçı Canel Nəcəfli də iştirak edib.

 

“Ədəbiyyat və incəsənət” portalı Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, 20 yaşlı həmyerlimiz çıxışında bildirib ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş qala-konsertdə çıxış etmək çox məsuliyyətli və şərəfli olub. “Həmin axşam çox özəl və gözəl idi. Xarici iştirakçıların ifasında Azərbaycan əsərlərini dinləmək zövq verirdi”, - deyə skripkaçı öz təəssüratlarını bölüşüb. 

Qeyd edək ki, bu il Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 4-cü kurs tələbəsi (qiyabi) və Çexiyanın Pilsen Konservatoriyasının 4-cü kurs tələbəsi, respublika və beynəlxalq müsabiqələr laureatı Canel Nəcəfli üçün uğurlu başlayıb. O, Gənclər və İdman Nazirliyi tərəfindən “2023-cü ilin gənci” mükafatına layiq görülüb, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Yeni adlar” layihəsi çərçivəsində Azərbaycan Dövlət Filarmoniyasında solo konsertlə çıxış edib. “Çox qürurlu və sevincliyəm. Çünki builki uğurlarım xalqımız üçün çox əlamətdar ildə – “Heydər Əliyev İli”ndə baş verib”, - deyə musiqiçi vurğulayıb.

“Florida Keys” müsabiqəsində ikinci yer tutduğu üçün qala-konsertdə çıxış etməyə dəvət olunan azərbaycanlı gənc musiqiçi məşhur “Weill” salonunun səhnəsində görkəmli bəstəkarımız Fikrət Əmirovun “Məhəbbət rəqsi” əsərini ifa edib. Canel Nəcəfli həm də Fikrət Əmirovun əsərinin parlaq ifasına görə diploma və Əmirovlar ailəsinin xüsusi mükafatına layiq görülüb. 

Xatırladaq ki, Diasporla İş üzrə Dövlət Komitəsinin “Biz dəmir yumruğun gücü ilə Şuşadayıq” layihəsi çərçivəsində işğaldan azad edilmiş Şuşanı ziyarət edən ifaçı həyatda ən böyük arzusuna çatıb. O, Şuşa qalasının qarşısında “Sarı gəlin”, Cıdır düzündə isə “Ay Laçın” xalq mahnılarını skripkada ifa edib.

 

“Ədəbiyyat və incəsənət”

(17.03.2023)

Ötən gün bəstəkar, pianoçu, caz-muğam üslubunun banisi, Azərbaycanın Əməkdar artisti Vaqif Mustafazadənin doğum günü idi. Bu münasibətlə müxtəlif tədbirlər, o cümlədən Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Vaqif Mustafazadənin mənzil-muzeyində unudulmaz sənətkarın xatirəsinə həsr olunmuş tədbir keçirildi.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tədbirə mərhum cazmenin yaxınları, ictimai və musiqi xadimləri iştirak edirdi. 

Vaqif Mustafazadənin mənzil-muzeyinin direktoru Afaq Əliyeva çıxış edərək görkəmli sənətkarın yaradıcılığından danışdı, onun caz-muğam üslubunun banisi kimi xidmətlərini vurğuladı. 

Afaq xanım qeyd etdi ki, Vaqif Mustafazadə Azərbaycan caz musiqisinin banisi və yeni caz fikrinin təsisçisidir. O, dərin köklərə malik qədim Azərbaycan muğamı ilə caz musiqisini uğurlu sintez edərək, dünya musiqi inciləri xəzinəsinə caz-muğamın təkrarolunmaz nümunələrini bəxş edib. Fortepiano və simfonik orkestr üçün konsertin, tamamlanmamış "Muğam" simfoniyasının bir sıra caz kompozisiyalarının və pyeslərin müəllifi olub.

Sonra söz xatirələrə verildi. Əməkdar incəsənət xadimləri Elnarə Dadaşova və Zümrüd Dadaşzadə unudulmaz sənətkarla bağlı xatirələrini bölüşdülər, onun yaradıcılığından bəhs etdilər. 

