Bahara aldanan şair Featured

 

(Sabir Sarvanı şeirlərinin vizuallığı fonunda xatırlama)

 

        

Hafiz Ataxanlı, “Ədəbiyyat və incəsənət”

 

 

          Məni kəndimizdə basdırarsınız,

         Bir az yola yaxın, hənirə yaxın.

         Bitər qəbrim üstə küskün bənövşə,

         Gələr qulağıma şırşırı arxın.

 

“Var olmağın cəfaları çox imiş, yox olmaqdan gözəl heç nə yox imiş” deyib də öz şair qənaətinə tapındınmı bunca inamla?! Allahdan gəlirdi, öncədüyüm mələyi pıçıldayırdı qulağına yoxsa? 60 illiyin bir neçə yerdə yüksək səviyyədə, ən başlıcası, böyük səmimiyyət aurasında keçirildi. Elə hey tutuşdurdun “görəsən, mənə nəsə olacaq, son vaxtlar məni yaman çox istəyirlər” deyə-deyə “Neftçilər” xəstəxanasında Müqəddəslə birlikdə görüşünə gələndə rəngin-ruhun heç xoşumuza gəlmədi. Bir-birimizə baxdıq. Zərnigar xanımdan, səndən, Müqəddəsdən və məndən alayı bir hənir də duydum. İnsafsız ölüm mələyi idi, oturmuşdu pəncərənin önündə, sənin şeirini söyləyirdi. Həm də əynində sənin qara pencəyin idi. Deyirdi ki,

                     

                    Çəkir məni qara torpaq.

                   Aman, qardaşlar, aman,

                   Axırıma çıxa mənim,

                   Aman, qardaşlar, aman.

 

                   Kəndimizin torpağıdır,

                   Doğulduğum gündən bəri

                   Üzümə səpilməyə hazır,

                   Gözümə tökülməyə hazır.

 

Allahım, bu nəydi?! Şair onun ölümünə təşnə mələyin arzusunu gerçəkləşdirmək üçün necə çırpınırdı?

Qan vururdular sənə. Mən donorluq təklifimi verdim. 1-ci qrup, RH müsbət, təmiz yazıçı qanı, şair, - söylədim.

Zarafatından qalmadın:

-İstəmirəm yazıçı qanı, nəsrə keçmək, ya da sənədli film çəkmək, televiziya işi ilə məşğul olmaq istəmirəm.

Sonra xeyli dərdləşdik. Axırda da gedin, - dedin – Əjdər Ol gəlməlidir, o gələnə kimi bir az dincəlim.

...Ölüm xəbərini aldıqdan sonra Müqəddəs Şahbazovla görüşümüzdə eyni vaxtda, sinxron şəkildə ikimiz də eyni təəssüfün acısını dilə gətirdik:

-Keşgə dünən sözünə baxmazdıq, bir-iki saat da oturardıq...

 

                                      FLESHBACK

                            (ağ-qara lentin xatirə ekranı)

 Ağsuda, Pirhəsənlidə, həmişə təriflədiyin, arzuladığın kənd qəbiristanlığında məzarının başında şeirlərinin vizual ardıcıllığını seyr etdim. Gördüm ki, “söykənib bir dost ağaca hara baxdın, kənd uşağı”. Yüyürüb qatarlara çatdın, yollandın arzularının dalınca. Aktyorluq sənətinə yiyələndin də. Tədris teatrında, Lənkəran Dövlət Dram Teatrında işlədin də, fəqət axtardığını tapa bilmirdin. Səni giriftar eləyən nəysə vardı. Söz idi, sözün zirvəsiydi ətəyindən yapışmaq istədiyin. Cəlaləddin Ruminin ruhuna tapınıb and-aman eləmişdin deyəsən:

                    Ruhumun binəsi yoxdu,

                   Duracaq xanəsi yoxdu,

                   Sözdən o yanası yoxdu,

                   Sözdən o yana mən varam.

