
Super User
Liderlik qanunlarından: Hörmət qanunu
“Ədəbiyyat və incəsənət” portalının oxucuları üçün professor, yazıçı, motivasiya spikeri Əlibala Məhərrəmzadənin “Ev tapşırığı: Uğur düsturunu tapacağıq” layihəsinin təqdimini davam etdiririk. Sizi liderlik nəzəriyyələri ilə tanış etməkdəyik.
«Liderliyin 21 inkaredilməz qanunu» kitabını – Con Maksvellin bu incisini, yəqin ki, oxumayan əz-əz liderə rast gəlmək olar. Rəsmən onun özünün, yaratdığı EQUIP və The John Maxwell Company təşkilatlarının bu günədək liderliyin sirlərini öyrətdiyi 5 milyon müdavimi var. Bu gün ABŞ-ın Vest Poynt Hərbi Akadesmiyasından tutmuş BMT-yədək, nüfuzlu Fortune 500 siyahısındakı əksər şirkətlər təmsil olunmaqla az qala hər bir qurumda Con Maksvelldən liderlik dərsi almış insanlara rast gəlmək olar.
Con Maksvellin təqdim etdiyi liderlik qanunlarının 21-nə də qısaca da olsa nəzər yetirməyimiz vacibdir. Belə ki, öz şəxsi həyatlarında və bizneslərində bu qanunlara əməl etməklə insanlar dərhal fayda əldə edirlər.
Bu kitab lider olmaq istəyən, liderlik eşqi ilə alışıb yanan şəxslər üçün liderlik karyerinə başlamaqçün bir tramplin hesab olunur. Eyni zamanda da o, təcrübəli liderə də liderlik xüsusiyyətlərini daha da yaxşılaşdırmaq imkanı qazandırır. Mən bu kitabdan bəhrələnənlərin siyahısını verməyəcəyəm. Ən azı onu deyə biləcəyəm ki, bu, şəxsən mənim stolüstü kitabımdır. Bu kitabı bir neçə dəfə oxumuş, yüz dəfələrlə də vərəqləmişəm. Bizə ilk baxışda sadə görünən bu mürəkkəbliklərdə birincilik əldə etməyin yolları o qədər asan, mənimsənilən halda göstərilib ki, o yolu getməmək, sadəcə günahdır. Yeri gəlmişkən, ev tapşırığımızda bu qanunları əzbərdən bilmək də yer alır!
Beləliklə, 21 qanun var. Hər gün onlardan biri ilə tanışlığının baş tutacaq. Bu gün sırada 7-cı qanundur:
7.Hörmət qanunu.
«İnsanlar təbii şəkildə elə bir liderin ardınca gedirlər ki, o, onlardan güclü olur».
1820-ci ildə ABŞ-ın cənubundakı Merilend ştatında anadan olan Qarriet Tabmen adlı zənci qadın cəmi 30 yaşında liderə çevrilərək Peyğəmbərin şərəfinə Musa adlandırıldı. Xırda mehmanxanalarda döşəmələri silən, zibil daşıyan, hədsiz dərəcədə yoxsul olan, savadı olmayan, yeniyetməliyində iş yerində sahibkar tərəfindən başına dəmir parçası ilə vurularaq ağır zədə alıb sağlamlığını belə itirən bir qadının lider olmaq ehtimalı neçə faiz ola bilər? Əlbəttə ki, sıfır deyəcəksiniz.
O dövrdə qara dərililər cənub ştatlarında qul hesab edilirdilər. Bununla əsla razılaşmayaraq «ya azadlıq, ya ölüm» devizi ilə Tabmen şimala – Filadelfiyaya qaçır. Özü azad olur, ancaq Merilenddə qalan qohumlarını da azadlığa çıxarmaq fikri ilə yaşayır. Tezliklə gizli dəmir yolu vasitəsilə gedib onları da Filadelfiyaya gətirə bilir. Bundan sonra qadın hər bahar həyatı ilə risk edərək cənub ştatlarına gedib çox sayda zənciləri xilas edərək Şimala gətirməyə başlayır. O, qorxu bilməz birinə çevrilir, onun liderliyi isə get-gedə möhkəmlənir.
1850-1860-cı illərdə Qarriet Tabmen 19 dəfəyə Cənubdan 300-dən çox qul çıxara bilir, «mənim qatarım bircə dəfə də relsdən çıxmayıb», - söyləyən qadın xilas etdikləri arasında bircə nəfəri belə itirmir.
Cənubdakı ağ ağalar hətta onun başına 12 min dollar pul da qoyurlar. Bununla belə, onun gözünü qorxuda bilmirlər. Tabmenin şöhrəti get-gedə artır, o, Amerika tarixinə ən çox qulun azadlığına nail olmuş insan kimi düşür.
Tabmen şimalda təşkil edilən iclaslarda iştirak edir, onu tək zəncilər deyil, bütün cəmiyyət lider kimi tanımağa başlayır. Hətta Avraam Linkoln hökumətində dövlət katibi olmuş Frederik Duqlas, senator Uilyam Syuard, məşhur inqilabçı Con Braun belə bu qadından liderlik sirlərini öyrənirlər.
