ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

Cümə, 03 Fevral 2023 13:30

“Dedim, qardaşıma qiymət yaz!”

“Ədəbiyyat  və incəsənət” portalı yazıçı-dramaturq Əyyub Qiyasın tanınmış teatr və kino xadimlərinin həyatlarından qələmə aldığı maraqlı anları təqdim edir. Növbəti təqdim edilən Hamlet Xanızadədir.

 

HAMLET XANIZADƏ

(1941-1990)

 

***

 

Mən eyni vaxtda böyük dramaturq Hüseyn Cavidin həm “İblis” (teatrda), həm də “Topal Teymur” (televiziyada) tamaşalarında əsas rolları oynayırdım. Bir gün böyük rejissor Mehdi Məmmədov məndən:

– Hamlet, rolların ikisi də ağırdır, böyükdür, yüklüdür. Sənin üçün çətin deyil ki? – deyib, xəbər aldı.

– Mehdi müəllim, rollar ağır olsa da hər iksini həvəslə oynayıram. Teatrda yorulanda, televiziyada başqa ab-havaya düşüb, dincəlirəm, orada yorulanda, “İblis”in məşqlərində yorğunluğum çıxır. Çünki əsərlər də gözəldir, rejissorlarım da.

– Elə sən də pis deyilsən, – deyən, Mehdi müəllim söhbəti zarafatla bitirdi.

 

***

1987-ci ildə kinorejissor Cəmil Quliyev “Cansıxıcı əhvalat” filmini çəkirdi. Filmdə kiçik qardaşımı incəsənət institutunun tələbəsi oynayırdı. Bəzən mən teatrda məşqdən çıxanda o teatrın qarşısında gözləyirdi, Pirşağıya çəkilişə bir yerdə, mənim maşınımla gedirdik.

Bir dəfə yol gedəndə “balaca qardaşımı” pərt gördüm.

– Nə olub, niyə kefin yoxdur? – soruşdum.

– Səhnə hərəkəti müəllimi Bəxtiyar Xanızadə mənə zaçot yazmır.  

– Niyə?

– Çəkilişdə olduğum üçün dərslərində olmamışam, ona görə.

– Darıxma, düzələr, – deyib yoluma davam etdim.

Çəkilişdən sonra axşam geri qayıdanda həmin tələbəyə bir kağız yazıb verdim:

– Bunu, Bəxtiyar müəllimə çatdırarsan.

Bəxtiyar Xanızadə mənim əmim nəvəsi idi. Kağızda “bu tələbə mənim “qardaşımdır”, onun zaçotunu ver getsin” – yazmışdım.

 

 “Ədəbiyyat və incəsənət”

(01.02.2023)

 

 

Cümə, 03 Fevral 2023 13:00

Bakılı balası sizi dəvət edir

Eyyub Yaqubov və "Big Band Sound Pro" çox saylı istəkləri nəzərə alaraq yenidən, tam fərqli bir solo-konsertinə dəvət edir. Və bu barədə sizlərə artıq bilgi vermişik. 

Bizim paytaxtımızda yaradılan möhtəşəm "Big Band Sound Pro" müşaiyəti ilə respublikanın xalq artistləri Eyyub Yaqubov, Cavan Zeynallı və orkestrın bədii rəhbəri Fuad Musayev konsert proqramı ilə çıxış edəcək.

Qeyd edək ki, musiqili gecə, 15-16 fevral, saat 20:00 Heydər Əliyev sarayında baş tutacaq.

Xatırladaq ki, ötən ildə Eyyub Yaqubov, Cavan Zeynallı və Fuad Musayev, "Big Band Sound Pro" -in iştirakı ilə DTX Mədəniyyət Evində iki gün, Heydər Əliyev Sarayında dörd gün, Gəncə Filarmoniyasının səhnəsində bir gün, Yaşıl Teatrda iki gün və Sea Breaze səhnəsində bir günlük möhtəşəm konsert proqramı ilə çıxış etmişdilər.

 

Biletlər https://iticket.az/ru/events/concert/eyyub-yaqubov-ve-big-band-sound-pro və şəhərin kassalarında.

