ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

Həftəsonu tanınmış şair, Əli Kərim adına Sumqayıt şəhər Poeziya Evinin direktoru, Azərbaycan Yazıçılar Birliyinin “Poeziya Seksiyası”nın rəhbəri, Türk Edebiyyatı Vakfının Fəxri üzvü İbrahim İlyaslının 60 yaşı tamam oldu. 

Kimdir İbrahim İlyaslı? Poeziyada iynə ilə gor qazananlardan, Sizif yükü çəkənlərdəndir. Amma yorulub usanmayan, “bu hələ harasıdır” deyib inamla irəliləyəndir həm də.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, İbrahim İlyaslı 1963-cü il mart ayının 10-da Qazax rayonunun Aslanbəyli kəndində anadan olub. 1990-ci ildə Azərbaycan Politexnik İnstitutunu mühəndis-mexanik ixtisası üzrə bitirib. 1980-ci ildən Sumqayıt şəhərində yaşayır.

Ədəbi yaradıcılığa orta məktəb illərindən başlayıb. “Bu bahar oldu” adlı ilk mətbu şeiri Azərbaycan Politexnik İnstitutunun çoxtirajlı “Politexnik” qəzetində dərc olunub. 1988-ci ildə Sumqayıtın gənc ədəbi qüvvələrini yaratdığı “Dəniz” Ədəbi Birliyinə sədr seçilib və o vaxtdan taleyini bu şəhərin ədəbi mühiti ilə bağlayıb. 1990-cı ildə Əli Kərim adına Sumqayıt şəhər Poeziya klubuna direktor təyin edilib. 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. “Hamı bir körpüdən keçir” adlı ilk şeirlər kitabı 1998-ci ildə çap olunub. “Mən bir söz bilirəm” adlı ikinci şeirlər kitabı 2004-cü ildə, “Yuxuma söykənmiş adam” adlı üçüncü şeirlər kitabı 2011-ci ildə, “Şair olmaq zülümdü” adlı dördüncü şeirlər kitabı isə 2018-ci ildə nəşr edilib. 2020-ci ildə tərcümələrdən ibarət “Qırmızı almadan Qızıl almaya” kitabı nəşr edilib.

Azərbaycan Respublikasının istedadlı gənc yazıçılarına fərdi təqaüdlər verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 1999-cu il tarixli sərəncamı ilə Prezident təqaüdünə layiq görülüb.

2008-ci ildə Mahmud Kaşğari adına Beynəlxalq Fondun “Bilgələr Gənəsi”nin qərarı ilə Türk uduq Süb-Yeri və Türk budunu yolunda əvəzsiz çalışmalarına görə Fondun və Türk Törə Ocağının təsis etdiyi “San Yarlığı” ödülünə layiq görülüb. 2018-ci ildə isə ümumtürk mədəniyyəti qarşısında göstərdiyi xidmətlərə görə “Mahmud Kaşğari Medalı” ilə təltif edilib.

2019-cu ildə “Şair olmaq zülümdü” adlı şeirlər kitabı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təsis etdiyi “Qızıl Kəlmə” mükafatına layiq görülüb.

2019-cu ildə “Vektor” Beynəlxalq Elmlər Akademiyasının təsis etdiyi “Şahmar Əkbərzadə mükafatı”nın laureatı olub.

Azərbaycan Respublikası Prezidentinin 20 noyabr 2019-cu il tarixli Sərəncamı ilə “TƏRƏQQİ” medalı ilə təltif edilib.

Şeirləri Türkiyədə, Rusiyada, Özbəkistanda(2016) və Qazaxstanda(2018) nəşr olunmuş “Çağdaş Azərbaycan poeziyası” antologiyalarına daxil edilib.

2000-ci ildən eyni zamanda tərcüməçilik fəaliyyəti ilə məşğuldur. Türkiyə türkcəsindən bir çox kitabları Azərbaycan türkcəsinə uyğulayıb. Rus, fransız, qazax, qırğız, özbək şair və nasirlərinin əsərlərini Azərbaycan dilinə tərcümə edib.

Hal-hazırda Əli Kərim adına Sumqayıt şəhər Poeziya Evinin direktoru vəzifəsində çalışır.

 

Yibileyi münasibəti ilə şair çox təbriklər aldı. Milli Məclisin Mədəniyyət Komitəsində, Azərbaycan Yazıçılar Birliyindəki təbriklərə daha bir təbrik də qoşuldu. 

