ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

Aprelin 15-də Beynəlxalq Muğam Mərkəzində “Mirzə Şəfi Vazehin Şərq lirikası Qərb musiqisində” adlı konsert təşkil olunacaq. 

 

Konsertdə vokalçı Əməkdar artist İlham Nəzərov və pianoçu beynəlxalq müsabiqələr laureatı Züleyxa Abdulla çıxış edəcək. 

Qeyd edək ki, konsert proqramında görkəmli İsveçrə bəstəkarı H.Huberin romans silsiləsi Bakıda ilk dəfə təqdim olunacaq. Vazehin şeirlərinə yazılmış bu silsilənin notları İsveçrədə 140 il əvvəl, 1882-ci ildə nəşr edilib, lakin ölkəmizdə ilk dəfə ifa ediləcək. Eyni zamnda Avropa klassik musiqisində romantizm dövrünün bəstəkarlarının fortepiano üçün əsərləri ifa olunacaq.

 

“Ədəbiyyat və incəsənət”

(14.04.2023)

“Ədəbiyyat və incəsənət” portalı istedadlı gənc nasir Nemət Mətinin “Gözəgörünməzlər” hekayəsini təqdim edir.

 

 

 

 GÖZƏGÖRÜNMƏZLƏR

 

         Göy üzünü nəm əskiylə silmişdilər sanki. Ulduzlar aydın görünürdü. Ay qəddini əyib aypara olmuşdu. Ulduzlara tamaşa edirdi. Bircə bulud belə yox idi. Bəlkə də, bütün göz yaşını töküb mışıl-mışıl yatırdılar. Arabir bir ulduz okeana baş vururmuş kimi düşürdü. Arzu tutmağı unutmadığım üçün sevinirdim. Külli-kainatın sehrinə göz şahidi kəsilmişdim. Fikrimi dağıdan qəribə səs oldu. Səməd Vurğun adına parkda bir nəfər sərsəri sükanı tuturmuş kimi əlini qabağa verib sürətlə şütüyən maşın səsi çıxarırdı. Park boyu o tərəf-bu tərəfə naqolay addımlarla yeriyirdi. Darıxdığım üçün işdən çıxıb parka gəlmişdim. Yalnız mənim kimi tənha adamlar parkda oturub göy üzünə tamaşa edə bilər. İşdən çıxanda telefondakı nömrə siyahısına baxmışdım. Heç kim mənə doğma gəlməmişdi. Ona görə günü tək keçirməyi düşünmüşdüm. Amma bu sərsəri bütün fikri-zikrimi məndən alıb diqqəti özünə yönəltdi. Ona yaxınlaşmağı düşünsəm də, yerimdən tərpənmədim. O yorulub yanımda əyləşdi. İşə bax bir. Bu boyda parkda yer tapmadı...

         Təngnəfəs idi. Nəfəsi özünə qayıdanda başını 90 dərəcə çevirib mənə baxdı. Ətim ürpəşdi. Qorxdum. Durub qaçmaq istədim. Necəsə özümü toparladım. Sanki macəraya ipucu axtarırdım və tapmışdım. Dilim dodaqlarımın, dodaqlarım da mənim sözümə baxmadı deyə, sual verdim:

– Nə məsələdir?

– Maşınla qızımı məktəbdən gətirirəm.

– Qızın hanı?

– Yanımda əyləşib. 

Qorxu canıma tam olaraq yayxanıb oturdu. Amma maraq qorxunu yenə bildi. 

– Gecikmisən deyə, maşını bərk sürürsən?

– Aha...

– Qızının adı nədir?

– Gülzar

– Adıyla böyüsün.

– Çox sağ ol.

– Qızını mənimlə tanış edə bilərsən?

– Danışmağı sevmir. 

         Gözəgörünməyən qızın taleyi haqda düşündükcə sualdan sual çıxırdı. Hövlnak ayağa qalxıb “maşın”ı işə saldı. Arxasınca düşdüm. Keçmişdə “fəvvarələr meydanı” kimi tanınan ərazinin arxa küçələrindən birinə dönəndə ondan əl çəkmədim. Hamı uzaqdan ona baxırdı. Bəzisi gülür, bəzisi donub qalırdı. Nəhayət, binaya daxil oldu. Köhnə üçmərtəbə “xruşşovka”nın ikinci mərtəbəsində qalırmış. Qapını açarla açıb içəri keçdi. Qızıyla danışırmış kimi dedi:

– Ayaqqabılarını çirkli eləmisən. 

