Salida Şərifova,
Filologiya Elmləri doktoru, professor. “Ədəbiyyat və incəsənət” üçün
Kamalə Abiyeva bədii yaradıcılığının problematikasında cəmiyyəti düşündürən aktual problemlərə poetik dillə münasibət bildirir. Onun Vətən mövzusunda qələmə alınmış şeirlərinin problematikasının ana xəttində Qarabağ həsrəti, Zəfər təntənəsi, Vətən müharibəsinin tərənnümü, Vətənə, xalqa məhəbbət duyğuları, həm də Azərbaycan torpaqlarının bölünməsinin acısının ifadəsi diqqətdən yayınmır. Eyni zamanda yalnız ictimai-siyasi məsələlər deyil, təbiətlə, peyzajla bağlı hisslər də əksini tapmaqdadır.
Kamalə Abiyevanın poetik nümunələri zəngin və müxtəlif olması ilə seçilir. Şairin obrazlar qalereyasında şəhid, Vətən, müəllif məni, Azərbaycan, ana və s. obrazlarla üzləşmək olar.
Kamalə Abiyevanın bədii yaradıcılığının problematikası zəngin olduğu qədər, rəngarəngdir. Şair yaradıcılığında cəmiyyəti düşündürən aktual problemlərə poetik dillə münasibət bildirir. Vətən mövzusu “Azərbaycan-qalibiyyət dünyası”, “Qarabağım”, “Vətən savaşı”, “Sən elə azadsan”, “Doya bilsəydim”, “Vurğunam” və s. şeirlərinin problematikasının ana xəttini təşkil edir. Və bu ana xəttdə Qarabağ həsrəti, Zəfər təntənəsi, Vətən müharibəsinin tərənnümü, Vətənə, xalqa məhəbbət duyğuları və s. əsas yer tutur. Kamalə Abiyeva Cənubi Azərbaycanla bağlı düşüncələrini də bədii yaradıcılğının əsas problematikasına çevirir. “Urmu gölünə”, “Araza” kimi şeirləri bu baxımdan maraqlıdır.“Ağrı” şeirində həm vətənə olan sevgisi, ehtiramı, həm də Azərbaycan torpaqlarının bölünməsinin acısını ifadə etməsi diqqəti çəkir:
İllərdi Borçalım gözü yaşlıdı,
Dərbənd həsrətində bəndə düşmüşəm.
İllərdi elə bil başım daşlıdı,
elə bil çarəsiz dərdə düşmüşəm...
Qarabağ hadisələri ilə bağlı yazdığı şeirlərdə xalqın mənəvi-əxlaqi dəyərləri prizmasından mübarizəyə çağırış bədii detallarla təqdim edilir. Qarabağ haqqında düşüncələrini, Qarabağ yanğısını, Vətən sevgisini poetik dillə təqdim edir. Məsələn, Gülşən Rafiqqızının bəstəsində mahnıya dönən “Qarabağım” şeirində Qarabağ nisgili ilə yanaşı, Zəfər təntənəsi yer almaqdadır:
44 günə sənin boyda böyüdüm mən,
böyüdüm ki, səni görəm, səni sevəm.
heç doyunca görməmişdim səni axı,
Gördüm səni əsgər-əsgər, igid-igid,
gördüm səni Qarabağım.
Heç doyunca sevməmişdim səni axı,
sevdim səni şəhid şəhid,
sevdim səni Qarabağım.
Qarabağa sevgi, Zəfərin tərənnümü, Vətən Müharibəsinin təntənəsi şairin digər poetik nümunələrində də yer alır. Belə nümunələrin nəğməyə çevrilməsi təsadüfü deyil. İqbal Ağayev tərəfindən bəstələnən “Vətən savaşı” (ifa Kənan Qədimov), “Vətəni anlat” ( ifa Samir Cəfərov) kimi poetik nümunələrdə bunun şahidi oluruq. Göründüyü kimi, Vətən müharibəsi Kamalə Abiyevanın yaradıcılığında ana xəttə çevrilmişdir. Bu onun yaradıcılığında ictimai-siyasi mövzulu şeirlərin çoxluq təşkil etməsini təsdiqləyir.
“Son sevgimsən” şeirində şair Vətənə olan sevgisini maraqlı ədəbi priyomla təqdim edir. Şeirin problematikasında sevginin sual axtarışına cavab verilməsinə cəhdi maraq doğurur. Şair sevginin ümumi məhfum olmasına rəğmən, onların fövqündə Vətənə, torpağa olan sevginin ali hiss olmasını poetik dillə təqdim edir. Son sevgi deyərək vətənə olan insan sevgisini təbliğ edir.
