
Super User
Bu gün Jurnalistlərə qarşı işlənən cinayətlərin cəzasız qalmasının qarşısının alınması günüdür
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Bu günə təsadüf edən əlamətdar hadisələri diqqətinizə çatdırırıq:
2 noyabr. Yeni əhatə dairəsi axtarışı günü
Dost və tanışlar səni qane etmirlər? Onda lütfən bu gün hər şeyə yenidən başla, dostları və tanışları dəyiş. Özünə yeni “kruq” tap. Əslində ilk baxışda bu çox çətin görünür. İllərlə fortmalaşan münasibətləri necə qırasan, başqasıyla təzədən necə münasibət qurasan? Azərbaycanda bir məsəl də var, hər şeyin təzəsi, dostun köhnəsi. Yəni, mental olaraq azərbaycanlılar bu cür gedişlərə hazır deyillər, bizdə ailəni, dost dairəsini dəyişmək istisna hallarda baş verir. Ona görə də 2 noyabrdakı bu təyinat necə olsa da bizə yad görünəcək.
2 noyabr. Jurnalistlərə qarşı işlənən cinayətlərin cəzasız qalmasının qarşısının alınması günü
Son on ildə 700-dən çox jurnalist cinayətin qurbanı olmuşdur. YUNESKO-nun Baş direktorunun məruzəsinə görə, 2006-2013-cü illərdə jurnalistlərə qarşı cinayətlərin cəmi 6 faizi (593 hal) təhqiqata cəlb edilmişdir. 171 iş üzrə (28 faiz) hələ də müxtəlif instansiyalarda təhqiqatlar dolaşıb qalmışdır, 384 cinayətin isə (68, 8 faiz) üstü sadəcə örtülmüşdür. Bu cür cəzasızlıq jurnalistlərə qarşı cinayətkarlıq hallarını daha geniş miqyasa çatdırmaqdadır. Yeri gəlmişkən, 2005-ci ilin martında güllələnən “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətli də bu qəbildəndir. 2013-cü ildə BMT Baş Assambleyası öz 68-ci sessiyasında 2 noyabrıJurnalistlərə qarşı işlənən cinayətlərin cəzasız qalmasının qarşısının alınması günü elan edəndə bu cəzasızlığa tez bir zamanda son qoyulmasına inamını da bildirmişdi.
Bəs niyə məhz 2 noyabr? Çünki 2013-cü ilin 2 noyabrında iki fransız jurnalisti Malidə öldürülmüşdü, yerli hakimiyyət isə hadisəni ört-basdır etməyə çalışırdı.
2 noyabr. Koronasiya və ölülər günü
Bu gün şimal qonşumuz İmperator kəlməsini gen-bol işlədəcək. 1721-ci ildə Senat 1-ci Pyotra imperator titulu verib. 1884-cü ildə də imperator 2-ci Nikolay taxta çıxıb.
İrlandiyada Bernard Şounun – dramaturq, publisist, Nobel mükafatı laureatının anım günüdür, kişi 1950-ci ildə haqq dünyasına gedib.
Bu gün əfsanəvi Selassienin koronasiyası günüdür deyə həm Qvatemala, həm Honduras, həm Salvador – üç Mərkəzi Amerika ölkəsi, həm də Boliviya – Cənubi Amerika ölkəsi ölülər gününü qeyd edəcəklər. Şimali Amerika ölkəsi olan Meksikada isə bu gün İkinci ölülər günüdür, çünki birincisi noyabrın 1-nə təsadüf edirdi. Gözünə döndüyüm əsas Amerika ölkəsində - ABŞ-da isə ölü-filan söhbəti yoxdur, növbəti Milli mətbəx bayramıdır, içi marinə edilmiş tərəvəzlə doldurulmuş yumurta günüdür.
“Ədəbiyyat və incəsənət”
(02.11.2023)
70-ə nə qaldı ki?
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Məncə elmlər doktoru, professor, hətta akademik də olmaq mümkündür. Vaxtında yaxşı təhsil alıb yorulmadan elmlə məşğul olsan, bu adları qazana bilərsən. Amma “kişi adam” adını qazanmaq hər adamın hünəri deyil, oxumaqla, vəzifədən-vəzifəyə yüksəlməklə nail olmaq olmur. Gərək yaranışdan təyinatın buna olsun...
Deyir ki:- “Mənə elə gəlir, insan öz yaşını hiss eləmir. İnsan yaşını hiss eləsə, ona uyğunlaşsa, onun üçün çox çətin olar. Yəqin bu, həyat enerjisiylə, ətraf mühitlə bağlı bir məsələdir. Bunu bioloji baxımdan izah etmək çətindir, çünki insanın yaşlanmağı, qan damarlarının vəziyyəti, beynin iş qabiliyyəti, insanın özünün fiziki göstəriciləri yaşda əks olunur. Amma insanı cavan saxlayan və gənc göstərən onun ruhu, düşüncəsidir. Stalinə sual verirlər ki, insan nə vaxt yaşlanır, deyir, zamanı hiss eləməyəndə. Mənim də işim elə gətirib ki, televiziya həyatı, pedaqoji fəaliyyətim, jurnalistika mühiti, istər-istəməz onun özünün dinamizmi həyatıma təsir eləyir. Görünür, xarakter də burda rol oynayır. Amma ən əsası ruhun vəziyyəti ilə bağlıdır. İnsan içində ölübsə, istəyir 30 yaşı olsun, istəyir 50, əlbəttə ki, ölüvay görünəcək...”
