ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Səsyazma Evinin tabeliyində olan Niyazi adına Dövlət Simfonik Orkestrinin, Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin və Cahangir Cahangirov adına Xorun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyinə verilməsi haqqında" Nazirlərlər Kabinetinin Qərarını “Ədəbiyyat və incəsənət” portalı diqqətinizə çatdırır:

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti ilə razılaşdırılmış təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

 

1. “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Səsyazma Evində fəaliyyət göstərən Niyazi adına Dövlət Simfonik Orkestri ştat vahidləri ilə birlikdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyindəki Heydər Əliyev Sarayına, Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestri və Cahangir Cahangirov adına Xor ştat vahidləri ilə birlikdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyindəki Beynəlxalq Muğam Mərkəzinə verilsin.

2. Bu Qərarın 1-ci hissəsinə əsasən həmin kollektivlərin cari ildə maliyyələşdirilməsi Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsindən “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinə ayrılan maliyyə yardımının strukturunda həmin musiqi kollektivlərinin maliyyələşdirilməsi üçün nəzərdə tutulmuş hədd çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi əsasında həyata keçirilsin. 

3. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının 2024-cü il və sonrakı üç il üçün dövlət büdcəsi layihəsinin tərtibi zamanı aparılan islahatları nəzərə alsınlar və bu Qərardan irəli gələn digər məsələləri həll etsinlər.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 31 oktyabr 2023-cü il

№ 390

 

Şəkildə: Niyazi adına Simfonik Orkestri

 

“Ədəbiyyat və incəsənət”

(04.11.2023)

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, mədəniyyət naziri Adil Kərimli noyabrın 3-də Tərtər şəhərində qəbul keçirib.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, qəbuldan əvvəl nazir və Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Ümummilli lider Heydər Əliyevin Tərtər şəhərinin mərkəzi meydanında ucaldılmış abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər. 

 

Tərtər rayon Heydər Əliyev Mərkəzində keçirilən qəbulda əsasən Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı və digər rayonlardan olan vətəndaşlar iştirak ediblər. 

 

Mədəniyyət Nazirliyinin məsul əməkdaşlarının da iştirakı ilə keçirilən görüşdə vətəndaşların müxtəlif mövzularda müraciətləri dinlənilib. Müraciətlər əsasən işlə təmin olunma, şəhidin adının əbədiləşdirilməsi, Qarabağ bölgəsində rəqs və xalçaçılıq sənətlərinin inkişafı və digər məsələlərlə bağlı olub. 

 

Nazir vətəndaşları ayrı-ayrılıqda dinləyib, müraciətlərin araşdırılması və qanunvericiliyə uyğun həlli barədə müvafiq tapşırıqlar verib.

 

Görüşdə iştirak edən şəhid ailələrinin üzvləri və qazilərin qaldırdıqları məsələlərə daha həssaslıqla yanaşılması, obyektiv baxılması məqsədilə hər bir müraciət qeydiyyata alınaraq nəzarətə götürülüb.

 

“Ədəbiyyat və incəsənət”

(04.11.2023)

Səbinə Yusif, “Ədəbiyyat və incəsənət”

 

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr veteranları təşkilatı Qazax rayon şöbəsinin sədri Azər Məmmədovun bacısı Yavər xanım vəfat edib.

"Qazax" Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri professor İlham Pirməmmədov, İctimai Birliyin bütün üzvləri, o cümlədən Qazax mahalının ziyalıları Yavər xanımın vəfatından kədərləndiklərini bildirir, Azər Məmmədova dərin hüznlə başsağlığı verir, ailə üzvlərinə, doğmalarına Allahdan səbr, dözüm diləyirlər.

Bağırova Yavər Mirzə qızı 1939-cu il may ayının 12-də Qazax rayonunun Kosalar kəndində anadan olub. 1957-ci ildə Kosalar kənd orta məktəbini bitirib. 1957-ci ildə ADPU-nun "Fizika və riyaziyyat" fakültəsinə daxil olub. 1962-ci ildə həmin institutu bitirib. Elə həmin il də Kürdəmir rayonunun Karrar kənd tam orta məktəbində müəllimlik fəaliyyətinə başlayıb. 47 il Kürdəmir rayon Karrar kənd tam məktəbində Fizika və riyaziyyat müəllimi kimi fəaliyyət göstərib, gənc nəslin savadlı yetişməsində əvəzsiz əməyi olub. 

