ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

 

Sentyabrın 29-da Dövlət Turizm Agentliyinin "Aşpazlar üçün pilot tədris qrupunun yaradılması" layihəsinə həsr olunmuş təqdimat mərasimi keçirilib.

Dövlət Turizm Agentliyindən verilən məlumata görə, Peşə Təhsili üzrə Dövlət Agentliyi, Bakı Turizm Peşə Məktəbi, "CASA Baku" Kulinariya Məktəbi ilə birlikdə reallaşdırılan layihənin əsas məqsədi qastronomiya turizminin inkişafı, milli kulinariya komandasının kadr potensialının və ümumilikdə kulinariya təhsilinin inkişafı istiqamətində işlərin gücləndirilməsidir. Layihə çərçivəsində 2023-2024-cü tədris ili üçün xüsusi bacarıqları olan 20 tələbəyə peşə təhsili səviyyəsində bir il ərzində "Aşpazlıq" ixtisası üzrə "CASA Baku" Kulinariya məktəbinin mütəxəssisləri ilə yanaşı, digər yerli və xarici mütəxəssislər tərəfindən praktik və nəzəri dərslər keçiriləcək.

Tədbirdə Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova, "CASA Baku" Kulinariya Məktəbinin direktoru Kelvin Chong, tərəfdaş təşkilatların təmsilçiləri iştirak ediblər. Qeyd olunub ki, milli mətbəx nümunələrimizin qorunması və ölkəmizin qastronomiya destinasiyası kimi təbliği istiqamətində Agentlik tərəfindən çoxistiqamətli işlər həyata keçirilir. Qastroturizmin inkişafı Azərbaycanın yalnız milli mətbəxini deyil, həmçinin zəngin maddi-mədəni irsini, tarixi ənənələrini və mədəniyyətini dünyaya tanıtmağa kömək edir. Bu baxımdan, dünya miqyaslı yerli və xarici baş aşpazların azərbaycanlı tələbələrə öz bilik və təcrübəsini bölüşməsi onların inkişafı naminə misilsiz xidmət olacaq.

Qeyd edək ki, pilot qrup üçün dərslər zəngin tədris təcrübəsinə və kulinariya sahəsində beynəlxalq statusa malik aşpazlar, həmçinin milli kulinariya üzrə mütəxəssislər tərəfindən keçiriləcək. Layihənin uğurlu keçəcəyi təqdirdə, bu proqramın aşpazlıq üzrə tədrisin təşkilinə nümunə olması və bütün ölkə üzrə tətbiqi planlaşdırılır.

Yeni yaradılmış qrup üzvləri üçün dərslərin təşkilində "CASA" Baku" Kulinariya məktəbinin maddi-texniki imkanlarından istifadə ediləcək. Bu qurum Azərbaycanda "Ümumdünya Kulinariya Cəmiyyətləri Birliyi" tərəfindən akkreditasiya olunmuş yeganə təhsil müəssisəsidir. Məktəbin təhsil proqramları London İnstitutunun "City & Guilds" Beynəlxalq Təşkilatı və Dünya Aşpazlar Assosiasiyası tərəfindən akkreditə olunub ki, bu da məzunların təkcə Azərbaycanda deyil, beynəlxalq bazarlarda da işlə təmin olunmasına şərait yaradır.

Tədbirdə pilot qrupun iştirakçılarına tələbə vəsiqələri paylanılıb. Sonra Kulinariya Mərkəzinin mətbəxində fakültənin müəllimləri tərəfindən tələbələrə ilk praktik və nəzəri dərslər keçirilib.

 

“Ədəbiyyat və incəsənət”

(29.09.2023)

Sentyabrın 29-da Milli Kitabxanada Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin "Xatirə kitabı” redaksiyası tərəfindən Vətən müharibəsində həlak olanların adlarının və xatirələrinin əbədiləşdirilməsi üçün hazırlanan "44 gün – Tarixi zəfər” adlı kitabın ("F-L” hərfləri üzrə) ikinci cildinin təqdimatı keçirilib.

AzərTAC xəbər verir ki, əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Rəşad Məcid bildirib ki, Azərbaycanın lokal antiterror tədbirləri tarixin ən şanlı səhifələrindən birinə çevrilib. Qeyd edib ki, hazırda Azərbaycanın elə bir dövrüdür ki, hər bir vətəndaşımız bu Zəfərə öz töhfəsini verməlidir. O, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda qəhrəmanlıqla döyüşən və Qələbə qazanan şəhidlərimizin və qazilərimizin heç vaxt unudulmayacağını, gələcək nəsillər tərəfindən hörmət və ehtiramla yad ediləcəyini vurğulayıb.

Respublika "Xatirə kitabı” redaksiyasının rəhbəri Nəzakət Məmmədova diqqətə çatdırıb ki, kitabda minə yaxın şəxs haqqında ensiklopedik məlumat verilib. İkinci Dünya müharibəsində, Əfqanıstan döyüşlərində, 20 Yanvar faciəsində, Xocalı soyqırımında, Qarabağ müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə həlak olmuş, itkin düşmüş, əsir götürülmüş vətəndaşlarımız, Milli qəhrəmanlarımız haqqında əhatəli materiallar dərc edilib. Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə 1997-ci ildən başlayaraq bu redaksiya daha fəal, əhatəli işlər görülüb.