Noyabrın 2-də altmış doqquz yaşın kürəyini yerə vuracaq, fəqət çevikliyini hələ də itirməyib. Oturaq həyat keçirmək, süstlük, hərəkətsiz yaşamaq ruhuna zidd əlamətlərdəndir. Necə deyərlər, burdan vurub, ordan çıxır. Pedaqoji fəaliyyəti ilə yanaşı, dostların xeyir-şərində, mədəni kütləvi tədbirlərdə, televiziya ekranlarında onu tez-tez görmək olur. Nəvələrinin əksəriyyəti xarici ölkələrdə təhsil alır. Bir də görürsən ki, onların diplomalma mərasimlərində iştirak edib, sosial şəbəkələrdə şəkil paylaşır. Sevincini dostları ilə bölüşməyə tələsir. Bütün bu hərəkətlərin hamısı adamdan böyük enerji tələb edir. Enerjinin mənbəyi isə təkcə düzgün qidalanmaqda deyil, gərək niyətin saf, qəlbin təmiz, ruhun sağlam olsun...
“Adam ictimailəşibsə, müəyyən çərçivəni qəbul etməlidir. Hardasa şüuraltı yaşın ölçüləriylə hesablaşmalısan. Qadağalar olmalıdır, bu, təbiidir. Önəmli olan özün üçün belə sərhədlər qoymamağındır. Mən etik məsələləri nəzərdə tutmuram. Əlbəttə, bu yaşda şortik geyinib hər hansı bir məclisdə görünsən, sənə başqa cür baxacaqlar. Təbii ki, yaşadığın cəmiyyətin qaydalarını nəzərə almalısan. Eyni zamanda onu əsas gətirib bütün hərəkətlərinə məhdudiyyət qoymaq da olmaz. Deməlisən də, gülməlisən də, məclislərdə də olmalısan. Özünə uyğun çevrən olmalıdır. Xoşbəxtlikdən məndə həmişə belə bir çevrə olub. İkincisi, çox vaxt gənclərin əhatəsindəyəm. Onlarla çox vaxt ruhi vəziyyətimiz uyğun gəlir. Dərsdə tələbələrləyəm, onların ritmiylə müzakirələr aparıram. Mentaliteti də, yaşı da, qadağaları da nəzərə almalısan. Amma əsas odur ki, bütün bu qadağaların içində həm də ruhunu diri saxlayasan. Bu, çətindir, amma mən nə dediyimi yaxşı bilirəm...”- söyləyir.
Ailəsi çox da böyük deyi. İki qızı var, onlar da ailə qurublar. Ömür-gün dostu Zemfira xanım Məhərrəmli ilə tələbə yoldaşı olublar. O da media adamıdır. Bədii yaradıcılıqla aktiv məşğul olur. Bir sıra kitabların müəllifidir...
Zəngin və parlaq uşaqlığı olub. Zəngilanda doğulsa da 5 yaşında atası rəhmətə getdiyindən onu Şuşada internat məktəbinə qoyublar. İnternat məktəbdə oxumağı xarakterinə, həyatına çox ciddi təsir edib. Kollektiv mənafeni, sözün yerini, yaxşılığı, şərə qarşı dayanmağı, zəifin tərəfini saxlamağı, zalıma qarşı çıxmağı orada öyrənib. Hətta bəzi yazılmamış qanun və qaydaları da burada mənimsəyib. Məsələn, hər gördüyün şeyi demək olmaz, oğurluq eləmək kişilikdən deyil, döyülənə kömək etməlisən və s..
Deyir ki,- “Bir dəfə başqa rayonlardan bizim oxuduğumuz məktəbdəki pioner düşərgəsinə uşaqlar gəlmişdi. Özləriylə ərzaq gətirmişdilər, biz tər tökə-tökə o ərzağı boşaltdıq. Beş nəfəriydik, bizi sıraya düzüb üstümüzü axtardılar. Yəni birdən biz ordan konfet, peçenye götürmüş olarıq. Sarsılmışdıq bu hərəkətdən. Gedib müəllimimizə dedik ki, biz bu anbarı dağıtmalıyıq, çünki təhqir olunmuşuq. Heysiyyətimizi tapdalayanları cəzalandırmalıyıq. Müəllim nəsihət verdi, sonra dedi ki, necə istəyirsiniz eləyin. Orda elə həngamə qopardıq ki, bizdən üzr istədilər. Anladılar ki, heç bir uşağın heysiyyətini tapdalamaq olmaz. İnsan özünün ləyaqətini qorumursa, o, çox yararsız adamdır. Haqsızlığa qarşı çıxmaq lazımdır...”
