“Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi
Sumqayıt Muğam Mərkəzində jurnalist, yazıçı-publisist Aygün Hacıyevanın təqdim edilən sayca beşinci kitabı tarixi Zəfərimizin beş illiyinə həsr olunmuşdur. Kitab 2016-2025-ci illərdə baş vermiş Aprel döyüşləri, qırx dörd günlük Vətən müharibəsi, 2022 və 2023-cü illərin antiterror əməliyyatları, eləcə də Ermənistan silahlı qüvvələrinin müxtəlif təxribatları nəticəsində şəhidlik zirvəsinə ucalmış və Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunmuş şəhərin 120 qəhrəman övladının xatirəsinə ithaf edilib.
Nəşrdə hər bir şəhid haqqında geniş bioqrafik məlumatlarla yanaşı, onların əziz xatirəsinə həsr olunmuş səkkiz bəndlik şeirlər də yer alıb. Şeirlərin müəllifi gənc yazar Esmira Günəşdir.
Mərasimdən əvvəl kitabda adları yer alan şəhid ailələrinə “Cənnət Mələkləri” kitabı hədiyyə olunub.
Tədbirin aparıcısı Aygün Hacıyeva qonaqları salamlayaraq layihənin məqsədi və yaranma tarixindən danışıb. Ardınca son illərin şanlı hərbi-siyasi hadisələrini, zəfərə gedən yolu, işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işlərini və şəhid ailələri ilə keçirilən görüşləri əks etdirən videoçarx təqdim olunub.
Azərbaycanın Milli Qəhrəmanı general Polad Həşimovun anası Səmayə Həşimovanın xeyir-duası ilə davam edən tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov, kitabın sponsoru Şahin Məmmədov, sahibkar Kərim Kərimov, Azərbaycanın hərb tarixində ilk qadın komandir, I Qarabağ müharibəsi qazisi Aidə Şirinova, I Qarabağ müharibəsi şəhidi Pərviz Şükürovun atası, şəhər Veteranlar təşkilatının sədri Sovet Şükürov, Aprel döyüşləri şəhidi Əbdülməcid Axundovun anası və “Şəhid Analarına Dəstək” İctimai Birliyinin sədri Ceyran Həsənova kitabın əhəmiyyətindən, şəhidlərin xatirəsinin yaşadılmasının vacibliyindən danışıblar.
Şəhid ailələri adından çıxış edən 44 günlük Vətən müharibəsi şəhidləri Əlizamin Mustafalının anası Ülviyyə Nəbiyeva və Tacəddin İsmayılovun anası Aygün İsmayılova layihənin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürlərini bildiriblər.
Tədbirin sonunda Aygün Hacıyeva layihənin həyata keçirilməsinə dəstək göstərən qurumlara və şəxslərə minnətdarlığını ifadə edib.
“Ədəbiyyat və incəsənət”
(17.06.2026)