“Respublika “Xatirə kitabı” redaksiyası, həmçinin "Bakı Xəbər" qəzeti ilə birgə layihəsi əsasında "Şəhidlər ölməz, Vətən bölünməz!" silsiləsindən Vətən müharibəsində həlak olanların adlarının və xatirələrinin əbədiləşdirilməsi məqsədilə bir neçə kitab nəşr edib, həmin kitabların təqdimatını keçirib. Redaksiya, eyni zamanda, “Vətən daşı... və ya 44 günün dastanı” adlı layihə əsasında səkkiz sənədli film çəkib. Bu filmlərin dördü geniş ictimaiyyətə təqdim olunub”, - deyə N.Məmmədova qeyd edib.

Tədbirdə digər çıxış edənlər Respublika Hərbi prokurorunun böyük köməkçisi, Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyevə və Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Qadınlar və Hərbi Qulluqçuların Ailələri ilə iş üzrə şöbəsinin müdiri Zümrüd Səmədova kitabla bağlı fikirlərini bölüşüb, yeni nəşrin əhəmiyyətini vurğulayıblar.

Bildirilib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının necə mərd, döyüşkən xalq olduğunu dünyaya bir daha sübut edib. Qeyd edilib ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən şəhid ailələri və müharibə əlilləri hərtərəfli qayğı ilə əhatə olunur.

“Vətən daşı… və ya 44 günün dastanı” filminin ssenari müəllifi və rejissoru Vüsal Nuru film haqqında ətraflı məlumat verib. O, diqqətə çatdırıb ki, film şəhidlərin Vətən uğrunda mübarizəsini əks etdirir, həmçinin Azərbaycan oğullarının Vətəni necə sevdiyini göstərir.

Sonra "Vətən daşı” sənədli filmi təqdim edilib.

Tədbirdə şəhid ailə üzvləri şəhidlərimizin Vətən sevgisindən, döyüşlərdə göstərdikləri şücaətlərdən danışıb, onlarla qürur duyduqlarını söyləyiblər.

Xatırladaq ki, kitabın birinci cildində min nəfərə yaxın döyüşçü – Aprel döyüşlərində və Tovuz hadisələrində, həmçinin Vətən müharibəsində həlak olmuş şəxslər barədə ensiklopedik məlumat verilib.

 

“Ədəbiyyat və incəsənət”

(29.09.2013)

 

 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) və Azərbaycan Prodüserlər Gildiyasının təşkilatçılığı ilə keçirilən “Prodüserlərin inkişaf təlimi” proqramına qəbul elan edilir. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir. 

Təlim Avropanın ən qabaqcıl kino məktəbinin mütəxəssis-müəllimi və prodüseri Martin Haqemannın rəhbərliyi və Avropanın qabaqcıl kino məktəbinin mütəxəssis-müəllimi, prodüser Titus Kreynberqin iştirakı ilə baş tutacaq, oktyabrın 9-dan başlayaraq 8 həftə davam edəcək. 

Təlim iştirakçılara rəqabətədavamlı kino biznesinin yaradılması və idarə olunması, yerli və xarici maliyyə mənbələrinin film istehsalına cəlb edilməsi, filmlərin yerli və xarici satışının təşkili, eləcə də digər sahələr üzrə fundamental biliklərə yiyələnmək imkanı təqdim edir. Eyni zamanda iştirakçılar təlim müddətində müasir beynəlxalq standartlara cavab verən kino layihələrini hazırlamaq fürsətini əldə edəcəklər.

İştirakçılar sertifikatla təltif olunacaqdır, ən yaxşı kino layihələrinin müəllifləri isə fərqlənmə sertifikatı və ARKA-nın təşkil etdiyi film layihə müsabiqələrində və digər layihələrdə güzəştli iştirak hüququ qazanacaqlar.

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planının 1.1.14-cü yarımbəndinə əsasən.

Qeydiyyat oktyabrın 8-nə qədər davam edəcək.  Təlimə qatılmaq istəyən şəxslər tərcümeyi-halını və filmoqrafiyasını (əgər varsa) Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ünvanına göndərə bilərlər.

 

“Ədəbiyyat və incəsənət”

(29.09.2023)

 

 

Xəbər verdiyimiz kimi, sentyabrın 28-də mədəniyyət naziri Adil Kərimli Mingəçevir şəhərindəki Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, qəbuldan sonra nazir şəhərdəki bir sıra mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olub.

İlk olaraq Mingəçevir Dövlət Dram Teatrına baş çəkən nazirə mədəniyyət ocağının tarixi, maddi-texniki imkanları, cari vəziyyəti və repertuarı haqqında məlumat verilib.

Nazir daha sonra Mingəçevir şəhər Ü.Hacıbəyli adına 1 nömrəli onbirillik Musiqi Məktəbi, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi Kitabxanası, Tarix Muzeyi, Mədəniyyət Mərkəzi, MKS-nin 9 saylı filialına baxış keçirib.

Baxış zamanı müəssisələrdə mövcud olan problemlərin aradan qaldırılması, fəaliyyətin səmərəli təşkili ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verilib.

Nazir son olaraq tarixi Zəfərlə nəticələnən 44 günlük Vətən müharibəsinin şəhid qardaşları Əli və İslam Əhmədovların Ev-Muzeyində olub.

Şəhid qardaşların anası Sevinc Əhmədova oğullarının döyüş yolu, həmçinin muzeydə saxlanılan eksponatlar haqqında məlumat verib.