Müstəqil yaşamağı uşaqlıq illərindən öyrənib. Qoçaq və dalaşqan olub. Təsəvvür edin ki, 5-ci, 6-cı siniflərdə oxuyanda İsa bulağına gedib pul qazanırdı. Çör-çöp yığaraq orada kabab bişirmək istəyən adamlara satırdı. Tələbəliyi də pis keçməyib. Yaşadığı yataqxanada müxtəlif ziyafətlərdə içib də, dava da salıb, şənlənib də. Döyüldüyü də az olmayıb, amma heç vaxt kimlərinsə təsiri altına düşməyib, sarsılmaz iradəsi var...
Bəli, haqqında söhbət açdığım professor Qulu Məhərrəmlinin sərt, amansız qaydalar altında böyüməsi onun həyatında mühüm rol oynayıb. Ona görə də mərd, döyüşkən, cəsur, dinamik adamdır. Bəlkə də çoxunuz bu faktları bilmirdiniz, ad günü ərəfəsində yadıma düşdü və sizinlə bölüşmək istədim. Xalq artisti, rəhmətlik Fuad Poladov isə onun haqqında belə söyləyib: “Qulu Məhərrəmli mənim üçün böyük mənəvi gücü olan, bizim reallıqda istedadla şəxsiyyəti birləşdirə bilmiş çox az ləyaqətli adamlardan biridir”...
Təbrik edirik, Qulu müəllim! 70 illik yubileyinizdə görüşənədək...
“Ədəbiyyat və incəsənət”
(02.11.2023)
Dryu Heyden Teylordan “At rəsmlərinin izində”
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
“Qədim Qala” nəşriyyatında Kanada yazıçısı, dramaturqu, jurnalisti və ssenaristi Dryu Heyden Teylorun “At rəsmlərinin izində” romanı işıq üzü görmüşdür.
Real həyatı mistik çalarlarla göstərən 62 yaşlı Teylorun yeni kitabı nədən bəhs edir?
Suala cavab almaq üçün “Qədim Qala” nəşriyyatının direktoru Şöhlət İxtiyaroğluya üz tutduq.
Şöhlət bəy dedi:
“At rəsmlərinin izində” sehrli, nağılvari dadı olan əsərdir. Bu, Torontonun şimalında yerləşən Otter Leyk qoruğunda yaşayan dörd qeyri-adi dostun hekayəsidir.
Dalanda gördüyü at qraffitisi polis işçisi Ralf Toması Daniel adlı qeyri-adi qızı xatırlamağa sövq edir və beləcə Dryu Heyden Teylorun romanının hekayəsi başlayır. Tomasın xüsusi bacarıqları olan və küçədə yaşayan Harri adlı kri ilə danışıqları, onun Daniel və başqaları haqqında xatirələri arasında keçidlər edərkən Teylor didaktik komediya yazmaq məharətini tamlığı ilə nümayiş etdirir.
Təsirli həyat hekayələri və özünəməxsus izahı əsərə yaşından asılı olmadan bütün oxucuları cəlb etmək qüdrəti verir.
“Ədəbiyyat və incəsənət”
(01.11.2023)
GÜNEY AZƏRBAYCAN POEZİYASI ANTOLOGİYASInda Rəhim Təkindən “Göydən” şeiri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində portalımızın Güney təmsilçisi Əli Çağla bu dəfə sizlərə Rəhim Təkinin şeirlərini təqdim edir.
Rəhim Təkin
Şair, yazar, ingilis dilinin mütərcimi Rəhim Təkin adı ilə tanınan Rəhim Əsgərzadə, 1986-cı ilin may ayının 2-də Marağa şəhərində anadan olubdur. 12 yaşından ədəbiyyata olduğu marağı üzə çıxıb, ali məktəb təhsili alıb, indi isə sevgi ilə, diqqət ilə içindən coşan duyğuları qələmə alır.
GÖYDƏN
Sənin gözündü günüzlər mənə baxır göydən
Sənin saçındı gecə ağnayıb axır göydən.
Yağışlı axşamı sənlə gəzib dolanmağımız,
Yadında varmı yağırdı şirin çaxır göydən?
Nə nərdəsi?! Məni yalqız buraxdığın gecədən,
Bu pəncərə dalısında dəmir yağır göydən.
Dolanda beynimə sənsizliyin ağır havası,
Başım bükür belimi, lap olur ağır göydən.
Sən ilə saydığımız hansı ulduza soralar,
Baxanda gözlərimə doldururdu xır göydən.
Sevənləri gecələr hər görəndə pötlənirəm,
Ki, üstümə tökülür sanki odlu qır göydən.
Cəhənnəmin özünü görmüşəm bu dünyada mən,
Canıxmışam daha tanrı, məni çağır göydən.
“Ədəbiyyat və incəsənət”
(01.11.2023)
“PHOTOPANORAMA 2023” -də Azərbaycan rüzgarı
Könül, “Ədəbiyyat və incəsənət”
“Ədəbiyyat və incəsənət” portalı oxucularına daha bir şad xəbəri çatdlrmaq istəyirəm. Dünya fotoqrafiya sənətinin təbliği naminə il ərzində bir neçə beynəlxalq fotomüsabiqələr keçirilir. Onlardan ən başda duranı World press photo-dur. Haqqında bəhs etdiyimiz “PHOTOPANORAMA 2023”
Beynəlxalq Fotomüsabiqəsi isə ilk beşlikdədir.