 

“Ədəbiyyat və incəsənət”

(03.02.2023)

“Gözə, nəzərə, əmələ, caduya inanmıram. Amma yuxulara çox inanıram. Yuxuda gördüm ki, qayınanamı vedrə ilə döyürəm. Bu isə o deməkdir ki, o, bütün gücümü alıb".

 

“Ədəbiyyat və incəsənət” bizim.media-ya istinadən bildirir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan qonaq olduğu "Xeyirli axşamlar" verilişində deyib.

Sənətçi bildirib ki, qayınanası ailəsində elə bir şərait yaratmışdı ki, məcburiyyət qarşısında həyat yoldaşından boşanıb:

"O zaman ərimdən boşanmamışdım. Mən anamla qalırdım. Uşaqlarımın atası isə anası ilə. Bizim boşanmaq fikrimiz yox idi. Sevib ərə getməmişdim. Məni həmin insana ərə vermişdilər, mən də getmişdim.

Ailə mənim üçün müqəddəs olduğu üçün, ailəmi qoruyurdum. Aramızda qat-qat fərq vardı, hər bir şeydə. Buna baxmayaraq deyirdim ki, uşaqlarımın atasıdır, ailəmdir. Qayınanam ərimlə boşanmaq vəziyyətini yaratmışdı. Özləri də mənə yalvara-yalvara qalmışdı".

Bəli, Elza yenə öz ampluasındadır, yenə güldürür.

 

“Ədəbiyyat və incəsənət”

(03.02.2023)

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevanın yazısını təqdim edirik

 

Güney Azərbaycan şeirini orijinal yaradıcılıq dəst-xətti ilə zənginləşdirən, poeziyaya yeni bir rəng, çalar qatan görkəmli şair Pərvin Etisaminin (1907-1941) adı ədəbiyyat tarixində gözəl təmsillər ustası kimi əbədiləşib. Azərbaycan əsilli şair “Sərxoş, lakin agah” adlı romantik şeirlər toplusu ilə böyük şöhrət qazanmış, öz şair mənini təsdiqləmişdir. XX yüzil farsdilli Azərbaycan şeirinin görkəmli nümayəndəsi kimi tanınan Pərvin Etisami Azərbaycanın qədim mədəniyyət və sənət ocağı Təbrizdə doğulmuş, ədəbi zövqü və dünyagörüşü bu doğma şəhərdə formalaşıb inkişaf etmişdir.

 

Onun haqqında çağdaşlarının yazıb nəşr etdirdiyi xatirələr şairin şəxsiyyəti, şərəfli fəaliyyət yolu haqqında yüksək fikir və qənaətlər yaradır. Şeirlərini çap etdirən, əsərləri haqqında düşüncələrini bildirən müəlliflər şairin ədəbi-mədəni, ictimai-siyasi mühiti, ailəsi, doğulduğu yer və şəxsiyyətinin formalaşmasına təsir edən amillər barədə aydın təsəvvür yaratmışlar. Qulamhüseyn Təkmil Humayun Pərvin Etisamiyə həsr etdiyi məqaləsində yazır: “Pərvin öz dövrünün saleh və inanc sahibi olan insanıdır. Hər bir şairin, yazıçının və ya sənətkarın düşüncəsini anlamaq üçün, şübhəsiz ki, həmin şəxsiyyətin, özəlliklə sənətkarın formalaşmasında bir qəlib rolu oynamış dövrün ictimai-siyasi, mədəni durumunu öyrənmək lazımdır. ...Təbii ki, ictimai mühitin təsiri olmadan sənətkar formalaşmır”. Həm doğulduğu ailə mühiti, həm də fəaliyyət göstərdiyi ictimai çevrə Pərvin Etisaminin yaradıcılığına və sənətkar şəxsiyyətinə ciddi nüfuz etmişdir. Üzlət aşiqi, guşənişin şairin həyata baxışı ilk olaraq atasının təsirilə formalaşıb.

