Roman kimi şeirlər Featured

Pərvanə Bayramqızı,

“Ədəbiyyat və incəsənət”

 

Süleymana qalmayan dünyada “Süleymana qalmayan şeir”lər də var, bunu bildiyi halda Süleyman Abdulla yenə şeir yazır. Yazır ki, oxucu çeynənmiş qafiyələrdən, təkrarlanan fikirlərdən ayrılsın.

 

Bəzən adama elə gəlir, onun yazdıqları şeir deyil, çünki bu yükdə, bu ağırlıqda poeziya olmur. S.Abdullanın şeirləri özündən roman yaradan şeirlərdir. Ona görə həmişə soruşuram: indi roman oxumağa vaxt, hövsələ yoxdur deyirlər, bəs Süleyman Abdullanın şeirləri niyə oxunur? Bəs bu roman kimi şeirləri kim gözlərinə təpir?

Şeir quş deyil ki oxuyan kimi uçub getsin. Misralar ilan torpaqda süründüyü kimi ürəklərdə sürünməsə, ruha dolanmasa, cismi çalmasa ondan heç nə qalmaz. S.Abdulla fiziki hadisələri poeziyaya gətirir. Oxuyanda görürsən ki, günəş boylanır, qəfil tufan qopur və birdən-birə sakitlik çökür. Şeirə nəyi qatsa, gözəl və sanballı olur. Bir şeirə bir dünya məna yükləyir. Bütöv yaradıcılığına nəzər salanda orda həyatın təkcə eniş-yoxuşunu yox, sevincini, nəşəsini, qalibiyyətini də görmək olur. Döyüşçü şairin poeziyasının hərb meydanını xatırlatması başadüşüləndir. Müharibənin ilk günlərində şair nisbətən sakit təsiri bağışlayır:

 

Bərk xəstələnmişdim döyüşlər başlayanda,

sayıqlama kimi anlayırdım cəbhə xəbərlərini.

Gözlərimin qabağından uçuşan

işıldaböcəklər kimiydi yaylım atəşləri.

Bədənim od içində olduğundan

hiss etməmişdim hərarətini atəşfəşanlığın.

Bir müddət sonra artıq cəbhə xəttində dərk etdiklərini, duyduqlarını söyləyir:

Torpaq qoxuyan hərbi geyimdir

geyimlərin ən ruhanisi...

Peyğəmbər hirqəsi kimidir

dizləri otlardan göyərmiş komuflyaj,

ətəyi öpüləsi xaki buşlat...

bir qəhrəmanın soyunduğu

çəkmələrin kəskin iyi...

Necə çatlayır adamın bağrı səadətdən...

 

S.Abdulla adı çəkiləndə adamın dilinə balasını hərbi gödəkcədə böyüdən şair ifadəsi gəlir. İfadənin yaranmasına səbəb olan şeiri oxuyaq:

 

O vaxt çox gərəkdi Vətənə əsgər,

Sevindim,

igidim dünyaya gəlmiş!

O gün havalar da xeyli soyuqdu,

Göydən narın-narın tökülürdü nəm.

Yolu yüyrək idi doğum evinin,

Barıt qoxuyurdu hərbi gödəkçəm.

Yorğun gözlərimdən sevinc yağırdı,

İlahi, boz çiskə çevrildi qara.

Qollarım yollandı dümağ qundağa,

Ciblərim yol oldu muştuluqlara.

Bakıya dönürdü səadət köçüm,

Qardan qorğanırdı özünü hamı.

Nə pulum qalmışdı,nə maşın vardı,

Hərbi gödəkcəmə bükdüm balamı.

Piyada yürüdük vağzala qədər,

Hərbi iş dediyin belə işdi dəə...

Təlaşla qundağı açıb yoxladıq,

Körpə puçur-puçur tərləmişdi də...

...Sonra illər keçdi o qarlı gündən,

O körpə böyüdü bir ərən oldu.

Böyüdü, boy atdı elə o ruhda,

Hərbi gödəkcəmlə boyu tən oldu.

 

Məncə, heç bir interpretasiyaya ehtiyac yoxdur. Şeir özü səhnədir, hər şeyi göstərir.

 

Sevənin ömürlük cəzası olur.

Öhd olmaz çuxası qara yatmışa,

Ağaran gözümdə çaşdı haqq yolu.

Ömrün payızını dövr etdim qışa,

Səni unutmağın yoxmuş "sağol"u.

 

Sevənə təşəkkür edilmirsə, unudana da sağ ol deyilməz. Hər ikisi adamın özünə verdiyi zülmdür.

Bütün olanlardan sonra şair Hamletsayaq sual verir:

 

Hansı çox əzizdir: yaramı, yarmı?

Nədir suya dönən: ağılmı, qarmı?

Cavab vermək əvəzinə mən də özümdən soruşdum:

– Hansı çox əzizdir: yaramı, yarmı?

 

Deyəsən, tapdım... yarın vurduğu yara da əzizdir, axı hər yara şeirə çevrilə bilmir...

Ağlın suya dönmə halı sevməkdir. Məncə, ağıllı adamlar sevə bilmirlər. (Bacaranlar etiraz edə bilərlər.)

Şair yazdı getdi, indi gəl sən bütün bunları saf-çürük elə.

Gördünüz, Süleyman Abdullanın şeirlərindən özünə heç nə qalmadı...

 

“Ədəbiyyat və incəsənət”

(09.04.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.