“Qazax” Xeyriyyə İctimai Birliyinin mətbuat katibi Səbinə Yusifin portalımıza verdiyi açıqlamasına görə, şairi birdən-birə başda İctimai Birliyin İdarə Heyətinin sədri, riyaziyyat elmləri doktoru, professor İlham Pirməmmədov olmaqla ictimai birliyin onlarca tanınmış üzvü, o cümlədən İctimai Birliyin İdarə Heyətinin üzvləri Xalq şairi Nəriman Həsənzadə, Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev, Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, Millət vəkilləri – Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, professor Səməd Seyidov, akademik Nizami Cəfərov, Ülviyyə Ağayeva, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri, professor Famil Mustafayev, Azərbaycan Sahibkarlar Konfederasiyasının Prezidenti, iqtisad elmləri doktoru Məmməd Musayev, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin baş direktoru Kamran Nəbizadə, Azərbaycan Respublikası Daxili işlər nazirinin müavini, Daxili Qoşunların komandanı, general-leytenant Şahin Məmmədov, Hərbi Dəniz Qüvvələrinin komandanı, vitse-admiral Sübhan Bəkirov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlı, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev, “Odlar Yurdu” Universitetinin rektoru, professor Əhməd Vəliyev, görkəmli yazıçı, Əməkdar incəsənət xadimi Vidadi Babanlı, Azərbaycan Jurnalistlər Birliyinin sədri, Əməkdar jurnalist Elçin Şıxlınski, Yazıçı-jurnalist, Avrasiya Miİllətlər Assambleyası Ədəbiyyat Şurasının həmsədri, Əməkdar jurnalist Varis Yolçuyev, 

general-mayor Məmməd Eminov, general-mayor Namiq Poladov, polkovnik Eldəniz Namazov, polkovnik Elşən Qapaqov, polkovnik-leytenant Elçin Məmmədov, Vətən Müharibəsi Qəhrəmanı mayor Nicat Bədəlov, akademik Şahin Mustafayev, akademik Məhəmməd Babanlı, akademik Bilal Bilalov, AMEA-nın müxbir üzvü Arif Məmmədov, “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədr müavinləri Puşkin Əhmədov, Arzuman Abdulkərimov, Şəhid anaları Başxanım Abbaslı, Afət Əfəndiyeva, Xavər Məhəmmədi, Ülviyyə Nəbiyeva, Xalq artisti Sabir Məmmədov, Xalq artisti Həmidə Ömərova, Əməkdar mühəndis Qasım Abdullayev, Əməkdar məşqçi Firdovsi Umudov, Əməkdar müəllim Arzu Daşdəmirov, Əməkdar həkim Şərif Şahməmmədov, Əməkdar jurnalist Akif Aşırlı, Əməkdar incəsənət xadimi Barat Vüsal, professor Valeh Nəsibli, professor Məqsəd Qocamanov, professor Məhəbbət Dəmirçiyeva, fizika elmləri doktoru, APİ-nin Quba filialının rektoru Yusif Alıyev, dosent Dürdanə Vəkilova, dosent Natavan Dəmirçioğlu, dosent Məti Osmanoğlu, Həsrət Pirməmmədov, Binnət Həsənov, Ramiz Göyüşov, Kamal Axundov, Rövşən Babanlı, İsmayıl Umudlu, Məmməd Əfşan, Namiq İsmayılov, Fikrət Hacıyev, Elçin Carçıyev, Sahib İbrahimov, Eldar Ələkbərov, Vasif Məhərrəmli, Mədət Səttarov, professor Rüstəm Kamal, rəssam Qafar Sarıvəlli, Sultanxanım Nəsibova, Solmaz Kosayeva, Məlahət Qurbanova, şairlər Məmməd Əfşan, Cığatel İsaqızı, Çiçək Mahmudqızı, rəssam Nəvai Metin, Zaməddin Həmişəyev, Yusif Rəhimov, Fərid Bayramlı, Allahverən Dəmirov, Səbinə Yusif, Ceyhun Babaşov, Rafail İncəyurd, Əli Rəhimov, Fərhad Əyyubov, Ələddin Kəsəmənli və İctimai Birliyin digər üzvləri 60 illik yubileyi münasibətilə ürəkdən təbrik etdilər, uzun ömür, möhkəm cansağlığı və bütün işlərində uğurlar dilədilər!

Əsil yubilyara layiq bir təbrik oldu!

 

“Ədəbiyyat və incəsənət”

(13.03.2023)

Fransanın paytaxtı Parisdə 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə azərbaycanlı sənətkarların rəsm sərgisinin açılış mərasimi keçirilib. 

 

“Ədəbiyyat və incəsənət” portalı Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat alan AzərTAC-a istinadən bildirir ki, Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının, İnkişaf edən Millətlər Assosiasiyasının dəstəyi və Toğrul Nərimanbəyov Assosiasiyasının təşkilatçılığı ilə gerçəkləşdirilən sərgi Parisin 5-ci rayon meriyasının tərkibində fəaliyyət göstərən Latın Məhəlləsinin İcma həyatı və Vətəndaş Evində baş tutub.