O, 1907-ci ildə Təbrizdə vali ailəsində anadan olub. Babası XIX yüzilin II yarısında Güney Azərbaycanın tanınmış aydınlarından biri kimi tanınıb. Atası Yusif Etisamülmülk Pərvinə hələ kiçik yaşlarından klassik Şərq ədəbiyyatını sevdirib. İranın çağdaş təcüməçi və şairlərindən biri olmaqla yanaşı, Təbrizdən millət vəkili seçilmiş Yusif Etisamülmülk işlərinin çox olmasına, ölkədəki çətin duruma baxmayaraq, qızının təhsili, düşüncələrinin formalaşması, istedadının üzə çıxması, poeziyanın dərinliklərinə bələd olması baxımından son dərəcə önəmli rola malik olmuşdur. Qızının yaradıcılığına ilk ədəbi qiymət verən də o, özü olmuşdur. Tədqiqatlarda Pərvin xanımın təlim-tərbiyəsində anasının müstəsna xidməti xüsusi vurğulansa da, şairin ədəbi inkişafı bilavasitə atasının adı ilə bağlıdır. Anasından əxz etdiyi milli-mənəvi dəyərlər, yüksək keyfiyyətlər onun Azərbaycan qadınının simvoluna çevrilməsində ciddi önəm kəsb etmişdir. Şairin anasına həsr etdiyi şeirlərin məzmunundan da görünür ki, anası İxtiyarülmülk xanım qayğıkeş, cəfakeş, gözəl və humanist insan, örnək bir ana və tərbiyəçi olmuşdur. Pərvin Etisaminin anası Nəsirəddin şah dövrünün natiq və katiblərindən, tanınmış aydınlarından olan, Qəvamüddövlə adı ilə tanınan, “Şuri” və “Qəvvam” təxəllüsləri ilə şeirlər yazan Mirzə Əbdülhüseyn Şuri Bəxşayeşin qızı idi. Pərvin Etisaminin babası Mirzə Əbdülhüseynin 9 qəsidə, 193 qəzəl, 4 müsəmmət, 1 tərcihbənd, 3 təzmin, 3 məsnəvi, 11 rübai və 1 saqinaməni əhatə edən “Divan”ı hazırda Təbriz Milli Kitabxanasında saxlanılır.

Pərvin Etisami Tehranda yerləşən Amerikan məktəbində təhsil almış, burada ingilis, ərəb dillərini mükəmməl öyrənmişdir. O, ən ünlü şairlərin, qələm adamlarının yanında fərdi ədəbiyyat dərsləri alaraq söz sənətinin sirlərinə dərindən yiyələnmişdir. Sonralar müəllim işləyən gənc şair 1926-cı ildə Pəhləvi sarayında işləməyə dəvət olunsa da, bu təklifdən imtina edib. Sənətsevər mədəni ailədə yetişdiyindən onun istedadlı gənc kimi özünü təsdiqləməsi, daha geniş çevrədə tanınması isə çətin olmayıb. O, hələ yeniyetmə yaşlarından atasının yanında böyük şair və yazıçılarla tanış olmuş, özü də uşaqlıqdan şeir yazmışdır. Gənc şairin əsərlərinə diqqətlə yanaşan atası Yusif Etisami qızının istedadını yüksək dəyərləndirərək yazırdı: “Pərvin xanım üslub, şəxsiyyət, fəlsəfi fikir, əxlaqi ifadə baxımından digərlərindən fərqlənməyi bacarmışdır. Pərvinin şeiri ovqat, əhval şeiri olamayıb, fərdi deyil. Onun şeiri böyük tərbiyə, zarafat, əxlaq şeiridir. Onun şeiri nəğmədir, məhəbbət ruhiyyəsidir, duyğu, fəzilətdir. Onun şeiri çalışqanlıq, əməl, razılıq, fəallıq nəğməsidir. Bu şeirlər oyaqlıq, salehlik, xilas nəğməsidir”. Az müddətdə bu “salehlik, xilas nəğmələri” bütün qapıları döymüşdü. Onun misraları yaxın-uzaq diyarlara yol tapmış, qəlbə yaxın, ruhu titrədən misraları hamı tərəfindən sevilmişdi:

 

Əqlilə evraqi dünyaya girərkən ey könül,

Eşqi də bir giz kimi içdə nihaan saxlamaq...

