
Super User
İradə Tuncay: “Bəzi yerlər var ki, mən ora gedəndə mütləq atamı xatırlayıram..”
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Olduqca mükəmməl xanımdr. Onu nəiləsə təəccübləndirmək elə də asan deyil. Çox ölkələrə səfər edib, çox xalqların mədəniyyəti ilə yaxından tanış olub. Onun üçün insanlarda ən gözəl xüsusiyyət mərhəmət, ən nifrət etdiyi isə, yalandır. Peşəsini çox sevir, amma söyləyir ki, rəssamlığı da bacarsaydı daha xoşbəxt olardı. Bəzi düşündüklərini sözə çevirə bilmədiyini, çox bəyəndiyi pis cəhəti hesab edir. Qəhrəmanı Çe Gevara olan bu xanım, qanunların bərqərar olduğu yerdə özünü daha rahat hiss edir. Heç zaman jarqon ifadələri dilə gətirmir. Anlayışsız mühitdə yaşamağı bədbəxtlik sanır...
“Lap balaca vaxtımdan atamla anama fərq qoyurdum. Atamı həmişə artıq istəmişəm, indi də elədir. Özü də onun xatirəsi ölmüş adamın xatirəsi deyil, canlıdır, yenidir. Atam mənim yadıma bilirsən necə düşür? O fotoda “vspışka” olur e, yanıb-sönür, bax elə bir şey kimi gəlir gözümün qabağına. Ya bir söz, ya bir qoxu uşaqlığımdakı atamı canlandırır. An da deyil bu, qarşına çıxır və onu xatırlayırsan. Mən çox səfər edən adamam. Xeyli ölkədə olmuşam. Hara getsəm çox qəribədir, düşünürəm ki, atamın bu yerlə bağlı yazdığı nəsə varmı. O, ömrünün böyük hissəsini xəstə olub, gəzə də bilməyib. Bəzi yerlər var ki, mən ora gedəndə mütləq atamı xatırlayıram. Məsələn, Lvova getmişdik. Düşəndə birinci yadıma gələn o oldu ki, Məmməd Arazın “Əsgər qəbri haqqında ballada” poeması var, Lvovda yazıb. Orada böyük bir qəbiristanlıq var. Müharibədə ölən əsgərlərin məzarlığı. Atam həmin qəbiristanlıqda İbrahimov soyadlı birisinin məzarını görüb. Bundan doğan o təəssüratları qələmə alıb. Çox qəribə bir poemadır, janr olaraq maraqlıdır, poemanın dramaturgiyası var.”- söyləyir...
Haqqında söhbət açdığım xanım- Xalq şairi Məmməd Arazın qızı, yazıçı, publisist İradə Tuncaydır. 1959-cu ildə Bakıda anadan olub. BDU-nun jurnalistika fakültəsini bitirib.
Deyir ki,- “Bu gün cəmiyyət böyük yazıları, böyük məlumatları, necə deyərlər, həzm etmir. Ona görə də mətləbi oxucuya yığcam şəkildə çatdırmaq lazımdır. Blez Paskal hələ XVII əsrdə bir məktubunda yazmışdı ki, bu məktubu həmişəkindən uzun yazdım, çünki daha qısa yazmağa vaxtım yoxdur. Yəni əgər sən bir mətni lokanikləşdirə bilmirsənsə, deməli, o barədə məlumatın ya yoxdur, ya da yetərli deyil. Əgər toxunduğun mətləbi oxucuya, necə deyərlər, həzm elətdirə bildinsə nə yaxşı, əks halda oxuyan olmayacaq. Çox çalışırsan ki, oxucuların sayı artsın, amma baxanda görürsən ki, bir xəbərə maksimum 400-500 baxış olur. 10 milyonluq respublika üçün bu, dəhşətli mənzərədir. Amma təəssüf ki, reallıq belədir...”
Gözəl yazı tərzi, özünəməxsus üslubu var. Düşündürməyi bacarır. Araşdırma qabiliyyəti, tədqiqat səriştəsi, daim öz üzərində işləmək səyi yüksək səviyyədədir. Müsbət xüsusiyyətləri çoxdur. Yaxşıya “yaxşı”, pisə “pis” deməkdən çəkinmir. Zövqlü geyinməyi xoşlayır, davranışında səmimidir. Ailəsinə bağlı xanımdır- mehriban həyat yoldaşı, qayğıkeş ana və nənədir. Ömür-gün yoldaşı Aqil Abbasla həm də dostdurlar.
“Adam atasını özü seçməsə də, həyat yoldaşını özü seçir, amma burada taleyin, qismətin rolu var. İnsanın ailəsində hər cür hadisə ola bilər. Həyatdır. O qədər sürprizləri var ki! Çalışırsan münasibəti qoruyub-saxlayasan. O da çalışır, sən də çalışırsan. Bəlkə, bundan sonra gələn nəsillər bizim qədər çalışmayacaqlar, bilmirəm. Mən bu barədə çox düşünmüşəm. Məcnuna deyirlər, özünün və Leylinin rəsmini çək. O, yalnız özünü çəkir. Səbəbini soruşanda, deyir, kişi qadının örtüyüdür, qadın görünməməlidir. Bəli, biz ikimiz bir candayıq, daha çox görünən isə odur. Necə deyərlər, Aqil xalq adamıdır, xalqın arasında olmağı xoşlayır...”- söyləyir...
Mətbuatımızın bu günü onu narahat edir. Gənc jurnalistlərin daha çox mütaliə etməsini arzulayır və bu yolda əlindən gələni əsirgəmir.