 

“Ədəbiyyat və incəsənət”

(29.09.2013)

 

Azərbaycan Dövlət Opera və Balet Teatrı oktyabr ayında maraqlı səhnə əsərləri ilə çıxış edəcək.

Belə ki, oktyabrın 1-də sənət ocağının səhnəsində “Qaratoxmaq qadın”, 5-də “Sevil” operaları, 7-də isə “Romeo və Cülyetta”, “Bolero” baletləri nümayiş olunacaq.

Həmçinin, oktyabrın 14-də növbəti dəfə “Qaratoxmaq qadın” operası, 24-də “Məhəbbət əfsanəsi”, 26-da isə “Orfey və Evridika” baletləri təqdim ediləcək.

Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

 

“Ədəbiyyat və incəsənət”

(29.09.2023)

Cümə, 29 Sentyabr 2023 18:09

Bu gün Turizm İşçiləri Günüdür

 

Bu gün Azərbaycan turizm işçilərinin peşə bayramıdır. “Azərbaycan Respublikasında “Turizm işçiləri günü” peşə bayramının təsis edilməsi haqqında” Sərəncamda dəyişiklik edildikdən sonra turizm işçiləri bu bayramı sentyabrın 29-da qeyd edirlər.

Son illər dövlət səviyyəsində turizmin iqtisadiyyatın aparıcı sahəsinə çevrilməsi istiqamətində görülən ardıcıl və məqsədyönlü tədbirlər turizmin inkişafında öz müsbət təsirlərini göstərir. 2015-ci ildə turizm sektorunda sahibkarlıq fəaliyyəti üçün lisenziya tələbinin ləğv edilməsini, 2016-cı ildə “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin qəbul edilməsini, elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsini və “ASAN Viza” sisteminin yaradılmasını turizm sahəsinin inkişafı üçün görülən çoxşaxəli işlər sırasına aid etmək olar.

Prezident İlham Əliyevin 2018-ci il 20 aprel tarixli “Mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Sərəncam”ına əsasən Azərbaycan Dövlət Turizm Agentliyinin yaradılması isə bu proseslərə kompleks yanaşmanın məntiqi nəticəsi kimi özünü göstərir.

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, neft sektorundan sonra ölkədə ən gəlirli sektor məhz turizm sektorudur, bu sahənin inkişafı ölkənin əsas prioritetidir. 

Dövlət Turizm Agentliyi tərəfindən turizm sənayesinin formalaşdırılması, turizm siyasətinin həyata keçirilməsi və sənayenin üzvlərinin bu prosesə cəlb olunması, ölkənin turizm potensialının xarici bazarlarda tanıdılması, tabeliyindəki qoruqlarda tarix, mədəniyyət və təbiət abidələrinin, maddi-mədəni irsin qorunması ilə yanaşı, turistlər üçün daha maraqlı məkana çevrilməsi üçün genişmiqyaslı işlər görülməyə başlanılıb.

İlk addım olaraq “Bir daha bax” (“Take another look”) şüarı ilə Azərbaycanın yeni turizm brendi 2018-ci ilin noyabrında Londonda “Dünya Səyahət Bazarı” (World Travel Market) sərgisində dünya ictimaiyyətinə təqdim edilib.

İnfrastrukturla bağlı layihələrin reallaşdırılması ilə yanaşı, turist məmnunluğunun artırılması məqsədilə turizm sənayesinin üzvləri proseslərə cəlb olunur, turizmin inkişafına töhfə verəcək ictimai təşkilatlandırma işinə dəstək verilir.

Azərbaycan Hotel Assosiasiyası, Bələdçilər Assosiasiyası, Azərbaycan Turizm Agentlikləri Assosiasiyası və bu kimi ictimai birliklərin yaradılması turizm sənayesinin ümumi məqsəd ətrafında birləşdirilməsinə önəmli təkandır.

Turizm sahəsində ixtisaslı kadr hazırlığı xidmət keyfiyyətinin artırılması baxımından önəm kəsb edir. Bu baxımdan Dövlət Turizm Agentliyinin tabeliyindəki Azərbaycan Turizm və Menecment Universiteti, Bakı Turizm Peşə Məktəbi və Mingəçevir Turizm Kollecinin fəaliyyəti xüsusilə əhəmiyyətlidir.

Azərbaycanın turizm potensialının xaricdə təbliğatı kampaniyasının əsas istiqamətlərindən biri 2018-ci ilin sonundan etibarən Rusiyanın Moskva, BƏƏ-nin Dubay, Səudiyyə Ərəbistanının Ər-Riyad, Hindistanın Mumbay, Çinin Pekin və Almaniyanın Frankfurt şəhərlərində daimi turizm nümayəndəliklərinin fəaliyyətə başlaması olub. Bu nümayəndəliklərlə yanaşı, daha bir neçə fərqli regionlardan olan ölkələrdə daimi turizm nümayəndəliklərinin açılması da planlaşdırılır.

Qarşıdakı növbəti 4 il üçün turizmin hərtərəfli inkişafına yönəlmiş 10 əsas təməl istiqamət üzrə hədəflər müəyyənləşdirilib. Bu hədəflər həm də “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulan məqsəd və tapşırıqların icrasına istiqamətlənib. Əsas məqsəd Azərbaycanı dayanıqlı, əlçatan və keyfiyyətli turizm destinasiyasına çevirməkdir.

