“Ədəbiyyat və incəsənət” portalının və “Ulduz” jurnalının birlikdə həyata keçirdikləri “Biri ikisində” layihəsində bu gün sizlərə tanınmış türk araşdırmaçısı, TRT redaktoru Aleyna Malkoçun Səməd Vurğun yaradıcılığına “Vaqif” dramı üzərindən bir baxışı təqdim edilir. Azərbaycan türkcəsinə uyğunlaşdıran prof. Rəsmiyyə Sabirdir.
Layihə ən yaxşı ədəbi nümunələrin təbliğinə hesablanıbdır.
Xoş mütaliələr.
Aleyna MALKOÇ
SƏMƏD VURĞUNUN “VAQİF” DRAMINDA ŞAH QACARIN
İDEOLOJİ VƏ TRAGİK OBRAZI
I. Səməd Vurğun: həyatı, ədəbi şəxsiyyəti və əsərləri
XX əsrdə müasir Azərbaycan ədəbiyyatının formalaşmasında mühüm rol oynayan simalardan biri olan Səməd Vurğun yalnız şair və dramaturq kimi deyil, həm də sovet dövründə Azərbaycan ədəbiyyatının estetik sərhədlərini və ideoloji istiqamətlərini müəyyənləşdirən mərkəzi fiqur kimi çıxış edir. Onun ədəbi şəxsiyyəti fərdi sənət axtarışları ilə dövrün siyasi və mədəni şərtləri arasında formalaşan həssas tarazlıq üzərində qurulmuşdur. Bu baxımdan Vurğunu anlamaq təkcə bir yazıçının bioqrafiyasını öyrənmək deyil, həm də sovet Azərbaycanında ədəbiyyatın ideoloji ifadə platormasına necə çevrildiyini dərk etməkdir.
Səməd Vurğun (1906-1956) Azərbaycanın Qazax bölgəsində anadan olmuş, ibtidai təhsilini kənddəki rus-tatar məktəbində almışdır. Qazax Müəllimlər Seminariyasını bitirdikdən sonra Bakıda və Moskvada ali təhsilini davam etdirmişdir. Xüsusilə Moskvadakı təhsil illəri onun ədəbi dünyagörüşünün formalaşmasında mühüm rol oynamış, rus ədəbiyyatı və sovet estetik düşüncəsi ilə birbaşa təmas qurmasına şərait yaratmışdır. Bu təsir Vurğunun əsərlərində müşahidə olunan dəqiq struktur, güclü dramatik qarşıdurma və ideoloji aydınlıqda özünü qabarıq şəkildə göstərir. Onun sənət konsepsiyası fərdi lirizmi tamamilə kənara qoymadan, ədəbiyyatı ictimai və tarixi məsuliyyət sahəsi kimi dərk edən sovet estetikası ilə uyğun şəkildə inkişaf etmişdir.
Vurğunun poeziyasında və dramaturgiyasında diqqət çəkən əsas xüsusiyyətlərdən biri “xalq” anlayışının mərkəzi mövqedə dayanmasıdır. Lakin bu xalq təsəvvürü sadəcə romantik ideallaşdırma deyil, Sovet ideologiyasının formalaşdırdığı kollektiv şüur anlayışı ilə sıx bağlıdır. Onun şeirlərində xalq tarixi yaradan, inkişafı və tərəqqini təmsil edən bir qüvvə kimi təqdim olunur; onun qarşısında duran obrazlar isə çox vaxt bu tərəqqiyə mane olan qüvvələr kimi formalaşdırılır. Əminə Gürsoy-Naskali Vurğunun poetik dilini təhlil edərkən bildirir ki, o, sovet dövrü Azərbaycan ədəbiyyatında “ideoloji diskursu yüksək estetik səviyyə ilə birləşdirə bilən nadir sənətkarlardan biridir”. Bu fikir Vurğunu yalnız ideoloji şair kimi deyil, həm də güclü bədii istedada malik sənətkar kimi dəyərləndirməyin zəruriliyini göstərir.
