
Super User
Azərbaycan mətbəxinin şah əsəri olan dolma beynəlxalq festivalda birinci yerə layiq görülüb
Daşkəndin Mərkəzi Parkında Özbəkistan Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Xalqların mədəni ənənələri və mətbəxi” adlı beynəlxalq festivalda Azərbaycan yüksək səviyyədə təmsil olunub.
AzərTAC xəbər verir ki, Özbəkistandakı müxtəlif ölkələrin səfirləri, diplomatları, beynəlxalq təşkilatların nümayəndələri, mədəniyyət mərkəzləri, ictimaiyyət təmsilçiləri, yerli azərbaycanlılar, jurnalistlər, həmçinin Daşkənd şəhər sakinlərinin iştirak etdiyi festivalın münsiflər heyəti tərəfindən Özbəkistandakı Heydər Əliyev Adına Azərbaycan Mədəniyyət Mərkəzinin təqdim etdiyi Azərbaycan milli təamı olan dolma ən dadlı yemək nominasiyasında birinci yerə layiq görülüb və xüsusi mükafatla təltif edilib.
Ölkəmizi bu tədbirdə təmsil edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan milli stendini təşkil edib.
Azərbaycan Mədəniyyət Mərkəzi beynəlxalq festivalda builki iştirakını Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edib və bu məqsədlə Azərbaycan pavilionunun önündə Ulu Öndərə dair foto və nəşrlərdən ibarət xüsusi sərgi açılıb.
Azərbaycan üçün ayrılmış guşədə ölkəmizin bayrağı, Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi inkişafından bəhs edən kitablar, “Qarabağ həqiqətləri” seriyasından Heydər Əliyev Fondu tərəfindən rus və ingilis dillərində çap edilən nəşrlər, Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı əsərlər nümayiş etdirilib. Festivalda Azərbaycan mədəniyyətinə dair suvenirlər, Qarabağın milli kişi və qadın geyimləri iştirakçıların diqqətini cəlb edib. Azərbaycan guşəsinə gələnlərə ölkəmizin mədəniyyəti, mətbəxinə dair müxtəlif məzmunlu kitab və jurnallar hədiyyə olunub. Qonaqlara plov, dolma, qutab, dovğa, kükü və şirniyyatlarımız təklif edilib.
Tədbirdə iştirak edən ölkələr öz xalqlarının mədəniyyətini, mahnı və rəqslərini, mətbəx nümunələrini nümayiş etdiriblər.
Festival çərçivəsində təşkil edilən konsertdə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa ediblər.
Qeyd edək ki, beynəlxalq festivalda satışı təşkil edilən milli təamlardan əldə olunan gəlirin Özbəkistanda fiziki qüsurlu uşaqlar üçün internat məktəblərinə hədiyyə olunması nəzərdə tutulub.
“Ədəbiyyat və incəsənət”
(31.05.2023)
“Dervish band” rok qrupu Sumqayıtda konsert proqramı ilə çıxış edib
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilən silsilə tədbirlər çərçivəsində “Dervish band” rok qrupu Sumqayıt Dövlət Dram Teatrında konsert proqramı ilə çıxış edib.
Mədəniyyət Nazirliyi tərəfindən yaradıcı kollektivlərin bölgələrə təşkil olunan qastrol səfərləri proqramına uyğun olaraq keçirilir.
Konsert izləyicilər tərəfindən maraqla qarşılanıb.
“Ədəbiyyat və incəsənət”
(31.05.2023)
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Macarıstan arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Macarıstana səfəri çərçivəsində Xarici İşlər və Ticarət Nazirliyinin dövlət katibi, deputat Tamaş Menszer ilə görüşüb.
Bu barədə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu məlumat yayıb.
