İlhamə Məhəmmədqızı,
“Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi
Sumqayıt Dövlət Dram Teatrında Azərbaycanın qəhrəmanlıq tarixində xüsusi yer tutan Aprel döyüşlərinin 10-cu ildönümü münasibətilə təşkil olunan “Zəfərə gedən yol – 10 il” adlı tədbir dərin ehtiram, qürur və vətənpərvərlik ruhu ilə yadda qaldı.
Tədbir Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Şəhid Analarına Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirildi.
Tədbir şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Aparıcı Azərbaycanın Əməkdar artisti, Sumqayıt Dövlət Dram Teatrının aktyoru Cəlal Məmmədovun təsirli giriş nitqi tədbirin emosional tonunu müəyyənləşdirdi.
Şəhidlərə həsr olunmuş videoçarx iştirakçılara qəhrəmanlıq salnaməmizi bir daha xatırlatdı. Tədbirdə rəsmi qonaqlar – Sumqayıt Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşı Fərman Kazımov, millət vəkilləri Elnarə Akimova və Rizvan Nəbiyev çıxış edərək Aprel döyüşlərinin əhəmiyyətindən, şəhidlərimizin qəhrəmanlığından bəhs etdilər. Həmçinin, Şəhid Analarına Dəstək İctimai Birliyinin sədri Ceyran Həsənova və Aprel döyüşlərinin iştirakçısı, qazi Əhliyyət Mehdiyev də çıxış edərək xatirələrini bölüşdülər.
Tədbirin bədii hissəsi zəngin proqramı ilə seçildi və hər çıxış tamaşaçılara duyğulu anlar yaşatdı. Sumqayıt şəhər 23 saylı Texniki Fənlər Təmayüllü Liseyin xor kollektivi tədbirə xüsusi ahəng qatdı. Ardınca Sumqayıt Dövlət Dram Teatrının aktyoru Habil Xanlarov tərəfindən səsləndirilən şeir vətən sevgisini və şəhidlərə olan ehtiramı poetik dillə ifadə etdi.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Fəhmin Şəhyar ifa etdiyi “Azərbaycan əsgəri” mahnısı ilə zalda böyük coşqu yaratdı. “Şahinlər” rəqs qrupunun çıxışı isə qəhrəmanlıq ruhunu səhnəyə daşıdı. Kompozisiyanın müəllifi Vüqar Cəfərovun yanaşması tədbirə fərqli bədii çalar qatdı.
IX Muğam müsabiqəsinin finalçısı Yusif Cəfərbəylinin “Qarabağ” ifası milli ruhu daha da yüksəltdi. Daha sonra “Dərviş” qrupu “Xudayar” təsnifi ilə çıxış etdi. Qiraətçilər Ümüd Abbas Nihani, Kamran Muradlı və xanəndə Zeynal Əhmədovun ifaları tamaşaçılara unudulmaz anlar yaşatdı.
Gənc müğənni Əli Əliyevin ifa etdiyi “Azərbaycan” mahnısı tədbirin emosional zirvələrindən biri oldu. Səhnədə nümayiş olunan “Medalyon” tamaşası Ümüd Abbasın quruluşunda təqdim edilərək tamaşaçılara dərin təsir bağışladı. Sumqayıt Dövlət Dram Teatrının aktyorları Şəmistan Süleymanlı, Emil Həmidov, Ramazan Xanlarov və aktrisalar Məryəm Hüseynli, Nəzrin Qurbanovanın ifaları xüsusi alqışlarla qarşılandı.
Sonda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Gülzar Fərəcovanın “Qarabağ şikəstəsi” ifası tədbirə möhtəşəm final verdi.
Tədbirin ssenari müəllifi Cosmo Art Agentliyinin meneceri, ssenarist, filoloq və yazar Pəri Mehman, rejissoru isə Sumqayıt Dövlət Dram Teatrının quruluşçu rejissoru Ümüd Abbas idi.
Tədbirin yüksək səviyyədə təşkilində Şəhid Analarına Dəstək İctimai Birliyinin sədri Ceyran Həsənova, Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi, Sumqayıt Dövlət Dram Teatrının direktoru Samir Şəfiyev və teatrın kollektivi mühüm rol oynamış, onların əməyi xüsusi təşəkkürə layiqdir.
“Zəfərə gedən yol – 10 il” tədbiri bir daha sübut etdi ki, Azərbaycan xalqı öz qəhrəmanlarını unutmur, onların xatirəsini daim uca tutur. Bu cür tədbirlər həm keçmişə ehtiram, həm də gələcək nəsillərə vətənpərvərlik ruhunun aşılanması baxımından böyük əhəmiyyət daşıyır.
“Ədəbiyyat və incəsənət”
(03.04.2026)