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(03.11.2023)

Cümə, 03 Noyabr 2023 13:15

Gülnarə Xəlilova ödül aldı

 

Dizayner Gülnarə Xəlilova Türk dünyasının dəyərlərinin inkişafına və təbliğinə verdiyi töhfəyə görə Türkiyə Cümhuriyyətinin 100 illiyi şərəfinə xüsusi mükafata layiq görülüb. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Gülnarə Xəlilovanın rəsmi facebook səhifəsinə istinadən məlumat verir. 

 

Mükafat Rumıniya-Türkiyə Ticarət və Sənaye Palatasının sədri Tamer Atalay tərəfindən təsis edilib. Mükafat Yalçın Toptaş tərəfindən təqdim edilib. 

Gülnarə Xəlilova-Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, Avrasiya Etnodizaynçılar Assosiasiyasının üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktorudur.

 

“Ədəbiyyat və incəsənət”

(03.11.2023)

İlqar Nəcəfin “Suğra və oğulları” bədii filmi “Ən yaxşı Avropa Filmi” nominasiyasında nüfuzlu “Qoyya” mükafatı uğrunda müsabiqəyə qatılıb. Bu, Azərbaycan kinosu tarixində bir ilkdir. Filmi müsabiqəyə Azərbaycan Kinematoqrafçılar İttifaqı təqdim edib.

 

Bu barədə Azərbaycan Kinematoqraflar İttifaqı məlumat yayıb.

 

Filmdə baş rolları Günəş Mehdizadə, İlqar Cahangir, Rasim Cəfər, Aydan Həsənzadə ilə yanaşı, uşaq aktyorlar Hümbət Əhmədzadə, Paşa Məmmədli ifa ediblər. Filmin ssenari müəllifləri İlqar Nəcəf, Asif Rüstəmov və Roelof Jan Minnebo (Niderland), quruluşçu operatoru Avropa kinoakademiyasının üzvü Ayhan Salar (Almaniya), səs rejissoru Mixael Menzkedir (Almaniya).

 

Qeyd edək ki, bu mükafat İspaniya Kino Sənəti və Elmləri Akademiyası tərəfindən təsis olunub (Academia de las Artes y las Ciencias Cinematográficas de España (Academy of Motion Picture Arts and Sciences of Spain) və “Oskar”. “BAFTA”, “Sezar”la yanaşı Kino akademiyaları tərəfindən təqdim edilən ən nüfuzlu kino mükafatlarındandır. Alexandra Amnebar, Pedro Almodovar, Karlos Saura kimi nüfuzlu kinorejissorlar bu mükafatın qalibi olublar.

 

Dünya premyerası Busan Beynəlxalq Film Festivalında (Cənubi Koreya) baş tutan Suğra və oğulları” film Hindistan, İsveçrə, ABŞ və Almaniyanın nüfuzlu kino meydanlarında nümayiş olunmuş, “Asiya və Sakit Okean ölkələri Kino Akademiyasının”( Asiya “Oskar”ı) mükafatına “Ən yaxşı ssenari” kateqoriyasında nominant olub.

 

“Ədəbiyyat və incəsənət”

(03.11.2023)

Azərbaycan Dünya Səyahət və Turizm Şurasının rəsmi destinasiya tərəfdaşı seçilib.

Dövlət Turizm Agentliyindən AzərTAC-a bildirilib ki, bu haqda qərar Ümumdünya Səyahət və Turizm Şurasının noyabrın 1-də Ruandanın Kiqali şəhərində “Dayanıqlı gələcəyə körpülərin qurulması” mövzusunda keçirilən Qlobal Sammitində qəbul edilib.

Noyabrın 3-dək davam edəcək sammitdə ölkəmizi Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Tədbir çərçivəsində Fuad Nağıyevlə Dünya Səyahət və Turizm Şurasının prezidenti və baş icraçı direktoru xanım Culiya Simpsonla görüş keçirilib, yeni turizm destinasiyası kimi ölkəmizin tanıdılması, turizmin inkişaf etdirilməsi perspektivləri müzakirə olunub.

Tədbir çərçivəsində “Qlobal Liderlər Dialoqu” görüşündə bir sıra ölkələrin turizm nazirləri və turizm üzrə səlahiyyətli şəxsləri ilə görüşlər keçirilib, cari turizm tendensiyaları üzrə fikir mübadiləsi aparılıb.

Azərbaycan tərəfdaş ölkə olmaqla, həmçinin Dünya Səyahət və Turizm Şurasının hotellər üçün nəzərdə tutulan 12 əsas fəaliyyət istiqamətini özündə birləşdirən “Dayanıqlı Əsaslar” üzrə proqramına da üzv olub.

Dünya üzrə qlobal səyahət və turizm şəbəkəsi kimi Dünya Səyahət və Turizm Şurası 1990-cı ildən fəaliyyətə başlayaraq dünya turizmi üzrə dövlət və özəl sektor təmsilçilərini bir araya toplayan və tərəfdaşlığı təmin edən əsas platformalardan biri hesab olunur.