Hədəf 2026-cı ildə Azərbaycana səfər edən əcnəbilərin sayını 4 milyon nəfərə, ölkə daxilində turizm səfəri edən yerli vətəndaşların sayını isə 6 milyon nəfərə çatdırmaqdır. Hesab edilir ki, 2026-cı ildə cəmi turizm xərcləmələri 2021-ci illə müqayisədə 4 dəfə artaraq 11,2 milyard manata çatacaq, bunun da 49 faizi, yaxud 5,5 milyard manatı əcnəbi turistlərin payına düşəcək. Ümumilikdə isə 2026-cı ildə turistlərin yerləşdirilməsi və ictimai iaşə sektorunda ÜDM istehsalı 2019-cu illə müqayisədə 1,5 dəfə artacaq, orta hesabla hər il turizm sektorunda 20 faiz artım qeydə alınacaqdır.

Bu ilin əvvəlində turizm sahəsinin hüquqi-institusional tənzimlənməsi istiqamətində mühüm addım atılaraq, yeni Turizm qanunu qəbul edildi. Burada Turizm reyestri, mülki məsuliyyət sığortası, otellərin ulduzlaşması və digər bir sıra vacib məqamlar öz əksini tapır. Bu da bütövlükdə, ölkədə turizmin dayanıqlı inkişafını təmin etmək və beynəlxalq turizm bazarında Azərbaycanın rəqabət qabiliyyətinin artırılmasına yönəlib. Turizm sektorunda tənzimlənmə çərçivəsinin inkişafı üçün mehmanxanalara münasibətdə ulduzların tətbiqi, turizm şirkətlərinə münasibətdə mülki məsuliyyət sığortası mexanizminin tətbiqi nəzərdə tutulur.

Dövlət Turizm Agentliyinin tabeliyindəki qoruqlarda mövcud olan mədəni irsin qorunması, oradakı tarixi abidələrin mühafizəsi və qoruqları turistlər üçün cəlbedici məkana çevrilməsi qarşıya qoyulan əsas məqsədlərdəndir. 2019-cu ildə cənab Prezidentin tapşırığı ilə “Yanardağ” Dövlət Tarix–Mədəniyyət və Təbiət Qoruğunda əsaslı təmir, rekonstruksiya işləri aparıldı, müasir turizm infrastrukturu quruldu.

Daha sonra, ötən il dövlət başçısının iştirakı ilə Palçıq Vulkanları Turizm Kompleksinin təməlqoyma mərasimi keçirildi. Hazırda orada tikinti-quraşdırma işləri layihəyə uyğun şəkildə davam etdirilir. Bu il “Diri Baba” türbəsi və “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu əsaslı yenidənqurma və bərpa işlərindən sonra turistlərin ixtiyarına verildi.

Qeyd etməliyəm ki, əlavə olaraq, bir sıra tarixi tikililərin əsaslı təmiri, abadlıq işlərinin aparılması və digər işlər UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilən Şəkinin tarixini qorumaqla turizm potensialını inkişaf etdirməyə yönəlib.

Digər bir qoruğun – Xınalığın tarix və etnoqrafiya baxımından əhəmiyyəti nəzərə alınaraq, oradakı evlərin təmir və bərpa işləri mərhələli şəkildə icra olundu. Bu ilin fevralında “Xınalıq Mədəni Landşaftı və Köç yolu” adlı nominasiya sənədini hazırlayaraq, UNESCO-nun Ümumdünya İrs Siyahısı üçün təşkilatın Dünya İrs komitəsinə təqdim edildi. Sentyabrın 18-də UNESCO-nun Ümumdünya İrs Komitəsinin Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən 45-ci sessiyasında Azərbaycanın “Xınalıq və Köç yolu mədəni landşaftı” qurumun Ümumdünya İrs Siyahısına daxil edildi. Ölkəmizin geniş, zəngin və çeşidli turizm potensialı bizə müxtəlif turizm məhsullarını formalaşdırmağa imkan yaradır. Azərbaycanın sahib olduğu çoxsaylı turizm imkanlarından yararlanaraq, mədəni, təbiət, sağlamlıq, əyləncə, qastronomiya və s. istiqamətlərdə maraqlı və fərqli məhsullar üzərində işlənilir.

Turizm sahəsində bir çox ölkələrlə əməkdaşlıq əlaqələrimiz yüksələn xətlə inkişaf edir. Əməkdaşlığın əsası kimi, müxtəlif dövlətlərlə müqavilə-hüquq bazasının inkişaf etdirilməsi məqsədilə sazişlər, müqavilələr, anlaşma memorandumları bağlanılır.

Bundan əlavə, Ümumdünya Turizm Təşkilatı ilə əməkdaşlıq əlaqələri genişlənməkdədir. Ölkəmiz bu mötəbər təşkilatın beynəlxalq tədbirlərinə artıq bir neçə dəfə evsahibliyi edib. Onu da vurğulamalıyıq ki, 2023–2027-ci illər üçün ÜTT-nin İcraiyyə Şurasına üzv olmaq üçün Azərbaycanın namizədliyini irəli sürülüb.

Qürurla deyə bilərik ki, möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi Dövlət Turizm Agentliyi qarşısında yeni vəzifələr qoyub. Bu vəzifələrdən biri Qarabağın turizm destinasiyası kimi inkişaf etdirilməsidir. Turizm bu istiqamətdə aparıcı sahələrdən biri olacaq.

