
Super User
Azərbaycanlının uğur manifesti - Quyudan işıqlı dünyaya
Heyran Zöhrabova, "Ədəbiyyat və incəsənət"
Yeni nəşrlər rubrikamızda bu gün sizlərə dəyərli yazarımız Ülviyyə Tahirin keçdiyimiz günlərdə işıq üzü görən "Quyudan işıqlı dünyaya" adlı yeni kitabını təqdim edirik.
"Aljir" və "Şükriyyə taleyim" kimi çox sevilən tarixi romanları ilə oxucuların sevimlisinə çevrilmiş Ülviyyə Tahir bu dəfə oxucuların görüşünə "Quyudan işıqlı dünyaya" adlı fərdi inkişaf kitabı ilə gəlir.
Yazarımızla əlaqə saxlayıb onu yeni kitabının çap olunması münasibəti ilə təbrik etdik və sizlər üçün kitab haqqında elə onun özündən məlumat aldıq.
Kitab milli motivlər əsasında yazılmış fərdi inkişaf kitabıdı. Məlikməmməd nağılı və təhtəlşüurumuzda şifrələnmiş nağıllarımız, bayatılarımız bizə nə söyləyir, necə yol göstərirlər? Eyni zamanda ədəbiyyatımızda şeirlər, əsərlər və dram, televiziya tamaşalarımızda bizə nələr ötürülüb ki, azərbaycanlı kimliyimiz formalaşıb? Şərqdə ilk respublikanı quranların motivasiya mənbəyi haradan idi? Koroğluda Paşanın qızını qaçırtmaq motivasiyası haradan qaynaqlanırdı? Məlikməmməddən Kefli İsgəndərə, Kefli İsgəndərdən Moşuya kimi hansı mərhələləri keçmişik? Kitab bu kimi suallar əsasında yazılıb.
Və sonda sizə kitabdan kiçik bir hissə ərməğan edirik. Kitabı alıb oxuyacaq olan bütün kitabsevərlərə xoş mütaliələr.
Biz Məlikməmməd kimi bağımıza, almaları qorumağa gedirik, məqsəd və məramlarımız haqqında düşünür, yollar axtarır və bu zaman divlərimizə gedən tərəfə yönəlirik.
Yola çıxmağına çıxırıq, bizə mane olan əsas məsələnin isə hələ fərqində deyilik. Biz bilirik ki, almalar oğurlanır, yəni bizim inkişaf etməyimizə, hədəfə çatmağımıza maneə yaranır, amma bunu kimin (ya da nəyin) etdiyini müəyyənləşdirməyə çətinlik çəkirik.
Fizioloji inkişafımız bizdən asılı olmadan baş verir.
Doğulur, iməkləyir, yıxılır, qalxır, yeriyir və müəyyən yaş hədlərini keçirik. Bu dövrdə biz dünyanı valideynlərimizin və göz açdığımız mühitin sayəsində dərk edir, mənimsəməyə başlayırıq. Başlanğıcda biz hamımız təqlidçiyik.
Özümüzdə təqlid etdiklərimizin surətini daşıyır, hətta bəzən çox irəli gedərək onların kölgəsinə çevrilirik. Bu kölgələr qabıq içində olurlar. Çəyirdək böyüdükcə, cücərdikcə qabıq çat verməyə başlayır. Bu zaman həmin zehni münaqişələr başlayır. Ata, yəni padşah almaların oğurlanmasından şikayətlənir, oğul isə o bağa yollanmağın vacibliyini qeydsiz-şərtsiz qəbul edir.
Burdan o yana isə macəranın daha maraqlı mərhələsi başlayır. Biz artıq yola çıxmışıq, yuxunun da öhdəsindən gəlmişik, səhər erkən qalxırıq, güclü motivasiya ilə işimizə başlayırıq, hər şey bizə uğurdan müjdə verir: “İlk maneəni vurub keçmişəm, divi yaralamışam. Almaları atama verib qələbənin həzzini yaşayıram”. Əksəriyyətimiz elə bu mərhələdə qalmağı seçirik. Bu qalibiyyət bizə ömür boyu bəs edir. Keçmiş xatirələri isidib süfrəyə qoyur, hey onlardan danışırıq. Çünki artıq əldə etdiyimiz və heç vaxt unudulmayacaq bir qələbəmiz var. Fasiləsiz olaraq bizdən, etdiyimiz o işdən danışılmasını istəyir, “keçmiş nazirin keçmiş müavini” olmağın şirin xatirələri ilə üstümüzü örtüb yatmağın rahatlığından əl çəkə bilmirik.
Bu mərhələdə daha böyük divlərimizlə üzləşirik. Əvvəl naməlumluq qorxusu ilə yuxulayırdıqsa, indi əldə etdiyimiz şöhrətin, mövqeyin, dərəcənin qorxusu bizi yerimizdə saxlayır. Bu yer bizim vərdiş zonamıza çevrilir.
İllərlə eyni ofisdə qalmaq, iş yerini dəyişməkdən çəkinmək bundan qaynaqlanır. “Çovdarlıqda uçurumdan qoruyan”dan sonra əlinə qələm götürməmək yeni roman yazmaq cəsarətini tapa bilməməkdən daha çox, o zirvədə qalmağı seçməkdir.
Qarşıda daha böyük zirvələrin mövcud olduğunu dərk edirik, amma bu bizə yerimizdən tərpətməyə kifayət etmir.
Çünki bu cəhd indiki mövqeyimizi zədələyə, bizə hazırkı şöhrətimizi təzələyə bilməməyin fiaskosunu yaşada bilər.
“Ədəbiyyat və incəsənət”
(27.10.2023)
Məhbus və kitab - Səidə Sübhinin köşəsi
Kitabın, mütaliənin əhəmiyyətini çoxlarımız dərk etmək istəmirik. Hər dəfə bunu isbatlamağa nəsə bir fakt gətirirəm. Bu dəfə Braziliyaya güzar edəcəyik.
Demək, Braziliyada məhbusların çəkdikləri cəza müddətini azaltmağın orijinal bir yolu var. Hər bir oxunan kitab cəza müddətinin dörd gün azaldılması deməkdir. Ona görə də məhbusların yanına gələn yaxınları onlara kitablar gətirirlər, kitablar - həm ən yaxşı hədiyyədir, həm də azadlığa ən qısa yoldur.
Sağ əlləri bizimkilərin başına!
“Ədəbiyyat və incəsənət”
(27.10.2023)
Brilyant Atəşin ay işığı
Güllü Eldar Tomarlı, “Ədəbiyyat və incəsənət” üçün
Brilyant Atəşi çoxdan tanıyıram. Bizi söz və mənəvi dəyərlər birləşdirib. Azərbaycan qadıınının xanım-xatınlıq, abır-həya siması bilirəm onu. Həmişə Aşıq Pəri, Mirvarid Dilbazi sevgisiylə məni özünə doğmalaşdırıb. Mirvarid Dilbazi poeziya bulağından su içdiyini dilə gətirir. Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyini yaradanda mənə uğur diləyənlərdən biri də Brilyant xanımdır. Bizim dostluğumuzun bağları günü-gündən möhkəmlənir.
Brilyant xanımda örnək götürüləsi o qədər mənəvi dəyərlər var ki, onları həvəslə ətrafına ötürür. Bu, onun qəlbinin genişliyindən, xeyirxahlığından, diqqətindən xəbər verir. Şeirləri də özü kimidir – səmimi, duyğusal və işıqlı.
İnsan dünyaya gələn, gözünü açan kimi işıq axtarır, ilk gördüyü işıq olur. İnsan işıq təşnəsidi. İşıq taleyinə yazılanları yerinə yetirmək üçün Tanrının insana bəxşişidir, xeyirxah əməllərə münbit şərait yaradır.