Beləliklə, əslində lider olmaqçun heç bir perspektivi görünməyən Qarriet Tabmen inanılmaz gücü və təsiretmə qabiliyyəti ilə liderə çevrilir. Səbəb sadədir: insanlar onların özlərindən güclü olan liderin ardınca gedirlər. Heç vaxt olmur ki, insanlar kiminsə ardınca elə-belə getsinlər. Onlar, liderliyinə hörmət etdikləri adamların ardınca gedirlər.
***
Digər 6 qanunla isə ötən günlər tanış olmuşdunuz:
1.Tavan qanunu.
«Liderlik qabiliyyətini insanın effektivliyi müəyyənləşdirir».
Şəxsin liderlik effektivliyi tavanla xarakterizə edilir. Şəxsin insanları öz ardınca apara bilmək qabiliyyəti nə qədər azdırsa, onun potensial imkanlar tavanı da o qədər alçaqdır.
Liderlik keyfiyyətləri həmişə individuumun təşkilatda effektivlik tavanı yaratmasını təmin edir. Liderlik güclüdürsə, tavan da yüksək olacaq. Ölkə çətin duruma düşəndə yeni prezident, firma pullarını itirəndə yeni baş direktor, kilsə ziyarət olunmayanda yeni baş pastor, idman komandası ardıcıl məğlubiyyətlərə uğrayanda yeni baş məşqçi axtarışına çıxırlar. Liderliklə effektivlik arasındakı qarşılıqlı əlaqə ən çox idmanda özünü göstərir. Hər bir komandada istedadlar olur. Amma komandaların fərqini məşqçi və bir neçə əsas oyunçunun təmin etdiyi liderlik yaradır. Komandanın effektivliyini dəyişmək üçün məşqçi tərəfindən onun liderlik çəviyyəsini yüksəltmək lazımdır. Bax bu da fəaliyyətdə olan tavan qanunudar.
2.Təsir qanunu
«Liderliyin həqiqi ölçüsü təsirdir».
Əgər insan başqalarına təsir edə bilmirsə, heç vaxt öz ardınca adam apara bilməz. Əsl liderlik heç vaxt hansısa posta təyin olunmaqla baş tutmur, o, yalnız təsir edə bilmək qabiliyyətindən asılıdır.
3.Proses qanunu
«Lider bir gün ərzində deyil, günbəgün olurlar».
Liderə çevrilmək prosesi haradasa aksiya bazarında müvəqqəti kapital investisiyasına bənzəyir. Siz bir günə varidat toplamaq istəyirsinizsə, uğur qazanmağa əsla şansınız yoxdur. Burada ən vacib olan olduqca uzun məsafəyə qaçışda sizin gündəlik hərəkətlərinizdir. Liderlik – çox mürəkkəb məfhumdur. Onun olduqca çox aspektləri var: təcrübə, emosional güc, hörmət, insanlarla ünsiyyət təcrübəsi, nizam-intizam, perspektiv, uzaqgörənlik, vaxtında qərarvermə bacarığı, hücuma keçmə əzmi. Bunların hamısı qeyri-maddi şeylərdir, onları birdən-birə əldə etmək mümkünsüzdür. Məhz buna görə də liderlərə effektiv olmaq üçün belə uzun müddətlik möhkəmlənmə, güclənmə lazım gəlir.
Con Maksvell iddia edir ki, liderliyin bir çox aspektlərini o özü məhz uzun illərdən sonra 51 yaşında hiss etməyə başlayıb. Liderləri digərlərindən fərqləndirən əsas cəhətlər məhz öz bacarıqlarını inkaşaf etdirmək, yaxşılaşdırmaq qabiliyyətidir. Uğurlu liderlər öyrənməyi bacarır və sevirlər. Və öyrənmə prosesi onlarda ömür boyu davam edir.
«İnsan nəyi bilmədiyini bilmirsə, o inkişaf edə bilməz».
Liderlik – inkişaf qanunlarına tabedir.
4.Naviqasiya qanunu
«Gəminin sükanını hər kəs fırlada bilər, ancaq kursu tapmaq üçün lider lazımdır».
Bəzi şturmanlar limanı tərk etməzdən öncə bütün baş tutacaq səyahəti beyin süzgəclərindən keçirə bilirlər. Onlar gözəl bilirlər ki, lazım olan məntəqəyə çatmaq üçün nə qədər güc sərf etmək, komandaya ekspedisiyanın uğur qazanması üçün kimləri salmaq lazımdır. Onlar üfüqdəki maneələri hamıdan tez görürlər.
Lider elə bir şəxsdir ki, başqaları görəndən daha çox görür, başqaları duyandan daha çox duyur.
Bəzən eyni zamanda dörd təyyarənin məhv olmasından danışılır. Bu ona görə olur ki, qırıcı təyyarə dördlükdə sıx halda uçanda mütləq onlardan birinin pilotu aparıcı olur, lider olur. O, öndə gedir, digər üçü ardınca gedərək onun hərəkətlərini təkrarlayır. Bu təkrarlama sonadək, hətta lider sürəti itirib dağa çırpılanda belə davam edir.
