Həyat Şəmi poeziyasında sözün coğrafiyası Featured

 

Adilə Nəzərova,

Filologiya üzrə fəlsəfə doktoru. “Ədəbiyyat və incəsənət” üçün

  

Həyat Şəminin “İstanbul saatı ilə” kitabında zaman insan taleyinin daxili mexanizmidir. Müəllif saat anlayışını sırf coğrafi ölçüdən çıxarıb ontologiya qatına keçirir: “Eyni işləməz gedənlə qalanın saatı” misrası ayrılığın, köçün, taleyin fərqli ritmlərlə döyündüyünü göstərir. Gedən insan təkcə məkanı yox, vaxtı da dəyişir - coğrafiya dəyişdikcə həyat sanki bir saat geri çəkilir, yaddaş isə köhnə vaxtında qalmaqda israr edir. Bu misralar şairin Azərbaycandan Türkiyəyə uzanan taleyinin, iki ölkə arasında qurulan həyatın yaratdığı zaman ikiliyinin poetik ifadəsidir.

 

Kitabdakı şeirlərin mərkəzində insanın özü ilə, Yaradanla və dünya ilə dialoqu dayanır. “Səni ilk gördüyüm yer” şeirində sevgi adi hiss səviyyəsindən çıxarılıb kosmik, dini və

metafizik qatlara yüksəldilir. Sevilən varlıq yer olur, nur olur, səs olur, din olur. Burada eşq həm iman, həm də idrak formasıdır. “İmanı sən, Peyğəmbəri sən” misrası  Füzulinin klassik eşq fəlsəfəsinin çağdaş yozumu kimi səslənir: sevgi insanı Tanrıya aparan yoldur, amma bu yol müasir şeirdə şəxsi təcrübədən keçir. Günün “çox dar” olması isə zamanın sevgiyə sığmamasını, insanın içindəki boşluğun böyüklüyünü simvolizə edir.

Bu poeziyada əsas sual “ola bilərmi?” deyil, “inandırırmı?” sualıdır. Həyat Şəminin şeirlərində obrazlar məhz bu nöqtədə doğulur. Onun misralarında gün dar ola bilir, nur gözlərdə üzür, dan yeri yaralı yerdən sökülür, fikir karvan kimi bədəndən keçir. Bu poetik ifadələrin heç biri fizikanın, məntiqin, gündəlik təcrübənin qaydalarına sığmır. Amma oxucu bu obrazlara etiraz etmir, çünki şair onları süni şəkildə yox, daxili zərurətdən yaradır.

“Azadlıq” şeiri kitabın ideya ağırlıq mərkəzidir. Burada azadlıq abstrakt anlayış yox, tanınan, toxunulan, qanı, göz yaşı, bayrağı olan canlı varlıqdır. Müəllif azadlığı əllərdən, güllərdən, eyvanlardan, şəhidlərdən tanıyır. Bu tanıma prosesi kollektiv yaddaşın poetik rekonstruksiyasıdır. “70 il çəkmədiyimiz adından” misrası tarixi susqunluğun, boğulmuş kimliyin qısa, amma kəskin ifadəsidir. Azadlıq bu şeirdə həm milli taledir, həm də şəxsi gənclikdir – insan onu özündən tanıyır.

 

Dan yeri sökülürdü əllərinlə,

Səni əllərindən tanıdım –

barmaqlarından qan tökülürdü...

Səni güllərindən tanıdım:

güllərin güllələnmişdi.

...Səni şəhidlər gətirdi,

anaların örpəyi –

yüz ildir ürəyimdə gəzdirdiyim,

dodaqlarımın and yeri

üçrəngli Bayrağım gətirdi.

Gətirdi

və mən yaxşı ki,

tanıdım səni, Azadlıq!

 

Azadlıq Həyat Şəmi üçün siyasi anlayışdan çox yaddaşdan çıxan, tanınan bir simadır.

“Salam, əsgər!” şeiri lirikanı birbaşa vətəndaş məsuliyyəti ilə birləşdirir. Burada əsgər konkret şəxs olmaqdan çıxıb zamanın yükünü daşıyan simvola çevrilir. Şuşa, Xankəndi, Əsgəran bu mətndə coğrafi adlar yox, mənəvi çağırışlardır. Şair “mən ola bilmirəm sənin yerində” deyərkən cəmiyyətin borcluluq hissini etiraf edir. Burada əsgər təkcə qəhrəmanlaşdırılmır, onun daşıdığı yükün ağırlığı göstərilir.