“PHOTOPANORAMA 2023” bu il Serbiyanın paytaxtı Belqradda keçirilib. Beynəlxalq Fotoqrafiya Sənəti Federasiyasının (FİAP)
himayəsi altında keçirilən bu fotomüsabiqəyə dünyanın 52 ölkəsindən 159 fotoqrafın 2649 fotoşəkili göndərilib. Fotomüsabiqənin rəsmi internet səhifəsi qalib işləri elan edib. Və qaliblər sırasında azərbaycanlı fotomüxbir İlqar Cəfərovun da adı var. Hazırda Dövlət İnformasiya Agentliyinin (AzərTAC-ln) fotomüxbiri olan İlqar Cəfərov qızıl medalına layiq görülüb.
Fotojurnalistika nominasiyasında FIAP-ın qızıl medalına İlqar Cəfərovun 2020-ci ildə İkinci Qarabağ müharibəsi zamanı erməni ordusunun Gəncə şəhərini raket atəşinə tutmaqla törətdikləri cinayəti əks etdirən “Gecə faciəsi” (Night tragedy) fotosu layiq görülüb.
Xatırladaq ki, İlqar Cəfərovun “Heydər Əliyev Mərkəzi” fotosu dəfələrlə beynəlxalq mükafatlara layiq görülüb. Bu günlərdə Bosniya və Hersegovinada keçirilən “BANJA LUKA 2023” beynəlxalq fotomüsabiqəsində isə fotomüxbir 2 qızıl medal (NATIONAL Gold Medal) və diplom qazanıb. Burada da “Heydər Əliyev Mərkəzi” fotosu uğur qazanıb.
Bu fotomüsabiqəyə dünyanın 45 ölkəsindən 149 fotoqrafın 2150 fotoşəkili qəbul edilib.
Bəli, həmyerlimiz beynəlxalq miqyasda Azərbaycanımızın adını yüksəldir, onun fotokamerası yalnız keyfiyyətli işlər ortaya qoyur.
Qapaq şəklində siz “Gecə faciəsi” fotosunu, aşağıda isə hər iki bəhs olunan fotomüsabiqələrdən əldə edilən sertifikatları görürsünüz.
“Ədəbiyyat və incəsənət”
(01.11.2023)
Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı 142-ci mövsümü açıq elan edib
“Aktyorlar evi”nin səhnəsində Teatr Xadimləri İttifaqının “Qonaq teatrlar” layihəsi çərçivəsində Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının 142-ci mövsümünün açılış mərasimi olub.
Teatrdan mediaya verilən açıqlamaya görə, yeni mövsümün açılış mərasimində “Qərbi Azərbaycanlıların Qayıdış Konsepsiyası”nın icrasına ictimai dəstəyin verilməsinə dair Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyinin qrant müsabiqəsinin qalibi “İrəvan Mədəni İrsinin Təbliği” İctimai Birliyinin “Qərbi Azərbaycanın mədəni irsi” layihəsi əsasında çap olunmuş “İrəvan Dövlət Azərbaycan Dram Teatrının tarixi” adlı elmi-tarixi, publisistik monoqrafiyanın təqdimatı keçirilib. Kitabın müəllifi Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, İrəvan Dövlət Azərbaycan Dram Teatrının rəhbəri İftixar Piriyevdir.
Kitab Azərbaycan teatr sənətinin inkişafına əvəzsiz töhfələr verən Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının yaranma tarixinə, təşəkkül və inkişaf mərhələlərinə həsr olunub.
Monoqrafiyanın əsas məqsədi Azərbaycan teatr sənətinin geniş coğrafiyasında İrəvan Azərbaycan Teatrının tutduğu yeri müəyyənləşdirməkdən, onun tarixi keçmişinin həqiqətlərini, çağdaş dövr fəaliyyətinin özünəməxsus cəhətlərini aydınlaşdırmaqdan ibarətdir. İrəvan Azərbaycan Dram Teatrının tarixinin bütün mərhələlərinin, yəni həm İrəvan dövrünün, həm də deportasiyadan sonra Bakı şəhərində məskunlaşdığı illərdə fəaliyyətinin sənətşünaslıq tariximizdə ilk dəfə təcəssüm etdirildiyi əsərdə İrəvan Teatrının bütün fəaliyyəti boyu yaradıcılığına qəsd etməyə çalışanlara öz sənətkarlıq qüdrəti və polad iradəsi, cəfakeşliyi, əzmkarlığı, dəyanəti, incə, ülvi hiss və duyğuları ilə daim mübarizlik nümayiş etdirdiyi, öz varlığı ilə bu gün də həmin ənənələri yaşatmaqla “Qərbi Azərbaycanlıların Qayıdış Konsepsiyası”nın gücləndirilməsi istiqamətində aparılacaq müqəddəs işlərin yerinə yetirilməsində üzərinə düşən missiyanı daşımaqdan geridə qalmadığı tarixi mənbələr əsasında, yüksək vətənpərvərlik hissi ilə maraqlı və yaddaqalan lövhələrlə əks etdirilir.