Səməd Vurğunun yaradıcılığı yalnız poeziya ilə məhdudlaşmır, o, dramaturgiya və tarixi dram sahəsində də mühüm əsərlər ortaya qoymuşdur. “Xanlar”, “Fərhad və Şirin” və xüsusilə “Vaqif” onun dramaturji ustalığını nümayiş etdirən əsas əsərləri sırasındadır. Bu əsərlərdə tarix sadəcə dekorativ fon kimi deyil, ideoloji və mənəvi qarşıdurmaların səhnələşdirildiyi bir məkan kimi çıxış edir. Lakin bu tarix anlayışı akademik tarixşünaslığın obyektivliyinə deyil, bədii obrazın seçici mahiyyətinə əsaslanır. Salih Yılmazın qeyd etdiyi kimi, sovet dövründə tarixi mövzulu əsərlərdə keçmiş, müasir ideoloji ehtiyaclara uyğun şəkildə yenidən qurulan bir narrativ sahəyə çevrilmişdir. Vurğunun tarixi dramları da bu ümumi tendensiyadan kənarda qalmamışdır.
Bununla belə, Vurğunun əsərlərini yalnız ideoloji mətnlər kimi qiymətləndirmək onun bədii gücünü və dramaturji intuisiya qabiliyyətini nəzərdən qaçırmaq deməkdir. Xüsusilə “Vaqif” pyesində personajların səhnə dili, dramaturji qarşıdurmanın ritmi və poetik ifadə tərzi əsərin sadəcə təbliğat xarakterli mətn kimi qavranılmasının qarşısını alır. Afaq Yusiflinin Azərbaycan ədəbiyyatında tarixi şəxsiyyətlərin simvolik istifadəsi haqqında fikirləri bu məsələnin izahında mühüm əhəmiyyət kəsb edir. Onun fikrincə, Sovet dövrü ədəbiyyatında tarixi fiqurlar “yalnız keçmişin nümayəndələri deyil, dövrün ideoloji və mənəvi problemlərinin simvolik daşıyıcılarıdır”. Bu yanaşma “Vaqif” əsərindəki obraz sisteminin anlaşılması üçün də əsas açarlardan biridir.
II. Tarixi şəxsiyyət kimi Ağa Məhəmməd şah Qacar: siyasi reallıq, tarixşünaslıq və imic məsələsi
Ağa Məhəmməd şah Qacar XVIII əsrin son rübündə yalnız İran və Qafqaz siyasətinə istiqamət vermiş bir hökmdar deyil, eyni zamanda tarixşünaslıqda ən çox müzakirə olunan şəxsiyyətlərdən biri hesab edilir. Onun şəxsiyyəti və fəaliyyəti xüsusilə XIX əsrin sonlarından etibarən müxtəlif ideoloji baxışlar çərçivəsində yenidən şərh edilmiş, bu şərhlər çox vaxt tarixi reallıqdan daha çox siyasi mövqelərin təsiri altında formalaşmışdır. Buna görə də şah Qacarın tarixi şəxsiyyət kimi qiymətləndirilməsi yalnız xronoloji hadisələrə deyil, həmin hadisələrin necə və hansı kontekstdə təqdim edildiyinə də diqqət çəkməyi zəruri edir.
1747-ci ildə Nadir şah Əfşarın ölümündən sonra İran coğrafiyası uzunmüddətli siyasi qeyri-sabitlik dövrünə daxil olmuşdu. Bu mərhələ əsasən Zəndlər və Qacarlar arasında gedən hakimiyyət mübarizəsi ilə səciyyələnirdi. Ağa Məhəmməd şah Qacar bu mürəkkəb tarixi şəraitdə bölünmüş ərazilərdə mərkəzi hakimiyyəti yenidən bərpa etməyə çalışan lider kimi ön plana çıxmışdır. Abdurrahman Ateşin araşdırmalarında göstərildiyi kimi, şah Qacarın Qafqaz yürüşləri yalnız hərbi ekspansiya deyil, eyni zamanda İranda yenidən türkmən mənşəli bir sülalə hakimiyyətinin qurulması məqsədinə xidmət edən siyasi strategiyanın tərkib hissəsi idi. Ateş bu yürüşlərin “təsadüfi zorakılıq siyasəti deyil, müəyyən siyasi məqsədlərə istiqamətlənmiş hərbi fəaliyyətlər” olduğunu xüsusi şəkildə vurğulayır.
