
Super User
POETİK QİRAƏTdə Fərid Hüseyndən “Bitməz gün”
“Ədəbiyyat və incəsənət” portalının Poetik Qiraət rubrikasında istedadlı gənc şair, Azərbaycan Yazıçılar Birliyinin Gənclər sektorunun müdiri Fərid Hüseynin şeirləri həftəsidir. İlk olaraq “Bitməz gün” şeiri təqdim olunur.
BİTMƏZ GÜN
Atama ithaf edirəm...
Səhər
Sübhdü – sənin yoxluğunun səhər çağıdı:
hələ tənbəl-tənbəl oyanırıq sənsizlikdən,
gözlərimizi ovuruq yoxluğunun əlləriylə,
sönmüş müharibənin tüstüsü çəkilməyib ölkədən.
Sübhdü – sənin yoxluğunun səhər çağıdı:
Yatağına – anamın yanına su kimi dolmuşam,
o isə gələcəyimizi düşünə-düşünə alnımdakı ahdan öpür.
Dostlarının etibarını qayğılarımızla ölçürük,
hələ bizi sənə oxşadan adamların sayı çoxdu,
anamın əlindən tutub gələcəyə keçirik.
Sübhdü – sənin yoxluğunun səhər çağıdı:
arzularımızı mumyalamışıq,
ümidlərimizi soyuducu könlümüzdə dondurmuşuq.
Hələ hər kəsin yaddaşı yerindədi –
hamı səni olduğun kimi xatırlayır.
Özümdən böyük qablarla su daşıyıram,
bədənimin bütün xəritəsindən tər axır.
Sübhdü – sənin yoxluğunun səhər çağıdı:
Hələ kasıblıq təcrübəsi qazanıram –
qarpızı kəsdirib alıram,
qələmi yoxlayıb alıram,
kaseti oxudub alıram.
Qurban bayramlarında ətlə,
Novruzda sovqatla ürəyimiz açılır,
özgə evlərindən toplanır sevincimiz
və mən hələ Allahı əliaçıqlığından tanıyıram.
Sübhdü – sənin yoxluğunun səhər çağıdı:
Nənəmin dilindən ümid damcılayır könlümə:
sonra damlalar toplanıb olur hikmətli bir dərya:
“Allah kimi darda qoyub ki, bizi də darda qoya?!”
Sübhdü – sənin yoxluğunun uşaq çağıdı:
imperiya günəşi təzəcə sönüb ölkəmdə,
azadlıq lampasının başına yığışmışıq,
üz-gözümüz kasıblıq hisindən qapqara,
əlimiz nöyütlü,
yaş odundu xəyallarımız –
könül sobamızda asta-asta yanır,
amma sümüyümüz qızmır ki, qızmır.
Sübhdü – sənin yoxluğunun uşaq çağıdı:
Hələ ehtiyacdan bir hovur gizlənmək üçün
əldamındakı dəmir-dümürünü,
ov alətlərini satmamışıq,
hələ torpağın üzü soyumayıb,
hələ göz yaşımız sinəmizi yandırır,
nə vaxt ağlasam, anam məni qucağına alır –
Allaha sarı qaldırır...
Günorta
Günortadı – sənin yoxluğunun qızmar vaxtıdı:
artıq haqqında çoxdankı, adam kimi danışırıq,
yaşaya bilmədiyin günləri bir-birimizə paylayırıq –
hər övladına neçə arzu, neçə ümid düşür,
anam xörəklər kimi ömrünü də ədalətlə bölüşür...
Günortadı – sənin yoxluğunun oğlan çağıdı:
anam təmizkar bir gəlinidi payızın,
sübhdən süpürür sənli günlərin xəzəllərini,
o, bir yandan yığır, ömür bir yandan tökür,
sevincin qanı qaçıb üzümüzdə, ata.
Xoşbəxt şəkillərimizə qayğılar çökür...
Günortadı – sənin yoxluğunun qızmar vaxtıdı:
sevincimiz idman sevincləritək tez ötür.
Allah bizi çiyinlərimizdən çəkib böyüdür.
