ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə İsrailin Təl-Əviv şəhərində keçirilən Beynəlxalq Aralıq dənizi Turizm Bazarı  sərgisində ölkəmizin turizm imkanları təqdim olunur.

 

Agentliyin yaydıöı məlumata görə, sərgidə Azərbaycan Turizm Bürosu ilə yanaşı, “Azərbaycan Hava Yolları” QSC, “Şahdağ” Turizm Mərkəzi və Dağ Yəhudiləri Muzeyi də daxil olmaqla ümumilikdə 14 yerli turizm və qonaqpərvərlik sənayesi nümayəndəsi iştirak edir.

Ziyarətçilər Azərbaycanın tarixi, mədəni irsi, milli mətbəx nümunələri, adət-ənənələri, dağ-xizək mərkəzləri, şərabçılıq, qolf, sağlamlıq, dağ və qış turizmi imkanları ilə yanaşı, ölkəmizdəki qədim yəhudi irsi haqqında ətraflı məlumatlandırılırlar.

Sərgi çərçivəsində İsraildən və digər iştirakçı ölkələrdən olan təmsilçilərlə ikitərəfli görüşlər və media nümayəndələri ilə müsahibələr təşkil edilir.

Məlumat üçün bildirək ki, 2022-ci ildə Azərbaycana 23 min 935 nəfər İsrail vətəndaşı səfər edib.

Bununla yanaşı, 14-17 fevral tarixlərində Azərbaycan Turizm Bürosunun nümayəndə heyəti İsraildə keçirilən Qlobal Turizm İnnovasiya Forumunda iştirak edir. Forumda təmsil olunmaqda əsas məqsəd “Slou Fud” Böyük Qafqaz səyahət marşrutunun interaktiv xəritəsinin yaradılmasıdır.

Qeyd edək ki, 2021-ci ildən İsraildə Azərbaycanın turizm nümayəndəliyi fəaliyyət göstərir.

 

“Ədəbiyyat və incəsənət”

(15.02.2023)

AZƏRBAYCANIN İLK QADIN PİANOÇUSU XƏDİCƏ QAYIBOVA BARƏDƏ

 

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın “Azərbaycanın ilk qadın pianoçusu” sərlövhəli məqaləsini təqdim edirik. Qənirə xanımın ən müxtəlif sahələrdə uğur əldə edən qadınlar barədə silsilə yazılarınln dərci davam edir. 

 

 

Həyata gözümüzü açdığımız ilk gündən etibarən bu dünya bizi hər zaman sevə-sevə bağrına basıb, əllərimizi də möhkəmcə uğura doğru səsləyirmiş kimi sıxıb. Bəzən heç buraxmayacaqmış kimi oxşayıb, bəzən də incəldiyi yerdən qoparmağa, ən ağır cəzalara məhkum etməyə çalışıb. Haqqında sizlərə söhbət açacağım Xədicə Qayıbovanın da taleyini bu dünya özü dəyişib, onu ən ağır imtahanların girdabından keçirib. Gah mavi, gah da boz pəncərələrdən boylanmağa vadar edib.

Xədicə Qayıbova (1893-1928) Azərbaycanın ilk qadın pianoçularından biri idi. Ailənin altıncı övladı olan Xədicə Qayıbova Tiflisdə ünlü ruhanilərdən Osman bəy Müftizadənin ailəsində dünyaya gəlib. Anası Züleyxa xanım XIX yüzildə Tiflisdə məskunlaşan tatar Terequlovlar nəslindən idi. Hər ikisi ziyalı olan valideynləri qızlarının yaxşı təhsil almasını istəyirdilər.