Sərgidə azərbaycanlı rəssamlar Əsmər Nərimanbəyova, Sahib Əsədli, Təranə Seyid, Yeganə Hüseynova, Milana Kamıyeva, Nərminə Vəliyeva, Səidə Faqala-Haqverdi, Aysel Mirqasımova, Leyla Əliyeva, Elnarə Səfərova, Rəna Əmrahova, Yeganə Əsədova və azərbaycanlı fotoqraf Maya Bağırovanın əsərləri nümayiş etdirilib.

Sərgi martın 18-dək davam edəcək.

 

“Ədəbiyyat və incəsənət”

(13.03.2023)

Süleyman Rüstəmin 117 illiyinə 117 söz

 

Çoxları onu Sovet şairi, kommunist şair sayır, poeziyasını ideoloji vasitə adlandırır. Onun SSRİ kosmonavtikasının 60-cı illərin başlanğıcındakı ən böyük uğuruna - kosmik fəzaya Layka adlı itin göndərilməsinə şeir həsr etməsinə, əlbəttə ki, birmənalı yanaşmaq olmaz. Bununla belə, ədəbiyyat tarixindən kimisə silmək yolverilməzdir. O cümlədən də Azərbaycan Sovet poeziyasının ən ünlü simalarından biri olan Süleyman Rüstəmi. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bazar günü Xalq şairi Süleyman Rüstəmin anadan olmasının 117-ci ildönümü tamam oldu. Onun ömür yolu maraqlıdır. Gəlin nəzər yetirək. 

O, 1906-cı il martın 12-də Bakıda dəmirçi ailəsində dünyaya göz açıb. Ailələri dedikcə imkansız olub. Kasıb həyat tərzi, çətin uşaqlıq keçirməsinə baxmayaraq, ədəbiyyata, poeziyaya böyük maraq göstərən Süleynman Rüstəm ilk şeirlərində fəhlə və kəndli əməyini, torpağı və zəhməti tərənnüm edib . Onun həyatının 65 ildən çox müddətini əhatə edən yaradıcılığı yüzlərlə şeir, poema, dram əsərlərindən ibarətdir. 1923-cü ildən 1989-cu ilədək xalqın həyatında baş verən ictimai-siyasi hadisələrdən tutmuş, xalqın mənəvi durumunadək bu poeziyada hər şey öz əksini tapıb. Ancaq kommunist ideologiyasının vəsfini bir qırağa qoysaq (“Ələmdən nəşəyə” kitabı bu sayaq şeirlərə əsl nümunədir) və Süleyman Rüstəm yaradıcılığında ən qiymətli cəhətləri qabartsaq, birinci sırada cənub mövzusu dayanar. 

 

CƏNUB MÖVZUSU

Şair cənub mövzusunda müntəzəm yazmaqla Azərbaycan poeziyasına əsl poetik çələng gətirib. O, İranda yaşayan soydaşlarımızın ağır həyat tərzini görüb və könlündən keçənləri kağızlara köçürüb. “Təbrizim” adlı şeiri şairin bu səpkili şeirlərindən ən təsiredicisidir. Bundan başqa, şair “Könlümə Təbriz düşdü”, “İşıq”, “Yenə Araz qırağında”, “Yaralarım”, “Görsəm” kimi şeirlərində vətən həsrəti çəkən, əzablı, cəfalı günlər keçirən soydaşlarımızdan danışır.

 

DRAMATURGİYASI

Ədəbi fəaliyyətə "Çimnaz xanım yuxudadır" birpərdəli komediyası ilə başlayan Süleyman Rüstəmin “Qaçaq Nəbi” məzmun dramı, “Durna” komediyası dramaturgiyamızın incilərindəndir.

 

VƏTƏNİN VƏSFİ

Azərbaycanın elə bir guşəsi yoxdur ki, Süleyman Rüstəm ora şeir qoşmasın. Xəzər dənizi haqqında ən çox şeir yazan da məhz Süleyman Rüstəm olub. "Xəzər və durnalar", "Xəzər nəyə bənzəyir", "Xəzərdə gecə", "Xəzərdə", "Xəzərin səhəri", "Xəzərim olsun" və başqa şeirlərdə öz xəyalının qanadlarını Xəzərin dalğaları ilə qovuşduran şair bu mavi gözəli tərənnüm etməkdən doymayıb. “Azərbaycana gəlsin” şeiri isə vətənpərvərlik poetikasının zirvəsidir. 

 

ZƏNGİN LİRİKA

Şairin xüsusən İkinci Dünya müharibəsi barədə gözəl şeirlər yaratması da diqqətçəkəndir. Süleyman Rüstəm bu mövzuda bir-birindən maraqlı və mükəmməl əsərlər yaradıb: "Ana ürəyi", "Durnalar", "Ana və poçtalyon", "Gün o gün olsun ki" kimi kitabları məhz o dövrdə çapdan çıxıb.