Günortadı – sənin yoxluğunun qızmar vaxtıdı:
mən “rəhmətliyin oğlu”, bacım “rəhmətliyin qızı”dı,
nənəmsə qocaman bir rəngsazdır –
könlümüzü ümidlərlə boyayır.
Günortadı – sənin yoxluğunun oğlan çağıdı:
anam bir almadı ki, bir üzü qız, bir üzü gəlin,
soyuq günlərdə dolmuş buludları qovur göylərdən
haqqın dərgahına uzanan yorğun əlləri.
Axşam
Axşamdı – sənin yoxluğunun zülmət çağıdı:
anam bir zəhmət heykəlidi qayğı şəhərimizdə,
həyat bir xəstədir ki, çətinliklərimizlə ağırlaşır halı,
qayğılarımızla birgə böyüyür anamın xəyalları.
Anam həm də bir xəyal körpəsidir:
bizimlə gələcəyə “iməkləyir”, sabaha yüyürür...
Hər müşkülümüz bir əcəl məqamıdır,
ehtiyaclar “əzrail” kimi əliboş geri dönmür.
Axşamdı – sənin yoxluğunun zülmət çağıdı:
çoxdan əzbərləmişəm kişi işləri görən anamın kölgəsini,
buxar istisiylə qarsıyıb üzümü həyatın nəfəsi.
Axşamdı – sənin yoxluğunun zülmət çağıdı:
Bir xəstəxana qapısında,
zindan divarları arasında,
bir məhkəmə salonunda
dayanıb baxdım uzaqlardakı məzarına.
çarəsizlik əllərimi cibimə saldı,
çiyinlərimi çəkdi,
İkimiz bir adam olduq onda – kölgən kölgəmə bələndi.
Axşamdı – sənin yoxluğunun ahıl vaxtıdı:
fotoalbomuna baxıram,
əsgərsən, nişanlısan, evlisən,
zəhmətə öyrəşmiş ömrümün alın tərisən.
Axşamdı – sənin yoxluğunun ahıl vaxtıdı:
qayğıların dumanından göz-gözü görmür,
təkliyimin qoxusunu çəkirəm canıma,
ata, sənsizlik dolub divar saatıma,
ömür saatıma,
qol saatıma.
Axşamdı – sənin yoxluğunun zülmət vaxtıdı:
həyat bizim üzümüzə qayğı cığırları,
sənin məzarına şaxta çatları salıb,
şükür, əllərimiz çörəyə çatıb
və daha anamın ovcundakı zəhmət qırışları
“Allah” sözünün altında qalıb.
“Ədəbiyyat və incəsənət”
(23.10.2023)
Bu gün Hər şeyin yaxşılığa dəyişilməsi günüdür - CƏHD ETMƏYƏN UDUZAR
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Bu günə olan əlamətdar hadisələri diqqətinizə çatdırırıq.
23 oktyabr. Hər şeyin yaxşılığa dəyişilməsi günü
Make a Difference Day. Xəyallarla, illüziyalarla yaşayan insan üçün bundan gözəl günmü ola bilər? Problemlərin, ağrı və acıların içində bir ömür sürürsən, bir gecə də yatıb ayılanda görürsən ki, hər şey yaxşılığa doğru dəyişib, sənin heç bir əvvəlki qayğın qalmayıb, varlı-hallı, şad-xürrəm ailənlə xoşbəxt yaşayırsan, üstəlik, təmsil etdiyin xalq da tüm olaraq xoşbəxtdir, tiranlar daha yel olub da onun yanından ötə bilmir.
Əziz oxucularım, bu gün səmimi qəlbdən hər şeyin yaxşılığa dəyişilməsinə ehtiyacı olan hər birinizə günün öz adını doğrultmasını arzulayıram. Amma məsəl də var, “səndən hərəkət, məndən bərəkət”. Yaxşılığın özbaşına gələcəyinə çox da bel bağlamayın, bunun üçün mütləq çaba göstərin. Allah hər birinizi arzularınıza çatdırsın.