Ağa Məhəmməd şah Qacarın tarixi şəxsiyyəti ilə bağlı ən çox müzakirə olunan məsələlərdən biri onun “zalım” və “amansız” hökmdar kimi təqdim edilməsidir. Bu imicin formalaşması əsasən XIX əsr rus və Qərb mənbələrinə, daha sonra isə sovet dövründə yaranmış tarix narrativlərinə dayanır. Halbuki Qacar dövrü ilə bağlı aparılan müasir tədqiqatlar bu təsvirin birtərəfli olduğunu göstərir. Məhəmməd Kemaloğlunun Adalət Tahirzadənin araşdırmalarına əsaslanan qiymətləndirməsinə görə, şah Qacarın xüsusilə Kirman və Tiflisdə həyata keçirdiyi sərt tədbirlər şəxsi qəddarlıqdan daha çox, dövrün hərbi-siyasi məntiqi çərçivəsində izah edilməlidir. Bu yanaşma həmin hadisələri əsaslandırmaqdan çox, onları tarixi kontekstdən anlamağa xidmət edir.
Şah Qacarın Azərbaycan coğrafiyası ilə münasibəti onun tarixi rolunun dəyərləndirilməsində mühüm yer tutur. Qacar sülaləsinin oğuz-türkmən mənşəli olması, saray və ordu mühitində türk dilinin geniş istifadə edilməsi, həmçinin Şimali və Cənubi Azərbaycan arasında siyasi bütövlük ideyası şah Qacarın yalnız “İran şahı” kimi təqdim olunmasını problemli edir. Tahirzadənin vurğuladığı kimi, Ağa Məhəmməd şah Qacar özünü İran coğrafiyasında hakimiyyət quran çoxmillətli dövlətin yaradıcısı kimi görür və xüsusilə Azərbaycan torpaqlarını siyasi mərkəzləşmənin ayrılmaz hissəsi hesab edirdi. Bu baxımdan şah Qacar sovet dövründə formalaşdırılmış “yad və işğalçı hökmdar” obrazından xeyli fərqli tarixi profilə malikdir.
Bununla belə, sovet tarixşünaslığında və bu tarix anlayışına əsaslanan bədii mətnlərdə şah Qacarın bu çoxqatlı kimliyi böyük miqyasda nəzərə alınmamışdır. Sovet ideologiyası baxımından şah Qacar feodal monarxiyanın, mərkəzləşdirilmiş hakimiyyətin və xalq iradəsinə qarşı yönəlmiş siyasi sistemin simvolu kimi təqdim edilən funksional bir fiqur idi. Bu səbəbdən tarixi detallar ideoloji narrativ qarşısında arxa plana çəkilmiş, şah obrazı “xalq düşməni” tipologiyasının tarixi nümunəsi kimi yenidən qurulmuşdur. Afaq Yusiflinin Azərbaycan ədəbiyyatında Ağa Məhəmməd şah Qacar obrazı ilə bağlı araşdırmaları bu prosesi aydın şəkildə göstərir. Yusiflinin fikrincə, Sovet dövrü ədəbiyyatında şah Qacar obrazı “tarixi şəxsiyyətdən çox, repressiv hakimiyyətin metaforası” kimi istifadə olunmuşdur.
Bu məqamda tarix ilə ədəbiyyat arasında obraz fərqi aydın şəkildə üzə çıxır. Tarixi Ağa Məhəmməd şah Qacar konkret siyasi məqsədlərə malik, sərt, lakin strateji qərarlar verən bir hökmdar kimi görünürsə, bədii mətnlərdə təqdim edilən şah Qacar çox vaxt mütləq şərin və despotizmin təcəssümü kimi təsvir olunur. Bu transformasiya yalnız tarixi seçim deyil, həm də ideoloji zərurətin nəticəsi kimi meydana çıxmışdır. Sovet estetikası çərçivəsində tarixi dram keçmişi olduğu kimi təqdim etməkdən çox, müasir dövrün siyasi və əxlaqi dəyərlərini səhnədə göstərməyə xidmət etməli idi.
Məhz bu tarixi və ideoloji kontekst Səməd Vurğunun “Vaqif” pyesində rast gəlinən şah Qacar obrazının başa düşülməsi üçün mühüm arxa plan yaradır. Vurğunun əsərində şah Qacar tarixi bütövlüyü ilə deyil, hakimiyyət, zor və şiddətlə əlaqələndirilmiş dramatik qarşıdurma elementi kimi təqdim edilir. Buna görə də “Vaqif” pyesindəki şah Qacar obrazını qiymətləndirmək yalnız tarixi Ağa Məhəmməd şah Qacar ilə ədəbi və ideoloji obraz arasında mövcud olan məsafəni nəzərə almaqla mümkündür.
