OXUCULARIMIZIN YARADICILIĞI - “Sürpriz” hekayəsi Featured

 

Mehparə Bəkirova,

Oğuz Rayon Mərkəzi Kitabxanasının informasiya –resurs  şöbəsinin müdiri, “Ədəbiyyat və incəsənət” üçün

 

 

26 iyun Silahlı Qüvvələr Gününə ithaf olunur

 

 

Orxan maşının yan aynasından baxanda ağ rəngli bir “Nissan”ın çoxdan bəri onun arxasınca gəldiyini görmüşdü. Maraqlısı o idi ki, dünən də şəhərdə mağaza və marketlərə mal paylayanda bu maşını gördüyünü xatırlayırdı. Onda o qədər də fikir verməmişdi. Şəhərdə onun kimi minlərlə maşın vardı. Ancaq indi sürəti bir neçə dəfə artırıb azaldaraq hərəkət etsə də “Nissan” markalı maşının sürücüsü sanki onun hərəkətlərini təkrar edir, ötüb keçmirdi.

Güzgüdən bu dəfə eynəyini taxıb baxdı ki, bəlkə bir tanıdığıdır. Bu da əbəs idi. Ağ “Nissan” səbrlə onu izləyirdi, həm də aşkarcasına. Sürücünün kim ola biləcəyi barədə düşündü. Yenə də heç bir şey xatırlaya bilmədi.

Yolda maşınlar seyrəkləşəndə əlverişli bir yerdə ağ “Nissan” Orxanın maşınının  qarşısına keçib saxladı və sürücü yerə endi. Orxan da maşını saxlayıb maraqla baxırdı. Ağ “Nissan”ın sürücüsü Orxanın maşınına yaxınlaşanda Orxan da maşından düşdü. Gələn adam orta boylu, qara saçlı, səliqəli kostyumda, 35-40 yaşları arasında – elə təqribən onun özüylə həmyaş biri idi. Yaxınlaşıb kamal-ədəblə salam verib, özünü təqdim etdi. Orxanla əl sıxışdılar. Samir bir həftədir onun arxasınca gəzdiyini söyləyərək, vacib bir məsələ ilə bağlı olaraq onunla birgə getməsini xahiş etdi.

Orxan tərəddüd edirdi. Bunu Samir də görürdü. Əlbəttə, kim heç tanımadığı bir adamın belə bir təklifini qəbul edərdi ki?

Orxan işin sonunda şirkət maşınını aparıb təhvil verməli olduğunu bildirdi. Samir də öz maşını ilə onunla birlikdə şirkətə gedib sonra birgə gedə biləcəklərini söylədi.

Razılaşıb ayrıldılar.

Orxan düşüncəli halda sükanın arxasına keçdi. Bu müəmmanın nə ilə bitəcəyi haqqında heç bir fikri yox idi. Ancaq bu təklifdən qorxaraq geri çəkilməsinə də qüruru yol vermirdi. Öz-özünə fikirləşdi. Eh, Orxan, sən neçə odun- alovun içindən sağ çıxmısan, indi şəhərin mərkəzində başını salamat saxlaya bilməyəcəksən? Suallar bitmirdi. Samir də belə baxanda pis adama, dələduza oxşamırdı. Allaha təvəkkül deyərək, maşını gətirib təhvil verdi .Samir də maşını ilə arxada onu gözləyirdi. Orxan Samirin maşınına əyləşdi.

Maşın yerindən tərpəndi. Şəhərin mərkəzi  küçələri geridə qalmışdı, Samir maşını səbrlə idarə edirdi.