23 oktyabr. Mole, tok-şou təşkilatçısı və iPod günü
Mole gününü kimyaçılar qeyd edirlər, mol adlı hissəciyin şəninə qeyd olunur bu gün. Tok-şou müasir televiziyaların proqram setkalarını dolduran bir proqramdır, tok-şouları təşkil edənlər publikaya ən aktual mövzuları transfer edirlər. iPod-u isə tanımayana lənət. Uşaqlarımızı əlimizdən alan, onların gözlərini ziyadan salan, onları dərsdən, ünsiyyətdən kənarlaşdıran bir kabusdur iPod (Apple şirkəti məni məhkəməyə verməsə yaxşıdır). Bu gün - ilk cihazın satışa çıxması şərəfinə qeyd edilir.
23 oktyabr. Qar bəbiri, kremli piroq və “Barama”
Beynəlxalq qar bəbiri günü. Macarıstanda Respublika günü. Rusiyada reklam işçiləri günü. Braziliyada aviator günü. Liviyada azadlıq günü. Makedoniyada inqilab günü. ABŞ-da kremli piroq günü. BMT Baş Assambleyasının 1946-cı ilə təsadüf edən ilk iclası günü.
Bir də görürsən, oxucularımdan biri şikayətlənir ki, niyə, tutalım, kosmonavtlarımızdan heç nə yazmırsız. Təbii ki, belədə cavabımız sadə olur, deyirik, rəhmətliyin oğlu, bizdə kosmonavt nə gəzir. Amma elə ki, deyirlər, niyə meyxanaçılarımızdan heç nə yazmırsız, onda adamın deməyə sözü qalmır. Demək, bu gün tanınmış Azərbaycan meyxanaçısı, müğənni, yazar, bəstəkar və aktyor Aqşin Fatehin doğum günüdür. O, 1978-ci ilin bu günündə Tiflisdə dünyaya göz açıb. Aqşin bir ara “Kurtlar vadisin”ndən təsirlənib, həvəslənib mafiyadan bəhs edən teleserial da çəkmişdi. “Barama” adlanırdı həmin serial. Onun filmində əlində avtomat qaqaşlar Bakı küçələrində atışırdılar. Təbii ki, Aqşin Fatehə izah olundu ki, bizdə belə şeylər keçmir, o da ala-yarımçıq finalı çəkib “Brama”ya əlvida dedizdirdi.
“Ədəbiyyat və incəsənət”
(23.10.2023)
“MədəniyyətimİZ” layihəsi çərçivəsində növbəti görüş keçirilib
Beynəlxalq Muğam Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş Mədəniyyət Nazirliyinin dəstəyi, “İrəli” ictimai birliyinin təşkilatçılığı ilə həyata keçirilən “MədəniyyətimİZ” layihəsi çərçivəsində növbəti görüş keçirilib.
AzərTAC xəbər verir ki, tədbirin qonaqları Xalq artistləri, görkəmli opera ifaçıları Fidan və Xuraman Qasımovalar olub.
Gecədə tamaşaçılara Ümummilli Lider Heydər Əliyevin Xalq artistləri ilə xatirə şəkillərindən, görkəmli opera ifaçılarının ifalarından ibarət videoçarx təqdim olunub. Tədbir boyu Əməkdar artistlər Nigar Məlikova və Rəna Ağayevanın pianoda müşayiət ilə Xalq artisti Samir Cəfərov, Əməkdar artistlər Fəridə Məmmədova, Aqşin Abdullayev və Fatimə Cəfərzadənin füsunkar musiqi nömrələri səsləndirilib.
“MədəniyyətimİZ” layihəsi çərçivəsində təşkil olunan görüşdə ölkə gənclərinin yaradıcılıq fəaliyyətlərinin stimullaşdırılması məqsədilə həyata keçirilən müxtəlif dövlət proqramları və layihələr, peşəkar musiqi mədəniyyətimizin təbliği, müasir tendensiyalarla milli musiqi ifaçılığının sintezi məsələləri geniş müzakirə olunub.
Dünyaşöhrətli opera ifaçıları ilə canlı ünsiyyətdə olmaq arzusunda olan gənclər musiqili gecədən böyük zövq alıblar.
“Ədəbiyyat və incəsənət”
(20.10.2023)
“Ölümdən sonrakı Həyat” qısametrajlı bədii filminin qala gecəsi keçirilib
Nizami Kino Mərkəzində “Ölümdən sonrakı Həyat” qısametrajlı bədii filminin qala gecəsi keçirilib.