Bu səbəbdən Həyat Şəminin poeziyasında “daşın nəfəsi tıncıxır” kimi məntiqsiz görünən ifadə belə daxili yanğıdan doğduğu üçün oxucu tərəfindən qəbul olunur. Çünki bu şeirlərdə məna ağılın yox, taleyin ölçüsü ilə müəyyənləşir. Şair obrazları daxili ehtiyacdan yaradır ki, oxucu onlara inanmadan keçə bilməsin.

 

Daşın nəfəsi tıncıxır,

İsti qarsıyır küçəni.

Günəşdə bişmiş kərpiclər,

Gözləyir uzun gecəni.

 

Məhz bu nöqtədə poeziya söz sənətindən çıxıb yaddaş sənətinə çevrilir. Burada obrazlar zəruri olduğu üçün var. Şairin qurduğu dünya real deyil, amma gerçəkdir və poeziyanın ən böyük sirri də elə buradadır.

Həyat Şəminin poeziyasında zaman irəli getmir, bəzən eyni nöqtədə dövr edir və ümid də məhz bu təkrarlarda sınanır. “Bu yaz da cücərmədi” şeirində yaz fəsli ümidin, yenilənmənin metaforasıdır, amma Həyat Şəmi bu ümidi ardıcıl şəkildə inkar olunmuş gözlənti kimi təqdim edir. İlk bənddə insanın fiziki və ruhi yorğunluğu – ağaran saçlar, sulu gözlər, dərin fikirlər zamanın insan üzərində qoyduğu izlər kimi görünür və buradakı “cücərmədi” ümumilikdə yorğunluğun nəticəsidir.

 

Qapqara gecələrdə

dən-dən ağaran saçların,

sulu gözlərin,

dərin fikirlərin,

bu yaz da cücərmədi.

Dualara açılan əllərin,

yarpaq-yarpaq barmaqların,

çiçək-çiçək diləklərin,

bu yaz da göyərmədi.

Dibçəyinə əkilən toxum,

bu yaz da meyvə vermədi.

Sevgin

bu yaz da bətnini doyurmadı...

 

Sonrakı bəndlərdə dualara açılan əllər, yarpaq-yarpaq barmaqlar, çiçək-çiçək diləklər artıq yalnız insanın deyil, bütün varlığın ümid halını ifadə edir. “Dibçəyinə əkilən toxum” konkret əməyin rəmzidir və onun meyvə verməməsi boşa çıxan sədaqət hissidir. Son misrada sevginin “bətnini doyurmaması” isə ümidin ən ağır, yarımçıq qalan məqamıdır.

“Səni ilk gördüyüm yer” Həyat Şəmi yaradıcılığında sevgi anlayışını açan əsas mətnlərdəndir. Burada sevgi nə yalnız hiss, nə də münasibətdir. Sevgi bir yer kimi təqdim olunur, amma bu yer coğrafi deyil, insanın daxilində qurulan bir kainatdır. Şair sevdiyini “işıq” yox, “nur” adlandırır. Ona görə ki, işıq maddidir, nur isə ilahi mənbəlidir. Sevgi burada inancın yerini tutur.

Həyat Şəmi poeziyasında şəxsi hisslər kollektiv yaddaşa təbii və sərt olmayan şəkildə keçir. Şair şəhər haqqında yazmır, şəhər qarşısında and içir.

 

 

Səni ilk gördüyüm bir Yer vardı –

öz oxu ətrafında fırlanan...

Yaydan çıxan oxunu

indi ürəyimdə gəzdirirəm...

Səni ilk gördüyüm bir yer vardı,

işığı işıq deyildi ki, nur idi.

...Səni ilk gördüyüm bir din vardı –

İmanı sən,

Peyğəmbəri sən…

Səni ilk gördüyüm bir gün vardı –

Gün çox dar idi, çox dar...

 

Bu şeirdə səs sırğaya, gün dar məkana, baxış balıq gözlərinə çevrilir. Metaforalar gözəllik xatirinə qurulmur, daxili ehtiyacdan doğur. Sonda isə hər şey bir kəlmədə toplanır: “Darıxdım.” Bu darıxmaq qəlbin sıxılmasıdır və günün dar olması da elə buradan gəlir.

Şuşa Həyat Şəminin qələmində susmuş, əsir qalmış, susuz qalmış bir varlıqdır. Məsələn, şairin əsgər andı içməsi poetik jestdən çox etik mövqedir. “Ayağı yalın qaçdım səninçün” misrası torpağa vasitəsiz, bəhanəsiz yalın ayaqla toxunmağın rəmzidir. “Şuşa” şəhər haqqında yazılmış şeirlər arasında xüsusi yer tutur. Çünki burada Şuşaya sevgi məsuliyyətdir və şair Şuşanı sevməyə borcludur.