Vurğuladılar ki, Vaqif Mustafazadənin Azərbaycan musiqiaində etdiyi yeniliklər bu gün də aktualdır və bir çox musiqiçilər ifalarında onun yaratdığı caz-muğam sintezindən istifadə edirlər. O, XX əsrin görkəmli caz pianoçularından biri və bəstəkar olmaqla yanaşı, yaradıcılığı dövründə “Orero” ansamblına, “Qafqaz” caz üçlüyünə, “Leyli” və ”Sevil” qadın vokal-instrumental və “Muğam” instrumental ansambllarına rəhbərlik edib. Vaqif Mustafazadə bir neçə beynəlxalq caz müsabiqəsi və festivallarının laureatı olub. İllər keçsə də Vaqif Mustafazadə və onun sənəti bugünkü kimi seviləcək, sənət adamlarının tədqiqat mövzusu olacaq.

Tədbir konsert proqramı ilə davam edib. Konsert çərçivəsində gənc ifaçılar Vaqif Mustafazadə və digər bəstəkarların əsərlərini səsləndirdilər.

Bu küləkli və yağışlı Bakı gününü Vaqif Mustafazadə xatirəsi isitməkdə idi.

 

“Ədəbiyyat və incəsənət”

(17.03.2023)

Daycest bölümündə sizə AzərTAC agentliyinin müxbirinin dahi cazmen Vaqif Mustafazadənin ev muzeyindən reportajını təqdim edirik. 

İçərişəhərdə yerləşən ev muzeyində olan əməkdaş muzeyin direktoru, sənətkarın adını daşıyan xeyriyyə fondunun rəhbəri Afaq Əliyeva ilə görüşüb, söhbət edib.

 

Muzeyin Vaqif Mustafazadənin anası Zivər Əliyeva tərəfindən yaradıldığını bildirən həmsöhbətim deyib ki, 1989-cu il iyulun 28-də fəaliyyətə başlayan muzey ötən illər ərzində bir sıra mühüm işlərə, layihələrə imza atıb: “1994-cü ildə muzey Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı statusunu alıb. 1989-1997 illər ərzində muzeyin müdiri Zivər Əliyeva olub. Muzeydə 1214 eksponat qorunub saxlanılır. Bunların arasında Vaqif Mustafazadəyə aid fotoşəkillər, afişalar, qramvallar, müxtəlif sənədlər, rəsm əsərləri, məişət əşyaları və s. eksponatlar var. Mənzil muzeyi 3 otaqdan ibarətdir. Ekspozisiyada Vaqifin həyat və yaradıcılığına aid fotoşəkillər, müxtəlif sənədlər, şəxsi əşyalar və s. təqdim olunur. 2004-cü ildə muzeyi tamamən təmir-restavrasiya etməyə başladıq. 2005-ci ildə muzeyin əsaslı təmirdən sonra açılışı oldu”.

Muzeyin tərkibində fəaliyyət göstərən Vaqif Mustafazadənin adını daşıyan xeyriyyə fondunun fəaliyyətindən də söz açan Afaq Əliyeva deyib ki, görülən işlərin nəticəsi olaraq 1999-cu ildə sənətkarın ilk musiqi albomu buraxılıb. Mütəmadi olaraq fond və ev-muzeyi tərəfindən təşkil olunan tədbirlərə toxunan A.Əliyeva 2005-ci ildə Moskvada V.Mustafazadəyə həsr olunmuş festivalı xüsusi ilə qeyd edib.

Muzeydə sənətkara məxsus şəxsi əşyalar sırasında köhnə radio diqqətimi çəkir. Muzeyin rəhbəri deyir ki, Vaqif Mustafazadə 16 yaşından bu radio qəbuledicisi ilə caz musiqilərini həvəslə dinləyib. O, Bill Evans və saksofonçu Con Koltraneni dinləməyi çox sevirdi. Onları dinlədikdən sonra V.Mustafazadə royal arxasında oturaraq həmin musiqiləri böyük coşqu ilə ifa edirdi. Onun çox gözəl musiqi duyumu var idi. O, anında dinlədiyi musiqini həmin an ifa edərək improvizə edə bilirdi.