Deyir ki,- “Bu barədə danışmaq çətindir. Özümə müəllim hesab etdiyim şəxsiyyətlər olub. Mütaliəmi beynimdə sistemləşdirə bilmişəm. Adam var ki, çox oxuyur, lakin tətbiq edə bilmir. Amma mən hər kəsin yerinə də bir söz deyə bilmirəm. Həmişə çalışmışam ki, gənclərə nəsə kömək edim. Özümüzü qorumağı bacarmalıyıq. Bunun əsas yollarından biri də mətbuatdır. Leninin gözəl bir fikri var: "Oxumaq, oxumaq, yenə də oxumaq". İstərdim ki, gənclərimiz çox oxusunlar, oxumağa ərinməsinlər. Arzu edirəm ki, hər şey yaxşı olsun. Bu gün yazılı mətbuatda da, teleməkanda da eyni proses gedir. Ağıllı sözü eşidə biləcək tamaşaçı bu gün yox səviyyədədir. Bizim dövrdə həmişə şairə, sözə inanmaq kimi bir ənənə var idi. Bəzən nəsrin populyar olmadığı dönəmlərdə böyük elmi əsərlər şeir dilində yazılardı. Biz bu gün mədəni mühitdən uzaqlaşırıqsa, düşünürəm ki, o zaman həbsxanalar tikmək üçün vəsait ayırmalıyıq. Əxlaqdan naqis adamların yetişdiyi cəmiyyət qorxulu cəmiyyətdir. Ona görə də mütləq şəkildə ideoloji əsaslar yaratmalıyıq. Təəssüflər olsun ki, televiziyalar şəxsi meyarları nəzərə alır. Amma birinci növbədə milyonların sevgisini qazanmaq lazımdır...”
Bəli, anlayışsız mühitdə yaşamağı bədbəxtlik hesab edən bu xanım, öz həyatından nümunə gətirərək, adamları təhsil və mütaliənin insan həyatında önəmli rol oynadığına inandırmağa çalışır. Onun “Facebook” sosial platformasında dodaqaçıran paylaşmaları isə bir başqa aləmdir. Bir də görürsən ki, elə bir fikir paylaşır ki, adamı həm güldürür və həm də düşündürür...
Bu il İradə xanım üçün yubiley ilidir. Ömrünün 65-ci təntənəsini yaşayacaq, yaxın dostları ətrafına yığıb hesabat verəcək. Düşərli olsun, İradə xanım!
“Ədəbiyyat və incəsənət”
(19.01.2024)
21 YANVARIN YAZISI: Zəlimxan Yaqub - arzuları çin olan Şair
Ramiz Göyüş, “Ədəbiyyat və incəsənət” üçün
Zəlimxan Yaqub fenomeni haqqında çox deyilib, çox yazılıb və hələ innən belə də, əbədiyyətəcən yazılacaq, deyiləcəkdir. O, Azərbaycan ədəbiyyatı tarixinə öz adını əbədi yazmış nadir söz ustadlarındandır.
Əminəm ki, onun əsərləri, əsərlərində qoyduğu problemlər, poetik üslubu və dili hər zaman maraqlı və oxunaqlı olacaq, zamanın sərhədlərini aşaraq min illərə gedib çıxacaqdır. Zəlimxan poeziyası oxunduqca, öyrənildikcə daha orjinal, daha aktual, daha maraqlı olacaqdır. Onun yaradıcılığına hansı baxış bucağından baxılmasından, hansı tərəfdən yanaşılmasından asılı olmayaraq sözünün sanbalı, gücü, mənası, ləngəri və ifadə forması, poetikası ilə həmin dövrün oxucusunu heyrətləndirəcəkdir.
Zəlimxan Yaqubun Qarabağ dərdləri haqqında əsərləri “Şair harayı” kitabında toplanmışdır. Hər sətrindən, hər sözündən fəryad qopan bu əsərlər əsasən 1990-1993-cü illəri əhatə edir. Həmin illərdə şairin bütün yaradıcılığı sanki bu problemlərə yönəlmişdi. Böyük ədəbiyyatşünas-filosof Yaşar Qarayev şairin qeyd olunan əsərlərinin toplandığı həmin kitabı haqqında yazırdı: “Kitabdakı şeirlər haraydır, gileydir, şairin Atillaya dediyi şikayət, Pənah xana söylədiyi ağı, Xocalıya oxuduğu layladır. Bu ağı və laylalarla Şəhriyarı öz dərdindən hali edir, Cavad xana, Babəkə, Qazan xana ürəyini boşaldır, əzabını bölüşmək üçün şaha, şeyxə və şairə-Şah İsmailə pənah gətirir”.
İblis yenə fitnəsində, şeytan şərində,
Ağrı canda, nisgil gözdə, yara dərində.
Tağım uçdu, belim sındı Xudafərində,
Şeyxim mənim, şahım mənim, şairim mənim!
Və ya:
Qanlı bir yuxu gördüm, yuxu yozanım haray,
Ustad Dədə Qorqudum, ulu ozanım haray,
Gəlsin Tüpdağıdanım, Halaypozanım haray,
Qüdrətimə xal düşdü, arıma güllə dəydi.
Ta qədim zamanlardan bu günümüzədək müharibələrdə saz, söz silahla bərabər olub. Zəlimxan Yaqub əsərlərində şeirini, sözünü yarağa, gülləyə, mərmiyə, ildırıma, şimşəyə döndərir. Zəlimxan yaradıcılığında söz ordunu ayağa qaldırmağa qadir qüdrət sahibidir:
Haqqın var baş olub, başda durmağa,
Qaldır məmləkəti ayağa, şeirim!
Misralar meydanda mərmiyə dönsün,
Kəlmələr gülləyə, darağa, şeirim!
Qızıldan bahadır hər gün, hər saat,
Gözləmir, heç kəsi gözləmir həyat.
Torpağı silkələ, göyləri oyat,
Sığışma dəftərə, varağa şeirim!
Şair bu mövzuda yazdığı əsrlərdən birini “Vətən yaraları” adlandırıb. Kəlbəcər rayonunun işğalına həsr olunmuş bu poema bir yazının, bir tədqiqatın mövzusudur. Poema bu misra ilə başlanır: “Dedilər ki, bu axşam Kəlbəcər də verildi ”. Müəllif “verildi”kəlməsini görün əsərdə necə təqdim edir:
Birdən birə elə bil,
Duyğularım, hisslərim kaman kimi gərildi!
Söhbətə bax, sözə bax
Kəlbəcər də verildi...