Qapının arxasına qulağımı söykəyib qızıyla söhbətini dinləyirdim. Səs kəsiləndən sonra evə yollandım. Bütün gecəni ata və qızını düşündüm. Səhər ayılanda divanda yatıb qaldığıma görə özümü söydüm. Böyrəklərimə soyuq olmuşdu gecə. Adətən, gecə temperatur aşağı düşür.

         İstirahət günüm idi. Dostum vəkilə zəng vurdum. Küçəni, binanın nömrəsini və qızın adını dedim. Dostum araşdıraraq cavab verəcəyini bildirdi. Eyvana çıxıb siqareti alışdırdım. Aşağıda uşaqlar cırcıramanın quyruğuna sap bağlayaraq uçururdular. Yazıq cırcıramanın axırda quyruğu qopub yerə düşdü. Niyə biz itin, filin ölümünə etiraz edirik, amma cırcıramanın, kəpənəyin, qarışqanın ölümünə biganə qalırıq? Məgər canlı kiçik olanda onu görməzdən gəlmək insanlığa sığar? Əsəbim uşaqların gülüşünə qarışıb yox oldu...

         Saat ikidə dostum vəkil zəng vurdu. Baş barmağımı ekranda soldan sağa sürüşdürəndən sonra “alo” dedim. Vəkil özünəməxsus səs tonuyla söhbətə başladı:

– Ataruh, qulaq as. O uşağın həyatı ilə nə üçün maraqlanırsan? 

– Lazımdı. Səndən yaxşı olmasın, bir dostum istəyib. Yəqin, hekayə yazacaq. Hər halda, adları dəyişdirər.

Gülzar səkkizinci sinifdə oxuyanda valideynlərinin razılığıyla otuz yaşlı kişiyə ərə veriblər. Toy gecəsi qanaxmadan ölüb. Atası qızının ölümünü eşidəndən havalanıb. Gecə-gündüz küçələrdə sülənir.

Birtəhər özümü toparlayıb dedim:

– Oldu, çox sağ ol...

Baş barmağımı ekranda sağdan sola sürüşdürəndən sonra telefonu divanın üstünə atdım.

         Öz-özümə pıçıldadım:

– Məgər canlı kiçik olanda onu görməzdən gəlmək insanlığa sığar?

 

 

“Ədəbiyyat və incəsənət”

(14.04.2023)

 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən “Rusiyada görüşlər” adlı XXV Beynəlxalq Rus Teatrları Festivalı bu gün başa çatır.

 

Portalımız festivalın saytına istinadla xəbər verir ki, mədəni forum görkəmli rus dramaturqu Aleksandr Ostrovskinin anadan olmasının 200 illiyinə həsr olunub. Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin teatr kollektivləri “Baltika evi” teatr-festivalının binasına toplaşıblar. Ölkəmizi bu festivalda Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı təmsil edib. 

Teatrımız “Maskarad” tamaşasını nümayiş etdirib (rejissor – Azərbaycanın Xalq artisti Aleksandr Şarovskidir) və uğur qazanıb.

Festival iştirakçıları tamaşaları müzakirə ediblər, diskussiyalar aparıblar, səhnə nitqi və aktyorluq sənəti üzrə ustad dərslərində, teatrın quruluş hissəsinin mütəxəssisləri üçün məşğələlərdə iştirak ediblər. 

Festivalın yubileyi ilə əlaqədar MDB-yə üzv ölkələrin rus teatrlarının son 25 il ərzində yaratdıqları ən maraqlı tamaşalardan bəhs edən “25 il birlikdə” adlı fotosərgi də keçirilib.

 

“Ədəbiyyat və incəsənət”

(14.04.2023)

Aprelin 17-də Beynəlxalq Muğam Mərkəzində Xalq artisti, bəstəkar Hacı Xanməmmədovun xatirəsinə həsr olunmuş musiqili gecə təşkil olunacaq.

 

Musiqili gecədə Muğam Mərkəzinin solistləri Könül Məmmədli, Vəfa Vəzirova, Hüseyn Məlikov, Könül Xəlilzadə, Murad Laçın, Kamilə Nəbiyeva, Mirələm Mirələmov, Elnur Zeynalov, Elgiz Əliyev, Ehtiram Hüseynov və başqa solistlərin ifalarında bəstəkarın repertuarından olan musiqilər səsləndiriləcək.

 

Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

 

“Ədəbiyyat və incəsənət”

(14.04.2023)

Aprelin 16-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Amerikalı kürəkən” musiqili komediyası 57-ci dəfə oynanılacaq. 