Brilyant Atəş bir ilahi yol seçib - işığa doğru yol. İşığa bələnmiş düşüncələrini “Bir işığın arxasınca...” kitabına toplayıb sözsevərlərə təqdim edib. Bu ağ rəngə bürünmüş şeirlər toplusu onun ömrünün və sözünün Ağ yoludur. Bu yolun hər addımı insan ovqatına köklənmiş söz havalarıdır. Bu havalarda sevinc də var, kədər də, sevgi də var, nifrət də, görüş də var, həsrət də. Əsas məsələ odur ki, bu əhval-ruhiyyələrdə işıq həmişə duyğularla yanaşı durur.
Şair xanımın sözünün işığnın arxasınca getməyi qərara aldım, anladıqlarımı, duyduqlarımı qələmə almağa çalışdım. Onun yaradıcılığının ana xətti Vətənə, ana torpağa, yurda, insana, mənəvi dəyərlərimizə sevgidir. Bu sevgi onu hələ orta məktəbdə oxuyarkən ovsunlayıb, bu gün də ağ işığını əsirgəmir.
“Yağıların gözünə ox kimi batan, kökünün üstündə məğrur duran” Vətən qəhrəmanlarının ikinci Vətən Müharibəsində - 44 günlük savaşdakı tarixi zəfərini mənalı ömrünü yeni nəsil vətəndaş yetişdirməyə sərf edən müəllim-şair ürəyi, təbi, qələmi ilə alqışlayır, əsgər balalara “həmişəlik dərdi qovaq, düşmənin birdəfəlik gözün ovaq” tapşırığı verir. Şam kimi yana-yana Vətən balalarının zəkasına nur paylayan Brilyant xanımın tapşırığını Vətənin əsgər balaları qanı, canı bahasına yerinə yetirdi, Vətən torpaqları yağı tapdağından azad oldu:
Uğrunda oğullar canından keçdi,
Qalxanda düşməni zəmitək biçdi,
Neçə yol qələbə şərbəti içdi,
Sabahı işıqlı görən Vətənim.
Söz adamını əbədiyaşar edən yazdıqlarıdır. Şair xanımın yazdıqlarından Vətən çörəyinin ətri gəlir, torpağının nəfəsi, çəmənlərinin güllü-çiçəkli əlvanlığı, dağlarının məğrurluğu, çöllərinin genişliyi, bulaqlarının saflığı, çaylarının kükrəyişi var. Onun şeirlərində ana Vətən laylasını eşidirik, ana torpağın isti qucağında rahatlıq tapırıq. Onun, kövrək sevgi dolu ürəyi Vətənimizə göz dikən xain, bədxah, nankor düşmənə rast gələndə tamamilə dəyişir, düşmənə nifrət püskürür, o, “torpağa daş, Vətənə qul, anasına baş tacı olan bir şəhidin əvəzinə yüz yağını didməyə hazırdı”.
Bu zaman onun qisasının qarşısını kəsəcək heç bir qüvvə tapılmaz:
Mən Atəşəm, bütün şəhid oğlanlara bacıyam,
Vətənimə göz dikənin al qanının acıyam.
“Ağ işığın arxasınca” bir ömür yol gedən Brilyant Atəş sönməz atəşə dönüb Odlar Yurdunun hər qarışını qoruyanda həmişə “yol bələdçisi həqq”ə söykənib. Onun istər müəllimlik yolu, istərsə də söz yolu məhz buna görə işıqlı olub. Bu işıq məktəblilərə və sözsevərlərə mənəvi qida verib. Bu mənəvi nemətdən doymayanların, brilyant kimi xas, atəş kimi ölməz insanların Vətəni uzun müddət vəhşi və quduz düşmən pəncəsində qala bilməzdi. Necə ki, artıq düşməndən tam azaddır. Qarabağin və ətrafının hər qarışı artıq Azərbaycandır, üçrəngli bayrağımızın məğrur dalğalandığı Oğuz – Türk yurdudur. Yurdu göz bəbəyi kimi qoruyan oğullar düşmən qarşısında alınmaz qalaya dönəndə nəinki analar, bacılar, heç Xarıbülbüllər də həsrət yükü çəkməyəcək, “qəm daşı”nı birdəfəlik atacaqlar.
Cıdır düzü, boş saraylar,
Gəzib Vaqifi haraylar,
Heç çəkmədi illər, aylar,
Atdıq “daşı”, Xarıbülbül.
Hər bir söz adamı doğulub boya-başa çatdığı, yaşadığı, çörəyini yeyib suyunu içdiyi, havasını udduğu Vətən torpağının bir guşəsinin söz portretidir – o yerin təbiətinin, insanının hər emosional anını özündə yaşadan canlı portreti. Brilyant xanımın söz bulağının hər damcısında doğma el-obanın söz mühitinin ətrini duyuruq. Onun qoşmalarını, gəraylılarını oxuduqca bir ilahi dünyaya – həqiqi sözün sehrinə düşürük. O sehir sözlə birləşib oxucunu özünə çəkir, sazla sözün qovuşuğunda ilham qanadlı quşa dönüb könüllərə xoş müjdələr gətirir, yaşam stimulu verir:
Tez-tez başımı qatan,
Dərdi belimdən atan,
Baxışıyla dan sökən,
Məni nuruna bükən
Yaxın, doğma, əzizim,
Göyərən, bitən sözüm,
Atəşəm, sönməz közüm.
Arxamda qalan izim –
Mənim yazılarımdır.
“Əvvəl adını axtaran, sonra “bacı”, “xala”, “nənə” yolu keçən, ömrünün müdrik ağbirçək çağına çatan, ancaq qəlbinin atəşi gündən-günə alovunu artıran, Prometey kimi o müqəddəs odu qoruyan Brilyant Atəş həmişə axtarışdadır – “dağda, düzdə, ormanda, gecə-gündüz hər yanda, insanların gözündə, sözündə yaxşını axtarır”.
Yaxşını axtarıram,
Bütün dünya içində.
Göz yumub bu dünyadan
Köçənlərin içində.
Şeirin bir çox janrlarında qələmini sınayır Brilyant xanım. Təcnisləri, qoşmaları klassik aşıq ədəbiyyatının nümunələri kimi könüloxşayandır. Müxəmməsləri isə (15-16 hecalı beşlik) klassik poeziya örnəklərinə bənzəyir. Belə çətin şeir janrına indi müraciət edənlər azalsa da, şair xanımın bu cəsarətinə səbəb klassik ədəbiyyatı dərindən bilməsidir. Onun müxəmməslərində zamanın nəbzi vurur, ictimai, siyasi, sosial və psixoloji motivlər əsas yer tutur. Mənəvi aləmin saflığına çağırış klassikliklə yeniliyin vəhdətində çözülür:
Ölümü qəbul edərəm, nakişiyə enmərəm,
Özgə yuvasın dağıdıb, öz evimdə gülmərəm,
Yaxşı yadı unudaraq, pis qohumla ölmərəm,
Hər atlaza yapışıb da, ondan libas biçmərəm,
Haqq yoluyla düz gedərəm, əyri yolu seçmərəm.
Gecə-gündüz zəhmət çəkə, halal çörək qazana,
Düz əl, ayaq, ruzi üçün dua edə yazana,
Düz davrana, düz danışa, haram girməz qazana,
El içində süfrə sala, ola kor gözə didə,
Kasıb-kusuba əl tuta, nə gərək Həccə gedə?
Çağdaş ədəbi mühitdə uşaq şeiri yazanların kasadlığı açıq-aşkar hiss olunur. Niyə bu janra biganəlik var? Mənim düşüncəmə görə, uşaq şeiri yazmağın asan olmadığını anlayanlar bu çətinlikdən qorxurlar. Uşaqları aldatmaq, zəif, mənasız, uzun sicilləmə şeirlərlə onların başını qatmaq bu gün mümkün deyil. Uşaqlar daha tələbkar oxuculardır, hər cızma-qaranı böyüklər kimi bəh-bəhlə alqışlamırlar. Brilyant xanım təcrübəli pedaqoqdur, uşaq psixologiyasını əla bilir. Uşaq şeiri yazmaq üçün iti müşahidə qabiliyyətinin olmasını anlayır. Onun “Dedim” uşaq şeiri yığcamdı - cəmi iki bənd, həm də sadə dildə yazılıb. Hər ikisi vacib şərtdir. Atası qızına “qucaq-qucaq oyuncaq alır”, biri də kukladı. Kuklanı alıb ki, onunla birgə tez yuxuya gesin. Ancaq balaca qızcığaz belə fikirləşmir:
Oyuncaqları alıb,
Kuklanı ona verdim.