“Tək bircə Kəlbəcər gedibsə əldən, mənim kimisinə haramdı dünya” deyərək haray çəkirdi Zəlimxan Yaqub:
Necə ola bilər ki,
Bircə günün içində məğlub olsun Kəlbəcər,
Bir daşı, bir qayası tərpənməsin tük qədər?!
Mən buna inanmıram,
Mən bu məğrur dağları məğlub olmuş sanmıram!
Belə olanda şair haray çəkir, fəryad qoparır. Ən uca dağın zirvəsin qalxaraq gur səsi ilə bütün Azərbaycana müraciət edir: “Gözünü yaş yandırıb, qəlbimi qəm tutanlara, ayağı yer, dili söz, əli qələm tutanlara, ağsaqqallara, qocalara, sərkərdəyə, ozana, tariximizi qan içində yaradıb, qan üstündə yazanlara, əri şəhid olanlara, oğul məzarı üstə saçlarını yolanlara, toyu yasa dönənlərə, alışmamış sönənlərə, milyonçuya, rüşvətxora, oğruya, alçağa, baş kəsənə, atasından inciyib, anasından küsənə, qorxağa, fərariyə, kənara çəkilənlərə, aradan əkilənlərə, Vətən adı gələndə arzuları çin olanlara, qeyrətli oğullara, işi ancaq söz olub, söz üstə yarışanlara, qaçqın, köçkün, didərgin, evsiz-eşiksiz qalanlara, dili səssiz, laylasız, əli beşiksiz qalanlara, partiyalara, dəstələrə, dəstəbazlara, qurumlara, hayasız alverçilərə, halal ticarətçilərə, min dəfə soyulanı bir də üstəlik soyanlara, dünya malından ötrü öz doğma qardaşına daldan güllə atdıranlara, min dəfə əziləni yenidən əzdirənlərə, Vətəni qəlbində yox cibində gəzdirənlərə səslənir, onları haraylayır”:
Mən sizi çağırıram,
Mən niyə çağırıram?
Bu çağırış, bu nida, bu səs nə deyir sizə?
Ürəyimi göynədən,
Dodağımı yandıran nəfəs nə deyir Sizə?
Düşünün fikirləşin!
Xəyanətkarları, satqınları lənətləyir Zəlimxan Yaqub: “Çoxu eşşək gəzir hərifləməyə, çoxu yəhərlənmiş hazır at gəzir, Şuşa əlimizdən gedəsi olsa, çoxu kəlləsinə güllə sıxırdı, “maşallah” hələdə salamat gəzir”:
Vaqif! Ey sərvərim, ey tacidarım!"
Başdan Şuşa adlı tacı vermişik!
Şuşanı verməklə düşmən cənginə,
Məkkəni vermişik, Hacı vermişik!
O illərdə şair təkcə Dədə Qorquda, Qazan xana, Şah Xətaiyə müraciət etmirdı, həm də “Allahım mənə bir ağsaqqal yetir” deyərək Tanriya müraciət edirdi:
Allahım mənə bir ağsaqqal yetir,
İstər yerdən çıxart, özün bilərsən.
İstər göydən endir, özün bilərsən.
...İstər Cavanşiri qaldır yerindən,
İstər Xətaini təzədən gətir.
...Baş ver, başımızda tac ola bilsin
Ruh ver qolumuzda güc ola bilsin.
...Dönsün nəsillərin ziyarətinə,
Məkkə ola bilsin, Hacc ola bilsin!
...Adamı insana, kütləni xalqa
Tayfanı millətə çevirmək üçün,
Allahım, mənə bir ağsaqqal yetir!
Və 1993-cü ildə Tanrı o, ağsaqqalı Azərbaycana yetirəndə, xalqın təkidli tələbi ilə Ümumilli liderimiz Heydər Əliyev hakimiyyətə gələndə Zəlimxan Yaqub yazırdı:
Addımbaşı ölümlə çarpışan şirim mənim,
Ölümsüzüm, olməzim, əbədi dirim mənim,
Gur ocaqlar yandıran ocağım, pirim mənim,
Yüz minlərin içində minim yox, birim mənim,
Allah özü də təkdir, baxma meydanda təksən,
Sən qalib gələcəksən!
Lakin qalibiyyətin təmin edilməsi üçün çox iş görmək lazım idi. Ən birincisi isə ordudan, başlamaq lazım idi. Qarabağın qalibiyyəti ordudan keçirdi. Şair haray çəkirdi: Mənə ordu gərəkdir, xəstəyə dərman kimi, mənə ordu gərəkdir, nəfəs kimi, can kimi, mənə ordu gərəkdir, sarsılmaz cahan kimi.
Şair həm də soyuq səngərlərdə Vətənə keşik çəkən, başsız dəstəbaşçıların başsızlığı üzündən canını düşmən gülləsinə güdaza verən əsgərlərimizə müraciətən yazdığı “Əsgər qardaşma məktub” şeiri çox təsirlidir. Onun əsgərlərimizə müraciət formasına diqqət yetirin: Mənim şah damarım, mənim sağ gözüm:
Özün qaz səngəri, özün aç yolu,
Dumandan, gümandan çıxart milləti.
Ən güclü ordunun zərbəsinə dön,
Ən ağır zamandan çıxart milləti,
Qələbə pay deyil, hədiyyə kimi.
Gətirib hardansa verələr sənə.
Özün qazanmasan lənət oxuyar,
Bu dağlar, bu düzlər, dərələr sənə.
Şair bizim Böyük Qələbəyə, Müqəddəs qələbəyə Gün kimi, Ay kimi inanırdı. O, bu qələbənin çox uzaqda olmadığını da hiss etmişdi. Şeirlərindən göründüyü kimi Qarabağ düyününü danışıqlar yolu ilə deyil, savaş yolu ilə həllini istəyirdi. Ömrünün sonuna yaxın Qarabağ haqqında yazdığı şeirlərdə xalqı, milləti savaşa, döyüşə çağırırdı,”Son saatım, son xilasım, son əlacım hücumdu” deyərək hər bir Vətən oğluna səslənirdi:
Qara buludların yaxasını cır,
Dəli şimşəklərin inadını qır,
Yer kimi silkələn, göy kimi hayqır
Haydı Vətən oğlu sərhədləri aş,
Savaş istəyirəm, dəli bir savaş.