 

Onun xalq, vətən qarşısındakı xidmətləri layiqincə qiymətləndirilib. Əsərləri müxtəlif xarici dillərə tərcümə olunub. Bu gün də onun poeziyası diqqətdən kənarda qalmır. Onun 117-ci ildönümünə 117 söz söylədik.

Bu qədər. Amma hər halda, dahi Nizami Gəncəvi min ilə yaxın bir dövrdə bütün ideologiyalardan və siyasi hakimiyyətlərdən yüksəkdə durmağı bacarırsa, demək, mövsümi şeirlər yazmamaq da mümkündür. 

 

“Ədəbiyyat və incəsənət”

(13.03.2023)

Xalq şairi Cabir Novruzun 90 illik yubileyidir

 

Bir dəfə - söhbət 2000-ci ildən gedir - Xızı rayonunun Giləzi qəsəbəsində yaşayan Əli Məmmədov adlı bir şəxs “168 saat” qəzetinin redaksiyasına köhnə əlyazmaları təqdim etdi, məlum oldu ki, bunlar mərhum xalq şairi Cabir Novruzun yarımçıq qalmış ilk nəsr əsəridir. Bəlli oldu ki, gözəl şairlərin müəllifi həm də gözəl nəsr yazırmış. O vaxt bu nəsr əsəri çap da olundu. Xatirələr bizi niyə çəkdi? 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, ötən gün Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Cabir Novruzun anadan olmasından 90 il ötdü.

Xızı rayonunun Upa kəndində dünyaya göz açan Cabir Novruz orta məktəbi bitirdikdən sonra Sabir adına Pedaqoji Texnikumda təhsil alıb və 1952-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub. Bir il sonra Azərbaycan Yazıçılar İttifaqının (AYİ) tövsiyəsi ilə təhsilini davam etdirmək üçün Moskvaya, Maksim Qorki adına Ədəbiyyat İnstitutuna göndərilib və 1957-ci ildə oranı bitirərək Vətənə dönüb.

“Bakı” axşam qəzetinin ədəbiyyat şöbəsində ədəbi işçi kimi əmək fəaliyyətinə başlayan Cabir Novruz müxtəlif vaxtlarda “Azərbaycan” ədəbi-bədii jurnalının, “Ədəbiyyat və incəsənət” qəzetinin baş redaktoru vəzifələrində çalışıb və AYİ-nin idarə heyətinin katibi olub.

C.Novruzun müxtəlif illərdə çap olunmuş “İnsan məhəbbəti”, “İllərin ömrü”, “Bizim əsr”, “Adi həqiqətlər”, “Həyat, sən nə qəribəsən”, “Taleyin töhfələri”, “Bir dünyam var”, “İnsan himnləri”, “Ömür keçir karvan kimi”, “Ulu dünya, heyifsən”, “Vətən əbədi qopuqdur”, “Özünü qoru, xalqım”, “İnsanı tanımaq olmur” və digər şeirlər və poemalar kitabları ədəbiyyatsevərlər tərəfindən böyük məhəbbətlə qarşılanıb.

Şairin poeziyası XX əsr Azərbaycan ədəbiyyatının parlaq səhifələrindən birini təşkil edir. Onun əsərlərində milli irsimizin zəngin ənənələri müasir ədəbi cərəyanların tələbləri ilə üzvi şəkildə birləşir. Ədəbiyyat aləminə gəldiyi ilk illərdən şair yüksək bəşəri-mənəvi dəyərləri tərənnüm edən şeirləri ilə oxucuların dərin məhəbbətini qazanıb. Onun qələmindən çıxan lirik poeziya nümunələri və epik lövhəli əsərlər bədii səviyyəsi, mövzu rəngarəngliyi ilə seçilir. Şairin yüksək mənəviyyata səsləyən yaradıcılığı və vətəndaş ruhunun hakim olduğu poeziyası öz dilinin bədii gözəlliyi və rəvanlığı ilə səciyyələnir.

Bir baxın. İllər ötəcək, amma Cabir Novruzun sağlığında qiymətini ala bilməyənlərin, haqqı tapdananların, min bir ləkə vurularaq zindanlar küncündə işığa həsrət qalanların haqqını qaytarmaq üçün “Sağlığında qiymət verin insanlara” harayı ilə minlərin-milyonların qəlbində ümid, inam tonqalı qalanmaqda davam edəcək. 

Cabir Novruz öz yolu, öz sözü, öz ədəbi taleyi olan şairdir. 