Naviqatorlar üçün hər bir keçmiş uğur və uğursuzluq özlüyündə informasiya, müdriklik mənbəyidir. Uğurlar insana özünü daha yaxşı tanımağa, öz bacarıq və istedadına daha çox güvənməyə imkan verir. Uğursuzluqsa səhvləri görüb onların üzərində işləməyə, onları düzəltməyə imkan yaradır.
Naviqatorlar bir çox mənbələrdən informasiya toplayır, aşağı səviyyədə nə baş verdiyini öyrənmək üçün komanda üzvləri ilə daim təmasda olurlar. Onlar situasiyanı dərindən öyrənməyə çalışırlar.
«Əgər siz açıq gözlərlə fəaliyyət göstərməsəniz həyat daim sizə qurşaqdan aşağı gözlənilməz zərbələr vuracaq», - yazır müəllif. O yazır: «Optimizmlə realizmi, intuisiyayla planlaşdırmanı, inamla faktları balanslaşdırmaq çox çətindir. Amma yol göstərən lider kimi effektiv olmaqçün məhz bunlar vacibdir».
Con Maksvell kitabın bu bölümündə öz liderlik fəaliyyətində daim istifadə etdiyi strategiyanı da göstərib:
- Bütün fəaliyyət ardıcıllığını öncədən düşünmək;
- məqsədi lokallaşdırmaq və sistemləşdirmək;
- prioritetləri ünvanlı korrektə etmək;
- əsas personalı müəyyənləşdirib onu məlumatlandırmaq;
- planın bəyənilməsi üçün vaxt rezervasiya etmək;
- reallaşdırmaya fəal qoşulmaq;
- gözlənilən problemlərə uyğunlaşmaq;
- uğurları təbii şəkildə görmək və qeyd etmək;
- hər gün öz planına nəzarət etmək.
Con Maksvellin naviqasiya qanununun əsas məğzi – hazırlıqdır.
5. E.F.Xatton qanunu.
«Əsl lider danışanda insanlar ona qulaq asır».
Əsl lider təkcə vəzifəyə malik deyil, o, hakimiyyətə malikdir.
«E.F.Xatton» - maliyyə xidməti göstərən kompaniyadar. ABŞ-da belə bir televiziya reklamı var imiş bir zamanlar: Ağzınadək dolu restoranda iki nəfər maliyyə mövzusunda danışırmış. Biri deyirmiş ki, hansısa investisiya barədə filan şey eləmək lazımdır. Bu vaxt ikinci deyirmiş ki, hər şey yaxşıdır, amma mənim brokerim Xatton deyir ki... Həmin an səs-küylü restoranda lal sükut yaranırmış, hamı gözləyirmiş ki, ikinci personal Xattonun sözlərini söyləsin.
Maksvell məhz buna görə öz növbəti qanununu hamının qulaq asdığı Xattonun adı ilə adlandırıb.
Əgər siz əvvəl heç tanımadığınız insan qrupu ilə görüşə gedirsinizsə, cəmi beş dəqiqəyə onların hansının lider olduğunu sezə biləcəksiniz. Kiminsə sualı yarananda bütün qrup uzvləri kimə baxırlar? Kimin sözlərini gözləyirlər? Bax real lider odur.
Vəzifəcə lider birinci danışır, real lidersə sonda.
- Həqiqi liderlik həmişə daxildən gəlir, xarakterin gücündə özünü göstərir;
- Liderlik ətrafdakılarla yaxşı əlaqə qura bilmək, güclü çevrəyə malik olmaqdan qaynaqlanır; lazımi adamları tapa bilməklə əlaqələndirilir;
- Lider çoxlu informasiyaya malik olur;
- Liderlik intuisiya qabiliyyəti tələb edir;
- Liderlik təcrübədən qaynaqlanır;
Maksvell Xatton qanununun məğzini dərk etməkçün liderlik arzusunda olan insana məsləhət görür ki, özü-özünə bu sualları versin:
- Mən danışanda insanlar həqiqətənmi məni dinləyirlər?
- Onlar bu mövzuda başqa birisinin də danışmasını arzulamırlar ki?
6.Möhkəm özül qanunu
«Liderliyin əsası etibardır»
Sistematik olaraq yaxşı qərarlar qəbul edən, öz hesabına qələbələr yazan lider komandasının etibar kreditini daim yüksəldir. O, hətta nöqsan buraxanda belə etibarına xələl gətirmir.
Özünə etibar qazanmaqçun liderdə kompetentlik, xarakter, habelə ətrafındakılarla əlaqə yaradıb müntəzəm bu əlaqəni saxlamaq bacarığı olmalıdır.
General Şvartskopf yazır: «Liderlik strategiya və xarakterin güclü birliyidir. Əgər siz bu iki keyfiyyətdən birindən imtina etməyə məcbursunuzsa, onda yaxşısı budur strategiyasız qalın».
Liderin xarakteri güclü olanda insanlar ona etibar edirlər, eləcə də onlarda çalışdıqları təşkilatın gözəl gələcəyinə böyük inamları yaranır. Güclü xarakter – liderin möhkəm özül üzərində bərqərar olması deməkdir.