Günay Əfəndiyeva Fond tərəfindən qədim Türk mədəniyyətinin təşviqi istiqamətində təşkil edilən tədbirlərdən, təşkilatın üzv və müşahidəçi dövlətlərini əhatə edən Türk irsinin qorunmasına yönəlmiş beynəlxalq layihələrdən bəhs edib. Fondun prezidenti Türk dövlətləri və təşkilatları arasında davam edən inteqrasiya proseslərinin vacibliyini xüsusi vurğulayıb. Günay Əfəndiyeva cari ilin yanvar ayında “Avropanın mədəniyyət paytaxtı” Vezsprem şəhərinə səfərini xatırlayaraq, bu il “Türk dünyasının mədəniyyət paytaxtı” Şuşa şəhəri və Vezsprem arasında imzalanmış Anlaşma Memorandumu ilə əlaqələrin gücləndirildiyinə toxunub.
Fondun rəhbəri həmçinin, təşkilatın müşahidəçi üzv dövləti olan Macarıstan ilə əməkdaşlıq çərçivəsində “Macar yazıçılarının antologiyası”nın hazırlanması, Bela Bartok, Mikloş Radnoti və digər görkəmli şəxsiyyətlərinin yaradıcılıqlarının təbliği sahəsində Fond tərəfindən həyata keçirilən layihələrdən danışıb.
Macarıstan Xarici İşlər və Ticarət Nazirliyinin dövlət katibi Tamaş Menszer Fondun fəaliyyətini yüksək qiymətləndirərək, Macarıstan musiqisinin və ədəbiyyatının dünya səviyyəsində təbliğ edilməsinə görə təşkilata minnətdarlığını bildirib və bu istiqamətdə daim dəstək göstərməyə hazır olduqlarını qeyd edib. Macarıstanı Türk dünyasının Avropaya qapısı adlandıran Tamaş Menszer, Türk dövlətləri ilə əməkdaşlığın önəmindən, “Avropanın mədəniyyət paytaxtı” Vezprem və “Türk dünyasının mədəniyyət paytaxtı” Şuşa arasında iş birliyindən söz açıb.
Görüşdə Fond və Macarıstan arasında əməkdaşlığın genişləndirilməsi, eləcə də digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.
“Ədəbiyyat və incəsənət”
(31.05.2023)
Stokholmda Əməkdar incəsənət xadimi Baba Vəziroğlu ilə görüş keçirilib
Stokholmda Əməkdar incəsənət xadimi, şair, dramaturq Baba Vəziroğlu ilə görüş keçirilib.
AzərTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycanın Müstəqillik Günü və Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində keçirilən tədbir, bu ölkədə fəaliyyət göstərən İsveç Azərbaycan Dərnəyi (SAF) diaspor təşkilatı və Stokholm beynəlxalq media qrup tərəfindən təşkil olunub.
Tədbirdə giriş sözü ilə çıxış edən SAF təşkilatının rəhbəri Sevda Dadaşova və Azərbaycanın İsveç Krallığındakı səfirliyinin müşaviri Cavanşir Məmmədov ölkəmizin azadlığı, ərazi bütövlüyü və inkişafı uğrunda apardığı mübarizə, bu mübarizədə əldə olunmuş uğurlar barəsində danışıblar. Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın yeni tarixi və inkişaf yolundakı danılmaz yeri barəsində ətraflı danışan natiqlər Prezident İlham Əliyevin bu siyasətin layiqli davamçısı olduğunu bildiriblər.
Daha sonra görüşdə, şair Baba Vəziroğlunun həyat və yaradıcılığı barədə məlumat verilib.
Ardınca çıxış edən Baba Vəziroğlu Stokholmda olmaqdan məmnunluğunu ifadə edərək, ölkəmizin tarixi, qət etdiyi uzun və keşməkeşli yol barədə fikirlərini bölüşüb. “Sən elə bir zirvəsən” şeirini oxuduqdan sonra, yaradıcılığı ilə bağlı fikirlərini bölüşən şair, həm də Heydər Əliyev fenomeninin Azərbaycan tarixindəki yeri barəsində ətraflı danışıb.