Can bağında anbaan əkmək gərək min türlü rəng,

Ol könül bağında yetkin baağbaanı saxlamaq.    

Eşq üçün bəslər ikən sirlərlə dolğun bir könül,

Ərməğan ol yar üçün sevdalı caanı saxlamaq...

 

Pərvin xanımın sənət yolunda uğurları bir-birini əvəz etsə də, şəxsi taleyi uğursuz olmuş, atasının əmisi oğlu ilə 1934-cü ilin yayında qurduğu ailənin ömrü uzun sürməmişdir. Bundan sonra şair ömrünün sonunadək bir daha ailə qurmamış, həyatını bütünlüklə şeirə-sənətə həsr etmişdir. Tənha və təcrid olunmuş bir həyat tərzi keçirən Pərvin Etisaminin böyük istedadı daha çox əsərlər ərsəyə gətirməyə imkan versə də, ömrü yarıda qırıldığından bunu gerçəkləşdirə bilməmişdir. O, cəmi 35 il yaşamışdır. Həyatda yeganə hamisi olan sevimli atasının ölümündən sonra həyatı dərdə, qəmə bürünmüş, möhkəm sarsılmışdır. Ümidini yalnız qələminə sarılmaqda, yazıb-yaratmaqda görən şair dərdini misralara yükləmişdir. Lakin bu həsrət ömründə yaşadığı bütün dərdlərdən ağır idi – şairin qəm qoxulu şeirlərində həmin itkinin yaşatdığı ağrı-acını daha aydın hiss etmək olur. Pərvin xanım bu ayrılıqdan 3 il sonra bu dünyaya gözlərini əbədi yumub. O, 1941-ci ildə Qum şəhərində vəfat etmişdir. Pərvin Etisaminin qəfil ölümü bütün ölkəni yasa qərq etmiş, xatirəsinə şeirlər, saysız mərsiyələr həsr olunmuşdur. Qum şəhərində, atasının məzarı yanında dəfn edilən şairin qəbir daşında sağlığında özünün seçdiyi “Nə gördün” rədifli qəzəli həkk olunub:

 

Ey gül, bağ ara təhlükədən qeyri, nə gördün?

Neştər kimi sözdən, ləkədən qeyri, nə gördün?

...Bəsdir bu qədər parladın ulduz kimi, ey ləl.

Yoxdur olanın, səksəkədən qeyri, nə gördün?

 

Ölümündən öncə, bu əzablı dünyadan yol alıb getməyə hazırlaşanda qəbri üstə həkk olunacaq şeirini seçməsi insanın canına, ruhuna bir üşütmə salır. Bu qədər ağır daxili gücü 35 yaşın astanasında o qədər rahat qəbul etmək hər yaradıcı qəlbin yükü ola bilməz. Yəqin ki, bu güc ancaq zərif qəlblə polad iradənin vəhdətindən doğa bilərdi...

 

Özündən sonra zəngin bir yaradıcılıq mirası qalan şairin şeirləri ona əbədiyaşarlıq qazandırmışdır. Fitri istedadı hələ kiçik yaşlarından üzə çıxan, 9 yaşındaykən şeirlər yazan Pərvinin sənətə gəlişi həyatını bütünlüklə dəyişdirmişdi. Güneyli ailələrdə qız uşaqlarına aid “şirin, parlaq, gözəl” anlamlarını ifadə edən “Rəxşəndə” – əzizləmə müraciəti onun şeir yazması ilə “Pərvin”ə çevrilib. Doqquz yaşında ilk şeirlərini yazanda və bir qədər sonra çap etdirənincə Pərvin imzası ilə tanınmağa başlayıb. Şairin ilk şeirləri 1921-1922-ci illərdə “Bahar” dərgisində gün üzü görəndə böyük oxucu rəğbəti ilə qarşılanıb. Bu təzə istedad, yeni nəfəs, özünəxas yaradıcılıq tərzi, ilk növbədə insan duyğularını təbiət hadisələrinə bənzətməsi ilə seçilirdi...