Liderlər necə olur ki, özlərinə hörmət qazanırlar? Ağıllı qərarlar qəbul edəndə, öz səhvlərini etiraf edəndə, bir də ardıcıllarının, təşkilatının maraqlarını öz şəxsi maraqlarından üstün tutanda.
Liderin möhkəm xarakteri ardıcılları arasında ona etibar yaradır. Amma elə ki, lider ümidləri doğrultmur, o, insanları ardınca aparmaq qabiliyyətini itirir. Möhkəm özül qanunu məhz budur.
“Ədəbiyyat və incəsənət”
(22.08.2023)
Rəsm qalereyası: Aysel Hacızadə, “Rəqəmsal düşüncə”
Zərifin əvvəlindəki cilalanmış bərkliyin nöqtəsi hardadır? - 5 gün dalbadal yəhudi şeiri
“Ədəbiyyat və incəsənət” portalı sizə şair və tərcüməçi Səlim Babullaoğlunun təqdimatında XX əsr yəhudi şeiri nümunələrini təqdim edir. Bu gün Mixal Qovrinin yaradıcılığı ilə tanış olacaqsınız.
Mixal Qovrin (1950) – şairə, yazıçı, esseist, teatrşünasdır. Tel-Əvivdə və Parisdə ədəbiyyat və teatr təhsili alıb, İsrailin müxtəlif tədris müəssələrində teatr sənətindən dərs deyib. İki roman, üç şeir, “Dənidzə hərəkət” xronikal şərh, eləcə də Jak Derrida və Devid Şapiro ilə birgə “Üç dua” esse kitabının müəllifidir. Qüdsdə yaşayır.
Hannoverdə dəmir yolu platformasındakı
ata və anamın uzaqlaşan obrazı
Eyni çemodanlar və qatarlar...
Siqaretin və sobanın tüstüsü eyni qaranlığa dalırlar.
Qaranlıq zülmətə düşür durmadan.
Onlar stanasiyada elə şəffaf, aydındırlar ki.
Fani uçurum onların sahillərini ağuşuna aldı.
Necə edim ki, o çemodanların
qulpundan yapışa bilim.
***
Uçuş yuxusu həmişə bizimlədir
quyruq rudimenti kimi.
Sirli bir ehtiras şahin lələklərindən doğulan,
hələ görkəm almamış qanadların
pərvazını hərəkətə gətirir qaranlıqda.
Zərif və bərk formalar;
Kim deyir ki, bərkdir bərk
və zərif də zərifdir,
və giriş nədir,
nədir sadaqət,
zərifin əvvəlindəki
cilalanmış bərkliyin nöqtəsi hardadır?
“Ədəbiyyat və incəsənət”
(22.08.2023)
BİRİ İKİSİNDƏ: Firəngiz Sabirqızının şeirləri
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisndə layihəsində yenidən Şeir vaxtıdır, Firəngiz Sabirqızının şeirləri ilə tanışlıqdır.
Bir az göyə yaxın ol,
Bir az da yerə uzaq.
Bir az isin odlara,
Bir az üşütsün sazaq.
Ulduzlarda arzu tut,
Yerlərdə dəfn etməyə.
Məni də həbsə göndər,
Sonra da əfv etməyə.
Allaha salam söylə
Aşan ağac kökündən...
Sonra bir kəndir düzəlt
Şeytanın ağ tükündən...
Asıl ay işığından,
Süzül gözlərimə düş.
Sonra gəl mənə yalvar,
Əyil dizlərlmə düş.
Denən, məni bağışla,
Allah bağışlayandır.
Mən Allah deyiləm ki...
Adım cin daşlayandı...
***
Səndən qalan nə varsa,
Şəkil oldu mənimçün.
Nə çəkdimsə soldu e,
Divar oldu səninçün.
Asıldığım bu ömür
Ağır gəldi çəkidə.
Yenə baxıb gülürsən
Solub, ölən şəkildə...
Nə gülməli günüm var,
Qaralarım ağ olub.
Xırda dərə-təpələr
Başa çıxıb dağ olub.
Gəl çərpələng uçuraq
Bu daĝların başından.
Kağız gəmi üzdürək
Axan gözüm yaşından.
Bax, hər şeyin çarası,
Bax, hər şeyin yolu var.
Bir ağac böyüdürəm
Asılmalı qolu var...
***
Kəsdim, bax, ürəyimin
Sən olan tərəfini.
Yanağımın, gözümün
Nəm olan tərəfini.
Sənsizliyin çəkisin,
Ölçdüm, qanım qədərdir.
Nə desəm də, ta boşdu,
Nə desəm də, hədərdi...
Sildim saçıma düşən
Yağışın payızını...
Təkcə qışı oxşadım
Baharını yazını...
Addım- addım unutdum
Səndən qalan nə varsa...
Sən də açıl, örtül ta,
Pəncərələr divarsa...
***
...Mən hər gün sənin o
Zəng çatmayan nömrənə
Yüz dəfə zəng edirəm...