Hiss edirdi ki, bu “dəli savaş”da qalib olacağıq. Yoxsa bizi babaların ruhu bağışlamaz, gələcək nəsillər bizi başa düşməz, şəhidlərin ruhu od tutub yanar. Ona görə gur səsilə hayqırırdı:
Anam Azərbaycanım! Dayanma məzlum, fağır,
Məzlumların başına göydən od-alov yağır.
Bütün oğullarını səslə, döyüşə çağır,
Bir göz qırpımı belə qiymətli an deməkdir,
Tökülən hər damla qan bir həyacan deməkdir,
Bu gün döyüş meydanı Azərbaycan deməkdir.
Yaxşılara yaxşı ol, yaman ol yamanlığa,
Ana Vətən,hazır ol Böyük qəhrəmanlığa!
Zəlimxan Yqaub həmişə səsi, sözü şeirləri ilə xalqı birliyə çağırırdı. Bu baxımdan onun “Şair harayı” poemasının finalı çox maraqlı və təsirlidir: “Nurlu axşam düşər, qızıl dan olar, qızıl sünbül bitər, qızıl dən olar, millətin dirəyi qızıldan olar, daşlar gül bitirər, qayalar çiçək, bu gün yumruq kimi birləşə bilsək”:
Torpağın dalınca torpaq gedəcək,
Ağacın dalınca yarpaq gedəcək,
Qanımız getdisə canımız gedib,
Baş getdi dalınca papaq gedəcək.
Dünya şirinlikdən daddan çıxacaq,
Papaq unudulub yaddan çıxacaq,
Ləçək bağlanacaq başlara ləçək,
Bu gün yumruq kimi biz birləşməsək!
Zəlimxan Yaqub 2003-cü ildə Ümummilli liderimiz Heydər Əliyevə həsr etdiyi “Böyük ömrün dastanı” poemasında: ”...Şah İsmyıl Xətayim, igid oğlu, ər oğlu, O, da Heydər oğludur, İlham da Heydər oğlu” deyərək Prezident İlham Əliyevin indi xalqımızı bir məslək, bir amal uğrunda birləşdirəcəyinə və böyük qələbəyə nail olacağını inanırdı. Şair O günü görməsə də arzuları çin oldu. Cənab Ali Baş Komandan İlham Əliyev bir yumruq kimi birləşdirdi bu xalqı. Ali Baş Komandan, Azərbaycan Əsgəri və Azərbaycan Xalqı bir yumruğa çevrildi. Birlik rəmzinə çevrilən bu “ Dəmir yumruq” düşmənin başında ildırım kimi çaxdı. Bu birlik Azərbaycan xalqının və dövlətçiliyinin tarixinə qızıl səhifələr yazdı. Milyonlarla insanın arzuları çin oldu. İndi Qarabağ azaddır. Qarabağ Azərbaycandır! Sənin də ruhun şaddır, Zəlimxan Yaqub! Çünki sənin də arzuların çin olub.
“Ədəbiyyat və incəsənət”
(19.01.2024)
“Sənin imanını eşq ilə cinah eyləmişəm” - QƏZƏLLƏR
Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”
İstəkli oxucular. OXUCULARIMIZIN YARADICILIĞI rubrikasında bu gün mən Nigar sizlərə gənc qəzəl həvəskarı Təbriz Babayevin iki qəzəlini təqdim edirəm. Düşünürəm ki, onları bəyənəcəksiniz.
“Eyləmişəm"
Sevmişəm mən səni, ey yar, nə günah eyləmişəm.
Çəkmişəm dərdini aləmdə fərah eyləmişəm.
Nə qədər vardı günahım, gecələr tövbə edib,
Arsız-arsız onu mən bir də sabah eyləmişəm.
Mürği-dil baği-gülüstanə tərəf uçmaq üçün
Sənin imanını eşq ilə cinah eyləmişəm.
"Bərəkallah" demişəm: atmışam addım sənə mən,
O məqam aləmi-dünyadə fəlah eyləmişəm.
Təqsiri-halımı nihan elədim hər kəsə, çün
Sənə bir-bir danışıb gizli izah eyləmişəm.
Ömrümü məclisi meyxanədə məhv eyləmişəm.
Demə, xülya imiş əslində, naxah eyləmişəm.
Bağladım könlümü könlündə olan sadəliyə,
Eşqimi könlünə, ey yar', nigah eyləmişəm.
Qorxudarmı məni düşman, ya da şeytan tələbi?
Ona imanımı hər vaxtı silah eyləmişəm.
Ola bilsin ki səsim aləmə, Təbriz, yayılıb,
Gecələr fəryad edib, aləmə ah eyləmişəm.
"Gəl oyanaq"
Sevgilim, gəl yenə əvvəlki kimi şən dolanaq,
Hamı xoşbəxt olacaqkən niyə biz qəmdə yanaq?
Bitsin artıq bu yuxu, gəl oyanaq.
Otur əvvəlki kimi xoş sözə başla, söz açıb,
Bizə bir faidə verməz axı yatmaq, göz açıb,
Yenə əvvəlki kimi göz-gözə hər gün dayanaq.
Bitsin artıq bu yuxu, gəl oyanaq...
Sıxsa, bir yol səni qəm-qüssə-kədər, dinmə qəti,
Bizi kim məsxərə eylərsə əgər, dinmə qəti!
Ayrılıqdan bizə kim söz atacaqdırsa, danaq,
Bitsin artıq bu yuxu, gəl oyanaq...
Elə bil sətri dolan köhnə varaqlar kimiyik,
Ya da söz dinləməyən körpə uşaqlar kimiyik.
Böyüyək gəl daha birlikdə olaq, biz calanaq.
Bitsin artıq bu yuxu, gəl oyanaq...
Yenə əvvəlki kimi göz-gözə hər gün dayanaq.