-Kuklanı bacıma ver,
Qoy o tez yatsın, - dedim.
“Bir işığın arxasınca” boylanda sonda bir kövrək bayatı gördüm. İncə mətləbləri bizə ötürən kitabın sonundakı tənha bayatı əzəmətli fikir zirvəsidir:
Ağacda yarpaq ağlar,
Ağlar, könlümü dağlar.
Dağlarda insaf olsa,
Yaramı buzla bağlar.
“Dağlar” sözünü sinə dağı kimi anladım, bu subyektiv fikrimdir. Bəs siz?
Brilyant Atəş milli dəyərlərimizə bağlı, onların keşiyində sayıq dayanan söz adamı olmaqla bərabər milli ruhlu Azərbaycan xanımıdır. Şeirlərində mənəvi-əxlaqi dəyərlər - abır, həya, ismət, namus, nənələrdən miras qalan digər insanlıq keyfiyyətləri önə çəkilir. Nənələrimizin üz aydınlığı, babalarımızın nənələrimizə ərmağan etdiyi sülh, barış rəmzi milli baş örtüyümüz kəlağayı haqqında şeilərində şair xanım o, zərif ipəyin gözəlliyini poetik sözlərlə təqdim edir. Onun şeirləri millətin mənəvi ruhunun daşıyıcısı kəlağayını təkcə baş örtüyü kimi təbliğ etmir, onu həm də sənət əsəri, xalqımızı xaricdə tanıdan milli düşüncə hesab edir.
Rəhbəri olduğum Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin təqdim etdiyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2023-ci il kiçik qrant müsabiqəsində Elm, Təhsil, Mədəniyyət və Azərbaycançılıq ideyasının təbliği məsələləri üzrə “Kəlağayı əlvan, qıyğacı” layihəmiz qalib elan olundu. Bu yaxınlarda Qazax şəhərində “Kəlağayı əlvan, qıyğacı” layihəsi çərçivəsində görüş və “Kəlağayı əlvan, qıyğacı” kitabının təqdimatı keçirildi. Görüşdə Brilyant xanım da iştiarak etdi, özünün “Kəlağayı” şeirini söylədi. AYB-nin Qazax şöbəsinin sədri, Əməkdar İncəsənət Xadimi şair Barat Vüsal Brilyant xanımın şeirini alqışladı, belə ədəbi nümunələrin xalqımızın milli ruhunu yaşatmasında əhəmiyyətini xüsusi qeyd etdi.
Brilyant Atəş üçün kəlağayı “həm o taya, həm bu taya bir sovqatdır, xoş ovqatdır, başda tacdır, nənələrin izidir, həm də:
Aşiq butasından şərbət içibdi,
Üzüyün gözündən sərbəst keçibdi,
Kini, ədavəti kökdən biçibdi,
Nənəmin namusu tül kəlağayı.
Şair xanım bizi özümüzə qaytaran, bizi özümüzə və yadlara tanıdan, nənələrimizin rənginə, naxışına görə xeyir-şərə uyğun başına örtdüyü “butası məhəbbət” noxudu, soğanı, heratı kəlağayıların yaşatdığı milli ruhu çox incəliklə şeirə çevirir. Bunun üçün kəlağayının bizə ötürdüyü mənəvi ismarışı bilmək lazımdır. Bunu anladır bizə Brilyant xanım:
Çəməndə çiçəkdən naxış götürmüş,
Evlərə toy-büsat sevinc gətirmiş,
Davanı, dalaşı, qanı yatırmış,
Adı ağızlara bal kəlağay.
Toyda nəmər olub, müjdə alıbdı,
Xalqın sərvətindən töhfə qalıbdı,
İllərin qoynundan çıxıb salıbdı –
Keçmişdən sabaha yol kəlağayı.
Daim milli-mənəvi dəyərlərin keşiyində dayanan milli ruhlu, düşüncəli Azərbaycan qızı, anası, nənəsi Brilyant Atəşə arzularımı “Bir işığın arxasınca...” kitabına ön söz yazan Tahirə xanım Tapdığın üç cümləsi ilə çatdırmaq istəyirəm:
“Yaşayın, Brilyant xanım, yaşayın ki, ürəyinizdən ağ vərəqlərə zərtək incilər hopsun, qələminiz qoy iti olsun! Yazın, yaradın. Yaşayın ki xalqım, Vətənim üçün söz dəryasından düymə-düymə, zərif-zərif söz incilərini mirvarilərtək ipə-sapa düzüb əsrarəngiz sənət əsərləri yaradasınız.”
“Ədəbiyyat və incəsənət”
(27.10.2023)
“Günəş qadın” - Təranə Dəmirin hekayəsi
Payız olsa da dənizkənarı parkda bir xeyli adam vardı. Əli uşaqlı analar, qocalar, yaşlılar, qadınlar, gənclər dəstə-dəstə qızın yanından keçirdilər. Biri də o olan tərəfə baxmırdılar. Sanki heç kim görmürdü bu qızı və ya əksinə, görməzdən gəlirdilər.
Arada əlini açıb nəsə desə də onu heç kim eşitmirdi. Kirli ləçəyinin altından qara, qıvrım saçları küskün-küskün çiyninə dağılmışdı. Uzun, köhnə ətəkləri yer süpürürdü. Rəngi bozarmış yay ayaqqabılarından göyərmiş barmaqları görünürdü. Corabsız idi. Çiyninə atdığı şala möhkəm möhkəm bürünmüşdü. Görünür, çoxdandı burdaydı. Üşüyürdü. Payız girəndən onsuz da havalar əməllicə soyumuşdu. Üstəlik də dənizdən əsən külək havanı bir az da sərinləşdirmişdi.
Bir qədər aralıda, skamyaların birində oturan orta yaşlı qadın bayaqdan bu qıza baxırdı.
“Bu qız ya dilənçi deyil, ya da onu məcbur edirlər dilənçiliyə. Yoxsa çoxdan hamının əlinə, ayağına düşüb pul yığardı... Əcəb də qəşəng qızdı. Köhnə paltarların içində itib batıb bu gözəllik".
İstədi qızı yanına çağırıb sual-cavab etsin. Nədənsə vaz keçdi.
“Eh, bəlkə özünü elə aparır. Bu da təzə dilənmək metodudu bəlkə. Ya da çoxbilmişdi. Bu yolla diqqəti özünə cəlb etmək istəyir".
Qız bir az fəallaşmışdı deyəsən. Könülsüz-könülsüz gəlib gedənin qarşısına keçir, öyrəndiyi dualardan təkrarlaya-təkrarlaya əllərini irəli uzadırdı. Bəziləri söyüb keçir, bəziləri gülə-gülə uzaqlaşır, bəziləri də ciblərində olan qəpikdən, quruşdan qızın ovcuna tullayırdılar.
Qız ovcuna yığdığı pulları tələsik parça heybəsinin(Görünür onu da kimsə vermişdi. Əldə tikilənə oxşayırdı) içinə yığırdı. Sonra təzədən əllərini gəlib gedənə sarı uzadırdı. Utanırdı deyəsən. Heç kimin gözünün içinə baxmırdı.
Bayaqdan onu izləyən qadını bir az da maraq götürdü.
“Yox e, gedib yaxınlaşacam. Bu qız hər gün rastıma çıxan sırtıq dilənçi qızlara heç bənzəmir. Bu qədər maskalanmaq olmaz. Burda nəsə bir ayrı şey var".
Qızı yanına çağırdı. Qız tərəddüd edə-edə qadına yaxınlaşdı:
-Salam.Mənimləsiz?