Təqdimat mərasimində İrəvan Teatrının istedadlı aktyorlarının ifasında şair-dramaturq İftixarın “Nurlu ömrün anları” tamaşası da nümayiş etdirilib.
Heydər Əliyevin 100 illiyinə həsr olunmuş və “Ulu Öndər Heydər Əliyev irsini öyrənirik” layihəsi çərçivəsində nümayiş etdirilən tamaşa müstəqillik tariximizə, bu tarixin ən gərgin dövrlərinə, müasir Azərbaycanın ən parlaq səhifələrini yaradan görkəmli dövlət xadimi Heydər Əliyevin siyasi fəaliyyətinin fenomenal cəhətlərinə həsr olunub.
Səhnə əsərində müstəqilliyini əldə etmiş Azərbaycanın inkişaf prosesi, bu prosesdə Heydər Əliyevin azərbaycançılıq məfkurəsi və Azərbaycan xalqının birliyini, Qarabağ uğrunda yumruq kimi birləşərək mübarizəyə səsləyən hayqırtısını tərənnüm edən səhnələr və Prezident, Ali Baş Komandan İlham Əliyevin cəsarətlii hünəri ilə zirvəyə yüksələn qələbə ruhumuzun rəmzini canlandıran Zəfər marşının sədaları altında bütün Azərbaycanın yürüş təntənəsi öz əksini tapır.
“Ədəbiyyat və incəsənət”
(01.11.2023)
Şuşada TÜRKSOY-a üzv ölkələrin dövlət teatrları rəhbərləri şurasının 9-cu toplantısının yekun bəyannaməsi imzalanıb
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi və Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi, Azərbaycan peşəkar milli teatrının yaradılmasının 150 və TÜRKSOY-un 30 illik yubileyləri münasibətilə Şuşada və Bakıda I Beynəlxalq TÜRKSOY Teatr Festivalı keçirilir.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, festival çərçivəsində Şuşada TÜRKSOY-a üzv ölkələrin dövlət teatrları rəhbərləri şurasının 9-cu toplantısı gerçəkləşib.
Toplantıda TÜRKSOY-a üzv ölkələr Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə, Türkmənistan, eləcə də təşkilatın müşahidəçi üzvləri Şimali Kipr Türk Cümhuriyyəti və Qaqauz Yerindən (Moldova) dövlət teatrlarının rəhbərləri iştirak edib.
Mədəniyyət nazirinin müşaviri Oleq Əmirbəyov çıxış edərək iştirakçıları salamlayıb və toplantının işinə uğurlar arzulayıb.
Daha sonra TÜRKSOY-un 30 illiyinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbirdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən beynəlxalq teatr festivalının türk xalqlarının səhnə sənətinin, dilinin, adət-ənənələrinin təbliğinə böyük töhfə olduğu qeyd olunub.
Digər respublikaların nümayəndələrinin də çıxışları dinlənildikdən sonra TÜRKSOY-a üzv ölkələrin dövlət teatrları rəhbərləri şurasının 9-cu toplantısının birgə bəyannaməsi imzalanıb.
Sənəddə türk xalqlarının teatr sahəsində əməkdaşlığın genişləndirilməsi, səhnə işi üzrə sənət mübadiləsi və s. məsələlər əksini tapıb.
Qeyd olundu ki, TÜRKSOY-a üzv ölkələrin dövlət teatrları rəhbərləri şurasının 10-cu toplantısı 2024-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilmiş Türkmənistanın Anev şəhərində keçiriləcək.
Sonda iştirakçı ölkələrin nümayəndələrinə sertifikatlar təqdim olunub.
Qeyd edək ki, I Beynəlxalq TÜRKSOY Teatr Festivalı noyabrın 4-dək davam edəcək.
“Ədəbiyyat və incəsənət”
(01.11.2023)
Bədii, elmi və publisistik yaradıcılıq, pedaqoji fəaliyyət, media - Natəvan Dəmirçioğlunun 60 ili
Səbinə Yusif, “Ədəbiyyat və incəsənət” üçün
Bu gün yazıçı, publisist, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Beynəlxalq Radiosunun direktor müavini, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin müəllimi, "Qazax" Xeyriyyə İctimai Birliyinin üzvü, siyasi icmalçı, media üzrə ekspert, “İlin qadın yazıçısı” (2010), Prezident təqaüdçüsü Natəvan Dəmirçioğlunun 60 yaşı tamam olur.
Natəvan Dəmirçioğlu 1 noyabr 1963-cü ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. 1984-1989-cu illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil almış, tələbəlik illərindən dövrü mətbuatla və Respublika Radiosu ilə əməkdaşlıq edərək, yeni ruhlu və orijinal formatlı yazılarla çıxış etmişdir.