Caz-muğam üslubunun yaranma tarixinə nəzər salan A.Əliyeva maraqlı məqamlara toxunur: "Vaqif cazı sevdiyi kimi anası Zivər xanım da muğamı çox sevirdi. Zivər xanım hətta dahi bəstəkarımız Üzeyir Hacıbəylinin ilk tələbələrindən olub. Vaqif Mustafazadə bu səbəbdən də uşaqlıqdan muğam sədaları ilə böyümüşdü. Onun cazla muğamı sintez etməsi böyük bir hadisə idi. 1969-cu ildə V.Mustafazadə Gürcüstandan Azərbaycana qayıdır. Həmin zamanlarda ölkəmizdə "Bakı caz-69" adlı mötəbər caz festivalı keçirilirdi. O, bu festivalda iştirak edir. Bakılılar onu yenidən ölkəmizdə gördüklərindən məmnun olaraq, onun ifalarını təntənəli şəkildə alqışlayırdılar. Festivalda Vaqif Mustafazadə "76 kompozisiyası"nı ifa etməyə başlayır və anidən "Bayatı-Şiraz" muğamına keçid edir. Əsər 76 taxtdan ibarət olduğuna görə belə adlanır. O anlayır ki, Azərbaycan musiqisində böyük yenilik edib. Cazla muğamı sintez edərək birləşdirir. Bu, həqiqətən də musiqidə yenilik idi. Bundan sonra isə təkcə ölkəmizdə yox, bütün dünyada caz-muğam üslubu yaranmış olur”.

Amansız ölümün Vaqifi tez apardığını söyləyən Afaq Əliyeva deyib: “Təbii ki, Vaqif davamlı olaraq çox yeniliklər etmək istəyirdi, amma qismət olmadı. Buna baxmayaraq o, çoxsaylı ölməz əsərlər qoyub getdi. Bu gün Vaqif Mustafazadənin yolunu qızı Əzizə Mustafazadə böyük uğurlarla davam etdirir. Əzizə 7-8 yaşında Tbilisidə keçirilən caz festivalında laureat olub. Ə.Mustafazadə hazırda Almaniyada yaşayır və bəstəkarın mədəni irsini layiqincə təbliğ edir. O, 1997-ci ildə İngiltərə Kraliçasının klubunda konsert proqramı ilə çıxış edib və Kraliça ona "Cazın şahzadəsi" adını verib. Hazırda dünyada Əzizə Mustafazadəni hamı bu adla tanıyır".

Daha sonra muzeyi gəzərək burada sərgilənən görkəmli caz ustasının şəxsi əşyaları ilə də tanış oluruq.

Muzey bələdçisi Nigar İmanova bura daha çox xarici qonaqların üz tutduğunu bildirir: “Muzey ziyarətçilər tərəfindən böyük maraqla qarşılanır. Xaricilərlə yanaşı, yerli ziyarətçilər arasında tələbələr daha çox üstünlük təşkil edir. Onların Vaqif Mustafazadə irsinə sonsuz sevgisini muzeyin qeyd kitabına yazdıqları xoş sözlərdən bir daha hiss etmək olur. Qonaqlar daha çox görkəmli bəstəkarın şəxsi əşyalarına və şəkillərinə maraq göstərirlər”.

Sonra muzeyin digər bölmələri ilə də tanış oluruq. Burada qorunan hər bir əşya böyük cazmenin həyat yoluna, yaradıcılığına, onun fitri istedadına bir növ bələdçilik edir, insana xoş, həzin hislər bəxş edir və adamı özü ilə çox da uzaq olmayan bir keçmişə aparır.

Muzeyin digər əməkdaşı Fəridəxanım Seidzadə də deyir ki, bura mütəmadi olaraq məktəblilər, tələbələr gəlirlər. Muzey İçərişəhərə gələn turistlərin daha çox üz tutduğu məkanlardandır: “Ziyarətçilərin, qonaqların buradan xoş təəssüratla ayrılmaları bizi sevindirir”.

Elə biz də Vaqif Mustafazadənin ev-muzeyini eyni hisslərlə tərk etdik.

