Rəqsanə Babayeva,
“Ədəbiyyat və incəsənət” portalının Beyləqan və İmişili təmsilçisi
17 mart 2026-cı il tarixində Novruzun sonuncu çərşənbəsi-ilaxır çərşənbə ilə əlaqədar Beyləqan Rayon İcra Hakimiyyətinin və Mil-Muğan Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Beyləqan şəhər Mədəniyyət və İstirahət parkında möhtəşəm Novruz Festivalı keçirildi.
Tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Nadir Quliyev, YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilat kollektivi, şəhid ailələri, qazilər, ağsaqqallar, ictimaiyyət nümayəndələri, o cümlədən Mil-Muğan iqtisadi rayonuna daxil olan bütün rayonlardan nümayəndələr iştirak etdilər.
Beyləqan Rayon İcra Hakimiyyətinin qarşısındakı meydanda keçirilən möhtəşəm festivalda Beyləqan rayonunun müxtəlif kənd və qəsəbələrindən, eləcə də Mil-Muğan iqtisadi rayonuna daxil olan digər rayonlardan gəlmiş nümayəndələr tərəfindən qurulan Novruz ab-havalı stendlər tədbirə xüsusi rəng qatdı. Həmin stendlərdə milli adət-ənənələrimiz, xalq sənətkarlığı nümunələri və əl işləri nümayiş etdirilərək ziyarətçilərə təqdim olundu.
Eyni zamanda, Festival çərçivəsində el pəhləvanlarının və idmançıların çıxışları da böyük maraqla qarşılandı. Onların nümayiş etdirdiyi güc, çeviklik və ustalıq bayram şənliyinə xüsusi dinamika qataraq tamaşaçıların alqışına səbəb oldu.
Baharın gəlişini, yenilənməni və milli-mənəvi dəyərlərimizi özündə əks etdirən bu bayram tədbiri yüksək əhval-ruhiyyə, zəngin proqram və rəngarəng səhnə nömrələri ilə yadda qaldı. Festival boyunca milli rəqslər, şən musiqi ifaları, Keçəl və Kosanın maraqlı çıxışları iştirakçılara əsl bayram ovqatı yaşatdı. Bununla yanaşı, Beyləqan, Sabirabad, İmişli və Saatlı rayonlarından dəvət olunan tanınmış mədəniyyət işçiləri və musiqiçilər tərəfindən səsləndirilən bayram əhvallı mahnılar tədbirə xüsusi rəng qataraq iştirakçılara unudulmaz anlar yaşatdı. Azərbaycanın ən uca və ən qısa boylu sakinlərinin təqdim etdiyi şən məzhəkələr isə tamaşaçıların böyük marağına səbəb oldu.
Novruz tonqalı ətrafında bir araya gələn sakinlər qədim ənənələrimizi yaşadaraq birlik və həmrəylik nümayiş etdirdilər. Səməni, milli ornamentlər və bayram atributları ilə bəzədilən məkan əsl Novruz ab-havasını hər kəsə hiss etdirdi.
Beyləqanda keçirilən bu möhtəşəm Novruz Festivalı bir daha göstərdi ki, xalqımız öz milli dəyərlərinə sadiqdir və bu ənənələri böyük sevgi ilə yaşadır.
“Ədəbiyyat və incəsənət”
(18.03.2026)