Mərkəzdən bildirilir ki, ekran əsərinin layihə rəhbəri Ariz Məmmədov, prodüseri Kənan Səfər, quruluşçu rejissoru Elvin İsmanlı, ssenari müəllifi Elşən Məmmədlidir.
Filmdə Xalq artisti Məmməd Səfa Qasımov və gənc aktyorlar Vüqar İmanov, Kamil Vəlicanov və başqaları oynayıb.
Film qısa zaman kəsiyini əhatə etsə də, özündə böyük məna ehtiva edir. Ekran işində cəmiyyətdə kitaba olan etinasızlıqdan bəhs edilir.
“Ədəbiyyat və incəsənət”
(20.10.2023)
Ersin Tatara “Turan yolu” hədiyyə olundu
Ötən həftənin əlamətdar, yaddaqalan hadisələrindən biri də qardaş Şimali Kipr Türk Cumhuriyyətinin Cumhurbaşkanı cənab Ersin Tatarın böyük heyətlə ölkəmizə etdiyi səfər oldu. Səfər zamanı cənab Ersin Tatarın Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə görüşü, ŞKTC-nin tanıtım və mədəniyyət günləri çərçivəsində keçirilən tədbirlər bütün Türk dünyasının diqqət mərkəzində oldu.
Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım İctimai Birliyinin Kommunikasiyalar departamentinin rəhbəri İsgəndər Sərdarlının “Ədəbiyyat və incəsənət” portalına verdiyi məlumata görə,
ŞKTC-nin Bakı nümayəndəliyinin rəhbəri xanım Ufuk Turqanerin dəvətilə Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım İctimai Birliyinin təmsilçiləri də bu tədbirlərə qatılmışdılar. Onlar tədbirlər çərçivəsində baş tutan görüşlərdən birində “Turan yolu" adlı əsəri ŞKTC -nin Cumhurbaşkanı Ersin Tatara təqdim etdilər. İB-nin sədri Lalə Sərdarlı qardaş ölkə başçısına və nümayəndə heyətinə Azərbaycanın da dekorativ tətbiqi sənət nümunələrindən biri olan mücrünün üzərindəki naxışların, simvolların, dəmğələrin düzülüşünün məzmun və mahiyyətindən, burdakı obrazlar vasitəsilə insanlığa ötürülən mesajlardan, kodlardan danışdı. Əsər haqda verilən bilgilərə maraq və diqqətlə yanaşan cənab Ersin Tatar "Turan Yolu"-nun müəllifləri olan Sərdarlılar ailəsinə hədiyyəyə görə təşəkkür etdi. O ölkələrimiz arasında həm də mövcud mədəni əlaqələrin daha da intensivləşdirilməsinin vacibliyini vurguladı. Elə həmin tədbir çərçivəsində TSNQTYİB-nin təmsilçiləri qardaş ölkənin nümayəndə heyətinin ğüzvləri ilə də görüşlər keçirdilər. ŞKTC Başbakan Yardımçılığı Turizm, Kültür, Gənclik və Çevrə Bakanlığının Kültür Dairəsi Müdürü xanım Şirin Zaferyıldızı ilə aparılan fikir mübadiləsi zamanı yaxın gələcəkdə xalqlarımızın zəngin ortaq mədəni irsinin öyrənilməsi, təbliği və yeni əsərlərin yaradılması ilə baglı birgə layihələrin həyata keçirilməsinin mümkünlüyündən danışıldı. Qeyd edək ki, TSNQTY İctimai Birliyi fəaliyyət göstərdiyi ötən dövrdə milli mədəni irsimizin öyrənilməsi, təbliği, unudulmuş tətbiqi sənət növlərinin bərpası, günümüzə yeni məzmunda qayıdışı və aktuallığı ilə seçilən əsərlərin yaradılması yolunda bir sıra tədbirlər görmüş, layihələr gerçəkləşdirmişdir. Bu barədə daha ətraflı, həm də hesabat xarakterli məlumatlar yaxın zamanlarda mətbuata, ictimaiyyətə açıqlanacaqdır. Hazırda təşkilat tərəfindən böyük qələbəmizi tərənnüm edən "Zəfər birliyi", Azərbaycanın, bütün