Son iki il ərzində DTA tərəfindən Qarabağın və Şərqi Zəngəzurun turizm potensialının öyrənilməsi, müvafiq olaraq konsepsiya sənədləri və layihələrin hazırlanması həyata keçirilib. Bu baxımdan, 3 əsas istiqamət üzrə işlər icra olunur. Bunlar mövcud və yeni turizm və rekreasiya zonalarının yerlərinin dəqiqləşdirilməsi, nəqliyyat dəhlizləri boyu, eləcə də tematik turizm marşrutları üzrə turizm imkanlarının dəyərləndirilməsidir.

Həmçinin, artıq bir neçə layihənin icrasına başlanılıb. Bildiyiniz kimi, bu ilin mart ayında Suqovuşanda cənab Prezidentin iştirakı ilə turizm kompleksinin təməlqoyma tədbiri oldu. Bu kompleks Suqovuşan su anbarı ətrafında infrastruktur və xidmətlərin yaradılması, qəsəbənin rekreasiya imkanlarının artırılması və aktiv turizm fəaliyyətlərini özündə əks etdirən “Suqovuşan Turizm İnkişaf Konsepsiyası” sənədi əsasında yaradılacaq. Eyni zamanda Ağdamda tarixi Şahbulaq qalası ətrafında turizm imkanlarının qurulması üzrə layihə hazırlanaraq, ilkin rekreasiya infrastrukturu qurulub. Bundan əlavə, DTA tərəfindən “Qarabağ Zəfər Marşrutları” konsepsiyası çərçivəsində “Yolumuz Ağdama”, “Füzuli və Xocavəndə” birgünlük turların layihəsi hazırlanıb, Şuşa şəhərinin və Daşaltının turizm inkişaf planı hazırlanaraq aidiyyəti üzrə təqdim edilib. Bütövlükdə, Füzuli, Xocavənd, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin turizm imkanların qiymətləndirilməsi aparılaraq, işğaldan azad edilmiş ərazilərdə turizmin inkişafı ilə bağlı Regional Turizm Strategiyası və Fəaliyyət Planının layihəsi hazırlanıb.

Bir sözlə, Qarabağın turizm potensialının öyrənilməsi, reallaşdırılması, tanıdılması üçün çoxistiqamətli tədbirlər icra olunur.

 

“Ədəbiyyat və incəsənət”

(29.09.2023)

 

Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

 

İnsan bəzən ayağını arxasıyca sürükləyə-sürükləyə, çıxıb getməli olar, qalmağı ən çox istədiyi yerdən...

Qəlbinin bir parçasını orda qoyub, çantasına xoş xatirələri yığar və bir də artıq ömrü boyu üzərində daşıyacağı iztirabı  atar çiyninə və çıxıb gedər...

İnsan bəzən qapısından qovmalı olar, qapısına gəlməsini ən çox istədiyi qonağı...

Sonra arxasıyca uzun-uzun göz yaşlarıyla su səpər, ayaqqabılarını qapımdan əksik etmə deyə hər gecə Allaha dua etdiyi insanın.

Hələ bir də küsər, inciyər ondan, gileylənər niyə getdin deyə.

İnsan bəzən sevgisini gizlətməli olar, bəlkə

də ən ülvi, ən təmiz hislərlə sevdiyi, özünə doğma, məhrəm bildiyi insandan.

Qəlbindəki yerinə cənnət köşəsi adı verdiyi ən qiymətlisinə, zahirdə buzdan divarlar hörüb o divarların arxasına sığınar.

İnsan bəzən  yox olmaq istəyər, var olmağı əslində ən çox istədiyi yerdə.

Reallıqda imtina edər, xəyalında dəfələrlə  pərvaz edib  uçmaq istədiyi məkanlardan...

İnsan belədir, bir istədiyi belə, bir istədiyi ilə tutmaz heç bir zaman.

İnsan suallar verər, bəzən bilmək istədiyi üçün bilmədiklərini soruşar, bəzənsə  eşitmək istədiyi üçün bir ümidlə eşitmək istədiklərini soruşar. 

Bəli, insan bəzən də suallar verər,  eşitmək istədiyi cavabları almaq diləyi ilə.

İnsan danışar, danışar da susmaz, sonra susar da bir də heç vaxt danışmaz.

İnsan bəzən acılayar, dünyanın ən şirin sözlərini, ən gözəl şeirlərini onun hüzurunda, məhz elə ona xitabən səsləndirmək istədiyi insanı.

İnsan bəzən unutmaq istəyər, heçvaxt unutmaq istəməyəcəyi, son nəfəsinədək sevmək istədiyi insanı.

İnsan bəzən cığallıq edər, oynamağı ən çox sevdiyi oyun yoldaşına qarşı.

İnsan bəzən gün gələr, utanar sevdiyi şeylərdən.

Küləyi sevməkdən utanar məsələn, ağacların budaqlarında özlərinə yuva qurmuş kiçik quşların, balaca uçuq-sökük komalarda yaşayan insanların var olduğunu xatırlayanda...

Qarı sevməkdən utanar məsələn, sobası yanmayan evlərin, üşüyən, xəstələnən uşaqların var olduğunu xatırlayanda.

Həyat sevdiyi şeyləri ən böyüyündən, ən kiçiyinə qədər bir-bir alar insanıın əlindən.