Xədicə xanım Qayıbova ilk təhsilini “Müqəddəs Nina” Qızlar Məktəbində alıb. 1911-ci ildə dərslərini və musiqini mükəmməl öyrənən Xədicə “Qızıl xaç nişanı” ilə orta təhsilini başa vurur. Professor N. Nikolayevin Fortepiano sinfində isə xüsusi kursu qızılı haşiyəli diplomla bitirir. Həmin il Tiflisdə vərəm xəstəliyi yayılır. Bu bəla Xədicəgilin ailəsindən də yan keçmir. Xədicə xanım gənc yaşında atasını, bacısını və qardaşını itirir. Bu səbəbdən də bir müddət təhsilini davam etdirə bilmir. Ailəsini itirməsi ona çox pis təsir edir və dərin sarsıntı keçirir.

 

Ailə bağları və ya eşqin rəngi

 

Xədicə xanım Azərbaycanın ilk şəfqət bacısı Nigar Şıxlinskayanın qardaşı mühəndis Nadir Qayıbovla 1911-ci ildə ailə qurur. Nadir Qayıbov Qafqazın müftisi, böyük maarifpərvər Mirzə Hüseyn Əfəndi Qayıbzadənin oğlu idi. Mirzə Hüseyn Qayıbzadə “Məşhur Azərbaycan şairlərinin şeirləri” adlı dörd cildlik toplunun müəllifidir. O, bütün Qafqazda məşhur olan və Azərbaycan mədəniyyəti, həm də maarifi tarixində xüsusi yeri olan Qori seminariyasının Azərbaycan bölməsinin açılmasında təşəbbüskarlardan biri olub.

Xədicə xanım bir müddət Tiflisdə Azərbaycan məktəbində dərs deyir. 1919-cu ildə Qayıbovlar ailəsi Bakıya köçür. Çünki Bakıda Xədicə xanım üçün əlverişli musiqi mühiti vardı. O dönəmlərdə Bakıda xanım musiqiçilərə çox böyük ehtiyac yaranmışdı. Bu ehtiyacın yaranma səbəbi dahi Üzeyir bəy Hacıbəyli idi. O, qadın musiqiçilərin səhnəyə cəlb edilməsinə xüsusi önəm verirdi.

Xədicə xanım səhnə üçün yaranmışdı və səhnə də ona qollarını geniş açmış şəkildə gözləyirdi. O, fortepianoda xalq mahnıları və muğamlar əsasında improvizasiyalarla çıxış edir, konsertlər verir, tələbələr hazırlayırdı. Xüsusi görüşlərdə, musiqi gecələrində həm özü, həm də yetirmələri ilə çıxış edirdi. Onun evi də Bakının yüksək mədəni təbəqəsinin görüş yeri sayılırdı. Musiqi, ədəbiyyat məclislərinin sədası onun evindən ətrafa yayılırdı. Qonaqlar arasında dövlət xadimləri, Bakıya qastrola gələn ifaçılar, xarici qonaqlar, özəlliklə Türkiyədən gələn alimlər, şairlər olurdu. Araşdırmalarda göstərilir ki, bu musiqi məclislərində həm də Ü.Hacıbəyli, R.Qliyer, H.Sarabski, Bülbül, F.Köprülüzadə, İ.Hikmət və başqaları yaxından iştirak ediblər.

Sovet dövründə Xədicə Qayıbova musiqi mədəniyyətində daha fəal iştirak etməyə başlayır, pedaqoji sahədə bir sıra layihələrlə çıxış edir. Onun bu istiqamətdə fəaliyyəti əsasən maarifçilik missiyalı idi. Sonra o, Xalq Maarif Komissarlığında Şərq musiqi şöbəsinin müdiri təyin olunur. Onun təşəbbüsü ilə “Qısamüddətli Şərq musiqi kursları” təşkil edilir, uşaq xoru yaradılır. Onun təşəbbüsü və birbaşa iştirakı ilə Azərbaycanlı qadınlar üçün “Musiqi-dram” studiyası yaradılır. O, həm Şərq, həm də Avropa musiqisinin gözəl bilicisi kimi o, respublikanın mədəni həyatında fəal iştirak edirdi. Dövrünün görkəmli sənətkarları ilə çalışır, Azərbaycan musiqi folklorunun toplanmasında fəal iştirak edirdi.