Türk coğrafiyasının qürur duyduğu, müqəddəs saydığı ailə institutuna həsr edilən "Mənim ailəm" əsəri, Qərbi Azərbaycanın azərbaycanlılara məxsus torpaqlarında mövcud olmuş tarixi memarlıq abidələri, mədəni irsin nümunələrini şərtləndirən "Sərdarım"," İrəvanım"," Zəngəzurum"," Turan yolu" əsərlərinin ölkəmizdən kənarda da təbliğ edilməsini təmin etmək üçün işlər görülməkdədir. Qeyd edək ki, adıçəkilən əsərlər Azərbaycan mədəniyyət tarixində ölkəmizin müvafiq qurumları tərəfindən ilk və yeganə dekorativ tətbiqi sənət nümunələri olan sandıq, sandıqça, mücrü və zinət əşyaları olaraq sənət əsərləri kimi dəyərləndirilərək sertifikatlaşdırılmışdırdırlar. Adıçəkilən əsərlər geniş ictimaiyyətə TSNQTY İctimai birliyinin də təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100illiyinə həsr edilmiş, Azərbaycan Milli İncəsənət Muzeyində keçirilən "Xalqın sənəti, elin hikməti " adlı sərgidə nümayiş etdirilmişdir.
“Ədəbiyyat və incəsənət”
(20.10.2023)
Rəsmiyyə Sabir X Uluslararası İstanbulensis Şeir Festivalında iştirak edəcək
Tanınmış şair, DGTYB Məsləhət Şurasının üzvü Rəsmiyyə Sabir X Uluslararası İstanbulensis Şeir Festivalında Azərbaycanı təmsil edəcək.
Bu haqda “Ədəbiyyat və incəsənət” portalına şairin özü məlumat verib.
Festival oktyabrın 25-dən 29-dək Türkiyənin İstanbul şəhərində keçiriləcək. Beynəlxalq şeir festivalında Tunis, İran, Suriya, Bosniya-Hersoqovina, Fələstin, Seneqal, İordaniya və başqa ölkələrdən tanınmış şairlər iştirak edəcək. Festival çərçivəsində Türkiyənin və xarici ölkələrin şairləri öz şeirlərini oxuyacaq, onların məktəblərdə şagirdlərlə görüşləri keçiriləcək. Festival günlərində, həmçinin gənc şairlər üçün şeir axşamı təşkil ediləcək.
“Ədəbiyyat və incəsənət”
(20.10.2023)
Zəngilan Şəhəri Gününə həsr olunmuş virtual və eyniadlı ənənəvi sərgi istifadəçilərə təqdim olunub
Milli Kitabxanada “20 Oktyabr – Zəngilan Şəhəri Günü” adlı virtual və eyniadlı ənənəvi sərgi istifadəçilərə təqdim olunub.
Kitabxananın yaydığı məlumata görə, sərgidə fotolar, dövri mətbuat səhifələrində dərc olunan məqalələr, kitablar, ənənəvi sərgidə isə Zəngilan şəhəri haqqında, eləcə də Vətən müharibəsi və böyük Zəfəri əks etdirən Milli Kitabxananın fondunda mühafizə olunan kitablar və s. materiallar nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Zengilan/index.htm linkindən istifadə edə bilər.
Ənənəvi sərgi bir həftə davam edəcəkdir.
“Ədəbiyyat və incəsənət”
(20.10.2023)
“Oyun animasiyası” və “Oyun dizaynı” kursları üçün müraciətlərin qəbulu bu gün yekunlaşacaq
Mədəniyyət Nazirliyinin milli kinomuzun inkişafına yönəli strategiyasının daha bir tərkib hissəsi Nazirliyin təşkilatçılığı ilə Mədəniyyət və yaradıcı sənayelər üzrə tədris və inkubasiya mərkəzində Oyun Tərtibatçıları Emalatxanası bölməsi yaradılıb.
“Ədəbiyyat və incəsənət” portalı Nazirliyə istinadən xəbər verir ki, həmin bölməyə daxil olan “Oyun animasiyası” və “Oyun dizaynı” kursları üçün müraciətlərin qəbulu bu gün yekunlaşacaq.