“Ədəbiyyat və incəsənət”
(19.01.2024)
GÜNEY AZƏRBAYCAN POEZİYASI ANTOLOGİYASInda Elnaz İslamvənddən “Salam verdiyim günəş”
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində portalımızın Güney təmsilçisi Əli Çağla bu dəfə sizlərə Elnaz İslamvəndin şeirlərini təqdim edir.
Köylü Qız adıyla tanınmış güneyli şairə, Elnaz İslamvənd 1983-cü ildə Təbriz şəhərində doğulmuşdur. O, 2005-ci ildə pedaqoji fakültəsini Təbriz universitetində bitirmişdir. Şairənin “Bax, mən də köylü qız olmuşam” adlı ilk kitabı 2005-ci il və “Islanmış son duraq” adlı şeirlər kitabı 2017-ci ildə işıq üzü görmüşdür.
SALAM VERDİYİM GÜNƏŞ
Köçəri quşları sevdin həmişə,
Gəlib qonaq qalıb gedən quşları.
Gələnin cütlədin başmaqlarını,
Bir an dayanmaya belə qıçları.
Bir buxça bələdin xatirələrdən,
Olub keçənləri silib-süpürdün.
Sanki biz heç zaman tanışmamışdıq,
Sanki sən deyildin məni öpürdün.
Şəhərdən şəhərə boylanmadaydıq,
Mən sizin günəşə salam verərdim.
Görərdin sən orda bir ağac əkdin,
Mən burda meyvəsin əl atıb dərdim!
Bilirdim azanız haçağ səslənər,
Kölgənə quş belə qonsa bilərdim.
Baharı dizimə çökdürürdün sən,
Hanı mən gördüyüm? -
Borandı, qar, qış!
“Sənə gül alımmı?” dediyin gündən,
Gül nədi, başıma kül ələyirsən.
Mən gedən deyildim, özün bilirsən,
Sən məni bu yola itələyirsən.
Köçəri quşları sevdin həmişə,
Gəlib qonaq qalıb gedən quşları.
Gələnin cütlədin başmaqlarını,
Bir an dayanmaya belə qıçları.
“Ədəbiyyat və incəsənət”
(19.01.2024)
Elə bir zaman olacaq ki… - ESSE
Famil Hacısoy, “Ədəbiyyat və incəsənət”
İçimin bir sakit küncünə çəkilib özüm özümlə söhbət edərkən məni daim narahat edən xalqımızın başına gətirilən “1990-cı il qanlı 20 yanvar” faciəsiylə bağlı suallara cavab üçün fikir-xəyal ağuşuna düşdüm və bir anlıq zamanı an sürətli çalxalanmaqda olan aləmi unudaraq düşünəndə gördüm ki, qürbətdə vətəndən ötrü burnunun ucu göyüm-göyüm göynəyən adamlardan çox, vətəndə yaşayıb elindən, obasından ağızdolusu danışan, yurd məhəbbətindən xəbərsiz, sifət cizgiləri rəngbərəng insanların qismən əhatəsindəyəm.
Kələfinin ucları dolaşıb düyünlənmiş, pırtlaşığının açılışı qəliz bu pərakəndə dünyamızın daş-kəsəkli, eniş-yoxuşlu, həm hamar, həm kələkötür dolaylarında yıxıla-yıxıla, dura-dura hamımız qeyri-ixtiyari zor-xoş zamanın axınına düşüb addımlayırıq. Gedirik ömür payımıza, düşən zamanın qədərindən xəbərsiz. Addımlayırıq özümüz də bilmədən tələsə-tələsə, hər birimizin bəxtənə düşən vaxtın, saatın bir sonu olduğunu bilə-bilə, alın yazısının fərqinə varmadan. Baş alıb gedirik bələkdən kəfənədək, gəlişimizdən gedişimizə qədər olan ömrümüzün qeyri-müəyyən vaxt kəsimində məchulluğa doğru. Hiss və duyğuların həzləri səbəbindən hamımız barışa, əmin-amanlığa, xoşbəxtliyə, firəvan həyat sürmək işığına hamil olmağa fokslanaraq min cür əzab-əziyyətlərdən, müxtəlif növ “zəhmət”lərdən keçə-keçə hansısa tərpəntilər, hərəkətlər sayəsində doğulmuş bugünün qucağında sabahların xətrinə yürüyürük.
Təssüflər olsun ki, bu həzlərimizdən doğub törəyən hərəkət və tərpənişlər- sülh və əmin-amanlıq, səadət və xoşbəxtlik istəyi adı altında edilən çabalar dünyamızın bir yanında var-dövləti aşıb daşan, çil-çıraqları gözçıxaran billur saraylarda adamların kef-damaqla təmtəraql bol nemətlər içində ömür-gün keçirməklə çətinliklər üzündən səfil-sərkərdan ömür sürənlərin halına biganə yanaşaraq yaşamasına, digər o biri yandasa təlatümlər dolu, qandonduran fəlakətlərə- ətrafına od-alov püskürən müharibələrə, qan-qadalara bais olan işğallara, minlərlə uşağın acından və susuzluqdan taleyinin talanmasına, saysız-hesabsız evlərin sahibsiz qalmasına, neçə-neçə kənd və şəhərlərin, ölkələrin dağılaraq xarabaya çevrilməsinə səbəb olur.
Bu məqamda Yəhudi əsilli nevroloq Ziqmund Freydin: “İnsan hər zaman xoşbəxt olmaq istəyir və elə buna görə də bədbəxt haldadır” kəlamında düşündüyüm suala geniş mənada cavab tapdım. İnsan xislətinin hər bir an hərəkətdə oldğu üçün Arzu edək ki, insanların bu həzz və istəklərinə səbəb olan bütün irili-xırdalı, pisliyə, yaxud yaxşılığa yönəlik hərəkətləri bəşərin sağlamlığına, bol-bol sevinç və şadlıq içində təhlükəsiz ömür sürmələrinə xidmət etmiş olsun.
Gəlin inanaq ki, xalqımızın talyində iz buraxmış qara günlər, insanların xislətindəki pisliklər vaxt gələcək yalnız tarixin arxivini zənginləşdirəcək. Bəşər övladının istək və həzləri, nəfs və arzuları ancaq yaxşılığa köklənəcək.