 

“Ədəbiyyat və incəsənət”

(03.11.2023)

Noyabrın 2-də Bakı Kitab Mərkəzində Heydər Əliyev Fondu tərəfindən hazırlanan Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrinin əsərlərindən ibarət not kitablarının musiqili təqdimatı olub.

 

AzərTAC xəbər verir ki, Könül Arifqızının aparıcılığı ilə keçirilən tədbirdə çıxış edən Bakı Kitab Mərkəzinin direktoru Günel Rzayeva təqdim edilən əsərlərin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Əbədi imzalar” layihəsi çərçivəsində işıq üzü gördüyünü bildirib.

 

O qeyd edib ki, notlar Azərbaycan musiqi ənənələrinin, bəstəkarlarımızın əsərlərinin qorunub saxlanılması və yeni nəsil arasında təbliği baxımından əhəmiyyətli rol oynayır.

 

Sonra “Əbədi imzalar" filminin nümayişi olub.

 

Tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Murad Hüseynov Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən bu tədbirin mühüm əhəmiyyət kəsb etdiyini deyib. Diqqətə çatdırıb ki, müasir dövrdə Azərbaycan musiqisi Heydər Əliyev Fondu tərəfindən bütün dünyada tanıdılır.

 

“Elə ölkə yoxdur ki, muğamımız və musiqimiz tanınmasın. Bu gün bütün ifaçılarımız hər bir əsəri səsləndirə bilər. Bir neçə müddət idi ki, bir qrup bu layihə üzərində çalışırdı. Layihə musiqimizin gələcək nəsillərə ötürülməsi baxımından əhəmiyyətlidir”, - deyə nazir müavini qeyd edib.

 

Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə not kitablarının hazırlanması zamanı İttifaqın əməkdaşlarının böyük təşəbbüs göstərdiyini bildirib. Xalq artisti bu cür topluların bütün dünyaya yayılmasından şad olduğunu söyləyib.

 

Tədbirdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli, Xalq artisti, dirijor Yalçın Adıgözəlov və Əməkdar artist, bəstəkar Vüqar Camalzadə çıxış edərək layihə üzərində çalışan hər kəsə təşəkkürlərini bildiriblər.

 

Qeyd edilib ki, layihə çərçivəsində Azərbaycan bəstəkarlıq məktəbinin altı görkəmli nümayəndəsi - Asəf Zeynallı, Cövdət Hacıyev, Qara Qarayev, Fikrət Əmirov, Niyazi və Vasif Adıgözəlovun simfonik, kamera-instrumental, vokal, fortepiano əsərləri, eləcə də müxtəlif alətlər üçün solo və xor partiyaları çap olunub.

 

Tədbirdə Üzeyir Hacıbəylinin, Asəf Zeynallının, Qara Qarayevin, Fikrət Əmirovun və digər bəstəkarların xor, mahnı və instrumental əsərləri ifa edilib.

 

“Ədəbiyyat və incəsənət”(03.11.2023)

Cümə, 03 Noyabr 2023 12:45

Abşeronun tutu, ənciri…

Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”

 

 

Hər regionun özünəməxsus, onu məşhurlaşdıran müxtəlif fərqli nələrisə olur. Xalçası, sənətkarlıq nümunəsi, tarixi abidəsi  və s.

Bu fərqlilikləri biz kulinariyada da görürük.

Bu  gün paytaxtımız olan- adına nəğmələr, şeirlər qoşulan, küləklər şəhəri adı verilən Bakımızın öz kulinariya  fərqliliklərini təqdim etmək istəyirəm.

İlk öncə Ağ tut doşabından danışmaq istəyərdim. Ağ tut yaxud, ümumiyyətlə, tut Abşeron zonasında daha geniş yayılmışdır. Daha çox Bakılıların sevə-sevə hazırladığı və istifadə etdiyi Ağ tut doşabı da məlhəmə bərabərdir. 

Uşaqlıqdan şahid olmuşam ki, babam, ya da nənəm tut ağacını çırpandan sonra biraz əzilmiş tutları yığar və yuyub doşab hazırlayardılar. Bildiyimiz kimi həkimlər də tuta min bir dərdə dəvadır deyirlər. Məsələn, boğaz ağrısına və s. 

Hətta insana güc-qüvvət versin deyə səhər yeməyindən öncə də tut yemək məsləhət görülür.

