ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

Bazar ertəsi, 17 İyul 2023 09:30

Lənkərana, ordan Şuşaya

Xəbər verdiyimiz kimi, Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, mədəniyyət naziri Adil Kərimli iyulun 14-də Lənkəran şəhərində vətəndaşları qəbul edib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, öncə Lənkəran şəhər Heydər Əliyev Mərkəzinə baxış keçirilib. Ümummilli lider Heydər Əliyevin Lənkəran şəhərində ucaldılmış abidəsi önünə gül dəstələri qoyularaq xatirəsi ehtiramla yad olunub.

Mədəniyyət Mərkəzində keçirilən qəbulda əsasən Lənkəran şəhəri, Astara və Lerik rayonlarından olan vətəndaşlar iştirak ediblər.

Mədəniyyət Nazirliyinin məsul əməkdaşlarının da iştirakı ilə keçirilən görüşdə vətəndaşların müxtəlif mövzularda müraciətləri dinlənilib. Müraciətlər əsasən işlə təmin olunma, mədəniyyət sahəsi və şəhid adına parkın qeydiyyata alınması ilə bağlı təkliflər, ortaya çıxan problemlərin həlli və digər məsələlərlə bağlı olub.

Vətəndaşları ayrı-ayrılıqda dinləyən nazir bütün müraciətlərin araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq tapşırıqlar verib.

Görüşdə şəhid ailələri və qazilərin qaldırdıqları məsələlərə xüsusi həssaslıqla yanaşılması, vaxtında və obyektiv baxılması məqsədilə hər bir müraciət nəzarətə götürülüb.

Elə Lənkərandan da nazir birbaşa Şuşaya yollanıb və 14-15 iyul tarixlərində keçirilən Vaqif Poeziya Günlərində iştirak edib. 

 

“Ədəbiyyat və incəsənət”

(17.07.2023)

Mədəniyyət sahəsində aparılan institusional islahatlara ixtisaslı və təcrübəli insan resurslarının cəlb edilməsi, təhsil və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv kadrların seçilməsi məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən Kadr Ehtiyatı Bankı formalaşdırılır.


“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Kadr Ehtiyatı Bankı mədəniyyət sahəsində ixtisaslaşmış, təcrübəli, bilikli, idarəçilik keyfiyyətlərinə malik, dövlət, özəl və ya özünəməşğulluq sahəsində fəaliyyət göstərən şəxslərin qanunvericiliyə uyğun olaraq yaradılan və mühafizə edilən, dövlət, özəl sektor və vətəndaş cəmiyyəti arasında kadr mübadiləsininin gücləndirilməsinə xidmət edən məlumat bazasıdır.
Mədəniyyət Nazirliyi aşağıdakı meyarlardan hər hansı birinə uyğun olan şəxsləri aşağıdakı keçid vasitəsilə qeydiyyatdan keçərək səhifədə qeyd edilən məlumatları daxil etməklə Kadr Ehtiyatı Bankına müraciət etməyə dəvət edir:
-  İncəsənət, ədəbiyyat, mədəni və yaradıcı sənayelər, mədəni irs və mədəniyyətə
aid edilən digər sahələr üzrə ali təhsili olan şəxslər;
-  İdarəetmə sahəsində ali təhsili olan və mədəniyyət sahəsi üzrə azı 3 il təcrübəsi
olan şəxslər;
-  Mədəniyyət sahəsi üzrə xarici ölkələrdə ali təhsil almış və ya işləmiş şəxslər;
-  Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na daxil edilməklə Azərbaycan Respublikası Prezidentinin xüsusi təqaüdünə və ya Gənclər üçün Prezident Mükafatına layiq görülmüş şəxslər.

Qeydiyyat üçün keçid: http://bit.ly/3DcGNUT

 

“Ədəbiyyat və incəsənət”

(17.07.2023)

İyulun 15-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə üçtərəfli görüşü olub.

 

AzərTAC xəbər verir ki, söhbət zamanı Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması, sülh prosesi üzrə danışıqların davam etdirilməsi, sərhədlərin delimitasiyası, nəqliyyat kommunikasiyalarının açılması, Ermənistanın hərbi birləşmələrinin Azərbaycan ərazilərindən çıxarılması və qanunsuz hərbi birləşmələrin tərksilah edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Brüsseldə keçirilən bu danışıqlar Vaşinqton görüşünün davamı kimi qiymətləndirilib.

 

“Ədəbiyyat və incəsənət”

(17.07.2023)

İtaliyanın paytaxtı Romada bədii gimnastika üzrə “Rome cup” beynəlxalq turnirinə start verilib. 

 

AzərTAC xəbər verir ki, yarışda ölkəmizi “Ocaq” Sport klubunun 12 gimnastı təmsil edir. Paytaxtla yanaşı, klubun Zaqatala bölməsinin 2 gimnastı da yarışlarda qüvvəsini sınayır.

Gimnastlarımızdan Nilay Pünhanlı (alətsiz, top), Nərgiz Əliyeva (alətsiz, top), Mişel Aniskina (alətsiz, top), Aylin Yusifli (alətsiz, top), Fatimə Zeynalova (halqa) bütün rəqiblərini üstələyərək qızıl medallar qazanıblar.