Elə bir zaman olacaq ki, insanların istək və arzularının yaxşılıq çiçəyinin ətrinin rayihəsi bütün yer üzünü bürüyəcək. Cəmi bəşəriyyət yer kürəsini xilas edəcək, pöhrələri içləri saflaşdıran səadət dolu zövqdən zövq alacaq.
“Ədəbiyyat və incəsənət”
(19.01.2024)
Şəhid analarına həsr olunmuş “Ana” filmi ürəkləri titrətdi
Könül, “Ədəbiyyat və incəsənət”
Şəhid anaları. Onlar cəmiyyətin ən ali varlıqlarıdır. Sən vətən üçün canını verən övlad yetişdirə bilirsənsə, demək, burada ən azı gen və tərbiyə səndən gəlir və bu iki faktor ətraf mühitlə, təhsillə, sosiallıqla birləşir.
Ötən gün “Park Cinema” kinoteatrlar şəbəkəsində Xalq yazıçısı Gülhüseyn Hüseynoğlunun uzaq 1944-cü ildə qələmə aldığı eyniadlı əsərin motivləri əsasında lentə alınan və şəhid analarına həsr olunmuş “Ana” filmi nümayiş olundu.
Layihənin müəllifi Toğrul Abdullayev, rejissoru Vüsal Məmmədovdur. Filmdə Əməkdar artistlər Gülər Nəbiyeva və Firəngiz Babayeva, aktyorlar İlqar Musayev, Səyyad Məmmədov çəkiliblər.
Bəri başdan deyək ki, qəddar sovet rejiminə əyilməyən və gəncliyində “İldırım” adlı antisovet təşkilatına üzv olan ədib bu “Ana” hekayəsində də sosializm realizmi ehkamlarını alt-üst edib. Onun müharibəyə, onun gətirdiyi qan-qadaya, şəhidliyə münasibəti başqa cür olub, filmi yaradanlar da bu özəlliyi bacarıqla ekrana daşımağı bacarıblar.
Park Cinema” kinoteatrlar şəbəkəsinin mətbuat xidmətindən məlumat aldıq ki, filmin nümayişindən əldə olunan bütün vəsait “YAŞAT” Fonduna köçürüləcək.
“YAŞAT” – şəhid ailələrinin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda yaralanmış şəxslərin dəstəklənməsi fondudur. Bu təsisatın yaradılmasında əsas məqsəd vətəndaş cəmiyyətinin təşəbbüsləri çərçivəsində dövlət tərəfindən şəhid ailələrinin və hərbi əməliyyatlar zamanı zərər çəkmiş qazilərin sosial müdafiəsi üzrə tədbirlərin həyata keçirilməsidir.
Sabah da 20 yanvardır, daha bir şəhidvermə günümüzdür. Allah bütün şəhidlərimizə rəhmət eləsin, bütün şəhid analarına isə səbr və dözüm versin!
“Ədəbiyyat və incəsənət”
(19.01.2024)
İslam dünyası mədəniyyət liderləri hansı fəaliyyəti prioritet sayacaq?
Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Milli komissiyaları baş katiblərinin II Məşvərət görüşü və təşkilatın İcraiyyə Şurasının 44-cü sessiyası keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, “ICESCO-da İnnovasiya” mövzusuna həsr olunan Məşvərət görüşündə 3 fəaliyyət üzrə üzv dövlətlərin nümayəndələri ilə ICESCO komandası arasında fikir mübadiləsi aparılıb, yaradıcı ideyalar irəli sürülüb. Bildirilib ki, iclasın nəticələri təşkilatın qarşıdakı illər üçün fəaliyyət planlarının, xüsusilə etik liderlik, insan resurslarına sərmayə, idarəetmə və innovasiya mədəniyyəti ilə bağlı fəaliyyət planlarının hazırlanması üçün əsas rol oynayacaq, üzv ölkələr arasında əməkdaşlığın təşviq edilməsinə imkan yaradacaq.
“ICESCO-nun gələcəyini bizimlə formalaşdırın” mövzusunda keçirilən ilk tədbir iştirakçılar üçün etik liderlik, insan resurslarına investisiya, innovasiya mədəniyyəti və ağıllı xidmətlər üzrə innovativ təşəbbüslərin ideya və təkliflərini təqdim etmək imkanı olub.
“ICESCO strategiyasında innovasiya” adlanan ikinci tədbir ideyalar, məlumat mübadiləsi, potensialın yaradılması və siyasətin formalaşmasında əməkdaşlığın genişləndirilməsi üzrə təşəbbüslər üçün ideyaların yaradılmasına həsr olunub.
Üçüncü fəaliyyət isə üzv dövlətlərin ev sahibliyi edəcəyi əsas qlobal tədbirləri, xüsusən də “Riyad Expo – 2030”, UNESCO-nun Özbəkistandakı Baş Konfransı, Azərbaycanda COP29-u əhatə edib.
Azərbaycanda keçiriləcək COP29-a dair tədbir iştirakçılarına məlumat verilib, COP29-un beynəlxalq layihələrin və təşəbbüslərin qlobal təqdimatı üçün yaxşı platforma olduğu diqqətə çatdırılıb. COP29 çərçivəsində həyata keçirilməsi üçün müvafiq sahələr üzrə komandalar tərəfindən yeni ideyalar da irəli sürülüb.
Məşvərət görüşü işini müzakirə sessiyası ilə yekunlaşdırıb.
İcraiyyə Şurasının iclasında təşkilatın 2023-cü ildə fəaliyyətinə, 2022-ci il üzrə maliyyəyə və üzv ölkələr tərəfindən ICESCO-ya edilən maliyyə töhfələrinə dair hesabatlar dinlənilib, İslam Dünyasının Süni İntellekt üzrə Nizamnaməsi, təşkilatın kadrlar və maliyyə qaydaları sənədi, İcraiyyə Şurasının 45-ci sessiyasının keçiriləcəyi yerlə bağlı məsələlər müzakirə edilib.