III. “Vaqif” pyesində şah Qacarın obrazı: hakimiyyətin dili, şeirin gücü və şəxsiyyətin ideoloji cəhətdən yenidən formalaşdırılması
Səməd Vurğunun “Vaqif” dramında Ağa Məhəmməd şah Qacar tarixi şəxsiyyətin səhnəyə olduğu kimi təsvir olunmuş obrazıtək deyil, daha çox hakimiyyətin, gücün və mütləq hökmranlıq ideyasının poetik obrazı kimi təqdim edilir. Bu obraz birbaşa müəllif müdaxiləsi ilə deyil, əsasən poetik dialoqlar, qarşılıqlı replika və səhnədaxili gərginliklər vasitəsilə formalaşır. Buna görə də “Vaqif” əsərində şah Qacar obrazı tarixi bir şəxsiyyəti “nəql edən” deyil, ideoloji hakimiyyət tipini “danışdıran” dramaturji funksiya daşıyır.
Pyesin ilkin mərhələlərində şah Qacarın özünü təqdim etmə tərzi bu funksiyanı açıq şəkildə göstərir. O, Qarabağın fəthini adi hərbi qələbə kimi deyil, müqəddəslik çaları verilmiş bir zəfər kimi təqdim edir və hakimiyyətini metafizik müstəviyə qaldırır:
Keçdi pəncəmizə gözəl Qarabağ,
Öpsün qılıncımı hər qaya, hər dağ.
Mən Qacar nəsliyəm, şahlar şahıyam,
Mən də Yer üzünün bir Allahıyam.
Bu misralarda diqqət çəkən cəhət şahın özünü yalnız siyasi subyekt kimi deyil, Yer üzündə mütləq hökmranlıq iddiasında olan bir varlıq kimi təqdim etməsidir. Burada fəth sadəcə siyasi zərurət deyil, ilahi haqq kimi təqdim olunur. Həmin nitqin davamında səslənən dağıdıcı əmrlər (“daşı daş üstə qoymamaq”, “leşi yığın-yığın etmək”) isə bu müqəddəslik iddiasının zorakılıqla necə vəhdət təşkil etdiyini göstərir. Beləliklə, şah Qacar səhnəyə ilk çıxışından etibarən gücün legitimləşdirildiyi bir hakimiyyət dili ilə danışan obraz kimi təqdim olunur.
Pyes bu hakimiyyət dilinin qarşısına Vaqif obrazını qoyur. Lakin Vaqifin mövqeyi sadəcə siyasi müxalifət deyil; o, sözün, vicdanın və şeirin legitimlik ərazisini təmsil edir. Şahın “hüzur” anlayışını hakimiyyətin bir lütfü kimi təqdim etməsi bu qarşıdurmanın ilk açıq ifadəsidir:
Şair, hökmdarın hüzurundasan!
Vaqifin bu buyruğa cavabı isə “hüzur” anlayışını hakimiyyət məkanından çıxararaq düşüncənin daxili nizamına yönəldir:
Bunu sizsiz belə düşünürəm mən.
Beləliklə, qarşıdurma yalnız iki obraz arasında deyil, iki fərqli legitimlik anlayışı arasında qurulur. Şah üçün hüzur hakimiyyətin bəxş etdiyi imtiyazdır; Vaqif üçün isə düşüncə və vicdanın təbii vəziyyətidir. Bu qarşıdurma pyes boyunca dərinləşir və şahın itaət tələb edən mövqeyi qarşısında Vaqifin açıq müqaviməti ilə kulminasiya nöqtəsinə çatır:
Əymədim, bəli!
Əyilməz vicdanın böyük heykəli…
Şahın buna cavab olaraq vicdanı faydasız və mənasız bir anlayış kimi təqdim etməsi onun hakimiyyət anlayışının mənəvi əsasdan uzaq olduğunu göstərir:
Qılınclar toqquşub iş görən zaman
Nəylər dediyiniz quru bir vicdan?