Onin poeziyası ilk öncə sadəliyi və emosionallığı ilə diqqəti cəlb edir. Elə buna görədir ki, şeirlərinə çoxlu mahnılar yazılıb. Şairin sözlərinə bəstələnmiş çoxsaylı mahnılar musiqisevərlər tərəfindən həmişə böyük rəğbət və sevinclə qarşılanıb.

Əsərləri dünyanın müxtəlif xalqlarının dillərinə tərcümə edilərək nəşr olunub. Onun bədii tərcümələri sayəsində isə Azərbaycan oxucusu dünya poeziyasının bir sıra qiymətli nümunələri ilə tanış olmaq imkanı qazanıb.

Cabir Novruzun ictimai fəaliyyəti də zəngin olub. O, həyatının bütün mərhələlərində, xüsusilə birinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı kimi ölkəmizdə gedən ictimai-siyasi proseslərin fəal iştirakçısı olub, xalqımızın həyatında baş verən taleyüklü hadisələrə düzgün qiymət verilməsində əsl vətəndaşlıq mövqeyi nümayiş etdirib.

Şairin ədəbi və ictimai fəaliyyəti yüksək qiymətləndirilib. O, xalq şairi, “Əməkdar incəsənət xadimi” fəxri adlarına, dövlət mükafatına, orden və medallara layiq görülüb.

Duyan qəlb, düşünən ürək, sadəliklə səmimiyyət arasındakı məsafəni böyük insanlıqla fəth edən Cabir Novruz 2002-ci il dekabrın 12-də ömrünün 70-ci ilində dünyaya əlvida dedi. 

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(13.03.2023)

Mədəniyyət nazirinin birinci müavini, nazir vəzifəsini icra edən Adil Kərimli Azərbaycan Bəstəkarlar İttifaqında qurumun kollektivi ilə görüşüb.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, Adil Kərimli mədəniyyətimizin dayanıqlı inkişafı məqsədilə həyata keçirilən islahatlardan danışıb, görüşün əsas məqsədinin qurumun rəhbərliyi ilə fikir mübadiləsi aparmaq, sahələr üzrə onların təkliflərini dinləmək olduğunu bildirib.

Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin mədəniyyət sahəsinin inkişaf etdirilməsi istiqamətindəki tapşırıqlarına uyğun olaraq yeni strategiya hazırlanır. Buna uyğun olaraq yeni forma və yeni struktur mexanizmləri yaradılacaq. Əsas iş həm də bu sahədə ixtisaslı kadrların artırılmasına diqqət etməkdir.

Qeyd olunub ki, milli-mənəvi dəyərlər, mədəni irsimizə münasibətdə müəyyən boşluqlar var. Bu baxımdan peşəkar, yaradıcı sahələrə dəstək verilməlidir və ölkədəki yaradıcı birliklərin əməkdaşlığı önəmlidir.

Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə qurumun fəaliyyəti, ənənələri barədə məlumat verib. İttifaqın üzvləri bəstəkarlıq sahəsində problemlər və perspektivlərlə bağlı fikirlərini bölüşüblər.

 

“Ədəbiyyat və incəsənət”

(13.03.2023)

 

Görkəmli kinorejissor, dramaturq, Xalq yazıçısı Rüstəm İbrahimbəyovun Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, mərasimdə tanınmış mədəniyyət və incəsənət xadimləri, həmçinin mərhumun ailə üzvləri iştirak ediblər.

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev deyib ki, Rüstəm kimi sənətkarlar eldən gedir. Onun ölümü ölkəmiz üçün böyük itki oldu: “Rüstəm öz sənəti, savadı, intellekti, bacarığı ilə nəyinki ölkəmizdə, eləcə də dünyada tanınmış bir adam idi. O, ölkəmizi yüksək səviyyədə təmsil edirdi. Onunla olduğum ölkələrdə böyük sənət adamlarının Rüstəm İbrahimbəyovun sözlərinə, fikirlərinə, çıxışlarına, dünyaya baxışına xüsusi həssaslıqla yanaşdıqlarının şahidi olmuşam. Bu, məni çox qürurlandırıb, Azərbaycanın belə bir oğulu olduğundan böyük iftixar hissi keçirmişəm”.

Rüstəm İbrahimbəyovun qəlblərdə daim yaşayacağını söyləyən Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri deyib ki, onun yazdığı ssenarilər, pyeslər, əsərlər, çəkdiyi filmləri var Rüstəm də xatırlanacaq və yaşayacaq: “Rüstəm böyük bir məktəb yaradıb. Bu məktəb uzun illər Azərbaycan kinosunda xidmət etmək istəyən professionallara bir vəsiqə olacaq. Çünki onun yazdıqlarından hələ kino ilə məşğul olanlar çox istifadə edəcəklər. Rüstəm İbrahimbəyov Azərbaycanı bütün dünyada tanıdıb”.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar mərhum sənətkarın dünya şöhrətindən danışıb: “Rüstəm İbrahimbəyov dünyaşöhrətli azərbaycanlı idi. Biz bununla fəxr edirik”.