 

Yazıçı-dramaturq, Əməkdar mədəniyyət işçisi Marat Haqverdiyevin eyniadlı əsəri əsasında hazırlanan bu tamaşanın quruluşçu-rejissoru Xalq artisti İlham Namiq Kamaldır.

Səhnəyə qoyulduğu gündən (29 may 2010-cu ildən) böyük maraqla qarşılanan bu tamaşanın musiqisi görkəmli bəstəkar Ramiz Mirişlinindir. 

Səhnə əsərində rolları Xalq artisti İlham Namiq Kamalla yanaşı, Xalq artisti Fatma Mahmudova, Əməkdar artistlər Ələkbər Əliyev, İqrar Salamov, Əkbər Əlizadə, aktyorlar Rəsmiyyə Nurməmmədova, Səmədzadə Xasiyev, Gültac Əlili, Ruslan Mürsəlov, Gülnarə Əzizova, Nigar Qarayeva, Mehriban Rəcəbova ifa edəcəklər.

 

"Amerikalı kürəkən" tamaşasına baxmaq istəyən hər kəs biletləri şəhərin mərkəzləşdirilmiş kassalarından, “ASAN xidmət” mərkəzlərindən və “iticket.az” saytından əldə edə bilərlər.

 

«Ədəbiyyat və incəsənət”

(14.04.2023)

Professor Əlibala Məhərrəmzadə “Ədəbiyyat və incəsənət” portalının oxucuları üçün “Ev tapşırığı: Uğur düsturunu tapacağıq” layihəsini təqdim edir. Bu dəfə o, varlanmaq üçün uğur formulunu açıqlayacaq. Burada biznes-plan tərtib etmək çox önəmli mərhələdir.

 

 

İstehsalat planı - Bu bölümdə sizin firmada olacaq bütün istehsalat və işçi prosesləri təsvir edilməlidir. Burada siz tutduğunuz binalar, onların yerləşməsi, avadanlıq, personalla bağlı məsələləri nəzərdən keçirməlisiniz. Bundan başqa, bu fəsildə prosesə planlaşdırdığınız subpodratçıların cəlb edilməsinə də diqqət ayrılmalıdır.

İnvestorları həmişə bir sual maraqlandırır: biznes öz məhsulu və ya xidmətinin keyfiyyətinə necə təminat verəcək. Ona görə də siz məhsulun istehsal sisteminin necə təşkil olunduğunu və istehsal prosesləri üzərində nəzarətin necə həyata keçirildiyini qısa şəkildə izah etməlisiniz.

 

İdarəetmə personal - İnvestisiyalar biznes-plana deyil, konkret insanlar üçün ayrılır. Buna görə bu ən vacib bölmələrdən biridir. Bölmə rəhbər qrupun necə təşkil olunduğunu və onun hər bir üzvünün  əsas rolunu təsvir etməlidir. Böyük olmayan bir firmanın inkişafının ilkin mərhələsində kifayət dərəcədə  balanslaşdırılmış komanda toplayacağı az ehtimal olunandır. Bu səbəbdən də sizin rəhbər qrupun həm güclü, həm də zəif tərəflərinə diqqət etmək düzgün olardı.

Bu bölmədə sizin partnyorlar, onların imkan ve təcrübəsi haqqında da məlumat olmalıdır. Partnyorların nailiyyətlərinin siyahısını tərtib edin, bu, onların biznes-planda nəzərdə tutulmuş məqsədləri əldə etmək qabiliyyəti haqqında qənaətə gəlməyə imkan verər.

 

Mənbələr və tələb olunan vəsaitin həcmi

 

Bu bölümdə siz aşağıdakı məqamlarla bağlı mülahizələrinizi təqdim etməlisiniz:

·        Tələb olunan vəsaitlərin həcmi;

·        Bu vəsaitləri haradan, hansı şəkildə və hansı müddətə almaq  ehtimalı;

·        Vəsaitin qaytarılma müddəti.

 

Maliyyə planı və risklərin analizi

 

Biznes-planın bu bölümünün vəzifəsi əvvəlki materialları ümumiləşdirmək və onların rəqəmli, daha doğrusu, dəyər ifadəsini təqdim etməkdir. Rəqəmlərdə sehrli və təhlükəli heç nə yoxdur. Onlar əvvəlki bölümlərdə yazılı ifadə etdiyiniz qərarları əks etdirir. Əgər siz hər həftə əmtəənizin reklamını yerli KİV-də yerləşdirmək qərarına gəlmisinizsə, sizin maliyyə planınızda bu qərarı əks etdirən rəqəm mütləq olmalıdır. Əgər siz əmtəənin bir hissəsini ucuz qiymətə satmaq istəyirsinizsə, müvafiq rəqəm bunu biznes-planda əks etdirəcək.