Adıkeçən kurs ləğv edildikdən sonra o, 1927-ci ildə ali musiqi təhsili almaq üçün Azərbaycan Dövlət Konservatoriyasında Nəzəriyyə və bəstəkarlıq ixtisası üzrə professor L.Abdan dərs alır. Xədicə xanım tək musiqi fəaliyyəti ilə kifayətlənmir, ictimai həyatda da fəal iştirak edirdi.

 

Həyat şərtlərinə boyun əyməyən qürur

 

Həyat yoldaşı Nadir Qayıbov da repressiya qurbanı olandan sonra Xədicə Qayıbova ikinci dəfə ailə qurur. Lakin bu dəfə də tale onun üzünə gülmür. İkinci həyat yoldaşı Rəşad Qayıbov da 1933-cü ildə həbs edilir. Ancaq təqsiri sübuta yetirilmədiyindən azad edilir. Təqiblər səngimir. Bu dəfə də 1933-cü ildə sovet hüquq-mühafizə orqanları şübhəli şəxs kimi Xədicə xanımı 3 ay müddətinə həbs edir. O da həyat yoldaşı kimi “casusluq”da ittiham olunurdu. Onu əks-inqilabi fəaliyyətdə və türkçülük ideyalarının yayılmasında günahlandırsalar da, heç bir sübut, dəlil tapmadıqlarına görə həbsdən azad etməli olublar.

Azad olunduqdan sonra, 1934-cü ildən Xədicə xanım konservatoriyada elmi fəaliyyətlə məşğul olmağa başlayır, ömrünü Azərbaycanın musiqi mirasının araşdırılmasına sərf edir. Çox keçmir ki, 1937-ci ildə onun həyat yoldaşını yenidən həbs edirlər. Amma bu dəfə geri qayıtmır və Rəşad Qayıbov 1938-ci ildə qətlə yetirilir. Taleyin amansız sınaqlarına baxmayaraq, X.Qayıbova enerjili, nikbin və təşəbbüskar bir qadın idi. 

1938-ci il martın 16-da Azərbaycan Daxili İşlər Xalq Komissarlığının Dövlət Təhlükəsizlik İdarəsinə arayış təqdim olunur. Arayış Komissarlığın Birinci bölməsinin üçüncü şöbə rəisinin müavini, erməni əsilli leytenant Tevosyan tərəfindən tərtib edilmişdi. Arayışda bildirilirdi: “Türk və ingilis qərargahlarının Bakıda olduqları zaman 1893-cü ildə anadan olmuş Xədicə xanım Qayıbova onlarla yaxın əlaqədə olub. Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra Qayıbova öz evində Müsavat Partiyasının başçılarından biri olan Mustafa Vəkilovu gizlətmiş və onun qaçması üçün şərait yaratmışdır. M.Vəkilov xaricə qaçıb və hazırda Türkiyədədir. 1924-cü ildə Qayıbovanın evində türk ordusunun zabiti Sultan Hüseynzadə gizlənib. Sonra o, İrana qaçıb və orada alman və yapon kəşfiyyatlarına xidmət edib. Qayıbovanın həyat yoldaşı Rəşid Qayıbov XDİK tərəfindən əksinqilabi-millətçi təşkilatının üzvi kimi həbs edilmişdir. Göstərilənlərə əsasən Qayıbova həbs edilib, Azərbaycan SSR CM-nin 68-ci maddəsinə əsasən istintaqa cəlb olunmalıdır”. Bu arayış öz ardı ilə çox böyük fəlakətlər gətirdi. 