 

“Ədəbiyyat və incəsənət”

(16.03.2023)

Sürücülər üçün heç də xoş olmayan bir xəbər. Paytaxt küçələrində avtomobillərin sürət hədləri aşağı salınır. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Bakı Nəqliyyat Agentliyinin saytına istinadən məlumat verir. 

Sürət həddi saatda 110 km/saat olan Heydər Əliyev prospektində (Koroğlu metrosundan Hava limanlnadək), Zuğulba və Mərdəkan şosselərində bu hədd bundan sonra 90 km/saat olacaq. 

Ziya Bünyadov prospektində sürət həddi saatda 90 kilometrdən 70-ə, Qara Qarayev prospektində 69-dan 50-yə endiriləcək. 

Tam siyahı ilə göstərilən cədvəldən tanış ola bilərsiniz.

 

“Ədəbiyyat və incəsənət”

(16.03.2023)

Cümə axşamı, 16 Mart 2023 18:00

Ünlü Enver Ertaş Bakıya gəlir

 

Mayın 27-də Bakı Musiqi Akademiyası nəzdində Opera Studiyasının konsert zalında Bakıda ilk dəfə dünyaca məşhur “The illusionist” şousunun yaradıcısı illüziyaçı Enver Ertaşın "Bir sehrim var" adlı möhtəşəm, interaktiv, yeni ailəvi şou proqramı təqdim ediləcək.

Sehirli, mistik, əyləncəli, ibrətamiz və təxəyyülün sərhədlərinin aşıldığı şou proqramda uşaqların interaktiv şounun bir hissəsi olmaqla yanaşı, həm də əylənmək imkanları olacaq.

Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

 

“Ədəbiyyat və incəsənət”

(16.03.2023)

 

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Polşaya səfəri çərçivəsində bu ölkənin Krakov şəhərində yerləşən, ölkənin ən qədim ali təhsil ocağı olan Yaqellon Universitetini ziyarət edib, universitetin inkişaf üzrə prorektoru Yaroslav Gorniaki ilə görüşüb. 

 

Fondun məlumatına görə, görüşdə universitetin müxtəlif fakültələrinin nümayəndələri, eləcə də Azərbaycanın Polşadakı səfirliyinin əməkdaşları iştirak ediblər.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Türk dünyasının qədim və zəngin mədəni irsinin qorunması, tanıdılması və gələcək nəsillərə ötürülməsi üzrə genişmiqyaslı fəaliyyətindən söz açılıb. Fondun təşkilata üzv və müşahidəçi dövlətlər ilə yanaşı, digər xarici ölkələrlə də tərəfdaşlıq əlaqələrinin genişləndirilməsindən bəhs olunub. Fondun Polşa ilə əməkdaşlıq çərçivəsində Yaqellon Universiteti ilə işbirliyi məsələləri müzakirə edilib, anlaşma memorandumunun imzalanması barədə razılığa gəlinib.

Sonra fondun prezidenti Filologiya fakültəsi nəzdində Şərqşünaslıq İnstitutunun Türkologiya departamentinin professor və tələbə heyəti qarşısında mühazirə ilə çıxış edib. Günay Əfəndiyeva rəhbərlik etdiyi təşkilatın prioritet istiqamətləri və beynəlxalq səviyyəli layihələri haqqında auditoriyaya məlumat verib. O, Türk dünyasının tarixinin, mədəniyyətinin, adət-ənənələrinin Polşada təbliği, ümumtürk mədəni dəyərlərinin qorunması haqqında söhbət açıb. 

Eyni zamanda fondun prezidenti türk xalqlarının əsrlərdən bəri qoruyub yaşatdığı bayramlardan olan Novruzun tarixi, özündə ehtiva etdiyi dəyər və ideyalarından bəhs edib.

Sonda tədbir iştirakçılarına Novruz xonçası və milli şirniyyatlar təqdim olunub.

 

“Ədəbiyyat və incəsənət”

(16.03.2023)

 

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan təmsilçisi Əli Çağla Stalin dövrü repressiyasının ədəbiyyata vurduğu zərbələri Mikayıl Müşfiqin tale hekayətində qələmə almaq cəhdi edərək “İçimdəki “Müşfiq” şeirini yazıb. Düşünürük ki, oxucular üçün maraqlı olar. 