Görüş, diaspor nümayəndələri ilə fikir mübadiləsi, konsert proqramı və Stokholmda fəaliyyət göstərən “Qarabağ” rəqs qrupunun çıxışı ilə davam edilib.
“Ədəbiyyat və incəsənət”
(31.05.2023)
Mədəniyyət naziri Adil Kərimli Gəncədə vətəndaşları qəbul edəcək
Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli tərəfindən 2023-cü il 9 iyun tarixində saat 10:00-da Gəncə şəhəri Heydər Əliyev Mərkəzində (Gəncə şəhəri, Nizami Gəncəvi prospekti 535) əsasən Gəncə, Naftalan şəhərlərindən, Goranboy, Samux, Kəlbəcər və Xocalı rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək.
Vətəndaşlar 05 iyun 2023-cü il tarixinə qədər nazirliyin Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçt ünvanı, (012) 493-30-02 telefon nömrəsi vasitəsi ilə və “Whatsapp” xidmətinə (0 777 147 147) müraciət etməklə qəbula yazıla bilərlər.
“Ədəbiyyat və incəsənət”
(31.05.2023)
Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya seçkilərin təşkili məqsədilə sənədlərin qəbuluna başlanılıb
"İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının 22 noyabr 2013-cü il tarixli 816-IVQ nömrəli Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 may 2014-cü il tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai Şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq fəaliyyət istiqamətləri üzrə hüquqi aktların qəbulunda, müvafiq fəaliyyət sahələrində ictimai nəzarətin təşkilində vətəndaş cəmiyyəti institutlarının iştirakını təmin etmək məqsədilə Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın formalaşdırılması üçün sənədlərin qəbuluna start verilir.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, İctimai Şuranın yaradılması Mədəniyyət Nazirliyinin fəaliyyətində şəffaflığın daha da artırılması, müvafiq sahədə ictimaiyyətlə qarşılıqlı fəaliyyətin gücləndirilməsini təmin etmək məqsədi daşıyır.
İctimai Şura mədəniyyət sahəsində müxtəlif məsələlərlə bağlı müzakirələr təşkil etmək, müvafiq sahədə dövlət siyasətinin həyata keçirilməsi ilə bağlı Mədəniyyət Nazirliyinə təkliflər vermək və qanunvericiliklə müəyyən edilmiş digər hüquqlara malik olan məşvərətçi qurum olaraq fəaliyyət göstərəcək.
İctimai Şura ictimai əsaslarla (ödənişsiz) fəaliyyət göstərəcək. Mədəniyyət sahəsində ixtisaslaşan hər bir Azərbaycan vətəndaşı İctimai Şuraya üzv seçilə bilər.
İctimai Şuraya seçkilərin təşkili məqsədilə Mədəniyyət Nazirliyinin dörd və mədəniyyət sahəsində ixtisaslaşmış vətəndaş cəmiyyəti institutlarının beş nümayəndəsindən ibarət Seçki komissiyası yaradılıb. Seçki komissiyası tərəfindən İctimai Şura üzvlərinin sayı, namizədlərin, seçicilərin qeydiyyatı və digər təşkilati məsələlər barədə qərar qəbul edilib.
İctimai Şuraya namizədlərin qeydiyyatı 25 iyun 2023-cü il, seçicilərin qeydiyyatı 6 iyul 2023-cü il tarixinədək davam edəcək. İctimai Şuraya üzvlüyə namizəd şəxslərə və seçicilərə dair tələblərlə nazirliyin rəsmi internet saytının "Elanlar" bölməsində tanış olmaq olar.