-Salam. Bəli. Bayaqdan səni izləyirəm. Fikirləşirəm ki, belə dilənmək olmaz. Sakit dayanıb baxmaqla heç kim sənə pul verməz. Bizim millət öyrəşməyib sakit dilənçiliyə. İstəyirsənsə sənə pul versinlər, fəal ol. Sənin kimisin birinci dəfədi görürəm.
-Mən dilənçi deyiləm. Anam xəstədi. Ona görə məcbur olmuşam.
Qadının ürəyi ağrıdı. Dediklərinə peşman oldu. Fikirləşdi ki, tanımaz, bilməz gərək bu sözləri deməzdi qıza. Amma yenə maraq güc gəldi:
-Anan nə xəstəsidi? Sizə baxacaq, yardım edəcək heç kiminiz yoxdu? Təhsilin də yoxdu yəqin.
-Anam iflicdi. Yataq xəstəsidi iki ildi. Atam biz balaca olanda dünyasını dəyişib. Qohumlar da özlərini zorla dolandırır. Hara gedirəm iş vermirlər. Hər yerdə adam, tanışlıq lazım olur. Küçə süpürgəçiliyi üçün də gərək kiminsə tapşırığı ola.
Qadın qıza elə diqqətlə qulaq asırdı ki, ətrafda baş verənlər, uşaqların səsi, küyü, gənclərin şaqqanaq çəkib gülməsi, qocaların çəliklərinin taqqıltısı - heç nə onu maraqlandırmırdı. Həm də qızın zahiri gözəlliyi də onu heyran etmişdi. Fikirləşirdi ki, heyf bu cür qızdan, bu zəriflikdən.
-Neçə yaşın var?
-20 olacaq fevralın 18 də.
"Doğulduğu günü görəsən nə vaxtsa qeyd ediblər? Görəsən bu qızın bir xoş günü olub? Gözlərindəki mənaya bax hələ. Abırlı, həyalıdı həm də"
Qadını elə maraq bürümüşdü ki, bu qızın bütün tərcümeyi halını öyrənmək istəyirdi. Dənizkənarı parkı da, gəlib gedən insanları da, dənizi də unutmuşdu.
Adətən küçədə, ictimai yerlərdə həyasızca gəlib-gedənin qabağına yüyürən, hər vasitə ilə adamlardan pul qoparmağa çalışan qadınlardan xoşu gəlməzdi.
Fikirləşirdi ki, əcəb peşə tapıblar özlərinə. Asanlıqla pul qazanmağın yolu. Əslində mənliklərini, şərəfini itirdiklərindən xəbərləri yoxdu. Allah sizə əl-ayaq verib. Yanağınızdan qan damır. Sapsağlam insanların dilənib pul yığması nə qədər düzgündü?
"Amma bu qız tamam fərqlidi. Üzündən, gözündən həya tökülür. Bu qızı məcbur ediblər bu həyata."
Özündən asılı olmayaraq bu qızı dərindən öyrənmək, tanımaq keçdi ürəyindən.
Qız ondan uzaqlaşmaq istəyəndə isə tez çantasını açıb pulqabısından bir iyirmilik çıxardı və ürəklə qıza uzatdı.
-Al, qızım. Amma sən mənə ünvanınızı da de. Nəsə maraqlı qıza bənzəyirsən. Bəlkə sizə köməkliyim də dəyər.
Qız utana-utana pulu götürdü və bildiyi, öyrəndiyi dualardan edə-edə uzaqlaşmaq istədi.
Qadın dediyi sözləri bir də təkrarladı.
-Ünvanını de, qızım. Ya da düş qabağıma, mənimlə gedək sizə.
-Çox sağ olun. Amma mən sizə ünvan verə bilmərəm.
Qadın daha israr etmədi.
Onu da bildi ki, bu qız onun yaddaşında hələ uzun müddət qalacaq.
....Sərgidə bir xeyli adam vardı. Rəfiqəsi Nazlı Zeynəbi da dartıb gətirmişdi bura. Həm səhhətinə görə (qızıl yel onu çox incidirdi), həm də havaya görə evdən çölə çıxmaq isəmirdi. Amma rəfiqəsinin uzun israrından sonra axır ki, ona qoşulub sərgiyə gəlmişdi - gənc rəssamların yay festivalıydı. Bir-birindən gözəl rəsm əsərlərini gördükcə heyranlığını gizlədə bilmirdi. Hələ bura gəlmək istəmədiyi üçün özünü danlayırdı da.
“Baxdıqca adamın ürəyi açılır. Gör ölkədə nə qədər istedadlı gənclər var. Fəxr olunası haldı. Yaxşı ki, Nazlı məni sürüyüb gətirdi bura. Yoxsa işdən evə, evdən işə nə qədər olar axı? Belə yerlərə də gəlmək lazımdı arada".
Hər rəsm əsəri bir möcüzəydi. Sanki rənglər adamla danışıb söhbət edirdi. Rəsmlər adamın üzünə gülürdü. Bu rəsmlərdən pul verib alanlar da olurdu. Birdən bir neçə insanın bir rəsmin başı üzərində dayanıb heyrətlə baxdıqlarını gördü. Maraqlandı. Rəsmə yaxınlaşdı. “Günəş qadın". Əsər belə adlanırdı. Heyrətindən gözləri böyüdü. Dənizkənarı park, insanlar, skamyada oturan bir qadın və onun başı üstə dayanmış dilənçi qız. İlahi, hər şey elə gözəl təsvir olunmuşdu ki, Zeynəb bir müddət yerində donub qaldı. O payız günü, yerə səpələnən xəzəllər, dənizlə danışan adamlar, payız günəşi, dilənçi qızın üzündəki məsumluq, qadının gözlərindəki şəfqət, heyranlıq və mərhəmət hissi elə ustalıqla təsvir edilmişdi ki, özünü bir anlıq orda hiss etdi. Skamyanın sağ tərəfində yuxuya getmiş pişik də diqqətdən yayınmamışdı. Hələ günəş şüalarının qadının üzündəki əks-sədası bir ayrı gözəllik qatmışdı əsərə.
"Axı o gün mənim qızla dialoqumu kimsə görməmişdi. Bəlkə kimsə uzaqdan izləyirmiş, xəbərim olmayıb"
Birdən ağlına gələn fikirdən diksindi. “Yoxsaa..."
Dönüb ətrafa baxdı. Tanıdığı kimsə yox idi. Nazlı onu axtarırdı.
-Hardasan, ay qız. Səni güclə gətirdim bura. Heç gəlmək istəmirdin. İndi də çıxara bilmirəm.
Heç nə demədi. Üzü gülürdü. Elə ürəyi də. Sərgidən çıxanda gün günortadan keçmişdi. Günəş elə gözəl parıldayırdı ki.
İlk dəfəydi Zeynəb günəşi bu qədər çox sevdiyini anlayırdı...
“Ədəbiyyat və incəsənət”
(27.10.2023)
POETİK QİRAƏTdə Sevinc Həmzəyevadan “Kövrək xatirələrin üstünə getmə”
.Sirli-sehirli poeziya dünyasına kim baş vurmaq istəməyib. Bu dünya həm ruh oxşayır, həm duyğulandırır, həm təsirləndirir. “Ədəbiyyat və incəsənət” portalı POETİK QİRAƏT rubrikasında iki gün dalbadal Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinin dekanı, Filologiya elmləri üzrə fəlsəfə doktoru Sevinc Həmzəyevanın şeirlərini təqdim edir. Bəri başdan deyək ki, təqdim etdiyimiz şeirlər sevgi şeirləridir.