Gün keçdikcə həyat kimi, insanlar kimi, yavaş- yavaş, bircə-bircə, sevdiyi şeylərdə, istəmsizcə mənasızlaşar gözlərində.

İnsan bəzən oturub çarəsizcə izləyər, bəzən ovuclarından süzülüb gedən xoşbəxtliyini, bəzən boşa xərclənən gəncliyini.

İnsan səhvlər edər, günah işləyər, üzülər, peşman olar, əfv olunmaq istəyər, gec olar...

İnsan sevər, unutmaq istəyər, insan yaşayar, ölmək istəyər.

Amma nə unuda bilər, nə ölə...

Bəzən də yaşadığı hər gün ölmək istəyən bir insan bir gün gələr, yaşamaq istəyər, bax o gün ölər..

İnsan dəfələrlə hıçqıraraq ağlayar qəlbinin bir köşəsində, kimsə duymaz gözlərinin qızartısını.

Bəzən insanın içindəki uşaq şıltaqlıq edər, oysaki o heç vaxt uşaq olmamışdır.

İnsan hər zaman ümid edər bəlkə birgün deyə, çünki çarəsizliyi bütün ruhu və qəlbiylə dadıb, hiss etmişdir.

İnsan nə istəyər ki...

İnsan uzun bir yol istəyər, bir də yoldaş...

Fərq etməz enişli, yoxuşlu olsun, dağ, təpə, çıxmaz, lap sonu uçurum olsun.

İnsan bir ev istəyər iki sakin...

Koma olsun, daşdan, taxtadan, palçıqdan olsun, divarları soyuq, havasına qarışan nəfəs isti olsun.

İnsan bir diz, bir çiyin istər başını hüzurla yaslaya bilsin, insan rahat nəfəs ala biləcəyi, yarğılanmadan, heçnədən çəkinmədən, utanmadan rahatlıqla özü ola  biləcəyi  bir yer istər.

İnsan ən çoxda nə istəyər iki çay, amma dəmi çaynikdən deyil iki könüldən süzülmüş olsun.

İnsan bir kitab istəyər, kiitabın əlfəciini, yanı başında oturan digər kitabsevərin barmaqları olsun.

İnsan bir roman olmaq istər, ən sevdiyi yazarın qələmindən...

İnsan yol istəməz ki, yoldaşla çiyin-çiyinə, ələ-ələ yol getmək istər, insan çay istəməz ki, içini isidən söhbət, məhəbbət istər.

Və bir gündə gələr insan yorular, və heç nə  istəməz. 

Onun hər dəfəsində nəyəsə uzatdığı əlini boşluqda, havada saxlayan bu həyatdan heçnə istəməz daha...

 

“Ədəbiyyat və incəsənət”

(29.09.2023)

Cümə, 29 Sentyabr 2023 18:15

Bir yapon və bir Azərbaycan iti

 

Zəhra Allahverdiyeva, “Ədəbiyyat və incəsənət”

 

Tarixlər, hadisələr və məsələlər təkrarlanır...

Sadiqliyin bariz rəmzi olaraq itlər də zaman-zaman təkrarlanır. 

 

Sizə Haçiko və Baffinin hekayələrini danışacam .

Yaponiyanıb sadiqlik rəmzi "Haçiko". 

1925-ci ildə Tokioda bir universitet müəllimi  olan Ueno Eizaburoya bir keçmiş tələbəsi krem rəngində it hədiyyə edir. Haçiko adındakı bu it hər səhər müəllimi “Şibuya stansiyası”ndan işə yola salıb, işdən qayıdana qədər satansiyada onun yolunu gözləyir. Günlərin birində müəllim işlədiyi universitetdə infakt keçirir və dünyasını dəyişir. Bu hadisə Haçikonun on il davam edəcək olan ümidsiz gözləntisinin başlanğıcı olur. Çünki Haçiko həmin gündən öldüyü günə qədər hər gün eyni saatda, eyni məkanda sahibini qarşılamağa gedir. Əfsus ki, onun sahibi artıq həyatda deyil. Haçiko sahibi gəlmədiyi üçün incimir, hətta stansiyada gecəliyirdi. Və bir gün Haçikonun cansız bədəni qatar relslərində tapılır. O gün Yaponiyada matəm elan olunur. 

İndi isə sizə Baffinin hekayəsini danışım . Baffi 2023-cü ildə Qarabağ şəhidi olmuş  Ramil Rzayevin itidir. O da Haçiko kimi sahibinin geri dönəcəyinə ümid edir. Məzarının üstündən ayrılmayan Baffi sadiqliyin ən gözəl nümunəsi sayıla bilər.

 

“Ədəbiyyat və incəsənət”

(29.09.2023)

Cümə, 29 Sentyabr 2023 18:00

Düşüncələr çox olanda...

 

Qoşqar İsmayılzadə, “Ədəbiyyat və incəsənət”

 

Müşahidələr və onun davamında düşünmələr nədənsə insanı yorur. Bəlkə də bu tək məndə belədi, bilmirəm. Bu ruhsal yorğunluğa səbəb problemlərdən qaçmaq, nəyin nə olduğunu ayırd etməyə zaman yetməzliyi, ya da tənbəllik və ya istəmsizlikdən irəli gəlir. Bəlkə hər qarşımıza çıxan problemlərdə onu anındaca həll etmək əvəzinə arxaya atıb qalaqlaşdırıb, sonra gözümüzdə böyüdüb həll edilməz kimi göstəririk...