Məhz bu arayışa əsasən Xədicə xanım 1938-ci il martın 17-də Dövlət Təhlükəsizlik İdarəsinin 4390 saylı orderinə əsasən həbs edilir. 1938-ci il aprelin 28-dək Xədicə xanım müstəntiq tərəfindən 9 dəfə dindirilir və 1938-ci il oktyabrın 27-də Türkiyə konsulluğu ilə əlaqəsinə, casusluq fəaliyyətinə görə əmlakı müsadirə edilməklə güllələnir.

Zaman zalımların və elə cəlladların da cəlladı ola bilər, öz hökmünü gec versə belə... – Güllələnmə hökmünə səbəb olanlar bir müddət sonra özləri də məhkəmə qarşısına çıxarılır.

1954-cü ildə Xədicə xanımın qızı Alanqu Sultanova anasının günahsız həbs olunaraq güllələnməsi haqqında Azərbaycan Daxili İşlər Nazirliyinə müraciət edir və anası haqqında ətraflı məlumat istəyir.

Azərbaycan SSR Ali Məhkəməsi cinayət işləri üzrə Məhkəmə Kollegiyasının 14 fevral 1956-cı il qərarına əsasən, Qayıbova Xədicə Osman qızına bəraət verilir, fevralın 29-da isə qızı Alanquya bu barədə arayış təqdim edilir.

Bu qadının maarif işığını söndürməyə, onun yolunu çox kəskin ittihamların ağırlığı ilə kəsməyə, ən əsası da ruhunu susdurmağa, sındırmağa çalışdılar. Bunu fiziki baxımdan bacarsalar da, mənəvi baxımdan bacarmadılar, uduzdular – tarixə yenildilər!..

Xədicə xanım Qayıbova yaradıcı ömründən-günündən ayrılmağa məcbur edildiyi o məşum gündən hələ də boylanır... Onun pianosunun dilləri ətrafa işıq saçır. Onun – Xədicə xanım Qayıbovanın ruhu şaddır; onun yaradıcılığı, şəxsiyyəti, öz keçmişi bütün kəsafətlərə qarşı mənəvi mübarizədədir və qalibdir! 

Bizim vəzifəmiz Azərbaycan mədəniyyətində iz qoymuş insanları gənc nəslə tanıtdırmaqdır və keçmişin həqiqətlərini çatdırmaqdır.

 

“Ədəbiyyat və incəsənət”

(15.02.2023)

XIX əsrdə iki dövlət arasında gedən müharibənin nəticəsində vahid Azərbaycan iki hissəyə parçalanıb. O gündən bir hissəsi Qafqazda yerləşən Şimali Azərbaycan və İranın tərkibində qalan Cənubi Azərbaycan məfhumları yaranmağa başlayıb. Beləliklə azərbaycanlılar ikiyə parçalanıb və soydaşlarımız bir-birlərindən ayrı salınıblar. İranda olan etnik azərbaycanlılar həmişə həsrətlə Arazın bu tayında olan Azərbaycan Respublikasına baxıblar, doğmalarını görmək həsrəti ilə yaşayıblar. Bir xalqın ikiyə bölünməsi və doğmalar arasındakı ayrılıq... Bu gün burada səsləndirdiyimiz “Ayrılıq” mahnısının mənşəyi həmin tarixdən başlayır.

 

 

“Ədəbiyyat və incəsənət” AzərTAC-a istinadən xəbər verir ki, bu fikirləri məşhur fotoqraf Reza Deqati Parisdə “Zulma” nəşriyyat evi tərəfindən təşkil edilmiş və görkəmli Azərbaycan müğənnisi Rəşid Behbudovun ifasında “Ayrılıq” mahnısı ilə başlayan ədəbi gecədə deyib. 

Fotoqraf bildirib ki, vaxtilə həmin mahnını ailələrində hər kəs oxuyurmuş. Bu mahnı Azərbaycan ərazisinin iki yerə bölünməsi ilə İran ərazisində qalmış azərbaycanlılara həmişə ayrılıq hissini yaşadıb. Təəssüflər olsun ki, bu gün 30 milyondan çox azərbaycanlı İranda hələ də ayrılıq nisgili ilə yaşayır.