Vaqif isə vicdanı abstrakt bir nəsihət kimi deyil, insan varlığının zamanlararası həqiqəti kimi təqdim edir:
Vicdan dedikləri bir həqiqətdir –
Beşiyi, məzarı əbədiyyətdir…
Bu dialoq “Vaqif” əsərindəki əsas ideoloji qarşıdurmanı aydın şəkildə üzə çıxarır: Şah Qacar hakimiyyəti qılınc və qorxu üzərində qurmağa çalışır, Vaqif isə sözü və vicdanı zamanın fövqündəki həqiqət kimi təqdim edir.
Dil, kimlik və hökmranlıq: şahın “farsca” yazmaq şərti
Pyesin ən diqqətçəkən və xüsusi vurğulanan səhnələrindən biri şah Qacarın sənəti və dili birbaşa nəzarət altına almaq istəyi ilə bağlıdır. Şah Vaqifə saray himayəsi, ehtişam və maddi təminat vəd edir, lakin bu vəd açıq bir şərtlə müşayiət olunur:
Gərək fars dilində yazsın sənətkar.
Bu ifadə yalnız estetik seçim deyil, həm də mədəni və ideoloji hökmranlıq cəhdi kimi çıxış edir. Şah şeirin məzmunundan daha çox, onun hansı dildə ifadə olunacağını müəyyənləşdirmək istəyir. Beləliklə, hakimiyyət yalnız fiziki mövcudluğa deyil, həm də yaddaşa və dilə nəzarət etmək arzusunu ortaya qoyur.
Vaqifin bu tələbə verdiyi cavab isə fars ədəbi ənənəsini inkar etmədən, öz poetik və coğrafi kimliyini müdafiə edir:
Farsın Xəyyamı var, Firdovsisi var,
Nə çoxdur onlarda böyük sənətkar.
Bizim bu dağların oğluyam mən də,
Az-az uydururam yeri gələndə.
Burada Vaqif Xəyyam və Firdovsini xatırladaraq fars ədəbiyyatının böyüklüyünü qəbul edir, lakin özünü bu ənənə içində əridib itirməyi rədd edir. “Dağların oğlu” ifadəsi şeirin legitimliyini saraydan deyil, xalqdan və coğrafiyadan alan poetik anlayışı ifadə edir.
Bu səhnə həm də pyesdə şah Qacarın niyə fars dili ilə hökm edən despot obrazında təqdim edildiyini anlamağa imkan yaradır. Halbuki tarixi baxımdan Qacarlar türk mənşəli sülalə idi. Bu dramaturji seçim tarixi reallıqdan daha çox, sovet dövrü ədəbiyyatının ideoloji obraz mexanizmi ilə əlaqəlidir.
Həqiqətən də, sovet dövrü mətnlərində “türk” kimliyinin vurğusunun məqsədli şəkildə zəiflədildiyi, bəzi ifadələrin sonrakı nəşrlərdə dəyişdirildiyi məlumdur. Məsələn, Səməd Vurğunun bəzi şeirlərində ilk nəşrlərdə yer alan“türk sözü, türk şeiri gərək” ifadəsinin sonrakı nəşrlərdə “xalq sözü, xalq şeiri” şəklində dəyişdirilməsi bu ideoloji həssaslığın açıq nümunəsi hesab olunur. Bu baxımdan “Vaqif” əsərində şahın “farsca yazmaq” şərti tarixi kimlik məsələsindən çox, dövrün ideoloji sərhədləri daxilində qurulmuş simvolik qarşıdurma kimi qiymətləndirilməlidir.
NƏTİCƏ
Səməd Vurğunun “Vaqif” dramında Ağa Məhəmməd şah Qacar tarixi şəxsiyyət kimi bütün yönləri ilə təqdim edilən bir fiqur deyil, o, daha çox hakimiyyətin, gücün və mütləq hökmranlıq anlayışının simvolik obrazı kimi səhnəyə çıxarılır. Bu təqdimat tarixi reallığın tam inkarı demək deyil, lakin tarixi mürəkkəbliyin sovet dövrünün estetik və ideoloji prioritetlərinə uyğun şüurlu şəkildə sadələşdirilməsini ehtiva edir. Bu baxımdan “Vaqif” tarixi hadisələri yazan bir mətn olmaqdan çox, tarixlə dialoqa girən və onu öz dövrünün dili ilə yenidən mənalandıran dramaturji quruluş kimi dəyərləndirilə bilər.