Kövrək xatirələrin üstünə getmə
Kövrək xatirələrin üstünə getmə
Hələ üzərindən yel də keçməyib
Nə illər bacardı, işə yaradı
Nə də duyğuları ölüb bitməyib
Yenə həmin baxış, yenə həmin söz
Sənin gözlərindən süzülən sevgi
Yenə həmin nəğmə, yenə həmin köz
Qəlbimin telinə hörülən sevgi
Nə nəğməsi susub, nə şeiri bitib
Donub sükutunun pərdələrində
Yol çəkən gözümün kökündə itib
Yanır aram-aram sənin hicrində
“Ədəbiyyat və incəsənət”
(27.10.2023)
Uğur barədə söylənilən dəyərli fikirlər
Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”
Ta qədimdən filosoflar, yazıçılar, dövlət xadimləri uğur barədə, məqsəd və hədəfə çatma yolları barədə fikirlər söyləmiş, rəy bildirmişlər. Bu söylənilənlərdən ən qiymətliləri aforizim halını almış, tarixin sınağından çıxaraq bu günə qədər gəlib çıxmışdır.
Bu aformzmləri elə bircə dəfə oxumaq insana bəs edir ki, fikir təlatümlərindən qopub müəyyən qərarları qəbul etsin, özünə lazımi keyfiyyətlər aşılasın, uğura, məqsədə doğru gedən düz yolu tapıb inamla, qətiyyətlə irəliləməyə nail olsun. Bu cür kəlamlardan bəziləri, düşünürəm ki, uğura doğru yolunuza işıq tuta bilər. Odur ki, uğur barədə aforizmlərdən ən seçmələrini verməyi məqsədyönlü hesab edirəm.
Bu gün 10 aforizm:
Uğur məbədində açıq qapılar yoxdur. Ora daxil olmaq istəyən özü üçün qapı açmalıdır. Və bu yeni qapı onun arxasınca elə möhkəm örtülür ki, hətta övladları belə zəhmət çəkmədən oraya daxil ola bilmirlər.
Ç.Marden
Məğlubiyyətdən qorxanlar deyil, mübarizə aparanlar uğur qazanacaqlar.
J.Kopp
Bizim üçün ən böyük qələbə uğur qazanacağımızı rəqiblərimizə hiss etdirməkdir.
M.Qandi
Uğur qazanmaq üçün ya ağıllı olmalısan, ya da başqalarının axmaqlığından bəhrələnməyi bacarmalısan.
J.Labrüer
İrəli getmək gözləməkdən yaxşıdır.
M.K.Atatürk
İrəlini görməyən yerində sayır.
R.Beyker
Öhdəsindən gələ bilməyəcəyimiz ən çətin iş arzuları cilovlamaqdır.
Budda
«Hörmət etmək» və «təqdir etmək» ayrı-ayrı anlayışlardır. «Hörmət», ümumiyyətlə, insana, «təqdir» isə yalnız uğur qazanana aiddir.
A.Düma
Uğur sağlam düşüncəli insanları sevir.
Evripid
Uğur bizi uğursuzluğa qarşı dözümsüz edir. Uğursuzluq bizi uğura qarşı dözumsuz edir.
U.Feder
“Ədəbiyyat və incəsənət”
(27.10.2023)
GÜNEY AZƏRBAYCAN POEZİYASI ANTOLOGİYASInda Səhər Xiyavidən “İslaq anılarım” şeiri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində portalımızın Güney təmsilçisi Əli Çağla bu dəfə sizlərə Səhər Xiyavinin şeirlərini təqdim edəcək.
Səhər Xiyavi
Sonralar ədəbi çevrədə Səhər Xiyavi adı ilə tanınan Nəcibə Rüstəmoğlu Xiyavi 1967-ci ildə xiyav və ya meşgin şəhərində dünyaya göz açıbdır. İndi isə orta məktəb müəllimidir. 1996-ci ildən ədəbiyyat sahəsində çalışmağa başlayıbdır.
Səhərin iki kitabı Güney Azərbaycanda çap olunubdur. Onlar,"Qadın danışır" və "Ağrılarım özgə deyil" adındadırlar.
Səhər xanım, Azərbaycanın tanınmış yazarı Afaq Məsudun "Fatma" adlı kitabının azərbaycan ərəb əlifbasına köçürəni olubdur. Bu kitablar hazırda Təbrizdə satışdadırlar.
ISLAQ ANILARIM
Islaq anılarımı
Sərmişəm cansız qış günəşinin şəritinə.
Anılarım küf gedir şəritdə,
Könülsüzcə
Divar üstündə bir pişik,
Hüzünlü başını tovlayır mənə.
Nənəlikdən tənbih görmüş uşaq kimiyəm,
Qurumur göz yaşlarım,
Tökülmür köksümü ağırladan daşlarım
Aslaq qalmışam anılarımdan,
Islaq qalmışam fəsillərin yol ayrıcında
Boşluqdan doludur yaşam.
Saxtadır...
Saxtadır...
Bu günəş,
İsindirmir məni
Gözlərinin qovuran günəşi olmasa.
“Ədəbiyyat və incəsənət”
(27.10.2023)
Beynəlxalq qaynanalar günü və Qara pişiyə minnətdarlıq günü
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Bu günə təsadüf edən əlamətdar günləri və tarixi hadisələri nəzərinizə çatdırırıq:
27 oktyabr. Ümumdünya audiovizual irsiyyət günü
World Day for Audiovisual Heritage. Bu günün məğzi odur ki, keçmiş barədə xatirələri qoruyub saxlamağın necə vacib olmasını hamı bilsin. Əgər əvvəllər keçmiş barədə informasiyanı insanlar yazılı şəkildə qoruyub saxlayır, nəsildən-nəsilə çatdırırdılarsa hazırkı texniki tərəqqi əsrində bunu yeni, unikal vasitələrlə edirlər, bu vasitə rəqəmsal texnologiyalardır. Bu epoxanın əvvəlində isə ilk səsyazma qurğusunun – fonoavtoqrafın kəşfi dayanır ki, bu kəşf də 1857-ci ilə aiddir. Sonradan qrammafon, fonoqraf, patefon, elektrofon yaranıb. Eşitmə cihazlarından görmə cihazlarına keçid isə inkişafın pikindən xəbər verib. Video qurğular tarixi yaddaşı görüntülü çəkildə daşımağa yardımçı olmaqla bəşər irsinin qorunub saxlanılması yolunda əsl inqilab sayılıblar.
27 oktyabr. Beynəlxalq qaynanalar günü
Bizim qaynana barədə ən gözəl sözümüz rəhmətlik Nəsibə Zeynalovanın canlandırdığı obrazla deyilib. Sanki bu qaynana bütün qaynanalarımızın simvoluna, ümumiləşdirilmiş obrazına çevrilib. Amma orta statistik azərbaycanlı kişisi qaynanasevən olur, orta statistik azərbaycanlı qadınından fərlənir bu cəhətdən. Gəlin bir ağızdan qaynanaları təbrik edək. Və sizi inandırım ki, həqiqətən Bakıda Olimpiya stadionuna 100 min insan doldurub futbol matçı keçirərkən fasilədə “kimin cibində qaynanasının şəkli varsa ona maşın hədiyyə ediləcək” elanı verilsə, təşkilatçılar bankrot olarlar, çünki azı 200-300 azərbaycanlı mobil telefonundakı rəsm albomundan qaynanası ilə şəkdirdiyi silsilə şəkillərini üzə çıxarıb maşına iddia ortaya qoya bilər.
27 oktyabr. Türkmənistanda pitbul saxlamazlar
Bu gün əmək terapiyası günüdür. Məğzi nədir? İş yerlərində sağlam atmosfer yaratmaq. Pitbulları tanımaq günüdür. Bu qorxunc itləri tanısaq nə olar, tanımasaq nə olar? Deyək ki, onlar iki yerə bölünürlər, teryer tipi və buldoq tipi. Buddanın enməsi günü. Deyilənə görə, Budda məhz 27 oktyabrda daş-qaşla bəzənmiş üç pilləli pilləkənla aşağı – insanların içinə enmişdir. Yunanlar bayraq gününü, əlcəzairlər isə ağacəkmə gününü qeyd edirlər. Dünyanın ən totalitar ölkələri reytinqində liderlərdən biri olan Türkmənistan bu gün müstəqillik gününü qeyd edir. Sent-Vinsent də həmçinin. Konqoda 3 Zair günüdür. Bəs bu nə deməkdir? Konqonun qabaqkı adı Zair olub, 3 Zair deyəndə ölkə, onun pul vahidi və Zair çayı nəzərdə tutulur. Əlbəttə ki, sualınızı eşidirəm, soruşursunuz bəs Amerikada bu gün hansı mətbəx bayramı qeyd ediləcək? Düz buyurursunuz, bugün onlarda növbəti mətbəx günüdür, Amerika Pivəsi Günü. Amerikalılar bəs deyincəyə qədər bu gün pivə içəsidirlər.