Ədəbi gecədə R. Deqatinin Azərbaycanın təbiətini, tarixi məkanlarını, abidələrini, tolerantlıq mühitini, Qarabağ müharibəsini əks etdirən fotolarından ibarət “Günahsızların kütləvi qırğını” (Le massacre des innocents) və “Alovun zərifliyi” (L'Elégance du feu) kitabları təqdim olunub. 

Müharibə fotoqrafı deyiləm, sülh müxbiriyəm deyən Reza Deqati “fotoqrafiya insanlığın xidmətində” devizi ilə dünyanın ən qaynar nöqtələrinə səyahət edib. Gördüyü hər anı çəkdiyi fotolarda əbədiləşdirib. Onun fotoları beynəlxalq jurnallarda (“National Geographic”, “Time Magazine”, “Stern”, “Newsweek”, “El País”, “Paris Match”, Geo…) nəşr edilib.

 

“Ədəbiyyat və incəsənət”

(15.02.2023)

Çərşənbə axşamı, 14 Fevral 2023 12:46

“Teymur hər zaman ehtiyacı olana əl tutardı…”

ŞƏHİD AİLƏLƏRİ ZƏLZƏLƏDƏN ZƏRƏR ÇƏKMİŞLƏRƏ YARDIM EDİBLƏR

 

Şəhid mayor Teymur Əzizovun həyat yoldaşı Zeynəb Səmədovanın təşəbbüsü və dəstəyi ilə Sumqayıtdakı şəhid ailələri tərəfindən Türkiyədə zəlzələdən zərər çəkənlərə 17 min dollarlıq humanitar yardım göndərilib.

Zeynəb Səmədovanın “Ədəbiyyat və incəsənət”in əməkdaşına verdiyi məlumata görə, göndərilən yardımlarda quru, kalorili və hazır qidalara üstünlük verilib, həmçinin şam və poverbanklar, geyim, yataq dəstləri, uşaq bezləri kimi lazımlı əşyalar da var. Onların çeşidlənməsində digər şəhid ailələri də köməklik göstəriblər. 
Qeyd edək ki, şəhidimizin yoldaşı Zeynəb Səmədova heyvanları da yaddan çıxarmayıb. Onun təşəbbüsü ilə həmin bölgələrə heyvan yemləri də yollanılıb.

44 günlük müharibədə şəhid olan Teymur Əzizovun həyat yoldaşı Zeynəb Səmədova deyir: “Mənim həyat yoldaşım Teymur hər zaman kimsəsizə, ehtiyacı olana əl tutardı. Əsgərlərə qardaş idi.  Bilirəm ki, indi onun ruhu narahatdır. Bu gün mənim təklifimlə köməyə gələn şəhid ailələri itkinin, ağrının və evsizliyin nə olduğunu gözəl anlayır. Çünki mən də, digər şəhid ailələrinin üzvləri də  Qarabağa və digər bölgələrimizə düşmən hücum edərkən evsizlik, aclıq və səfalət ağrısını yaşamışıq. Ona görə də biz Türkiyədəki qardaş və bacılarımızı, uşaqlarımızı və hətta insanlardan yardım uman Tanrının yaratdığl heyvanları da unutmadıq.”

 

“Ədəbiyyat və incəsənət”

(14.02.2023)

Çərşənbə axşamı, 14 Fevral 2023 17:00

Xalq rəssamı Arif Hüseynovun yubiley sərgisi keçiriləcək

 

Azərbaycanın tanınmış dəzgah və kitab qrafikası ustası, Xalq rəssamı Arif Hüseynovun 80 illik yubileyi gəlir. Bu münasibətlə fevralın 17-də Azərbaycan Milli Xalça Muzeyində yubilyarın fərdi sərgisi açılacaq. 