 

Dövrün siyasi və mədəni dəyişiklikləri, İranda baş verən mürəkkəb ictimai hadisələr Pərvin Etisaminin şeirlərinə ciddi təsir göstərib. İctimai görüşlərinin formalaşması yaratdığı bədii örnəklərdə dolğun əksini tapıb. Ona böyük şöhrət qazandıran “Sərxoş, lakin agah” adlı romantik şeirlər toplusundan da göründüyü kimi, həssas qəlbli Pərvin Etisami öz dövrünün qəddarlığa, zalımlığa, amansızlığa qarşı çıxan ən güclü ədəbi səsi olmuşdur. İranda qadınların acınacaqlı taleyinə həsr olunan təsirli şeirləri də bu qəbildəndir. Bu şeirlərdə qadınlar, uşaqlar, qoca qarılar, onların ağrıları, əzab-əziyyətləri, acınacaqlı taleyi çox ustalıqla təsvir olunmuşdur. Şeirlərindəki yüksək emosionallıq, sonsuz həssaslıq şairin yaşadığı ölkənin, bütövlükdə bəşəriyyətin taleyinə sənətkar münasibətini ifadə edir.

 

Pərvin Etisaminin yazdığı 210 şeirin çoxu gündəlik üzüntülər və onların həlli yollarının axtarışı ilə bağlıdır. Onun 156 şeirlik ilk “Divan”ı 1935-ci ildə həmin dövrün tanınmış şair və ədəbiyyatşünası Məhəmməd Tahir Baharın ön sözü ilə yayınlanmışdır. Bu “Divan”a daxil olan şeirlərin hər birində aydın müşahidə etmək olur ki, Pərvin xanım Etisami əsərlərini fars dilində yazsa da, ruhən hər zaman doğma Azərbaycana bağlı olmuşdur. Pərvin xanım həm də gözəl təmsilləri ilə ün qazanmış, dövrünün təmsil ustası kimi tanınmışdır.

 

Onun şeirlərində xalqının qəlbi döyünür. O, öz xalqının sadə dilində yazır, bu sadəlikdə bütöv Azərbaycanın mehribanlığını, əzmkar, güclü xarakterini əks etdiridi. Pərvin Etesaminin nə qədər səmimi, təvazökar və ədalətli insan olduğu, əxlaq və insanlıq məsələlərinə böyük önəm verdiyi, zülmə və despotizmə qarşı mübarizliyi şeirlərində dolğun ifadəsini tapıb. O, yaradıcılığında ciddi sosial məsələlərə toxunur, yoxsul və məzlum insanlara şəfqət göstərməyə səsləyirdi. Dövrün siyasi mühiti demokratiyaya məhdudiyyət yaratdığından bir çox qabaqcıl şairlər kimi Pərvin Etisami də şeirlərində açıq deyə bilmədiyi mətləbləri alleqoriya metodundan istifadə ilə dilə gətirirdi. Onun şeirlərinin çoxu dialoq – çiçəklə, təbiətlə, öz ürəyi ilə söhbət şəklində yaxud iki xəyali rəqib arasındakı mübahisə formasında qurulmuşdur...

 

Pərvin Etisaminin şeirlərində etiraz motivi olduqca güclüdür. Dövrünün bütün mürtəce qüvvələrinə, ictimai bərabərsizliyə, despotizmə, istibdada qarşı kəskin etirazı onun şeirlərinin tənqid pafosunu qüvvətləndirir, oxucunu düşünməyə vadar edirdi. Şairin tənqidi təmsillərində daha ustalıqla verilmişdir. Təmsillər şairin yaradıcılığının böyük bir qismini əhatə etməklə yanaşı, həm də bu şeirlərin əsas bədii qayəsini, sənətkar məqsədini ifadə edir. Satirik və nəsihətamiz məzmunlu, təsviri xarakter daşıyan, həcmcə o qədər də böyük olmayan yüzdən artıq təmsilində Pərvin Etisami tənqid etdiyi məsələləri yığcam şəkildə, poetik ümumiləşdirmələrlə vermiş, məqsədinə nail olmuşdur. Alleqorik janrın bütün imkanlarından məharətlə istifadə edə bilən şairin təmsilləri çox dərin məzmunlu olub, siyasi, ictimai, əxlaqi dəyərlərə malikdir.