“Ədəbiyyat və incəsənət”
(31.05.2023)
Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson Mədəniyyət Nazirliyində olub
Xəbər verildiyi kimi, Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson ölkəmizdə səfərdədir. Ənənəvi olaraq keçirilən Bakı Enerji Həftəsində iştirak etmək üçün Azərbaycana gələn xanım Emma Nikolsonun budəfəki səfəri də iki ölkə arasında təkcə ticari-iqtisadi münasibətləri deyil, eyni zamanda humanitar sahədə əməkdaşlığın geniş spektrini əhatə edir.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, mayın 30-da Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolsonla görüşüb. Görüşdə Azərbaycanla Böyük Britaniya arasında mədəniyyət və yaradıcı sənayelər sahəsində əməkdaşlıq məsələlərinə nəzər salınıb, o cümlədən Britaniya Şurasının (British Council) Azərbaycan Mədəniyyət Nazirliyi ilə birgə həyata keçirdiyi layihə və proqramların əhəmiyyəti qeyd olunub.
Görüşdə Azərbaycanın mədəni irsinin qorunması və dünyaya təqdim edilməsində Böyük Britaniya ilə mədəni əməkdaşlığın əməhəmiyyəti qeyd edilərək, gələcəkdə musiqi, film sənayesi, muzey, heykəltaraşlıq, ədəbiyyat sahələrində görüləcək işlər barədə fikir mübadiləsi aparılmışdır.
Söhbət zamanı işğaldan azad olunmuş torpaqlarda dağıdılmış mədəni infrastrukturun, eləcə də heykəltaraşlıq nümunələrinin bərpası ilə bağlı ekspertlərin cəlb edilməsi, yeni metodikaların tətbiqinin əhəmiyyəti müzakirə olunub.
Qeyd edək ki, Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi 2016-cı ildən bu yana Azərbaycana dəfələrlə səfər edib və bu səfərlər zamanı ikitərəfli mədəni əlaqələrə diqqət ayrılıb, Emma Nikolson Bakıdakı aparıcı mədəniyyət ocaqlarının fəaliyyəti ilə tanış olub. Həmçinin xanım Emma Nikolsonun 2020-ci ilin Vətən müharibəsindən sonra ölkəmizə səfərləri əsnasında işğaldan azad edilmiş ərazilərimizdəki vəziyyət, otuz ilə yaxın müddətdə erməni işğalçıları tərəfindən xalqımızın mədəni irsinə qarşı həyata keçirilən vandalizm aktları, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu ərazilərdə aparılan geniş quruculuq işləri nəzərə çatdırılıb. 2022-ci ildə Emma Nikolson Milli İncəsənət Muzeyinin “Mədəniyyətimizin incisi Qarabağ”, “Azərbaycan incəsənəti minilliklər boyu” sərgilərini ziyarət edib. Bu günlərdə, 2023-cü il mayın 25-də isə Böyük Britaniyanın Baş nazirinin nümayəndəsi Londondakı dünyaca məşhur Viktoriya və Albert Muzeyinin “Rafael” qalereyasında Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan incəsənəti gecəsində iştirak edib.
“Ədəbiyyat və incəsənət”
(31.05.2023)
Filarmoniyada “Gənclərə dəstək” layihəsi çərçivəsində konsert keçirilib
Mayın 30-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Gənclərə dəstək” layihəsi çərçivəsində konsert keçirilib.
Maraqla qarşılanan konsertdə bədii rəhbər və baş dirijor, Xalq artisti Ağaverdi Paşayevin rəhbərliyi ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri çıxış edib. Solist beynəlxalq müsabiqələr laureatı Cəlal Səmədovun (piano) ifasında V.Adıgözəlovun “Piano və Xalq Çalğı Alətləri Orkestri üçün konsert”, M.Musorqskinin “Sərgidən şəkillər”, “Köhnə qala”, M.Mirzəyevin “Azərbaycan” rəqsi, P.Çaykovskinin “İlin fəsilləri”, “Payız nəğməsi”, F.Əmirovun “Piano və Xalq Çalğı Alətləri Orkestri üçün konsert” səsləndirilib.
