Lənkəranda «Poeziyamızın Bəxtiyarı» adlı tədbir keçirilib Featured

 

İlqar İsmayılzadə,

fəlsəfə üzrə fəlsəfə doktoru, AJB və AYB-nin üzvü, «Ədəbiyyat və incəsənət» portalının Cənub təmsilçisi

 

AYB Lənkəran Bölməsi və Lənkəran şəhər Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə 16 avqust 2025-ci il tarixdə Lənkəran şəhər Mədəniyyət Mərkəzində Xalq şairi Bəxtyar Vahabzadənin 100 illik yubileyi münasibətilə «Poeziyamızın Bəxtyarı» adlı tədbir keçirildi.

 

Tədbiri giriş sözü ilə AYB Lənkəran Bölməsinin sədri, yazıçı-dramaturq Qafar Cəfərli açdı. Şəhidlərin və şairin xatirəsi bir anlıq sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Q.Cəfərli Prezident İlham Əliyevin Bəxtyar Vahabzadənin yubileyinin keçirilməsi ilə bağlı 21 fevral 2025-ci il prezident Fərmanını xatırladaraq B.Vahabzadənin Azərbaycan ədəbiyyatında və tarixində tutduğu mövqedən danışdı, onun böyük şair olmaqla yanaşı, akademik səviyyəyə yüksəlmiş alim, həmişə xalqın şərəfini qoruyan tanınmış ictimai-siyasi xadim olduğunu bildirdi və çıxış üçün sözü Lənkəran şəhər Mədəniyyət Mərkəzinin direktoru Anar Kəkəyevə verdi.

Anar müəllim Mədəniyyət Mərkəzinin AYB Lənkəran Bölməsi ilə birgə şairin 100 illiyi ilə əlaqədar qiraət müsabiqəsinin təşkili ilə bağlı görülən işlərdən danışdı. Bu müsabiqənin keçirilməsində ona yardımçı olan təşkilatlara minnətdarlığını bildirdi. Qalibləri açıqlamaq üçün söz Mədəniyyət Mərkəzinin əməkdaşı Habil Əliyevə verildi. H. Əliyev 70 nəfərin qatıldığı müsabiqədə gənc qiraətçilərdən Zəhra Əliyevanın birinci yeri tutduğunu, ikinci yerləri Arzum Salayeva və Leyla Şirinova, üçüncü yerləri isə Süleyman Babayev, Ümleyla Əlizadə və Səma Hüseynovanın bölüşdürdüyünü bildirib, həvəsləndirici yerlərə Səma Rzazadə, Gültac Bağırova, Mələk Şirinova, Zəhra Kərimli və Şənay Həsənlinin layiq görüldüyünü qeyd etdi. Qaliblərə Fəxri Fərman və mükafatlar təqdim olundu.

Sonra Bəxtiyar Vahabzadə yaradıcılığı haqqında danışmaq üçün söz AMEA Ədəbiyyat İnstitutunun ədəbi tənqid şöbəsinin müdiri, filologiya elmləri doktoru, tanınmış tənqidçi Vaqif Yusifliyə verildi. Vaqif Yusifli yubilyarın həyat və yaradıcılığı haqqında ətraflı məlumat verdi. Onun Azərbaycan ədəbiyyatının böyük siması olmaqla yanaşı ümumtürk dünyasının ən böyük şairlərindən biri olduğunu xüsusi vurğuladı. Daha sonra sabiq hüquqşünas, AYB-nin üzvü, yazıçı Şəmsəddin Əliyev, AYB Lənkəran Bölməsinin ədəbi məsləhətçisi, şair Ağamir Cavad, institut illərində Bəxtyar  Vahabzadənin tələbələri olmuş şair Allahverdi Bayrami və yazıçı Səyavuş Süleymanlı çıxış edərək şairin çoxşaxəli yaradıcığından söz açdılar, onun fəlsəfi və vətənpərvərlik ideyası ilə ürəklərə yol açan poeziyasının Azərbaycan gənclərinin mənəvi və ictimai-siyasi cəhətdən formalaşmasında böyük rolu olduğunu bildirdilər. Tələbələri onunla bağlı xatirələrindən danışıb, Azərbaycanın ictimai-siyasi həyatında böyük nüfuzundan söz açdılar.

Müsabiqədə yer tutan qiraətçilərin şairin şeirlərini özünəməxsus səviyyədə ifa etmələri tədbirə xüsusi gözəllik qatdı.

Sonda Q.Cəfərli bütüb iştirakçılara təşəkkürünü bildirib tədbiri  yekunlaşdırdı. Tədbir xatirə şəkilləri çəkilməklə başa çatdı...

 

“Ədəbiyyat və incəsənət”

(18.08.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.