Tədbirdə Azərbaycanın da təmsil olunduğu ICESCO-nun Maliyyə Nəzarəti Komitəsinin üzv ölkələrinin komitəyə üzvlük müddətinin uzadılması barədə qərar qəbul edilib. Təşkilatın 2024–2025-ci illər üzrə Fəaliyyət Planı və büdcəsi təsdiqlənib.
Azərbaycan nümayəndəsi çıxışında tədbirlərə yüksək səviyyədə ev sahibliyi etdiyinə və qonaqpərvərliyə görə Səudiyyə Ərəbistanına, Krallığın Mədəniyyət Nazirliyinə və ICESCO-ya təşəkkürünü bildirib.
Bu ilin beynəlxalq tədbirlərin keçirilməsi və ICESCO ilə əməkdaşlıq baxımından Azərbaycan üçün önəmli il olduğu diqqətə çatdırılıb. Qeyd edilib ki, 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilmiş Şuşa şəhərində “paytaxt ili”nin açılış mərasimi keçiriləcək və il ərzində çoxlu sayda tədbirlər təşkil olunacaq. Şuşanın mədəniyyət paytaxtı elan edilməsinə görə bir daha ICESCO-ya və üzv ölkələrə minnətdarlıq bildirilib, onlar Şuşada keçiriləcək tədbirlərə dəvət olunub.
Bununla yanaşı, qarşıdakı aylarda Bakıda ICESCO-nun regional ofisinin açılış mərasiminin keçiriləcəyi də diqqətə çatdırılıb.
2024-cü ildə Bakıda ICESCO və digər beynəlxalq təşkilatların tərəfdaş olduqları 6-cı Dünya Mədəniyyətlərarası Dialoq Forumunun və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının (COP29) keçiriləcəyi qeyd edilib, təşkilat və ona üzv ölkələrin sözügedən beynəlxalq tədbirlərdə iştirakının əhəmiyyəti vurğulanıb.
“Ədəbiyyat və incəsənət”
(19.01.2024)
“Stalker” - arzuları gerçəkləşdirən otaq barədə film
Könül, “Ədəbiyyat və incəsənət”
Bu gün saat 19.00-da XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində rejissor Andrey Tarkovskinin “Stalker” filmi nümayiş olunacaq.
Dərhal qeyd edim ki, nümayişin təşəbbüskarı YARAT Müasir İncəsənət Mərkəzidir. Film rus dilində, azərbaycanca subtitrlərlə nümayiş ediləcək.
Təbii ki, Andrey Tarkovski dahi rejissordur və onun hər bir filminə baxmağa dəyər.
Bəs “Yarat” “Stalker” filminin hansı səciyyəvi xüsusiyyətlərini tamaşaçılarımız üçün vacib hesab edir?
“Stalker” filmi ilə dahi rejissor tamaşaçıları insan həyatının mənası haqqında dərin düşünməyə sövq edir. Əlbəttə ki, çoxumuz özümüzü yaşantının gündəlik standart axınına atıb niyə və nə üçün yaşadığımızın fərqinə belə varmırıq.
Film reallıqla fantastikanın sərhəddində qərarlaşıb. Janrca elmi tantastikadır. Sirli və qadağan zonada, şayiələrə görə, ən əziz arzuların gerçəkləşdiyi bir otaq var. Tanınmış yazıçı və nüfuzlu professor bu otağa getməyə qərar verirlər – hər biri öz səbəblərinə görə, amma bu barədə danışmamağı üstün tuturlar. Onları otağa Zona üzrə bələdçi olan Stalker aparır – o ya dəli-divanədir, ya da yeni imanın elçisidir.
Film 1979-cu ildə çəkilib və olduqca maraqlıdır.
Bir sözlə, baxmağa dəyər!
“Ədəbiyyat və incəsənət”
(19.01.2024)
POEZİYAMIZIN QIZIL FONDUNDAN - Vahid Əziz, “Özümü tapa bilmirəm...”
Könül, “Ədəbiyyat və incəsənət”
Xalq şairi Vahid Əziz! Lirikanın ən dərinliyini, fikir yükünün ən ağırlığını, poetik gözəlliyin ən təkrarsızını ortaya qoyan bir şairimizdir Vahid Əziz. Onun vəyənpərvərlik mövzusu da tükənməzdir.
Onun bütün yaradıcılığı gözəldir, bizsə son illər yazdığı şeirlərindən seçmələr edəcəyik. Bu oxuyacağınız şeir 2014-cü ildə yazılıb.
Özümü tapa bilmirəm...
... atları çapın dördnala,
qaçmışam – çatıb gətirin,
qoymayın səhərə qala,
axşamnan tapıb gətirin,
Ayrılıq bir gedər-gəlməz,
hələm-hələm gedən – gəlməz!
Yamanla dünya düzəlməz,
yaxşımnan tutub gətirin.
Yaramadım bu ürəkdən!
Nə fərqim var kəpənəkdən?
İşığımı ya şimşəkdən,
ya şamnan tutub gətirin.
Köynəyi yıprandı sazın,
yolu qapandı Arazın,
yaxşı dostlar dağılmasın
başımnan-tutub gətirin!
Laylan hanı, gözəl anam,
doğdun ki, bu cür talanam!?
O zamannan bədgümanam
Qonşumnan – tutub gətirin!
dövran məni niyə sıxır?
insaf etsin, Allah baxır!
dərd o qədər; adım çıxır
huşumnan – tutub gətirin,
Uçursan, çata bilmirəm,
yuxum ol, yata bilmirəm,
özümü tapa bilmirəm;
yaxamnan tutub gətirin...
“Ədəbiyyat və incəsənət”
(19.01.2024)
Hər kəs uşaqların sağlam, təhlükəsiz və produktiv gələcəyi üçün çalışmalıdır
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
Vətəninə, cəmiyyətə fayda vermək ən gözəl arzulardandır. Bu arzuları həyata keçirən bugünkü müsahibimiz ictimai xadim, uşaq hüquqlarının müdafiəçisi, vətənpərvər şair xanım Mərcan Şahbuzludur.
