Elnarə Qaragözova,
Filologiya üzrə fəlsəfə doktoru, dosent
“Ədəbiyyat və incəsənət” portalı Ədəbi Tənqid rubrikasında bu gün sizlərə filologiya üzrə fəlsəfə doktoru, dosent Elnarə Qaragözovanın yazıçı Varisin “Qızıl cib saatı” tarixi romanı barədə qeydlərini təqdim edir.
Müasir Azərbaycan ədəbiyyatında Qarabağ münaqişəsi və Zəfəri əks etdirən əsərlər milli yaddaşın qorunması və tarixi reallıqların bədii təqdimatı baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu kontekstdə Varis Yolçuyevin “Qızıl cib saatı” romanı xüsusi diqqətə layiqdir. Həm tarixi hadisələri, həm də fərdi tale və milli kimlik mövzularını bir müstəvidə birləşdirən roman iki paralel süjet xəttinə malikdir:
XX əsrin sonu -XXI əsrin əvvəlləri Qarabağ müharibəsi xətti milli, bəşəri ağrıların fərdi talelər fonunda təzahürünü özündə ehtiva edir. 1918-ci ilin mart hadisələri xətti isə erməni millətçilərinin azərbaycanlılara qarşı törətdiyi vəhşilikləri arxiv materialları və şahid ifadələri ilə təqdim edərək keçmiş ilə bu gün arasındakı əlaqəni və tarixin dərslərini vurğulayır.
Romanın mərkəzi simvolu – qızıl cib saatı – zaman, tarix və nəsillərarası mənəvi miras, mili irs anlayışlarını təmsil edir.
Romanda Ana obrazı həm əsərin emosional mərkəzidir, həm də xalqın simvolu kimi çıxış edir. Dahi Hüseyn Cavidin "Ana" əsərindəki obrazla bir çox məqamlarda səsləşən bu obraz millətin, xalqın mənəvi gücünü ifadə edir.
Xalq yazıçısı Kamal Abdullanın romana yazdığı ön sözdə qeyd edilir: "Romanda təsvir edilən ana obrazı bütün Azərbaycan analarının ümumiləşmiş insanpərvər obrazıdır. Bu obraz əksər hallarda heç bir ədəbi-bədii bənzətmələrlə deyil, sadəcə, onun əməllərinin təsviri ilə ədəbi qəhrəmana çevrilir."
Varis "Qırmızı ləçəklər" romanında olduğu kimi bu romanında da fərqli ampluada çıxış edərək faktlarla bədii təsvirləri məharətlə sintez edir, oxucuya həm tarixi məlumatı çatdırır, həm də emosional fon vasitəsilə katarsis yaşadır.
Varisin “Qızıl cib saatı” romanı müstəqillik dövrü Azərbaycan ədəbiyyatında tarix və milli yaddaşın bədii təqdimi baxımından önəmli nümunədir.
“Ədəbiyyat və incəsənət”
(24.09.2025)