"Bu nömrəyə zəng çatmır"
Deyən o qızın belə
Əllərindən öpürəm...
Tək-tənha qoymur məni
Bir hənirti, səs edir..
Nömrənin o üzündən
Operator bəs edir...
Bilirəm ki, sağam mən,
Öldürməyib yoxluğun...
Azı həmişə udur
Sənin nöqtə çoxluğun...
Sən yoxsan, amma nömrən
Yaşayacaq mənimçün.
Yenə həmən nömrəni
Yığacam özüm üçün...
Bir gün o qız susacaq,
Bu zənglərim bitəcək.
"O nömrəyə zəng çatır"
Deyib küsüb gedəcək...
***
Əl uzatsan, dəyər göyə əllərin,
Sığal çəkər barmaqların aya da.
Ovuc-ovuc toparlayıb zər kimi
Ulduzları asar dən-dən havada.
Saçlarını külək sığalldıqca
Gözlərini qapayarsan gecəyə.
Yanaqların nurun alıb sevgidən,..
..."Sən günəşə bənzəyirsən "necə də...
Qollarını geniş açıb quş kimi
Uçacaqsan sanki üzü Allaha.
Sən göylərə məndən daha yaxınsan,
Qısqanıram, düzü, səni Allaha.
Oxa bənzər kirpiyində titrəyiş,
Qaşlarında sakit sular baxırdı.
Köksün dərin dərya kimi endikcə
Sual-sual arxasınca axırdı...
Dodağında xəfif təbəssüm gəzər,
Parıldayar dişlərin dənə-dənə.
Bu gecənin sükutunu dinşəyib,
Pıçıldadım," yenə gələrsən...yenə"...
***
Köhnə, sınıb-uçulmuş
uzaq qapı kimisən.
Qeyri-adi nəyin var?
sən də hamı kimisən...
Sənin də iki əlin
qırış tutub biləkdən.
Sən də sevib atmısan
Hamı kimi ürəkdən.
Sənin də gözlərində
Yalançı göz yaşın var...
Hamı kimi öləndə
Bir bəstə başdaşın var...
Sən də hamı kimisən,
Ayağların iz qoyur.
Sənin də başın altda
Biri gəlib diz qoyur.
Sən də hamı kimisən,
Soyuqda titrəməyin,
Əlini ovmağın var...
Yaxında it görəndə
Daş atıb qovmağın var...
Özgələrdən nə fərqin?
Fikirləşib tapmıram...
Ən uzaq yollarımsan,
Gedib-gedib çatmıram...
Sən də hamı kimisən,
Hamı da sənin kimi...
Səni kimlər sevəcək?
Bir də bax... mənim kimi,
Bir də bax mənim kimi...
“Ədəbiyyat və incəsənət”
(22.08.2023)
Bethovenin dörd notla başlayan V simfoniyası haqqında
“Ədəbiyyat və incəsənət” portalı Bakı Musiqi Akademiyasının orqan ixtisası üzrə məzunu Nəzrin Salamzadənin
“Bethovenin dörd notla başlayan V simfoniyası haqqında” adlı yazısını musiqisevərlərə təqdim edir.
1808-ci il Vyananın qış günlərinin birində cəmi dörd not sanki dəhşətli soyuğu qıra bilmişdi... Sol Sol Sol Mi! Bu dörd not Lüdviq van Bethovenin (1770-1827) V simfoniyasının girişi idi. Orkestrin tələsik və az məşqinə baxmayaraq bu uğursuz premyera simfoniyanın üzərinə diqqətləri çəkə bildi. Bir tənqidçi əsəri “qaranlıqdan keçən kəskin işıq şüaları”na bənzədirdi.
Bəs dahi bəstəkarın V simfoniyasını valehedici edən nə idi?
Simfoniyanın premyerası zamanı Bethovenin artıq böyük reputasiyası var idi. Onun həmkarları bu dövrdə musiqini dini funksiyalara və xüsusi tədbirlərə uyğun şəkildə bəstələyirdilər. Amma Bethoven bu dövrdə ilk freelance bəstəkar kimi çıxış edirdi. O, musiqisini bəstələmək və nəşriyyatlara satmaqla dolanır, bəstələrini pərəstişkar ictimaiyyətə nümayiş etdirirdi. Bu seçim ona özünü ifadə etmək şansını verdi.
Bethoven özünün güclü emosiyalarını ifadə etmək üçün həmişə yeni yollar axtarır, novatorluqdan əl çəkə bilmirdi. Bu dövrdə çox bəstəkarlar klassik janrda əsərlər bəstələyirdi. Bu janr limitli quruluş və alət tərkibi ilə əhatələnmişdi. Bethoven də ilk əsərlərini bu limitli qaydalarla, Motsart və Haydnın yolunu izləyərək yazmışdı. Amma V simfoniyasında o romantik cərəyanın elementlərini təcrübədən keçirdi. Bu əsər ifadəli melodiyaları, genişləndirilmiş formaları və yeni alətləri ilə tanınırdı. Bəstəkar bu simfoniyanın ilk hissəsində klassik sonata formasından istifadə etdi. Burada mərkəzi musiqi ideyası tədqiq edilir, inkişaf etdirilir və dəyişdirilmiş şəkildə təkrarlanır. Bu parametrlər daxilində o, inanılmaz dərinliyə malik sadə ideyanı araşdırır. Tək bir ritmik motiv hərəkətin çoxu üçün “əsas” material kimi xidmət edir.