Xalq yazıçısı Çingiz Abdullayev Rüstəm İbrahimbəyovun yaradıcılığını əbədi sənət nümunəsi kimi qiymətləndirib: "Rüstəm 6 dəfə dövlət mükafatı alan yeganə sənətkardır. Təkcə bu, bizim üçün ən böyük fəxr olunası məqamdır”.

Qəbirüstü abidənin müəllifi Aydın Zeynalov abidənin müəllifi olmaqdan məmnunluq duyduğunu vurğulayıb: "Bu işi mənə mərhum Rüstəm İbrahimbəyovun ailəsi həvalə edib. Bundan çox məmnunam. Biz abidənin eskizini də bərabər hazırladıq, bərabər işlədik".

Daha sonra qonaqlar Rüstəm İbrahimbəyov haqqında xatirələrini bölüşüb, həmçinin onun yaradıcılığı barədə fikirlər səsləndirib.

Xatırladaq ki, Rüstəm İbrahimbəyov ötən ilin bu günü Moskvada vəfat edib.

 

“Ədəbiyyat və incəsənət”

(10.03.2023)

 

Martın 10-da Azərbaycan kulinarlarına “Avropa Qran Prisi 2023: Qlobal Aşpazlar Müsabiqəsi”ndə qələbə gətirən bürünc menyuların təqdimatı keçirilib.

“Ədəbiyyat və incəsənət” AzərTAC-a istinadən xəbər verir ki, tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin sədrinin müavini Azadə Hüseynova bu qələbə münasibətilə Milli Kulinariya komandasının üzvlərini təbrik edib, onlara gələn il Sinqapurda keçiriləcək “Dünya aşpazlarının konqresi 2024” finalında uğurlar arzulayıb.

O, Azərbaycanın qastronomiya ölkəsi kimi tanınması üçün böyük potensiala malik olduğunu bildirərək Agentliyin bu sahənin inkişafına daim dəstək göstərməyə hazır olduğunu bildirib.

Daha sonra Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Azərbaycan Milli Kulinariya komandasının məşqçiləri Orxan Muxtarov və Chong Heng Ho, komandanın kapitanı Sərxan Məmmədov, Baş aşpaz Nicat Babayev, Baş qənnadçı Gülnar Rəsulova və gənc qənnadçı Zinyət Axundova, gənc aşpazlar Emil Zeynalzadə, Abdulla Abdullayev və Leyla Vəliyevanı fəxri fərmanla təltif edib. “Qlobal usta aşpazlar müsabiqəsi”, “Qlobal gənc aşpaz”, “Qlobal şirniyyat hazırlanması üzrə aşpaz” və “Qlobal veqan aşpaz” kateqoriyaları üzrə Azərbaycan Milli Kulinariya komandasına İtaliyanın Rimini şəhərində keçirilən müsabiqədə qələbə qazandıran menyular milli təamlarımızın dünya standartlarına uyğunlaşdırılması nəticəsində hazırlanıb.

Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə yeni formalaşdırılmış Azərbaycan Milli Kulinariya komandası ilk dəfə nüfuzlu Qlobal Aşpazlar Müsabiqəsinə qatılıb və uğurlu nəticə göstərərək dörd bürünc medal qazanıb. 

Tədbirin sonunda azərbaycanlı aşpazları Avropada qələbə qazandıran menyunun dequstasiyası keçirilib.

 

“Ədəbiyyat və incəsənət”

(10.03.2023)

 

Bu günün - 10 mart Milli Teatr Gününün, Azərbaycan peşəkar milli teatrının 150 yaşının tamam olmasının şərəfinə Mədəniyyət Nazirliyi silsilə tədbirlər hazırlayıb. 

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, yubiley münasibətilə müxtəlif tədbirlər, layihələr həyata keçirilir. Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə 10 mart – Milli Teatr Günündə ölkəmizin televiziya kanallarının iştirakı ilə keçiriləcək telemarafon isə bütün teatrsevərlərə xoş bir sürpriz olacaq.

Gün ərzində televiziya kanallarında teatrların fəaliyyətinə nəzər salınacaq, tamaşalar nümayiş olunacaq, ömrünü Azərbaycan səhnəsinə həsr edən sənətkarların fikir və düşüncələri təqdim ediləcək. Bir sözlə, bu gün Azərbaycanın televiziya məkanında əsl teatr rüzgarı əsəcək.

1873-cü ildə qədim tarixə malik xalq teatrı ənənələri üzərində, milli dramaturgiyanın banisi Mirzə Fətəli Axundzadənin “Lənkəran xanının vəziri” komediyasının tamaşası ilə  əsası qoyulan peşəkar teatr sənətimiz bu illər ərzində zəngin inkişaf yolu keçib.