Kamalə Abıyevanın “Azərbaycan”, “Vurğunam”, “Vətən”, “Doya bilsəydim” və s. bu kimi şeirlərində Azərbaycanın bütövlüyünə olan duyğuları əksini tapır. Məsələn, “Azərbaycan” şeirində Azərbaycana olan sevgi və ehtiram incəliklə tərənnüm edilir.
Sevgi dolu ürəyimsən,
möhtacınam sənin hər an.
Qovuşaram torpağına
sevgin ilə Azərbaycan.
“Araza”, “Urmu gölünə” kimi şeirlərində Kamalə Abıyeva Cənubi Azərbaycana bağlılığını əks etdirir. Şair Cənubi Azərbaycanı bütöv Azərbaycan kimi poetik dillə təqdim etməyə nail olur. Şair “Urmu gölünə” şeirində Cənubi Azərbaycanın Şimali Azərbaycandan qoparılmasının sağalmaz yara olmasını (əsrlərlə davam etməsini də) əks etdirir:
Azərbaycan, bu nə tale yazısı,
Hər tərəfdə canının bir parası.
Yüz illərdi dərmanım yox dərdinə
sağalmır ki, ürəyinin yarası.
“Araza” şeirində də bir xalqı ikiyə bölən sədd kimi qiymətləndirilən Arazın Azərbaycanı ikiyə bölünməsinin poetik dillə təqdimi özünü göstərir:
Kamalə Abiyeva Araz çayını bir milləti iki yerə bölməsinə rəğmən ona kin-küdurətini ifadə etmir, əksinə böyük sevgi ilə təqdim edir. Düzdür baş verən hadisələrə hiddətini poetik dillə əks etdirir, ancaq Araz çayının möhtəşəmliyinə, məğrurluq rəmzi olmasına xələl gətirmir:
Tarixin ən qübarlı
səhəri sənə düşüb.
Bölünən ürəklərin
kədəri sənə düşüb...
Kamalə Abıyevanın şeirlərində yalnız ictimai-siyasi məsələlər deyil, təbiətlə, peyzajla bağlı hisslər də yer alıb. Onun “Yağış” şeiri bu silsilədəndir. “Yağış yağır,,, bu ki göyün sevgimizə heyrətidir” deyə sevgini simvollaşdırmağa cəhd edir. Sevginin hər şeydən təmizlənərək paklanmasına, paklığına işarə etməklə yanaşı, nakam sevgi üçün göz yaşlarının böyüklüyünü yağışla, təbiətin ağlaması ilə müqayisə etməsi maraqlı ədəbi priyom kimi təqdim edilir.
Kamalə Abıyeva “Görəsən” adlı şeirində insan hisslərini təbiət hadisələri fonunda tərənnüm edir:
Ürəyim buludludu, ürəyim dolub yenə.
Könül həmdəm olubdu
göylərə bu gün yenə…
Əgər göylər ağlasa, ürəyi boşalacaq,
buludlar dağılacaq, üzü güləcək yenə.
Hönkürüb ağlasam mən,
qan-yaş töksəm gözümdən
qəlbimdəki buludlar dağılarmı görəsən?
Peyzajla bağlı poetik tərənnüm şairin “Bir payız” şeirinin problematikasında da yer alır:
Bir payız gecəsində
evimin bir küncündə
payız gecəsinə düşdüm, üşüdüm...
Şair payız fəslinin fonunda hisslərini sonuncu misrada yekunlaşdıraraq münasibətini sərgiləyir: “bir payız gecəsi adam özünə bənzəməz...”
Kamalə Abiyevanın yaradıcılığında Bakı haqqında şeirlər silsilə təşkil edir. Şair Bakıya olan sevgisini, ehtiramını “Bakı haqqında nağıl”, “Bakım”, “Bakıma”, “Xəzərim” və s. şeirlərində oxucusuna çatdırır.
“Bakı haqqında nağıl” şeirinin problematikasının nağıl başlanğıcı xalq yaddaşına işarədir. Kamalə Abiyeva şeirini “Bu dünyada nağıl çoxdur, Hamısı da belə başlar, Biri vardı, biri yoxdur...” misraları ilə başlaması nağıllardakı nağıl başlanğıcını yada salır. Bu da şair tərəfindən xalqın qan yaddaşı ilə bağlı olmasını əks etdirir. Xalqın tarixi yaddaşına əsaslanaraq şairin Bakıya olan sevgi və ehtiramı şeirdə ifadə edilir:
Mənim də öz nağılım var.