Hər bir işgüzar qərar rəqəmlə müşayiət olunur. Bir yerdə götürülmüş bu rəqəmlər isə sizin maliyyə planınızın əsasını təşkil edir. Bu rəqəmləri  «havadan» götürmək olmaz. Çünki bütün maliyyə formaları bir-biri ilə əlaqədardır və buraxılmış bir səhv digərini doğurur. Buna görə də sizin rəqəmlər həmişə dəqiq hesablamaların nəticəsi olmalıdır.

 

Müfəssəl maliyyə planı

 

Siz öz biznes-planınıza detallarına qədər işlənmiş maliyyə planı daxil etməlisiniz. Adətən bu, 3 il üçün tərtib edilir. Planda aşağıdakılar öz əksini tapmalıdır:

·        Satış həcmlərinin proqnozu;

·        Qazanc və ziyanın qiymətləndirilməsi (birinci il hər ay üçün, sonralar hər rüb üçün);

·        İllik balans cədvəli.

 

***

 

 Biznes-planın hazırlanması təxəyyül tələb edən işdir. Bu sənəddə siz olmuşları deyil, gələcəyi təsəvvür və təsvir edirsiniz. Əksəriyyət üçün belə iş, əlbəttə ki, çətindir.

Siz yazıçıları hərdən yaradıcılıq ilhamının tərk etməsi haqqında eşitmisiniz? İfadə aydınlığını və dəqiqliyini itirərkən qarşılaşdığınız problemlər bəzən məşhur yazıçıların da qarşısında durur. Nəzərə alın ki, yazıçılar bəzən yazmağa məcburdurlar, çünki naşir son təhvil vaxtını  müəyyən etmişdir, alınmış avans isə artıq xərclənib. Roma şəhərinin də bir günə  tikilmədiyindən xəbərdar olan və biznes-planın yekunlaşdırılması üçün xeyli vaxtı olan sizlərin isə narahatçılıq üçün heç bir əsası yoxdur. Elə deyilmi? Sizi vaxt qovmursa, demək, nəticəni əldə etməyinizə də ciddi maneə yoxdur.

Əgər hiss edirsiniz ki, nə isə ilişib dayanıb, narahat olmayın. Bu, yaradıcılıq prosesi üçün  tipikdir. Əsas odur ki, əliniz işdən soyumasın. Özünüzü məcbur edin, bir neçə söz yazın, sonra yenə məcbur edin və yazın. Beləcə də davam edin! Qısa müddətdə işinizin planı hazır olacaq. Qənaətbəxş plan varsa, demək, uğura doğru yolun təminatı da var!

 

“Ədəbiyyat və incəsənət”

(14.04.2023)

 

Şuşa şəhərinin Türk dünyasının Mədəniyyət paytaxtı elan edilməsi ilə əlaqədar Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşəbbüsü və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə layihəsi əsasında Özbəkistanda keçirilən "Şuşa günləri" çərçivəsində Daşkənddə Tarixi Turon Kitabxanasında Xurşidbanu Natəvanın özbək dilində tərcümə olunmuş əsərlərinin təqdimatı keçirilib. 

 

“Ədəbiyyat və incəsənət” portalı Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə istinadən xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Turon Kitabxanasında Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən yaradılmış Şuşa guşəsi ilə tanış olublar. Guşəyə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondun tərəfindən Azərbaycana və Qarabağa aid nəşrlər hədiyyə edilib.

Sonra qonaqlar Turon Kitabxanasında repressiya qurbanlarına həsr edilmiş muzeyə baxıblar. 

Turon Kitabxanasının böyük akt zalında davam edən tədbirdə kitabxananın direktoru, Özbəkistanın Fəxri mədəniyyət işçisi Dildora Abduazizova “Şuşa günləri” tədbirlərinə ev sahibliyi etmələrindən böyük fəxarət hissi keçirdiklərini qeyd edib.

Dildora Abuazizova Azərbaycan-Özbəkistan arasında dostluq və əməkdaşlıq münasibətləri, tarixən xalqlarımız arasında sıx qardaşlıq əlaqələri haqqında danışıb. O, Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə hər il Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı ilə bağlı layihələrin həyata keçirildiyini, kitabxananın Şuşa rayon Mərkəzi Kitabxanası ilə qardaşlaşmış kitabxanalar müqaviləsinin imzalandığını vurğulayaraq, Şuşanın yalnız Azərbaycan deyil, bütövlükdə Türk dünyası mədəniyyətinə misilsiz töhfələr verdiyini bildirib və Xurşidbanu Natəvanın yaradıcılığının Özbəkistanda da böyük maraq doğurduğunu qeyd edib. 