Azərbaycanda peşəkar milli teatrın yubileyi ilk dəfə dövlət səviyyəsində, böyük təntənə ilə yarım əsr öncə mədəniyyətimizin böyük himayədarı Heydər Əliyevin rəhbərliyi ilə qeyd edilib. Teatrımızın 100 illik yubileyində dərin məzmunlu nitq söyləyən Ulu öndər milli teatr sənətinin inkişafına xüsusi diqqət və qayğı göstərib. Ümummilli liderin respublikamıza rəhbərliyinin hər iki dövründə bu istiqamətdə mühüm qərarlar qəbul olunub, teatr xadimlərinin yaradıcılıq nailiyyətləri dövlət tərəfindən qiymətləndirilib.

Teatr sənətinə diqqət və qayğı bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Dövlət başçısı 3 fevral 2023-cü il tarixində Azərbaycan teatrının 150 illiyi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edildiyi kimi, teatr xalqımızın mədəni sərvətidir və onun qorunması, inkişaf etdirilməsi dövlətin mədəniyyət siyasətinin əsas prioritetlərindən biridir.

 

“Ədəbiyyat və incəsənət”

(10.03.2023)

 

Təqvimimizdə 10 Mart günü Milli Teatr Günü kimi qeyd edilib. Hər ilin bu gününü ölkənin teatr ictimaiyyəti təntənə ilə keçirir. Amma bu dəfə bir başqa büsat var. Bu gün Azərbaycan teatrı yaranmasının 150-ci ildönümünü qeyd edir. Prezident İlham Əliyevin “Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamına əsasən bu əlamətdar yubiley ölkəmizdə və ölkəmizin hüdudlarından kənarda silsilə tədbirlərlə qeyd olunacaq.

“Ədəbiyyat və incəsənət” portalı qədim və zəngin yol keçən Azərbaycan teatrının tarixinə bir rakurs edir. 

1873-cü il martın 10-da Bakı realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-vəziri-xani Lənkəran” komediyası nümayiş etdirildi. Bu tamaşa ilə Azərbaycanda milli teatrın əsası qoyuldu. Bu şərəfli işdə Həsən bəy Zərdabi və Nəcəf bəy Vəzirov mühüm rol oynadılar. Milli teatrın inkişafında məşhur xeyriyyəçi-mesenat Hacı Zeynalabdin Tağıyevin də böyük xidməti olub. O, Bakı şəhərində ilk teatr binası inşa etdirib. Nəticədə Azərbaycan səhnəsinin Cahangir bəy Zeynalov, Hüseynqulu Sarabski, Mirzağa Əliyev, Hüseyn Ərəblinski, Ülvi Rəcəb, Abbas Mirzə Şərifzadə, Mustafa Mərdanov, Məmmədrza Şeyxzamanov, Ağasadıq Gəraybəyli, Əliağa Ağayev, Lütfəli Abdullayev, Nəsibə xanım Zeynalova, Mərziyə xanım Davudova kimi yüzlərlə siması yetişib.

Uzun və şərəfli tarixi yol keçmiş Azərbaycan teatrının inkişafında son illərdə yeni mərhələ başlayıb. Bu inkişaf özünü, ilk növbədə, teatrların maddi-texniki bazasının müasir dünya standartlarına uyğun möhkəmləndirilməsində, kollektivlərin yaradıcılıq axtarışlarının bəhrəsi olaraq yeni maraqlı tamaşaların hazırlanmasında, nüfuzlu Qərb, o cümlədən Avropa teatrları ilə təcrübə mübadiləsinin genişləndirilməsində və s. göstərir. Danılmazdır ki, Azərbaycan teatrı bu gün tam dövlət qayğısı ilə əhatələnib. 

“Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyinin qeyd olunması haqqında” Sərəncam buna bariz nümunədir. Məhz Prezident İlham Əliyevin bilavasitə təşəbbüsü ilə son illərdə ölkədə teatr sənətinin inkişafı ilə bağlı bir sıra fundamental dövlət sənədləri qəbul olunub.

2006-cı ildə Azərbaycanda “Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Bu qədim yaradıcılıq sahəsinin çağdaş inkişaf mərhələsini əks etdirən Qanunda dövlətin teatr sənətinə xüsusi əhəmiyyət verməsi rəsmən bəyan edilib. 2007-ci ildə Prezident İlham Əliyev teatr sənəti ilə bağlı daha bir mühüm sənəd - “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” Sərəncam imzalayıb. 2009-cu il mayın 18-də isə dövlət başçısı “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramını təsdiq edib.