 

Pərvin Etisaminin təmsilləri onun dövrü, mühiti və yaşadığı cəmiyyətdəki ədalətsizliyi ifşa edən, yüksək bədii formada yazılan, böyük ictimai önəm daşıyan əsərlərdir. “Gövhərin qiyməti”, “Uzaqgörən ana”, “Ey pişik”, “Bülbül və qarışqa”, “Ox və kaman”, “Tuti və şəkər”, “Bez və almaz”, “Dağ və saman”, “Qurd və it”, “Qurd və çoban”, “Gül və tikan”, “Qarışqa və ilan” kimi təmsilləri bu cəhətdən özəlliklə diqqətəlayiqdir.

 

Bu gün Təbrizdə bir ev var. – Könüllərin məskəni, şeir, sənət işığı saçan ev... Təbrizin qədim küçələrindən birində yerləşən bu qədim ev Pərvin Etisaminin evi olub. Evin bir hissəsi XIX yüzildə, Qacarlar dövründə, digər bir hissəsi isə Pəhləvilər dövründə tikilib. Vaxtilə qonaq-qarası, sözü-söhbəti əskik olmayan bu qədim evin, hazırda yalnız pəhləvilər dövründə tikilən hissəsi salamat qalıb. Ev Çaykənarı Xiyabanında yerləşir. Həyətindəki divarlarda Təbrizin görkəmli şəxslərinin şəkilləri əks olunub. Evin girişində isə pilləkənləri qalxan halda təsvir olunmuş Pərvin Etisaminin heykəli qoyulub. 28 mart 2006-cı ildən etibarən şairin evi İranın milli mədəni irsi siyahısına salınıb. İndi muzey kimi ziyarətçilərini qəbul edən bu evin hər hücrəsində şairin ruhunun tənhalığı hiss olunur.

 

Cismani yoxluğundan keçən onilliklər Pərvin Etisamini əsla unutdurmayıb. Xalq öz görkəmli şairinə ehtiramını muzeyini ziyarət etməklə, şeirlərini əzbər bilməklə, bu möhtəşəm yaradıcılığı yeni nəsillərə tanıtmaqla bildirir. 2005-ci ildən etibarən hər ilin mart ayında İranda “Pərvin Etisami Qadın Filmləri Festivalı” keçirilir. Bu festivalda qadın kino rejissorların çəkdikləri qadın mövzulu filmlər nümayiş etdirilir. 2011-ci ildə Suriyanın Dəməşq şəhərində keçirilən “Pərvin Etisami örnək ədəbiyyatçı” adlı seminar da şairin yaradıcılığına qarşı rəğbətin, marağın davam etdiyini göstərir. 2012-ci ildə Təbrizdə toxunan, iki ilə ərsəyə gələn və hazırda Təbriz şəhər muzeyində saxlanılan “Azərbaycan tarixi” adlı xalçanın üzərində Azərbaycanın tarixi abidələri və tanınmış simaları ilə yanaşı Pərvin Eti­saminin də şəkillərinin toxunması şairin öz millətinin, vətənin simvollarından birinə çevrilməsinin isbatıdır. Şairin Azərbaycan dilinə çevrilmiş seçmə şeirləri “Ləldən parlaq” adı ilə nəşr olunaraq, çağdaş oxuculara təqdim edilib. Bütün bu dəyərləndirmələr bir daha göstərir ki, Təbriz qoxulu misraların müəllifi qısa ömür sürsə də, könüllərdəki mənəvi ömrü davam edir... Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(03.02.2023)

Əlilliyi olan və olmayan aktyorlardan ibarət ölkəmizin ilk və tək inklüziv teatrı – “ƏSA” amerikalı yazıçı, Nobel mükafatı laureatı Con Steynbekin ən çox sevilən əsərlərindən biri olan “Siçanlar və insanlar haqqında” povesti əsasında hazırlanan tamaşanın növbəti nümayişini həyata keçirəcək.