Orxan mağazalara firmanın ərzaq mallarını payladığına görə, şəhəri ovuc içi kimi tanıyırdı. Samirin maşını Yeni Günəşliyə döğru yol almışdı. Bu müddət ərzində aralarında elə bir ciddi söhbət olmadı. Ancaq havadan sudan. Yaşayış binalarının həyətinə giriş yerindən içəri dönərək maşını  birinci blokun qarşısında saxlayan Samir maşından düşdü. Orxan da maşından düşüb, ətrafına diqqətlə göz gəzdirdi. Samir üçüncü mərtəbəyə qalxacaqlarını deyib irəli yeridi. Orxan da onunla bərabər pillələrlə yuxarı qalxmağa başladı. Samir sağ tərəfdəki seyf qapının zəngini basdı. Qapı sakitcə açıldı və onlar içəriyə keçdilər. Orxan hələ də, onu necə bir sürprizin gözlədiyini bilmirdi.

Onlara yaşlı, nurani üzlü bir qadın xoşgəldin elədi və qonaq otağına buyurmalarını göstərdi. Orxan otağa daxil olanda pərdənin arxa tərəfində bir nəfərin olduğunu görüb, həyəcanla işin sonunu gözlədi. Bu zaman pərdənin arxasından 40 yaşlarında bir kişinin çıxaraq, onu qucaqlamaq üçün sağ qolunu yuxarıya doğru qaldırdığını gördü. Orxana bu üz, bu insan çox tanış gəldi. Ancaq kim olduğunu birdən-birə yadına sala bilmirdi. Qarşı tərəfdən ona doğru gələn adam Orxana yaddaşını təzələmək üçün kömək elədi.

-Orxan, mən Kamalam! Füzuli, döyüş böigəsi,- deyə bildi.

Orxanın zehni ildırım sürəti ilə işləyirdi. Bir anda hər şey yadına düşdü... O da qollarını açaraq, Kamalın üzərinə yeridi.

Onların görüşünü təsvir etməkdə qələm aciz qaldı...

 İki köhnə dost uzun illərdən sonra bir-birinə sarılmış, sevinc dolu göz yaşlarını tuta bilmirdilər. Otaqdakılar da baxıb bu mənzərəyə ağlayırdılar, sevinc yaşları axırdı gözlərdən...

Kamal Orxana anasını və Samiri yenidən təqdim etdi. Sonra dostlar süfrə arxasına keçdilər. Süfrənin üzərində quş iliyi, can dərmanı desən var idi. Hər şey qabaqcadan əziz qonağın gəlişi üçün hazırlanmışdı.

Dostlar bi-birindən hal-əhval tuturdular. Orxan Kamalın sol qolunun yerində köynəyin boş qaldığını görüb, bayaqdan nəsə soruşmaq istəyirdi, Orxan başa düşdü və sol qolunun yerini göstərdi: - Hə bunu deyirsən, birləşdirmək mümkün olmadı,- deyib köksünü ötürdü.

Xatirələr hər iki dostu yaxın keşmişin ağuşuna almışdı.

Ölkənin üzərini qara buludlar sarmışdı. Təcavüzkar Ermənistan soydaşlarımızı öz dədə-baba yurd yerlərindən qovub çıxartdıqdan sonra Dağlıq Qarabağ haqqında iddialara başlamışdı. Sovetlər İttifaqının süqutu bütün keçmiş Sovet Respublikalarında olduğu kimi bizdə də hakimiyyət və idarəetməni çaş-baş salmışdı. Erməni qəsbkarları Qarabağda həmvətənlərimizə divan tutur, tez-tez təxribatlar törədirdilər. Belə bir vaxtda yerli əhalinin əlində olan bütün silahlar, hətta ov tüfəngləri belə yığışdırılmışdı. Ancaq yerli əhali var qüvvələri ilə müdafiəyə qalxmış, onlara Azərbaycanın digər bölgələrində yaşayan könüllü dəstələr köməyə gəlmişdilər. Demək olar ki, hər bir kənd, qəsəbə və ümumilikdə rayonlar uğrunda ağır döyüşlər gedirdi. Azərbaycan təkcə Ermənistanla deyil, ona havadarlıq edən Rusiya ilə müharibə aparmaq məcburiyyətində qalmışdı. Rusiya Ermənistana həm silah-sursat, həm də canlı qüvvə sarıdan böyük köməklik göstərirdi. Bundan başqa müxtəlif ölkələrdən gətirilən muzdlu döyüşçülər, döyüşən ermənilər tərəfdə  üstünlük təşkil edirdi.