"Üç qısa not ardınca uzanan dördüncü notu izləyir!". Bethovenin bir tərcümeyi-halında sonralar bu nümunə "tale motivi" adlandırıldı, çünki bu sanki taleyin qapını döyən fiqurunu təmsil edirdi. Amma onun bu motivi taleyi düşünərək bəstələdiyi bəlli deyil. Ritmik nüans irəliyə doğru hərəkət yaradır, uzanan dördüncü not isə əzabdan xəbər verir. Bu motiv simfoniyanı, onun müşayiət edən hissələrini təqib edir. Bethoven müxtəlif alətlərdə ifa edərək onlarla variasiya ilə təcrübələr aparırdı. Əsər boyu bu motiv orkestrin ətrafında bir pıçıltı kimi keçir və gurultuya çevrilənə qədər getdikcə daha çox alətə çatır. Motivin ixtiraçı təkrarı bu əsəri belə yaddaqalan edir. Lakin bu, nümayiş etdirilən yeganə yenilik deyildi. Bu, trombondan istifadə edilən ilk böyük orkestr əsəri idi. O, həm də orkestrə geniş diapazonu vermək üçün yüksək tonlu pikkolo və alçaq tonlu kontrabasondan istifadə etdi. Şişirdilmiş musiqi dinamikası dramatikliyi daha da artırır.
Harmonik olaraq əsərin aydın emosional qövsü var – qəmgin c moll-da başlayan və qalib C dur ilə bitən.
Bethoven bu simfoniyanı eşitmə itkisi ilə mübarizə apararkən yazmışdı və bu iztirab bəstənin gurultulu və təkrarlanan musiqi ifadələrində eşidilir. Bəstəkar bütün yaradıcılığı boyu novator kimi çıxış etdi, tamamilə kar olduqdan sonra da bəstələməyə davam edirdi.
V Simfoniyanın mərkəzi motivi artıq iki əsərdən çoxdur səslənməyə davam edir. Konsert salonlarından kənarda əsər gərginlik və zəfər simvoluna çevrilib. Tale motivi Morze əlifbasının V hərfi ilə adlanır (. . . -), həmçinin İkinci Dünya müharibəsi zamanı qələbə koduna çevrildi. Bundan əlavə, bu simfoniyaya filmlərdə, musiqi şərhlərində və vizual sənətdə rast gələ bilirik.
Amma, kontekst nə olursa olsun, bu simfoniya dinləyiciləri qaranlıq bir dünyaya aparır, sonra onları işığa çıxarır...
“Ədəbiyyat və incəsənət”
(22.08.2023)
3-cü “YAŞAT” düşərgəsi davam edir
“Bakcell”in baş sponsorluğu, “YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə keçirilən və Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan 3-cü “YAŞAT” düşərgəsi davam edir.
“Ədəbiyyat və incəsənət” portalının “Baksell”dən aldığı məlumata görə, Şamaxı rayonunda, “Shamakhi Palace Sharadil” otelində təşkil olunan və 7 həftə davam edəcək düşərgədə 350-dən çox uşaq iştirak edir.
Düşərgə ərzində uşaqlar üçün interaktiv təlimlər, tanınmış şəxslər ilə görüşlər, ekskursiyalar, təlim və konsultasiyalar, eləcə də əyləncəli konsert proqramları keçirilir.
Bu dəfə, düşərgənin qonağı “Bakcell” şirkəti olub. “Bakcell” uşaqlar üçün “Cizgi filmini yaradıram” mövzusunda proqramlaşdırma master-klası təşkil edib.
Uşaqlar “Scratch” proqramlaşdırma platformu üzərində öz qısa cizgi filmini kodlaşdırıblar. Bu fəaliyyət düşərgə iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
Şəhid və qazilərin ailə üzvlərinə qayğı və diqqətin göstərilməsi “Bakcell” şirkətinin KSM proqramının əsas istiqamətlərindən biridir.
“Bakcell” şirkəti “NEQSOL Holding”in tərkibinə daxildir.
Məlumat üçün bildirək ki, şəhid və qazi ailələrinə dəstək "NEQSOL Holding" və “YAŞAT” Fondu arasında bu ilin əvvəlində imzalanan Anlaşma Memorandumu çərçivəsində həyata keçirilir. Memoranduma əsasən, "NEQSOL Holding" “YAŞAT” Fonduna bu il üçün 500 min AZN vəsait ayırıb. Vəsait hesabına il ərzində şəhid ailələrinə və qazilərə müxtəlif sosial dəstək göstərilir, eləcə də bir sıra xüsusi layihələr həyata keçirilir.
"Bakcell" şirkəti hazırda “Bakcell" ilə ən sürətli ol” şüarı ilə genişmiqyaslı kampaniya həyata keçirir.