İstəyirəm danışım mən
bir dənizin sahilində
nağıl olan şəhərimdən.
Nağılla bağlı məqamlara Kamalə xanımın başqa şeirlərinin problematikasında müraciət edilir. Məsələn, “Mənə nağıl danış” şeirində də bunun şahidi oluruq:
Mənə nağıl danış, nağıl, nə olar,
Gecənin zülməti məni sıxmasın.
O Simurq quşunu çağır nə olar,
İşıqlı dünyaya məni aparsın.
Qeyd etmək lazımdır ki, “Bakı haqqında nağıl” şeirinə Aygün Səmədzadə tərəfindən, “Bakım” şeirinə Elçin İmanov tərəfindən musiqi bəstələnmiş, hər iki mahnı da Eyyub Yauqbov tərəfindən ifa edilib.
Kamalə Abiyeva bir qadın kimi ana, qadın sevgisinə biganə qalmır. Şeirlərinin problematikasında bu məqamı geniş açıqlayır. Məsələn , “Qocaldım, Ana!”, “Bir layla de”, “Bir körpə yatırdı” və s. şeirlərinin problematikasınsa anaya olan sevginin, qadın böyüklüyünün və s. aparıcı yer tutmasının şahidi oluruq. Kamalə Abıyeva “Bir layla de” adlı şeirində ana obrazını canlandırarkən onu keçmiş və bu gününün prizmasından təqdim edərək, şeirin mövzusunda anaya olan məhəbbəti, onun fədakarlığını tərənnüm edir:
Bir layla de, layla, ana,
bir az sakit, bir az rahat yata bilim,
o nağıllı uşaqlığın əllərindən tuta bilim,
Gecələrin sükutunu ürəyimdən ata bilim.
“Bir körpə yatırdı” şeirində də şair ananın möhtəşəm obrazını yaratmaqla yanaşı, şeirin problematikasında ana müqəddəsliyi ilə yanaşı, ana zəhmətini, ana qayğısını tərənnüm edə bilir:
Bir körpə yatırdı,
bütün kainat
bir ülvü müqəddəs yuxu görürdü.
Bir körpə yatırdı arxayın, rahat,
çünki keşiyində Ana dururdu.
Kamalə Abiyevanın bədii yaradıcılığında sevgi hisslərini tərənnüm edən poetik nümunələr çoxdur. Bu sevgi özünü müxtəlif aspektdən göstərir. Doğma insanlara, yəni ataya, anaya, övlada olan sevgi, Vətənə, torpağa, xalqa olan sevgi və s. baxımından özünü büruzə verir. “Ürəklərdə ölməyin” şeirində isə insanlara, onların etdikləri yaxşılıqlara, yəni xeyirxah əməllərə sevgi tərənnüm edilir.
Ey insanlar,
bir arzum var hamınıza
Yaşamağı çox da asan bilməyin siz.
Bu dünyadan köçəcəyik əvvəl-axır,
Çalışın ki, ürəklərdə ölməyin siz.
“Son sevgimsən” şeirində “son sevgimsən” deyə müraciət etdiyi tərəf diqqəti cəlb edir:
Səni bütöv sevirəm mən.
İlk sevgilim deyilsən sən - Son sevgimsən
Bu bənddə “son sevgimsən” deyə ünvanladığı sevginin ünvanı isə hamımızın əzizi, şərəfi, müqəddəsi olan Vətəndir. F.e.d.Vaqif Yusiflinin vurğuladığı kimi “bu sevginin obyekti İnsan deyil, sevgili deyil –Vətəndir”.
Səni bütöv sevdim elə.
Hər daşını əzizlərəm,
hər ağrını ovudaram.
Yadlardakı hər qarışın dərd evimdir .
Yad əllərdən səni almaq and yerimdir.
Kamalə Abiyevanın sevgi məfhumu yalnız insanların bir-birinə olan sevgisini deyil, onları aşa bilən daha böyük bir məfhumu əhatə edir: Vətənə, torpağa, xalqa olan sevgini… Tədqiqatçıların vurğuladığı kimi “Bu sevgi onun şeirlərində yaşayır”.
“Ədəbiyyat və incəsənət”
(12.01.2026)