 

Hərçənd, anlayırdın ki, “Adəmdən bu yana təzə görünmür.” Fəqət, sözə sığındın, sözün üstündə əsdin, söz ağacını suvardın. Söz bağçasını naşı adamların kirli nəfəsləri murdarlayanda hikkən içində çat verdi, əndişə təzyiqin şəkərin maksimium göstəricisənə meydan oxudu. Qəlbindəki alovun dilləri içini  daladı, bağrının başı yandı.

Hikmət kəhkaşanında içini yuyub duruldun, göylərin söz sirrində qurulandın, ruhunla sözü qəbul edib canındakı ağrılara çevirdin, hardasa yerinə oturmayan sözün fəryadı qulağına çatanda ahın ərşə bülənd oldu. Söz eşqinə Məcnun olub örüşə düşmək qınağından belə, gözünü qırpmadın.

 

                               Tanrım, söz dəlisiyəm,

                            Məskənimi çöl elə.

                            Məni bir də yaratsan

                            Yenə sözə qul elə.

 

 Yuxularında ağ qovaqları gördün, qayalarda əsən külək qulaqlarını döyəclədi, gördün ki, od vurduğun küləşlik çırthaçırtnan yanır, sənsə, Allahsaxlamış, eləməyəsən tənbəllik, gedib oturasan toyxanada, ağ köynək, ağ şalvar da əynində. Qarmon çalana heyrətlə baxasan, qarmonun dillərinin möcüzəsinə  sığınasan. Heç olmasa, külün-kösövün iyi də burnuna dəymir. Amma zaman gəldi, o günlər dürdu qəsdinə.

 

O günlərdən, o illərdən üzü bu yana,

Nəyə çatdım, nəyi tutdum, hamısı yanlış,

Mən gecələr itirdim ki, biri bir ömür,

Mən nəğmələr itirdim ki, oxunulmamış.

 

20 Yanvar gecəsində ayaqların üstündə zorla dayandın. Hirsini-hikkəni tüpürdün düşmən üzünə. Gördün ki, qan gəlir. Yandın-yıxıldın, göz görə-görə qan aparan igidlərin çarəsiz çarpışmalarını gördükcə özünü də qan tutdu. Barmağını keçirib ürəyinin başına, ürəyinin qanı ilə asfalta, 20 Yanvardakı meydana yazdın ki.

 

         ... Gərək qan bağlaya şairin sözü.

         Şair əllərini qandan gen tutub.

         Gör hansı zamandı, gör hansı vaxtdı,

         Mən qana çapıram, məni qan tutub.

 

   Bildin ki, bu qırğının qanı duran deyil, axıb-axıb Qarabağı da qana bələyəcək, cavanların cavan canına qıyacaq, qarabağlı uşaqlar barıt iyinə oyanacaqlar. Fəryad etdin:

 

                   Ayaqları heydən düşüb,

                   Şişib alnının damarı,

                   İnsanlar ee ...y, sizə sarı

                   Qaçır qarabağlı uşaq.

 

 Öz aramızdı, Sabir Sarvan, bir ara üsyan etdin də. Asi oldun.

                  

                     İşığı çox sevdiyimdən

                   Qaranlıqda qaldım,

                   Uşağı çox sevdiyimdən

                   Sonsuz oldum...

                   Səni də çox sevirəm,

                   Tanrım!

 

Amma birdən özün öz asiliyindən diksindin. Bağrın qarsıdı. Dürüst imanla ağayana etirafı bacardın:

                  

                    Balasına yem verəndə

                   Qaranquş vurdum köksü ağ.

                   Bu gecədən çıxa bilsəm,

                   Sonra asandır yaşamaq.

 

Ürəyin durmadı. Əllərini Tanrı dərgahına uzatdın, ruku etdin, əfv dilədin:

 

                         Azdım yolumu, kafirə inandım,

                         Səni dandım.

                          Ölmüşdüm, təzədən mən

                          Mənə gəldim,

                         İmana, dinə gəldim.