 

Quruluşçu rejissoru Nihad Qulamzadə olan tragikomediya fevralın 12-də Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində təqdim olunacaq. 

Qeyd edək ki, əsər Kaliforniyada böyük böhran vaxtı fəhlə kimi işləyən iki dostun, Corc Milton və Lenni Smolun həyatından bəhs edir. Tamaşa insanlara mərhəmət, alicənablıq hissi, eləcə də xeyirxahlıq kimi yüksək mənəvi keyfiyyətlər aşılayır. 

Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

 

“Ədəbiyyat və incəsənət”

(03.02.2023)

Bu gün Beynəlxalq Muğam Mərkəzində dahi bəstəkar Qara Qarayevin 105 illiyinə həsr olunmuş “Qara Qarayev 105” adlı konsert keçiriləcək.

 

Konsertdə Əməkdar artist Vaxtanq İmanovun rəhbərliyi altında Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin kamera ansamblı çıxış edəcək. Konsertdə bəstəkarın əsərlərindən nümunələr səsləndiriləcək.

Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

 

“Ədəbiyyat və incəsənət”

(03.02.2023)

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Xalq artisti, bəstəkar Polad Bülbüloğlunun musiqiləri əsasında “Nəğməmə inan” tamaşasının premyerası olacaq.

 

Teatrın rus bölməsində hazırlanan bu musiqili komediyanın ilk təqdimatı bəstəkarın doğum günündə fevralın 4-də saat 19:00-da onu sevənlərə təqdim olunacaq və bu tamaşa həmçinin fevralın 5-də də oynanılacaq.

Libretto müəllifi və mahnılarının mətni Mixail Şerbaçenkoya məxsus olan bu səhnə əsərinin quruluşçu rejissoru teatrın baş rejissoru Cavid İmamverdiyev, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysteri Əməkdar artist Nigar Şahmuradova, xormeysteri Əməkdar artist Vaqif Məstanovdur.

Səhnə əsərində rolları Əməkdar artistlər Boris Qrafkin, Fərid Əliyev, Nərgiz Kərimova, aktyorlar Emil Heydərov, Mehriban Zaliyeva, Rauf Babayev və Leonid Klyotc ifa edəcək.

Xatırladaq ki, Rusiyanın bir neçə teatrında oynanılan bu əsərin radio-tamaşasında baş rolu Polad Bülbüloğlu özü səsləndirib.

Biletləri şəhərin bütün teatr-konsert kassalarından, “ASAN xidmət” mərkəzlərindən, eləcə də “İticket.az” saytından əldə etmək olar.

 

“Ədəbiyyat və incəsənət”

(03.02.2023)

Sabah Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində ədəbiyyat üzrə Nobel mükafatını almış ilk ingilis yazıçısı Redyard Kiplinqin “Cəngəlliklərin kitabı” və “İkinci cəngəlliklər” əsərləri əsasında uşaqlar üçün hazırlanan “Mauqli” adlı tamaşanın premyerası keçiriləcək. 

 

Səhnə əsərinin quruluşçu rejissoru Elşad Rəhimzadə, quruluşçu rəssamı Mayis Abdullayev, musiqi tərtibatçısı İradə Muradova, plastik həll Ceyhun Dadaşov, rejissor assistenti Sona Mustafayevadır.