Hər zaman sənət adamlarına diqqət və qayğı ilə yanaşan Prezident İlham Əliyevin 2013-cü il 1 mart tarixli Sərəncamı ilə ölkəmizdə “Milli Teatr Günü” təsis edilib. Sərəncama əsasən milli mədəniyyətin inkişafında və ölkənin mədəni həyatında milli teatrın əhəmiyyəti və rolu nəzərə alınaraq hər il martın 10-u Azərbaycan Respublikasında “Milli Teatr Günü” kimi qeyd edilməsi qərara alınıb. Həmin tarix ölkəmizin hər yerində silsilə tədbirlərlə qeyd olunur.

Qayıdaq Azərbaycan teatrının 10 illik inkişaf perspektivlərini müəyyənləşdirən Dövlət proqramına. Bu proqram öz fəaliyyəti ilə milli-mədəni sərvətə çevrilən teatrımızın zəngin bədii irsinin və yaradıcılıq ənənələrinin qorunması, Avropa mədəniyyətinə inteqrasiya olunması, teatrların maddi-texniki bazalarının modernləşdirilməsi, teatr binalarının dünya standartlarına uyğun təmiri, informasiya və maliyyə resurslarından səmərəli istifadə edilməsi və repertuarın günün tələblərinə uyğun formalaşdırılması məqsədlərinə xidmət edib.

Dövlət proqramı çərçivəsində Bakıda keçirilən beynəlxalq teatr konfransları da mühüm hadisə kimi dəyərləndirilməlidir. Proqram çərçivəsində Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla, S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram, Azərbaycan Dövlət Gənc Tamaşaçılar, Azərbaycan Dövlət Akademik Milli Dram, Mingəçevir, Ağdam və Füzuli Dövlət Dram teatrlarının binalarında yüksək səviyyədə təmir-bərpa və yenidənqurma işləri aparılıb. Daxili imkanlar hesabına Dövlət Pantomima Teatrının binasının bir hissəsi bərpa edilərək tamaşaçıların ixtiyarına verilib.

Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının 40 il ərzində həll olunmayan bina problemi köklü şəkildə öz həllini tapıb. Görülmüş işlər nəticəsində Azərbaycan Dövlət Musiqili Teatrının binası dünya standartlarına uyğun təmir edilərək istismara verilib. Son illərdə onlarla sənət adamına dövlətimizin başçısının sərəncamları ilə yüksək fəxri adlar verilib. Hər il 100 nəfər istedadlı sənət adamı Prezident təqaüdünə layiq görülür. Yüzlərlə insanın mənzil və digər problemləri həll olunur. Hər il Azərbaycan sənəti qarşısında fövqəladə böyük xidmətləri olan şəxslər ömürlük təqaüd alanlar siyahısına daxil edilirlər.

Regionlarda teatrlarımızın inkişafı, xalq teatrlarının yaranmasını da bu yüksəliş siyahısına daxil etsək məsələ tam aydınlaşar. 

İnanırıq ki, Azərbaycan teatrının uğurları hələ qarşıdadır. Biz bütün teatr cameəsini təbrik edirik!

 

“Ədəbiyyat və incəsənət”

(10.03.2023)

Cümə, 10 Mart 2023 12:14

Heydər Əliyev və teatr

 

Bu gün Azərbaycan teatrı yaranmasının 150-ci ildönümünü qeyd edir. Prezident İlham Əliyevin “Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamına əsasən bu əlamətdar yubiley ölkəmizdə və ölkəmizin hüdudlarından kənarda silsilə tədbirlərlə qeyd olunacaq.

“Ədəbiyyat və incəsənət” portalı builki Heydər Əliyev ilində ümummilli liderin Azərbaycan teatrına göstərdiyi diqqət və qayğıya nəzər salır.

Şübhəsiz, teatrlarımızın yeni inkişaf yoluna çıxmasında ölkəmizə rəhbərliyinin bütün dövrlərində daim mədəniyyət və incəsənətin böyük hamisi kimi bu sahədə çalışanların sonsuz rəğbətini qazanmış Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xidmətləri misilsizdir. Yeri gəlmişkən qeyd etməliyik ki, bu il ölkəmizdə Ulu Öndərin 100 illik yubileyi münasibətilə “Heydər Əliyev İli” elan olunmasının teatrımızın 150 illiyi ilə üst-üstə düşməsi də rəmzi xarakter daşıyır. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Heydər Əliyev və milli teatr sənəti” layihəsi çərçivəsində Heydər Əliyev Mərkəzində tamaşa təqdimatları davam edir.

Ulu Öndər hər zaman teatra, yaradıcı insanlara çox böyük diqqət və qayğı ilə yanaşıb. Onun premyeralara getməsi, prədə arxasında sənətçilərlə görüşməsi, ünsiyyət qurması əsla yaddan çıxmaz.

Bu ənənə bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 

 

“Ədəbiyyat və incəsənət”

(10.03.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.