“Ədəbiyyat və incəsənət”
(31.05.2023)
Pantomima Teatrının iyun repertuarı açıqlanıb
Azərbaycan Dövlət Pantomima Teatrı iyun ayı üçün nəzərdə tutulan repertuarını açıqlayıb.
Və iyunun 3-də “ Yük”, 4-də “Dejevü”, 10-da “İblis” (Yeni tamaş), 11-də isə “Underground” tamaşaları göstəriləcək.
Bundan başqa, iyunun 17-də “Şinel”, 18-də “Manqurt”, 24-də “Son ştrix”, 25-də isə “Ora-bura” tamaşaları nümayiş etdiriləcək.
Səhnə əsərləri müvafiq olaraq saat 18:00-da təqdim olunacaq.
“Ədəbiyyat və incəsənət”
(31.05.2023)
“Uzaqlara məktub" silsiləsindən...
“Ədəbiyyat və incəsənət” portalı Aysel Xanlarqızı Səfərlinin essesini təqdim edir
Bilirsən?
Səninlə danışmağa ele ehtiyacım vardı ki, bu gecə... Başını yastığa qoyar qoymaz yuxuyla qucaqlaşdın... Aldığın nəfəsinin ritmində susmuşam indi ... Ürək döyüntülərinin səsinin fonunda gecəyə yazıram tənhalığımı.
Özümsə nəfəs almağa belə qorxuram, oyanıb yuxumu niyə böldün deyib hirslənməsin gecə...
Nədənsə bu gecə özümü anlatmaq istəmişdim. Çox çarəsiz olduğumu. Guclə ayaq üstə dayandığımı. Amma danışmağa qorxuram, hirslənərsən, yenə başladı deyərsən .
Uşaq olanda da valideynlərimiz eynisini edərdi bizə. Səbr etməzdilər, danlayıb, məsləhət verib eyni şeyi təkrar etməməyimiz üçün bizə son xəbərdarlığını edərdilər. Bəzən ağrısam da, yaxşı olmasam da yalandan yaxşıyam deyib öz içimdə qovrularaq boyutməyə davam edərdim kicik zədələrimi, travmalarımı.
Rayondakı evimizdə yataq otağımızın pəncərəsi küçəyə baxırdı, gecəyarı küçə itlərinin səs-küyündən qorxub isti yatağımda buza dönərdim, ürəyim ağzımda elə bərk doyunərdi ki, zənn edərdim qopub yerə düşəcək... Cəsarət edib ata-anamın yatağına gedə bilməzdim. Hec vaxt da məni qoynuna almazdılar. Sonra özüm bu qorxuyla baş etməyə çalışdım, oxuduğum kitablardakı diqqətimdə qalanlar köməyimə çatdı, əsər qəhrəmanları kimi güclü olmağa çalışdım, çox uzun zaman sonra bu qorxunu yensəm də, hələ də anidən itlərin hurüşməsini duyanda anlıq da olsa eyni hissləri yaşayıram.
Sovet yeni dağıldıqdan sonra yaşadığım şəhərdə işıqlar da tez - tez sönərdi, mən universitet imtahanlarımı xəfif neft qoxusu verən lampa işığında qazanmışam, bir də böyük mətbəximizdə bir kənarda qurulan odun sobasının içindəki oduncaqların çırtıltısının səsində, sobanın üstündə yorğunsansa dur bir çayımı süz, iç deyən çaydanın fısıltısında...
Gecələr işıqlar anidən sönəndə yuxudan ayılıb hər tərəfi qaranlıq görsəydim böyük qız olmağıma rəğmən qorxub lampanı yandırması üçün anamı çağırardim. O an elə hiss edərdim ki, gözlərim kor olub, ətraf qaranlıqdır .
Hə... Demək istəyirəm ki, mən lap kiciklikdən böyük olmağa çalışmışam, öz ağrılarımı, qorxularımı, travmalarımi kimsə kömək etmədən özbasına həll etməyə alışmışam.