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Özbəkistanda ilk dəfə olaraq keçirilən “Şuşa günləri” tədbirləri haqqında məlumat verib və Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən il ərzində Şuşaya dair layihələrin keçiriləcəyini vurğulayıb. 

Şuşanın Azərbaycan üçün müstəsna əhəmiyyətə sahib olduğunu deyən diplomat uzun illər erməni işğalı altında qalmış bu şəhərdə həyata keçirilən vandallıq haqqında danışaraq, bu gün şəhərin Azərbaycan dövləti tərəfindən yenidən qurulması və onun türk dünyasının mədəniyyət paytaxtına çevrilməsini fəxrlə qeyd edib. 

Tədbirdə çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Türk dövlətləri arasında günü-gündən inkişaf edən əlaqələr, xalqlarımız arasında qardaşlıq münasibətləri barədə danışıb. O, çoxsaylı tarixi abidələrlə məşhur, dahi şairlərin mütəfəkkirlərin vətəni Şuşanın Türk dünyasının mədəniyyət paytaxtı elan edilməsini tarixi hadisə kimi dəyərləndirib. 

Günay Əfəndiyeva rəhbərlik etdiyi Fond və onun mədəniyyət sahəsində həyata keçirdiyi çoxsaylı layihələr barədə məlumat verib. O, ötən il Türkiyənin Bursa şəhərində təşkil edilmiş “Şuşa günləri” layihəsi və bu il ilk dəfə Özbəkistanda keçirilən bu tədbirlərin əhəmiyyətini vurğulayıb. 

Eyni zamanda Özbəkistan Respublikasının Yazıçılar İttifaqının sədr müavini, Xalq şairi Qayrat Məcid, tərcüməçi-şair Şaxlo Qasımova, Xurşidbanu Natəvan haqqında sənədli filmin müəllifi, yazıçı-publisist Ülviyə Heydərova 2021-ci ildə Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə iki əsr öncə Şuşada fəaliyyət göstərmiş “Məclisi-fəramuşan” poeziya məclisinin özbək və azərbaycanlı şairlərin iştirakı ilə bərpa edilməsi və Şuşada hər iki ölkə şairlərinin iştirakı ilə baş tutan poeziya məclisinə dair təəssüratlarını bölüşüblər. Natiqlər Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi olan görkəmli şairə Xurşidbanu Natəvanın özbək dilinə tərcümə olunmuş əsərlərindən ibarət “Xurşidga yetar boshim” adlı kitabı haqqında geniş məruzələr ediblər. 

Təqdimat mərasimində çıxış edən Özbəkistan Ali Məclisinin deputatı, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin üzvü Gülbahar Saidqaniyeva iki ölkə arasında ölkə başçılarının uğurlu siyasəti ilə inkişaf edən əlaqələrdən danışaraq, mədəni əlaqələrin tərəqqisindən məmnunluğunu ifadə edib. O, Şuşanın Azərbaycan mədəni-ədəbi mühitindəki rolundan bəhs edərək, azərbaycanlı şairə Natəvanın özbək şairəsi Nadirabegimin yaradıcılığı və həyatı arasında oxşarlığı qeyd edib. 

Azərbaycan Milli Məclisinin deputatı, Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Tamam Cəfərova Azərbaycan-Özbəkistan dostluğunun tarixindən, dövlət başçılarının görüşləri barədə danışaraq, iki ölkə parlamentləri arasında yüksək səviyyəli əlaqələr barədə məlumat verib. O, işğaldan azad edilən Azərbaycan torpaqları və Şuşada həyata keçirilən bərpa və yenidənqurma layihələrinin qürurverici olduğunu qeyd edib. 

Tədbirin bədii hissəsində Daşkənd şəhər Abdulla Qadiri adına İncəsənət və yaradıcılıq Məktəbinin şagirdlərinin ifasında Azərbaycana, Qarabağa aid musiqilər ifa olunub. Əlişir Nəvai adına Daşkənd Özbək dili və Ədəbiyyatı Universiteti tələbələri tərəfindən Xurşidbanu Natəvan şeirləri səsləndirilib.