Vətənin belə dar, ağır günündə vətənini sevən heç bir insan laqeyd dayana bilməzdi. Orxan da belə vətənpərvər gənclərdən biri idi. O da ailəsi ilə halallaşaraq, könüllü olaraq döyüş bölgəsinə getdi. Kamalla da orada tanış olmuşdu. Sovet Ordu sıralarında olarkən Tank qvardiyasında olması onsuz da peşəkar döyüşçüləri azlıq təşkil edən Milli Qvardiyada əməlli başlı haraya çatmışdı. Orxan ekipaj üzvləri ilə birgə döyüşün ən qaynar yerlərində olmaqdan çəkinmirdilər. Füzuli rayonu uğrunda gedən döyüşlərdə məharət göstərən Orxana xüsusi hörmət göstərirdilər. 1994-cü ilin ən uğurlu əməliyyatları məhz Füzuli istiqamətində düşmənə sarsıdıcı zərbə endirməklə həyata keçirilmişdi. O vaxtkı şərtlər çərçivəsində orduda idarəçilik sisteminin çox zəif olması və bəzi siyasətbazların hoqqaları sonralar bu dönüş nöqtələrinin də üzərindən xətt çəkmişdi.

Belə ağır döyüşlərin birindən Orxan qərargaha qayıdan zaman yerdə çoxlu yaralının olduğunu görür. Onların arasında Kamalın vəziyyətinin daha ağır olduğunu hiss edir. Güllə Kamalın sol qolunu yuxarı hissədən demək olar ki tamamilə üzmüşdü. Kamal çoxlu qan itirmiş, rəngi avazımışdı. Lakin şüuru özündə idi. Sağ əli ilə sol qolunu tutmuşdu.

Orxan həkim briqadasının 16 km uzaqda Qaraxanbəylidə yerləşdiyini bilirdi. Xəstələr nisbətən döyüş zonasından kənarda idilər. Həkim briqadasının gəlməsi üçün xeyli vaxt lazım idi. Bu da Kamalın o vaxta qədər sağ qalıb qala bilməyəcəyini sual altında qoyurdu. Orxan Kamalın quruyan dodaqlarına və saralmaqda olan bənizinə baxıb, sönməkdə olan gözlərinə bir həyat, yaşam savaşına daha artıq dözə bilmədi. Verdiyi ani qərar onu qətiyyətlə hərəkətə gətirdi. Kamalı quçağına alaraq azca irəlidə olan tanka doğru inamla irəlilədi. Döyüş yoldaşları Orxanın nə etmək istədiyini hələ təyin etməmiş, Orxan döyüş maşınını  işə saldı, dayanmağa vaxt yox idi. Bu zaman onun gözünü sanki, qan tutmuşdu. Nə döyüş mövqeyi, nə də komandirin əmrini yerinə yetirmədiyi üçün alacağı çəza ona maraqlı deyildi. Nahamar yollarda başqa minik vasitələri işə yaramadığından, onun döyüş maşınının tayı bərabəri yox idi. Tam sürətlə irəliyə doğru gedir, Kamalı Cavid həkimə çatdırmağa çalışırdı.

Bir azdan Çadırı görəndə ümidi atrdı. Kamalın qoluna bağladığı kəmər, qanı azacıq da olsa durdurmağa kömək etmişdi. Çadıra çatan kimi köməyə adam çağırdı. Kamalı birtəhər çölə çıxardıb çadıra doğru apardılar. Artıq Kamalın gözləri qapalı idi. Orxan Cavid həkimə yaralını təhvil verib, döyüş mövqeyinə qayıtmağa tələsdi.