1984-cü ildə Baykal-Amur magistralı tikintisinə başlayıblar. 1982-ci ildə Çinin əhalisi 1 milyarda çatıb. 1858-ci ildə məşhur Teodor Ruzvelt – 26-cı ABŞ prezidenti doğulub. 1855-ci ildə rus bioloq İvan Miçurun, 1811-ci ildə məşhur Zinger tikiş maşınının sahibi Ayzek Zinger, 1728-ci ildə isə məşhur ingilis səyyahı Ceyms Kuk doğulublar.
27 oktyabr. Ən nəhayət, Qara pişiyə minnətdarlıq günü
Böyük Britaniyada keçirilən bu gün çox ibrətamizdir. Necə yəni, Qara pişiyə minnətdarlıq günü? Məgər qarşımıza çıxdı deyə nəhs gətirən işlərə görə hamımız onu lənətləmitik? Mövhumatçı adamlar hətta tale əhəmiyyətli iş dalınca gedəndə belə qara pişiklə rastlaşma səbəblərindən pişiyi lənətləyərək bu işi təxirə salırlar. Hətta qara pişikləri kütləvi qıran xalqlar da var.
Britaniyalılar isə məsələyə başqa cür yanaşırlar, qara pişik qarşıdakı təhlükələr barədə xəbərdarlıq edir deyə ona minnətdarlıq etməyi zəruri bilirlər.
Nə deyə bilərik, ya zəlzələdən olsun, ya vəlvələdən, təki qarşımızdan qara pişik keçməsin.
Taleyindən qara pişik keçənlərə isə Allahın rəhmi gəlsin.
“Ədəbiyyat və incəsənət”
(27.10.2023)
BİRİ İKİSİNDƏ - Allahşükür Ağanın şeirləri
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində yaşı 35-ədək olan şairlərin şeirlərinin dərcini davam etdiririk. Bu gün növbə Allahşükür Ağanındır.
PƏNCƏRƏDƏ HƏYAT
Pəncərədən gözəl görünür həyat,
Baxıb deyərsən ki,
Mən də uşaqlar kimi qartopu oynaya bilərdim,
Amma istəmədim.
Atları elə çapardım ki,
Ayaqların səsində tanış bir ritmi tuta bilərdim.
Dedim, nəyimə lazım,
Mən ki onu əbədi saxlaya bilməyəcəm.
Pəncərədən baxırsan, sanki
Qatarda yorğun bir bələdçi ilə söhbət eləyirsən.
Məsələn, qatar Bakıya saat neçədə çatır,
Sualını verirsən.
Onsuz da özün bilirsən.
Ancaq onun deməyi sənə ləzzət eləyir.
Pəncərədən baxırsan,
Pişik pəncəsini yalayır.
Qovsan onu, ancaq qar üstündə
Ayaq izləri qalar.
Baxıb düşünürsən:
Bu pişiyin nə gözəl xətti var.
PƏNCƏRƏDƏN GÖZƏL GÖRÜNÜR PAYIZ...
Ayrılıqlar yağır meşəyə,
Kirpiklər toxunur şüşəyə,
Uzaqdan, lap uzaqdan,
Gözəl səslənir nəğmə.
Ayrılıqlar yağır meşəyə,
Küləklər yarpağı endirir göyə.
Uzaqdan gözəl görünür payız,
Xüsusən pəncərədən baxanda.
Ayrılıqlar yağır meşəyə,
Quşlar ayrılığı qaldırır göyə,
Lakin ayaqlarının şəkilləri
Payız yağışıtək tökülür gölə.
Uzaqdan gözəl görünür ayaqlar...
Ayrılıqlar yağır meşəyə,
Pəncərədən gözəl görünür payız.
Bəlkə də, payız deyir,
Pəncərədə gözəl görünür bir qız...
QÜRBƏT
İçimi üşüdür qürbət,
Mən vətəndən uzaqda deyiləm axı,
Bəs nədir içimi yeyən?
O buz dağı.
Bir dostum da var –
Adı da Qürbət,
Şirin söhbət,
Dili şərbət,
Başdan-ayağa sevgi –
məhəbbət.
Buralar od tutub yanır,
Bəs məni üşüdən nədir, görən?
Barmaqlarım sanki buz kimi,
Sallanır əllərimdən.
Gözlərim donmuş damcıdır,
Nə vaxt isinər, görən?
Lap uzaqda bir ayrılıq var,
Bax,onu indidən
Görürəm mən.
Qorxudan
Donuram
Mən...
XOŞBƏXTLİK
Könlüm deyir ki,
Bir saman qoxusu olsa,
Burnunun ucuna tutub
Xoşbəxtlik iksiri kimi
Yaşamaq olar.
Könlüm deyir ki,
Dükanın qabağında çömələn pişiyin
Xoşbəxtliyini düşünə bilsən,
Bütün bazarı
Evinə daşımaq olar.
İndi evə əlidolu gedirəm,
Bu gün bir uşağın atasının əlindən tutub
Atıla-atıla getdiyini görmüşəm.
Gözlərim bu xoşbəxtliyi gördüyünəgörə
Allaha min dəfə şükür eləmişəm.
Düşünürəm, elə beləcə də yatacam,
Uşaqlarım üzümdə
Həmin uşağı görüb sevinəcəklər,
Bugünlük bəsimdi...
QAPI AÇARAM İŞIĞA
Divara qurban olum,
Sirr yaşayır daşında.
Bir vaxt türmə divarıydı,
Müşfiq var yaddaşında.
Divarın o üzündə,
Adam gəzir gün işığı.
Bir çiçək boy atıbdı,
Boynunda sarmaşığı.
Suvağının altında
Gizli şeirlər yazılıb.
Şipşirin arzuların
Qəbri divarda qazılıb.
Əlimi sürtdüm divara,
Döndüm qərib aşığa.
Dırnağımla qazaram,
Qapı açaram işığa.
BİR SAATA QAYIDIRAM
Açılan səhərlərin atəş üzünə and olsun,
Mən öləndən sonra yazıram şeirlərimi.
Məsələn, bir saatlıq ölürəm.
Gedib şeir gətirirəm bir saatlığa,
Çiçək dəstələri kimi,
Sonra dirilirəm.
Mənim şeirlərim bu dünyada olmur,
Ölürəm, açılır başqa bir sabah,
Başqa bir pəncərə…
Ölməklə sağ olmağın arasında
Nazik bir qapı var.
Nə kilidi var, nə açarı.
Gedirəm, açılır,
Gəlirəm,
Bağlanır.
Dayanın, bir dəqiqə,
Yenə gedirəm
Sizə şeir gətirməyə.
Burda olun,
Bir saata qayıdıram.
TOP-XATİRƏ
Uşaqlıq illərində
ev dərdi,
maşın dərdi,
çörək dərdi
bilməzdim.
Bütün qayğılardan da uzağıydım
atalı,
analı uşaqlar kimi.
Öz dünyama qapılardım.
Dan yerinin sökülməsini
həsrətlə gözləyərdim.
Qızarmış üfüq günəşi top kimi atardı
göy üzünə.
Günəş uçardı rəqib qapısına –
günbatana...
NƏĞMƏ
Quzu otaranın,
Dərsə gedənin,
Gedən qatarın,
Şeiri çap olunmayan şairin
Dodağında bir göyərmiş nəğmə var...
Adamı o nəğmə yaman yandırır,
Nə quzular başa düşər onu,
Nə getdiyi məktəb,
Nə sərnişin,
Nə də oxucu.