 

“Azərbaycan nağılı” adlı sərgi Milli Məclisin Mədəniyyət komitəsi, Mədəniyyət Nazirliyi, “Azərxalça” ASC, Rəssamlar İttifaqı və Milli Xalça Muzeyinin birgə təşkilatçılığı ilə keçiriləcək.

Arif Hüseynovun əsərləri hazırda Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Moskvada Dövlət Şərq Xalqları İncəsənəti Muzeyi, həmçinin şəxsi kolleksiyalarda saxlanılır.

Şəkillərdə: Arif Hüseynovun nağıl illüstrasiyaları.

 

“Ədəbiyyat və incəsənət”

(14.02.2023)

 

67 İLLİK BİR TARİX

 

1936-cı ildə Azərbaycan Radiosu fəaliyyətə başladıqdan düz 30 il sonra – 1956-cı il fevralın 14-də Azərbaycan televiziyası fəaliyyətə başladı. Bakıda televiziya mərkəzi üçün binanın inşasına 1954-cü ildə başlanıldı. Tikintidən ötrü yer Bakının ən hündür məkanlarından birində – Mehdi Hüseyn 1 adlanacaq ünvanda seçilmişdi. Yerli inşaatçı və mütəxəssislərin moskvalı, leninqradlı həmkarları ilə birgə ucaltdıqları və müvafiq avadanlıqla təchiz etdikləri telemərkəzin binası 1955-ci ilin sonunda təhvil verildi. 1956-cı ilin fevralına qədər Bakı studiyasının ara-sıra sınaq verilişləri yayımlanırdı. İlk veriliş günü ekranda gənc aktrisa Hökumə Qurbanova göründü. Çıxışını "Göstərir Bakı!" kəlməsi ilə açan Hökumə Qurbanova tamaşaçıları televiziyanın fəaliyyətə başlaması münasibətilə təbrik etdi. Həmin gün ekranda "Bəxtiyar" bədii filmi nümayiş etdirildi.

Həmin tarix xalqımızın siyasi və mədəni həyatına böyük yenilik gətirdi.

 

Şərqdə ilk televiziyanın ölkəmizdə fəaliyyətə başlamasından ötən 67 il ərzində Azərbaycanda televiziya yayım şəbəkəsi qurulub, ən müasir standartlara əsaslanan rəqəmli televiziya yayımvericiləri istismara verilib.

1996-cı ildə istismara verilən Bakı Teleqüllə Kompleksi bu gün ölkənin əsas yayım mərkəzi hesab olunur. 310 metr hündürlüyü olan və unikal konstruksiyaya malik bu kompleks vasitəsilə yerli və bir çox xarici ölkələrin televiziya proqramları yayımlanır.

Teleradionun uğurlu fəaliyyəti Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan Televiziyasını xalqın milli sərvəti adlandıran Ulu Öndər onun cəmiyyət həyatında, dövlət quruculuğunda, ölkəmizdə gedən ictimai-siyasi proseslərdə, milli-mənəvi dəyərlərin təbliğindəki rolunu yüksək qiymətləndirir, siyasətin bu tribunadan xalqa çatdırılmasına böyük əhəmiyyət verirdi. Azərbaycan Teleradiosu bu gün də xalqın əsl tribunasıdır. O, ölkə vətəndaşlarına Azərbaycan həqiqətlərini təqdim edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil dövlət quruculuğu prosesi, davamlı və ardıcıl olaraq həyata keçirilən uğurlu islahatlar, ölkənin dinamik inkişafı, qazanılan nailiyyətlər bu kanalın gündəlik fəaliyyətində öz əksini tapır. Dövlət əhəmiyyətli ictimai-siyasi tədbirlərin operativ işıqlandırılması, dövlətimizin rəsmi mövqeyinin həm ölkə daxilində, həm dünyada tam dəqiqliklə yayımlanması Azərbaycan Teleradiosunun müstəsna xidmətidir. Artıq onun hədəfi təkcə Azərbaycan tamaşaçısı, dünya azərbaycanlıları deyil, dünya ölkələri, dünya tamaşaçısıdır.