Azərbaycanda ilk dəfə "Oyun dizaynı" kursunda səviyyə dizaynı, resurs idarəçiliyi, oyun monetizasiyası, hekayə yaradıcılığı, oyunların düzgün balanslaşdırılması kimi mövzuların əsasları tədris ediləcək. “Oyun animasiyası” kursunda isə videooyunlarda istifadə olunan animasiyanın əsasları, oyun personajı animasiyalarının yaradılması və həmin animasiyaların oyun mühərrikində tətbiqi kimi biliklərin iştirakçılara öyrədilməsi nəzərdə tutulur.
Kurs 3 ay müddətinə yekunlaşacaq. Kursun sonunda bütün iştirakçılar diplom işləri hazırlayaraq ilk peşəkar portfolioya sahiblənəcəklər.
Kursa qatılmaq istəyən şəxslər edu.creative.az linkinə daxil olub “Oyun Tərtibatçıları Emalatxanası” bölməsindən qeydiyyat üçün müraciət edə bilər.
“Ədəbiyyat və incəsənət”
(20.10.2023)
“Müəllifin özünə elə beləcə də dedim:” Sizə paxıllığım tutur!””
Rəşad Məcid yazır
“Eşqin izi ilə” səfərnaməsi İradə Qədirovanın oxuduğum ikinci kitabıdır. Bundan əvvəl müəllifin "Əfşan: İran boyunca uzanan tək səyahətim" kitabını oxuyub münasibətimi bildirəndə hələ onu şəxsən tanımırdım. Sonra bir tədbirdə tanış olduq və sosial şəbəkədə onu izləməyə başladım: İradə xanım maraqlı səyyah həyatı yaşayır, ekzotik ölkələrə səfərlər edir, təəssüratlarını yazıya köçürür.
“Kainatın qanunları mənim düşüncələrimə bağlıdır” deyən müəllif səyyah həmkarlarını çılğın macəraçılar, keçmişin sirli dünyasına meyil göstərənlər adlandırır.
Hava limanlarını meditasiya edən aşramlara, uçuş müddətini “ana bətnindən Sevgiliyə qovuşmağa qədərki həyat yoluna” bənzədən, təyyarə salonuna daxil olarkən 100 cüt gözün baxışını dəqiqliklə təsvir edən müəllifin obrazları, bədii detalları həm də onun peşəkar yazıçılıq istedadından xəbər verir.
Bu günlərdə Libraff-ın yeni mağazasının açılışında müəllifin imzasıyla əldə etdiyim “Eşqin izi ilə” kitabında Türkiyə, İran, Pakistan, Özbəkistan, Malayziya, İordaniya və Səudiyyə Ərəbistanına səfərlərdən bəhs olunur.
Əsası eramızdan əvvəl IV əsrdə qoyulan, gəlmiş-keçmiş bütün dövlətlərin, var olan bütün dinlərin izlərini qoruyub saxlayan Antakyanın tarixini, mədəniyyətini, eklektik üslubda tikilən, indi əksəriyyəti otel, kafe-restoran kimi fəaliyyət göstərən qədim daş evlərini, kanalizasiya rolunu oynayan, küçələr boyu davam edib Asi nehrinə kimi uzanan arxların izlərini, şirniyyatlarını - künəfə və haytalını, zeytun yağı və dəfnə yarpağından hazırlanmış sabununu… elə dəqiqliklə, şövq və coşquyla anladır ki, kitabı oxuyanda sanki bütün bunları öz gözünlə görürsən. Səfərnamə bütövlükdə belə təsvirlərlə, maraqlı təəssüratlarla, tarixi məkanların, sadə insanların tanıtımıyla zəngindir. “Antepdə sizi heç kim aldatmaz, bura övliyalar yurdudur” deyən taksi sürücüsü kimi səfər müddətində rastlaşdığı onlarla adi insanın portretini , xarakterini bir-iki cümləylə açan müəllif insan talelərinin yaşadığı məkanlarla vəhdətinin, bənzərliyinin sirrini çözməyə çalışır.