İllah ki, şair kənd şairi ola,
İllah da biləsən bu quzuları qəssablar sevir,
Qatarlar səni ayırır
Və kənd adamları deyirlər,
Əsl şair şəhərdə yaşayar,
Allahşükür, səni yandıracaq
Bu nəğmə,
Başına çarə qıl...
ŞƏKİL
Mən səni yadımda belə saxladım,
Danışıb eləmə, şəkil kimi qal.
Əlini tərpətmə, gəl keç yanımdan,
Gördün, darıxırsan, xəyallara dal.
Şəklin xəyalları çox dərin olur,
Nəyi düşünürsən, götür özünə.
Guya ki, bu səhər gəlin köçürsən,
Şəklini örtüktək dur çək üzünə.
Gözündə qəribə kədər varıydı,
Güldürmə, qoy elə eləcə qalsın.
Xalqın gəlinləri böyüyüb getsin,
Qoy mənim sevdiyim balaca qalsın.
Bir axşam üzündə qəmi sındırıb,
Anan söyləməsin Allaha şükür.
Bax onda gözündə şəklini cırıb,
Verər küləklərə bu Allahşükür...
AXTARIŞ
Soyuqdan soruşuram:
– İstiliyin hanı?
– Şimşəkdə qalıb, – deyir.
Şimşəkdən soruşuram:
– İstiliyin hanı?
– Günəşdə qalıb, – deyir.
Günəşdən soruşuram:
– Şəfəqin hanı?
– Körpə bu uşaqda qalıb, – deyir.
Körpədən soruşuram,
Gülümsünür...
“Ədəbiyyat və incəsənət”
(27.10.2023)
QİRAƏT SAATI: Məhşər divanı, yaxud yalanın 17 anı – Adəm Bakuvinin romanı
“Ədəbiyyat və incəsənət” portalının Qiraət saatında Adəm İsmayıl Bakuvinin “Məhşər divanı, yaxud yalanın 17 anı” sənədli romanının dərci davam edir. Roman erməni millətindən olan bəşəriyyət canilərinin utopik məhkəməsindən bəhs edir. Onu nəinki oxumaq, hətta ən maraqlı faktları yaymaq, təbliğ etmək lazımdır.
48-Cİ DƏRC
Bu yerdə yaşlı hakim Baş Hakimin icazəsi ilə müttəhimə bir sual ünvanladı:
-Cənab Njde, siz türkləri bolqarlara və ruslara, rusları ermənilərə, erməniləri antikommunizm ideologiyasına, sovet xalqını və müttəfiqləri faşistlərə, sonradan façistləri müttəfiqlərə satmısınız, öz həyat yoldaşınızı və övladınızı mənfur ideologiyanıza qurban vermisiniz, bəs öz cəbhədaşlarınızı necə, onları da satmısınızmı?
Njde :”Cəfəngiyyat danışırsınız” deyə ona cavab verəndə yaşlı hakim söylədi:
-Müharibənin sonuna yaxın satqınlığının sayı-hesabı olmayan sizin - Qareqin Njdenin utanmadan Stalinə ünvanladığı məktubunda general Dro barədə bu sözlər yazılıb: “Mən vətən xaini Dronun Ermənistana yönəlmiş planlarını mümkünsüz etdim.” Halbuki siz Dronu özünüzün müəlliminiz adlandırmışdınız və xəyanətkarlıqda, qaniçənlikdə ondan heç də geri qalmırdınız. Hətta onu dəfələrlə üstələyirdiniz də. 1944-cü il noyabrın 2-də hərbi cani qismində Stalinin xüsusi göstərişi ilə yaradılmış “Smerç” qrupunun üzvü tərəfindən ifşa edilərək tutuldunuz, amma, müəlliminizi ələ verməyiniz belə sizə kömək olmadı..
Prosesi bitirmək vaxtı çatmışdı, bütün cinayətləri sübut olunmuş Qaregin Njdenin hökmünü artıq səsləndirmək vaxtı idi.
Son söz söyləmək məqamı yetişəndə Njde mızıldandı ki, mən bilərəkdən cinayət törətmənmişəm, mən nə etmişəmsə xalqımın, onun azadlığının naminə etmişəm. “Əgər səhv olmuşamsa, xalqım məni bağışlasın” deyərək son sözünü bitirdi. Baş ekspertin “Bəs qətlinə fərman verdiyin yəhudilər, ruslar, ermənilər, türklər, azərbaycanlılar, onlar necə, onlar da səni bağışlasın?” sualı isə havadan asılı qaldı.
Baş Hakim Njdenin qeybedilmə cəzasına məhkum edilməsi xəbərini gözlənilən təntənə ilə deyil, çox adi səsləndirdi, bunu isə ona görə etdi ki, bu şəxsin cinayətləri qarşısında ən ağır cəza alması o qədər adi haldır ki, onu xüsusi pafosla deməyə belə lüzum yoxdur.
Hökm səslənəndən və kulisdən ecazkar xanım səsi ilə prosesin bitdiyi elan olunandan sonra Baş ekspert yavaş-yavaş boşalan Baş meydana göz qoyarkən birdən nəsə xatırladı, mikrofonları söndürüb kabelləri yığan texniki heyətdən xahiş etdi ki, mikrofonun birini qoşsunlar. Mikrofon qoşulduqda o, qalanlara belə bir hadisə barədə danışdı:
-Xanımlar və cənablar! 2012-ci ildə Rusiyanın cənubunda – Armavir şəhərində -Erməni Apostol kilsəsində erməni millətçiləri ağlasığmaz bir işi rellaşdırmışdılar, quldur Qaregin Njdeyə xatirə lövhəsi qoyulmuşdu, şəhər rəhbərinin tarixdən bixəbər rus müşaviri Vladimir Pavlyuçenko da mərasimdə iştirak etmişdi. Armavir şəhərinin sakinləri bundan bərk qəzəbləndilər, necə yəni, alman façistləri onların dədə-babasına qan uddurduğu halda həmin faşistlərə qul kimi itaət etmiş bir şəxsə onların gözü qabağında abidə qoymaq nə imiş? Şəhər rəhbərliyindən xatirə lövhəsinin çıxardılması tələb olundu. Tələb yerinə yetmədikdə Armavir Dövlət Dumasının deputatı Aleksey Vinoqradov lövhəni qara rəngə boyadı. 2019-cu ildə memorial lövhə hər halda oradan çıxarıldı. Mən əminəm ki, gec olar, güc olar. Quldur Njdenin abidəsi Yerevandan da götürüləcək, Qafandakı mavzoleyi də söküləcək! Erməni xalqı qəflət yuxusundan ayılıb əsl qəhrəmanları və əsl cinayətkarları seçə biləcək.
Baş Hakim çıxışını bitirən gözləri yaşarmış Baş ekspertə yaxınlaşıb onun çiyinlərini qucaqladı. İki ədalət keşikçisinin məğrur silueti qaralan havanın fonunda bir müddət tərpənməz qaldı.
11-Cİ PROSES.
KİRK KERKORYAN
Rahat bir gün, nisbətən xeyli rahat proses. Nəfəs dərmək olar, yüngülləşmək, zarafatlaşmaq olar. Divan əhli bu gün xeyli şən, qayğısız görünürdü, deyib-gülürdülər. Hətta proses öncəsi arxiv üzrə mütəxəssis olan çexiyalı xanım tort da bişirib gətirmişdi, hamını qonaq eləmişdi. Bəxtdən, bu rahat gün həm də onun ad günü idi.
Bu gün havanın da şıltaqlıq etməyəcəyi hiss edilirdi. Səma aydın idi, küləksiz idi. Bircə yarpaq belə tərpənmirdi.
Üçüncü zəng çalındı.
Kulisdən gələn səs Baş Meydandakı stullarda səs-küy qopara-qopara əyləşməkdə olan tamaşaçıları dərhal sakitləşdirdi.
-Əziz tamaşaçılar, hörmətli proses iştirakçıları, bu gün Divanda hökm oxunacaq şəxsin adını elan edirik: erməni milyardçısı Kirk Aqaronoviç Kerkoryan.
