“Ədəbiyyat və incəsənət” portalı AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun “Qərbi Azərbaycan Tarixi” şöbəsinin rəhbəri, t.ü.f.d, dosent Cəbi Bəhramovun yazıçı Varisin yenicə işıq üzü görmüş, Qərbi Azərbaycanın gerçək tarixini özündə əks etdirən “İrəvanda xan qalmadı” romanı barədə fikirlərini diqqətinizə çatdırır.
Varisin geniş oxucu kütləsi üçün nəzərdə tutduğu “İrəvanda xan qalmadı” tarixi romanı Azərbaycan tarixinin qaranlıq və keşməkeşli dövrlərindən biri olan XIX əsrin əvvəllərində İrəvan xanlığının çar Rusiyası tərəfindən işğalına həsr edilmişdir. Əsəri nəzərdən keçirdikdə aydın olur ki, müəllif bu tarixi dövrü bədii şəkildə təqdim etsə də, tarixi mənbələri dərindən araşdırmış və hadisələri faktlara əsaslanaraq ətraflı şəkildə işıqlandırmışdır.
Qeyd etmək lazımdır ki, “İrəvanda xan qalmadı” tarixi romanını şərti olaraq üç hissəyə bölmək olar:
- birinci hissədə İrəvanın işğalı ərəfəsində və işğal dövründə baş verən tarixi hadisələr təsvir olunur;
- ikinci hissədə hadisələrin bədii baxımdan daha oxunaqlı və təsirli təqdim edilməsi məqsədilə Uluxanla Selcanın faciəvi məhəbbət hekayəsinə yer verilir;
- üçüncü hissədə isə müasir dövrdə müəllifin bilavasitə iştirakı ilə İrəvanla bağlı tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və beynəlxalq aləmin tarixi saxtakarlıqlardan agah edilməsi ön plana çıxarılır.
Əsərdə diqqəti cəlb edən əsas məqamlardan biri müəllifin tarixi şəxsiyyətlərin — Hüseynqulu xanın, onun qardaşı Həsən xanın, Qacarlar dövlətinin şahı Fətəli şahın, şahzadə Abbas Mirzənin, Rusiya çarı I Nikolayın, Qafqazda Rusiya qoşunlarının baş komandanları Yermolovun, Paskeviçin və digər tarixi simaların bədii obrazlarını dəqiq və inandırıcı şəkildə canlandırmasıdır. Rusiyanın Cənubi Qafqazda həyata keçirdiyi işğalçılıq siyasətini, xüsusilə Azərbaycanı ələ keçirmək niyyətini, eləcə də bu siyasətin icraçıları olan şəxslərin mahiyyətini və məqsədlərini bədii obrazlar vasitəsilə açıb göstərmək müəllifin böyük yaradıcılıq məharətindən xəbər verir. Fikrimizcə, müəllif bu mürəkkəb və məsuliyyətli vəzifənin öhdəsindən uğurla gəlmişdir.
Romanda diqqət çəkən əsas məsələlərdən biri Hüseynqulu və Həsən xan qardaşlarının, eləcə də İrəvan əhalisinin xanlığın müstəqilliyi uğrunda rus işğalçılarına qarşı apardıqları amansız və qətiyyətli mübarizədir. Əsərdə xüsusilə vurğulanan məqam rus işğalçılarını qorxuya salan əsas amil — “öldü var, döndü yoxdur” devizi altında irəvanlıların son nəfəsinədək davam edən müqavimət ruhudur.
Tarixdən məlumdur ki, İrəvan sərdarı Hüseynqulu xan və onun sadiq qardaşı Həsən xan sona qədər İrəvan xanlığının müstəqilliyi uğrunda mübarizə aparmışdılar. Lakin bu mübarizə prosesi xəyanət halları ilə də müşayiət olunmuşdur. Romanı oxuduqda aydın olur ki, İrəvan əhalisi müxtəlif daxili və xarici təzyiqlərlə üzləşmiş, xanların yerli əhaliyə, o cümlədən xanlıq ərazisində yaşayan azsaylı erməni icmasına göstərdikləri xoş münasibətə baxmayaraq, bəzi erməni dairələri və dini rəhbərlər fürsət düşdükcə rus komandanlığı ilə əməkdaşlıq etmiş, onlara məlumatlar ötürmüş və hərbi əməliyyatlarda iştirak etmişlər. Müəllifin hadisələri dərindən bilməsi həm də onunla izah olunur ki, Qacar dövləti İrəvana sonadək lazımi və ardıcıl dəstək göstərməmiş, bu isə xanlığın süqutunu xeyli dərəcədə sürətləndirmişdir. Nəticədə meydanda tək qalan İrəvan xanlığı rus qoşunları tərəfindən işğal edilmişdir.
Müəllif “İrəvanda xan qalmadı” romanını daha oxunaqlı və təsirli etmək məqsədilə tarixi hadisələrin fonunda məhəbbət mövzusuna da yer vermişdir. Uluxanla Selcanın faciəvi məhəbbət hekayəsi romanın bədii dəyərini artıraraq onu daha da cəlbedici edir. Hadisələrin inkişafı zamanı bu sevgi xəttinin təqdim olunması, əsər boyu onların bir-birinə olan məhəbbətinin ağır sınaqlardan keçməsi və Tələt bəy kimi xain bir obrazın xəyanətləri ilə üzləşmələri İrəvan xanlığının faciəvi süqutu ilə paralellik təşkil edir. Əsərin sonunda vətənini və xalqını satan xain Tələt bəyin Selcanın əli ilə cəzalandırılması isə müəllifin belə insanlara cəmiyyətdə yer olmadığını açıq şəkildə ifadə etməsidir.
Romanın üçüncü hissəsində müəllifin əsas məqsədi müasir dövrdə tarixi həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqdır. Əsərə diqqətlə nəzər saldıqda aydın olur ki, Varis romanında Amerika və digər ölkələrdə fəaliyyət göstərən Azərbaycan diasporu və mədəniyyət mərkəzləri vasitəsilə İrəvanla bağlı tarixi həqiqətləri beynəlxalq ictimaiyyətə təqdim edir, həmçinin böyük dövlətlərin siyasi və mədəniyyət xadimləri tarixi saxtakarlıqlar barədə məlumatlandırılır. Bu yanaşma müəllifin fəaliyyətinin çoxşaxəli olması və Vətəninə, Azərbaycana dərin məhəbbəti ilə sıx bağlıdır.
Varisin müəllifi olduğu “İrəvanda xan qalmadı” romanını oxuduqda müəllifin tarixi hadisələri dərindən araşdırdığı aydın şəkildə görünür. Az sayda istisnalar olmaqla, hadisələr əsərdə ətraflı və geniş şəkildə işıqlandırılmışdır. Əsər bədii xarakter daşısa da, inanırıq ki, roman İrəvanla bağlı tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında mühüm və əvəzsiz rol oynayacaqdır.
Bu çətin və məsuliyyətli yolda müəllifə uğurlar arzulayırıq.
“Ədəbiyyat və incəsənət”
(24.02.2026)