Televiziyanın efirində ərsəyə gələn hər bir verilişdə, hər bir videosüjetdə böyük yaradıcı kollektivin əməyi var. Hazırda Azərbaycan Televiziyasında müxtəlif mövzularda tok-şoular, portret və səyahət verilişləri, musiqili-əyləncəli proqramlar, televiziya tamaşaları, sənədli və bədii filmlər nümayiş etdirilir. Televiziyanın analitik proqramları da kifayət qədərdir.

Peşəkarların yetişməsi üçün isə Azərbaycan Teleradiosunun imkanları genişdir: studiyalar, çəkiliş pavilyonları, zəngin maddi-texniki baza, ən müasir texniki imkanlara malik avadanlıqla təchiz olunan montaj otaqları. Ölkə başçısının birbaşa diqqəti və qayğısı ilə həyata keçirilən islahatların məqsədi isə Azərbaycan Teleradiosunun nüfuzunu daha da artırmaq, tamaşaçı və dinləyicilərə yüksək səviyyəli proqramlar təqdim etməkdir.

Azərbaycan Televiziyasındakı dəyişikliklər, həm də verilişlərin məzmun və formatında özünü büruzə verir, yaradıcılıq imkanlarını artırır. Dövlət əhəmiyyətli ictimai-siyasi tədbirlərin istər ölkə daxilində, istərsə də xaricdə operativ şəkildə işıqlandırılmasında televiziyamızın müstəsna xidmətləri var.

2009-cu il fevralın 1-dən efirə çıxan “İdman Azərbaycan” kanalı isə idman ictimaiyyəti və idmansevərlərə gözəl hədiyyə olub. Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan telekanalın fəaliyyəti dövlətimizin idmana, gənclərin sağlam ruhda böyüməsinə verdiyi önəmin təsdiqinə çevrilib.

2011-ci ildə isə Azərbaycan Televiziyasının nəzdində ziyalıların və sənətçilərin çoxdankı arzusu olan “Mədəniyyət” kanalı ilk dəfə tamaşaçıların görüşünə gəlib. İndi “Mədəniyyət” kanalı Azərbaycan mədəniyyətini dünya mədəniyyətinin tərkib hissəsi kimi təbliğ edir, dünya mədəniyyətinin incilərini isə Azərbaycan tamaşaçılarına çatdırır.

Bu gün Azərbaycan Teleradiosunun nəzdində, həmçinin ölkənin ən nüfuzlu musiqi kollektivləri fəaliyyət göstərir. Azərbaycan Radiosunun da maddi-texniki bazası modernləşdirilib, radio verilişlərinin ideya-bədii məzmunu keyfiyyətcə yenilənib.

Son illər Teleradionun həyatında baş verənlər də dövlətin bu sahəyə qayğısının nəticəsidir. İndi bu sərvət müasirliyi özündə ehtiva edən, 3 peyklə dünyaya yayımlanaraq yüksək “əyarlı” peşəkar telekanala çevrilərək, ən son texniki standartlara tam uyğunlaşıb.

Bayramınız mübarək, əziz televiziya işçiləri! 

 

“Ədəbiyyat və incəsənət”

(14.02.2023)

Kimi dindirirsən, deyir bu gün Müqəddəs Valentin günüdür, sevgililər günüdür. Amma daha önəmlisi: 14 fevral gününün digər və daha önəmli ampluası da var: Dünya əhalisi fevralın 14-nü Beynəlxalq Kitab Bağışlama Günü kimi qeyd edir. Bu, təqvimdə ən gənc bayramlardandır.