 

Bisgəndə isə qabığı soyulmuş əncir qurusudur. Dəvətikanını qırıb üzərinə ağır taxta qoyurlar. Taxtanın ağırlığından yastılanmış dəvətikanının üstünə səliqə ilə soyulmuş əncirləri düzürlər. Günəş şüası altında 3-4 gün ərzində quruyur. 

Əncirin özünü Bakılı kimi çox sevsəm də, əncir qurusunu da alınma yesəm də, son illər də öz həyətimin əncirindən bisgəndə yemək zövq verir. Torpaq da, torpaqdan bizə gələn nemətlərdə bir xəzinədir. Gəlin onlardan səmərəli istifadə edək.  Son olaraq qeyd  edim ki, 2017-ci ildə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi "Unudulmuş yeməklər"adlı yemək festivalı keçirmişdi. Həmin festivalda da 8 Bakıya məxsus yemək təqdim edilmişdi .

 Bunlar Bakı mətbəxinə məxsus “Həlim aşı”, Qarabağa məxsus “Balva”, Qərbi Azərbaycan mətbəxinə aid “Təngab”, “Məkə şorbası”, “Zəngi çörəyi”, “Yeznə qalını”(şirniyyat), “Tər halva” və “Müsənbə plov” yeməkləridir.

 

“Ədəbiyyat və incəsənət”

(03.11.2023)

Mədəniyyət, Elm və Təhsil nazirlikləri, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Rəssamlar İttifaqı, Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində uşaqlarda vətənpərvərlik duyğularının güclənməsinə, estetik zövqün, mənəvi tərbiyənin formalaşmasına, milli-mənəvi sərvətimizdən olan nağıllarımızın yaşadılmasına xidmət məqsədilə “Xəyallarımızda qalan nağıllar” adlı respublika uşaq yaradıcılıq müsabiqəsi elan olunub.

 

Xətai Sənət Mərkəzindən verilən məlumata görə, 18 yaşa qədər yaradıcılıq qabiliyyəti olan şəxslər noyabrın 28-dək sənədlərini Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ünvanına göndərməklə müsabiqədə iştirak edə bilər.

 

Seçim millilik, yanaşma, baxış və müəlliflərin yaşı nəzərə alınmaqla aparılacaq və seçilən əsərlər yaş qrupuna uyğun olaraq quruplaşdırılaraq sərgilənəcək.

 

Təkrar olmayan, müdaxilə olunmamış (müəllim, valideyn,.. ) və əvvəlcə sərgilənməmiş əsərlərə üstünlük veriləcək. Əsəri sərgidə nümayiş olunan müəlliflər sertifikatla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaq.

 

Əlavə suallar üçün 051-310-74 01 telefon və ya vatsap ünvanına müraciət etmək olar.

 

Müsabiqənin sərgisi Xətai Sənət Mərkəzində açılacaq.

 

“Ədəbiyyat və incəsənət”

(03.11.2023)

Cümə, 03 Noyabr 2023 17:00

Taleh əminin bir şeiri - XATİRƏ

Şəlalə Hüseynova

 

“Ədəbiyyat və incəsənət” portalı Xatirə rubrikasında Şəlalə Hüseynovanın mərhum şair Taleh Həmid barədə xatirəsini təqdim edir. 

 

Beşinci, ya altıncı sinifdə oxuyardım. Taleh əminin bu şeirini əzbərləyib güzgü qarşısında pafosla danışanda atam eşitmişdi. Taleh əmi bizə gələndə çağırdı, dedi əminin həminki şeirini oxu. Oxudum, kövrəldi. Məni bağrına basdı. 

Atamın qəbri üstündə bənövşə bitməsə də, hər ziyarətdə bu şeiri və Taleh əmini xatırlayıram.  

 

BƏNÖVŞƏ

 

Atamın qəbri yanında bənövşə bitmişdi. 

 

Sən bu dərdi çəkəmməzsən,

Burdan uzaq qaç, bənövşə.

Dünya dolu çöl-çəməndi

Get birində aç, bənövşə.

 

Gəl sındır bu inadını

Dadma həsrətin dadını.

İpək kimi qanadını

Yaralayar daş, bənövşə.

 

Bilmə mənim çəkdiyimi

Ağrı görmə ağrım kimi

Əllərimlə əkdiyimi 

Qurudubdu yaş, bənövşə.

 

Sən ömrünün bu yaz çağı

Eşidəsən niyə ağı?!

Görürsənmi bax, o dağı?

Get, o dağda bit, bənövşə. 

 

Ürəyim dolub, gəlmişəm,

Yaman çağlamağım gəlir.

Yazın bu xoş vədəsində

Bir az ağlamağım gəlir

Qulağını tut, bənövşə....

 

“Ədəbiyyat və incəsənət”

(03.11.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.