 

 

İÇİMDƏKİ “MÜŞFİQ”

 

Dilbər, ev-eşiyi süpürüb, silib:

“Bir il də ömrünün üstünə gəldi,

Yeni yaş səninçün mübarək olsun!”

Deyib fərəhləndi, ürəkdən güldü.

 

Gecə göz vururdu göydə ulduzlar,

Şairlər zülmətdən ilham alırdı.

Deyirdim ölərəm, amma dönmərəm,

Köksümdə istiqlal marşın çalırdı.

 

Stalinə tərif yazan şairlər,

Bakının boyunu yerə soxurdu.

Rusiya onların sinələrinə,

Yaltaqlıq ordeni bir-bir taxırdı.

 

“Oxuma tar, oxuma tar,

Səni sevmir proletar.”

 

Dilim də, elim də, milliyyətim də,

Tarın çanağından çıxan səs idi.

Yaltaq şairlərin sözü şahların,

Mənə sevilməyən tarım bəs idi.

 

“Oxu tar, oxu tar,

Səni kimu unudar?”

 

“Oхu, sеvdiciyim, öz həvəsinlə!

İlham qanadlanır sənin səsinlə.

Nəğməndə oynasın sеllərin səsi,

Dan yеrindən əsən yеllərin səsi.

Gülləri qoхlayan bir rüzgar kimi,

Qumları oхşayan dalğalar kimi

Titrəyən, çağlayan nəğmən olaydım,

Ürəyindən qopan səs mən olaydım,

Oхu! Qüvvət gəlsin şеirə, sənətə,

Кönlümün quşunu gətir hеyrətə!

Nə qədər bənzəyir, vardım fərqinə,

Ömrümün ahəngi sənin şərqinə.

Ürək kövrəkləşir sən oхuyanda,

Sən də dinləsəydin mən oхuyanda!

Oхu, sеvdiciyim, öz həvəsinlə!

İlham qanadlanır sənin səsinlə!”

 

Gecəydi, sevgilər tavan altında,

Otaqdan şəhərə aşıb-daşırdı.

Uzaqdan atların ayaq səsləri,

Küçədə sükuta yaxınlaşırdı.

 

Atlar kişnədilər, dayanan kimi,

Düşdü faytonundan rus əsgərləri.

Silahlı adamlar evə doldular,

Evdə axtardılar bütün hər yeri. 

 

Dedim: “Dilbər, qorxma, qayıdacağam,

Dönməsəm, bil ki, mən ömrümü sürdüm.”

Qolumu əsgərlər bağlayan zaman,

Dilbərin gözünün yaşını gördüm.

 

Oldun rus əlində vətən tapdağı,

İşgəncə zamanı əzilən canım.

Mənim bədənimdən süzülən hər qan,

Sənə qurban olsun, Azərbaycanım.

 

Min bağça qürbətdə versələr mənə,

Vətənin bir sopmiş gülünə dəyməz.

Vətənin oğulu, vətən şairi,

Boynunu zalimin önündə əyməz.

 

Deyirlər tərif yaz rus şahlarına,

Hüseyin Cavidi öldürməsinlər.

Deyirəm onlara elə iş görün,

Sizi xalqınıza güldürməsinlər.

 

Cavidin ölümü bir inqilabdır,

Gözümün yaşıyla, nəşin yuyaram.

Sağ əlim Caviddən pislik yazarsa,

Sol əlimlə onu baltalayaram.

 

Cavidi öldürüb, öldürməsələr,

Xalqın yaddaşından silinməyəcək.

Xain şairlərin mədhiyyələri,

Rusa yazdıqları bilinməyəcək...

 

Yaz vətən adından, ana dilindən,

Qoy tarın zil səsi göyə ucalsın.

Ana laylasıyla böyüyən igid,

Şərəfli qocalsın, özgür qocalsın...

 

“Ədəbiyyat və incəsənət”

(16.03.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.