Sonda Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva tərəfindən Özbəkistanda “Şuşa günləri” münasibətilə rəsmi qonaqlara və təşkilatçılara xatirə hədiyyələri təqdim edilib.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Xurşidbanu Natəvanın özbək dilinə tərcümə olunmuş əsərlərindən ibarət “Xurşidga yetar boshim” adlı kitab kolleksiyası Turon Kitabxanasına və bir sıra tədbir iştirakçılarına hədiyyə edilib.

 

“Ədəbiyyat və incəsənət”

(14.04.2023)

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün növbədə Şeir vaxtıdır, Qəmər Sözayın şeirləri ilə tanışlıqdır.

 

 

 

ŞEİR VAXTI

 

 

Qəmər SÖZAY

 

 

***

 

Bütün ümidlərin kökü kəsilib,

Bütün ümidlərim məzar qoxuyur.

İllərdir qəlbimdə yatan arzular

Sabah oyanmaqçün dua oxuyur.

 

Yaddaşım köksünü ötürür yenə,

Keçmişin kölgəsi alır başımı.

Dünənlər dağ çəkir qəlbimin üstə,

Sabahlar gənclikdən çalır yaşımı.

 

Sənsizlik qoynunda quruyur ömrüm,

Ölümlə qalımın savaşındayam.

Həsrət adlı dərddən zarıyır ömrüm,

Həyatın qaranlıq libasındayam.

 

Bu bəxtin nazıyla çox oynamışam,

Susamış göz yaşım yanaqlarına.

Mən Allah deyiləm, fəqət yenə də

Səni bağışladım günahlarına.

 

 

SƏNDƏN UZAQLAR

 

Səndən uzaqların havası soyuq,

Səndən uzaqların bəxti qaradır.

İtirib yolunu ümidlərim də,

Bilinmir ünvanı nədir, haradır.

 

Taleyim kədərin toruna düşüb,

Hər bir çırpınışla qəmə bürünür.

Zamanın gözünə dağ bassam belə,

Ötən hər günümdə yerin görünür.

 

Dolanır aylarım, illərim sənsiz,

Gəncliyim boynunu bükür beləcə.

Mənə unutmağın reseptini yaz,

Ya da ki de, səni unudum necə...

 

Toz basmış pəncərə şüşələrimdən

Həsrətin boylanır qaranlıq kimi.

Çirkli ovuclarım duaya həsrət,

Ölüm bədənimə çəkir şəklimi.

 

 

NƏ SƏN HƏMİN O ADAM

 

Nə sən həmin o adam, nə mən həmin qadınam,

Boyn bükük ümidlər ruhunu təslim edib.

Qarşılaşsaq, döyünməz birgə vuran qəlbimiz,

Gecikmiş məhəbbətin qatarı çoxdan gedib.

 

Yaşadığım ünvan da daha həminki deyil,

Daha xatirələr də canlanmır gözlərimdə.

Varlığınla var olan o qadından əsər yox,

Ölmüş bir qadın cismi gəzdirirəm özümdə.

 

Bircə-bircə xəyallar uçuruma adlayır,

Zaman da taleyimə kəm biçəcək soydadır.

Zülmətlərə qərq olan çarəsiz, tənha dünyam,

Qaniçən yoxluğunun qaranlığı boydadır.

 

 

DAĞILAN ÜMİDLƏR

 

Dağılıb ümidlərin hərəsi bir köşəyə,

Neyləyim axtarmağa taqətim də qalmayıb.

Mən necə yanılmışam səni belə sevərək,

Sən adlı bir ünvanım heç əzəldən olmayıb.

 

Tıxanır boğazımda eşqə dair cümlələr,

Lal olur məhəbbətim sevgisizlik dilindən.

Taxtın qurub qəlbimdə, həsrətin padişahı,

Qurtar məni, İlahi, bu qüssənin əlindən.

 

Üşüyür xatirələr, yaddaşımın evində,

Ruhum soyudur artıq nəfəsimdən özünü.

Yollar uzanıb gedir hicranın qollarına,

Gəl birlikdə kor edək ayrılığın gözünü.

 

 

ÇAĞIRIR MƏNİ

 

Ruhum asılıb göydən,

Ölüm çağırır məni.

Haqqın yolunu kəsən,

Zülüm çağırır məni.

 

Qəmin gölündə batan,

Dərdinə dərdi qatan,

Ana bətnində yatan

Dölüm çağırır məni.

 

Qədərə pərçim olan,

Qönçəsin erkən yolan,

Açılmamışkən solan

Gülüm çağırır məni.

 

Taleyinə qor olan,

Yanıb, yanıb, qovrulan,

Yanmış bəxtdən sovrulan

Külüm çağırır məni.