Hansı ki, zamanında hər birinə sərf edilən qısa zamanda həll etmək mümkün idi. Bax elə buna görə də ortada "boş verlər", "əşilər","heçnə olmazlar", "inşallahlar" yaranıb qalır...

Bilirsiniz buna səbəb nədir, bütün bu ortada qalanlara, onların yaranmasına ?!

Beyində bir cavabın olmaması, konkretliyin, əminliyin, şübhənin, müəmmalığın olmasıdı...

Digər bir tərəfdənsə qolları çirmələyib bu işə əl bulamaq istəyinin olmamasıdı. Bax elə buna görədir ki, həyatımızın hər küncündə defektliklər özünü göstərməkdədir. 

Qarşıya çıxan problemlərdə, yaranan düyünlərdə    düyünü açmağa səy göstərmək əvəzinə, problemin həll yolunu tapmaq yerinə  yola verməyi üstün tuturuq...

Daim dünyada gedən proseslər inkişaf edərək təkmilləşir, qloballaşır, hər bir resurs özü özlüyündə yuvarlanaraq dağdan aşıb zamanla böyüyən qar topuna çevrilir....

Hər şeyin zaman keçdikcə daha yaxşı yan aldığı, insan, insanlıq daha da zirvələşir deyilir, insanlar problemdən uzaq, əmin amanlıqda yaşayırlar...

Amma, mən sizi əmin edirəm ki, hər ötən saatda, gündə insan qəlbində yaşam, narahatlıq xofu, güvən şübhəsi cücərməkdə olan bir toxum kimi boy atmağa davam edir. Bu gün keçmiş daha güvənli idi, nəinki indiki zaman və gələcək...

Düşünün insan zəkasının təkmilləşməsini hansı ki, bu təkmilləşmə artıq özü kimilər nəslinin əsasını qoya bilməyi bacarıb...

Amma, nədənsə bu təkmilləşmə qəliblərə çox təəssüf ki, təsir edə bilmir. İbtidai dövrdə olan qorunma mexanizmi, ərazi istilası hərisliyinə qədər bir narkomanın narkotik istəyi qədər genişlənib içdə yuva, məskən salaraq indiyə qədər gəlib çıxıb. Baxmayaraq ki, dil canın, insanın, sülhün daha qiymətli olmasını söyləsə də, lakin əməl bunun yalnız dilin yuxuya getmək üçün söylədiyi nağıldan başqa bir şey olmadığına inanmağa vadar edir...

Ölkələrdəki qırğınlar, hər gün insan qanına susamış yeni silahların istehsalı içdəki hərislikdən, beynin bir tərəfinin barbarlıq və quduzluqdan ibarət olduğuna inamı daha da gücləndirir...

İçdəki hakimiyyətə hərislik istəyi, eynən fantastik filmlərdəki kimi dünyaya hökmranlıq yolunda ətrafda xoşbəxt yaşam arzusu ilə olanların da istəyinin üzərindən tədricən və ya məcburən xətt çəkilməsinə şərait yaradır...

Rəngarəng yaşam istəyində olanların həyatından rənglər oğurlanır, onların yerinə isə məcburi öhdəliklər palitrasının rəngləri meydana çıxmağa başlayırlar, yalnız qırmızı və onun digər çalarları...

Hər bir işdə ilklər və ya uyğunlaşma çox böyük önəm daşıyır. İlk sevgilidən tutmuş, ilk iş yerinə, ilk problemə qədər. Zaman keçdikcə bu konsepsiya dəyişilməyə, təkmilləşməyə  və ondan sonra mutasiyaya uğrayaraq istifadə edilməyə, idarəçilik və asılılığa qədər gəlib çıxmağa başlayır. Məs; sevginin qədim dövrlərində sevən tərəf üçün saniyələr saatlara bərabər bir zaman sayılır, göyərçinlər, çaparlar, məktublar, qəlbdən süzülən xoş niyyətli sözlər və ən əsas məsələ isə saflığı ilə seçilirdisə, ən müasir formada bu məsələ artıq təkmilləşmədən keçib iyrəncləşməyə doğru addım atıb və atmaqdadır. İndi klaviatura da hazır, standart mesajlar, qız tutma texnikalarına qədər inkişaf yolları, şantaj metodları artıq ürək bulandırıcı vəziyyətə qədər gəlib çıxıb. Qədim dövrün Məcnunu müasir dövrün "Qaqa"sına çevrilib...

Bir tərəfdən də mənəvi boşluqların, psixoloji travmaların çoxluğu və bunlarla vəhdət təşkil edən reallıq rinqdə küncə sıxılmış boksçunun aldığı zərbələri xatırladır....

Məktəb vaxtı və ya uşaqlıq dönəmində yetərincə diqqət yetirməzliyi, düzgün qayğının, emosional sevginin olmaması və daim kütlə içərisində qeyri asılı səbəblərdən dolayı pərt olmaq gələcək fərd yetişməsində çox mühüm rol oynayır. Zaman keçdikcə də pilləli boşluqların olması daxili aləmdə daim bir fırtınanın olmasına şərait yaradır. Düşünün yad bir ölkədə və ya evdən çox uzaqlarda tələbəsiniz və məzun olduğunuz anda ətrafda valideynlər, qohumlar əlində gül çiçək dəstəsi ilə öz övladlarını, yaxınlarını təbrik edir. Sizinsə təbrik edəcək şəxsiniz yoxdu və sadəcə ətrafı seyr etməklə keçinirsiniz. 