“Ədəbiyyat və incəsənət”
(22.08.2023)
“4Sİ Akademiyası” layihəsinə başlanılır
Diqqət! İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM), Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondu (TİF) və ABŞ-ın “Coursera” şirkəti ilə birgə əməkdaşlığı çərçivəsində “4Sİ Akademiyası” layihəsinə start verilir.
İqtisadiyyat Nazirıiyinin yaydığı rəsmi məlumata görə, “Coursera” 100 milyondan çox insanın təhsil aldığı, 7000-dən çox kursların tədris olunduğu onlayn təhsil platformasıdır. Platformada Harvard, Stenford, Dyuk, Miçiqan, London kimi 300-ə yaxın dünyanın ən nüfuzlu universitetlərinin sahəvi kursları ilə yanaşı, bakalavr və magistr ali təhsil dərəcəsinə bərabər proqramları da tədris olunur. Bu platformada həmçinin, Google, IBM, Microsoft, Amazon, Meta kimi qabaqcıl texnologiya şirkətlərinin karyera və şəxsi inkişafa yönəlik kursları da mövcuddur.
Proqram dövründə tədris dili ingilis dilində olmaqla 4Sİ texnologiyaları, o cümlədən Süni İntellekt, Maşın Öyrənməsi, Böyük Verilənlər (Big Data), Data Analitika, Blokçeyn və bulud texnologiyaları, proqramlaşdırma dilləri, eləcə də liderlik, kommunikasiya kimi bacarıqlar da daxil olmaqla ümumilikdə 89 ixtisaslaşdırılmış alt kateqoriyanı əhatə edən 800-ə yaxın kursdan yararlanmaq mümkün olacaqdır.
Layihənin məqsədi ölkədə Dördüncü Sənaye İnqilabı texnologiyaları sahəsində bilik və bacarıqların inkişaf etdirilməsi və əmək bazarında bu sahə üzrə ixtisaslı kadrların hazırlanmasına dəstək olmaqdır.
Pilot layihə çərçivəsində müraciətlərin qəbulu avqustun 23-dən başlayacaq, sentyabrın 7-də başa çatacaqdır. Seçilmiş 10 minə yaxın şəxs sentyabrın 15-dən etibarən 1 il ərzində dünyanın nüfuzlu universitetlərinin və şirkətlərinin təqdim etdiyi tədris proqramlarından 6 həftə ərzində növbəli şəkildə ödənişsiz təhsil almaq imkanı əldə edəcəkdir.
Kursları uğurla bitirən şəxslər sonda oxuduqları proqrama uyğun olaraq “Coursera” platforması tərəfindən sertifikat ilə təltif olunacaqlar.
“Ədəbiyyat və incəsənət”
(22.08.2023)
DYP Nemət Pənahlının idarə etdiyi avtomobilin cərimə meydançasına aparılmasının səbəbini açıqlayıb
2000-ci il təvəllüdlü Pənahlı Əhəd Nemət oğluna məxsus “Toyota Land Cruiser” markalı, 90-KM-590 dövlət qeydiyyat nişanlı avtomobilin üzərində 1100 manat məbləğində ödənilməmiş cərimə olub.
Bunu AzərTAC-a açıqlamasında İdarənin baş inspektoru Araz Əsgərli deyib. Bildirib ki, həmin cərimələrə görə, İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə uyğun olaraq Nəsimi Rayon Məhkəməsində avtomobilin müvəqqəti duracağa təmin edilməsi üçün, yəni nəqliyyat vasitəsinin hərəkətdən uzaqlaşdırılması barədə qərar qəbul olunub. Dövlət Yol Polisi əməkdaşları sükan arxasında olan Nemət Pənahlıya qeyd edilən vəziyyəti izah edib, hüquqi izahdan sonra şəxsin barəsində qanuni tədbirlər görülüb.
“Bildirmək istəyirik ki, avtomobillər üzərində ödənilməmiş cərimələrə görə nəqliyyat vasitəsinin müvəqqəti duracağa təmin olunması İnzibati Xətalar Məcəlləsinin 96-cı maddəsinə uyğun olaraq, həyata keçirilir. Hər bir avtomobil sahibindən nəzərdə tutmuş qaydalara ciddi şəkildə riayət etməsini xahiş edirik” - deyə Araz Əsgərli bildirib.
“Ədəbiyyat və incəsənət”
(22.08.2023)
Emmanuil Vitorqan Bakıda “Həyat davam edir” adlı monotamaşa təqdim edəcək
Rusiyanın Xalq artisti Emmanuil Vitorqan noyabrın 5-də Heydər Əliyev Sarayında çıxış edəcək.
Rusiyalı aktyor “Həyat davam edir” adlı yeni yubiley monotamaşasını təqdim edəcək.
Vitorqanın bakılı tamaşaçılar önündə oynayacağı bu tamaşa onun mərhum həyat yoldaşı – 60 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişmiş Rusiyanın Xalq artisti Alla Balterə həsr olunub.
Rusiyanın teatr və kino aktyoru olan Emmanuil Vitorqan ekran əsərlərində parlaq obrazlar yaradıb. O, bu gün də səhnədə və kinoda yeni koloritli, dərin məzmunlu yaradıcılığı ilə fərqlənən aktyorlardan biridir.