Geri gəldiyində döyüş yoldaşları komandirin onu soruşduğunu  və gələn kimi yanına gəlməsini söylədilər. Orxan indi anlayırdı necə bir səhv etdiyini. Komandirin otağına doğru gedərkən, bir daha azad, sərbəst olaraq oradan çıxa bilməyəcəyini, hətta ən ağır cəzaya layiq olduğunu düşünərək qapını döydü. Komandirin amiranə “gəl” səsi eşidildi. İçəri girən Orxan hərbi qaydada salam verdi. Komandir sərt baxışları ilə onu süzürdü. Sonra Orxandan Kamalla qan qohumluğunun olub-olmadığını soruşdu və çəzasının nə ola biləcəyini də.

Orxan çox gözəl başa düşürdü ki, ona tapşırılan postu tərk etməklə üç kəndin dinc əhalisini təhlükə altında qoymuş, döyüş mövqeyini icazəsiz tərk etmiş, içazəsiz olaraq döyüş zonasını tərk etmişdi. Ən ağır çəzanı , hətta ölüm hökmünü belə göz önünə almışdı.

Komandir əsəbi şəkildə otaqda var-gəl edir, onun bu hərəkətinə haqq qazandıra bilmirdi. Birdən stolun siyirməsini əsəbi şəkildə çəkdi. Orxan bu zaman gözlərini ani olaraq yumaraq, komandirin siyirmədəki silahı ilə onu vuracağını zənn etdi. Gözünün önünə ailəsi, bu il ilk dəfə məktəbə gedəcək oğlu, yenicə dil açmağa başlamış körpə qızı gəldi. Demək bura qədərmiş, dedi ürəyində, hər şey bitdi...

Birdən komandirin acıqlı səsi ilə, onun qapıya tuşlanmış barmağını gördü. Onun tez buradan getməsini, bir də səhvə yol verərsə çox ağır və sərt  bir cəza alacağını dediyini eşitdi. Yerində donub qalmışdı... Hələ də olanlara inana bilmirdi ki, bağışlanıb.

 

Orxan və Kamal yaxın keçmişi xatırlayıb, yenə də qucaqlaşdılar. Kamal tək sağ qolu ilə qucaqlamışdı onu...

Aradan xeyli vaxt keçmiş Kamal ailəsinə hər şeyi anlatmışdı. İki qardaş uzun illər Orxanı axtarıb, soraq etmişdilər. Nəhayət Samir qardaşı ilə Orxanın birgə olan döyüş şəkilindən tanıya bilmişdi. Orxanı araşdırmiş, həftələrlə təqib etmiş, nəhayət istədiyini əldə etmişdi.

Kamalın anası Orxanı öz oğullarından seçmədiyini, uzun illərdən bəri bu evdə əziz və hörmətlə xatırlandığını deyirdi. Deyirdi ki, sən mənim balamı ölümün gözünə dimdik baxaraq mənə qaytarmısan. Əlbəttə ki, Allahın izni ilə.

 

***

İndi iki ailə arasında möhkəm dostluq yaranıb. Dostlar isə tez-tez şəhərin sakit bir guşəsində çay süfrəsi arxasında oturaraq ötən günləri yada salırlar. Kamal aradabir  sol qolunun çox pis sızıdadığını deyir...

Dostlar yarım qalmış işlərini başa vurmaq üçün, Ali baş Komandanın Hücum əmrini səbrsizliklə gözləyirlər...

 

***

Tezliklə bu əmr də gələcəkdi... Orxan yenidən silaha sarılıb şücaət göstərəcək, Kamalsa min bir həyəcanla cəbhə xəbərlərini izləyəcəkdi...

Torpaqların azad edilməsi Kamalın ağrılarını bilmərrə kəsəcəkdi...

 

“Ədəbiyyat və incəsənət”

(23.06.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.