 

Mən əsgər andımı içdim səninçün.

Sən azad olmalı, hürr olmalıydın,

Bir gecə içində sirr olmalıydın,

Qara sevdamıza yar olmalıydın,

...Qoynunu tənimə yurd elədilər.

Ayağın altına cənnət dedilər,

Mən ayağı yalın qaçdım səninçün...

 

Dan yerinin yaralı yerdən sökülməsi təsviri tarixin insan bədəninə köçməsidir. Burada şəhər azad olunmur, vicdan azad olunur. Şuşa Həyat Şəmi qələmində sınanmış dözümün adıdır.

“Anamın hekayəsi” şeiri isə bütöv bir nəslin portretidir. Ana burada müəllimdir, quşdur, qadındır, insandır və hər rolunu eyni sədaqətlə daşıyır. Şair oxucunu ağlatmaq istəmir, sadəcə göstərir: ana necə yaşadı, necə yandı, necə getdi.

 

Bir anam vardı,

saçları altun, gözləri ala,

Yuvasında göyərçin-göyərçin

beş bala...

...Bir dişi quş vardı,

qurdu yuvasını dişiylə-dırnağıyla…

...Bir qadın vardı,

həyat yoldaşını atıb getdi 99-da…

 

Son misradakı “qiymətini Tanrı yazdı” ifadəsi isə insanın ömürlə və ölümlə barışığının poetik ifadəsidir.

Burada ana obrazı da, şəhər obrazı da eyni yaddaş qatında dayanır – hər ikisi itiriləndə insan köksüz qalır.

“Kimlik” şeirində Bakı bir şəhər yox, şəxsiyyət vəsiqəsi kimi təqdim olunur. Soyadı Azərbaycan, adı Badi-Kubə olan bu varlıq canlıdır, qanı var, gözləri var, taleyi var. Xəzər onun baxışıdır, qara qızıl onun qanıdır.

“İki şəhər” şeiri isə Bakı ilə İstanbul arasında poetik dialoq yaradır. Bu iki şəhər fərqli dillərdə danışsa da, eyni taleyi bölüşür. Biri şeirin şəhəridir, o biri şeirin yazıldığı yerdir. Biri ürəkdə daşınır, o biri gündəlik həyatda yaşanır. Bu şeirlərdə şəhər insanlaşır, insan şəhərə çevrilir. Tarixlə gündəlik həyat, mədəniyyətlə şəxsi hisslər bir-birinə qarışır.

Həyat Şəmi üçün dil təkcə ünsiyyət vasitəsi deyil, yaddaşın sığınacağıdır. “Dilinin altında gizlənir insan” onun poeziyasının fəlsəfi açarıdır. Qobustan qayalarından latın əlifbasına, nənə nağıllarından kosmosa uzanan bu poetik yol dilin insanı necə qoruduğunu göstərir. Nağıllar nənənin dilinin altında gizlənir, insanlar gecənin altında, sözün içində yatır. “Körpəm” kimi şeirlər məhz bu sükutdan doğur. Körpə obrazı zamanın içində saxlanan bir ümiddir. “Keçmişlə gələcəyin arasında” qalmaq şeirin əsas ruh halıdır.

 

...Ətrin gəlir

nəfəsini içinə çəkmiş divarlarımdan,

səsin yaşayır otağımın sükutunda..

...Özündən əvvəl gələn adın var,

yolunu gözləyən qadın var...

...Keçmişlə gələcəyin arasında

gözləyirəm səni,

sən yoxsan.

 

Sonda verilən “Gələcəkmisən?” sualı cavab istəmir, sadəcə ümidin hələ ölmədiyini pıçıldayır. Bu şeir çox oxucunun şəxsi həyatına toxunan, ona tanış gələn bir sükut kimi oxunur...

Həyat Şəminin poeziyasında azadlıq tanınan simadır, ana ömürdür, şəhər kimlikdir, sevgi inancdır, körpə isə zamanın içində saxlanan ümiddir. Şair bunları böyütmür, olduğu kimi, yaşandığı kimi göstərir. Onun şeirləri ucadan danışmır,  oxucunun yaddaşında bir sual, bir sükut, bir misra kimi qalır.

Ümumilikdə “İstanbul saatı ilə” kitabı Füzuli–Bakı–İstanbul xəttində formalaşan poetik düşüncənin müasir ifadəsidir.

 

“Ədəbiyyat və incəsənət”

(07.01.2026)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.