İndi də yaxşı olmayanda qorxudan yaxşıyam dediyim kimi...
Bilirəm ki, yardım etmək yerinə sən də hirslənəcəksən, anam kimi, atam kimi... Əslində haqlısan, mənim bu axmaq kaprizlərimi çəkmək məcburiyyətində deyilsən ki.
Ən çox nə zaman üzülürəm, bilirsən??
Sənə ehtiyacım olduğu o anda qəzəblənmək yerinə bəzən etdiyin kimi, gəl sarıl mənə, ağıllı qızım ol, desən, bir bilsən ağrılarım necə yüngülləşər. Kövrəlirəm, içimdə güvən ağacı yarpaqlaşır, yaşama həvəsi oyanır, havam günəşli olur, əsl yaz havası kimi.
Səninlə bu gün çox şey danışmaq istəmişdim, bəlkə ən mənasız bir xatirəmdən başlayıb ən duyğusal anıma qədər yol gedəcəkdim yaddaşımda. Bəlkə sənə darıxdırıcı olacaqdı, mövzunu bir başqa şeylə dəyişib yat, deyəcəkdin... Bilmirəm ki...
Nəfəsinin yaratdığı yuxu balladası arasında iki dəfə oyanıb, niyə yatmırsan dedin, bir dəfə də səni sevirəm sözünü... Yuxulu nəfəsindən bal kimi axıb töküldü sözlərin... İxtiyarsız kirpiklərim də tutub saxlaya bilmədiyi bir neçə göz yaşlarımı yanaqlarıma damcılatdı. Bir anlıq, nolar, yatma, oyan, sənə ehtiyacım var demək istədim... Küçə itləri məhəlləmizdə hürüşürlər, yenə işıqlar sönüb, neft lampasını gətirən yoxdu, elə bilirəm gözlərim kor olub, ətrafdakı qaranlıqdan qorxuram, demək istədim...
Bu gün əslində nə qədər sənsiz olduğumu da ayrıca demək istədim, nələr, nələr paylaşmaq istədim ...
Bütün dərdlərimlə sənə yükləndiyim üçün mənə acıqlanma. Mən çox - çox uzun illərdir ki, təkliyimi və ağrılarımı paylaşmaqdan məhrumam. Otağımdakı cansız əşyalar belə halıma acıyacaq durumdadır...
May yalqızlığı var gecədə... Sən şirin bir yuxunun qolları arasında bütün bu duyğularımdan xəbərsiz, başqa bir ölkənin saat fərqiylə sabahı qarşılayarkən mən günəşi Allah babanın otağıma gətirdiyi neft lampası kimi qarşılayıb rahat bir nəfəs alacam bəlkə də...
Yəqin ki, mənimçün də yenə sabah açılacaq. Ölüm qoxulu yuxularımı kirpiyimdə yuyub sıxıb yenidən yarım canımla yeni günə başlayacağam. Bir gün əllərimdən tutub məni özünlə apararsansa neft qoxulu lampanı da, odun sobasının külək əsərkən nəfəsimə doldurduğu o acı tüstünü də, qulağımdakı köpək sürüsünün qorxulu səslərini də, qorxub sübhədək yata bilmədiyim o gecələrdə məni ovudacaq kimsəm olmadığını da qoynunda unuda bilərəm...
Nəfəsin çox uzaqlardan qulaqlarıma dolduqca yuxu gözlərimi göynətməyə başlayır...
Hələ də bir ana kimi keşiyini çəkirəm, qəlbimin dərinliklərində oxuduğum layla yastığımı isladır.
Çox gecdir, bir neçə saata səhər açılmalıdır, xəyalına sarılıb yuxulamaga çalışacağam ...
Gecən xeyrə ...
“Ədəbiyyat və incəsənət”
(31.05.2023)