“Çarlz Dikkensin ədəbi varisi” kimi xatırlanan Redyard Kiplinq həyatının müxtəlif dövrlərində uşaqlarla bağlı “Yeddi dəniz”, “Cəsur kapitanlar”, “Puk təpəsindən gələn Pak”, “Mükafatlar və pərilər” adlı əsərlər yazıb. Yazıçının ən çox müraciət olunan əsəri isə “Cəngəlliklərin kitabı” hekayələr toplusu olub. Kitabdakı hekayələrin qəhrəmanı Mauqli haqqında dünyanın bir çox teatrlarında, xüsusən Rusiyanın aparıcı teatrlarında uşaq tamaşaları hazırlanıb, filmlər və cizgi filmləri ekranlaşdırılıb. 

Yeni tamaşada rolları Əməkdar artistlər Şəfəq Əliyeva, Elnur Bəhramxan, aktyorlar Asya Atakişiyeva, Nurlan Süleymanlı, Aybəniz Heydərova Yaşar Heydərli, Ceyhun Məmmədov, Ramil Məmmədov, Ümman Budaqov, Günel Məmmədova, Hökümə Rəhimzadə, Tahir İsmayılov, Mehriban Hüseynova, Anar Seyfullayev, Hilal Dəmirov, İlqarə Tosova, Könül Əbilova, Ramiq Nəsirov, Nuranə Hüseynova, Fəridə Qurbanova, Xalid Bəkirov, İmdad Tofiqoğlu, İlahə Əmirxanova, Elgün Yəhyayev, Gülbəniz Lətifova, Xəyalə Qasımova canlandıracaqlar. 

Qeyd edək ki, tamaşadakı hadisələr Afrika qəbilələrinin yaxınlığındakı cəngəllikdə cərəyan edir. Şirxan adlı pələng qəbiləyə hücum edərək Mauqli adlı uşağın atasını parçalayır. Bahira adlı bəbir isə Mauqlini xilas edərək onu cəngəllikdəki canavarlara verir. Mauqli canavar kimi gəzməyi yaşamağı öyrənməyə məcbur olur. O, yaramazlara qarşı amansız, güclü və qorxmaz böyüyür. Mauqli ilə Şirxan arasındakı qırmızı od üzərindəki mübarizənin qələbəsi isə Mauqlinin özünü insan kimi hiss etməsinə səbəb olur.

 

“Ədəbiyyat və incəsənət”

(03.02.2023)

Sabah Heydər Əliyev Sarayında 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş xeyriyyə konserti olacaq. 

 

Konsert proqramı Mədəniyyət Nazirliyinin təşkil etdiyi IX “Gəncliyin səsi” festivalı çərçivəsində reallaşacaq.

Konsertdən əldə olunan vəsait valideyn himayəsindən məhrum olmuş gənclərə ianə ediləcək. 

Qeyd edək ki, gənclərin yaradıcı sahəyə olan marağının artırılması, onların istedadının üzə çıxarılması məqsədilə təşkil olunan IX “Gəncliyin səsi” festivalı fevralın 8-dək davam edəcək.

 

“Ədəbiyyat və incəsənət”

(03.02.2023)

Bu gün Azərbaycan Rəngkarlığı Muzeyində ilk dəfə təqdim olunan “Yer kürəsi və incəsənət” layihəsi çərçivəsində müzakirələr aparılacaq. 

 

Bu layihə qlobal, sosial və incəsənət aspektlərini özündə birləşdirən, həmin sahələrdə müəyyən töhfələr vermiş peşəkarların fikir mübadiləsini əhatə edir. Layihə yalnız incəsənət deyil, həm də nadir hallarda müzakirə olunan, lakin qlobal statusunu qoruyub saxlayan mövzuları da əhatə edəcək. 

Belə ki, tədbirdə “Bəşəriyyətin incəsənətdəki kodları: “METAKOD” sərgisinə yaxın perspektivdən baxış” mövzusu diqqət mərkəzində olacaq. 

Layihənin ilk tədbirinin qonaqları hazırda muzeydə nümayiş edilən “METAKOD” sərgisinin kuratorları Fərəh Ələkbərli, Şirin Məlikova və Sabina Şıxlinskaya olacaq. 

Moderatoru Mina Abbasova olan tədbirdə müzakirələr Azərbaycan və rus dillərində aparılacaq.

 

“Ədəbiyyat və incəsənət”

(03.02.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.