Təsadüfi deyil ki, kitabı nəşr edən MİMTA YAYIMLARI müəllifin zəngin dünyagörüşünü önə çəkir. Mən buraya müəllifin dopdolu, aşıb-daşan, işıq saçan ruhunu, çağlayan sevgisini, tükənməz şövqünü, əzmini də əlavə edərdim: “Bir yerdə dayanmadan, kəşflər uğrunda şəhərdən şəhərə keçib birində səhər, digərində günorta, o birində isə axşam yeməyi yemək, sonunda tarixi bir evin həyətində oturub ayağını uzatmaq, ulduzlu səmaya baxaraq həyatın nə qədər valehedici və maraqlı olduğunu düşünmək- ömrüm boyu mənə qəlb rahatlığı gətirən bu hiss duyğuların ən möhtəşəmi idi.”
Fikrimcə, İradə xanım öz səyahətləri və yaradıcılığıyla müdrik və məqsədyönlü insan azadlığının, sərbəstliyinin mücəssəməsidir. Bir qadının belə keyfiyyətə malik olması həm də cəsarət və cəsurluq tələb edir. “Yol tapmadıqda gərginləşməyən,əksinə, yeni adrenalin qazanıb özünü səfərbər edən, sonunda yüksək enerji ilə mənzilə çatan” macəraçı - səyyahların həyat tərzi qibtə doğurur. Bu duyğuların təsirindən idi yəqin, kitabı imzalayarkən müəllifin özünə elə beləcə də dedim:” Sizə paxıllığım tutur!”
“Ədəbiyyat və incəsənət”
(20.10.2023)
Bakı Musiqi və Rəssamlıq Akademiyasının tələbələri beynəlxalq müsabiqədə uğur qazanıblar
Nihad Alimoğlu, “Ədəbiyyat və incəsənət”
Bakı Musiqi Akademiyası və Bakı Rəssamlıq Akademiyasından eyni gündə və az qala eyni saatda iki sevindirici xəbər aldıq. Dəqiqə hesabı ilə Musiqi Akademiyası qabağa düşdü deyə biz də ondan başlayaq.
VİLNÜS
Litvanın paytaxtı Vilnüsdə V Beynəlxalq “World Harmony” gənc ifaçıların müsabiqəsi keçirilib, dünyanın müxtəlif ölkələrini təmsil edən ifaçıların iştirakı ilə üç gün davam edən müsabiqə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri üçün uğurlu olub.
Belə ki, Akademiyanın 4-cü kurs tələbəsi Nəriman Məsimov (fortepiano) və Bülbül adına orta ixtisas məktəbinin şagirdi Əli Vəliyev müsabiqənin ən yüksək mükafatına - Qran-Priyə layiq görülüblər.
Müsabiqədə Bakı Musiqi Akademiyasının 4-cü kurs tələbəsi İlqarə Talıbova l yeri (fortepiano), 2-ci kurs tələbələri Fidan Muxtarova və Nurel Kərimova ll yeri (fortepiano), 4-cü kurs tələbəsi Fatimə Hacızadə isə (fortepiano) lll yeri qazanıblar.
TBİLİSİ
Tbilisidə isə heykəltaraş tələbələrin “Şəhər təəssüratı” adlı beynəlxalq sərgisi keçirilib. Sərgi bu ilin iyulunda Gürcüstanın Memarlar və Heykəltaraşlar Assosiasiyası (TASA) tərəfindən təşkil edilən beynəlxalq heykəltaraşlıq festivalı çərçivəsində tələbələr arasında keçirilən müsabiqənin yekunlarına həsr olunub.
Bu müsabiqəyə Gürcüstan, Azərbaycan, Litva və s. ölkələrdən tələbələr əl işlərini təqdim ediblər.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyası (ADRA) layihədə iki tələbə ilə təmsil olunub. Nuridə İsmayılova I yerə, Zaur Qəhrəmanov II yerə layiq görülüb. Qaliblərə müvafiq olaraq qızıl və gümüş medallar və pul mükafatı təqdim edilib.
Qaliblərimizi təbrik edirik!
Şəkillərdə: qapaq şəklində Zaur Qəhrəmanovun “Qarabağ atı” kompozisiyası. İç şəkillərdə gənc ifaçılar və gənc heykəltaraşlar təltif olunurlar.
“Ədəbiyyat və incəsənət”
(20.10.2023)