 

Mənşəyinə görə, bu gün uşaqlara kitab bağışlayan və onlarda kitaba məhəbbət yaradan bütün insanları birləşdirir. 2012-ci ildən qeyd edilən bu bayram ABŞ-da məşhur “Delightful Children’s Books” uşaq kitabı saytının yaradıcısı Emmi Brodmoorun adı ilə bağlıdır. Bu ideyanı ona balaca oğlu verib. O, anasından niyə insanların bir-birinə kitab bağışladığı xüsusi gün olmamasını soruşub.

2013-cü ildə Cənubi Afrikadan Braziliyaya, Sinqapurdan İngiltərəyə, Hindistandan Yeni Zelandiyaya qədər fərqli ölkələrdən olan blogerlər birlikdə hərəkət edərək insanları həmin günü “uşaqlara kitab vermə günü” olaraq qeyd etməyə çağırıb. Bununla da dünyanın bir çox ölkəsində 14 fevral “Dövlətlərarası kitab vermə günü” olaraq qeyd olunmağa başlayıb. Mövcud olduğu ildən bu təşəbbüs bütün dünyada dəstək qazanır və indi də yeni iştirakçılar cəlb etməkdə davam edir. Bu əlamətdar günün yayılmasında məşhur müəlliflərin, blogerlərin və uşaq yazıçılarının dəstəyi mühüm rol oynayıb.

Hər il minlərlə həm oxunmuş, həm də yeni kitablar dünyanın bütün istiqamətlərinə yola düşür və uşaqlarda kitaba məhəbbət, böyüklərdə isə bağışlamaq, hədiyyə etmək sevinci yaradır.

Kitabın sehri xüsusi bir möcüzədir. Oxumağı sevən bir insan üçün hansı ədəbi janrı üstün tutmasından asılı olmayaraq, sevimli kitabı ilə görüş xoşbəxt andır və yeni bir əsəri oxumağın başlanğıcı, insanın şüuru və təxəyyülü üçün kəşf edilməsi lazım olan bir dünyadır.

Son illər ölkəmizdə də bu gün bir sıra tədbirlərlə qeyd edilir. Təkcə elə onu deyək ki, iş adamı, “Məktəbli” mağazalar şəbəkəsinin sahibi Akif Şahbazov Sumqayıtın şəhər kitabxanalarına düz 1000 ədəd kitab hədiyyə edib. “Qanun” nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlunu da daim kitab hədiyyə edən görürük. 

Bayramınız mübarək, dostlar!

 

“Ədəbiyyat və incəsənət”

(14.02.2023)

Rəsm qalereyası: Rafael Əsədov, “Payız mənzərələri” silsiləsindən.

Çərşənbə axşamı, 14 Fevral 2023 11:15

Günün fotosu: ABŞ vətəndaşlarına xəbərdarlıq edib

Günün fotosu: ABŞ vətəndaşlarına xəbərdarlıq edib

 

ABŞ-ın Rusiyadakı səfirliyi öz saytında Rusiyadakı ABŞ vətəndaşlarına təcili ölkəni tərk etmək barədə xəbərdarlıq etmişdir. 

Foto: AP

 

“Ədəbiyyat və incəsənət”

(14.02.2023)

Çərşənbə axşamı, 14 Fevral 2023 12:15

Yanvarda ümumi daxili məhsul istehsalı azalıb

Yanvar ayında ölkədə 9 milyard 690,2 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,5 faiz az ümumi daxili məhsul istehsal olunub.

 

Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilir. Məlimatda o da bildirilir ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 4,6 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 1,7 faiz artıb. ÜDM istehsalının 52,8 faizi sənaye, 9,5 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 5,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,2 faizi tikinti, 2,6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6 faizi informasiya və rabitə, 1,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 15,5 faizi digər sahələrin payına düşüb. Məhsula və idxala xalis vergilər ÜDM-in 8,1 faizini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 956,6 manata bərabər olub.

 

“Ədəbiyyat və incəsənət”

(14.02.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.