Pyes boyunca şah Qacarın nitqi hakimiyyətin özünü mütləqləşdirən diskursunu əks etdirir. Onun sözləri hüquqi və ya mənəvi legitimliyə deyil, birbaşa əmrə, qorxuya və zorakılığa əsaslanır. Bunun qarşısında isə Vaqif sözün, vicdanın və həqiqətin təmsilçisi kimi təqdim edilir. Bu qarşıdurma konkret tarixi hadisənin səhnələşdirilməsi deyil, daha çox sovet ideologiyasının mərkəzində duran “milli ziyalı – zülmkar hakimiyyət” qarşıdurmasının poetik ifadəsi kimi çıxış edir. Vurğunun əsas uğuru bu ideoloji qarşıdurmanı sadə təbliğat dili ilə deyil,poetik dialoqlar və dramaturji gərginlikvasitəsilə yaratmasında görünür.
Məqalə boyu vurğulandığı kimi, “Vaqif” əsərində şah Qacarın türk kimliyi ilə bağlı tarixi elementlər arxa plana çəkilmiş, bunun əvəzində o, “fars dili ilə hökm edən” hakimiyyət fiquru kimi kodlaşdırılmışdır. Bu seçim tarixi yanlışlıq və ya təsadüfi təhrif kimi deyil, Sovet dövrü ədəbiyyatında milli kimliklərin müəyyən ideoloji çərçivələr daxilində təqdim olunması ilə bağlı siyasətin nəticəsi kimi başa düşülməlidir. Mətndə şahın sənəti və dili nəzarət altına almaq istəyi yalnız fərdi despotluğun deyil, həm də mədəni hakimiyyət qurmaq cəhdinin ifadəsinə çevrilir.
Nəticə etibarilə, “Vaqif” Ağa Məhəmməd şah Qacarı tarix səhnəsindən daha çox, ideoloji səhnədə danışdıran bir əsərdir. Burada şah nə yalnız “İran şahı” kimi təqdim edilir, nə də onun tarixi şəxsiyyəti bütün mürəkkəbliyi ilə göstərilir; o, sözün qarşısında duran gücün, vicdanın qarşısına qoyulan hakimiyyətin simvolik ifadəsinə çevrilir. Səməd Vurğunun bu simvolik quruluşu dövrün ideoloji məhdudiyyətləri daxilində, lakin güclü poetik və dramaturji dil vasitəsilə yaratması “Vaqif” əsərini sovet dövrü Azərbaycan ədəbiyyatının ən təsirli tarixi dramlarından birinə çevirmişdir.
ƏDƏBİYYAT
Ateş Abdurrahman. “Ağa Muhammed han’ın Kafkasya Seferleri ve Osmanlı–İran İlişkileri (1795–1797).” Karadeniz İncelemeleri Dergisi 8, no. 16 (2014): 39–60.
Bozdoğan Doğan. “Samed Vurgun’un Bakış Açısıyla On Bir Türk Şairi.” Bilig 34 (2005): 87–102.
Gürsoy-Naskali Emine. Sovyet Türk Edebiyatı. Ankara: Türk Dil Kurumu Yayınları, 2002.
Kemaloğlu Muhammet. “Adalet Tahirzade’nin ‘Ağa Muhammed şah Kaçar’ Adlı Eserinin Tahlili.” Uluslararası Türk Dünyası Bilimsel Araştırmalar Dergisi 6, no. 2 (2025): 281–294.
Tahirzade Adalet. Ağa Muhammed şah Kaçar: Tərcümeyi-hal oçerki. Bakü: Kür Neşriyyatı, 2002.
Vurgun Samed. Vaqif. Bakü: Azerbaycan Edebiyyatı İnciləri, 1986.
Vurgun Samed. Semed Vurgun. Bakü: Azerbaycan Devlet Neşriyyatı, 1980.
Yılmaz Salih. “Sovyet Döneminde İdeolojik Bir Araç Olarak Tarihî Roman.” In III. Milletlerarası Tarihî Roman ve Romanda Tarih Bilgi Şöleni Bildirileri, edited by Dilâra Coşkun, 271–292. Ankara: Türkiye Yazarlar Birliği Yayınları, 2016.
Yusifli Afaq. “Edebiyat ve İdeoloji: Azerbaycan Şiirinde Ağa Muhammed şah Kaçar Sembolizmi.” AKRA Kültür Sanat ve Edebiyat Dergisi 13, no. 36 (2025): 43–64.
“Ədəbiyyat və incəsənət”
(25.05.2026)