Yaxud hərbi and içmə zamanı yüzlərlə valideyn, qohum əhatəsində gözlərin tanış bir sima axtarışına çıxıb amma heç kəsi tapmaması içdəki hisslərin bir vulkan lavası ilə yanıb külə dönməsi qədər amansız təsir bağışlayır. Sonrada küləyin təsirilə küllər sovrulur və beləliklə növbəti hadisələrdə məcburi soyuqqanlılıq və yaxud hissiyatsızlıq yaranır, beləliklə də ətraf səni kobud, odun kimi qələmə verməyə başlayır. Amma, içindəki lavadan qətiyyən xəbəri belə olmur, yalnız qınamaq işi ilə məşğul olur. Həm axı biz qınamağı yaxşı bacarırıq. 

Bax elə buna görə mən klassikaya, retroya  daha çox vurğun oluram.  

İnsanlar olaraq hər küncdə xaos yaşayırıq. İşimiz, həyatımız xaos və xaos. Övlad dünyaya gələrkən hər kəs onun Vətənə, ailəyə layiqli olmasını istəyir, amma heç kəs valideyinin xeyirli olmasını istəmir və anlamırlar ki, əgər valideyn xeyirli olsa övladın xeyirli olması qaçılmazdır. Ümumiyyətlə, əgər dünyaya uşaq gətirəcəksinizsə bunu şüurlu şəkildə, hər şeyi düşünüb edin. Faydalı bir şəxs, həqiqətən yetişdirə biləcəyiniz bir fərd kimi gətirin. Həyat bəxş etmək adına gətirin, daha məhkum kimi yox...

Artıq problemlər o qədərdi ki, 8 saatlıq iş prosesi heçnə halına gəlib, əsas iş sanki ondan sonra başlayır...

Düşüncələr, fikirlər bitmir ki, bitmir. Amma, mən bu dəfəlik bitirirəm...

İnsanlar adi olduqlarını unutmasınlar, heç kəs qeyri-adi deyil. Amma, qeyri-adi görünməyə çalışırlar. Bunun üçün qolbağı, boyunbağı, talisman, döymələr, tatularla elə bir görünüş yaratmaq istəyirlər. Hər kəsin bir şeyə ümid bəsləməsi kimi...

Düzü bilmirəm kimi qınayım, öz oxu ətrafında fırlanan planetimi yoxsa həmin planetdə öz oxundan çıxıb biri birini fırladan insanlarımı ?!

 

“Ədəbiyyat və incəsənət”

(29.09.2023)

 

Oktyabrın 20-də Heydər Əliyev Sarayında Xalq artisti, professor Azər Zeynalovun "Bir son bahar" adlı solo konserti olacaq.

Gecədə sənətçi öz könül oxşayan ifaları ilə musiqisevərlərin qarşısına çıxacaq.

 

Qeyd edək ki, "Liriko-dramatik tenor" səs tembrinə malik olan Azər Zeynalov 1996-cı ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir. O, Avropanın və Azərbaycanın klassik operalarında baş rolların ifaçısıdır. A.Zeynalov tək opera ifaçısı kimi yox, həm də Azərbaycan bəstəkarlarının mahnı və romanslarını, oda və oratoriyalarını da ifa edir. Buna Emin Sabitoğlunun "Şükriyyə", "Gəncədən gəlirəm", Tofiq Quliyevin "Bəxtəvər oldum", "Azərbaycan", Rauf Hacıyevin "Leyla", Ramiz Mirişlinin "Vətən harayı”, Ruhəngiz Qasımovanın "Səninləyəm, Azərbaycan", Ramiz Mustafayevin "Məhəmməd və Leyla", Vasif Adıgözəlovun "Qəm karvanı", "Təntənəli kantata", "Çanaqqala", "Qarabağ şikəstəsi", Mobil Babayevin "Ölüm-qara qarışqa", Azər Dadaşovun "Ana yurdu" odası, Siyavuş Kəriminin "Ömrümün istəyi", "Sənsizləmişəm", Sevil Əliyevanın "Əziz anam" və s. bu kimi əsərləri misal çəkmək olar. Onun repertuarında xalq mahnıları da xüsusi yer tutur. Həmçinin öz ifası ilə xeyli sayda xarici dövlətlərin böyük konsert salonlarında dəfələrlə çıxışlar edib. O, opera səhnəsində ifa etdiyi bir çox rollara görə müxtəlif mükafatlara da layiq görülüb. Azər Zeynalov 2001-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində "Vokal" kafedrasının müdiri, 2015-ci ildən isə "Musiqili teatr aktyoru" kafedrasının müdiri kimi pedaqoji fəaliyyətdə olub. 2016-2017-ci tədris ilindən etibarən pedaqoji fəaliyyətini yalnız Azərbaycan Milli Konservatoriyasında davam etdirərək burada Milli vokal kafedrasına rəhbərlik edir. Onun 2012-ci ildə çap olunan "Vokal ifaçılığı" kitabı ali musiqi məktəblərində klassik opera-vokal ixtisası üzrə təhsil alan tələbələr üçün ana dilimizdə ilk dərslikdir.

Konsertə olan biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

 

“Ədəbiyyat və incəsənət”

(29.09.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.