Sevindirici haldır ki, Zaqatala təmsilçisi Leyla Həsrətova da ona bəslənilən ümidləri doğruldaraq iki qızıl medal (alətsiz, gürzlər) qazanmağa müvəffəq olub.

Sara Atakişiyeva isə gürzlərlə qızıl, topla bürünc medala sahib çıxıb. Komandanın daha bir üzvü Mələk Mahmudlu gürzlərlə hərəkətlərin icrasında bürünc medal əldə edib.

 

“Ədəbiyyat və incəsənət”

(17.07.2023)

 

Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə Vaqif Poeziya Günləri davam edir.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Poeziya Günləri iyulun 13-də Molla Pənah Vaqifin dogma şəhəri - Qazaxın Yuxarı Salahlı kəndindən start götürüb. 
Bu gün və sabah - iyulun 14-15-də isə Vaqif Poeziya Günləri mədəniyyət paytaxtımız Şuşada davam edir. 

Şuşa Vaqif üçün çox böyük əhəmiyyətə malik olub. O, Qazaxda dünyaya göz açsa da, Şuşada məşhurlaşıb və burada dəfn edilib. Vaqifin Şuşada yaşadığı dövrdə də hər birimiz üçün əziz olan bu şəhər Azərbaycanın mədəniyyət mərkəzi sayılırdı.
Vaqif Poeziya Günləri çərçivəsində Şuşanın müxtəlif tarixi və mədəni məkanlarında, o cümlədən Heydər Əliyev Fondu tərəfindən bərpa olunan Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi, həmçinin Natəvanın evi qarşısında, Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialı, “Xarıbülbül” və “Qarabağ” otellərində tədbirlər keçiriləcək.
Qeyd edək ki, bu il 100 illiyi qeyd edilən Ümummilli Lider Heydər Əliyevin iştirakı ilə 1982-ci il yanvarın 14-də Şuşada Molla Pənah Vaqifin məqbərəsinin və Poeziya Evinin təntənəli açılışı olub. Məhz bu səfər çərçivəsində Ümummilli Lider Heydər Əliyev Vaqif Poeziya Günlərinin keçirilməsi ilə bağlı göstəriş verib. Müasir Azərbaycan ədəbiyyatı tarixində öz bənzərsizliyi ilə seçilən Vaqif Poeziya Günləri həmin tarixdən etibarən 1991-ci ilədək hər il şairin vətəni Qazaxdan başlayıb, Şuşanın əsrarəngiz Cıdır düzündə yekunlaşardı.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun zəfəri nəticəsində Şuşa şəhəri erməni işğalından azad edildikdən sonra 41 illik tarixi olan Vaqif Poeziya Günləri yenidən öz yurdunda - mədəniyyət paytaxtımızda keçirilməkdədir.
Yeri gəlmişkən, tədbir çərçivəsində Azərbaycan yazıçılarının Heydər Əliyev barədə xatirələrindən ibarət kitabın da təqdimatı olacaq. 

“Ədəbiyyat və incəsənət”
(14.07.2023)

İyulun 16-da Şuşa Dövlət Musiqili Dram Teatrının səhnəsində balacalar üçün “Cırtdan” tamaşası nümayiş olunacaq.

 

Bu barədə Şuşa Dövlət Musiqili Dram Teatrından məlumat verilib.

Bildirilib ki, uşaqlara maraqlı anlar bəxş edəcək səhnə əsəri balacaların bədii-estetik zövqünün formalaşması, eyni zamanda, onlarda kiçik yaşlarından yaradıcı sənətə məhəbbət və maraq aşılamaq məqsədilə hazırlanıb. 

 

Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

 

“Ədəbiyyat və incəsənət”

(14.07.2023)

Cümə, 14 İyul 2023 17:00

Sabah Şuşa Teatrında

“Sərgüzəşti vəziri xani Lənkəran” tamaşası oynanılacaq

 

İyulun 15-də Şuşa Dövlət Musiqili Dram Teatrında görkəmli dramaturq Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti vəziri xani Lənkəran” əsəri əsasında hazırlanan eyniadlı tamaşası növbəti dəfə nümayiş olunacaq.

 

Bu tamaşanın quruluşçu rejissoru Əməkdar artist Loğman Kərimov, quruluşçu rəssamı isə Xaliq Cabbarovdur.

“Sərgüzəşti vəziri xani Lənkəran” Mirzə Fətəli Axundzadənin 1850–ci ildə yazdığı sayca üçüncü komediyasıdır. Bu əsər Azərbaycan teatrı səhnəsində tamaşaya qoyulmuş ilk əsərdir. Hadisələr Lənkəran xanının vəziri Mirzə Həbibin evində və xanın sarayında cərəyan edir. Komediyada saray və ailə intriqaları fonunda vəzirin baldızı Nisə xanım və xanın qardaşı oğlu Teymur ağanın saf məhəbbəti əsas götürülüb. Əsərdə olduğu kimi, tamaşada da bütün hadisələr komik dillə, eləcə də şən musiqi keçidləri ilə tamaşaçıya təqdim olunur.