 

 

SƏNDƏN SONRA

 

Bir quru canım qalıb, səndən sonra özümdən,

Uğursuzluqlar büküb, taleyimin qəddini.

Boş, mənasız bu dünya elə düşüb gözümdən,

Yarıb keçə bilmədim kədərin sərhədini.

 

Basdırılmış ümidlər üşüyür məzarında,

Çəkdiyim ah-nalələr ərşə qulaq batırır.

Taleyinin  önündə diz çökən quzğun kədər

Mənim də gəncliyimi ağuşunda yatırır.

 

Bax, hələ də qalmışam keçmişin qucağında,

Sönük gəzdirir ruhum bu cansız bədənimi.

Sən indi ailənlə, öz isti ocağında,

Mən hər gün itirirəm yaşamaq "nədən"imi.

 

 

ÜMİDSİZ

 

Nə vaxtdır ki ümidsiz, gümansızam sabaha,

Arzuların canında məndən əsər qalmayıb.

Allahın ümidinə yaşayıram hələ də,

Bu kor qalmış bəxtimin gözləri açılmayıb.

 

Hey cəm olur sinəmdə, çarpazlaşır dərdlərim,

Hicran hələ zövq alır həsrətinin dadından.

Xəyalının kölgəsi kəsir başım üstünü,

Ümidsizəm, ümidsiz o sevdiyin qadından.

 

O sevdiyin qadının kədər qırıb belini,

O yuxa ürəyi də Çin Səddinə bürünüb.

O sevdiyin qadının buraxandan əlini

İşıqlı sabahlardan qaranlığa sürünüb.

 

Yolların sinəsində üşüyür yoxluğunla,

Didərgin bir sevginin nəfəsini daşıyır.

Puç olmuş gəncliyilə bu vəfasız həyatda

Allahın ümidinə yalan-gerçək yaşayır.

 

 

SƏNSİZLİYƏ DOĞRU

 

Üz tutur sənsizliyə saatların əqrəbi,

Hər dəqiqə ömürdən, bir ömürü aparır.

Xatirələr can verir zamanın yaddaşında,

Nə ömür sona yetir, nə sənsizlik qurtarır.

 

Zaman da öz payından, artıq pay vermir bizə,

Doğan günəş isitmir üşüyən sevgimizi.

Yuxuların çin olma ümidi sona yetib,

Yuxular da birlikdə görmək istəmir bizi.

 

Döyülür sol yanımda həsrət adında vurğu,

Nəbzim də hey deyinir, yorulur sürətindən.

Kiçicik bir ürəkdə bunca böyük bir sevgi,

Özüm də nigaranam, inan ki, səhhətimdən.

 

Kədər öz örpəyini atıb başım üstünə,

İtib dodaqlarımda təbəssümün şöləsi.

Yalnızlıq qala qurur, yeni yaşım üstünə,

Havadan da duyulur bir əlvida nəfəsi.

 

 

ŞƏN, MAKİYAJLI QADIN...

 

Can çəkişir ümidlər həsrətinin dizində,

Körpəcə arzuların bükülür bel-buxunu.

Yorğun bir ürək gəzir, sənsizliyin izində,

Ay mənim uzaqdakı ən dəyərli yaxınım.

 

Xatirənlə baş-başa – dörd divardır, bir də mən,

Saatın əqrəbləri zamanı qabaqlayır.

Sənsizlik payız kimi xəzan tökür üstümə,

Sənsizlik payız təki ömrümü qucaqlayır.

 

Taqətsizəm, sabaha yalınayaq gedirəm,

Yollar tikan bitirir, ayağımın altında.

Səndən sonra qəhəri çəkirəm üz-gözümə,

Səndən sonra həsrətəm makiyajlı qadına.

 

 

KİMSƏSİZ DAXMA KİMİ

 

Kimsəsiz bir daxmayam,

Qapanmışam özümə.

Xəyalları toz basıb,

Görünmürlər gözümə.

 

Uçub sevgi çatısı,

Məhəbbəti üşüdür.

Hayqırtımı, sadəcə,

Yalnızlığım eşidir.

 

Payız keçib üstündən,

Xəzanına bürünüb.

Uçuq-sökük bu daxma,

Hey bahara sürünür.

 

Bütün yollar qapanıb,

Təklik sarıb dörd yanı.

Bitəcəkmi, görəsən,

Bu daxmanın üsyanı? 

 

“Ədəbiyyat və incəsənət”

(14.04.2023)

 

 

 

 

 

 

 

 

 

Türkiyənin Ankara şəhərində “CSO ADA Ankara”nın böyük salonunda 37-ci Beynəlxalq Musiqi Festivalı keçirilir. Festivalın açılış günündə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Əməkdar artist Fuad İbrahimovun rəhbərliyi altında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri iştirak edib. 