- Mərcan xanım, uşaq və gənclər öz hüquqlarını necə öyrənə bilərlər?
-Hər bir uşaq və gənc istər ailədə, istərsə də cəmiyyətdə öz hüquqlarını bilməlidir. Bunun üçün BMT- nin Uşaq Hüquqları Konvensiyasını bilmək birinci addımdır. Heç də uşaqların hamısı əla şəraitdə yaşamırlar. Bəzən uşaq və gənclər bəzi hüquqlardan məhrum olunurlar. Yəni, onların hüquqları pozulur. Ona görə də bütün vətəndaşlar uşaqların sağlam, təhlükəsiz və produktiv gələcəyi üçün çalışmalıdır.
- Bu gün uşaqların təhsil səviyyəsi hansı pillədədir?-
-Dünyada təqribən 130 milyon məktəbyaşlı uşaq məktəbə getmir. Onların 3/2-si qız uşaqlarıdır. Bu uşaqların təhsil almaq hüququ pozulub. Hesablamalara görə, 2- ci minilliyin əvvəlində dünyada 850 milyon yəni, dünya əhalisinin 6/1 hissəsi savadsız olacaq. Bu statistika problemin böyük olduğunu göstərir. Təhsil sosial və iqtisadi inkişafın mərkəzi prinsipi və aparıcı faktorudur.
Digər başqa sahələrdə olduğu kimi Konvensiyada uşaqların təhsil hüquqlarının təmin olunması vacib məsələ kimi qeydə alınıb. Hərbi münaqişələr dünyanın çox yerində böyük fəlakətlərə və dağıntılara səbəb olur. Bu gün dünyadakı bir çox müharibələri buna misal göstərə bilərik. İstər Qarabağ, istər Ukranya, Qəzzada çoxlu sayda uşaqlar əziyyət çəkmişdir.
Belə vəziyyətdə UNİCEF VƏ YUNESKO tərəfindən xüsusi hazırlanmış " Edikit" proqramı həyata keçirilir. Bu proqramın əsas məqsədi yaranmış xaosla işləyən müəllim və şagirdlər üçün tədris vaistələri, dərsliklər, materiallar göndərməkdədir.
- Uşaqların maarifləndirilməsində ziyalıların rolu nədən ibarətdir?-
-Məsələn, biz uşaq və gənclər təşkilatında fəaliyyət göstərərkən uşaqları müxtəlif tədbirlər vaistəsilə maarifləndirməyə, onların dünyagörüşünü artırmağa çalışırdıq. Bəzən məktəblərdə şagirdlərin iştirakı ilə tamaşalar hazırlayırdıq. Şagirdlər bu rolları məharətlə oynayırdılar. Hətta bu yaxınlarda rusdilli şagirdlərin ifasında
" Xocalı şəhidlərinin" xatirəsinə həsr edilmiş tədbir hazırlamışdıq. Bu dəfə də şagirdlər gözəl bacarıq nümayiş etdirdilər. Müstəqil Azərbaycanımızda da uşaqlara böyük sevgi və qayğı göstərilir.
- Uşaqların fikirlərinə cəmiyyətimiz tərəfindən diqqət yetirilirmi?
- Uşaqların fikirlərini dinləmək, hörmət etmək lazımdır. Bu prinsiplər uşaqların yaşadıqları dünyanın qurulması və formalaşması üçün vacibdir.
Son illərdə bir çox ölkələrdə uşaqlar ətrafında baş verənlərə təsir etmək imkanı qazana biliblər. Məsələn, Beliçkada uşaqlar valideynləri arasında mübahisələr və ya boşanma zamanı ifadə vermək hüququnu əldə ediblər.
Böyük Birtaniyada uşaqlara aid qərar çıxararkən hakimiyyət orqanları tərəfindən uşaqların fikir və arzuları öyrənilir.
Yaşlı nəsil bəzən uşaqları dinləmir, düşünürlər ki, uşaqlar tam fikir söyləməyə qadir deyillər. Əsla belə etmək olmaz. Yaşlı nəsil uşaqların fikir söyləmə hüquqlarının olduğunu bilib onlara q/ ciddi yanaşmamalıdır.
- Uşaqlara qarşı ayrı- seçkilik, q/ bərabər yanaşma hansı formalarda özünü büruzə verir?
- Uşaq müxtəlif səbəblər üzündən ayrı- seçkiliyə məruz qala bilər, məsələn: əlil olduğuna, küçədə yaşadığına görə, kimsəsiz olduğu üçün, eləcə də irqçilik, dini etiqad, etnik mədəniyyətə görə də ola bilər. Bizim uşaqlarımız tez- tez xarici ölkələrdə bununla qarşılaşırlar. Uşaq ayrı- seçkiliyə ən tez uğrayan təbəqələrdəndir.
Çində məhbusların uşaqları ayrı- seçkiliyə məruz qalır. Uşaqlar günahsızdırlar, valideynlərinin günah ağırlığını daşımalı deyillər. Kimsəsiz uşaqlar küçələrdə yaşayıb hüquqlarından istifadə edə bilmirlər. Həyatın mənası təkcə dünyaya gəlmək deyil axı həyatın mənası dünyaya gələn hər bir uşağın cəmiyyətə, millətə, Vətənə layiqli övlad olmasıdır.
Uşaqlar haqqında yazdığım şeirin yeri göründü.
Uşaqlar
Körpələr yaranıb eşq -məhəbbətdən,
Kim əl çəkə bilər bu səadətdən?
Hər evin günəşi ,ayı uşaqlar,
Hər evin neməti, payı uşaqlar.
/////
Uşaqlar parlayan gündür - gündüzdür,
Uşaqlar sabaha ümidimizdir.
Onlarsız gün çıxmaz, açılmaz səhər,
Gülməz üzümüzə.
gələcək günlər.
/////
Tanrı hər bir kəsin qəlb sirdaşıdır,
Uşaqlar evlərin üzük qaşıdır.
Onları tutaraq ürəkdə əziz,
Ərməğan edirik gələcəyə biz.
“Ədəbiyyat və incəsənət”
(19.01.2024)