Dərhal alqış və fit səsləri qopdu. Daha bir portretin üzündəki ağ mələfə açılar-aşılmaz alqışlar daha da şiddətləndi. Kerkoryan rəsmən cinayətkar sayıla bilməzdi, o nə Njdeydi, nə Dro, nə Andronik idi ki, ayağında minlərlə insane qətli olsun. Onu hamı kazinolar kralı kimi tanıyırdı, küfr sayılsa belə bəziləri onun xidmətlərindən istifadə belə etmişdilər. Ona görə də əvvəlki qatı cinayətkarlardan sonra belə bir şəxsin prosesi onlarda bir qədər xoş ovqat doğurmuşdu, alqışlar da bu səbəbdən idi.
Həddən artıq qoca olan, çənəsi və ağzı əsən şəxsi iki mühafizəçi qoluna girərək çətinliklə addımladıb Müttəhimlər kürsüsünə gətirib əyləşdirə bildilər.
Kişi diktor dərhal Kirk Kerkoryanın dosyesini oxumağa başladı. Baş Meydanda tamaşaçı qismində ermənilər də var idilər, onların bu insana heyranlığı və rəğbəti dərhal sezildi, ayağa durub öz kumirlərini dosye oxunan müddətdə alqışlamağa, erməni dilində “sirel mard” (əziz insan) sədaları ilə simpatiya bildirməyə başladılar. Onun dosyesi isə həddən artıq uzun idi, 98 il ömür sürmək, tam macəra içində, hadisələrlə bol illər yaşamaq sizə asan gəlməsin.
Kişi diktor:
-İlk rəsmi erməni milyardçısı, ABŞ vətəndaşı olan, tarixə Las-Veqas qumarxanalarının yaradılmasında həlledici rol oynayan şəxs kimi düşmüş, Hollivudun devi təxəllüslü, hətta Vatikan kilsəsini belə pulla almış, 98 il ömür sürmüş Kirk Kerkoryan (əsl adı Qriqor Qriqoryan) tarixin ən məşhur erməniləri sırasındadır, hətta ilk üçlükdədir. Gümrü şəhərində ona abidə də ucaldılıb. 2004-cü ildə Ermənistanın milli qəhrəmanı adına layiq görülüb, “Vətən” ordeni ilə təltif olunub. Kerkoryan 1917-ci ildə - Vladimir Lenin bolşevik inqilabı edib Çar Rusiyasını taxtdan salanda uzaq Amerikada – Kaliforniya ştatının Fresno şəhərində, Rusiyadan köç etmiş erməni mühacirlərinin ailəsində doğulmuşdur, 9 yaşından məktəbi ataraq pul qazanmaq üçün avtomexanik işləməyə başlamış, sonradan müxtəlif sahələrdə özünü sınamışdı, bu müxtəlifliyi o, özünə kumir saydığı Teodor Ruzveltdən – ovaxtkı ABŞ prezidentindən öyrənmişdi. Kirk yeniyetməliyindən boks rinqlərində şöhrət axtarmağa başlamış, Olimpiya çempionu olmaq eşqiylə yaşamışdı, amma uzağı şəhər birinciliyi mükafatçısı ola bilmişdi, sonra pilotçuluğu öyrənib yüngül konstruksiyalı təyyarələrdən başlayaraq ən mürəkkəb, ən müasir təyyarələri idarə etməyə keçmişdi, 2-ci dünya müharibəsində Amerika ordusunun tərkibində aviasiyada xidmət eləmiş, “Moskito” qırıcı təyyarələrini idarə etmişdi. Sonradan o, Britaniya Hərbi Hava Qüvvələrində çalışmış, iki il yarım xidmət dövründə 33 təyyarəni Avropadan Amerikaya aparmışdır, hər bir uçuşa görə min dollar qazanan Kerkoryanın gələcək biznesi də məhz bu pullarla qurulmuşdur. Daha sonar o, yeni bir sahəyə -kino sahəsinə əl atmış, prodüsser kimi bir neçə film çəkmişdir, Hollivudun ən böyük kinokompaniyalarına sahibliyə qədər gedib çıxmışdır. Sonra isə sahibkarlıq və biznes fəaliyyətinə girişmişdir. Aksiyalar alıb satmaqla böyük pullar qazanmış, hətta Detroyt üçlüyü –Kraysler, Daymler-Bens və General motors şirkətlərinin səhmlərinin bir hissəsini əldə etmişdir. Sonradan isə Ford şirkətinin sahiblərindən birinə çevrilmişdir.
Ermənilər Kerkoryanı ayaq üstündə alqışladılar.
-2015-ci il iyunun 16-da Əsas dünyadan bizim Axirət dünyamıza köç edən bu şəxs Beverli-Hillsin ən varlı adamlarından biri sayılıb. “USA Today”- 2015-ci il üçün onun sərvətini 3,6 milyard dollar həcmində qiymətləndirib. K.Kerkoryanı habelə “böyük himayədar”, “böyük donor” adlandırıblar. Onun təsis etdiyi “Linsi” Fondu 1989-cu ildən 2011-ci ilədək fəaliyyət göstərib. Fondun xətti ilə Ermənistana və Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ regionundakı tanınmayan rejimə 22 il ərzində 1 milyard dollardan çox vəsait verilib.
K.Kerkoryanın əsas gəlirini “MGM Grand” şirkətindən götürdüyü qazanc təşkil edirdi. O, 2000-ci ildə 6,4 milyard dollara “Mirage Resort”, 2004-cü ildə isə 4,8 milyard dollara “Mandalay Resort Group” şirkətlərini satın aldıqdan sonra “MGM Grand”şirkətini “MGM Resorts International” şirkətinə çevirib. Şirkət “Bellagio” və “Mandalay Bay” kimi tanınmış kazinoların operatorudur.
Bu yerdə gənc hakim Baş Hakimdən Kerkoryanı nəyə görə mühakimə etdiklərini soruşdu. Düşüncəsini dilə gətirdi, dedi, qumarxanalara görədir yəqin. Baş Hakim ona barmağını dodağının üstünə qoymaqla cavab verdi.
Mətn isə oxunmaqda idi:
-Azərbaycanın Dağlıq Qarabağ regionunun Ermənistan tərəfindən zəbt edilməsi və işğal altında saxlanması, Azərbaycana qarşı elan olunmamış müharibə aparılması üçün əsas maliyyə vəsaiti xarici ölkələrdəki erməni diasporunun, o cümlədən Kirk Kerkoryan kimi varlı ermənilərin ianələri hesabına təmin olunub.
Baş Hakim gənc hakimin qulağına pıçıldadı:
-Tək qumarxanalara görə deyil. Məsələn, həm də buna görə.
Kerkoryanın tərcümeyi halının oxunuşu isə diktor mətni ilə davam edirdi:
-98 yaşındakı erməni milyarder həyatının son dönəmində müsahibələr vermir və açıq çıxışlar etmirdi. “Bloomberg” agentliyi xatırladır ki, 2008-ci il dünya maliyyə böhranı milyarderə ciddi maliyyə itkiləri vermişdi. İttiham etdiyimiz şəxsin “Ford Motor Co” kompaniyasındakı səhmlərindən maliyyə itkiləri təxminən 600 milyon dollar olmuşdu. Milyarder həmçinin “MGM Resorts International” mehmanxanalar şəbəkəsinin səhmlərinin qiymətinin aşağı düşməsindən xeyli zərər çəkmişdi. Çox yaşlı olsa da bu şəxs aktiv olaraq biznes fəaliyyətini heç kəsə etibar etmədən özü idarə edirdi, buna görə də biznesinə yönəlmiş zərbələr onu sarsıtmışdı.
Ən nəhayət, Kerkoryanın şəxsi həyatı barədə onu deyək ki, o, amerikalı rəqqasə Cin Mari Xardi ilə nigahda olub, Treysi və Linda adlı iki qızı var.
Baş Hakim üzünü Kerkoryana tutdu və soruşdu ki...
(Davamı var)
“Ədəbiyyat və incəsənət”
(27.10.2023)