                        Adilsən, qovma qapından, demə get,

                         Əfv et məni,

                                   Əfv et məni,

                                      Ya Rəbb,

                                      Məni əfv et!

 

 Zarafatcıldın, yumor hissin güclüydü, fəqət, heç kim bilmədi ki, nəyin var, içində çəkirsən. İnanmadılar Allahsaxlamışlar. Axırda “dostların içində yaxşı qalanı sənsən” qibtəsini edən Vəli Xramçaylıya həqiqəti etiraf etməli oldun, “içim özümü yandırır, çölüm özgəni” idiomatik ifadəsinin poetik adekvatını bəyan elədin:

        

           Yıxılıb durmaqdan dizlərim doyub,

         Mənim yaşamaqdan gözlərim doyub,

         Qara saqqalıma-saçıma baxma,

         Gözümün içinə yaxşı bax, ay dost,

         Gözünü aç mənə yaxşı bax, ay dost,

         Gözümün içindən qocalmışam mən.

 

Günlərin bir günü canın sıxıldı, eyni günlərdən, eyni yağışlardan bezdin, eyni yolların dolanbaclarında girinc qaldın, təntidin, eyni qapıların cəftələrində barmaqların yara oldu və bu anda, evinəcən sənin, şair, qayıdıb belə də arın-arxayın, soyuqqanlıqla, mafi-qaydaynan söyləyəsən ki,

 

           Ağlamaram zülüm-zülüm.

         Öz başımdı, özcə əlim.

         Ana, uzat qollarını,

         Qolların üstündə ölüm,

         Yaşaya bilmirəm daha.

 

Allah sənə insaf versin, Sabir Sarvan, gecənin bir aləmində bu misraları yazanda Pirhəsənlidə ananın qəfil yerindən qalxıb “Allah, bu nə hissdi, Sabirimlə bağlı, elə bil sinəmə mismar çaldılar” deyə əndişələndiyini göz önünə gətirmədinmi? Dayan, bir gileyim də qalıb. İllər öncə Rəsul Rzanın dəfnindən sonra qəhərlənmişdin:

 

         Aparırdıq bahara aldanıb

                                     gedən şairi,

         Göynəyirdi yanaqlarımızda

         Gözümüzdən çıxmayan

                            İki damla yaşın yeri.

 

Əcəba, sən kimə deyirsən? Özün də yüyürmədinmi baharın ardınca?! Bahara aldanıb hamını apar-topar tərk etmədinmi?!

                                     

 

                                           EPİLOQ

...Heydən düşmüş əllərini irəli uzatdı. Bükülünü götürdü. Danışmalı halı yoxdu, amma elə fikrən hər şeyi anlayırdı. Soruşa bilməsə də, fikrini izah edə bildi.

-Bunlar nədir, baba?

- Yol tədarüküdür, Sabir, bala, hazırlaş! Kəfəndir.

Hə, başa düşdüm. Hafizin sevdiyi misralardır. “Ana bətnindən gəldik bazara, bir kəfən alaraq dönək məzara”. Bazarlığımızı elədik, gedək deyirsənsə, gedək. Bəs bunu neynəyək?

Təzə çıxmış kitabı göstərdi. Cavab almadı. Son gücünü topladı. Hiss edirdi ki, anbaan hər şeylə, bütün maddi aləmlə, hər kəslə, Zərnigar xanımla, həkimlə, tibb bacısı ilə arasında məsafə qeyri-reallığa çevrilir, uçuruma oxşayan bir şey yaranır. Danışırdı, palatadakılar səsini eşitmirdilər.

Amma o, sözünü dedi və əlləri heysiz halda yanına düşdü.

 

         Məni göz görə-görə

         Əcəl apardı gora.

         Əlimdən düşdü yerə.

         Sizə bir kitab qaldı.

 

Kitabın mübarək, ədəbiyyat yolçuluğun mübarək, Sabir Sarvan!

 

“Ədəbiyyat və incəsənət”

(20.02.2026)

 

 

          

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.