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, tədbirin ilk konserti məhz Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin iştirakı ilə gerçəklənməsi sevindirici, eyni zamanda, qürurvericidir.

Konsert proqramında tanınmış solistlər – Azərbaycan Respublikasının Xalq artisti Murad Adıgözəlzadə (fortepiano) və Əməkdar artist Elvin Xoca Qəniyev (skripka) öz ifalarını təqdim ediblər.

Proqramda Ferit Tüzünün “Çayda çıra”, Fikrət Əmirovun violin, piano və orkestr üçün Konserti və Antonin Dvorjakın 9 nömrəli “Yeni dünyadan” Simfoniyası səslənib. Bu əsərlərdən əlavə ilk hissənin sonunda Corc Vilyamsın “Şindlerin siyahısı” kinofilminə yazılmış musiqisi ifa olunub. İfa Türkiyədə zəlzələ zamanı həyatlarını itirmiş insanların xatirəsinə həsr edilib. Konsert Niyazinin “Türk marşı” ilə tamamlanıb.

Qeyd edək ki, Beynəlxalq Musiqi Festivalı aprelin 28-dək davam edəcək.

 

“Ədəbiyyat və incəsənət”

(14.04.2023)

İsveçrənin Lozan şəhərində məşhur fotoqraf Reza Deqatinin sərgisi və onun iştirakı ilə konfrans təşkil olunub. Konfransda İsveçrədə Azərbaycan səfirliyinin diplomatları, bu ölkədə akkreditə olmuş diplomatik korpusun nümayəndələri, eləcə də, jurnalistlər, fotosevərlər, yerli ictimaiyyətin nümayəndələri və Lozan şəhərinin rəsmiləri iştirak ediblər.

 

Azərbaycanın İsveçrə Konfederasiyasındakı səfirliyindən AzərTAC-a verilən məlumata görə, Konfransda Reza Deqati digər fotoşəkilləri ilə bərabər Qarabağda çəkdiyi seçilmiş fotolarını təqdim edib və fotolar haqqında ətraflı məlumat veribdir. 

O, Birinci və İkinci Qarabağ müharibələrində fotoqraf kimi fəaliyyət göstərməsindən danışaraq bildirib ki, İkinci Qarabağ müharibəsi zamanı Fransadan Ermənistana 80 jurnalist, Azərbaycana isə yalnız 2 jurnalist getdiyini bildirərək, belə ədalətsizlik qarşısında ölkəmizə gələrək, baş verən hadisələri fotoaparatı ilə əbədiləşdirməyə qərar verib.

Birinci Qarabağ müharibəsinin, eləcə də XX əsrin ən qanlı faciələrindən biri olan Xocalı soyqırımı haqqında məlumat verən Reza Deqati çəkdiyi şəkilləri nümayiş etdirib. Soyqırımı qurbanı olmuş ərinin və oğlunun cəsədini eyni vaxtda görən qadının haray çəkdiyi anı, eləcə də cılız, üzündə övlad itkisinin əzabları ifadə olunan, əlində itkin düşən oğlunun şəklini tutaraq xəbər gözləyən yaşlı atanın şəkilləri fotoqrafın məşhur fotoları arasında diqqəti xüsusilə cəlb edib.

Azərbaycan torpaqlarının 30 il erməni işğalı altında olmasından, ölkəmizə qarşı qərəzli mövqedən söz açıb. Reza Deqati İkinci Qarabağ müharibəsində erməni silahlı qüvvələrinin mülki əhalini qadağan olunmuş bombalarla hədəfə almasından, yaşlılarla bərabər, məsum körpələri qanına qəltan eləməsindən danışıb. Azərbaycan şəhər və kəndlərinin erməni silahlı qüvvələri tərəfindən darmadağın edilməsini əks etdirən fotoları nümayiş etdirib. Ağdamın fotosunu nümayiş etdirərkən qeyd edib ki, xarici media nümayəndələri bu şəhəri “Qafqazın Xirosiması” adlandırıblar. 

Qarabağ müharibəsindən çəkdiyi şəkillərlə yanaşı R.Deqati Azərbaycandakı tolerantlıq və multikulturalizm mühitini əks etdirən fotolarının da nümayiş etdirib. 

Sonda Reza Deqati konfrans iştirakçılarının suallarını cavablandırıb.

 

“Ədəbiyyat və incəsənət”

(14.04.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.