Tamaşaya biletləri Iticket.az saytında və şəhərimizin kassalarında əldə etmək olar.
“Ədəbiyyat və incəsənət”
(22.08.2023)
TÜRKSOY Şuşanın “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi münasibətilə tədbir keçirəcək
TÜRKSOY tərəfindən 2023-cü ilin Şuşanın “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə əlaqədar “Heydər Əliyev və Türk dünyası”, “Heydər Əliyev və Özbəkistan” adlı nominasiyalar müsabiqədə yer alıb və bu nominasiya üzrə Azərbaycanın qədim şəhəri, Qarabağın mərkəzi, mədəniyyət paytaxtımız Şuşa şəhəri, onun tarixi, mədəniyyəti, turizm ehtiyatları, tanınmış şuşalılar, milli-mədəni irsimizin dağıdılması, Şuşanın məşhur abidələri, şəhərin Azərbaycan mədəniyyətinə verdiyi töhfələr və s. barədə məqalələr təqdim oluna bilər.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi də bu layihələrə meydan verəcək.
Mərkəz 2023-cü il üzrə Özbəkistan mətbuatı, ictimaiyyəti arasında ölkələrimiz və xalqlarımız arasında tarixi dostluq və əməkdaşlığa dair müsabiqə elan edib.
2023-cü ilin Prezidenti İlham Əliyev tərəfindən ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Özbəkistanda silsilə tədbirlərin və layihələrin həyata keçirilməsi plandaşdırılır. Bununla əlaqədar, Mərkəz müsabiqəyə TÜRKSOY-un planladığı “Heydər Əliyev və Türk dünyası”, “Heydər Əliyev və Özbəkistan” adlı nominasiyaları daxil edib.
Bu barədə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən məlumat verilib.
Mərkəzdən bildirilib ki, Azərbaycan ordusunun rəşadəti, Ali Baş Komandan, Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Şuşanın azad olunması, işğaldan qurtarılmış Azərbaycan ərazilərində bərpa və quruculuq işləri, dinc əhalinin öz yurd yerlərinə qayıdışına dair məqalələrə, televiziya verilişlərinə nominasiyada üstünlük veriləcəkdir.
Həmçinin Özbəkistan Respublikasında 2023-cü il Prezident Şavkat Mirziyoyev tərəfindən “İnsanlara diqqət və keyfiyyətli təhsil ili” elan olunduğundan bu mövzuda müsabiqəyə nominasiya əlavə edilib.
Nominasiyalar arasında Azərbaycan-Özbəkistan dostluğu, əməkdaşlığı, tarixi əlaqələri, dövlətlərimizin strateji müttəfiqliyi mövzusu da yer alıb.
Müsabiqədə sadalanan mövzular üzrə “məqalələr”, “televiziya verilişləri”, “sənədli filmlər”, “tərcümə əsərlər”i, habelə “Azərbaycan və Özbəkistan haqqında ən çox materiallar dərc edən mətbu orqanlar (qəzet, jurnal, sayt, televiziya kanalı)”, dostluq və əməkdaşlığımızı fəal təbliğ edən dövlət və ictimaiyyət nümayəndələri Azərbaycan Mədəniyyət Mərkəzinin fəxri diplom və pul mükafatlarına layiq görüləcəklər.
Qeyd edək ki, müsabiqədə qalib gələn Özbək jurnalistlər ənənəvi olaraq hər ilin yay aylarında Azərbaycana təşkil olunan mediaturda iştirak etmək imkanı əldə edəcəklər.
Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilən bu mediatur zamanı Özbəkistanın aparıcı media nümayəndələri ölkəmizin paytaxtı Bakı və respublikamızın tarixi məkanları, işğaldan azad edilmiş bölgələrdə olaraq, mədəniyyət, turizm məkanlarını ziyarət edir, orada çəkilişlər aparır, xüsusi məqalələr hazırlayırlar.
Müsabiqəyə göndərilən materiallara hər iki ölkənin ictimaiyyət, mədəniyyət, mətbuat sahəsində tanınmış şəxslərin iştirak etdiyi xüsusi Təşkilat Komitəsi tərəfindən baxılır və qiymətləndirilir. Materialların qiymətləndirilməsi müstəqil ekspertlər – müvafiq sahədə zəngin bilik və təcrübəyə, ictimai nüfuza malik, müsabiqənin nəticəsində marağı olmayan peşəkar şəxslər tərəfindən həyata keçiriləcək.
Müsabiqə üçün nəzərdə tutulan materialların surəti və elektron variantı Azərbaycan Mədəniyyət Mərkəzinin Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçtuna göndərilməsi tələb olunur. Hər jurnalist müsabiqəyə yalnız bir məqalə təqdim edə bilər. Materialların təqdim olunma müddəti elan dərc olunduğu tarixdən başlayır. Son təqdim olunma tarixi 2023-cü il noyabrın 30-na müəyyən edilib.
“Ədəbiyyat və incəsənət”
(22.08.2023)