Universiteti əla qiymətlərlə oxuyan D.Natəvan Tələbə Elmi Cəmiyyətinin üzvü kimi 1985-ci ildə Bakıda keçirilən Ümmumittifaq miqyaslı "Tələbə elmi işlərinin respublika müsabiqəsi"nin qalibi olmuşdur. Sonralar Zaqafqaziya Universitetləri Tələbələrinin Elmi Konfransında rus, gürcü, erməni tələbələrdən üstün olaraq konfransın I diplomuna və xüsusi mükafatına layiq görülmüşdür. Axırıncı kursda oxuyarkən 1989-cü il aprel ayında çıxan “Müxbir” jurnalının tələbələrə həsr olunan xüsusi buraxılışında D.Natəvan haqqında ayrıca məqalə verilmişdir.
Natəvan xanım 1989-cu ildə Azərbaycan Dövlət Televiziya və Radio Verlişləri Komitəsində müxbir, 1989-1991-ci illərdə kiçik redaktor, 1991-1994-cü illərdə redaktor, 1994-1995-ci illərdə isə böyük redaktor kimi fəaliyyət göstərmişdir. 1995-2022-ci illər ərzində Azərbaycan Beynəlxalq Radiosunda Cənubi Azərbaycan şöbəsinin müdiri, 2022-ci ildən etibarən isə həmin müəssisənin direktor müavini vəzifəsində çalışır. 2002-2007-ci illərdə Bakı Dövlət Universitetinin doktorantı olmuşdur. 2012-ci ildə “Güney Azərbaycanda milli mədəniyyətin inkişafında Azərbaycan Beynəlxalq Radiosunun rolu” adlı dissertasiya işini uğurla müdafiə etmiş, filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. Elmi məqalələri Respublikamızda, habelə Rusiyada, Ukraynada, Türkiyədə, Qazaxıstanda nəşr olunmuşdur.
Natəvan xanım pedaqoji fəaliyyətlə də məşğuldur. 2006-ci ildən Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin televiziya və radio jurnalistikası kafedrasının müəllimidir. BDU-nun Jurnalistika fakültəsinin bakalavr və magistratura mərhələlərində ayrı-ayrı illərdə “RTV (radio-televiziya verilişləri) jurnalistikasının əsasları”, “Jurnalistin praktik yaradıcılığı”, “Xüsusi kurs”, “Azərbaycan Beynəlxalq Radiosu”, “İslami dəyərlərin RTV-də işıqlandırılması”, “Ədəbi redaktə” fənnlərindən mühazirə və seminar dərsləri deyib. On ilə yaxın Odlar Yurdu Universitetinin “Jurnalistika, dil və ədəbiyyat” kafedrasının müəllimi kimi fəalliyyət göstərib. Odlar Yurdu Universiteti tələbələrinə “Beynəlxalq Jurnalistika”, “Kütləvi informasiya vasitələrinin hüquqi tənzimlənməsi”, “Jurnalist sənətkarlığı və tələbənin praktik yaradıcılığı”, ”Jurnalistin nitq mədəniyyəti”, “Radio və TV jurnalistikasında aparıcının iş metodikasının xüsusiyyətləri” fənlərindən mühazirə və məşğələlər keçib.
2013-cü ildə Odlar Yurdu Universitetində Ulu Öndər Heydər Əliyevin 90 illik yubleyinə həsr edilmiş Beynəlxalq elmi konfransın humanitar bölməsinin elmi katibi olub. Bir neçə il isə Bakı Avrasiya Universitetində “Araşdırma jurnalistikası”, “ Peşəkar jurnalistika”, “RTV jurnalistikasının iş metodikası” fənlərindən mühazirələr oxuyub.
Tədris sahəsində onun fəaliyyəti həm də bu fənlərin proqramlarının hazırlanması ilə bağlıdır. Pedaqoji fəaliyyəti dövründə onlarla tələbənin diplom rəhbəri və məsləhətçisi olub. DİM-in jurnalistika ixtisası üzrə eksperti olan N.Dəmirçioğlu eyni zamanda Teleradio Akademiyasının müəllimidir.
Natəvan xanım yaradıcılığa orta məktəbdə oxuyarkən başlamışdır. İlk yazılarından olan “Bir ovuc torpaq” hekayəsi 1983–cü il, 7 mart tarixində Qazax rayonunun “Qalibiyyət bayrağı” adlı qəzetində nəşr olunmuşdur. Bunun ardınca bir pyes, bir neçə hekayə yazmışdır. Daha sonra 1997-ci ildə “Üç nöqtə”, 1998-ci ildə “Səbət” povestləri “Azərbaycan” jurnalında dərc edilmişdir.
O, 1999-cu ildə Heydər Əliyevin imzası ilə gənc yazarlara verilən birillik prezident təqaüdünə layiq görülmüşdür.