Qeyd edək ki, Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti vəziri xani Lənkəran” komediyası Şuşa Dövlət Musiqili Dram Teatrında ilk dəfə 2012–ci ildə oynanılıb. Tamaşanın premyerası “Sərgüzəşti – Mirzə Fətəli Axundzadə” teatr festivalının bağlanışında təqdim olunub. Bundan əlavə tamaşa 2013–cü ildə Tatarıstanın Kazan şəhərində keçirilən türkdilli xalqların “Nauruz” XI Beynəlxalq Teatr Festivalında və 2014–cü ildə 1-ci Şəki Beynəlxalq Teatr Festivalında uğurla nümayiş olunub.

 

“Ədəbiyyat və incəsənət”

(14.07.2023)

İyulun 13-də Sea Breeze Event Hall kurort kompleksinin “White Beach Club” səhnəsində gürcüstanlı məşhur müğənni, vokalist və bəstəkar Meqi Qogitidze konsert proqramı ilə çıxış etdi. 

 

Meqi Qogitidze öz ifalarında gürcü etnik musiqiləri ilə müxtəlif janrları heyrətamiz şəkildə sintez edir. Onun musiqi repertuarına caz, elektronika, etnik, rok, trip-hop və hətta gürcü dilində hip-hop da daxildir. Hazırda M.Qogitidze təkcə Gürcüstanda deyil, bütün dünyada tanınır. İfaçının şöhrəti durmadan artır və o, Azərbaycan da daxil olmaqla bir çox dünya ölkələrində də enerji dolu konsertləri ilə çıxış edir.

Qeyd edək ki, bütün yay boyunca Sea Breeze kurort kompleksinin ərazisindəki ən gözəl məkan olan “White Beach Club”da “White Fest” yay musiqi festivalı təşkil olunacaq. Enerji dolu fantastik əyləncə vəd edən festivalda həmçinin dünyaşöhrətli Svanky Tunes, Villy Villiam və bir çox başqa ulduzların iştirakı ilə unudulmaz anlar yaşanacaq.

 

“Ədəbiyyat və incəsənət”

(14.07.2023)

Cümə, 14 İyul 2023 15:00

Emin yenidən Bakıda konsert verəcək

İyulun 22-də “Sea Breeze Resort” məkanının əsas yay səhnəsində Emin Ağalarovun növbəti böyük solo konserti olacaq.

 

Bu isti iyul axşamı yayın ən unudulmaz anına çevriləcək. Çünki həmin axşam Emin pərəstişkarları qarşısında sevimli hitlərini və yeni bəstələrini ifa edəcək. 

Canlı səs, inanılmaz atmosfer və sərhədsiz emosiya - bütün bunlar həmin gün “Sea Breeze Summer Live” məkanına gələn qonaqları gözləyir.

 

Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

 

“Ədəbiyyat və incəsənət”

(14.07.2023)

“Ədəbiyyat və incəsənət” portalının Poetik qiraət rubrikasında bu gün sizlərə şair Qəşəm Nəcəfzadənin şeirini təqdim edirik.

 

SƏNİN DƏRSİN

 

Oxucular bu şeiri çox sevirlər. Hər dəfə  elektron variantını istəyirlər. Buyursunlar, kim istəyirsə, götürsün!

 

Niyə şagirdlərin duymurlar səni, 

Gül kimi dərsində səs eləyirlər.

Mən sevən əllərə, mən sevən gözə, 

Mən sevən ürəyə qəsd eləyirlər.

 

Ağzı yanmışların yoxdu xəbəri, 

Mən sənin önündə lal dayanıram.

Dəftərə qırmızı düzəliş kimi, 

Varaq yanağımda al, dayanıram.

 

Adıntək dərsimi əzbərləyirəm, 

Sevgi baxışına boyanmaq üçün.

Ömrümü, günümü qurban verərəm, 

Şagird tək önündə dayanmaq üçün.

 

Vaxt axır... şagirdlər duymurlar səni, 

Gör necə qıyırlar kövrək səsinə.

Hardan bilsinlər ki, həsrət qalmışam

Qırx beş dəqiqənin bir dəqiqəsinə.

 

Səhvdi misalları, məsələləri, 

Dərdini artırıb yüz eləyərlər.

Ölürəm mən sənin “üç”ündən ötrü, 

Verdiyin “beş”lərə naz eləyərlər.

 

Təbaşir ləçəkli çiçək əllərin, 

Lövhənin üzündə kəpənək olar.

Dəsmala bənzəyər göyçək əllərin, 

Bir oğlan balanı bələmək olar.

 

Misra dodaqların yorular hərdən, 

Saçların pırtdaşar, əllərin əsər.

Bir gözəl, bir göyçək oğlumuz olar, 

Bu dəcəl qızların səsini kəsər.

 

Niyə şagirdlərin duymurlar səni, 

Gül kimi dərsində səs eləyirlər.

Mən sevən əllərə, mən sevən gözə, 

Mən sevən ürəyə qəsd eləyirlər.

 

Ədəbiyyat və incəsənət”

(14.07.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.