Sonralar “Yetim” povesti Natəvan Dəmirçioğlu imzasını ədəbi ictimaiyyətə tanıtmışdır. Müəllif 2004-cü ildə Azərbaycan Ədəbiyyat Fondunun "Qılınc və Qələm" mükafatına layiq görülmüşdür. 2006-cı ildə bu əsərlərin, “Avey əfsanəsi”, “Dözüm” hekayələrinin və həcmcə daha kiçik olan “Kəlağayı” hekayəsinin daxil edildiyi “Birinci kitab”ı nəşr olunmuşdur. Müəllifin “Birinci kitab”ını mütəxəssislər müasir Azərbaycan nəsrinin ədəbi hadisəsi hesab edirlər. Daha sonra 2010-cu ildə müəllifin ilk kitabı rus dilinə tərcümə olunaraq Moskvanın ədəbi mühitində nüfuzlu olan “Filinta” nəşriyyatında “Kniqa pervaya” adı ilə dərc edilmişdir. Elə həmin ildə yazar həm “İlin qadın yazıçısı” elan edilmiş, həm də Prezident İlham Əliyevin imzası ilə ikinci dəfə prezident təqaüdünə layiq görülmüşdür. Natəvan xanım bir sıra yaradıcılıq birliklərinin üzvüdür, dəfələrlə fəxri fərmanlarla və diplomlarla təltif edilmişdir.
Natəvan Dəmirçioğlunun əsərləri dünyanın bir sıra dillərinə - ingilis, rus, fransız, fars, özbək dillərinə tərcümə olunmuş, Türkiyə türkcəsinə uyğunlaşdırılmışdır. 2007-ci ildə İstanbulda “Hazar kıyısında yerle gök” toplusunda hekayəsi dərc olunmuş, 2014-cü ildə Kanadada "Modern Azerbaijani Women’s Prose” seriyasında “Basket” (“Səbət”) povesti çap edilmiş, 2015-ci ildə isə “Yetim” əsəri Ankarada Türkiyə türkcəsində kitab şəklində buraxılmışdır. “Yetim” əsəri ilk Azərbaycan müəllifinin əsəridir ki, “Ölmədən öncə okumanız gərəkən 1001 kitab” seriyasından, “Ən iyi əlli romandan biri” nominasiyasında nəşr olunmuşdur. Natəvan Dəmirçioğlunun əsərləri haqqında Azərbaycan, Rusiya, Türkiyə və Qazaxıstan mətbuatında bir sıra resenziyalar çap olunmuşdur.
İxtisasca jurnalist olan Natəvan xanımın peşə fəaliyyəti Respublika Radiosunun incəsənət şöbəsi, sonra isə ədəbiyyat şöbəsi ilə bağlı olmuşdur. Burada “Qayğı” bədii-publisistik proqramın, “Şəbəkə”, “İncəsənət salonu” verilişlərinin fəal yazarı, sonra isə “Müqəddəslik və müqəddəslərimiz”, “Qalmaz belə dünya” müəllif verilişlərinin yaradıcısı, “Ovqat” verilişinin ilk yazarlarından biri, eyni zamanda, populyar “Bulaq” verilişinin ilk qadın müəllifi kimi tanınmışdır. O, Azərbaycan Beynəlxalq Radiosunun Cənubi Azərbaycan redaksiyasında işini davam etdirir.
“El folklor toplusu”, “Qayıdıram Araz boyu”, “Örnək”, “Yurd arası çəpər olmaz” verilişlərinin yaradıcısı və müəllifi olmuşdur. Hazırda, həmçinin gündəlik “Səhər” proqramının müəlliflərindən biridir.
İlk olaraq xarici verilişlərin fondunu yaratmışdır. Çox sayda verilişləri radiofondda saxlanılır. “Üç nöqtə” və “Səbət” povestləri əsasında hazırlanan radiotamaşalar Azərbaycan Radiosunun Qızıl Fondunda qorunur. “Xalq qəzeti”nin sifarişi ilə bu nüfuzlu mətbu orqanda dəfələrlə siyasi mövzulu yazılarla çıxış etmişdir.
Evlidir. 2 övladı, 3 nəvəsi var.
“Qazax" Xeyriyyə İctimai Birliyi İdarə heyətinin sədri, professor İlham Pirməmmədov, İctimai Birliyin üzvləri, o cümlədən Qazax mahalının ziyalıları Natəvan Dəmirçioğlunu 60 illik yubileyi münasibətilə təbrik edir, uzun ömür, can sağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayırlar.
“Ədəbiyyat və incəsənət”
(01.11.2023)
Mən də xəyalam, sən də xəyalsan…
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
İkimiz də xəyalıq
Mənsizlik toxumunu əkdinmi qəlbinə?
Göz yaşlarınla cücərtdinmi heç?
Hər nəfəs alanda ağır gəldimi sənə?
Məzarımı niyə qəlbinə saldın ki, xəyal adam?!
Əlin çatmır qəlbinin dərinliyinə,
Çıxart məni o məzardan, qurtul darlıqdan.
Özündən izn almadan uzaq oldunmu özünə?
Günəş bahar sevən kimi sevdinmi öz gülünü bağban kimi?
Onun nəfəsindən ciyərin daddımı?!
Nəfəsi ilə nəfəsini kəsdimi, nəfəsimi kəsdiyin kimi?!
Xəyal adam, yoxluq və varlıq sərhədindən bezmədinmi?
Söylə görüm sol sinənə yumruğunu çırpdınmı?
Qəlbindəki məzarımı dağıtmağa cəhd etdinmi?!
Mənsizlik toxumu tez cücərib göz yaşlarından,
Tikanlı məftil kimi sarılıb vücuduna.
Bu tikanlı məftili qırmağa çalışdınmı?
Görmək üçün göz lazım deyil, bəyan etdinmi?
Xəyal adam, qəlbin gözlərinə məni neçə dəfə təsvir etdi, söyləsənə.
Xəyal adam, sən hüdudsuz təxəyyülümsən,
Mən adlı kitabın üz qabığısan,
Qəlbimdə gizlənib sözümdə yaşayırsan.
Sənin varlığında varlığım yatır,
Gizli hərflərlə yazılmış bir sirsən.
Sirli hərfləri anlayan tapar.
Ruha divar olmaz qazılmış məzar,
Mən də xəyalam, sən də xəyalsan.
Xəyallar içində yoxa çıxmışıq!
“Ədəbiyyat və incəsənət”
(01.11.2023)
İraq türkmanları AYB-də oldular
“Ədəbiyyat və incəsənət” portalı Əməkdar jurnalist Əli Nəcəfxanlının Azərbaycan Yazıçılar Birliyində keçirilən tədbir barədə yazısını təqdim edir.
Bakı Beynəlxalq Multikulturalizm və Beynəlxalq Münasibətlərin Təhlili mərkəzlərinin birgə keçirdikləri “İraq türkmanları və Türk dünyası: Tarixi yaddaşın bərpası” mövzusunda beynəlxalq konfransın iştirakçıları ilə Azərbaycan Yazıçılar Birliyində maraqlı görüş olub.
Tədbiri açan AYB sədr müavini Rəşad Məcid qonaqları salamlayaraq, qardaş xalqlarımızın ədəbi əlaqələrinin dərin köklərindən söz açdı. Sonra o, Kərkük Kültür Dərnəyinin rəhbəri, ünlü yazar Şəmsəddin Küzəçinin təkrar nəşr kimi hazırlayaraq Ankarada çap etdirdiyi “Rəsul Rza: Uzaq ellərin yaxın töhfəsi” kitabını təqdim etdi.
Yeni nəşrin redaktoru və “Ön söz”ünün müəllifi – filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi Qəzənfər Paşayev unudulmaz Xalq şairi Rəsul Rzanın zamanında geniş əks-səda doğurmuş “Uzaq ellərin yaxın töhfəsi” məqaləsi haqqında ətraflı məlumat verdi.
O bildirdi ki, Azərbaycanın görkəmli şairinin həmin məqaləsi 60-cı illərdə “Azərbaycan” jurnalında çıxandan sonra geniş əks-səda doğurub. Hətta İraq türkmanlarının öndə gələn ziyalısı, folklorşünas alim Əbdüllətif Bəndəroğlu baş yazarı olduğu “Qardaşlıq” dərgisinin ardıcıl olaraq 6 sayında həmin məqaləni çap etdirmişdi. İndi isə Şəmsəddin Kuzəçi məqaləni kitab halında çıxararaq, İraqda yaşayan soydaşlarımıza, həmçinin qürur və güvənc yerimiz olan türkiyəli qardaşlarımıza ərməğan edib. Bunu əlamətdar hadisə sayan görkəmli ədəbiyyatşünas həm də bildirdi ki, böyük Azərbaycan sevdalısı olan Şəmsəddin Kuzəçinin bu yaxınlarda AMEA-nın fəxri doktoru seçilməsi fərəhli hadisədir.
AYB-nin sədri, Xalq yazıçısı Anar Rəsul Rza yaradıcılığına olan həssas münasibətdən, kitabda bir çox müəlliflərin şairin poetik özəllikləri barədə məqalələrinin toplanmasından məmnunluğunu bildirdi. Ardınca Anar mərasim iştirakçılarına bir xoş xəbəri də çatdıraraq dedi ki, indicə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin baş direktoru, Rəsul Rza Fondunun sədri, akademik Rafael Hüseynov zəng edərək, Şəmsəddin Kuzəçinin bu il üçün Beynəlxalq Rəsul Rza mükafatına təqdim olunacağını bildirib.
Şəmsəddin Kuzəçi diqqətə görə minnətdarlıq edərək, Rəsul Rzanın iraqlı qardaşlarımıza diqqətinin nəticəsi olan məqaləsi əsasında hazırladığı kitabın üzərində apardığı yaradıcılıq işindən bəhs etdi. O, həmçinin qədirbilənliklə xatırladı ki, Rəsul Rzanın 80-ci ildə qələmə aldığı “Yaralı Kərkükün bugünkü xoryat və maniləri” silsilə şeirlərini də oradakı soydaşlarımız sevə-sevə oxuyurlar. Kitabın müəllifi qardaşlıq əlaqələrimizin, mədəni və ədəbi ünsiyyətlərimizin təməlini atanların daim böyük ehtiramla yad olunacağını və İraq böyük səmimiyyətlə qələmə aldığı səyahətnaməsi heç zaman öz təravətini, aktuallığını itirməyən ustad Rəsul Rzanın daim bu sırada başda olacağını söylədi.
Təqdimat mərasimində çıxış edən digər natiqlər də kitabın məziyyətlərinə işıq saldılar və bu kimi layihələrin davamlı olacağına inamlarını ifadə etdilər.
“Ədəbiyyat və incəsənət”
(01.11.2023)